Məhkəmə qərarları › İş №2-2(3-6)-221/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-221/2026

17.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-221/2026 17.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinə xitam verilməsi və kommunal borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə QƏTNAMƏ (açar sözlər: kommunal borcun tutulması, icarə müqaviləsi, öhdəliyin icra qaydası) X1 sədrliyi ilə, hakimlər ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1, cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin 14 avqust 2025-ci il tarixli, e-2-2(113)-4359/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları:

1. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 49,40 m2 olan qeyri-yaşayış sahəsi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur.

2. İddiaçı (“İcarəyə verən”) və Cavabdeh (“İcarəçi”) arasında 7 avqust 2023-cü il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 49,40 m2 olan qeyri-yaşayış sahəsi icarəçiyə aylıq 200 manat icarə haqqı müqabilində icarəyə verilmişdir. Müqaviləyə görə kommunal xidmətlərdən (su və s.) istifadə edilməsinə görə haqlar icarəçi tərəfindən ödənilir.

3. 28.02.2025-ci il tarixli abonent haqqında məlumata əsasən 2025-ci ilin fevral ayı üzrə su təchizatı və kanalizasiya xidmətləri üçün cəmi 20 440 manat məbləğində borc hesablanmış, 18,40 manat ödənilmiş, qalıq borc 20 421,60 manat təşkil edir.

Birinci instansiya məhkəməsindəki icraat:

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyriyaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi, 19 464 manat məbləğində kommunal borcun, həmçinin dövlət rüsumunun əvəzi qismində ödənilmiş 149 manat və hüquqi yardıma görə ödənilmiş 800 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh icarə müqaviləsinin şərtlərini pozaraq üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, sudan mütəmadi istifadə etməklə 19 464 manat məbləğində kommunal borc yaratmışdır. Borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilsə də, cavabdeh müxtəlif bəhanələrlə ödənişdən yayınmışdır. Bu səbəbdən müqavilə münasibətlərinin davamı mümkün deyil, cavabdeh yaranmış borcu ödəməli və icarə müqaviləsinə xitam verilərək icarə sahəsindən çıxarılmalıdır. Borc abonent məlumat bazası, “WhatsApp” yazışmaları və cavabdehin etirafı ilə təsdiqlənir.

6. İddiaçı “iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə” ilə məhkəməyə müraciət edərək, 7 avqust 2023-cü il tarixli icarə müqaviləsinə xitam verilməsi, 20 440 manat məbləğində kommunal borcun, həmçinin dövlət rüsumunun əvəzi qismində ödənilmiş 149 manat və hüquqi yardıma görə ödənilmiş 800 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4359/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 7 avqust 2023-cü il tarixli icarə müqaviləsinə xitam verilmiş hesab olunması, 20 421,60 manat məbləğində kommunal borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmiş, su təchizatı və kanalizasiya xidmətləri üzrə ödəniş etməmiş, nəticədə külli miqdarda borc yaranmışdır. İddiaçının xx.xx.2025-ci il tarixli pretenziya məktubunda yalnız borcun ödənilməsi tələb olunmuş, icarə obyektinin boşaldılması tələbi isə ilk dəfə xx.xx.2025-ci il tarixində iddia ərizəsi ilə irəli sürülmüşdür. Müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir və iddiaçı ilk dəfə xx.xx.2025-ci il tarixində iddia ərizəsi ilə cavabdehə müraciət edərək icarə obyektinin boşaldılmasını tələb etmişdir. Məhkəmə bu qənaətə gəlmişdir ki, 7 avqust 2023-cü il tarixli icarə müqaviləsi xx.xx.2025-ci il tarixdən ləğv edilmiş hesab edilməlidir. Kommunal borcla bağlı isə məhkəmə qeyd etmişdir ki, müqavilənin 10-cu bəndinə əsasən bu ödənişlər icarəçinin üzərinə düşür. Abonent məlumatına görə 2025-ci ilin fevral ayına 20 440 manat borc hesablanmış, bunun yalnız 18,40 manatı ödənilmişdir.

9. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4359/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının kommunal borcu birbaşa tələb etmək hüququ yoxdur, belə tələb yalnız xidmət təchizatçısı tərəfindən irəli sürülə bilər. Həmçinin, sudan istifadəyə görə hesablanmış borc şişirdilmişdir. Cavabdeh qeyri-yaşayış sahəsini 2023-cü ilin sentyabr ayından istifadə etmiş və 2025-ci ilin fevral ayında təhvil vermişdir, bu müddətdə göstərilən həcmdə su istehlakı fiziki olaraq mümkün deyildir. Abonent məlumatlarına görə xx.xx.2019 - xx.xx.2025-ci illər üzrə 2433 m3 su sərfiyyatı qeydə alınmışdır ki, bunun böyük hissəsi icarədən əvvəlki dövrə aiddir və cavabdeh həmin dövr üçün məsuliyyət daşıya bilməz. İş materiallarında borcun məhz icarə müddətində yarandığını təsdiq edən sübut yoxdur. Bundan əlavə, su sayğacı kartla işlədiyindən avans ödənilmədən suyun verilməsi mümkün deyil və bu həcmdə borcun yaranması inandırıcı deyil. Cavabdeh faktiki istifadə etdiyi suya görə 478 manat ödəmiş, lakin ödəniş səhv abonent koduna yönəldilmişdir. Bu səbəbdən aidiyyəti qurum və şəxslərin işə cəlb edilməsi zəruridir. Həmçinin, icarə zamanı təhvil-təslim aktı tərtib edilməmiş, sayğac göstəriciləri qeyd olunmamış, kommunal ödəniş vasitələri təqdim edilməmişdir. xx.xx.2025-ci il tarixli rəyə əsasən sayğac yararsız olmuş, bu isə göstəricilərin etibarlılığını şübhə altına alır. Eyni zamanda, səlahiyyətli orqan tərəfindən yoxlama aparılmamış və borcla bağlı cavabdehə bildiriş verilməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

11. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

13. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1 (ayrı-ayrılıqda) apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385. Öhdəlik anlayışı

385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ... Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ... Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi

443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. ...

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. … Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. … 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; ... 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; ... Maddə 386. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. … Apellyasiya baxışının hədləri:

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmiş, iddiaçı tərəfindən qətnamə mübahisələndirilməmişdir. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə uyğun olaraq qətnamənin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

19. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – “20 421,60 manat məbləğində kommunal borcun Cavabdeh tutularaq İddiaçı ödənilməsi” hissəsində ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia həmin hissədə rədd edilməlidir.

20. İş materiallarından müəyyən olunur ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur. İddiaçı tərəfindən icarə müqaviləsi ləğv edilmiş və cavabdeh icarəyə götürdüyü qeyri-yaşayış sahəsini iddiaçıya təhvil vermişdir. Həmin qeyriyaşayış sahəsi üzrə 2025-ci ilin fevral ayına qədər su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə ümumilikdə 20 421,60 manat məbləğində borc hesablanmışdır. İddiaçı qeyd olunan kommunal borcun cavabdehdən tutularaq ona ödənilməsini tələb etmişdir.

21. Birinci instansiya məhkəməsi icarə müqaviləsinin iddiaçının təşəbbüsü ilə xx.xx.2025-ci il tarixindən ləğv edilmiş hesab edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Qətnamənin həmin hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

22. Birinci instansiya məhkəməsi 20 421,60 manat məbləğində kommunal borcun cavabdehdən birbaşa iddiaçının xeyrinə tutulması barədə tələbi təmin edərkən qeyd etmişdir ki, 7 avqust 2023-cü il tarixli icarə müqaviləsinin 10-cu bəndinə əsasən tərəflər arasında kommunal xidmətlərdən, o cümlədən sudan istifadəyə görə haqqın icarəçi, yəni cavabdeh tərəfindən ödənilməsi razılaşdırılmışdır. Buna görə də su təchizatı və kanalizasiya xidmətləri üçün qalıq 20 421,60 manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göründüyü kimi məhkəmə pulun tutulmasının əsası kimi onun müqavilədən irəli gələn öhdəlik olduğunu nəzərdə tutmuşdur.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. İcarə müqaviləsinin 10-cu bəndində kommunal xidmətlərə görə ödənişlərin cavabdeh tərəfindən birbaşa iddiaçıya ödənilməsi barədə razılaşma nəzərdə tutulmamışdır. Müqavilənin məzmunundan görünür ki, cavabdehin öhdəliyi həmin ödənişlərin xidmət təchizatçısına yönəldilməsindən ibarət olmuşdur. Bu səbəbdən iddiaçının mübahisəli məbləği birbaşa öz xeyrinə tələb etməsi müqavilə ilə müəyyən edilmiş öhdəliyin məzmunu və icra qaydası ilə uzlaşmır.

24. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliklər müqavilədən və ya qanunda nəzərdə tutulmuş digər əsaslardan yaranır. Müqavilədən irəli gələn öhdəliklərin icrası tərəflərin razılaşdırdıqları şərtlərlə müəyyən olunur və kreditorun tələbi də həmin şərtlər çərçivəsində irəli sürülə bilər.

25. Mövcud hüquqi münasibətdə cavabdehin üzərinə düşən öhdəlik kommunal xidmətlərə görə borcların birbaşa xidmət təchizatçısına ödənilməsindən ibarət olmuşdur. Bu baxımdan öhdəliyin icra ünvanı iddiaçı deyil, üçüncü şəxs – xidmət təchizatçısıdır. Odur ki, iddiaçı yalnız cavabdehin həmin öhdəliyi müqavilədə nəzərdə tutulmuş qaydada icra etməsini, yəni kommunal borcun xidmət təchizatçısına ödənilməsini tələb edə bilərdi. Mübahisəli məbləğin birbaşa öz xeyrinə tələb olunması isə öhdəliyin məzmununa uyğun müdafiə üsulu hesab edilə bilməz.

26. İddiaçının qeyd olunan məbləğin özünə ödənilməsini tələb etməsi o halda mümkün ola bilərdi ki, cavabdeh öhdəliyini icra etmədiyindən iddiaçı həmin məbləği xidmət təchizatçısına ödəməli olsun. Bu halda onun əmlakında azalma baş verər və MM-in 443.1ci maddəsinə əsaslanmaqla cavabdehin müqavilə öhdəliyini pozması nəticəsində iddiaçıya dəymiş zərərin əvəzinin ödənilməsi barədə tələb irəli sürülə bilərdi.

27. Lakin iş materiallarından iddiaçının xidmət təchizatçısına cavabdehin ödəməli olduğu su və kanalizasiya xidmətləri haqqını ödəməsi görünmür. Bu isə onu göstərir ki, iddiaçı hazırda hər hansı zərərə məruz qalmamışdır.

28. Kollegiya hesab edir ki, iddia tələbinin əsassız varlanma institutu prizmasından qiymətləndirilməsi üçün də əsaslar mövcud deyildir.

29. Belə ki, əsassız varlanmanın yaranması üçün bir şəxsin digər şəxsin hesabına əmlak əldə etməsi zəruridir. Hazırkı halda isə cavabdehin istifadə etdiyi kommunal xidmətlər nəticəsində əldə etdiyi fayda iddiaçının əmlakı hesabına deyil, xidmət təchizatçısı tərəfindən göstərilmiş xidmət hesabına formalaşmışdır. Digər tərəfdən, iddiaçı tərəfindən hər hansı ödəniş edilmədiyindən onun əmlakında azalma baş verməmişdir.

30. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının irəli sürdüyü tələb müqavilə öhdəliyinin məzmununa və tətbiq edilməli hüquq normalarına uyğun olmadığından onun təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Birinci instansiya məhkəməsi isə bu halları nəzərə almadan maddi hüquq normalarını düzgün tətbiq etməmiş və əsassız nəticəyə gəlmişdir.

31. Apellyasiya şikayətində borcun məbləğinin düzgün hesablanmaması, sayğacın işlək vəziyyətdə olmaması və digər bu kimi dəlillər də irəli sürülmüşdür. Kollegiya qeyd edir ki, iddia tələbinin hüquqi əsasının mövcud olmaması müəyyən edildiyindən borcun həcmi, hesablanma qaydası və digər əlaqəli halların araşdırılması işin nəticəsinə təsir etmədiyindən həmin dəlillərə ayrıca qiymət verilməsinə zərurət yoxdur.

32. Yekun olaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamənin kommunal borclara görə pulun tutulması hissəsində maddi hüquq normaları düzgün tətbiq edilməmiş, öhdəliyin məzmunu və icra qaydası səhv müəyyən edilmiş, nəticədə iddia tələbi əsassız olaraq təmin edilmişdir (MPM 385.1.1). Eyni zamanda, məhkəmənin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş faktiki hallardan irəli gəlmir (MPM 385.1.4).

33. Qeyd olunanlara əsasən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 4359/2025 nömrəli qətnaməsi qismən – “20 421,60 manat məbləğində kommunal borcun Cavabdeh tutularaq İddiaçı ödənilməsi” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia təmin edilməməlidir. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

34. Məhkəmə xərclərinə münasibətdə isə kollegiya qeyd edir ki, kommunal borcun tutulması tələbi təmin edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu və hüquqi yardıma görə çəkilmiş xərc iddiaçının özünə aid edilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir.

35. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan yuxarı olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilə bilər.

36. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4359/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4359/2025 nömrəli qətnaməsi qismən – “20 421,60 manat məbləğində kommunal borcun Cavabdeh tutularaq İddiaçı ödənilməsi” hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. İddia “Cavabdeh kommunal borcun tutulması” tələbinə dair hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu və hüquqi yardıma görə çəkilmiş xərc iddiaçının özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar