Məhkəmə qərarları › İş №2-2(3-6)-245/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-6)-245/2026

11.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(3-6)-245/2026 11.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 30 yanvar 2026-cı il tarixli, e-2-2(113)-8666/2025 nömrəli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16,973.53 AZN (on altı min doqquz yüz yetmiş üç manat, 53 qəpik) vəsaitin, iddia ərizəsi üçün ödənilmiş 140.92 AZN (bir yüz qırx manat, 92 qəpik) dövlət rüsumunun və müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə üçün ödənilmiş 14.09 AZN (on dörd manat, 09 qəpik) dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 30 yanvar 2026-cı il tarixli, e-2-2(113)-8666/2025 nömrəli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bakı Kommersiya Məhkəməsinin 30 yanvar 2026-cı il tarixli, e-2-2(113)-8666/2025 nömrəli qərardadından iddiaçı tərəf xx.xx.2026-cı il tarixdə elektron qaydada şikayət ünvanlayaraq İddiaçı MMC tərəfindən verilən şikayətin təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-ci il tarixli e-2-2(113)-8666/2025 nömrəli Qərardadının ləğv edilməsi, işə Bakı Kommersiya Məhkəməsində baxılması haqqında qərardad çıxarılması, əks təqdirdə bu şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş materiallarına baxdıqda bəlli olur ki, tərəfimizdən (iddiaçı olaraq) xx.xx.2026-cı il tarixli ərizə elektron məhkəmə sistemində məhkəməyə təqdim edilmişdir. Həmin ərizədə aşağıdakılar qeyd edilmişdir:“Möhtərəm hakim, məlumat üçün diqqətinizə çatdırmaq istəyirik ki, e-2-2(113)-8666/2025 nömrəli iş üzrə cavabdeh tərəfindən müəyyən vəsaitlər iddiaçıya ödənilmişdir. Bu ödənişlərdən sonra cavabdehin borc məbləğində azalmalar baş vermişdir. Hazırda tərəflər (iddiaçı və cavabdeh) arasında məsələnin həll edilməsi (ödənişlərin edilməsi) üçün danışıqlar aparılır. Bunun üçün tərəflərə müəyyən vaxt lazımdır. Bu səbəbdən xx.xx.2026-cı il tarixində, saat 15:30-a təyin edilmiş hazırlıq xx.xx.2026-cı il tarixində, saat 15:30-a təyin edilmiş hazırlıq icasında nümayəndimiz iştirak edəbilməyəcək. Sizdən xahiş edirik ki, nümayəndəmizin iştirak edə bilməməyini yuxarıda qeyd edilənlərə əsaslanaraq üzürlü hesab edəsiniz xx.xx.2026- cı il tarixində, saat 15:30-a -ə təyin edilmiş hazırlıq iclasını başqatarixə təxirə salasınız”. Göründüyü kimi, məhkəməyə bununla bağlı məlumat verilmiş və xahiş edilmişdir ki, iclas təxirə salınsın. Amma məhkəmə bu ərizəyə ümumiyyətlə qiymət verməmiş, mübahisənin kommersiya xarakteri daşıdığına görə danışıqların getdiyini, bəzi ödənişlərin edildiyinə görə tələbin dəqiqləşdirilməsinəzərurətin olduğunu nəzərə almamışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, 21 noyabr 2025-ci il tarixə təyin olunmuş məhkəmənin hazırlıq iclası tərəflərin iştirakının təmin olunması məqsədilə 10 dekabr 2025-ci il tarixə təxirə salınmışdır. xx.xx.2025-ci il tarixdə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin dəqiqləşdirilməsi üçün hazırlıq iclasının təxirə salınmasını xahiş etmiş, xx.xx.2025-ci il tarixli hazırlıq iclasında tərəflər iştirak etməmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixinə təyin olunmuş hazırlıq iclasına da məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada və müddətdə xəbərdar olunmasına baxmayaraq, iddiaçı və cavabdeh gəlməmiş, hər iki tərəf ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında məsələnin həll edilməsi məqsədilə danışıqların aparılması üçün işin təxirə salınmasını xahiş etmişdir. xx.xx.2026-cı il tarixinə təxirə salınmış məhkəmənin hazırlıq iclasına tərəflər gəlməmişlər. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab etmişdir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 saylı qərarının 2-ci bəndində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Mülki Prossesual Məcəllənin 172.1-ci maddəsinə əsasən işə ağlabatan müddətdə, lakin ərizə məhkəməyə daxil olduğu vaxtdan aşağıdakı müddətlərdən gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır 172.1.1 işə bərpa, aliment tutulmasına dair işlərə - 2 ay; 172.1.2 ipoteka müqaviləsindən irəli gələn mübahisələrə və iflas haqqında işlərə - 3 ay; 172.1.3. digər mübahisələrə dair işlərə - 4 ay müddətində. Göründüyü kimi tərəflər laqeydlik nümayiş etdirərək, məhkəmənin iclaslarına gəlməmiş, gəlməməklərinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə xüsusi ilə qeyd edir ki, qeyd edilmiş prossesual müddətlər artıq tükənmək üzrə olsa da, hələ heç bir tərəfin dinlənilməsi mümkün olmamışdır və tərəflər arasında razılaşmanın əldə edilməsi məqsədi ilə məhkəmə iclaslarının təxirə salınması xahiş edilsə də, bu xüsusda hər hansı bir tədbir görülməmiş, iddiaçı tərəf sadəcə olaraq Məhkəməyə ərizə göndərməklə kifayətlənmişdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı tərəf 4 hazırlıq iclasının heç birinə gəlməməklə, sadəcə olaraq yuxarıda qeyd edilmiş məzmunlu ərizələr verməklə və qəbul edilmiş qərardaddan şikayət verməklə, tərəflər arasında olan mübahisənin həll edilməsi əvəzinə, sanki məhkəmənin iş yükünün artırılmasına istiqamət almışdır. Qeyd edilmiş kimi hallar isə yolverilməzdir. Hər bir tərəf öz prossesual hüquqlarından vicdanla istifadə etməli və prossesual vəzifələrinə laqeyd yanaşmamalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Məhkəmə qeyd edir ki, tərəflər məhkəmə iclasına gəlmədiyindən və gəlməməsinin üzürlü olmasına dair işə hər hansı bir sənəd əlavə etmədiyindən ərizə baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2-2(113)-8666/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar