Məhkəmə qərarları › İş №2-2(3-6)-202/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-202/2026

14.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-202/2026 14.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti, X1 və X2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: kredit müqaviləsi, müqavilənin standart şərti, ödənişlərin silinmə ardıcıllığı) Hakim sədrliyi ilə, hakimlər X12 və X11 ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsindən iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ##.##.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X4 ##.##.2020-ci il tarixli, 1.0.* nömrəli versiyasının qəbul edilməsi barədə razılaşma imzalanmışdır.

2. İddiaçı ASC ilə “xxxx” MMC arasında ##.##.2020-ci il tarixdə bağlanmış GL**** nömrəli kredit limiti müqaviləsinə əsasən, illik 25% faiz dərəcəsi ilə, gecikdirilmiş əsas borc məbləğinə illik 40% (gündəlik 0,1111%) cərimə faizinin tətbiqi şərtilə, 10 000 000 manat məbləğində kredit limiti müəyyən edilmişdir.

3. İddiaçı ASC tərəfindən “xxxx” MMC-yə: - ##.##.2021-ci il tarixli, DC********-** saylı maliyyələşdirmə ərizəsi üzrə ##.##.2022ci il tarixədək illik 16,5% faiz dərəcəsi ilə, gecikmə üzrə illik 15%, kredit müddəti bitdikdən sonra isə 31,5% cərimə faizi tətbiq olunması şərti ilə 250 000 manat; - ##.##.2021-ci il tarixli, K**** saylı maliyyələşdirmə ərizəsi üzrə ##.##.2023-cü il tarixədək illik 16% faiz dərəcəsi ilə, gecikmə üzrə illik 15%, kredit müddəti bitdikdən sonra isə 31% cərimə faizi tətbiq olunması şərtilə 250 000 manat; - ##.##.2021-ci il tarixli, K**** saylı maliyyələşdirmə ərizəsi üzrə ##.##.2022-ci il tarixədək illik 15% faiz dərəcəsi ilə, gecikmə üzrə illik 15%, kredit müddəti bitdikdən sonra illik 30% cərimə faizi tətbiq olunması şərtilə 250 000 manat; - ##.##.2021-ci il tarixli, DC********-** saylı maliyyələşdirmə ərizəsi üzrə ##.##.2022ci il tarixədək illik 14% faiz dərəcəsi ilə, gecikmə üzrə illik 15%, kredit müddəti bitdikdən sonra isə illik 29% cərimə faizi tətbiq olunması şərtilə 103 546 manat məbləğində kredit verilmişdir.

4. ##.##.2020-ci il tarixli kredit limiti müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə İddiaçı ASC ilə X1 arasında həmin tarixli zaminlik müqaviləsi və ##.##.2021-ci il tarixli ipoteka müqaviləsi, X2 ilə isə ##.##.2021-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Bundan başqa, ##.##.2021-ci il və ##.##.2021-ci il tarixli maliyyələşdirmə ərizələri üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə X1 ilə müvafiq tarixli zaminlik müqavilələri bağlanmışdır.

5. İddiaçının tərtib etdiyi ##.##.2024-cü il tarixli maliyyə arayışına əsasən ##.##.2024cü il tarixinə olan borc məbləği ##.##.2021-ci il tarixli ərizə üzrə 118 752,61 manat əsas, 13 171,64 manat faiz və 77 488,26 manat cərimə borcu olmaqla, ümumilikdə 209 412,51 manat; ##.##.2021-ci il tarixli ərizə üzrə 173 197,37 manat əsas, 41 020,48 manat faiz və 109 588,83 manat cərimə borcu olmaqla, ümumilikdə 323 806,68 manat; ##.##.2021-ci il tarixli ərizə üzrə 250 000 manat əsas, 30 001,84 manat faiz və 177 430,56 manat cərimə borcu olmaqla, ümumilikdə 457 432,40 manat və ##.##.2021-ci il tarixli ərizə üzrə isə 103 546 manat əsas, 4 832,15 manat faiz və 67 647,18 manat cərimə borcu olmaqla, ümumilikdə 176 025,33 manat təşkil etmişdir.

6. ##.##.2024-cü il tarixli ekspert rəyinə əsasən ##.##.2021-ci il tarixli ərizə üzrə əsas borc 117 679,79 manat, faiz borcu 12 944,78 manat; ##.##.2021-ci il tarixli ərizə üzrə əsas borc 173 423,12 manat, faiz borcu 27 513,55 manat; ##.##.2021-ci il tarixli ərizə üzrə əsas borc 250 000 manat, faiz borcu 23 246,96 manat və ##.##.2021-ci il tarixli ərizə üzrə isə əsas borc 103 546 manat, faiz borcu 4 872,42 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı, iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada ümumilikdə 645 495,98 manat əsas, 89 026,11 manat faiz və 432 154,83 manat cərimə borcunun tutulmasını, tutmanın ipoteka predmeti olan əmlaklara yönəldilməsini, həmin əmlakların açıq hərracda satılmasını, satışdan əldə edilən vəsait yetərli olmadığı halda isə qalıq borc və məhkəmə xərclərinin cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ##.##.2021-ci il tarixli ərizə üzrə 117 679,79 manat əsas, 12 944,78 manat faiz və 6 500 manat cərimə borcu; ##.##.2021-ci il tarixli ərizə üzrə 173 197,37 manat əsas, 27 513,55 manat faiz və 9 000 manat cərimə borcu; ##.##.2021-ci il tarixli ərizə üzrə 250 000 manat əsas, 23 546,96 manat faiz və 13 000 manat cərimə borcu və ##.##.2021-ci il tarixli ərizə üzrə isə 103 546 manat əsas, 4 832,15 manat faiz və 6 000 manat cərimə borcu olmaqla cəmi 747 460,60 manat məbləğində borcun cavabdehlərdən müştərək qaydada tutulması, tutmanın ipoteka predmeti olan əmlaklara yönəldilməsi, əmlakların açıq hərracda satılması, satışdan əldə edilən vəsait yetərli olmadığı halda isə qalıq borc və məhkəmə xərclərinin cavabdehlərdən müştərək qaydada tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir.

9. Məhkəmə əsas və faiz borcunu ##.##.2024-cü il tarixli ekspert rəyinə əsasən müəyyən etmiş, tələb olunan cəriməni isə Mülki Məcəllənin 467-ci maddəsinə əsasən tənasübsüz hesab edərək azaltmışdır.

10. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsinin ##.##.2021-ci il tarixli ərizə üzrə əsas borcun tutulmayan, ##.##.2021-ci və ##.##.2021-ci il tarixli ərizələr üzrə isə faiz borcunun tutulmayan hissələrində ləğv edilməsi və həmin hissələrdə tələbin tam təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert ödənişlərin silinmə ardıcıllığını tərəflər arasında razılaşdırılmış şərtlərə uyğun aparmamış, nəticədə faiz və cərimə borcu üzrə silinmiş məbləğlərin bir hissəsi əsas borca yönəldilmişdir. Bu səbəbdən ##.##.2021-ci və ##.##.2021-ci il tarixli ərizələr üzrə faiz borcu, ##.##.2021-ci il tarixli ərizə üzrə isə əsas və faiz borcu az hesablanmışdır. Məhkəmə isə müqavilə şərtlərinə uyğun olmayan bu ekspert rəyini sübut kimi qəbul edərək qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Cavabdehlər tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

16. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 417. Müqavilənin standart şərtləri anlayışı 417.1. Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. ... Maddə 420. Müqavilənin standart şərtlərinin etibarsızlığı ... 420.2. Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. ... Maddə 432. Öhdəliyin hissə-hissə icrası ... 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. ... Maddə 739. Borc müqaviləsinin anlayışı və forması (mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya)

739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

Maddə 741. Borc üzrə faizlər (mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya) Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ... Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. ... Apellyasiya baxışının hədləri

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı qətnaməni ##.##.2021-ci il tarixli ərizə üzrə əsas və faiz borcunun, ##.##.2021-ci və ##.##.2021-ci il tarixli ərizələr üzrə isə faiz borcunun tutulmadığı hissələrdə mübahisələndirmişdir. Cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmışdır. MPM-in 372.6-cı maddəsinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası qətnamənin əsaslılığını apellyasiya şikayətinə müvafiq olaraq əsas və faiz borcunun tutulması tələblərinin rədd edildiyi hissələrdə yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası işin hallarını, tərəflərin dəlillərini və tətbiq edilməli hüquq normalarını qiymətləndirərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. İddiaçı ilə cavabdeh “xxxx” MMC arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Həmin öhdəliyin təminatı üçün digər cavabdehlərlə zaminlik və ipoteka müqavilələri bağlanmışdır.

23. İş materiallarından, o cümlədən ekspert rəyindən və iddiaçının təqdim etdiyi maliyyə arayışından müəyyən olunur ki, cavabdeh tərəfindən edilmiş ödənişlər üzrə silinmə ardıcıllığı fərqli qaydada aparılmışdır: ekspert tərəfindən ödənişlər əvvəlcə faiz və əsas borca silindiyi halda, iddiaçı tərəfindən ödənişlər ilkin olaraq dəbbəyə, daha sonra faizlərə və sonda əsas borca yönəldilmişdir.

24. Birinci instansiya məhkəməsi tərəfindən tutulmalı olan əsas və faiz borclarının məbləği məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə uyğun müəyyən edilmişdir. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə ekspert tərəfindən ödənişlərin müqavilədə nəzərdə tutulmuş silinmə ardıcıllığına uyğun aparılmamasını nəzərə almadan ekspert rəyini əsas sübut kimi qəbul etmişdir. Bu isə əsas və faiz borcunun az hesablanmasına və iddia tələbinin tam təmin edilməməsinə səbəb olmuşdur.

25. İş materialları ilə müəyyən olunur ki, ödənişlərin silinmə ardıcıllığı iddiaçı tərəfindən əvvəlcədən hazırlanmış, dəfələrlə istifadə üçün nəzərdə tutulmuş X5 və kredit limiti müqaviləsində müəyyən edilmişdir.

26. Bununla yanaşı, tərəflər arasında hər bir kreditin verilməsi üçün bağlanmış maliyyələşdirmə ərizələrində ödənişlərin silinmə ardıcıllığı ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır. Bu isə onu göstərir ki, həmin mexanizm cavabdehlə ayrıca razılaşdırılmamış, ona yalnız bu şərtləri bütövlükdə qəbul etmək imkanı verilmişdir. Beləliklə, bu müddəa Mülki Məcəllənin 417.1-ci maddəsinə uyğun olaraq müqavilənin standart şərtlərinin bütün əlamətlərini (əvvəlcədən hazırlanma, dəfələrlə istifadə üçün nəzərdə tutulma, bir tərəf tərəfindən təqdim olunma, fərdi qaydada razılaşdırılmama) daşıyır.

27. Mülki Məcəllənin 420.2-ci maddəsinə əsasən müqavilənin standart şərti, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq digər tərəf üçün zərərlidirsə, etibarsızdır və bu qayda Mülki Məcəllənin 420.1-ci və 420.3-cü maddələrindən fərqli olaraq subyektin sahibkarlıq statusundan asılı olmayaraq tətbiq edilir. Bu baxımdan, standart şərtin etibarlılığı yalnız onun formal olaraq müqaviləyə daxil edilməsi ilə deyil, həm də tərəflər arasında real hüquqi və iqtisadi tarazlığı pozub-pozmaması ilə qiymətləndirilməlidir.

28. Standart şərtin müqavilənin mətnində nəzərdə tutulması və ya digər sənədə istinad edilməklə qəbul edilməsi onun hüquqi təbiətini dəyişmir; belə şərtin etibarlılığı onun fərdi qaydada razılaşdırılıb-razılaşdırılmaması və tərəflər arasında real iqtisadi tarazlığa təsiri ilə müəyyən edilir.

29. Kollegiya qeyd edir ki, kreditin əsas şərtləri (məbləğ, faiz dərəcəsi, müddət və dəbbə) tərəflər arasında ayrıca razılaşdırılmışdır. Lakin ödənişlərin silinmə ardıcıllığı borcun strukturuna birbaşa təsir edən mexanizm olmaqla fərdi razılaşdırmanın predmeti olmamış və iddiaçı tərəfindən birtərəfli qaydada müəyyən edilmiş standart şərt kimi tətbiq edilmişdir.

30. Mübahisəli müddəaya əsasən ödənişlərin ilkin olaraq dəbbəyə, daha sonra faizlərə və yalnız bundan sonra əsas borca yönəldilməsi əsas borcun azalmasını ləngidir və gecikmə müddəti uzandıqca dəbbə məbləğinin artımını sürətləndirir. Nəticədə borclunun faktiki ödənişləri onun əsas borc yükünü dərhal azaltmır və bu hal tərəflər arasında iqtisadi tarazlığın pozulmasına səbəb olur.

31. Belə mexanizm öhdəliyin icrasının təmin olunmasına xidmət edən dəbbə institutunun mahiyyətindən kənara çıxaraq kreditor üçün əsaslandırılmamış üstünlük yaradır və borclu üçün zərərli maliyyə nəticəsi doğurur. Bu yanaşma öhdəliyin icrası qaydasını deyil, icranın iqtisadi nəticələrini dəyişdirir. Dəbbə pulunun ödənişlərin silinmə ardıcıllığında önə çəkilməsi onun təminedici funksiyasını gücləndirmir, əksinə əsas borcun azalmasını gecikdirməklə həmin mexanizmi faktiki olaraq borcun artırılması vasitəsinə çevirir.

32. Mülki Məcəllənin 432.4-cü maddəsində ödənişlərin silinmə ardıcıllığı əvvəlcə xərclər, sonra faizlər və nəhayət əsas borc olaraq müəyyən edilmişdir. Qanunverici bu qaydanı müəyyən etməklə borclunun ödənişinin ilk növbədə öhdəliyin iqtisadi əsasını təşkil edən struktur elementlərinə yönəlməsini nəzərdə tutmuşdur. Bu sistemdə dəbbə pulunun nəzərdə tutulmaması onun öhdəliyin struktur elementi deyil, məsuliyyət elementi olmasını göstərir. Buna görə də dəbbənin bu ardıcıllıqda önə çəkilməsi borclu üçün gözlənilməz olmaqla yanaşı, qanunun məqsədinə də ziddir.

33. Ödənişlərin silinmə ardıcıllığına dair qayda öhdəliyin texniki icra mexanizmi olmaqla yanaşı, onun iqtisadi nəticələrini müəyyən edən əsas elementlərdən biridir. Bu səbəbdən həmin ardıcıllığın standart şərt vasitəsilə dəyişdirilməsi müqavilə azadlığının həyata keçirilməsi deyil, öhdəliyin qanunverici tərəfindən müəyyən edilmiş iqtisadi modelinə müdaxilə kimi qiymətləndirilməlidir.

34. Bu səbəbdən ödənişlərin kredit faizləri və əsas borcdan əvvəl dəbbəyə yönəldilməsini nəzərdə tutan standart müddəa Mülki Məcəllənin 420.2-ci maddəsinə əsasən etibarsızdır. Bunun nəticəsi olaraq ödənişlərin silinmə ardıcıllığı Mülki Məcəllənin 432.4-cü maddəsinə uyğun müəyyən edilməli və məhz bu metodologiya üzrə aparılmış ekspert hesablaması əsaslı hesab edilməlidir.

35. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsində birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

36. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

37. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan yuxarı olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilə bilər.

38. Göstərilənlərə əsasən və MPM-in 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin.

Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar