Məhkəmə qərarları › İş №2-2(3-6)-2/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-6)-2/2026

28.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(3-6)-2/2026 28.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi və s.” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə (Açar sözlər: hüquq və vəzifələrinə toxunan şəxs) X1 (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, İlkin iddia üzrə İddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi və s.” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-41/2023 nömrəli qətnaməsindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə dair Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)- 41/2023 nömrəli qərardadından ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat və qəbul olunmuş məhkəmə akt(lar)ı

1. İddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 030CRLN19000010-5 saylı kredit müqaviləsi üzrə hesablanmış faiz və cərimələrin silinməsi, 2020-2021-ci il tarixlərdə cavabdehə iddiaçı tərəfindən ödənilmiş vəsaitin əsas borca hesablanması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti İddiaçınə və Cavabdeh2 qarşı cavabdehlərdən iddiaçının xeyrinə xx.xx.2019-cu il tarixli, 030CRLN19000010-5 saylı kredit müqaviləsi üzrə 847806,31 manat əsas borc, 218318,11 manat faiz borcu, 100285,74 manat cərimə borcu olmaqla, cəmi 1166410,16 manatın, xx.xx.2019-cu il tarixli, 030CRLN19000010-6 saylı kredit müqaviləsi üzrə 27485,55 manat əsas borc, 13638,58 manat faiz borcu, 6161,8 manat cərimə borcu olmaqla, cəmi 47285,93 manatın, xx.xx.2019-cu il tarixli, 030CRLN19000010-7 saylı kredit müqaviləsi üzrə 250504,37 avro əsas borc, 34395,44 avro faiz borcu, 48148,78 avro cərimə borcu olmaqla, cəmi 333048,59 avronun, xx.xx.2020-ci il tarixli, 030CRLN19000010-8 saylı kredit müqaviləsi üzrə 41954,63 manat əsas borc, 17561,97 manat faiz borcu, 7338,3 manat cərimə borcu olmaqla, cəmi 66854,9 manat borcun, ödənilmiş 1749.54 manat dövlət rüsumunun birgə (müştərək) qaydada tutulması, tutmanın "xxxx" MMC-yə məxsus olan və xx.xx.2020-ci il tarixli 003GOOD20000011 nömrəli girov müqaviləsi üzrə girov predmetlərinə yönəldilməsi, həmin girov predmetlərinin Cavabdeh1 ASC-nin sahibliyinə verilməsi, sahibliyə qəbul edildikdən sonra həmin predmetlərin hərracda (açıq auksionda) və ya istənilən üsulla satılması, əldə olunan vəsait hesabına Cavabdeh1 ASC-yə ödənilməsi, hərracda (açıq auksionda) və ya istənilən üsulla satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək (birgə) qaydada tutulması barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. Sonra Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti qarşılıqlı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə xx.xx.2019-cu il tarixli, 030CRLN19000010-5 saylı kredit müqaviləsi üzrə 346165,2 manat əsas borc, 289558,99 manat faiz borcu, 157246,73 manat cərimə borcu olmaqla, cəmi 792970,92 manatın, xx.xx.2019-cu il tarixli, 030CRLN19000010-6 saylı kredit müqaviləsi üzrə 27235,46 manat əsas borc, 18437,53 manat faiz borcu, 9498,56 manat cərimə borcu olmaqla, cəmi 55171,64 manatın, xx.xx.2019-cu il tarixli, 030CRLN19000010-7 saylı kredit müqaviləsi üzrə 250504,37 avro əsas borc, 56557,63 avro faiz borcu, 105659,75 avro cərimə borcu olmaqla, cəmi 412721,75 avronun, xx.xx.2020-ci il tarixli, 030CRLN19000010-8 saylı kredit müqaviləsi üzrə 41954,63 manat əsas borc, 24023,89 manat faiz borcu, 11195,45 manat cərimə borcu olmaqla, cəmi 77173,97 manat borcun, ödənilmiş 1749,54 manat dövlət rüsumunun birgə qaydada tutulması, tutmanın İddiaçınə məxsus olan və xx.xx.2020-ci il tarixli 003GOOD20000011 nömrəli girov müqaviləsi üzrə girov predmetlərinə yönəldilməsi, həmin girov predmetlərinin iddiaçının sahibliyinə verilməsi, sahibliyə qəbul edildikdən sonra həmin predmetlərin hərracda və ya istənilən üsulla satılması, əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracda və ya istənilən üsulla satışda əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-41/2023 nömrəli qətnaməsi ilə ilkin iddia rədd, qarşılıqlı iddia qismən təmin edilmiş, İddiaçındən və Cavabdeh2 Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2019-cu il tarixli, 030CRLN19000010-5 saylı kredit müqaviləsi üzrə 346165,2 manat əsas borc, 37306,38 manat faiz borcu, 17000 manat cərimə, xx.xx.2019-cu il tarixli, 030CRLN19000010-6 saylı kredit müqaviləsi üzrə 27235,46 manat əsas borc, 8442,88 manat faiz borcu, 1300 manat cərimə, xx.xx.2019-cu il tarixli, 030CRLN19000010-7 saylı kredit müqaviləsi üzrə 250504,37 avro əsas borc, 38680,12 avro faiz borcu, 12500 avro cərimə ödənildiyi gün Azərbaycan manatı məzənnəsi ilə, xx.xx.2020-ci il tarixli, 030CRLN19000010-8 saylı kredit müqaviləsi üzrə 41954,63 manat əsas borc, 12687,90 manat faiz borcu, 2000 manat cərimə, dövlət rüsumuna görə 1088,74 manatın müştərək qaydada tutulması, tutmanın İddiaçınə məxsus olan və xx.xx.2020-ci il tarixli 003GOOD20000011 nömrəli girov müqaviləsi üzrə girov predmetlərinə yönəldilməsi, həmin girov predmetlərinin Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin sahibliyinə verilməsi, sahibliyə qəbul edildikdən sonra həmin predmetlərin hərracda satılması, əldə olunan vəsait hesabına Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, hərracda satışda əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin İddiaçındən və Cavabdeh2 müştərək qaydada tutulması, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 650 manat məbləğində ekspertiza xərclərinin 404,50 manat məbləğinin İddiaçındən və Cavabdeh2 müştərək qaydada, qalan 245,50 manat məbləğinin isə Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

5. Həmin qətnamədən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti vermişdir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-41/2023 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 41/2023 nömrəli qətnaməsinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hüquq və vəzifələrinə toxunduğu müəyyən edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-41/2023 nömrəli qətnaməsindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli apellyasiya şikayətinin mümkün hesab edilərək 7 gün müddətində işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

7. Həmin qərardaddan ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-41/2023 nömrəli qərardadının ləğv edilməsi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin apellyasiya şikayətinin qaytarılmasını xahiş etmişdir.

8. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ASC (ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı) ilə "xxxx"MMC (ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh) arasında kredit müqaviləsindən irəli gələn kommersiya mübahisəsi olmuş, həmin iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 41/2023 nömrəli qətnaməsi qəbul edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş, Bakı Kommersiya Məhkəməsi tərəfindən 30 may 2023-cü il tarixdə icra vərəqəsi verilmişdir. Qeyd edilən qətnamənin qanuni qüvvəyə minməsindən və icra vərəqəsinin verilməsindən 2 il 6 ay sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən “maraqlarına toxunan şəxs” kimi apellyasiya şikayəti verilərək, həmin qətnamənin “ləğv edilməsi və işin yenidən araşdırılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi” barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İstinad edilən həm mülki, həm də cinayət işləri üzrə məhkəmə aktlarından, həmçinin iş materiallarından olan digər sənədlərdən göründüyü kimi, girov predmeti olan mallar (müxtəlif adda və sayda spirtli içkilər) Cavabdeh1 ASC-nin verdiyi kreditlərin təminatı kimi xx.xx.2020-ci il tarixli 003GOOD20000011 nömrəli girov müqaviləsinə əsasən girov qoyulmuş və həmin malların girovu Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrində **********35 saylı bildirişlə qeydə alınmışdır. Kommersiya mübahisəsi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həmin mallara tələb yönəldilmiş və icra vərəqəsi verilmişdir. Cinayət işi üzrə məhkəmə qərarları ilə DGK-nın mülki iddiası qismən təmin olunaraq 1 551 344,51 manat məbləğində pulun Cavabdeh2 tutularaq dövlət nəfinə ödənilməsi, iş üzrə maddi sübut kimi tanınmış və Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş DGK «Azərterminalkompleks» Birliyində saxlanca verilən təqsirləndirilən şəxsə məxsus 81 adda yayındırılmış gömrük ödənişlərinin predmeti hesab olunan malların dəyərinin iddia tələbinə yönəldilməsi hökm edilmişdir. Kommersiya mübahisəsi ilə bağlı qəbul edilmiş və qanuni qüvvədə olan qətnamə DGK-nın mülki iddiasını təmin etmiş məhkəmə aktına hər hansı formada təsir etmir, DGK-nın hər hansı maraqlarına toxunmur. Belə olan halda DGK-nın tərəf olmadığı və maraqlarına toxunmayan qətnamədən apellyasiya şikayəti vermək hüququnun olmadığı aşkardır. Bundan əlavə, DGK tərəfindən apellyasiya şikayəti verilməsi üçün müddətin üzrsüz səbəbdən ötürüldüyü də nəzərə alınmalı idi. DGK-nın mülki iddiasının təmin edilməsi məqsədi ilə "xxxx" MMC-nin əmlaklarının üzərinə həbs qoyulması “dövlət və bələdiyyə yüklülüyünə”, həmin əmlakların Cavabdeh1 ASC-nin girovunda olması ilə bağlı yüklülük isə “xüsusi yüklülüyə” aiddir. Yuxarıda da qeyd edildiyi kimi, Cavabdeh1 ASC həmin malları xx.xx.2020-ci il tarixli 003GOOD20000011 nömrəli girov müqaviləsinə əsasən girov götürmüş, girov hüququ Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrində **********35 saylı bildirişlə qeydə alınmışdır. DGK-nın mülki iddiasının təmin edilməsi məqsədi ilə həmin malların üzərinə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbs qoyulmuşdur. Göründüyü kimi, Cavabdeh1 ASC-nin həmin mallara dair girov hüququ daha əvvəl, yəni xx.xx.2020-ci ildə, DGK-nın hüququ isə bundan 2 il 4 ay sonra – xx.xx.2022-ci ildə yaranmışdır. DGK-nın həmin mallara münasibətdə maraqları yalnız icra mərhələsində tələb yönəldilməsinin növbəliyi ilə bağlı ola bilər ki, həmin münasibətlər də qanunvericiliklə tənzimlənir. Hazırkı işdə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(113)-41/2023 nömrəli qətnaməsinin DGK-nın maraqlarına toxunması sübuta yetirilməmişdir. Əksinə, şikayətin 5ci bölməsində sadalanan faktlardan və istinad edilən məhkəmə aktlarından da göründüyü kimi, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 41/2023 nömrəli iş üzrə qəbul etdiyi qətnamə qanuni qüvvəyə minmiş cinayət işi üzrə DGK-nın mülki iddiasını təmin etmiş məhkəmə aktına təsir etmir. Yüklü edilmiş əmlaklara tələb yönəldilməsi isə “İcra haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş növbəlilik qaydasında icra olunacaqdır. DGK-nın tələbi üzrə icra sənədi “Daşınar əmlakın yüklülüyü haqqında” Qanunun 4.2-ci maddəsində müəyyən edilən “dövlət və bələdiyyə yüklülüyünə”, Cavabdeh1 ASC-nin tələbi üzrə icra sənədi isə həmin Qanunun 4.3-cü maddəsində müəyyən edilən “xüsusi yüklülük” növünə aiddir və icra növbəliyi də həmin normativ aktlarda nəzərdə tutulmuş qaydada həyata keçiriləcəkdir. Bundan əlavə, nəzərə alınmalıdır ki, Cavabdeh1 ASC-nin tələbi xüsusi hüquq sahəsinə aid olan öhdəlik münasibətlərinə, DGK-nın tələbi isə publik hüquq sahəsinə aid olan gömrük ödənişlərinə aiddir. Qeyd edilənlərdən əlavə, şikayət verilən məhkəmə qərardadında DGK-nın apellyasiya şikayəti vermək müddətinin də ötürülməsi nəzərə alınmamışdır. Belə ki, DGK-nın tərəf olmadığı iş üzrə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin qətnaməsinin ona rəsmi qaydada təqdim edilməsindən söhbət gedə bilməz. Belə olan halda, “maraqlarına toxunan şəxsin” həmin qətnamədən apellyasiya şikayəti vermək müddətinin qətnamə barədə məlumatı olması tarixindən hesablanmalı olması da aydındır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin mövcudluğu və həmin qətnamənin icrası ilə bağlı verilmiş icra vərəqəsi barədə məlumat DGK-ya ən azı 2024-cü ilin mart ayında məlum idi. Belə ki, Cavabdeh1 ASC-nin nümayəndəsinin və vəkilinin DGK-ya və həmin Komitə yanında “Azərterminalkompleks” Birliyinə göndərilmiş xx.xx.2024-cü il tarixli vəkil sorğusunda Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi barədə məlumat verilmiş, həmin məhkəmənin icra vərəqəsi də sorğuya əlavə edilmişdir. Bundan əlavə, “Azərterminalkompleks” Birliyinin 6 mart 2024-cü il tarixli 3- 33-5600/2-000236/2024 saylı məktubu ilə həmin sorğuya cavab verilmişdir. Bundan əlavə, həmin sorğu və əlavə olunmuş sənədlər DGK-nın Əməliyyat-İstintaq Şöbəsinin xx.xx.2024-cü il tarixli 3-33/2- 003504/2024 saylı müşayiət məktubu ilə əlavə olunmuş sənədlər (həmçinin icra vərəqəsi) “Azərterminalkompleks” Birliyinə göndərilmişdir. Bundan əlavə, MPM-in 357.1-ci maddəsindən göründüyü kimi, birinci instansiya məhkəməsinin o qətnaməsindən apellyasiya şikayəti verilə bilər ki, həmin qətnamə qanuni qüvvəyə minməmiş olsun. Hazırkı işdə isə qətnamə qanuni qüvvəyə minmiş, icrası ilə bağlı icra vərəqəsi verilmiş və DGK-nın bundan hələ 2024-cü ilin mart ayında məlumatlı olmuşdur. Hazırkı işdə istinad edilən sənədlərlə birmənalı olaraq təsdiq edilir ki, DGK xx.xx.2023-cü il tarixli qətnamə və icra vərəqəsi barədə ən azı 6 mart 2024-cü il tarixdə məlumatlı olmuşdur. Lakin həmin tarixdən 1 il 8 ay keçdikdən sonra DGK-nın hazırkı işdə “maraqlarına toxunan şəxs” olmasını aşkar etməklə apellyasiya şikayəti vermək cəhdi anlaşılan olmamaqla yanaşı, Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş 1 aylıq müddətin üzrsüz səbəbdən ötürüldüyünü göstərir. Göründüyü kimi, hətta fərziyyə olaraq, “qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunması” qəbul edilsə belə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsinə əsasən qaytarılmalı idi. Məhkəmə iş üzrə qəbul edilmiş qətnamənin DGK-nın maraqlarına toxunması nəticəsinə gəlsə də, bu nəticənin işin hallarına uyğun olmadığını, yəni nə DGKnın qanuni qüvvədə olan məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermək hüququnun hansı əsaslardan yaranmasını araşdırmış, nə də DGK-nın apellyasiya şikayətində də bu barədə hər hansı əsaslandırma olmadığının fərqinə varmışdır. Hazırkı işdə özünü “maraqlarına toxunan şəxs” kimi təqdim edən DGK qətnamə ilə hansı maraqlarına toxunduğunu və prosessual qanunvericiliklə müəyyən edilmiş şikayət vermə müddətini hansı “üzrlü səbəbdən” ötürdüyünü sübut edə bilməmişdir. Halbuki barəsində apellyasiya şikayəti verdiyi qətnamə və onun icrası ilə bağlı icra vərəqəsinin verildiyi DGKya hələ 2024-cü ilin mart ayında məlum idi və hazırkı şikayətə əlavə edilən sübutlar bunu birmənalı təsdiq edir.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-41/2023 nömrəli qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-41/2023 nömrəli qərardadının Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-41/2023 nömrəli qətnaməsindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli apellyasiya şikayətinin mümkün hesab edilərək 7 gün müddətində işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qərardad qəbul edilərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023cü il tarixli e-2-2(113)-41/2023 nömrəli qətnaməsindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması, şikayətin təmin edilməyən hissədə qərardaddan şikayət verilməsi müddəti başa çatdıqdan sonra 07 gün müddətində baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiya məhkəməsindəki icraat

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Apellyasiya baxışının həddi

11. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

12. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

13. Belə ki, iş materiallarından olan xx.xx.2020-ci il tarixli, 003GOOD20000011 nömrəli girov müqaviləsindən görünür ki, İddiaçı (Girov Qoyan) mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.2-ci bəndində göstərilən əmlak 030CRLN19000010 nömrəli 03 iyun 2019-cu il tarixli Baş kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə girova verməyi öhdəsinə götürmüşdür.

14. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin mülki iddiaçı kimi çıxış etdiyi Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(002)-11/2023 nömrəli hökmündən görünür ki, iş üzrə mülki iddia təmin edilmiş və 1551344,51 (1 milyon 551 min 344 manat 51 qəpik) manat məbləğində pulun Cavabdeh2 tutularaq dövlət nəfinə ödənilməsi, iş üzrə maddi sübut kimi tanınmış və Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş DGK «Azərterminalkompleks» Birliyində saxlanca verilən təqsirləndirilən şəxsə məxsus 81 adda yayındırılmış gömrük ödənişlərinin predmeti hesab olunan malların dəyərinin iddia tələbinə yönəldilməsi və iddianı qarşılamadığı halda qalan məbləğin Cavabdeh2 tutulması hökm edilmişdir.

15. İş materiallarında olan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, DGK «Azərterminalkompleks» Birliyində saxlanılan 193 adda malın bir qismi xx.xx.2020-ci il tarixli 003GOOD20000011 nömrəli girov müqaviləsinin predmetidir.

16. Kollegiya apellyatorun dəlili ilə razılaşaraq qeyd edir ki, “Daşınar əmlakın yüklülüyü haqqında” Qanuna əsasən eyni daşınar əmlak bir neçə yüklülüyün predmeti olduqda, yüklülük sahiblərinin tələbləri həmin Qanunun 6-cı maddəsində qeyd edilən növbəliklə ödənilir və məhkəmə aktları üzrə icra növbəliyi də həmin normativ aktlarda nəzərdə tutulmuş qaydada həyata keçiriləcəkdir.

17. Lakin kollegiya qeyd edir ki, əmlakın hüquqi statusunda baş verən hər hansı dəyişiklik Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin maddi hüquqlarına birbaşa təsir edir.

18. Belə ki, girov qoyulmuş əmlakın hərraca çıxarılacaq ilkin satış qiyməti, hərracın nəticəsində əldə olunacaq vəsaitin miqdarını müəyyən edir. DGK «Azərterminalkompleks» Birliyində saxlanılan 193 adda malın bir qismi xx.xx.2020-ci il tarixli 003GOOD20000011 nömrəli girov müqaviləsinin predmeti olduğundan satışdan əldə ediləcək vəsaitin onun tələblərini nə dərəcədə qarşılayacağı birbaşa bu qiymətdən asılıdır. Qiymətin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin iştirakı olmadan müəyyən edilməsi, onun əmlakın real bazar dəyərindən aşağı satılması riskinə qarşı etiraz etmək hüququnu məhdudlaşdırır.

19. “İpoteka haqqında" Qanuna əsasən, eyni əmlak bir neçə ipoteka saxlayanın təminatıdırsa, əmlakın satışı bütün girovsaxlayanların maraqlarını (növbəlilik nəzərə alınmaqla) əhatə etməlidir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “maraqlı şəxs” kimi tanınmaması, hərracdan sonra vəsaitlərin bölüşdürülməsi zamanı qarşısıalınmaz hüquqi mübahisələrə yol açacaqdır.

20. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-41/2023 nömrəli qətnaməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hüquq və vəzifələrinə bilavasitə toxunur.

21. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayət isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır.

22. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.

23. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402.2.4cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-41/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar