Məhkəmə qərarları › İş №2-2(3-6)-261/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-261/2026

14.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-261/2026 14.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Bank “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (ac ar so zlər: kredit müqaviləsi, ipoteka müqaviləsi, ilkin satış qiyməti) Hakim sədrliyi ilə, hakimlər X2 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi, cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-ccı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxıb, müəyyən etdi: Işin halları:

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Bank “xxxx” Açıq Səhmdar Cəmiyyəti (“Borc verən”) ilə cavabdeh2 (“Borc alan”) arasında ##.##.2021-ci il tarixli, AKIA-*****-**/**A saylı əsas kredit müqaviləsi bağlanmışdır. Müqavilənin mübahisənin həlli üçün əhəmiyyət kəsb edən şərtləri aşağıdakılardır: - 1.1. Borc verən Dünya Bankının vəsaiti hesabına bu müqavilə çərçivəsində əlavə müqavilələr bağlamaqla Borc alana 120 ay müddətinə, maksimal 35 faiz dərəcəsi ilə 2 000 000 manat məbləğinədək kreditlər verə bilər; - 3.2. Borc verən Borc alanın bu müqavilə üzrə öhdəliyinin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən aşağıdakı hallarda bu müqaviləyə vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğinin bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını Borc alandan tələb edə bilər: 3.2.1. Borc alan krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən azı iki dəfə beş təqvim günündən çox pozduqda; - 7.4. Borc alan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini üç təqvim günündən çox gecikdirdikdə, dördüncü günündən etibarən kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc (güzəştli aylarda faiz borcu) məbləğinin 0,5 faizi məbləğində gündəlik cərimə ödəyir.

3. Bank “xxxx” Açıq Səhmdar Cəmiyyəti (“Borc verən”) ilə cavabdeh2 (“Borc alan”) arasında ##.##.2021-ci il tarixli, AKIA-A****-**/**A saylı əlavə kredit müqaviləsi bağlanmışdır. Müqavilənin mübahisənin həlli üçün əhəmiyyət kəsb edən şərtləri aşağıdakılardır: - 1.1. Borc verən Dünya Bankının vəsaiti hesabına 300 000 manat krediti illik 8 faizlə 60 ay müddətinə Borc alanın mülkiyyətinə verir, Borc alan isə həmin kreditdən biznes məqsədilə istifadə etməyi və onu 24 ay güzəşt müddəti daxil olmaqla, ##.##.2026-cı il tarixinədək faizi ilə birlikdə Borc verənə qaytarmağı öhdəsinə götürür. - 2.10. Borc verən Borc alanın bu müqavilə üzrə öhdəliyinin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən aşağıdakı hallarda bu müqaviləyə vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğinin bu Müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını Borc alandan tələb edə bilər: 2.10.1. Borc alan krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən azı iki dəfə beş təqvim günündən çox pozduqda; - 5.1. Borcalanın bu müqavilədən irəli gələn öhdəliklərinin icrası ## #### 2021-ci il tarixli AKIAG-*****-**/**A saylı ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin (girovu) ilə təmin olunur. - Borc alan kreditin və ona hesablanmış faizlərin ödənilməsini üç təqvim günündən çox gecikdirdikdə, dördüncü günündən etibarən kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc (güzəştli aylarda faiz borcu) məbləğinin 0,5 faizi məbləğində gündəlik cərimə ödəyir.

4. Bank “xxxx” Açıq Səhmdar Cəmiyyəti (“Ipoteka saxlayan”) ilə cavabdeh2 (“Ipoteka qoyan”) arasında ##.##.2021-ci il tarixli, AKIAG-*****-**/**A saylı ipoteka müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən ##.##.2021-ci il tarixli kredit müqaviləsi və əlavə müqavilələr üzrə borc alanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə tam mülkiyyət hüququ ilə cavabdeh2 məxsus olan, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir.

5. Bank “xxxx” Açıq Səhmdar Cəmiyyəti (“Borc verən”) ilə cavabdeh1 (“Zamin”) arasında bağlanmış ##.##.2022-ci il tarixli, AKIAZ-*****-**/**A saylı zaminlik müqaviləsinə əsasən, zamin cavabdeh2 ##.##.2021-ci il tarixli əsas kredit müqaviləsi və həmin müqavilə çərçivəsində gələcəkdə yaranacaq bütün öhdəliklərini tam həcmdə və lazımi qaydada icra etməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür.

6. ##.##.2025-ci il tarixli maliyyə arayışına əsasən, bank tərəfindən həmin tarixə cavabdeh2 ##.##.2021-ci il tarixli əlavə kredit müqaviləsi üzrə 291 666,67 manat əsas borcu, 41 430,89 manat faiz borcu və 14 583,30 manat cərimə borcu hesablanmışdır.

7. ##.##.2025-ci il tarixli bildirişə əsasən, Bank “xxxx” ASC cavabdehlərdən kreditin qalıq əsas borcunun, hesablanmış faizlərin və dəbbə pulunun tam həcmdə ödənilməsini tələb etmiş, tələb yerinə yetirilmədiyi halda tutmanın ipoteka predmetinə yönəldilməsi, kredit borcunun ipoteka predmetinin satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi barədə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.

8. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, CVN/O **-***/** nömrəli mütəxəssis rəyinə əsasən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 1 055 000 manat, likvid dəyəri 897 000 manat təşkil edir.

9. Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** nömrəli ekspert rəyinə əsasən, cavabdeh2 ##.##.2025-ci il tarixinə (maliyyə arayışında göstərilən tarixə) 292 499,98 manat əsas borcu, 39 585 manat faiz borcu olmaqla, cəmi 332 084,98 manat məbləğində borcu müəyyən edilmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** saylı qərardadı ilə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin bazar və likvid qiymətinin müəyyən edilməsi məqsədilə müstəqil qiymətləndirici cəlb edilmişdir.

11. “X1” MMC tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2026-cı il tarixli məktuba əsasən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilməsi məqsədilə cavabdeh2 dəfələrlə müraciət olunaraq müvafiq şəraitin yaradılması xahiş edilmiş, lakin baxışın keçirilməsinə imkan verilməmişdir. Bu səbəbdən məhkəmənin ##.##.2026-cı il tarixli qərardadının icrası mümkün olmamışdır. Məktubda, həmçinin, cavabdehin nümayəndəsindən bu məsələdə köməklik göstərilməsi xahiş edilsə də, bunun nəticəsiz qaldığı qeyd edilmişdir.

12. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilmiş fiziki şəxsin vergi uçotu haqqında ********** qeydiyyat nömrəli şəhadətnaməyə əsasən, cavabdeh2 fərdi sahibkar kimi vergi uçotuna alınmışdır.

Birinci instansiya məhkəməsindəki icraat:

13. Iddiaçı Bank “xxxx” ASC cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada ##.##.2021-ci il tarixli əlavə kredit müqaviləsi üzrə 291 666,67 manat əsas, 41 430,89 manat faiz, 14 583,30 manat cərimə borcu olmaqla, cəmi 347 680,86 manat borcun, həmçinin ödənilmiş 638 manat dövlət rüsumu və 0,96 manat bank xidmət haqqının tutulması, cavabdeh cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi, əmlakın açıq hərracda satılması, borcun əmlakın satışından əldə olunan vəsait hesabına ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ipoteka predmeti olan fərdi yaşayış evinin “xxxx” MMC tərəfindən aparılmış qiymətləndirilməsinə əsasən, 2021-ci il üzrə əmlakın bazar dəyəri 1 000 000 manat, likvid dəyəri isə 800 000 manat müəyyən edilmişdir. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş, ödənişləri dəfələrlə gecikdirmişlər. Xəbərdarlıqlara baxmayaraq borc öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində iddiaçı, hüquqlarının müdafiəsi məqsədilə məhkəməyə müraciət etmişdir.

15. Cavabdeh cavabdeh2 iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 291 666,67 manat əsas borc, 39 585 manat faiz borcu, 14 000 manat cərimə borcu və ödənilmiş 635,25 manat dövlət rüsumu olmaqla, cəmi 345 886,92 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, tutmanın ilkin satış qiyməti 897 000 manat müəyyən edilməklə cavabdeh cavabdeh2 məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına borc tələbinin ödənilməsi, satışdan artıq qalan vəsaitin cavabdeh cavabdeh2 qaytarılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

17. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, kredit müqaviləsi üzrə əsas borc tutulmalı, faiz borcu isə ekspert rəyinə uyğun müəyyən edilməlidir. Ekspert rəyi ilə əsas borc daha yüksək müəyyən edilsə də, məhkəmə iddia tələbindən kənara çıxa bilməz. Tələb olunan 14 583,30 manat dəbbə pulu məbləği tənasübsüz yüksək hesab edilərək 14 000 manatadək azaldılmışdır. Məhkəmə hesab etmişdir ki, borcun ödənilməsinin təmin edilməsi məqsədilə ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldilməli, əmlak açıq hərracda satılmalı və əldə olunan vəsait hesabına borc ödənilməlidir. Ipoteka predmetinin ilkin satış qiyməti “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli rəyinə əsasən 897 000 manat müəyyən edilmişdir. Məhkəmə, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsini də əsassız hesab etmiş, kredit öhdəliyinin ##.##.2023-cü ildən pozulduğunu və iddiaçının ##.##.2025-ci ildə məhkəməyə müraciət etməklə üç illik iddia müddətini ötürmədiyini göstərmişdir.

18. Cavabdeh cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı borcun ödənilməsi ilə bağlı vaxtında tələb irəli sürməyərək faiz borcunun artmasına şərait yaratmışdır. Cavabdeh hesab edir ki, 2021-ci ildən yaranmış gecikmələrlə bağlı tələb irəli sürülmədiyindən iddia müddəti ötürülmüş, lakin məhkəmə bu barədə ərizəni əsassız hesab etmişdir. Şikayətdə həmçinin göstərilmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti yalnız “xxxx” MMC-nin ##.##.2025ci il tarixli rəyi əsasında 897 000 manat müəyyən edilmişdir. Halbuki, digər qiymətləndirmə rəylərində həmin əmlakın dəyəri daha yüksək göstərilmiş, təkrar qiymətləndirmə ekspertizasının keçirilməsi barədə vəsatət isə təmin edilməmişdir. Məhkəmənin yalnız bir rəyi əsas götürməsi və təqdim edilmiş digər sübutlara lazımi qiymət verməməsi MPM-in 88ci maddəsinin tələblərinə zidd hesab edilmişdir. Bundan əlavə, məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edərkən qiymətləndirmə rəyini əsas götürdüyü halda, borc məbləğinin müəyyən edilməsinə dair ##.##.2025-ci il tarixli ekspert rəyini nəzərə almamışdır. Həmin rəyə əsasən, ##.##.2025-ci il tarixə əsas borc 292 499,98 manat, faiz borcu isə 39 585 manat təşkil etdiyi halda, məhkəmə bu rəyi qiymətləndirmədən cavabdehdən 345 886,92 manat pulun tutulmasına qərar vermişdir. Şikayətçi hesab edir ki, məhkəmə iş üzrə əhəmiyyətli halları və təqdim edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırmadan yekun nəticəyə gəlmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

20. Iddiaçı tərəfindən apellyasiya şikayətinə yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

21. Məhkəmə iclasında cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış iddiaçının nümayəndəsi və digər cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər.

23. Iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, məhkəmə prosesinin gedişatı zamanı Bank “xxxx” ASC ilə “xxxx” ASC arasında bağlanmış ABB-**/** saylı, ##.##.2026-cı il tarixli “Aktivlərin və passivlərin ötürülməsi haqqında” müqaviləyə əsasən Bank “xxxx” ASC-yə məxsus portfellər “xxxx” ASC tərəfindən satın alınmışdır. Tələb hüquqlarının “xxxx” ASC-yə keçməsi ilə bağlı hüquqi vəziyyət formalaşdığından Bank “xxxx” ASC-nin “xxxx” ASC ilə əvəz edilməsi zərurəti yaranmışdır.

24. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə iddiaçının nümayəndəsi və digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. ... 269.11. Girov və ipoteka hüququ həm mövcud, həm də gələcək tələb üçün verilə bilər. Tələb adlı, orderli və ya adsız ola bilər. O həm girov qoyana (ipoteka qoyana) və ya mülkiyyətçinin özünə qarşı, həm də başqa şəxsə qarşı tələb ola bilər. Girov və ya ipoteka hüququnun verildiyi tələb yetərli dərəcədə aydın olmalıdır.

Maddə 317. Ipoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2. Satış “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

Maddə 373. Iddia müddətləri

373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

Maddə 377. Iddia müddətinin başlanması

377.2. Icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

Maddə 470. Zaminlik müqaviləsi

470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər.

Maddə 472. Zaminin məsuliyyəti

472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

Maddə 739. Borc müqaviləsi (mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiya)

739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

Maddə 741. Borc üzrə faizlər (mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiya) Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

26. “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanunu (mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiya)

Maddə 1. Əsas anlayışlar 1.0.1. ipoteka – öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur; 1.0.9. ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

Maddə 3. Ipotekanın tətbiq sahəsi 3.1. Ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. 3.2. Gələcəkdə ortaya çıxa biləcək tələblərin icrası üçün də ipoteka qoyula bilər. Bu halda bu Qanunun 10.5-ci maddəsində nəzərdə tutulmuş şərtlərə əməl edilməlidir.

Maddə 39. Ipoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: ... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. Ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; ...

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” # #### 2013-cü il tarixli qərarı

1. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 13. Mülki işlərin həllində məhkəmənin tətbiq etdiyi hüquqi aktlar 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.

Maddə 26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

Maddə 58. Prosessual hüquq varisliyi 58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür.

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 97. Məhkəmənin ekspertiza təyin etməsi 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmiş, iddiaçı tərəfindən qətnamə mübahisələndirilməmişdir. Cavabdeh cavabdeh2 apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə uyğun olaraq qətnamənin əsaslılığını iddianın təmin edilmiş hissəsinə münasibətdə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

32. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

33. Ilk növbədə, kollegiya qeyd edir ki, iddiaçı kommersiya təşkilatı olan hüquqi şəxsdir, cavabdeh cavabdeh2 isə fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Əlavə kredit müqaviləsinə əsasən, kredit vəsaiti cavabdehə biznes məqsədləri üçün verilmişdir. Ipoteka və zaminlikdən irəli gələn tələblər də həmin əsas kredit öhdəliyinin təminatı xarakteri daşıyır. Buna görə hazırkı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmış kommersiya mübahisəsidir və MPM-in 26.1-ci maddəsinə uyğun olaraq kommersiya məhkəmələrinə aiddir.

34. Kollegiya, həmçinin, iddiaçının prosessual hüquq varisi ilə əvəz edilməsi barədə ərizəyə münasibətdə qeyd edir ki, MPM-in 58.1-ci maddəsinin mənasına görə prosessual hüquq varisliyi üçün barəsində mübahisə edilən maddi hüquq münasibətində tərəfin dəyişməsi, o cümlədən mübahisəli tələbin başqa şəxsə güzəşt edilməsi müəyyən olunmalıdır. Bu məqsədlə məhkəmənin sorğusu əsasında “xxxx” ASC tərəfindən ##.##.2026-cı il tarixli “Aktivlərin və passivlərin ötürülməsi haqqında” müqavilə təqdim edilmişdir.

35. Müqavilənin preambula hissəsində ötürən bankın müqavilədə və onun əlavələrində nəzərdə tutulan aktiv və passivləri alıcı banka ötürmək, alıcı bankın isə onları qəbul etmək və bunun müqabilində ödəniş etmək niyyətində olduğu göstərilmişdir. Tərəflər bu müqavilə və əlavələrdə göstərilməyən müqavilə və əsas vəsaitlərin ötürən bank tərəfindən ötürülən portfelə daxil olmadığını, alıcı banka ötürülmədiyini və alıcı bank tərəfindən qəbul edilmədiyini xüsusi qeyd etmişlər.

36. Müqavilənin 2.6-cı bəndində isə hər iki bankın səlahiyyətli əməkdaşlarının iştirakı ilə ötürülən dosyelərin yoxlanılması, monitorinqlərin aparılması, hər bir aktiv və passiv üzrə ayrıca təhvil-təslim aktlarının imzalanması, yekun hesablaşma aparıldıqdan sonra isə yekun təhvil-təslim aktının imzalanması nəzərdə tutulmuşdur.

37. Kollegiya qeyd edir ki, həmin müqavilə tərəflərin tələb hüquqlarını güzəşt etmək və öhdəlikləri ötürmək niyyətini ifadə edir. Lakin ötürülən konkret tələblərin tərkibi sonrakı prosedur çərçivəsində müəyyən edilməli olduğundan və hazırkı iş üzrə tələb hüququnun güzəşt edilməsini təsdiq edən sübut təqdim edilmədiyindən, prosessual hüquq varisliyi üçün əsas yaranmamışdır.

38. Işin mahiyyətinə münasibətdə kollegiya qeyd edir ki, ##.##.2021-ci il tarixli əsas kredit müqaviləsi məzmununa görə kredit xətti xarakteri daşıyır və həmin müqavilə çərçivəsində əlavə müqavilələr əsasında borcalana kreditlərin verilməsini nəzərdə tutur. Bu müqavilə əsasında bağlanmış ##.##.2021-ci il tarixli əlavə kredit müqaviləsi ilə cavabdeh2 300 000 manat məbləğində kredit illik 8 faizlə 60 ay müddətinə verilmişdir.

39. Əlavə kredit müqaviləsinin 5.1-ci bəndində həmin müqavilədən irəli gələn öhdəliklərin ##.##.2021-ci il tarixli ipoteka müqaviləsi ilə təmin edildiyi birbaşa göstərilmişdir. Ipoteka müqaviləsi də əsas kredit müqaviləsi üzrə və onun çərçivəsində bağlanan əlavə müqavilələr üzrə öhdəlikləri əhatə etmişdir. Əsas kredit müqaviləsində kreditlərin maksimal məbləği, müddəti və faiz həddi, əlavə kredit müqaviləsində isə konkret kreditin məbləği, faiz dərəcəsi və qaytarılma müddəti müəyyən edilmişdir. Buna görə ipoteka ilə təmin olunan tələb yetərli dərəcədə aydın olmuş və ##.##.2021-ci il tarixli əlavə kredit müqaviləsindən irəli gələn öhdəlik ipoteka təminatının əhatəsinə daxil olmuşdur.

40. cavabdeh1 ilə bağlanmış ##.##.2022-ci il tarixli zaminlik müqaviləsi ilə zamin əsas kredit müqaviləsi üzrə və həmin müqavilə çərçivəsində yaranan öhdəliklərin tam və lazımi qaydada icrasına görə məsuliyyəti öz üzərinə götürmüşdür. Mülki Məcəllənin 470.2, 472.1 və 472.2-ci maddələrinə əsasən gələcək öhdəliyin təmin edilməsi üçün zaminlik müqaviləsinin bağlanması mümkündür və müqavilədə subsidiar məsuliyyət müəyyən edilmədikdə zamin borclu ilə birlikdə əsas borc, faizlər və öhdəliyin lazımınca icra edilməməsinin digər nəticələri üzrə eyni həcmdə məsuliyyət daşıyır. Bu baxımdan, birinci instansiya məhkəməsinin borcalan və zaminin birgə məsuliyyətinə dair hüquqi qiymətləndirməsi düzgündür.

41. Tərəflər arasında 300 000 manat kredit vəsaitinin borcalana verilməsi, borcalan tərəfindən ödənişlərin edilməsi, habelə həmin ödənişlərin tarixləri və məbləğləri barədə mübahisə yoxdur. Cavabdehin etirazı məhkəmənin ekspert rəyini nəzərə almadan 345 886,92 manat pulun tutulması ilə bağlıdır.

42. Kollegiya qeyd edir ki, məhkəmə-mühasibatlıq ekspertizası zamanı ekspert hesabdan çıxarışda əks olunmuş əməliyyatları, edilmiş ödənişlərin əsas və faiz borclarına silinməsi ardıcıllığını və bankın hesablamalarını araşdırmışdır. Ekspert ##.##.2025-ci il tarixə əsas borcun 292 499,98 manat, faiz borcunun isə 39 585 manat təşkil etdiyini müəyyən etmişdir. Ekspert qarşısında dəbbə pulunun miqdarı ilə bağlı sual qoyulmamışdır.

43. Cavabdeh ekspertin apardığı hesablamalarda konkret hansı əməliyyatın və ya ödənişin yanlış nəzərə alındığını göstərməmiş, ekspert rəyini təkzib edən alternativ hesablama və ya başqa mötəbər sübut təqdim etməmişdir. Ekspert rəyi məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəyə malik olmasa da, rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi arasında ziddiyyət müəyyən edilmir və həmin nəticələri təkzib edən sübut mövcud deyildir. Buna görə ekspert rəyinin MPM-in 88-ci maddəsinə uyğun olaraq digər sübutlarla birlikdə əsas götürülməsi qanunidir.

44. Ekspert rəyində əsas borc iddia ərizəsində tələb edilən 291 666,67 manatdan daha yüksək müəyyən edildiyindən, birinci instansiya məhkəməsi iddia tələbinin həddini nəzərə alaraq əsas borcu tələb olunan məbləğdə tutmuşdur. Faiz borcu isə bankın tələb etdiyi 41 430,89 manatdan ekspert rəyində müəyyən olunmuş 39 585 manatadək azaldılmışdır. Beləliklə, apellyasiya şikayətinin ekspert rəyinin nəzərə alınmaması barədə dəlili iş materialları ilə açıq şəkildə təkzib olunur.

45. Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin ekspert rəyinin nəzərə alınmaması barədə dəlili qətnamə ilə tutulan məbləğin tərkibinin düzgün nəzərə alınmamasından irəli gəlir. Belə ki, ekspert rəyində ##.##.2025-ci il tarixinə 292 499,98 manat əsas və 39 585 manat faiz borcu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi əsas borc üzrə iddia tələbinin həddindən kənara çıxmayaraq 291 666,67 manat əsas borcun, ekspert rəyinə uyğun olaraq 39 585 manat faiz borcunun, habelə 14 000 manat dəbbə pulunun və 635,25 manat dövlət rüsumunun tutulmasını qət etmişdir. Beləliklə, qətnamə ilə tutulan 345 886,92 manatın ekspert rəyində göstərilən əsas və faiz borclarının cəmindən artıq olması ekspert rəyinin nəzərə alınmaması ilə deyil, həmin məbləğə dəbbə pulu və məhkəmə xərcinin də daxil edilməsi ilə bağlıdır.

46. Dəbbə pulunun hesablanması həm əsas kredit müqaviləsində, həm də əlavə kredit müqaviləsində nəzərdə tutulmuşdur. Müqavilə şərtlərinə əsasən, kreditin və ona hesablanmış faizlərin ödənilməsi üç təqvim günündən çox gecikdirildikdə, gecikmənin dördüncü günündən etibarən gecikdirilmiş məbləğin gündəlik 0,5 faizi həcmində dəbbə pulu hesablanır. Iş materiallarından cavabdehin ##.##.2023-cü il tarixdən etibarən ödəniş qrafiki üzrə öhdəliklərini icra etmədiyi müəyyən olunur.

47. Bu baxımdan, yalnız ##.##.2023-cü il tarixdə ödənilməli olan 10 222,23 manat aylıq ödəniş üzrə müqavilədə müəyyən edilmiş dərəcənin 584 günlük gecikmə müddətinə tətbiqi belə birinci instansiya məhkəməsinin tutduğu 14 000 manat dəbbə pulundan əhəmiyyətli dərəcədə yüksək məbləğ yaradır. Buna görə birinci instansiya məhkəməsinin 14 000 manat dəbbə pulu tutması cavabdehin hüquqlarını pozan və qətnamənin onun xeyrinə dəyişdirilməsini tələb edən hal hesab edilə bilməz.

48. Apellyasiya şikayətində dəbbə pulunun hesablanmasının hüquqi və ya faktiki əsasının olmaması, yaxud onun daha çox azaldılmasını zəruri edən konkret hal barədə ayrıca dəlil irəli sürülməmişdir. Birinci instansiya məhkəməsi tələb olunan 14 583,30 manat dəbbə pulu borcunu cavabdehin xeyrinə 14 000 manatadək azaltmış, iddiaçı isə qətnamənin həmin hissəsindən şikayət verməmişdir. Iş materialları və apellyasiya şikayətinin dəlilləri dəbbə pulunun apellyatorun xeyrinə daha da azaldılması üçün əsas vermir.

49. Kollegiya cavabdehin iddia müddətinin ötürülməsi barədə dəlilini də əsassız hesab edir. Mülki Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, həmin Məcəllənin 377.2-ci maddəsinə görə isə icra müddəti müəyyən edilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Konstitusiya Məhkəməsinin # #### 2013-cü il tarixli qərarına əsasən, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

50. Əlavə kredit müqaviləsi üzrə kreditin son qaytarılma tarixi ##.##.2026-cı il müəyyən edilmişdir. Bununla yanaşı, müqavilənin 2.10 və 2.10.1-ci bəndlərinə əsasən, borcalan kredit və faizlərin ödənilməsi dövriliyini ən azı iki dəfə beş təqvim günündən çox pozduqda bank müqaviləyə vaxtından əvvəl xitam vermək və kreditin bütün qalıq məbləğinin faizlərlə birlikdə qaytarılmasını tələb etmək hüququna malik olmuşdur.

51. Bank ##.##.2025-ci il tarixli bildirişlə cavabdehlərdən yalnız həmin tarixədək vaxtı çatmış ayrı-ayrı ödənişləri deyil, kreditin bütün qalıq əsas borcunun, hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsini tələb etmişdir. Müqavilənin 2.10-cu bəndi kreditin bütün qalıq məbləğinin vaxtından əvvəl tələb edilməsini müqaviləyə vaxtından əvvəl xitam verilməsi ilə əlaqələndirdiyindən, bildirişin hüquqi məzmunu bankın həmin bənddə nəzərdə tutulmuş vaxtından əvvəl xitam hüququndan istifadə etdiyini göstərir.

52. Iddiaçı bundan sonra ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Beləliklə, iddia müddətinin istər müqavilənin əvvəlcədən müəyyən edilmiş son icra tarixindən, istərsə də müqaviləyə vaxtından əvvəl xitam hüququnun həyata keçirildiyi tarixdən hesablanması halında üçillik iddia müddəti ötürülməmişdir. Cavabdehin 2021-ci ildən yaranmış gecikmələrə istinad etməsi bu nəticəni dəyişmir.

53. Kollegiya apellyasiya şikayətinin bankın məhkəməyə gec müraciət etməklə faiz borcunun artmasına şərait yaratması barədə dəlilini də əsaslı hesab etmir. Borc alanın ödəniş qrafiki üzrə öhdəliklərini pozması bankın müqaviləyə dərhal vaxtından əvvəl xitam verməsi və məhkəməyə müraciət etməsi vəzifəsini yaratmır. Əsas və əlavə kredit müqavilələrinin şərtlərinə görə müqaviləyə vaxtından əvvəl xitam vermək və kreditin bütün qalıq məbləğinin ödənilməsini tələb etmək bankın hüququ kimi müəyyən edilmişdir. Kreditorun müqavilədən irəli gələn hüququnu hansı vaxtda həyata keçirməsi onun mülahizəsinə aid olmaqla, bu hüquq qanunla müəyyən edilmiş müddət daxilində həyata keçirilə bilər. Bankın müqavilə üzrə öhdəliyin pozulmasından dərhal sonra vaxtından əvvəl xitam hüququndan istifadə etməməsi borcalanın müqavilə üzrə faiz ödəmək öhdəliyinə özözlüyündə

54. xitam vermir və öhdəliyini icra etməyən borcluya qanunda və müqavilədə nəzərdə tutulmayan üstünlük qazandırmır.

55. Bankın yalnız faiz borcunun artırılması məqsədilə qəsdən hərəkətsiz qalması və bununla hüquqdan sui-istifadə etməsi barədə iş materiallarında sübut yoxdur. Əksinə, faizlər müqavilənin qüvvədə olduğu dövrdə tərəflərin razılaşdırdığı illik dərəcə əsasında hesablanmış, onların məbləği məhkəmə ekspertizası ilə yoxlanılmış və birinci instansiya məhkəməsi tərəfindən ekspert rəyində müəyyən edilmiş həddə tutulmuşdur. Buna görə bankın müqaviləyə daha əvvəl xitam verməməsi hesablanmış faiz borcunun tutulmasından imtina edilməsi və ya həmin borcun azaldılması üçün əsas yaratmır.

56. Kollegiya ipoteka predmetinin ilkin satış qiymətinə dair dəlillərə münasibətdə qeyd edir ki, “Ipoteka haqqında” Qanunun mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş redaksiyasının 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti ipoteka predmetinin likvid qiymətidir. Qanunun 39.3.3-cü maddəsinə görə tərəflər arasında mübahisə olduqda ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

57. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli rəyində ipoteka predmetinin bazar dəyəri 1 055 000 manat, likvid dəyəri isə 897 000 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi ilkin satış qiymətini rəydə göstərilən bazar dəyəri əsasında deyil, qanunun tələbinə uyğun olaraq 897 000 manat təşkil edən likvid dəyər əsasında müəyyən etmişdir.

58. Cavabdeh bu qiymətin əmlakın həqiqi dəyərindən aşağı olduğunu bildirmiş və yeni qiymətləndirmənin aparılmasını tələb etmişdir. Məhkəmə kollegiyası həmin dəlilin yoxlanılması və işin hallarının tam araşdırılması məqsədilə ##.##.2026-cı il tarixli qərardadla ipoteka predmetinin bazar və likvid dəyərinin yenidən müəyyən olunması üçün müstəqil qiymətləndirici cəlb etmişdir.

59. Lakin “X1” MMC-nin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, qiymətləndirici əmlaka baxış keçirilməsi üçün cavabdehə dəfələrlə müraciət etmiş, buna baxmayaraq əmlaka baxış üçün şərait yaradılmamışdır. Cavabdehin nümayəndəsindən də bu məsələdə köməklik göstərilməsi xahiş olunsa da, əmlaka baxış baş tutmamış və məhkəmənin qərardadının icrası mümkün olmamışdır.

60. MPM-in 97.5-ci maddəsi ekspertizanın keçirilməsinə mane olan tərəfin belə prosessual davranışının hüquqi nəticələrini müəyyən edir. Qiymətləndiricinin (mütəxəssis) rəyinin alınmasına mane olmanın nəticələrini birbaşa tənzimləyən ayrıca prosessual norma olmadığından, MPM-in 13.4-cü maddəsinə əsasən münasibətlərin oxşarlığı nəzərə alınmaqla həmin normanın ifadə etdiyi hüquqi yanaşmadan analogiya üzrə istifadə edilə bilər.

61. Bu yanaşma yeni rəyin cavabdehin öz prosessual davranışı nəticəsində əldə edilə bilməməsinin sübutların qiymətləndirilməsi zamanı nəzərə alınmasını tələb edir. Cavabdeh mövcud qiymətləndirmə rəyinin düzgün olmadığını iddia etdiyi halda, həmin dəlilin yoxlanılması üçün məhkəmə tərəfindən yaradılmış imkandan istifadə etməmiş və yeni qiymətləndirmənin aparılmasını mümkünsüz etmişdir.

62. Belə olan halda cavabdeh öz davranışı nəticəsində yeni rəyin əldə olunmamasına istinad etməklə əvvəlki qiymətləndirmənin mötəbərliyini şübhə altına ala bilməz. Şikayətdə cavabdehin sifarişi əsasında mübahisə yaranmazdan əvvəl əldə edilmiş digər qiymətləndirmə rəylərinə istinad edilməsi də ##.##.2025-ci il tarixli rəydə müəyyən olunmuş likvid dəyərin düzgün olmadığını təsdiq etmir. Buna görə birinci instansiya məhkəməsinin ipoteka predmetinin ilkin satış qiymətini 897 000 manat müəyyən etməsinin qanunsuz və ya əsassız hesab olunması üçün əsaslar yoxdur.

63. Beləliklə, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli halları düzgün müəyyən etmiş, əsas və faiz borcunun məbləğini ekspert rəyinin nəticələrinə və iddia tələbinin həddinə uyğun müəyyənləşdirmiş, iddia müddəti barədə ərizəyə düzgün hüquqi qiymət vermiş, habelə tutmanın ipoteka predmetinə yönəldilməsi və onun ilkin satış qiymətinin müəyyən edilməsi zamanı maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas vermir.

64. Buna görə apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

65. Apellyasiya şikayəti təmin edilmədiyindən, onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu MPM-in 119.1 və 119.5-ci maddələrinə əsasən apellyatorun özünə aid edilməlidir.

66. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar