Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-25/2026 11.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi, estoppel prinsipsi, elektron qaimə, sübutetmə vəzifəsi) hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi İddiaçı MMC-nin nümayəndəsi (vəkili) Nümayəndə1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2796/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Tərəflər arasında xx.xx.2023-cü il tarixdə malların alqı-satqısına 1 nömrəli Əlavə imzalanmışdır.
2. Həmin Əlavəyə görə satıcı (iddiaçı) ilə alıcı (cavabdeh) bu Əlavəni aşağıdakı şərtlərlə razılaşdırdılar: 1-ci bəndinə əsasən malın qiyməti ilə əlaqədar olan və satıcı tərəfindən alıcıya verilən digər güzəşt və imtiyazlar (satış həcminə görə endirim, malın rəflərdə yerləşdirilməsinə görə endirim, marketinq xidmətlərinə görə endirim (və ya ödəmə), logistika xərclərinin bölüşdürülməsi, promisyon, kompaniyalar və s.) ayrıca razılaşdırılır və bu razılaşdırma şərtləri müqavilənin 1 saylı Əlavəsində öz əksini tapır; 2-ci bəndinə görə satıcı alıcının aşağıda qeyd edilən müxtəlif təyinatlı cədvəllərdə kommersiya yerləri (rəf başı, rəf yanağı, rəf küncü, səbət/teşir, pallar, stend, kassa önü) və kommersiya şərtləri üzrə endirim və ödənişləri etməyi öhdəsinə götürür. 3-cü bəndinə görə xx.xx.2023-cü il tarixindən etibarən xx.xx.2023-cü il tarixinədək satıcının illik satışından (ƏDV xaric) 3% endirim edilməsi nəzərdə tutulur. Qeyd edilən güzəşti satıcı nağd və ya nağdsız ödəniş etməklə həyata keçirməlidir; 6-cı bəndinə görə tərəflər razılaşırlar ki, alıcı alınmış malın ödənişini üzləşmə aktı maliyyə əməkdaşına təqdim edildikdən sonra 50 bank günü ərzində satıcının bank hesabına köçürməlidir.
3. İddiaçı tərəfindən elektron formada xx.xx.2023-xx.xx.2024-cü illər üzrə satış dövriyyəsini əhatə edən üzləşmə aktı tərtib edilmiş, həmin üzləşmə aktı tərəflərin imza və möhürləri ilə təsdiq edilməmişdir.
4. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli 3777 saylı qarşılıqlı borcların üzləşdirilməsi aktından görünür ki, tərəflər cavabdehin iddiaçıya həmin tarixə 37743,16 manat borcu olduğunu təsdiq etmişlər. Akt hər iki tərəfin nümayəndəsi tərəfindən imzalanmışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
5. İddiaçı tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında ödənilməli olan 42961 manat borcun (36407 manat əsas borc, 6554 manat ƏDV) və ödənilmiş 220 manat dövlət rüsumu olmaqla, ümumilikdə 43181 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı iddia ərizəsində göstərmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, iddiaçı ona məxsus olan malları cavabdehə - alıcıya - satır, bunun müqabilində alıcı (cavabdeh) tərəflər arasında razılaşdırılmış malın satış dəyərini satıcıya (iddiaçıya) ödəməyi öhdəsinə götürmüşdür. Tərəflərin bu razılaşmasından sonra, iddiaçı cavabdehə məxsus olan, Bakı şəhərində, eləcə də müxtəlif rayon və şəhərlərində yerləşən mağazlarına ərzaqyeyinti məhsullarını təhvil vermişdir. Bu barədə malların təhvil verilməsinə dair qaimələr tərtib olunmuşdur. Malların verilməsi və hətta bəzi malların dəyərinin iddiaçıya ödənilməsi 2023-cü il tarixdə də mümkün olmuşdur. Lakin, bir müddət sonra, cavabdeh ona verilmiş malların dəyərini bu günə qədər ödəməmiş və hal-hazırda da müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Tərəflər arasında müqavilə bağlandıqdan sonra, ümumilikdə ƏDV daxil olmaqla, 43 187 manat məbləğində mal dövriyyəsi olmuşdur. Yəni bu qeyd edilən məbləğin 36 599,15 manat dəyərində mallar cavabdehə təhvil verilmişdir. Bu dəyərdə olan malların məbləğlərdən cüzi bir hissəsi iddiaçıya qaytarılmış olsa da, digər malların dəyəri ödənilməmişdir. Qeyd olunan malların göndərilməsi və cavabdeh tərəfindən də təhvil alınması kağız üzərindən olmaqla, hər iki tərəfin məsul şəxsləri tərəfindən imzalanmışdır. Yuxarıda göstərilən xüsusatlardan irəli gələrək, artıq cavabdeh üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyinə görə, 03 fevral 2025-ci il tarixli, 101 nömrəli Pretenziya məktubu ilə borcun ödənilməsi tələb olunmuşdur. Pretenziya məktubunda borcun ödənilməsinin 10 fevral 2025-ci il tarixə kimi ödənilməsi tələb olunmuşdur. Göstərilən müddət ərzində də borclu yenə də iddiaçıya olan borcunu ödəməmişdir. Məcbur olub, hazırki iddia ərizəsi elektron qaydada cavabdehə göndərilmişdir. Hal-hazrda, cavabdehin bu hərəkətləri onun borcunun ödənilməsi üçün müvafiq məhkəmə qərarının çıxarılıması üçün əsasdır.
7. İddiaçının nümayəndəsi və vəkili məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
8. Cavabdehin nümayəndəsi etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsinin 2-2(113)-2796/2025 nömrəli kommersiya mübahisəsi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuş, Cavabdeh MMC-dən 42961 manat əsas borc və ödənilmiş 220 manat dövlət rüsumu olmaqla, ümumilikdə 43181 (qırx üç min bir yüz səksən bir) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
İşin mübahisəsiz hallarından da görünür ki, qiymətinin sonradan ödənilməsi şərtilə tərəflər arasında müxtəlif çeşidli gündəlik təlabat mallarının nisyə alqısatqı barədə müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İş materialları və işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək müxtəlif vaxtlarda partiyalarla malları cavabdehə təhvil vermişdir. İddiaçının malları cavabdehə təhvil verməsi işdə olan qaimə-fakturalarla öz təsdiqini tapır. Həmin qaimə-fakturalar hər iki tərəfin nümayəndələri tərəfindən imzalanmış və həmin qaimə fakturalara cavabdeh Cəmiyyətin adı əks olunmuş möhür də vurulmuşdur. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi öz izahatında qeyd edilən qaimələr üzrə malları təhvil alan şəxslərin hüquqi şəxsin işçiləri olduğunu və malların qəbul edildiyini təsdiq etmişdir. Bunları nəzərə alan məhkəmə hesab edir ki, bu iddiaçı malların cavabdehə müqavilədə göstərilən qaydada təhvil verilməsi ilə bağlı MM-nin 567-ci maddəsində nəzərdə tutulmuş öhdəliyini (“alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi... öhdəsinə götürür”) yerinə yetirmişdir. Həmçinin, məhkəmə araşdırması nəticəsində o da müəyyən edilmişdir ki, sözügedən alıq-satqı münqasibətləri çərçivəsində alınmış malların bir hissəsinin dəyəri cavabdeh tərəfindən ödənilmişdir. Digər tərəfdən cavabdehin nümayəndəsi öz izahatında Aida Quliyeva və İlqar Mikayıllı arasında 27 aprel və 22 avqust 2023-cü il tarixlərdə elektron poçt vasitəsi ilə aparılmış yazışmalara əsasən, 50 000 manat məbləğində ödəniş edildiyini və borcun silindiyini bildirsə də, qeyd edilən şəxslərin hazırkı işlə və tərəflərlə hər hansı bağlılığı müəyyən edilməmişdir. Habelə, iş materiallarına əlavə edilmiş 3777 saylı qarşılıqlı borcların üzləşdirilməsi aktından görünür ki, tərəflər cavabdehin iddiaçıya xx.xx.2023-cü il tarixinə 37743,16 manat borcu olduğunu təsdiq etmişlər. Akt hər iki tərəfin nümayəndəsi tərəfindən imzalanmışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən malları almaq hüququna malik olduğu kimi, eyni zamanda onların dəyərini ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Əvvəldə də qeyd edildiyi kimi, alıcının müqavilə üzrə aldığı malı ödəmək öhdəliyi, məhz malları təhvil aldıqdan sonra (əgər mal müqaviləyə uyğun verilmişsə və hər hansı mübahisə yoxdursa) yaranmış olur. Məhkəmə araşdırması nəticəsində isə müəyyən olunmuşdur ki, cavabdeh müqavilə əsasında malın almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair öhdəliyini tam yerinə yetirməmiş, bununla da öhdəliyini pozmuşdur. Buna görə də, iddiaçı 36407 manat əsas borc və ona hesablanmış 6554 manat ƏDV borcunun cavabdehdən tutulmasına dair hazırkı iddianı irəli sürməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 220 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
11. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 6.2, 385.1, 386.1, 442, 462.1, 467, 567, 601.1-ci maddələrinə istinad etmişdir.
12. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, məhkəməyə sübut kimi təqdim olunan alqı-satqı müqaviləsi, təhvil-təslim aktları, qaimələr, üzləşmə aktları mötəbər sübutlar deyil. Belə ki, malların verilməsini rəsmiləşdirən elektron qaimələr mövcud deyildir, məhkəməyə təqdim olunan təhvil-təslim aktları etibarsızdır, aktlarda təhvil alan şəxs göstərilməyib. Məhz bu səbəbdən iddiaçının sübutetmə vəzifəsi icra olunmadığını məhkəmə nəzərə almamış, iş üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmayaraq qanunsuz nəticəyə gəlmişdir.
Apellyasiya şikayətinə qarşı etiraz
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahat
14. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
15. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
19. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
22. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
23. Maddə 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
24. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
33. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
34. Məhkəmə düzgün olaraq vurğulamışdır ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin alqı-satqı il bağlı müddəaları təşkil edir və iddiaçı cavabdehə təhvil verdiyi malların dəyərinin ödənilməsini istəyir.
35. Həmin müddəalar satıcıya, əşyanı təhvil almış alıcı onun dəyərini alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmədikdə, dəyərin ödənilməsini və ya malın qaytarılmasını tələb etmək hüququ verir.
36. Cavabdeh iddiaçı tərəfindən malların təhvil verilməsinin iş materialları ilə sübut olunmadığını bildirsə də, xx.xx.2025-ci il tarixli məhkəmə iclasının protokolundan müəyyən edilir ki, cavabdehin səlahiyyətli nümayəndəsi iddiaçı tərəfindən malların təqdim edildiyini və mağaza müdirləri tərəfindən malların qəbul edildiyini qeyd etmişdir (xx.xx.2025-ci il tarixli məhkəmə iclasının audio-video yazısı; 10: 50; 21:58).
37. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında malları qəbul etdiyini qəbul edib daha sonra apellyasiya şikayətində təkzib etməsi vicdanlılıq prinsipinə ziddir.
38. “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023-cü il tarixli Qərarında da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır”.
39. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən məhkəməə qaimə-fakturalar təqdim edilmiş, qaimə-fakturalar Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmiş və sonuncu qaimə-fakturalardakı möhürünü mübahisələndirməmişdir.
40. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, elektron qaimənin təqdim edilməməsi qəbul etdiyi malların dəyərinin ödənilməməsi üçün əsas deyil.
41. Belə ki, elektron qaimə mülki öhdəliklər üzrə ödəniş öhdəliyini yaradan ilkin sənəd deyil, vergi nəzarət mexanizmini tənzimləyən sənəddir.
42. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
43. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2796/2025 nömrəli kommersiya mübahisəsi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.