Məhkəmə qərarları › İş №2-2(3-6)-211/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-6)-211/2026

04.03.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(3-6)-211/2026 04.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “elektron qaimənin etibarsız hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-ci il tarixli e-2-2(4-11)-694/2026 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin onun dondurlmuş VÖEN-ninə göndərdiyi EAAO778537 saylı e-qaiməni və HX021774 saylı fakturanı etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “elektron qaimənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Daha sonra iddiaçı həmin qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-ci il tarixli e-2-2(4-11)-694/2026 saylı qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Aşağıda qeyd edilən mövqeyə (dəlillərə) əsasən BakıKommersiya Məhkəməsi xx.xx.2026-cı il tarixdə e-2-2(4-11)- 694/2026 nömrəli qərardad qəbul edərkən, prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddia ərizəsinin məzmununa nəzər yetirildikdə aydın olur ki, iddiaçı tərəf elektron qaimənin etibarsızlığını məhz onda əks olunan malların ona verilməməsi ilə əsaslandırmışdır. Ona görə də, qeyd edilmiş elektron qaimədə göstərilmiş malların verilib-verilməməsi, verilmiş olan mallara görə borcun olub-olmamasının müəyyən edilməsi, bir növ elektron qaimənin həqiqiliyin müəyyən edilməsi, sübutlardan biri kimi nəzərdən keçirilən elektron qaimənin etibarsızlığa ayrıca müstəqil iddia şəkilində baxıla bilməz. Hesab edirəm ki, məhkəmə düzgün qənaətə gəlməmişdir. Belə ki, etibarsız hesab olunması tələb edilən EAAO0778537 saylı xx.xx.2018-ci il tarixli e-qaimə və xx.xx.2018-ci il tarixli HX021774 nömrəli elektron vergi hesab fakturanın nəticəsində mənə vergi borcu hesablanmış və Aztedaruk MMC ilə hər hansı alqı-satqı münasibətlərində olmaya olmaya, sahibkarlıq fəaliyyətimin dayandırıldığı dövrdə, vergi kabinetimə baxmaq öhdəliyi daşımaya daşımaya, e kabinetimə göndərilmiş e-qaimə elektron vergi sistemi tərəfindən, mənim xəbərim olmadan (çünki fəaliyyətimi dayandırmışdım) avtomatik təsdiq etmiş və bunun əsasında vergi hesablanmışdır. Halbuki, belə bir qaimənin gəldiyindən 5 gün əvvəldən məlumatlı olsaydım, e qaiməni təsdiq etməzdim və geri qaytarardım. Belə olan halda hər hansı vergi borcu da hesablanmayacaq idi. Yuxarıda qeyd etdiklərimə əsasən mübahisəli e-qaimə və EVHF hüquqi nəticə yaradıb ki, mənə vergi borcu hesablanıb (vergini ödəmək öhdəliyi yaradıb). Buna görə də mənim hazırki vergi öhdəliyim (borcum) məhz həmin mübahisəli e-qaimənin və EVHF-nin hüquqi nəticəsidir, yəni əsası olmayan e-qaimə və EVHF-nin elektron vergi sisteminin avtomatik təsdiq etməsi mənim vergi ödəyicisi kimi əsassız maliyyə itkilərinə məruz qalmağım ilə nəticələnməşdir. Başqa sözlə bu əsassız e qaimə və EVHF vergi orqanının məndən vergi borcunun ödənilməsini tələb etmək hüququ (vergi orqanı üçün hüquqi nəticə) yaratmışdır. Göründüyü kimi iddia ərizəsi AR MPM-nin tələblərinə riayət edilməklə verilmiş və ərizəyə məhkəmə qaydasında, o cümlədən mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bu səbəbdən iddiaçı MPM-in 151.1-ci və 153.2.1-ci maddəsinin tələblərini gözləmiş və pozmamışdır. Digər tərəfdən əgər Bakı Kommersiya Məhkəməsinin də bildirdiyi kimi iddia ərizəmə MPM-in 153.2.1-ci maddəsinə əsasən məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, onda Bakı Kommersiya Məhkəməsinin hakimi (Günay Həşimova) AR MPM-in 153.3-cü maddəsinə əsasən, mənim(yəni iddiaçının) hansı orqana və ya məhkəməyə müraciət etməli olmağımı qərardadında göstərməli idi. Amma xx.xx.2026-ci il tarixli məhkəmə qərardadında bu bardə heç nə bildirilməyib (göstərilməyib). Bununla da məhkəmə MPM-in tələblərini pozmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Belə ki, hazırda iddiaçı “EAAO778537 saylı e-qaiməni və HX021774 saylı fakturanı etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini tələb edir. Mülki prosessual qanunvericiliyin təhlili onu deməyə əsas verir ki, iki halda məhkəmədə mülki işə başlamaq mümkündür: 1. pozulmuş hüququn bərpası üçün; 2. qanunla qorunan hüququn yaxud mənafenin təsdiqi üçün. Hazırkı işə zahirən nəzər yetirildikdə xarakter etibarilə pozulmuş hüququn bərpasına dair mübahisəyə aid etmək olar. Belə ki, iddiaçı cavabdeh tərəfindən ona göndərilmiş elektron qaimə nəticəsində hüquqlarının pozulduğunu irəli sürür. Ona görə də, ilk növbədə müəyyən edilməli olan hazırda qeyd edilmiş elektron qaimənin özünün ümumiyyətlə mülki hüquqi baxımından hər hansı bir nəticə yaradıb-yaratmamasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”n 1.2.-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsinin məzmununa nəzər yetirildikdə aydın olur ki, iddiaçı tərəf elektron qaimənin etibarsızlığını məhz onda əks olunan malların ona verilməməsi ilə əsaslandırmışdır. Ona görə də, qeyd edilmiş elektron qaimədə göstərilmiş malların verilib-verilməməsi, verilmiş olan mallara görə borcun olub-olmamasının müəyyən edilməsi, bir növ elektron qaimənin həqiqiliyin müəyyən edilməsi, sübutlardan biri kimi nəzərdən keçirilən elektron qaimənin etibarsızlığa ayrıca müstəqil iddia şəkilində baxıla bilməz. Məhkəmə hesab etmişdir ki, hazırkı ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinin tələbinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir Məhkəmə kollegiyası qeyd edilən əsasları nəzərdən keçirərək və onları əsaslı sayaraq hesab edir ki, iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsi qərarı qanunidir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli e-2-2(4-11)-694/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar