Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-255/2026 08.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası Iddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh2 və cavabdeh1 MMC-yə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcunun müəyyən edilməsi, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X1, Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçı İddiaçı ASC-nin nümayəndəsi X3 iştirakı ilə iddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh2 və cavabdeh1 MMC-yə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin *- *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları
1. Iddiaçı ilə cavabdeh1 MMC arasında ##.##.2024-cü il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X2nun ##.##.2024-cü il tarixli, 1.0.* №-li versiyasının şərtlərinin qəbul edilməsi barədə razılaşma imzalanmış, həmin Razılaşmaya əsasən borc alan şərtləri diqqətlə oxuduğunu, onun bütün müddəalarını başa düşdüyünü, Müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına dair məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul etmişdir.
2. Iş materiallarına əlavə edilmiş ##.##.2024-cü il tarixli, DC********-** saylı maliyyələşdirmə üçün ərizə (kredit əməliyyatı üzrə) əsasında iddiaçı tərəfindən borc alana illik nominal 16% dərəcəsi ilə, illik/gündəlik cərimə faiz dərəcəsi 15% olmaqla (kreditin müddəti bitdikdən sonra 31% (otuz bir) faiz (gündəlik 0.0861%) hesablanmaqla), ##.##.2027-ci il tarixədək 63002 manat məbləğində birdəfəlik kredit ayrılmışdır.
3. Həmçinin, iddiaçı ilə borc alan arasında borc alanın kredit Razılaşması üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə DP********_** saylı girov müqaviləsi bağlanmış, müqaviləyə əsasən, “Girov qoyan”la (borc alan) iddiaçı Bankda yerləşən bank hesabındakı pul vəsaiti (olduqda ona hesablanan faizlərdə həmçinin) ##.##.2024-cü il tarixli OnGTC-********LE/**** saylı Bank xidmətlərinin göstərilməsinə dair X2 çərçivəsində imzalanan DC********-** saylı maliyyələşdirmə üçün ərizə üzrə borc alanın öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə girov ilə yüklü edilmişdir.
4. Bundan başqa, iddiaçı ilə cavabdeh cavabdeh2 arasında DG************* saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə əsasən zamin, iddiaçı ilə borc alan arasında bağlanmış DC********-** saylı kredit müqaviləsi üzrə Borcalana veriləcək kreditlə əlaqədar olaraq Borcalan Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək, Borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürürmüşdür.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
5. Iddiaçı DC********-** saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 53.575,77 manat məbləğində əsas borc, 598,72 manat məbləğində faiz borcu, 27,39 manat məbləğində cərimə borcu olmaqla, cəmi 54.201,88 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 252,61 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə idda ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə borc alan hüquqi şəxs arasında ##.##.2024-cü il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X2nun ##.##.2024-ci il tarixli 1.0.* nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC- ********LE/**** saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X2nda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. X2 çərçivəsində ##.##.2025-ci il tarixində DC********-** saylı malliyyəşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən borcluya ##.##.2027-ci il tarixinədək, illik faiz dərəcəsi 16%, müddətin bitmə tarixindən sonra gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faizi 31% olmaqla, 63,002 (altmış üç min iki) manat məbləğində mal alışı məqsədilə birdəfəlik kredit verilmişdir. DC********-** saylı, ##.##.2025-ci il tarixli müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə, İddiaçı ASC ilə cavabdeh2 arasında ##.##.2025-ci il tarixində DG************* saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin Borcalan DC********-** saylı maliyyələşdirmə üçün ərizə üzrə 118 gün ərzində müqavilə öhdəliklərini icra etməyərək, borcun müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Borcalanın ##.##.2025-ci il tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir: - DC********-** saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 53.575,77 manat əsas borc, 598,72 manat faiz borcu, 27,39 manat cərimə borcu olmaqla, cəmi 54.201,88 manat təşkil edir. Gecikmə günü: 118 X2 əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Eyni zamanda, X2 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur. Iddiaçı iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 252,61 manat dövlət rüsumu ödəmişdir.
7. Birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuş, DC********-** saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 53575,77 manat əsas borc, 598,72 manat faiz, 27,39 manat cərimə olmaqla, cəmi 54201,88 manat pul və ödənilmiş 252,61 manat dövlət rüsumu cavabdehlər cavabdeh2 və cavabdeh1 MMCdən müştərək qaydada tutularaq iddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
8. Məhkəmə qətnaməsini aşağıdakı kimi əsaslandırmışdır:
- Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhədliyi isə borc predmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur. - Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə borc alan arasında ##.##.2024-cü il tarixli “Bank xidmətlərinin göstərilməsinə dair X2nun ##.##.2024-cü il tarixli, 1.0.* №-li versiyasının şərtlərinin qəbul edilməsi barədə” razılaşma və həmin razılaşma çərçivəsində ##.##.2024-cü il tarixli, DC********-** saylı maliyyələşdirmə üçün ərizə (kredit əməliyyatı üzrə) əsasında kreditin verilməsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Iddiaçı borc alana kredit müqaviləsində müəyyən edilmiş şərtlərlə 63002 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin borc alan kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır. Hazırda iddiaçı həmin kredit müqaviləsi üzrə yaranmış əsas borc, faiz borcu və dəbbə pulunun ödənilməsini cavabdehlərdən tələb edir. - ##.##.2025-ci il tarixli maliyyə arayışından da görünür ki, borc alanın ##.##.2024-cü il tarixli, DC********-** saylı maliyyələşdirmə üçün ərizə (kredit əməliyyatı üzrə) əsasında iddiaçıya 53575,77 manat əsas, 598,72 manat faiz, 27,39 manat cərimə olmaqla, cəmi 54201,88 manat məbləğində ödənilməmiş borcu mövcuddur. - Məhkəmə qeyd edir ki, borc alan kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq və ondan yaralanmaq hüququna malik olduğu kimi, eyni zamanda həmin kredit müqaviləsi əsasında kredit məbləğini və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmaqla bağlı öhdəliyə malik olmuşdur. Lakin, işin şərh edilən hallarından da görünür ki, borc alan kredit müqaviləsi üzrə kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. - Tələbin 27,39 manat məbləğində dəbbə pulunun tutulması hissəsinə münasibədə məhkəmə qeyd edir ki, borc alanın kredit müqaviləsi üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də dəbbə pulunun azaldılması üçün əsaslar olmadığından iddiaçı mübahisəli müqavilə üzrə yuxarıda göstərilən məbləğdə dəbbə pulunun tutulmasını tələb etməkdə də haqlıdır. - Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Eyni zamanda, qanunvericilik də tələb edir ki, dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (MM-nin 462.1-ci maddəsi). - Həmçinin, iş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh cavabdeh2 arasında DG************* saylı zaminlik müqaviləsi bağlanmış, zaminlik müqaviləsinin şərtlərinə əsasən zamin, iddiaçı ilə borc alan arasında bağlanmış DC********-** saylı kredit müqaviləsi üzrə Borcalana veriləcək kreditlə əlaqədar olaraq Borcalan Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək, Borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürürmüşdür. - Məhkəmə zaminin ##.##.2024-cü il tarixli, DC********-** saylı maliyyələşdirmə üçün ərizə borc alanın bütün öhdəliklərinə zamin olduğunu və həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, iddiaçı kredit müqaviləsi üzrə borcun müştərək (birgə) qaydada borc alan və zamindən tutulmasını tələb etməkdə də haqlıdır. - Məhkəmə hesab edir ki, iddia tam təmin olunduğundan ödənilmiş 252,61 manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada tutulmalıdır.
9. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə AR MM-nin 385.1, 442, 443.1, 445.7, 462.1, 467, 470.1, 472.1, 472.2, 739.1, 743.1-ci maddələrini tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
10. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 MMC apellyasiya şikayəti verərək ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şirkət bankdan biznes krediti götürmüş və müəyyən müddət ödənişləri icra etmişdir. Lakin şirkət barəsində kameral vergi yoxlaması başlanmış, hesablar üzrə məhdudiyyətlər yaranmış və fəaliyyət faktiki dayanmışdır. ## #### 2025-ci il tarixdə banka rəsmi müraciət edilərək müvəqqəti çətinlik barədə məlumat verilmiş və restrukturizasiya xahiş edilmişdir. Bank müraciətə cavab verməmişdir. Buna baxmayaraq, şirkət ödənişləri tam dayandırmamış, qismən ödənişləri davam etdirmişdir. Məhkəmə bu hallara hüquqi qiymət verməmişdir. MPM-in 14 və 217-ci maddələrinin tələblərinə əsasən məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmalıdır. Lakin vergi yoxlaması, restrukturizasiya müraciəti və qismən ödənişlər qətnamədə qiymətləndirilməmişdir. Bankın təqdim etdiyi hesablamalar məhkəmə tərəfindən ekspertiza yolu ilə yoxlanılmamışdır. Faizlərin və gecikmə cərimələrinin müqaviləyə və qanunvericiliyə uyğunluğu araşdırılmamışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə yüksək dəbbə pulunu azalda bilər. Şirkətin fəaliyyəti müvəqqəti dayandığından cərimə azaldılmalıdır.
b) Apellyasiya şikayətinə qarşı etiraz
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
c) Apellyasiya baxışı, izahatlar
13. Iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmiş, cavabdehlərə isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
15. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
16. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
18. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
19. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
20. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
21. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
22. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
23. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
24. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
25. Maddə 739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
26. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
30. Maddə 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
36. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda cavabdeh cavabdeh1 MMC tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən apellyasiya baxışının həddini cavabdeh1 MMC-yə münasibətdə birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
37. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
39. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehlərin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.
40. Belə ki, apellyasiya şikayətinin dəlillərinə əsasən cavabdeh kredit müqaviləsi üzrə borcu olduğunu mübahisələndirməmiş, yalnız borcun məbləği ilə razılaşmamışdır.
41. Apellyasiya şikayətində ümumi ifadələrlə irəli sürülən, birinci instansiya məhkəməsi tərəfindən tərəflərin prosessual hüquqlarının təmin olunması məqsədilə MPMin tələblərinə uyğun olaraq bütün zəruri tədbirlər görülmüş, tərəflərə sübutlarını təqdim etmək üçün kifayət qədər imkan yaradılmışdır. Iş materiallarından da görünür ki, cavabdeh prosesin gedişi barədə lazımi qaydada məlumatlandırılmış, ona öz mövqeyini əsaslandırmaq və iddia tələbinə etirazlarını sübutlarla təsdiq etmək imkanı verilmişdir.
42. Buna baxmayaraq, cavabdeh tərəfindən iddia tələbinin əsassız olduğunu təsdiq edən, yaxud iddiaçının təqdim etdiyi sübutların mötəbərliyini şübhə altına alan hər hansı mötəbər və kifayət qədər sübut nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına təqdim edilməmişdir. Eyni zamanda iddiaçının istinad etdiyi hallar kredit müqaviləsinə aid ödəniş cədvəli, hesabdan çıxarış, maliyyə arayışında olan məlumatlar ilə təsdiq olunur. Cavabdeh isə borcun düzgün hesablanmadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu, o cümlədən iddiaçının təqdim etdiyi sənədlərin şübhə altına alınmasına əsas verən ilkin sübutları təqdim etməmişdir.
43. Kollegiya vurğulayır ki, Mülki Prosessual Məcəllənin sübutetmə yükü ilə bağlı müddəalarına əsasən, hər bir tərəf istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan, cavabdehin passiv prosessual davranışı və sübut təqdim etməməsi onun xeyrinə hüquqi nəticə doğura bilməz.
44. Eyni zamanda, apellyasiya instansiyasında da cavabdeh tərəfindən yeni sübutlar təqdim olunmamış, mövcud sübutların qiymətləndirilməsinə təsir edə biləcək əsaslı arqumentlər irəli sürülməmişdir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticələr düzgün hesab edilir.
45. Apellyator tərəfindən təqdim edilmiş və “xxxx” MMC-nin İddiaçı ASC-yə ünvanladığı məktuba istinad edilərək, vergi orqanı tərəfindən aparılan kameral yoxlama və bank hesablarına tətbiq edilmiş sərəncam səbəbindən maliyyə və xidmət fəaliyyətinin müvəqqəti dayandırıldığı, bu səbəbdən kredit öhdəliklərinin icra edilə bilmədiyi bildirilmişdir.
46. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən hallar borclunun öhdəliyin icra edilməməsinə görə məsuliyyətdən azad edilməsi üçün hüquqi əsas kimi qəbul edilə bilməz.
47. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən, borclu yalnız öhdəliyin icra edilməməsinin onun iradəsindən asılı olmayan, qarşısıalınmaz və fövqəladə hallardan irəli gəldiyini sübuta yetirdiyi halda məsuliyyətdən azad edilə bilər.
48. Cavabdehin istinad etdiyi vergi yoxlaması və bank hesablarına sərəncam tətbiqi sahibkarlıq fəaliyyətinin adi risklərinə aid olmaqla, bu halların fövqəladə və qarşısıalınmaz (fors-major) xarakter daşıdığı sübuta yetirilməmişdir.
49. Eyni zamanda, həmin halların kredit müqaviləsi üzrə öhdəliklərin icrasını obyektiv olaraq tam qeyri-mümkün etdiyi də təsdiq olunmur.
50. Kollegiya onu da qeyd edir ki, borclu tərəfindən kreditorun vaxtında məlumatlandırılması, öhdəliyin icrası üçün alternativ tədbirlərin görülməsi və ya risklərin qabaqcadan nəzərə alınması ilə bağlı hər hansı sübut təqdim edilməmişdir.
51. Bundan əlavə, kollegiya vurğulayır ki, vergi orqanı tərəfindən aparılan yoxlama və bank hesablarına tətbiq edilən məhdudiyyətlər mülki dövriyyə iştirakçısının üzərinə düşən sahibkarlıq risklərinin tərkib hissəsidir və bu hallar kredit müqaviləsindən irəli gələn pul öhdəliyinin icrasından azad olunma üçün əsas təşkil etmir.
52. Kollegiya onu da qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü və 425-ci maddələrinin mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
53. Kollegiya hesab edir ki, işə baxan məhkəmə cavabdehlərdən tutulmalı cərimə borcunun məbləğini əsas borca mütənasib şəkildə müəyyən etmişdir.
54. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual normaların pozuntusuna yol verilməmiş; birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
55. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün cavabdehin ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
56. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDI:
Cavabdeh cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi cavabdeh1 MMC-yə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən cavabdeh1 MMC tərəfindən, qətnamə ona rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. .