Məhkəmə qərarları › İş №2-2(3-6)-236/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-6)-236/2026

06.03.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(3-6)-236/2026 06.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X6 və Xətai Rayon İcra Hakimiyyəti cəlb edilməklə “pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-10503/2025 saylı, xx.xx.2026-cı il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2199 məhəllə ünvanda yerləşən 2 mərtəbəli bina, ümumi sahəsi 674 kv. metr olan daşınmaz əmlakın yenidən qurma işləriylə bağlı çəkilmiş xərclərin, yəni 591.003 manat məbləğinin tam şəkildə "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2026-cı il tarixdə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən müraciətinə cavab olaraq qeyd olunan ərazidə köçürülmə işləri barədə məlumat aşkar edilməməsinin bildirildiyini göstərmiş və bu səbəbdən, iddia ərizəsinin və ödənilmiş dövlət rüsumunun qaytarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2-2(113)-10503/2025 saylı qərardadına əsasən iddia ərizəsi və ödənilmiş 883 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət edərək, Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-10503/2025 nömrəli xx.xx.2026-cı il tarixli qərardadının qismən ləğv edilməsi və ya dəyişdirilməsi, cavabdeh tərəfindən hüquqi yardıma görə ödənilmiş 380 manat xərcin və 50 manat dövlət rüsumunun iddiaçıdan tutulmasına və həmin məbləğin cavabdehə ödənilməsinə dair yeni qərardad çıxarılmasını və hazırkı şikayət təmin edilmədiyi, baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyi halda, AR MPM-nin 397.2-ci maddəsinə əsasən, şikayət üzrə işə məhkəmə iclasında baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Qərardaddan şikayət onunla əsaslandırılmışdır ki, hesab edirlər ki, iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarıldığından, cavabdeh tərəfindən hüquqi yardıma görə ödənilmiş 380 manat xərcin və 50 manat dövlət rüsumunun iddiaçıdan tutulmasına və həmin məbləğin cavabdehə ödənilməsinə dair qərardad qəbul edilməli idi. Məhkəmə isə ümumiyyətlə həmin tələbə münasibət bildirməmişdir. Qeyd edir ki, məhkəmə tərəfindən qeyd olunan maddi hüquq normasının tələblərı nəzərə alınmamış və pozulmuşdur. Hesab edir ki, məhkəmə icraatı həqiqəti müəyyən etməmiş və cavabdehin tələbinə münasibət bildirməməklə, həmin hissədə əsassız qərardad çıxarmışdır. Açıq-aşkardır ki, məhkəmə, subyektlərin hüquqi statusunu müəyyənləşdirərkən mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əməl etməmiş və hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi prinsipini pozmuşdur. Hüquqi əsas kimi MPM-in 115, 229.1-ci maddələrinə istinad edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-10503/2025 saylı, xx.xx.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Faktlar: -xx.xx.2026-cı il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən 380 manat məbləğində pul vəsaiti Cavabdeh tərəfindən Bakı Şəhəri 13 saylı Vəkil Bürosuna ödənilmişdir. Mülki Prosessual Məcəllənin: 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci maddəsinə görə mülki məhkəmə icraatında dövlət rüsumu aşağıdakı hallarda ödənilir: 108.1.5. müvəqqəti təminat tədbiri barədə ərizə verildikdə. 115-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər. 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 120-ci maddəsinə görə məhkəmə, vicdansızcasına əsassız iddia vermiş yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 159.1-ci maddəsinə görə müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan, lakin sonrakı iş günündən gec olmayaraq ayrıca icraatda baxılır. Kollegiya əvvəla qeyd edir ki, MPM-də iddia ərizəsinin geri qaytarılması halında, məhkəmə xərclərinin, o cümlədən vəkilə çəkilən xərclərin bölüşdürülməsi ilə bağlı konkret norma nəzərdə tutulmamışdır. Digər tərəfdən vəkil xərclərinin bölüşdürülməsi qaydasını müəyyən edən MPM-in 121.1-ci maddəsinin tələblərinə görə isə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi hüquqi yardıma görə yaranmış xərclərin ağlabatan məbləğdə, uduzan tərəfdən qalib gələn tərəfin xeyrinə tuta bilər. Hazırki halda isə işin halları ondan ibarətdir ki, iddia ərizəsi iddiaçının xahişi ilə geri qaytarılmış, yəni məhkəmə işə mahiyyəti üzrə baxmamış və heç bir tərəfin xeyrinə qətnamə çıxarmamışdır. Odur ki, cavabdehin MPM-in 121.1-ci maddəsinin tələblərinə əsaslanaraq hüquqi yardıma görə ödənilmiş 380 manat xidmət haqqının iddiaçıdan tutulmasını tələb etməsi əsaslı hesab edilə bilməz. Bununla yanaşı o da qeyd edilməlidir ki, cavabdeh vəkil xərclərinin onun xeyrinə tutulması tələbini dolayı olaraq iddiaçı tərəfin MPM-in 120-ci maddəsində nəzərdə tutulan sui-istifadə hallarına yol verməsi ilə də əsaslandırmışdır. Bununla bağlı kollegiya cavabdeh iddiaçının iddia ərizəsini məqsədli olaraq digər tərəfə ziyan vurmaq niyyəti ilə əsassız şəkildə verməsinin öz təsdiqini tapmadığını nəzərə alır və vəkil xərclərinin iş vaxtının itirilməsi üçün məbləğ qismində qarşı tərəfdən tutulması barədə cavabdehin arqumentlərini də əsaslı hesab etmir. Cavabdeh eyni zamanda müvəqqəti təminat tədbirinin tətbiqinə dair verdiyi ərizə üzrə ödədiyi 50 manat dövlət rüsumunun da hazırkı icraat çərçivəsində ona qaytarılmasını tələb etmişdir. Bu barədə qeyd edilir ki, prosessual qanunvericiliyin tələblərinə əsasən müvəqqəti təminat tədbiri üzrə ərizələr müstəqil icraatda baxılır. Odur ki, hazırkı icraat çərçivəsində həmin dövlət rüsumunun bölüşdürülməsi məsələsinə baxılması mümkün deyildir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Odur ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-10503/2025 saylı, xx.xx.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar