Məhkəmə qərarları › İş №2-2(3-6)-231/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-6)-231/2026

25.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(3-6)-231/2026 25.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbi üzrə (Açar sözlər: apellyasiya şikayətinin vaxtında verilməməsi, şikayətin geri qaytarılması) hakimlər Əkbərov Mübariz Dosməmməd oğlun (məruzəçi), Cəfərov Səməd Fəxrəddin oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və girov əmlaklara tutma yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 29 yanvar 2026-cı il tarixli qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı ASC (iddiaçı) "xxxx" MMC-yə, Cavabdeh2 və Cavabdeh3 (cavabdeh və ya cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlərdən 23 sentyabr 2021-ci il tarixli RB/KM1250_REST saylı kredit müqaviləsi üzrə 883 651,77 ABŞ dolları əsas, 43 074,06 ABŞ dolları faiz, 85 330,19 ABŞ dolları cərimə borcu olmaqla cəmi 1 012 056,02 ABŞ dollarının, 9 oktyabr 2020-ci il tarixli RB/KM-1317 saylı kredit müqaviləsi üzrə 97 482,13 manat, 17 975,97 manat faiz, 48 521,95 manat cərimə borcu olmaqla cəmi 163 980,05 manatın, dövlət rüsumu kimi ödənilmiş 1145 manatın və mediasiya xərci kimi ödənilmiş 800 manatın xeyrinə tutulması, 23 sentyabr 2021-ci il tarixli RB/KM-1250_REST saylı kredit müqaviləsi üzrə tələbin 23 sentyabr 2021-ci il tarixli “Daşınar əmlakların girov müqaviləsi”nə əsasən girov qoyulmuş "xxxx" MMC-yə məxsus olan daşınar əmlaklara yönəldilməsi, bu əmlakların satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlərin 23 sentyabr 2021-ci tarixli RB/KM1250_REST saylı kredit müqaviləsi üzrə cəmi 1 012 056,02 ABŞ dolları borcunun, dövlət rüsumu və xidmət haqqı kimi ödənilmiş cəmi 1945 manat məbləğində pulun ödənilməsi, 9 oktyabr 2020-ci il tarixli RB/KM-1317 saylı kredit müqaviləsi üzrə tələbin 18 noyabr 2020-ci il tarixli “Daşınar əmlakların girov müqaviləsi”nə əsasən girov qoyulmuş "xxxx" MMC-yə məxsus olan daşınar əmlaklara yönəldilməsi, bu əmlakların satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlərin 9 oktyabr 2020-ci il tarixli, RB/KM-1317 nömrəli kredit müqaviləsi üzrə cəmi 163 980,05 manat borcunun, dövlət rüsumu və xidmət haqqı kimi ödənilmiş cəmi 1945 manat məbləğində pulun ödənilməsi, girov predmetləri satılmaqla əldə edilmiş vəsait qeyd olunan kredit müqavilələri üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun ümumi qaydada cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin 19 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuşdur.

3. "xxxx" MMC tərəfindən sözügedən qətnamədən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının1 dekabr 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti üzrə apellyasiya icraatının mümkün hesab edilməsi qərara alınmışdır.

4. İş apellyasiya instansiyası məhkəməsinin icraatında olarkən Cavabdeh3 tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verildiyi müəyyən olunduğundan, həmin şikayətin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilmişdir.

5. Məhkəmənin 29 yanvar 2026-cı il tarixli qərardadı ilə 19 sentyabr 2025-ci il tarixli qətnamədən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə verildiyi əsas göstərilməklə geri qaytarılması qərara alınmışdır.

6. Cavabdeh3 həmin qərardaddan verdiyi şikayət məhkəmənin 9 fevral 2026-cı il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Şikayətçi şikayətini belə əsaslandırmışdır ki, o, qətnamə ilə “Elektron məhkəmə” informasiya sistemində 6 yanvar 2026-cı il tarixdə tanış olmuş və həmin tarixdə də apellyasiya şikayəti vermiş, beləliklə prosessual müddəti ötürməmişdir.

Apellyasiya baxışı

8. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən qanunla nəzərdə tutulan hallar aşkar edilməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

9. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.

10. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

11. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

12. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).

13. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

14. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

15. Maddə 135.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir.

16. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

17. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.

Məhkəmə kollegiyasının mövqeyi

18. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır.

19. İş materiallarından görünür ki, məhkəmənin 19 sentyabr 2025-ci il tarixli qətnaməsi 17 oktyabr 2025-ci il tarixdə Cavabdeh3 elektron kabinetinə yerləşdirilmiş, 06 yanvar 2026-cı il tarixdə isə, o, elektron sistem vasitəsilə apellyasiya şikayəti vermişdir.

20. Beləliklə, Cavabdeh3 qətnamədən apellyasiya şikayətini prosessual müddət keçdikdən sonra verdiyi, habelə bu zaman müddətin bərpa olunması barədə ərizə təqdim etmədiyi üçün birinci instansiya məhkəməsi əsaslı olaraq apellyasiya şikayətini müddətin ötürülməsi səbəbi ilə geri qaytarmışdır. Şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas təşkil etmir.

21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-103/2025 nömrəli iş üzrə 29 yanvar 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar