Məhkəmə qərarları › İş №2-2(3-6)-230/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-6)-230/2026

03.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(3-6)-230/2026 03.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə, Qanuni nümayəndə və Cavabdeh2 qarşı iddia tələbi üzrə (Açar sözlər: apellyasiya şikayətinin vaxtında verilməməsi, şikayətin geri qaytarılması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Cəfərov Səməd Fəxrəddin oğlundan və X1 ibarət tərkibdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1nə, Qanuni nümayəndə və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 12 yanvar 2026-cı il tarixli qərardadından Qanuni nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. Bakı Kommersiya Məhkəməsinin 19 mart 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1ndən, Qanuni nümayəndə və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 75 095,65 manat (yetmiş beş min doxsan beş manat altmış beş qəpik) əsas borc, 1280,49 manat (min iki yüz səksən manat qırx doqquz qəpik) faiz borcu, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli birinci tranş üzrə 113 533,09 manat (yüz on üç min beş yüz otuz üç manat doqquz qəpik) əsas borc, 8474,53 manat (səkkiz min dörd yüz yetmiş dörd manat əlli üç qəpik) faiz borcu, 56,72 manat (əlli altı manat yetmiş iki qəpik) cərimə, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli ikinci tranş üzrə 138 762,67 manat (yüz otuz səkkiz min yeddi yüz altmış iki manat altmış yeddi qəpik) əsas borc, 8590,24 manat (səkkiz min beş yüz doxsan manat iyirmi dörd qəpik) faiz borcu, 82,07 manat (səksən iki manat yeddi qəpik) cərimə, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 30 (otuz) manat rüsum və 72 (yetmiş iki) manat xidmət haqqı, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 631,33 manat (altı yüz otuz bir manat otuz üç qəpik) olmaqla cəmi 346 608,79 (üç yüz qıx altı min altı yüz səkkiz manat yetmiş doqquz qəpik) manatın İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın Qanuni nümayəndə məxsus ünvan 1 ünvanında ümumi sahəsi 0,04 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 156.2 kv.m, yaşayış sahəsi 98.4 kv.m, yardımçı sahəsi 57.8 kv.m, yaşayış otaqlarının sayı 4 olan fərdi yaşayış evinə və Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 112.4 kv.m, yaşayış sahəsi 81.2 kv.m, yaşayış otaqlarının sayı 6 olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan artıq məbləğ qalarsa, qalan məbləğin müvafiq olaraq Qanuni nümayəndə və Cavabdeh2 qaytarılması, ünvan 1 ünvanında ümumi sahəsi 0,04 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 156.2 kv.m, yaşayış sahəsi 98.4 kv.m, yardımçı sahəsi 57.8 kv.m, yaşayış otaqlarının sayı 4 olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 288 000 (iki yüz səksən səkkiz min) manat, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 112.4 kv.m, yaşayış sahəsi 81.2 kv.m, yaşayış otaqlarının sayı 6 olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 195 000 (yüz doxsan beş min) manat məbləğində müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun 98,40 manat hissəsinin Cavabdeh1ndən, Qanuni nümayəndə və Cavabdeh2 müştərək qaydada, 1,60 manat hissəsinin isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 600 (altı yüz) manat pulun 590,60 manat hissəsinin Cavabdeh1ndən, Qanuni nümayəndə və Cavabdeh2 müştərək qaydada, 9,40 manat hissəsinin isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülməsi qət edilmişdir.

2. Həmin qətnamədən Qanuni nümayəndə tərəfindən verilən apellyasiya şikayəti, şikayətin mülki prosessual qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə verildiyi əsas göstərilməklə Bakı Kommersiya Məhkəməsinin 12 yanvar 2026-cı il tarixli qərardadı ilə geri qaytarılmışdır.

3. Qanuni nümayəndə həmin qərardaddan verdiyi şikayət də məhkəmənin 29 yanvar 2026-cı il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

4. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamənin elektron kabinetə yerləşdirilməsi onun cavabdeh tərəfindən faktiki olaraq əldə edilməsi və məzmunu ilə tanış olunması anlamına gəlmir. Məhkəmə tərəfindən tərəfin qətnamə ilə tanış olmasına dair sübut təqdim edilməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərardadı cavabdehin məhkəməyə müraciət etmək və apellyasiya instansiyasında işinə baxılmasını tələb etmək hüququnu əsassız olaraq məhdudlaşdırır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul edərkən mülki prosessual qanunvericiliyin tələblərini düzgün tətbiq etməmişdir.

Apellyasiya baxışı

5. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən qanunla nəzərdə tutulan hallar aşkar edilməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

6. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.

7. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

8. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

9. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).

10. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

11. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

12. Maddə 135.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir.

13. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

14. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.

Məhkəmə kollegiyasının mövqeyi

15. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır.

16. İş materiallarından görünür ki, məhkəmənin 19 mart 2025-ci il tarixli qətnaməsi xx.xx.2025-ci il tarixdə Qanuni nümayəndə “AZEMİS” elektron məhkəmə informasiya sistemində olan elektron kabinetinə yerləşdirilmiş, xx.xx.2026-cı il tarixdə isə o, elektron sistem vasitəsilə apellyasiya şikayəti vermişdir.

17. Beləliklə, Qanuni nümayəndə qətnamədən apellyasiya şikayətini prosessual müddət keçdikdən sonra verdiyi, habelə bu zaman müddətin bərpa olunması barədə ərizə təqdim etmədiyi üçün birinci instansiya məhkəməsi əsaslı olaraq apellyasiya şikayətini müddətin ötürülməsi səbəbi ilə geri qaytarmışdır və şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas təşkil etmir.

18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-226/2025 saylı iş üzrə 12 yanvar 2026cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Məruzəçi hakim Elnur Həsənov

Hakimlər Səməd Cəfərov

Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar