Məhkəmə qərarları › İş №2-2(3-6)-228/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-228/2026

14.04.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-228/2026 14.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “alqısatqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: alqı-satqı (göndərmə) müqaviləsi, pulun tutulması, gecikmə faizləri) Hakim sədrliyi ilə, hakimlər ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-2-2(113)-5155/2025 nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxıb, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları:

1. İddiaçı (“Satıcı”) ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti (“Alıcı”) arasında ## ###### 2024-cü il tarixli, ** nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən “Satıcı” qara metal məmulatlarını X4 uyğun olaraq “Alıcı”ya satmağı, “Alıcı” isə malları qəbul edib dəyərini 10 iş günü ərzində nağdsız qaydada “Satıcı”nın bank hesabına ödəməyi öhdəsinə götürmüşdür.

2. İddiaçı MMC və Cavabdeh MMC tərəfindən tərtib edilmiş 2024-cü il üzrə 14 ədəd təhvil-təslim aktına əsasən ümumilikdə dəyəri ƏDV daxil 223 220,25 manat olan qara metal məmulatları (dəyirmi dəmir çubuqlar) Cavabdeh MMC-yə təhvil verilmişdir.

3. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 2024-cü il üzrə (##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək) ümumi məbləği 223 220,25 manat olan 14 ədəd elektron qaimə-faktura göndərilmişdir.

4. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ##.##.2025-ci il tarixli ödəniş sənədlərinə əsasən 5 000 manat əsas və 900 manat ƏDV borcu, ##.##.2025-ci il tarixli ödəniş sənədlərinə əsasən isə 8 233 manat əsas və 1 481,94 manat ƏDV borcu olmaqla, ümumilikdə 15 614,94 manat məbləğində pul vəsaiti ödənilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

5. İddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alqı-satqı müqaviləsi üzrə 70 800 manat əsas borc, borcun gecikdirilməsinə görə 3 540 manat faiz borcu, həmçinin dövlət rüsumunun əvəzi qismində ödənilmiş 313,02 manat və hüquqi yardıma görə ödənilmiş 320 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə müvafiq təhvil-təslim aktları əsasında ümumilikdə 223 220,25 manat dəyərində mallar təhvil verilmiş, həmin malların dəyərinin ödənilməsi məqsədilə elektron qaimə-fakturalar təqdim edilmiş və cavabdeh tərəfindən təsdiq olunmuşdur. Lakin cavabdeh tərəfindən 70 800 manat məbləğində borc ödənilməmişdir.

7. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, alqı-satqı müqaviləsi üzrə 55 185,06 manat əsas borc, borcun gecikdirilməsinə görə 3 540 manat faiz borcu, həmçinin dövlət rüsumunun əvəzi qismində ödənilmiş 313,02 manat və hüquqi yardıma görə ödənilmiş 320 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 55 185,06 manat əsas borc, borcun gecikdirilməsinə görə 2 753,3 manat faiz borcu, dövlət rüsumunun əvəzi qismində ödənilmiş 264 manat və hüquqi yardıma görə ödənilmiş 320 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, alqı-satqı müqaviləsi üzrə iddiaçı öhdəliklərini yerinə yetirmiş, tələb olunan malları cavabdehə təhvil vermiş, lakin cavabdeh malın dəyərini tam ödəməmişdir. Cavabdeh tərəf əvvəlki məhkəmə iclaslarında iddianı qəbul etsə də, son iclasda iddiaçıya təxminən 25 000 manat ödədiyini, lakin buna dair heç bir sübutunun olmadığını bildirmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin borcu 55 185,06 manat təşkil edir və bu, iş materialları ilə öz təsdiqini tapır. Bundan əlavə, məhkəmə gecikdirilmiş müddət üçün faiz borcunun tutulması hissəsinə münasibətdə hesab etmişdir ki, borcun ödənilməsinin gecikdirilməsi və əsas məbləğ nəzərə alınaraq tələb həmin hissədə qismən təmin edilməli və iddiaçının xeyrinə 2 759,25 manat faiz borcu tutulmalıdır.

10. Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*- *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, eyni müqavilə üzrə malların əldə edilməsi məqsədilə cavabdeh tərəfindən iddiaçıya əvvəlcədən depozit qismində 24 177 manat məbləğində nağd pul vəsaiti ödənilmiş, lakin həmin vəsait cavabdehə geri qaytarılmamışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında çıxışı zamanı bu halın araşdırılması məqsədilə vəsaiti verən və alan şəxslərin məhkəməyə dəvət edilərək şahid qismində dindirilməsi barədə vəsatət təqdim etmiş, lakin məhkəmə tərəfindən bu vəsatətə hər hansı münasibət bildirilməmişdir. Bundan əlavə, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən həmin izahat nə məhkəmə qətnaməsində, nə də məhkəmə iclasının protokolunda öz əksini tapmışdır. Nəticədə, cavabdeh tərəfindən ödənilmiş 24 177 manat məbləğində pul vəsaiti əsas borcdan çıxılmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

12. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, məhkəmə qətnaməsi qəbul edildikdən sonra cavabdeh tərəfindən ümumi borc məbləğindən 10 000 manat əsas borc və 1 800 manat ƏDV məbləği ödənilmişdir. Bununla əlaqədar o, borcdan həmin ödənişlərin, həmçinin mübahisələndirilən 24 177 manatın çıxılmasını, habelə qətnamənin borcun gecikdirilməsinə görə hesablanmış faizlərin tutulması hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin, işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

16. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; ... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. ... Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. ... Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

Maddə 598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. ... Maddə 627. Göndərmə müqaviləsi 627.1. Göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. ... Maddə 637. Göndərilən mallar üçün hesablaşmalar 637.1. Alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. ...

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. … Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. … 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. … Apellyasiya baxışının hədləri:

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmiş, iddiaçı tərəfindən qətnamə mübahisələndirilməmişdir. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin dəlilləri əvvəlcədən ödənilmiş 24 177 manat məbləğində vəsaitin nəzərə alınmaması və hesablanmış faiz borcu ilə bağlıdır. Məhkəmə kollegiyası qətnamənin əsaslılığını şikayətin dəlilləri üzrə mübahisələndirilən hissədə yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

22. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. İş materiallarından müəyyən olunur ki, tərəflər arasında qara metal məmulatların (dəyirmi dəmir çubuqların) alqı-satqısına dair müqavilə bağlanmış və həmin müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Tərəflərin hər ikisinin sahibkarlıq fəaliyyəti subyekti olması, habelə müqavilə predmetinin cavabdehin sahibkarlıq fəaliyyətində istifadə olunması məqsədilə verilməsi nəzərə alınmaqla, qeyd olunan hüquq münasibəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 627.1-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsinin xüsusi növü olan göndərmə müqaviləsi kimi qiymətləndirilməlidir.

24. Müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəlikləri lazımi qaydada icra edərək təhvil-təslim aktları əsasında malları cavabdehə təqdim etmiş, təqdim olunmuş malların dəyərinin ödənilməsi məqsədilə ümumi məbləği 223 220,25 manat təşkil edən elektron qaiməfakturalar tərtib edərək cavabdehə göndərmişdir. Həmin təhvil-təslim aktları ilə elektron qaimə-fakturalar məbləğ və tarix baxımından bir-birini təsdiq edir.

25. İş materialları ilə müəyyən olunur ki, cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlər əvvəlki tarixli qaimələr üzrə borclara yönəldilmiş, nəticədə mübahisə predmeti olan 70 800 manat məbləğində borc son tarixli qaimələr üzrə formalaşmışdır. Bu hal tərəflər arasında mübahisə doğurmur.

26. Cavabdeh iddiaçı qarşısında borc öhdəliyinin mövcudluğunu etiraf etmiş, birinci instansiya məhkəməsində işə baxılarkən ümumilikdə 15 614,94 manat məbləğində qismən ödəniş həyata keçirmişdir. Lakin buna baxmayaraq, cavabdeh qalan 55 185,06 manat məbləğində borcu ödəməmiş, bununla da müqavilə üzrə üzərinə düşən pul öhdəliyini lazımi qaydada icra etməmişdir.

27. Cavabdeh apellyasiya şikayətində bildirir ki, o, eyni müqavilə münasibətləri çərçivəsində iddiaçıya əvvəlcədən 24 177 manat məbləğində pul vəsaitini depozit qismində təqdim etmiş, lakin həmin vəsait iddiaçı tərəfindən geri qaytarılmamışdır. Cavabdehin mövqeyinə görə birinci instansiya məhkəməsi bu halı araşdırmamış, nəticədə qeyd olunan məbləğ əsas borcdan silinməmiş, bu da iş üzrə düzgün hüquqi qiymətləndirmənin aparılmamasına səbəb olmuşdur.

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, iş materiallarından müəyyən olunur ki, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclaslarında iştirak etmiş, iddia üzrə tələb olunan əsas borc məbləği ilə razılaşdığını bildirmiş, həmçinin icraatın gedişində cavabdeh tərəfindən əsas borcun qismən ödənilməsi həyata keçirilmişdir.

29. Həmçinin, müəyyən edilir ki, keçirilmiş məhkəmə iclaslarının heç birində cavabdeh tərəf 24 177 manat məbləğində hər hansı ödənişin edilməsi barədə iddia irəli sürməmiş, yalnız sonuncu məhkəmə baxış iclasında belə bir ödənişin depozit qismində həyata keçirildiyini bildirmiş, lakin həmin halı təsdiq edən hər hansı sübut təqdim etməmişdir.

30. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi həmin ödənişin cavabdeh tərəfdən şəxsiyyəti ona dəqiq məlum olmayan bir şəxs tərəfindən iddiaçı hüquqi şəxsin rəhbəri olan Fariz adlı şəxsə edildiyini bildirmişdir. Buna baxmayaraq, o, Fariz adlı şəxsin konkret kimliyi (adı, soyadı, ata adı, yaşayış ünvanı), habelə iddiaçı ilə hüquqi bağlılığını, Farizin iddiaçının adından icranı qəbul etmək səlahiyyətinə malik olmasını və ən əsası həqiqətən də qeyd edilən ödənişin həyata keçirilməsini təsdiq edən sübutları nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışında təqdim etməmişdir.

31. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən hər bir tərəf istinad etdiyi halları sübut etməyə borcludur. Cavabdeh tərəfindən 24 177 manat məbləğində ödənişin həyata keçirilməsini təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyindən, həmçinin bu ödənişin mübahisəli öhdəliyə aidiyyəti, hüquqi təbiəti və öhdəliyin icrası kimi qiymətləndirilməsi üçün zəruri olan hallar müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq həmin dəlilləri əsassız hesab etmiş və göstərilən məbləğin əsas borcdan çıxılması üçün hüquqi əsas müəyyən etməmişdir.

32. Cavabdehin nümayəndəsinin iddiaçıya 24 177 manat məbləğində pul vəsaitinin qabaqcadan ödənilməsi və bu faktın şahidlərin ifadələri ilə təsdiq edilə biləcəyinə dair izahatının birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamasına dair dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyası məhkəməsində şahidin dindirilməsi ilə bağlı vəsatəti Mülki Prosessual Məcəllənin 104.6-cı maddəsinin tələblərinə uyğun təqdim etmədiyindən həmin vəsatətə mahiyyəti üzrə qiymət verilməsi mümkün olmamışdır.

33. Birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra cavabdeh tərəfindən ödənilmiş 11 800 manat pul vəsaiti ilə bağlı kollegiya qeyd edir ki, qətnamə qəbul edildikdən sonra həyata keçirilmiş ödənişlər birinci instansiya məhkəməsində işə baxılan zaman mövcud olmuş faktiki və hüquqi vəziyyətə təsir göstərmir və həmin məhkəmə qətnaməsinin düzgünlüyünü şübhə altına almır.

34. Buna görə də qətnamə qəbul edildikdən sonra edilmiş ödənişlər birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin əsassız olduğunu təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Həmin ödənişlər məhkəmə qətnaməsinin könüllü icrası kimi qiymətləndirilməli və icra mərhələsində nəzərə alınmalıdır.

35. Həmçinin, şikayətin borcun gecikdirilməsinə görə faizlərin tutulmasının əsassız olması hissəsinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyin, yəni əsas borc məbləğinin elektron qaimə-fakturaların təqdim edildiyi tarixdən 10 iş günü müddətində ödənilmədiyi iş materialları ilə təsdiq olunur. Belə olan halda, iddiaçı gecikdirilmiş borc məbləğinin illik azı 5 faiz həcmində ödənilməsini tələb etməkdə haqlıdır.

36. Kollegiya qeyd edir ki, gecikmə faizlərinin hər bir elektron qaimə-faktura üzrə ayrıca hesablanması müqavilə şərtlərinə daha uyğun və dəqiq olardı. Bununla belə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faiz məbləği cavabdehin vəziyyətini ağırlaşdırmadığından və iddiaçı tərəfindən həmin hissə mübahisələndirilmədiyindən, apellyasiya baxışının hədləri nəzərə alınaraq həmin hissədə qətnaməyə müdaxilə edilməsi üçün əsaslar mövcud deyildir.

37. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

38. Apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

39. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan yuxarı olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilə bilər.

40. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin.

Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar