Məhkəmə qərarları › İş №2-2(3-6)-226/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-226/2026

07.04.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-226/2026 07.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Audiovizual Şurası və “xxxx” MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçücü şəxslər qismində cəlb edilməklə) iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: müəlliflik hüququ, müstəsna yayım hüququ, əldən çıxmış fayda) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X3 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi, iddiaçı İddiaçı MMC-nin nümayəndələri Səfərli İlqar Vüqar oğlunun və nümayəndə5, cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi X1 və vəkili X6 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Audiovizual Şurası və “xxxx” MMC mübahisə predmeti barəsində müstəqil tələbirəli sürməyən üçücü şəxs qismində cəlb edilməklə) “əlaqəli hüquqların müdafiəsi və zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsindən Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İngiltərə “Premyer Liqası”nın, İtaliyada “Seria A”nın, Fransada “Liqa 1”in, Almaniyada “Bundesliqa”nın, habelə “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası”, “Formula 1”, “X8” idman yarışlarının (oyunlarının) Azərbaycan Respublikası ərazisində yayım hüququ “X17 Limited” Şirkətinə (bundan sonra xxxx) (lisenziar) məxsusdur, sonuncu ilə İddiaçı MMC (lisenziat) arasında bağlanmış ##.##.2023-cü il tarixli müqaviləyə və müqaviləyə əlavələrə əsasən həmin hüquq ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixədək İddiaçı MMC-yə verilmişdir.

2. Lisenziat ilə lisenziar arasında bağlanmış ##.##.2023-cü il tarixli müqaviləyə əsasən sonuncu, lisenziata Azərbaycan Respublikası ərazisində müstəsna yayım hüququ, o cümlədən İddiaçı MMC-nin aldığı hüquqları tam və ya qismən üçüncü şəxslərə ötürmək hüququ vermişdir.

3. Lisenziat ilə lisenziar arasında bağlanmış ##.##.2023-cü il tarixli kanal yayımı barədə müqaviləyə * nömrəli əlavəyə əsasən, xxxx lisenziya sahibləri ilə bağlanmış müvafiq lisenziya müqavilələri əsasında müvafiq mövsümlərdə Azərbaycan Respublikasının ərazisində qeyd olunan idman yarışlarının kanallar (“Seriya A”, “Liqa 1”, “İngiltərə Premyer Liqası”, “NBA”, “Formula 1”, “X10 Liqası”, “X2”, “La liqa”, “Bundesliqa”, “WTA”, “NHL”, “ATp Masters 1000”, “ATP Finalları”, “ATP 500”, “ATP 250 Pool”, “Next Gen ATP Finalları” və “ATP Uncovered”, “Hollandiya Liqası”, “Avroliqa”, “X7 Liqası”, “UFC”, “X11”, “EFL”) vasitəsilə yayım hüququna malikdir. Əlaqəli hüquqlar (kanallar vasitəsilə yayım hüquqları) “X17 Limited” şirkətinə aid yuxarıda sadalanan idman yarışları Azərbaycan Respublikası ərazisində “Setanta Sports 1” və “Setanta Sports 2” kanalları vasitəsilə təqdim olunur. Tərəflər arasında bağlanmış müqaviləyə və bu əlavəyə əsasən İddiaçı MMC eksklyuziv distrbyutor olaraq ##.##.2023-cü il tarixindən müqavilənin qüvvədə olduğu tarixədək həmin kanalların yayım hüquqlarının satışını və müəllif hüquqlarının qorunmasını həyata keçirir.

4. Lisenziat ilə lisenziar arasında bağlanmış ##.##.2023-cü il tarixli kanal yayımı barədə müqaviləyə əlavə olan * saylı əlavə razılaşmaya əsasən, müqavilə müddəti ##.##.2023- ##.##.2025-ci il tarixədək uzadılmışdır.

5. Lisenziat ilə lisenziar arasında bağlanmış ##.##.2023-cü il tarixli kanal yayımı barədə müqaviləyə əsasən “Setanta Sports 1” və “Setanta Sports 2” kanallarının Azərbaycan Respublikası ərazisində yayım hüququ İddiaçı MMC-yə verilmişdir. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, “xxxx” Operatora icazə (lisenziya) verir ki, kanalı qəbul edib abunəçilərə yayımı həyata keçirir; 1.2-ci bəndinə əsasən, operator “xxxx” ilə əvvəlcədən razılaşdırmaq şərti ilə “xxxx”dən aldığı kanal hüquqlarını qismən və ya tam şəkildə fiziki və ya hüquqi şəxslərə ötürmək hüququna (sub-lisenziya) hüququna malikdir.

6. Azərbaycan Respublikası Audiovizual Şurasının (Şura) İddiaçı MMC-yə ünvanladığı ## ### 2025-ci il tarixli *-**/*-***/**** saylı məktubunda Şura tərəfindən müraciətdə qeyd olunan yayım operatorlarının yenidən monitorinqinin aparıldığı və platforma operatoru lisenziyasından irəli gələn fəaliyyətin qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirmələri tələb olunmuş, əks təqdirdə qanunvericiliyə müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir.

7. Şuranın Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı ## ### 2025-ci il tarixli *-**/*-***/**** saylı məktubunda Şura tərəfindən müraciətdə qeyd olunan yayım operatorlarının yenidən monitorinqinin aparıldığı, monitorinqlər nəticəsində Cavabdeh MMC-nin “Tvin TV” xidməti tərəfindən müqavilə olmadan retranslyasiya edilən Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bir sıra platforma operatorları tərəfindən Rusiya Federasiyasının “xxxx” şirkətinə məxsus olan “Матч ТВ”, “Матч Боец”, “Матч Арена”, “Матч Игра”, “Матч Страна”, “Матч Премьер”, “Матч Футбол 1”, “Матч Футбол 2”, “Матч Футбол 3” televiziya kanalları vasitəsilə İddiaçı MMC-nin hüquqlarının pozulduğunun təsbit olunduğu, qısa müddət ərzində platforma operatoru lisenziyasından irəli gələn fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirməyi, yəni, yalnız buna hüquq verən sənədlərin (lisenziya, razılıq, icazə, müqavilə və s) mövcudluğu halında xarici televiziya kanalının retranslyasiyasını aparılması tələb olunmuş, əks təqdirdə Şura tərəfindən qanunvericiliyə müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir.

8. İddiaçı MMC ##.##.2025-ci və ##.##.2025-ci il tarixlərdə Şuraya müraciət edib adıçəkilən idman yarışlarının Azərbaycan Respublikası ərazisində yayım hüququnun məxsus olduğu “xxxx” Şirkəti tərəfindən ona verildiyinə istinad edərək, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bir sıra platforma operatorları tərəfindən Rusiya Federasiyasının “xxxx” (“xxxx”) Şirkətinə məxsus olan “Матч ТВ” (“Match TV”), “Матч Боец” (“Match Boyets”), “Матч Арена” (“Match Arena”), “Матч Игра” (“Match Igra”), “Матч Страна” (“Match Strana”), “Матч Премьер” (“Match Prem'yer”), “Матч Футбол 1” (“Match Futbol 1”), “Матч Футбол 2” (“Match Futbol 2”), “Матч Футбол 3” (“Match Futbol 3”) televiziya kanalları vasitəsilə Azərbaycan Respublikası ərazisində qanunsuz yayımlandığını və bununla da ona məxsus hüquqların pozulduğunu bildirmiş, müraciətə Şuranın ##.##.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, yayım operatorlarının yenidən monitorinqi aparılmış, monitorinqlər nəticəsində Cavabdeh MMC tərəfindən müqavilə olmadan retranslyasiya edilən bir sıra televiziya kanalları vasitəsi ilə İddiaçı MMC-nin hüquqlarının pozulduğu təsbit olunmuş, adıçəkilən platforma operatorlarına rəsmi məktub göndərilmiş və lisenziyadan irəli gələn fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirmələri tələb olunmuş, əks təqdirdə qanunvericiliyə müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir.

9. Şuranın İddiaçı MMC-yə ünvanladığı ## ### 2025-ci il tarixli *-**/*-***/**** saylı məktubunda qeyd edilmişdir ki, “həmçinin bildiririk ki, Şura tərəfindən operatorlara göndərilmiş ## ######## 2024-cü il tarixli məktuba qoşma edilmiş 5-ci Əlavə artıq təqdim olunmur. Belə ki, həmin əlavəyə görə bir sıra idman kanalları (“МАТЧ! ФУТБОЛ “МАТЧ! ФУТБОЛ “МАТЧ! ФУТБОЛ 3: “МАТЧ! ПРЕМЬЕРА”, “МАТЧ! ИГРА", “МАТЧ! АРЕНА”, “МАТЧ! СТРАНА”, “МАТЧ!”) retranslyasiya paketlərinə о şərtlə daxil oluna bilərdi ki, həmin anallarda yayımlanan idman oyunlarının (xüsusən futbol oyunlarının) Azərbaycan Respublikası ərazisində yayım və ya retranslyasiya hüququ müstəsna və ya qeyri-müstəsna olaraq hər hansı bir subyektə məxsus olmasın. Lakin keçən dövr ərzində operatorlar tərəfindən bu istiqamətdə ciddi pozuntular qeydə alınmışdır. Həmçinin, bir sıra beynəlxalq idman yarışlarının Azərbaycanda yayım hüququnun sahibi olan “xxxx" şirkətinin rəsmi nümayəndəsi olan İddiaçı MMC həmin operatorları məhkəməyə vermişdir. Bu səbəbdən, bundan sonra qeyd olunan idman kanallarının “pirat” retranslyasiyasını həyata keçirən operatorlar Audiovizual Şura tərəfindən ciddi tədbirlərə məruz qalacaqlar”.

10. İddiaçı MMC ilə “ATV”+ arasında aylıq ödəniş 20 000 manat olmaqla kanal yayımı barədə ##.##.2024-cü il tarixində * saylı sublisenziya sazişi bağlanmışdır.

11. İddiaçı MMC ilə “xxxx” MMC arasında kanal yayımı barədə ##.##.2024-cü il tarixində * saylı sublisenziya sazişi bağlanmışdır.

12. Cavabdeh MMC ilə “X5” QSC arasında bağlanmış ##.##.2022-ci il tarixli ****-**- **/**-*** nömrəli “IP TV Xidmət üzrə müqavilə”nin 1.1-ci bəndinə əsasən, müqavilə “X5” QSC tərəfindən standartlara uyğun “Rəqəmsal TV” platformasının “AZT”-ə təqdim edilməsi ilə bağlı texniki, iqtisadi və hüquqi münasibətləri tənzimləyir.

13. İddiaçı MMC ilə “X5” QSC arasında imzalanmış ##.##.2024-cü il tarixli * nömrəli Sublisenziya sazişinin 2.2-ci bəndinə əsasən “Sublisenziat Kanalı və ya Kanalda olan proqramları nə yenidən sata, nə onlara əlavə sublisenziya verə, nə də nümayiş etdirə, nə icazə və ya lisenziya verə, habelə Kanalın və ya Kanalda olan proqramların Sistemdən başqa hər hansı cari və ya gələcəkdə yaradılacaq vasitələrlə yayılmasına icazə verə bilməz. Bu Müqaviləyə əsasən, Sublisenziar tərəfindən Sublesenziata açıq-aşkar verilməyən bütün hüquqlar Sublisenziar tərəfindən qorunub saxlanılır”.

14. Həmin sazişin 3.3-cü bəndinə əsasən, Sublisenziat Kanala girişin yalnız müvafiq abunə haqqını tam ödəyən Abunəçilərə icazə verilməsini təmin etmək üçün bütün mühüm tədbirləri görməlidir. Sublisenziat başqalarına Kanalın hər hansı hissəsini köçürməyə, qeydə almağa, yaddaşda saxlamağa, təkrar nümayişə və ya digər şəkildə təkrar istehsal etməyə icazə verə bilməz və verməməlidir. X12 hər hansı bir hissəsinin icazəsiz surətinin çıxarılması, qeydə alınması, yaddaşda saxlanması, təkrar ötürülməsi və ya istifadəsindən xəbərdar olarsa, o, Sublisenziarı dərhal xəbərdar etməli və Sublisenziranın bütün sorğuları ilə bağlı onunla əməkdaşlıq etməli və bu cür fəaliyyəti dayandırmaq üçün bütün lazımi tədbirləri görməlidir. Sublisenziat başqalarına Sistemdən savayı Kanalı almağa, yaymağa və ya göstərməyə icazə verə bilməz və verməməlidir.

15. İddiaçı MMC ilə “X5” QSC arasında imzalanmış ##.##.2024-cü il tarixli * nömrəli Sublisenziya sazişinə ##.##.2024-cü il tarixli ** saylı Əlavə Razılaşma ilə müqavilə üzrə müddət ##.##.2024-cü il tarixədək, ##.##.2024-cü il tarixli razılaşmaya əsasən ** saylı Əlavə Razılaşma ilə ##.##.2024-cü il tarixədək, ##.##.2024-cü il tarixli ** saylı Əlavə Razılaşmaya əsasən isə ##.##.2024-cü il tarixədək uzadılmışdır

16. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarına əsasən Cavabdeh MMC İXM-nin 381.11-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 5000 manat cərimə edilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

17. İddiaçı MMC (iddiaçı) “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, “xxxx” MMC tərəfindən Rusiya Federasiyasının “xxxx” şirkətinə məxsus olan “Матч ТВ”, “Матч Боец”, “Матч Арена”, “Матч Игра”, “Матч Страна”, “Матч Премьер”, “Матч Футбол 1”, “Матч Футбол 2”, “Матч Футбол 3” televiziya kanalları vasitəsilə Azərbaycan Respublikasının ərazisində yayım hüquqları İddiaçı MMC-yə məxsus (aid) olan futbol üzrə İngiltərə “Premyer Liqası”nın, İtaliyada “Seria A”nın, Fransada “Liqa 1”in, Almaniyada “Bundesliqa”nın, habelə “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası”, “Formula 1”, “X8” idman yarışlarının (oyunlarının) 2025-ci ilin aprel ayında qanunsuz yayımlanması nəticəsində vurulmuş əldən çıxmış fayda qismində zərərin əvəzi olaraq 10 000 manatın, eləcə də ödənilmiş 120 manat dövlət rüsumunun “xxxx” MMC-dən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Audiovizual Şurası tərəfindən qeyd olunan lisenziyalı idman yarışlarının yayım hüquqlarının “xxxx”-ə məxsus olduğu təsdiq edildiyindən, Şura tərəfindən Azərbaycan Respublikası ərazisində xarici televiziya proqramlarının retranslyasiyasını həyata keçirən operatorlara (siyahı üzrə), o cümlədən cavabdehə ünvanlanmış ## #### 2023-cü il tarixli ***/G-**** nömrəli məktubda Azərbaycan Respublikasının Audiovizual Şurasına xxxx şirkəti tərəfindən təqdim olunmuş sənədlərə əsasən müxtəlif idman növləri üzrə məşhur yarışlarının (futbol üzrə İngiltərə “Premyer Liqası”nın, İtaliyada “Seria A”nın, Fransada “Liqa 1”in, Almaniyada “Bundesliqa”nın, habelə “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası”, “Formula 1”, “X8” yarışlarının oyunlarının) Azərbaycan Respublikası ərazisində yayım hüququnun “xxxx”-ə (“Setanta Sports”) məxsus olmasına dair müvafiq məlumatlar cavabdehə verilməklə yanaşı, cavabdehdən platforma və multipleks operatoru olaraq sözügedən idman yarışlarının yayımının dayandırılması tələb olunmuş, əks təqdirdə ona qarşı müvafiq sanksiyaların tətbiq ediləcəyi bildirilmişdir. İddiaçı ilə “xxxx” arasında ##.##.2023-cü il tarixdə bağlanmaqla (əlavə və dəyişikliklərlə) həmin tarixdən qüvvəyə minən və ##.##.2025-ci il tarixinədək qüvvədə olan “Yayım hüquqlarının distribütorluğu haqqında” müqavilənin şərtlərinə əsasən, xxxx-ə məxsus sözügedən lisenziyalı idman yarışlarının Azərbaycan Respublikasının ərazisində yayım hüquqları iddiaçıya verilmişdir. Aparılan araşdırmalarla müəyyən edilmişdir ki, aidiyyatı dövlət orqanının sözügedən xəbərdarlığından xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh tərəfindən yayım hüquqları “xxxx”-ə (Azərbaycan Respublikasının ərazisində "xxxx” MMC-yə) məxsus olan kontentləri ООО "xxxx” şirkətinə aid МАТЧ ТВ, МАТЧ Боец, МАТЧ Арена, МАТЧ Игра, МАТЧ Страна, МАТЧ Примьер, МАТЧ Футбл 1, МАТЧ Футбол 2, МАТЧ Футбол 3 televiziya kanalları vasitələri ilə sözügedən idman yarışları buna heç bir hüquqi əsas olmadan (yayımlara icazə verilməsinə dair müqavilə bağlanmadan) hüquq sahibinin hüquqlarını kobud şəkildə pozmaqla hələ də “Tvin Tv” operatoru tərəfindən yayımlanır ki, bu da Azərbaycan Respublikasının qanunvericliyinin tələblərinə zidd olmaqla iddiaçının qanunla qorunan hüquqlarının kobud şəkildə pozulması ilə də nəticələnmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə cavabdeh Az.Res.İXM-nin 381.11-ci (“Media haqqında” qanunvericiliyin pozulması) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 5000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Hüquq sahibinin müvafiq icazəsi olmadan yuxarıda göstərilən yayımın qanunsuz retranslyasiyasının həyata keçirilməsi Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd olmaqla yanaşı, bu əməli törədən hüquqi və ya fiziki şəxslər (fərdi sahibkarlar) "Müəllif hüququ və əlaqəli hüquq haqqında” Azərbaycan Respublikası Qanunun 45-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyətə də cəlb olunurlar. Yuxarıda göstərilənlərlə yanaşı iddiaçı tərəfindən müvafiq pretenziya ilə cavabdehə müraciət olunaraq həmin pretenziyanın alındığı gündən ən geci 3 gün ərzində göstərilən idman yarışlarının yayımının hüquq sahibi olan “xxxx”-in (Azərbaycan Respublikasının ərazisində "xxxx” MMC-yə məxsus olan) Beynəlxalq və milli qanunvericilik aktları ilə təsbit olunan və qorunan hüquqlarının təmin edilməsi, bununla da ООО "xxxx” şirkətinə aid МАТЧ ТВ, МАТЧ Боец, МАТЧ Арена, МАТЧ Игра, МАТЧ Страна, МАТЧ Примьер, МАТЧ Футбл 1, МАТЧ Футбол 2, МАТЧ Футбол 3 cavabdeh"xxxx” MMC-yə aid “Tvin Tv” operatoru vasitəsilə yayımının dayandırılmasının təmin edilməsi xahiş olunsa da, cavabdeh sözügedən pretenziyada göstərilən tələbə, eləcə də ona ünvanlanmış **/** saylı 20 oktybar 2023cü il tarixli məktubda göstərilən xahişə əhəmiyyət verməyərək hazırkı vaxtadək qanunsuz retranslyasiya etdiyi yayımın dayandırılmaısnı təmin etməmişdir.

19. Birinci instansiya məhkəməsinin ## #### 2025-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh “xxxx” MMC, əsl cavabdeh qismində Cavabdeh MMC ilə əvəz edilmişdir.

20. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş və qeyd etmişdir ki, Rusiya Federasiyasının “xxxx” şirkətinə məxsus “Матч ТВ”, “Матч Боец”, “Матч Арена”, “Матч Игра”, “Матч Страна”, “Матч Премьер”, “Матч Футбол 1”, “Матч Футбол 2”, “Матч Футбол 3” televiziya kanalları vasitəsilə Azərbaycan Respublikasında yayım hüquqları iddiaçıya məxsus olan müxtəlif lisenziyalı beynəlxalq idman yarışları (futbol üzrə İngiltərə Premyer Liqası, İtaliya Seria A, Fransa Liqa 1, Almaniya Bundesliqa, NHL, UFC, Bellator, NBA, Avropa Liqası, Formula 1, X8 və s.) “xxxx” MMC tərəfindən heç bir lisenziya və müqavilə əsası olmadan qanunsuz olaraq yayımlanmışdır. “xxxx” MMC tərəfindən qanunsuz yayımın həyata keçirilməsi nəticəsində iddiaçı hüququ pozulmasaydı, qanuni yayım hüquqlarından istifadə edərək adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirdən məhrum olmuşdur ki, bu da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə uyğun olaraq əldən çıxmış fayda qismində zərər hesab olunur. İddiaçı ilə digər yayım operatorları arasında bağlanmış analoji (oxşar) yayım müqavilələri ilə mübahisəsiz qaydada müəyyən olunur ki, yuxarıda göstərilən idman yarışlarının yayımından əldə olunan orta aylıq abunə gəliri 15 000 manat təşkil edir. Nəticədə “xxxx” MMC-nin həyata keçirdiyi qanunsuz yayım nəticəsində iddiaçı adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi aylıq 15 000 manat gəlirdən (əldən çıxmış faydadan) məhrum olmuşdur. Bu baxımdan iddiaçının cavabdehdən yalnız ona vurulmuş 1 aylıq (2025-ci ilin aprel ayı) zərərin əvəzini tələb etməsi, o cümlədən tələb olunan həmin zərər məbləğinin də aylıq vurulmuş zərər məbləğindən daha az miqdarda (10 000 manat) olması iddiaçının direktorunun humanist mövqe nümayiş etdirməsinin bariz göstəricisidir. “xxxx” MMC tərəfindən Rusiya Federasiyasının “xxxx” şirkətinə məxsus olan “Матч ТВ”, “Матч Боец”, “Матч Арена”, “Матч Игра”, “Матч Страна”, “Матч Премьер”, “Матч Футбол 1”, “Матч Футбол 2”, “Матч Футбол 3” televiziya kanalları vasitəsilə Azərbaycan Respublikasının ərazisində yayım hüquqları İddiaçı MMC-yə məxsus (aid) olan futbol üzrə İngiltərə “Premyer Liqası”nın, İtaliyada “Seria A”nın, Fransada “Liqa 1”in, Almaniyada “Bundesliqa”nın, habelə “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası”, “Formula 1”, “X8” idman yarışlarının (oyunlarının) 2025-ci ilin aprel ayında qanunsuz yayımlanması nəticəsində iddiaçıya vurulmuş əldən çıxmış fayda qismində zərərin əvəzində 10 000 manat məbləğində pulun, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120 manat məbləğində pul “xxxx” MMC-nin hüquqi varisi Cavabdeh MMC-dən tutulmalıdır.

21. Cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı ilə xxxx arasında ##.##.2023-cü il tarixdə bağlanmaqla (əlavə və dəyişikliklərlə) həmin tarixdən qüvvəyə minən və ##.##.2025-ci il tarixədək qüvvədə olan “Yayım hüquqlarının distribütorluğu haqqında” müqavilənin şərtlərinə əsasən xxxx-ə məxsus lisenziyalı idman yarışlarının Azərbaycan Respublikasının ərazisində yayım hüquqları iddiaçıya verilmişdir. İddiada o da qeyd olunmuşdur ki, aidiyyəti dövlət orqanının xəbərdarlığından xeyli müddət keçməsinə baxmayaraq cavabdeh “xxxx” MMC tərəfindən yayım hüquqları “xxxx-ə (Azərbaycan Respublikasının ərazisində İddiaçı MMC-yə) məxsus olan kontentləri OOO "xxxx” şirkətinə, aid МАТЧ ТВ, МАТЧ Боец, МАТЧ Арена, МАТЧ Игра, МАТЧ Страна, МАТЧ Примьер, МАТЧ Футбл 1, МАТЧ Футбол 2, МАТЧ Футбол 3 televiziya kanalları vasitəsilə yuxarıda sözügedən idman yarışlarını buna heç bir hüquqi əsas olmadan (yayımlara icazə verilməsinə dair müqavilə bağlanmadan) hüquq sahibinin hüquqlarını kobud şəkildə pozmaqla hələ də “xxxx” MMC-yə aid televiziya operatoru tərəfindən yayımlanır ki, bu da Azərbaycan Respublikasının qanunvericliyinin tələblərinə zidd olmaqla iddiaçının qanunla qorunan hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. Sözügedən kanalların yayımı iddiaçı ilə “xxxx” QSC arasında olan mövcud müqavilə ilə tənzimlənir. “xxxx” MMC isə “xxxx” QSC ilə bağlanmış ##.##.2023-cü il tarixli * nömrəli müqavilə ilə “xxxx” QSC tərəfindən yayımlanan kanalların satışını həyata keçirir. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, bu müqavilə “X5” tərəfindən standartlara uyğun RƏQƏMSAL TV platformasının (bundan sonra “Platforma" adlandırılacaq”) “xxxx" MMC-yə təqdim edilməsi ilə bağlı texniki, iqtisadi və hüquqi münasibətləri tənzimləyir. Həmin müqavilənin 2.1.1 və 2.1.3-cü bəndlərində qeyd edilənlərə əsasən, müqavilənin qüvvədə olduğu müddət ərzində RƏQƏMSAL TV xidməti üzrə ərazilərdə satışların həyata keçirilməsi və satışdan əldə edilən gəlirin müvafiq hissəsini "xxxx” MMC-nin öhdəliyi hesab edilir. Yuxarıda qeyd edilən (qoşmaya əlavə olunur) müqaviləyə əsasən, “xxxx” QSC tərəfindən “xxxx” MMC-yə təqdim edilmiş müvafiq, o cümlədən iddia ərizəsində adları qeyd edilən kanalların daxil olduğu kanallardan ibarət RƏQƏMSAL TV Platforması yalnız satışını həyata keçirir. Həmin xidmətin özü ilə bağlı bütün iqtisadi texniki və hüquqi münasibətlər isə artıq “xxxx” tərəfindən tənzimlənir. Müqavilədən də məlum olduğu kimi “xxxx" MMC-nin sözügedən kanallarla bağlı müqavilə bağlama səlahiyyəti və ya öhdəliyi mövcud deyildir. Müqavilənin predmeti olan xidmətin göstərilməsi üçün “xxxx” MMC-nin yalnız müvafiq lisenziyasının olması tələb edilir ki, bu da müqavilənin 2.2.6-cı bəndində göstərilmişdir. Bundan əlavə, iddiada qeyd edilənlərlə bağlı onu da bildiririk ki, iddiaçı yayım hüquqlarının həqiqətən də onlara məxsus olduğunu təsdiq edən sübutları (müqavilələrin tərcümə-təsdiq variantları) yalnız məhkəməyə təqdim etdiyi iddia ərizəsi ilə birlikdə təqdim etmiş, məhkəməyəqədər mərhələdə olan “xxxx” MMC-yə müraciəti zamanı hər hansı belə sənədi təqdim etməmişdir.

22. İddiaçının məhkəmə iclaslarında iştirak edən nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını, cavabdehin nümayəndəsi isə iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunmasını xahiş etmişlər.

23. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər nümayəndələrini məhkəməyə göndərməmişlər.

24. Birinci instansiya məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Azərbaycan Respublikasının ərazisində yayımının distribütorluq hüquqları İddiaçı MMC-yə məxsus olan lisenziyalı idman yarışlarının yayım hüquqlarının “xxxx” MMC tərəfindən qanunsuz yayımlanması nəticəsində vurulmuş 10 000 manat məbləğində zərərin əvəzinin və ödənilmiş 120 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət olunmuşdur.

25. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

- İşin mübahisəsiz hallarından da görünür ki, iddiaçı ilə xxxx arasında ##.##.2023-cü il tarixli "Kanalın yayımı barədə” müqavilə bağlanmış (sonradan bu müqaviləni müddəti ##.##.2025-ci il tarixədək uzadılmışdır) və həmin müqaviləyə əsasən xxxx özünə məxsus olan İngiltərə "Premyer Liqası”nın, İtaliyada "Seria A”nın, Fransada "Liqa 1 ”in, Almaniyada "Bundesliqa”nın, habelə "NHL”, "UFC”, "Bellator”, "NBA”, "Avropa Liqası”, "Formula 1”, "X8” idman yarışlarının (oyunlarının) Azərbaycan Respublikası ərazisində yayım hüququ iddiaçıya vermişdir.

- Həmçinin, Azərbaycan Respublikası Audiovizual Şurasının "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı ## ### 2025-ci il tarixli, *-**/*-***/**** saylı məktubunda Şura tərəfindən müraciətdə qeyd olunan yayım operatorlarının yenidən monitorinqinin aparıldığı, monitorinqlər nəticəsində "xxxx” MMC-nin "Tvin TV” xidməti tərəfindən müqavilə olmadan retranslyasiya edilən Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bir sıra platforma operatorları tərəfindən Rusiya Federasiyasının "xxxx” şirkətinə məxsus olan "Матч ТВ”, "Матч Боец”, "Матч Арена”, "Матч Игра”, "Матч Страна”, "Матч Премьер”, "Матч Футбол 1”, "Матч Футбол 2”, "Матч Футбол 3” televiziya kanalları vasitəsilə İddiaçı MMC-nin hüquqlarının pozulduğu qeyd edilmişdir.

- Şərh edilənlərdən də göründüyü kimi, iddiaçının xxxx-lə aralarında ##.##.2023-cü il taridə bağlanmış "Kanalın yayımı barədə” müqaviləyə əsasən iddiaçı Seriya A, Liqa 1, İngiltərə Premyer Liqası, NBA, Formula 1, X10 Liqası, X2, La liqa, Bundesliqa, WTA, NHL, ATp Masters 1000, ATP Finalları, aTp 500, ATP 250 Pool, Next Gen ATP Finalları və ATP Uncovered, Hollandiya Liqası, Avroliqa, X7 Liqası, UFC, X11, eFl kimi kanalların Azərbaycan Respublikası ərazisində yayımı hüququna malik olan yeganə şəxs olmuşdur. İddiaçının hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olması növbəti addım kimi onun dəymiş zərərin ödənilməsi barədə tələbinə hüquqi qiymət verməyə imkan verir. Qanunvericilik müəyyən edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər.

- Dəymiş zərərin ödənilməsi tələbinə gəldikdə, istər "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanunu, istərsə də "Media haqqında” AR Qanunun müddəalarından görünür ki, proqramın müəllifi həmin proqramın yayımlanması hüququnu müqavilə əsasında bir neçə və ya müstəsna olaraq bir audiovizual yayımçıya verə bilər. Yayım təşkilatının isə verilişdən hər hansı istifadəyə görə qonorar almaq hüququ da daxil olmaqla ondan istənilən formada istifadəyə müstəsna hüququ, o cümlədən öz verilişinin eyni vaxtda kütləvi bildiriş üçün başqa yayım təşkilatı vasitəsi ilə efir və ya kabellə bildirişi hüququ vardır. Yayım təşkilatının verilişinin başqa yayım təşkilatı tərəfindən eyni vaxtda efirlə (kabellə) verilməsini, yəni retranslyasiyasını həyata keçirən platforma operatoru ilə proqramın müəllifi və ya xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair müqavilə bağlanmalı, bağlanmış müqavilənin surətini isə Audiovizual Şuraya təqdim edilməlidir. Belə ki, "Media haqqında” Qanunun 43.1, 46-cı maddələrinə əsasən Azərbaycan Respublikasında audiovizual media sahəsində tənzimləməni və qüvvədə olan normativ hüquqi aktlara əməl edilməsinə nəzarəti Audiovizual Şura həyata keçirir və platforma operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında bağlanmış müqaviləni, retranslyasiya etdiyi audiovizual yayımçıların siyahısını Audiovizual Şuraya təqdim etməlidir.

- İşin şərh olunan hallarında da göründüyü kimi, qeyd edilən kanalların yayım hüququnun xxxx-ə məxsus olduğu idman yarışlarının Azərbaycan Respublikası ərazisində yayımının tam və ya qismən üçüncü şəxslərə ötürmək hüququnun verildiyi iddiaçı hər hansı istifadəyə görə qonorar almaq hüququ da daxil olmaqla ondan istənilən formada istifadəyə müstəsna hüquqa malikdir və həmin idman yarışlarının retranslyasiyasını həyata keçirən bütün hüquqi və fiziki şəxslər, o cümlədən cavabdeh xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair müqavilə bağlamalı, cavabdeh müqavilə ilə tərəfin müəyyənləşdirdiyi həcmdə qonorar ödəməli idi. Lakin cavabdeh iddiaçı ilə belə bir müqavilə bağlamamışdır. Bu halda isə, iddiaçının "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanunun 45-ci maddəsinə uyğun olaraq tələb hüququ yaranmışdır.

- Həmin müddəadan görünür ki, qanun hüquq sahibinə (müəllifə və ya əlaqəli hüquq subyektinə) ona dəymiş zərərin bir neçə üsulla ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Bunlara daxildir: real zərərin ödənilməsi üsulu (45-ci maddənin 1-ci hissəsi); zərərin kompensasiya edilməsi üsulu (45-ci maddənin 2-ci hissəsi); məhv etmə və ya müsadirə üsulu (45-ci maddənin 3 və 4-cü hissələri) və əldən çıxmış faydanın tələb edilməsi üsulu (45-ci maddənin 5-ci hissəsi).

- İddiaçı da cavabdehin hərəkəti nəticəsində ona dəymiş zərəri "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanunu 45-ci maddənin 5-ci hissəsinə uyğun olaraq tələb edir. Yəni, iddiaçı hüquq pozuntusuna yol verən cavabdehdən müəlliflik hüququ obyektinə dair digər şəxslərlə bağlayacağı müqavilələr əsasında əldə edə biləcəyi gəlir (qonorar) formasında dəymiş zərərin ödənilməsini tələb edir (əldən çıxmış fayda üsulu).

- İddiaçı tələbinin həmin hissəsini iddia ərizəsinə dəqiqləşdirmə verməklə belə əsaslandırmşdır ki, digər yayım operatorları arasında bağlanmış analoji (oxşar) yayım müqavilələri ilə mübahisəsiz qaydada müəyyən olunur ki, idman yarışlarının yayımından əldə olunan orta aylıq abunə gəliri 15 000 manat təşkil edir. Nəticədə "xxxx” MMC-nin həyata keçirdiyi qanunsuz yayım nəticəsində iddiaçı adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi aylıq 15 000 manat gəlirdən (əldən çıxmış faydadan) məhrum olmuşdur. İddiaçının cavabdehdən yalnız ona vurulmuş 1 aylıq (2025-ci ilin aprel ayı) zərərin əvəzini tələb etməsi, o cümlədən tələb olunan həmin zərər məbləğinin də aylıq vurulmuş zərər məbləğindən daha az miqdarda (10 000 manat) olması iddiaçının humanist mövqeyindən irəli gəlir.

- İş materiallarına əlavə edilmiş "xxxx” ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarından görünür ki, iddiaçı ilə bağladığı ##.##.2024-cü il tarixli müqavilə üzrə "xxxx” MMC tərəfindən 2025-ci ilin yanvar - may ayları ərzində cəmi 118 000 manat (müxtəlif məbləlğlərdə olmaqla 7000-20 000 manat) ödəniş edilmişdir. İddiaçı isə hazırda cavabdehdən yalnız 2025-ci ilin aprel ayı üzrə əldə çıxmış fayda şəklində zərər tələb edir.

26. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə həmçinin, Mülki Məcəllənin 2.3-cü, 21.1-ci, 21.2-ci maddələrinə, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 35-ci, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.21-ci, 32.4-cü, 32.8-ci, 38.1-ci, 38.2-ci maddələrinə istinad etmişdir.

27. Qətnamədən Cavabdeh MMC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmaqla, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyini, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığını, iddia tələbinin heç bir mötəbər sübutla təsdiqlənmədiyini və məhkəmənin əsassız qənaətə gəldiyini irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

28. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Apellyasiya baxışı, izahatlar

29. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçının nümayəndələri isə apellyasiya şikayətinin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

31. Maddə 21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

32. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

33. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

34. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

35. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

36. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

37. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

38. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanunu

39. Maddə 4. Proqram - istifadəçiləri məlumatlandırmaq, maarifləndirmək və (və ya) əyləndirmək üçün nəzərdə tutulan, bu Qanunla müəyyənləşdirilmiş tələblər əsasında hazırlanan, proqram cədvəli və ya proqram kataloqunda yer alan, canlı, yaxud elektron yaddaş qurğuları vasitəsi ilə qeydə alınaraq yayımlanan məlumatların məcmusu; yayım təşkilatının verilişi - efir və ya kabel yayımı təşkilatının özünün və ya onun vəsaiti hesabına başqa təşkilatın yaratdığı veriliş; kabellə kütləvi bildiriş - əsərlərin, ifaların, fonoqramların, yayım təşkilatının verilişlərini kabel, naqil, optik tel və digər oxşar vasitələrlə kütləyə çatdırılması; retranslyasiya yayım təşkilatının verilişinin başqa yayım təşkilatı tərəfindən eyni vaxtda efirlə (kabellə) verilməsidir.

40. Maddə 35. Verilişdən hər hansı istifadəyə görə qonorar almaq hüququ da daxil olmaqla yayım təşkilatının ondan istənilən formada istifadəyə müstəsna hüququ vardır. Yayım təşkilatının verilişlərindən istifadəyə müstəsna hüquq efir (kabel) yayımı təşkilatının aşağıdakı hərəkətləri həyata keçirməyi, həyata keçirməyə icazə verməyi və ya qadağa qoymağı bildirir: verilişi yazmaq; verilişin yazılmasının surətini çıxarmaq; öz verilişinin eyni vaxtda kütləvi bildiriş üçün başqa yayım təşkilatı vasitəsi ilə efir və ya kabellə bildirişi; öz verilişini kütləvi bildiriş üçün kabel televiziyası ilə göstərmək; öz verilişinin pullu giriş olan yerlərdə kütləvi bildirişi; verilişin yazılmasını yaymaq.

41. Maddə 45.1. Müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər. “Media haqqında” Azərbaycan Respublikasının Qanunu

42. Maddə 1.1.21. Platforma operatoru - proqramların, o cümlədən sifarişli yayım xidmətlərinin kabel, İPTV, OTT, mobil TV və peyklə kodlanmış yayım siqnalları vasitəsilə retranslyasiyasını həyata keçirən fiziki və ya hüquqi şəxsdir.

43. Maddə 32.4. Platforma operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilənin surətini Audiovizual Şuraya təqdim etməlidir.

44. Maddə 32.8. Platforma operatoru retranslyasiya etdiyi audiovizual yayımçıların siyahısını hər növbəti ayın birinci həftəsində Şuraya təqdim etməlidir.

45. Maddə 38.1. Proqramın müəllifi həmin proqramın yayımlanması hüququnu yayım üsulunun və şərtlərinin göstərildiyi müqavilə əsasında bir neçə və ya müstəsna olaraq bir audiovizual yayımçıya verə bilər. Həmin müqavilələrin surəti audiovizual yayımçı tərəfindən Audiovizual Şuraya təqdim edilməlidir.

46. Maddə 38.2. Proqrama müstəsna yayım hüququ əldə etmiş audiovizual yayımçıdan başqa digər audiovizual yayımçıların həmin proqramı yayımlaması qadağandır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

51. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

52. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

53. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

57. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

59. Kollegiya mübahisənin mahiyyəti ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

60. İşin hallarından aşkar şəkildə müəyyən olunur ki, iddiaçı ilə “xxxx” arasında ##.##.2023-cü il tarixdə “Kanalın yayımı barədə” müqavilə bağlanmış (sonradan bu müqaviləni müddəti ##.##.2025-ci il tarixədək uzadılmışdır), müqaviləyə əsasən “xxxx” özünə məxsus olan İngiltərə “Premyer Liqası”nın, İtaliyada “Seria A”nın, Fransada “Liqa 1”in, Almaniyada “Bundesliqa”nın, habelə “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası”, “Formula 1”, “X8” idman yarışlarının (oyunlarının) Azərbaycan Respublikası ərazisində yayım hüququnu iddiaçıya vermişdir.

61. Başqa sözlə, sözügedən proqramların yayımı yalnız iddiaçı tərəfindən həyata keçirilə bilər və digər yayımçıların həmin proqramı yayması üçün onun razılığı tələb olunur.

62. İşin hallarından görünür ki, Audiovizual Şura tərəfindən yayım operatorlarının yenidən monitorinqi aparılmış, monitorinqlər nəticəsində ... Cavabdeh MMC-nin, “Tvin TV” xidməti tərəfindən müqavilə olmadan retranslyasiya edilən bir sıra televiziya kanalları vasitəsi ilə iddiaçının hüquqlarının pozulduğu təsbit olunmuş, adıçəkilən platforma operatorlarına rəsmi məktub göndərilmiş və lisenziyadan irəli gələn fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirmələri tələb olunmuş, əks təqdirdə qanunvericiliyə müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir”.

63. Yuxarıda qeyd olunduğu kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli qərarına əsasən, cavabdeh İXM-nin 381.11-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (Audiovizual media sahəsində lisenziyanın qayda və şərtlərinin pozulması) törətməkdə təqsirli bilinib 5000 manat cərimə edilmişdir.

54. İddiaçının hüquq sahibi olmasını və yayım hüquqlarının ona məxsus olduğunu təsdiq edən sübutu təqdim etmədiyi barədə apellyatorun dəlilini kollegiya əsassız hesab edir.

55. Belə ki, “Media haqqında” Qanunun tələblərinə əsasən, Azərbaycan Respublikasında audiovizual media sahəsində tənzimləməni və qüvvədə olan normativ hüquqi aktlara əməl edilməsinə nəzarəti Audiovizual Şura həyata keçirir və platforma operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında bağlanmış müqaviləni, retranslyasiya etdiyi audiovizual yayımçıların siyahısını Audiovizual Şuraya təqdim etməlidir.

56. İşin hallarından görünür ki, məhz İddiaçı MMC Audiovizual Şuraya müraciət edib adıçəkilən idman yarışlarının Azərbaycan Respublikası ərazisində yayım hüququnun məxsus olduğu “xxxx” Şirkəti tərəfindən ona verildiyini bildirmişdir.

57. “xxxx” MMC-nin sözügedən kanalların yayımını özbaşına deyil, “X5” MMC ilə bağladığı müqavilə əsasında həyata keçirdiyi dəlilinə münasibətdə kollegiya qeyd edir ki, cavabdehlə "X5” QSC arasında bağlanmış ##.##.2022-ci il tarixli “IP TV Xidmət üzrə müqavilə”nin 1.1-ci bəndinə əsasən, həmin müqavilə “X5” QSC tərəfindən standartlara uyğun Rəqəmsal TV platformasının “AZT”-ə təqdim edilməsi ilə bağlı texniki, iqtisadi və hüquqi münasibətləri tənzimləyir. İddiaçı ilə “X5” QSC arasında imzalanmış ##.##.2024-cü il tarixli Sublisenziya sazişinin 2.2-ci bəndinə əsasən, Sublisenziat Kanalı və ya Kanalda olan proqramları nə yenidən sata, nə onlara əlavə sublisenziya verə, nə də nümayiş etdirə, nə icazə və ya lisenziya verə, habelə Kanalın və ya Kanalda olan proqramların Sistemdən başqa hər hansı cari və ya gələcəkdə yaradılacaq vasitələrlə yayılmasına icazə verə bilməz.

58. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

59. Apellyasiya şikayəti üçün ödənilən dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən Cavabdeh MMC tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Tural Qocayev Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar