Məhkəmə qərarları › İş №2-2(3-6)-200/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-200/2026

27.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-200/2026 27.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı ASC-nin Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (Açar sözlər: korporativ mübahisə, direktorun məsuliyyət dairəsi, maddi zərər) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X10 Əliyevanın sədrliyi və məruzəsi ilə, X3 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 2443/2025 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)- 2017/2024 saylı qətnaməsi ilə həmin iş üzrə iddiaçı X5 iş üzrə cavabdeh İddiaçı ASC-yə qarşı “pul” tələbinə dair iddiası təmin edilərək İddiaçı ASC-dən xx.xx.2021-ci il tarixli, 3M- 1686 saylı icarə müqaviləsinə əsasən, “GRATHOS CDD 775” tipli 700 KVA-lıq generatora istismar şərtlərinin pozulması nəticəsində vurulmuş 25000 manat maddi zərər və ödənilmiş 170 manat dövlət rüsumunun iş üzrə cavabdeh İddiaçı ASC-dən alınaraq ona ödənilməsi qət edilmişdir. İddiaçı tərəfindən 8390 manat və 16780 manat olmaqla, cəmi 25170 manat məbləğində pul “məhkəmə qərarına əsasən” təyinatı ilə X5 hesabına köçürülmüşdür.

2. Satıcı – X9 ilə alıcı – İddiaçı ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, N- 01/06 saylı alqı-satqı müqaviləsinə əsasən, satıcı alıcıya hesab fakturada qeyd olunan məhsulu satmağı, alıcı isə həmin malı qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə malın dəyərini 1750 manat məbləğində olması razılaşdırmış, hər iki tərəfdən imzalanmış xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə qeyd edilən məbləğdə malların satılması təsdiq edilmiş, satıcı tərəfindən alıcıya 1750 manat ödənişlə bağlı MT2407 seriyalı, 11492803 nömrəli elektron qaimə göndərilmiş və 1750 manat məbləğində pul “xx.xx.2024-cü il tarixli, N-01/06 saylı müqavilə” təyinatı ilə X6 hesabına köçürülmüşdür.

3. Satıcı – X4 ilə alıcı – İddiaçı ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 001/a saylı alqı-satqı və xidmət müqaviləsinə əsasən, satıcı bu müqavilədə müəyyən edilmiş şərtlərlə malları alıcıya satmağı, quraşdırmağı, işə salınmasını və zəmanət müddəti ərzində ödənişsiz servisini (təmirini) təmin etməyi, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Satılacaq malların və göstəriləcək xidmətlərin dəyərinin 13824 manat olması barədə həmin müqavilə üzrə tərflər X1 ilə razılaşdırmış, bu barədə hər iki tərəfdən imzalanmış xx.xx.2024-cü il tarixli təhviltəslim aktı tərtib edilmiş, satıcı tərəfindən alıcıya 13824 manat ödənişin edilməsi barədə MT2410 seriyalı, 10635903 nömrəli elektron-qaimə göndərilmiş, 5000 manat və 8824 manat olmaqla, cəmi 13824 manat məbləğində pul “xx.xx.2024-cü il tarixli, 001/a saylı müqavilə” təyinatı ilə X2 hesabına köçürülmüşdür.

4. Sifarişçi – İddiaçı ASC ilə icraçı – “JSM Financial Group" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 11/2024 saylı müqaviləyə əsasən, icraçı xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək maliyyə təsərrüfat və kadr işlərinin təfitişinin həyata keçirilməsi xidmətlərinin göstərilməsini, sifarişçi sə icraçı tərəfindən göstərilən xidmətlərin haqqının, bu müqavilə ilə razılaşdırılmış şərtlərlə ödənilməsini öz öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci bəndinə əsasən, bu müqavilə üzrə xidmət haqqı 4000 manat təşkil edir. 4000 manat məbləğində pul “xx.xx.2024-cü il tarixli, 11/2024 saylı müqavilə” təyinatı ilə “JSM Financial Group" MMC-nin bank hesabına köçürülmüşdür.

5. Cavabdeh xx.xx.2024- cü il tarixdə İddiaçı ASC-yə məktub ünvanlayaraq işdən azad olunması səbəbindən xx.xx.2024- cü il tarixədək onunla müvafiq təhvil-təslim işlərinin tamamlanmasını xahiş etmişdir.

6. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli məktublardan görünür ki, İddiaçı ASC Cavabdeh səhmdarların növbəti xx.xx.2024-cü il tarixlin ümumi yığıncağının qərarı ilə İddiaçı ASC-nin direktoru vəzifəsindən azad olunduğunu bildirmiş, mümkün qədər qısa müddət ərzində ASC-yə məxsus möhür və ştampların, məktubların və digər rəsmi blankların, ASC-nin tərəf qismində iştirak etdiyi mülki xarakterli müqavilələrin, maliyyə və mühasibat sənədləri daxil olmaqla, qalan bütün sənədlərin, ASC-nin anbar(ların), digər bina və daxili sahələrin (otaqların) kilidlərinin açarlarının və digər bütün əşyaların şəxsən təhvil verilməsini xahiş etmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

7. İddiaçı Cavabdeh xx.xx.2024-cü il tarixli 210 nömrəli “ödəniş tapşırığı”na və xx.xx.2024-cü il tarixli 217 nömrəli “ödəniş tapşırığı”na əsasən, ümumilikdə 13824 manat; xx.xx.2024-cü il tarixli 123 nömrəli “ödəniş tapşırığı”na əsasən, 1750 manat; xx.xx.2024-cü il tarixli 54 nömrəli “ödəniş tapşırığına” əsasən 4000 manat olmaqla, ümumilikdə 44744 manat pul vəsaitinin, eyni zamanda iddaçı tərəfindən vəkilə ödənilmiş 2000 manat xərcin və dövlət rüsumu kimi ödənilmiş 273 manat məbləğində pulun tutularaq, onun xeyrinə ödənilməsi tələbinə dair sonradan dəqiqləşdirməklə (xx.xx.2025-ci il tarixdə) iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının keçmiş direktoru Cavabdeh tərəfindən “Karkas" ASC-nin yeni direktoruna heç bir təhvil-təslimin edilməməsinin nəticəsində 01 noyabr 2021-ci il tarixdən 30 iyun 2024-cü il tarixə qədər maliyyə-təsərrüfat və kadr işlərinin təftişinin həyata keçirilməsi məqsədilə, “JSM Financial Group" MMC ilə 01 avqust 2024-cu il tarixdə 11 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 4-cü bəndinə əsasən, xidmət haqqı 4.000 manat müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixli 54 nömrəli “ödəniş tapşırığına" əsasən 4000 manat məbləğ “JSM Financial Group" MMC-nin hesabına köçürülmüşdür. Beləliklə, cavabdehin hərəkət və hərəkətsizliyi nəticəsində iddiaçıya 4000 manat məbləğində zərər dəymişdir. 4000 manat məbləğində borcun 3 gün ərzində ödənilməsi, əks halda tələb olunan məbləğin məcburi qaydada tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı cavabdehə xx.xx.2025 tarixli AV-0288 saylı prentenziya göndərilməsinə baxmayaraq, sonuncu tərəfindən heç bir ödəniş və ya cavab məktubu göndərilməmişdir. Eyni zamanda, iddia ərizəsində qeyd olunduğu kimi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü ıl tarixli 2(007)-2017/2024 saylı qətnaməsi ilə iddiaçı X5 cavabdeh İddiaçı ASC-yə qarşı “pul" tələbinə dair iddia tələbi təmin edilərək, İddiaçı ASC-dən xx.xx.2021-ci il tarixli 3M- 1686 saylı nömrəli icarə müqaviləsinə əsasən “GRATHOS CDD 775" tipli 700 KVA-lıq generatora istismar şərtlərinin pozulması nəticəsində vurulmuş 25.000 manat maddi zərər və ödənilmiş 170 manat dövlət rüsumunun əvəzi X5 xeyrinə tutulması qət edilmiş, xx.xx.2024-cü il tarixli 198 nömrəli “ödəniş tapşırığına” əsasən, 8390 manat və xx.xx.2024cü il tarixli “debit haqqında bildirişə" əsasən, 16780 manat onun hesabına ödənilmişdir. Bundan əlavə, iddiaçının buraxılış məntəqəsində quraşdırılmış müşahidə kameralarının server qutusunun kilidlərinin və parolunun təqdim edilməməsi, yəni cavabdehin hərəkət və hərəkətsizliyi nəticəsində server və müşahidə kameraları yenidən quraşdırılmış, X4 ilə iddiaçının direktoru X13 arasında bağlanmış 30 sentyabr 2024-cu il tarixli müqaviləyə əsasən, xx.xx.2024-cü il tarixli 210 nömrəli “ödəniş tapşırığfna uyğun olaraq, 8824 manat və xx.xx.2024-cü il tarixli 217 nömrəli 'ödəniş tapşırığfna uyğun olaraq, 5000 manat X2 hesabına ödənilmişdir. Eyni zamanda, iddiaçının ərazisində yerləşən quru anbarın (jalüz elektron) qapısının kilidləri cavabdeh tərəfindən təhvil verilmədiyi üçün, quru anbarın (jalüz elektron) qapısının kilidləri, motoru, həmçinin mexanik hissəsi yenisi ilə əvəz edilmişdir. X9 ilə iddiaçı və direktor X13 arasında bağlanmış 22 iyul 2024-cü il tarixli müqaviləyə əsasən, xx.xx.2024-cü il tarixli 123 nömrəli “ödəniş tapşırığına uyğun olaraq, 1750 manat X6 hesabına ödənilmişdir. Beləliklə, İddiaçı ASC-yə cavabdeh tərəfindən 25170 manat, 13824 manat və 1750 manat və 4000 manat olmaqla, ümumilikdə 44744 manat məbləğində zərər dəymişdir.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2443/2025 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Ödənilmiş 213 manat dövlət rüsumu iddiaçının özünə aid edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. İddiaçı icraçı direktor olduğu müddətdə cavabdehin hüquqi şəxsə ziyan vurduğunu və buna görə onun iddiaçı qarşısında həmin irəli gələn öhdəlik daşıdığını iddia edir. Mülki Məcəllənin 386.1-ci maddəsindən də göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya qanundan əmələ gələn əsaslarla yəni əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır) və ya özgə işlərini tapşırıqsız aparma, ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər. İddia ərzəsinin məzmununa əsasən iddia tələbii əks etdirən maddi ziyanı iki qrupa ayırmaq olar: birincisi, cavabdehin icra orqanın rəhbəri olduğu vaxt Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-2017/2024 saylı qətnaməsi ilə iddiaçıdan tutulan 25000 manatla bağlı tələb edilən; ikincisi, cavabdehin icraçı direktor vəzifəsindən çıxarılması ilə bağlı iddia edilən hərəkətlərinə görə tələb edilən maddi zərər. Məhkəmə hesab edib ki, iddiaçının birinci iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 49.3 və 49.4-cü maddələri təşkil edir. Mülki Məcəllənin 49.3-cü maddəsi hüquqi şəxsin adından çıxış edən şəxsin, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsin təmsil etdiyi hüquqi şəxsin idarə edilməsində fəaliyyətinin ümumi əsaslarını müəyyən edir. Yəni, göstərilən həmin şəxslər təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etməli, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmalı və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmalı, ehtiyatlı olmalı, hüquqi şəxsin adından qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmalıır. Mülki Məcəllənin 49.4-cü maddəsi isə hüquqi şəxsin adından çıxış edən qeyd edilən şəxslərin hüquqi şəxsin idarə ediməsi zamanı təqsirli hərəkətləri nəticəsində souncuya vurduqları maddi zərərə görə məsuliyyət daşıdığı konket əsasları müəyyən etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)- 2017/2024 saylı qətnaməsinin məzmunundan da görünür ki, xx.xx.2021-ci il tarixli, 3M1686 saylı icarə müqaviləsinə əsasən “GRATHOS CDD 775” tipli 700 KVA-lıq generatorun istismar şərtlərinin pozulması nəticəsində vurulmuş 25000 manat zərərin iddiaçıdan tutulması qət edilmişdir. Yəni, həmin qətnamə əsasında qeyd edilən generatorun istismar qaydalarının pozulması faktı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmışdır. Lakin həmin generatorun istismar qaydalarının pozulmasının konkret olaraq iddiaçının Mülki Məcəllənin 49.4-cü maddəsində göstərilən zərərin yaranmasına səbəb olan məsuliyyətsiz hərəkətləri nəticəsində yaranması iş materialları ilə öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edib ki, Mülki Məcəllənin 49.1 və 49.2-ci maddələrində müəyyən edilir ki, hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Qeyd edilən müddəalardan da görünüb ki, qanun hüquqi şəxsin orqanları – onlara rəhbərlik edən şəxslərə mülki hüquqi əqdlər bağlamaq yolu hüquqi şəxsin fəaliyətinin həyata keçirilməsi istiqamətində iştirakına icazə vermişdir. Hüquqi şəxsin orqanlarına rəhbərlik edən şəxslər isə bu fəaliyyət nəticəsində o halda məsuliyyət daşıyırlar ki, onların həmin hərəkətləri Mülki Məcəllənin 49.4-cü maddəsində sadalanan davranışa görə yaranmış zərərin nəticəsi olsun. Lakin əvvəldə də qeyd edildiyi kimi, iddiaçı bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. 34. İddianın ikinci hissəsi ilə bağlı tələblərin qanuni əsasını isə Mülki Məcəllənin 21 və 1096-cı maddələri təşkil edir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt əsas götürülür. Yalnız üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquqi məsuliyyətin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti də istisna edilir. İş materiallarından görünür ki, iddiaçı ilə Namiq Sultanov arasında bağlanmış xx.xx.2024-cü il tarixli, N-01/06 saylı alqı-satqı müqaviləsinə əsasən 140 manat dəyərində 1 ədəd qapı rayı, 1100 manat dəyərində 1 ədəd sürgülü qapı motoru iddiaçıya təhvil verilmiş və qapının quraşdırılması xərci 510 manat təşkil etmiıdir. İddiaçı isə iddia ərizəsində cavabdeh tərəfindən quru anbarının qapısının kilidinin verilməməsini qeyd edir. Lakin qapı kilidinin verilmədiyi halda, əlavə qapı quraşdırlmaqla onun yenilənməsi zərurətinin nədən yarandığını, habelə qapı kilidinin verilməməsi ilə qapının yenidən dəyişdirilməsinə səbəb olan cavabdehin təqsirli hərəkətlri arasında səbəbli əlaqənin olması barədə iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin, iş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə İbrahim Orucəliyev arasında arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 001/a saylı alqı-satqı və xidmət müqaviləsinə əsasən, ümumilikdə 13824 manat dəyərində kameralar alınmış və qurtaşdırlmışdır. Yenə də, iddiaçı iddia ərizəsində kameraların yalnız server qutularının kilidlərinin və parollarının cavabdeh tərəfindən verilmədiyini qeyd edir, lakin həmin kameraların taamailə yenidən dəyişdirilməsinin və yenidən quraşdırlmasının hansı zərurətdən yarandığını, bu zərurətlə cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin nədən ibarət olması, habelə kameraların əvvəllər hansı sayda olması ilə bağlı sübutlarını yenə də məhkəməyə təqdim edə bilməmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 21.1, 21.2, 49.3, 49.4, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə istinad etmişdir.

12. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi, cavabdeh İddiaçı ASC-nin keçmiş direktoru Cavabdeh dəymiş zərərə görə, ümumilikdə 44.744 manat pul vəsaitinin, eyni zamanda iddiaçı tərəfindən vəkilə ödənilmiş 2000 manat xərcin və dövlət rüsumu kimi ödənilmiş 273 manat məbləğində pulun əvəzinin tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hüquqları Bakı Kommersiya Məhkəməsinin müvafiq qətnaməsi ilə əsassız şəkildə pozulmuşdur. Belə ki, məhkəmə iddia tələbinin təmin edilməməsini yalnız formal cümlələrlə əsaslandıra bilmişdir. Qeyd olunan normalar (Mülki Məcəllənin 21, 49.3 , 49.4.5-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsi) ümumi şəkildə onu ifadə edir ki, hüququ pozulmuş şəxsə vurulmuş zərər, qanun və ya müqavilə ilə başqa hal nəzərdə tutulmadıqda, tam həcmdə ödənilməlidir. Hüquqi şəxs adından çıxış edən və ya onun idarəetmə orqanlarında təmsil olunan şəxslər öz vəzifələrini icra edərkən vicdanla, peşəkar və məntiqli davranmalı, hüquqi şəxsin və iştirakçıların maraqlarını şəxsi maraqlarından üstün tutmalı, ehtiyatlı, ədalətli və qərəzsiz olmalıdırlar. Bu vəzifələrin pozulması nəticəsində hüquqi şəxsə zərər dəydikdə, nizamnamə kapitalında azı 5 faiz paya malik olan iştirakçının tələbi ilə həmin şəxs dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə kollegiyasının nəzərinə çatdırırıq ki, işin mübahisəsiz halı Cavabdeh 2021-ci ilin noyabr ayından 2024-cü ilin iyul ayınadək İddiaçı ASC-nin direktoru vəzifəsində çalışmasıdır. İddia ərizəsində qeyd olunan bütün halların hamısı da məhz cavabdehin direktor olduğu dövrdə baş vermişdir. İddia tələbini əks etdirən maddi ziyan məzmununa əsasən iki qrupa ayrılır: birincisi, cavabdehin icra orqanın rəhbəri olduğu vaxt Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)- 2017/2024 saylı qətnaməsi ilə iddiaçıdan tutulan 25000 manatla bağlı tələb edilən; ikincisi isə, cavabdehin icraçı direktor vəzifəsindən çıxarılması ilə bağlı iddia edilən hərəkətlərinə görə tələb edilən maddi zərər. Lakin məhkəmə öz qərəzli mövqeyini, eyni zamanda səthi araşdırmasını iddiaçının birinci iddia tələbinin hüquqi əsasını yalnız Mülki Məcəllənin 49.3 və 49.4-cü maddələri təşkil etməsini qeyd etməklə göstərmişdir. Belə ki, iddia tələbi məhz bu hissədə Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, yəni, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ olması kimi əsaslandırılsa da, məhkəmə buna düzgün hüquqi qiymət verməmişdir. Qeyd edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cüil tarixli, e-2(007)- 2017/2024 saylı qətnaməsinə görə, xx.xx.2021-ci il tarixli, 3M-1686 saylı icarə müqaviləsinə əsasən “GRATHOS CDD 775” tipli 700KVA-lıq generatorun istismar şərtlərinin pozulması nəticəsində vurulmuş 25.000 manat zərərin iddiaçıdan tutulması qət edilmişdir. Yəni, həmin qətnamə əsasında qeyd edilən generatorun istismar qaydalarının pozulması faktı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmışdır. Hesab edir ki, Cavabdeh həmin dövrdə ASC-nin direktor olması və generatorun istismar qaydalarının məhz onun dövründə pozulması, hal-hazırda iddiaçının iddia tələbini və reqres qaydasında ona vurulmuş zərərin ödənilməsini keçmiş direktordan tələb etmək hüququnu tam əsaslı və qanuni edir. Lakin məhkəmə bu sübutlara heç bir əhəmiyyət vermədən öz qətnaməsində reqres hüququna ümumiyyətlə heç bir münasibət bildirməmişdir. Məhkəmə kollegiyasının diqqətinə digər bir məqamı da çatdırır ki, məhkəmə generatorun istismar qaydalarının pozulmasının konkret olaraq iddiaçının Mülki Məcəllənin 49.4-cü maddəsində göstərilən zərərin yaranmasına səbəb olan məsuliyyətsiz hərəkətləri nəticəsində yaranmasının iş materialları ilə öz təsdiqini tapmadığını qeyd etsə də, cavabdeh özü Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-2017/2024 saylı qətnaməsini mübahisələndirməklə, ASC-yə dəymiş zərərin bir növ Cavabdeh tərəfindən dəydiyini sübut etmiş olur. Belə ki, qeyd olunan qətnamə Cavabdeh maraqlarına toxunmasaydı həmin qətnamədən apellyasiya şikayəti verməyə cəhd etməzdi. Cavabdehin icraatın dayandırılması ilə bağlı dəfələrlə məhkəməyə ərizə ilə müraciət etməsi də təsadüfi deyil. Bundan əlavə, qeyd edirlər ki, Cavabdeh 2021-ci ilin noyabr ayından 2024-cü ilin iyul ayınadək İddiaçı ASC -nin direktoru vəzifəsində çalışmışdır. Onun fəaliyyət dövründə İddiaçı ASC ilə fərqli hüquqi və fiziki şəxslərlə bağlanmış xidmət, tapşırıq və sair müqavilələrdə, hüquqi şəxsə aid maliyyə və digər sənədlərində uyğunsuzluqlar aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli məktublardan görünür ki, iddiaçı cavabdehə səhmdarların növbəti xx.xx.2024-cü il tarixlin ümumi yığıncağının qərarı ilə İddiaçı ASC-nin direktoru vəzifəsindən azad olunduğunu bildirmiş, mümkün qədər qısa müddət ərzində ASC-yə məxsus möhür və ştampların, məktubların və digər rəsmi blankların, ASC-nin tərəf qismində iştirak etdiyi mülki xarakterli müqavilələrin, maliyyə və mühasibat sənədləri daxil olmaqla, qalan bütün sənədlərin, ASC-nin anbar(ların), digər bina və daxili sahələrin (otaqların) kilidlərinin açarlarının və digər bütün əşyaların şəxsən təhvil verilməsini xahiş etmişdir. Lakin cavabdeh qeyd olunanların heç birinə geri dönüş etməmişdir. Məhz İddiaçı ASC -nin keçmiş direktoru Cavabdeh tərəfindən İddiaçı ASC-nin yeni direktoruna heç bir təhvil-təslimin edilməməsinin nəticəsində 01 noyabr 2021-ci il tarixdən 30 iyun 2024- cü il tarixə qədər maliyyə-təsərrüfat və kadr işlərinin təftişini həyata keçirilməsi məqsədilə, "xxxx" MMC ilə 01 avqust 2024-cü il tarixdə 11 saylı müqavilə bağlanmışdır. Beləliklə, İddiaçı ASC-nin keçmiş direktoru Cavabdeh hərəkət və hərəkətsizliyi nəticəsində İddiaçı ASC-yə 4000 manat məbləğində zərər dəymişdir. Buradan da aydın şəkildə görsəndiyi kimi, cavabdehin hərəkətsizliyi nəticəsində ASC-yə yenidən zərər dəymişdir. Bundan əlavə, cavabdeh tərəfindənkameraların server qutularının kilidlərinin və parolların verilməməsi nəti cəsində ASC-yə ümumilikdə 13.824 manat dəyərində zərər dəymişdir. Nəzərlərinə çatdırırlar ki, iddiaçı dəfələrlə qeyd etmişdir ki, qeyd olunan parol və kilidlər təqdim olunmadığından, bu bütün cihazı məhv etmiş, məhz buna görə də ASC kameraların tamamilə yenidən dəyişdirmək və yenidən quraşdırmaq məcburiyyətində qalmışdır. Lakin məhkəmə yenidən qeyri-obyektivliyini göstərərək, bu zərurətlə cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin nədən ibarət olmasının iddiaçı tərəfindən sübut edilmədiyini qeyd etmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, Cavabdeh qeyd olunan vaxt intervalında İddiaçı ASC-nin direktoru olduğundan, bununla da bütün məsuliyyət onun üzərində olduğundan, məhz onun səhlənkarlığının nəticəsində hal-hazırda ASC-yə ümumilikdə 44744 manat məbləğində zərər dəymişdir. Beləliklə, məhkəmə yalnız mülahizələrə əsaslanaraq iddiaçı tərəfindən təqdim olunmuş sübutlara heç bir əhəmiyyət vermədən iddia tələbini rədd etmişdir. Məhkəmə sübutetmə yükünü tamamilə iddiaçının üzərinə qoymuşdur, halbuki iddiaçı sübut etmişdir ki, cavabdehin məhz səhlənkarlığı və hərəkətsizliyi səbəbindən hal-hazırda ASC 44744 manat məbləğində zərərdədir. Lakin məhkəmə iddiaçının təqdim etdiyi bütün sübutlara çox səthi yanaşmış, yalnız mülahizələrə əsaslanaraq iddianırədd etmişdir. Hətta Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2024-cü ıl tarixli 2(007)-2017/2024 saylı qətnaməsi olmasına baxmayaraq, məhkəmə bu hissəni hərtərəfli və yetərincə araşdırmadan, tətbiq edilməli hüquq normasına düzgün hüquqi qiymət vermədən, iddiaçının reqres hüququna heç bir əhəmiyyət verməmişdir. Bu isə MPM-in 14.2-ci maddəsinin tələblərinə zidd olaraq, sübutların seçmə qaydada və birtərəfli araşdırılması deməkdir. Qətnamə yalnız ehtimalların olmadığını bildirməklə kifayətlənmiş, lakin təqdim edilmiş sübutlara hüquqi qiymət verməmişdir. Bu səbəbdən qətnamə nə qanuni, nə də əsaslı hesab edilə bilər. Bu isə sübutların etibarlılıq və obyektivlik prinsiplərinə zidd qiymətləndirilməsi deməkdir. Qeyd edir ki, Cavabdeh sıravi işçi olmamış, hüquqi şəxsin icra orqanırəhbəri olmuşdur. Məhkəmə bu xüsusi hüquqi statusu nəzərə almadan, cavabdehi adi fiziki şəxs kimi qiymətləndirmişdir ki, bu da maddi hüququn yanlış tətbiqi ilə nəticələnmişdir. Yuxarıda göstərilənlərə əsasən hesab edirik ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, prosessual hüquq normaları kobud şəkildə pozulmuş, sübutlara birtərəfli və səthi qiymət verilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

14. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi, apellyasiya şikayətinin təmin edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etdi.

15. Cavabdeh məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişlər.

Tətbiq edilən hüquq:

16. Mülki Məcəllənin: -21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 49.3-cü maddəsinə görə hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. - 49.4-cü maddəsinə görə hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə aşağıdakı hallarda məsuliyyət daşıyır: 49.4.1. hüquqi şəxsin zərərlə işlədiyi halda və ya hüquqi şəxsin mənfəətinə qeyrimütənasib həcmdə hüquqi şəxsin idarəetmə orqanlarının üzvlərinə bonusların ödənilməsi; 49.4.2. hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi; 49.4.3. hüquqi şəxsə aidiyyəti olan şəxslərlə qanunun tələblərini pozan və ya hüquqi şəxsin maraqlarına təhlükə yaradan müqavilələrin bağlanması; 49.4.4. hüquqi şəxsin bağlanmış müqavilələr əsasında malları (işləri, xidmətləri) onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alması; 49.4.5. özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi; 49.4.6. səhmdarlara (payçılara) münasibətdə ədalətsiz və ya onlara ziyan vuran əqdlərin bağlanması. - 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. - 1114.1-ci maddəsinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

17. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmədiyindən və həmin qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

22. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki,Cavabdeh 2021-ci ilin noyabr ayından 2024-cü ilin iyun ayına qədər iddiaçı "xxxx" ASC-nin direktoru olub. Onun rəhbərliyi dövründə, xx.xx.2021-ci il tarixdə iddiaçı ilə X7 arasında generatorun icarəsi müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən X7 tərəfindən “GRATHOS CDD 775” tipli 700 KVA-lıq generator iddiaçının istifadəsinə verilmişdir. Bundan sonra X7 məhkəməyə müraciət edərək "xxxx" ASC tərəfindən istismar qaydalarının pozulması nəticəsində generatora vurulmuş 25.000 manat maddi zərərin ödənilməsini tələb etmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)- 2017/2024 saylı qətnaməsinə əsasən generatorun istismar qaydalarının pozulması nəticəsində vurulmuş 25000 manat zərər iddiaçıdan tutulmuşdur. Həmçinin 2024-cü ilin iyul-oktyabr ayları dövründə şirkətin serverləri və müşahidə kameraları yenidən quraşdırılmış, şirkətin ərazisində yerləşən quru anbarın (jalüz elektron) qapısının kilidləri, motoru və mexanik hissəsi yenisi ilə əvəz edilmiş, buna görə İddiaçı ASC tərəfindən cəmi 15.574 manat məbləğində xərc çəkmişdir. Həmçinin xx.xx.2024-cü il tarixdə İddiaçı ASC ilə “JSM Financial Group" MMC arasında bağlanmış 11/2024 saylı müqaviləyə əsasən, “JSM Financial Group" MMC xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün maliyyə təsərrüfat və kadr işlərinin təfitişinin həyata keçirilməsi xidmətlərini göstərmiş və İddiaçı MMC həmin xidmətlərə görə 4000 manat məbləğində pul vəsaiti ödəmişdir. Hazırda iddiaçı şirkət tərəfindən yuxarıda sadalanan xərclərin çəkilməsini keçmiş direktor qismində Cavabdeh hərəkət və hərəkətsizliyi ilə əlaqələndirir və 44.744 manat məbləğində zərərin cavabdehdən tutulmasını tələb edir.

23. Kollegiya icarəyə götürülmüş generatorun istismar qaydalarının pozulmasına ilə bağlı dəymiş zərərin əvəzi olaraq icarəyə verənə ödədiyi 25.000 manat məbləğində pul vəsaitin reqres qaydada həmin dövrdə direktor olmuş Cavabdeh tutulması hissəsinə münasibətdə ilk növbədə qeyd edir ki, iddiaçının həmin hissədə iddia tələbinin əsası kimi istinad etdiyi Mülki Məcəllənin 1114.1-cü maddəsi başqa şəxs tərəfindən vurulmuş zərəri ödəmiş şəxsin ödənilmiş əvəz miqdarında ziyan vuran şəxsə qarşı geriyə tələb (reqres) hüququnun olmasını təsbit edir. Hazırkı halda isə generatorun istismar qaydalarının məhz Cavabdeh tərəfindən pozulması, yəni zərər vuran şəxsin cavabdeh olması müəyyən edilmədiyindən işin halları ilə Mülki Məcəllənin 1114.1-cü maddəsinin dispozisiya şərtləri ilə uzlaşmır.

24. Digər tərəfdən kollegiya həmin tələbi Mülki Məcəllənin 49.3 və 49.4-cü maddəsinin tələbləri kontekstində qiymətləndirərək qeyd edir ki, hüquqi şəxsin icra orqanının rəhbərinə (direktora) qarşı yönəldilmiş dəymiş zərərin ödənilməsi barədə iddialara baxılarkən nəzərə alınmalıdır ki, hüquqi şəxs hüquqi baxımdan fiktiv subyekt olduğundan, onun iradəsi adından çıxış edən orqanlar və fiziki şəxslər vasitəsilə ifadə olunur. Lakin təmsilçilik səlahiyyətinin konkret şəxs kimi icra orqanının rəhbərinə (direktora) verilməsi bütün hallarda hüquqi şəxsə dəymiş zərərə və ya kommersiya subyekti kimi uğursuz fəaliyyətə görə direktorun məsuliyyət daşıması anlamına gəlmir. Əksinə qanunverici hüquqi şəxsə dəymiş zərərə görə direktorun məsuliyyət daşımasını direktorun vəzifələrini icra edərkən vicdansız, məntiqsiz, qeyri-peşəkar davranması, yəni onun hüquqazidd davranışı (hərəkət və ya hərəkətsizliyi) ilə dəymiş zərərarasında birbaşa səbəbli əlaqənin mövcud olması ilə şərtləndirir.

25. Hazırkı halda isə iddiaçı icarəyə götürülmüş avadanlığın istismar qaydalarının pozulmasının direktor qismində cavabdeh tərəfindən verilmiş göstərişlərlə, cavabdeh tərəfindən nəzarət mexanizmlərinin düzgün qurulmaması, açıq-aşkar riskli və əsaslandırılmamış qərarların qəbulu kimi hallarla bağlı olmasını təsdiq edən sübutlar (daxili yazışmalar, əmr və sərəncamlar, audit və ya ekspertiza rəyləri, vəzifə təlimatları, şahid ifadələri və s.) məhkəmə təqdim edilməmişdir. Nəticədə iş materiallarına əsasən icarəyə götürülmüş avadanlığın texniki qaydalara uyğun olmayan formada istifadə edilməsinin direktorun qanunsuz göstərişindən irəli gəlib-gəlmədiyi, yaxud konkret işçilərin texniki qaydalara əməl etməməsi nəticəsində baş verib-vermədiyi, eləcə də direktorun bu prosesə real təsir imkanının olub-olmadığı müəyyən edilmir və belə olan halda dəymiş zərərin direktorun vəzifələrini lazımi qaydada icra etməməsi ilə bağlılığı öz təsdiqini tapmır.

26. Odur ki, həmin hissədə iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır.

27. Digər tərəfdən o da qeyd edilməlidir ki, İddiaçı ASC istifadəsində olan server və müşahidə kameralarının, qapının dəyişdirilməsini, eləcə də maliyyə-təsərrüfat və kadr işlərinin təftişinin aparılması üçün xidmət müqaviləsinin bağlanmasını cavabdehin kameraların server qutularını və qapının açarlarını təqdim etməməsi və yeni direktorla təhvil-təslimin aparılmaması ilə əlaqələndirərək cavabdehin hərəkətsizliyi nəticəsində dəymiş 19.574 (13824+1750+4000) manat məbləğində zərərin ödənilməsi tələbini irəli sürmüşdür. Həmin hissədə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1096, 1097.1-cı maddəsi təşkil edir.

28. Kollegiya xatırladır ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcudluğu tələb olunur: Törədilmiş əməlin hüquqa zidd olması – hərəkət və ya hərəkətsizlik hüquqa zidd olmalı, hüquq qaydası pozulmalıdır; əməlin təqsirli olması – təqsir subyektiv anlayış olub, hüquq pozuntusu törədən şəxsin iradəsində nöqsanın olmasını ehtiva edir; zərərin mövcudluğu – törədilmiş əməl nəticəsində qanunla qorunan mənafeyə zərər vurulmuş olmalıdır; səbəbli əlaqə – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində yaranmalıdır.

29. Kollegiya həmin hissədə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, iddiaçı cavabdeh tərəfindən kameraların server qutularının və qapı kilidinin verilməməsi və təhvil-təslim aparılmaması ilə əlavə qapının və yeni kamera sisteminin quraşdırılması, təftiş ilə bağlı xidmət müqaviləsinin bağlanması arasında birbaşa səbəbli əlaqənin nədən ibarət olmasını izah edə bilməmiş, bununla bağlı sübutları məhkəməyə təqdim etməmişdir.

30. Odur ki, birinci instansiya məhkəməsi həmin hissələrdə də iddianı rədd etməkdə haqlı olmuşdur.

31. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

32. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

33. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2433/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar