Məhkəmə qərarları › İş №2-2(3-6)-272/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-272/2026

15.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-272/2026 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “qeyri-yaşayış sahəsinin boşaldılmaqla təhvil verilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: icarə müqaviləsi, müqavilənin mühüm şərtləri, sübutetmə, sübutların mötəbərliyi, iddia müddəti) hakimlər X5 (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X2 iştirakı ilə Iddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “qeyri-yaşayış sahəsinin boşaldılmaqla təhvil verilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları

1. Azərbaycan Respublikası Bakı Şəhər Icra Hakimiyyətinin Başçısının *** №-li ##.##.2007-ci il tarixli Sərəncamına əsasən “xxxx” firmasına, “xxxx” firmasına və “xxxx” firmasına torpaq sahəsinin ayrılmasını nəzərə alaraq, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənub-şərqi, Bakı-Salyan-Lökbatan dairəvi yolayrıcının qərbində ticarət mərkəzlərinin tikintisinin layihələndirilməsi üçün 60,0 ha torpaq sahəsi, icarə əsasında həmin firmaların istifadəsinə verilmişdir.

2. Azərbaycan Respublikası Bakı Şəhər Icra Hakimiyyətinin Başçısının *** №-li ##.##.2021-ci il tarixli Sərəncamına əsasən Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənubşərqi, Bakı-Salyan-Lökbatan dairəvi yolayrıcının qərbində ticarət mərkəzlərinin tikintisi məqsədilə torpaq sahəsinin ayrılması haqqında Bakı Şəhər Icra Hakimiyyəti başçısının ##.##.2007-ci il tarixli, *** nömrəli, ##.##.2009-cu il tarixli, *** nömrəli və ##.##.2012-ci il tarixli, *** nömrəli Sərəncamları və aparılmış müvafiq sənədləşmə işləri “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına rəsmiləşdirilmişdir.

3. Azərbaycan Respublikası Bakı Şəhər Icra Hakimiyyəti ilə “xxxx” MMC arasında **** №-li ## #### 2007-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Müqavilənin: 1.1-ci bəndinə əsasən “Icarəyəverən” icarə əsasında sahəsi 200000 (iki yüz min) kv.m olan torpaq sahəsini “Icarəçi”-yə 49 il müddətinə istfadəsinə verir, “Icarəçi” isə onu qəbul edir. 1.3-cü bəndinə əsasən torpaq səhəsi ticarət mərkəzinin tikintisi üçün verilir.

4. İddiaçı ilə “xxxx” MMC arasında ##.##.2008-ci il tarixli “Icarə müqaviləsi” bağlanmışdır. Müqavilənin: 2.1-ci bəndinə əsasən Icarədarın vəzifələri: Müqavilənin 2.2-ci bəndinə əsasən “Yeni Bazar” ticarət kompleksində fiziki şəxslərə işləmək üçün anbar, mağaza, iaşə obyektləri tikmək. 2.3-cü bəndinə əsasən “Yeni Bazar” ticarət kompleksinin tikintisi başa çatdıqdan sonra orada ümumi sahəsi 960 kv.m. olan anbar icarəçiyə icarəyə vermək, anbar icarəçiyə müddətsiz verilir. 2.4-cü bəndinə əsasən icarəçi icarə haqqını vaxtlı vaxtında ödəməsinə görə icarədar qarşısında məsuliyyət daşıyır. Müqavilənin 2.1-ci bəndinə əsasən Icarəçinin vəzifələri: 2.2-ci bəndinə əsasən “Yeni Bazar” ticarət kompleksində 960 kv.m anbar icarəyə götürür. 2.3-cü bəndinə əsasən icarəçi vergi orqanları qarşısında vergi öhdəliklərinə görə cavabdehlik daşıyır.

5. ****** №-li ##.##.2008-ci il tarixli X3 əsasən İddiaçı tərəfindən “xxxx” MMC-nin hesabına 432000 manat məbləğində ödəniş edilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

6. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbi təmin edilməklə, cavabdeh “xxxx” MMC tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində “Binə Ticarət Mərkəzi” kompleksində “Yeni Bazar” ticarət kompleksi ərazisində inşa edilmiş 12 ədəd 80 kv.m-lik olmaqla, ümumilikdə 960 kv.m-lik qeyri-yaşayış sahələrinin (anbarların) boşaldılmaqla iddiaçı İddiaçı təhvil verilməsi; - həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdeh “xxxx” MMC-dən tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ##.##.2008-ci il tarixdə “xxxx” Firmasının təsisçisi (təmsilçisi) olaraq Kəbirə Məmmədova ilə iddiaçı İddiaçı arasında “Binə Ticarət Mərkəzi” kompleksində “Yeni Bazar” ticarət kompleksi ərazisində 432.000 manat məbləğində pulu əvvəlcədən ödənilməklə 12 ədəd 80 kv.m-lik olmaqla, ümumilikdə 960 kv.m-lik anbarların tikintisi başa çatdıqdan sonra müddətsiz olaraq icarəyə veriləcəyinə dar müqavilə bağlanmışdır. Lakin müqavilə bağlandığı andan hal-hazıradək 17 ildən də artıq müddət keçməsinə baxmayaraq tərəflər arasında olan razılaşma icra olunmamış və həmin obyektlər iddiaçıya təhvil verilməmişdir. Bununlada icarədar (cavabdeh) edilən xəbərdarlıqlara məhəl qoymamış və icarəçinin sərəncamında (mülkiyyətində) olan qeyri-yaşayış sahələrini özündə saxlayaraq təhvil verməməklə, qazanc əldə edərək sonuncunu mülki dövriyyə iştirakçısı olaraq əlverişsiz vəziyyətə salmış və ümid etdiyi gəlirlərdən məhrum etmişdir. Iddiaçı pozulmuş hüquqlarının bərpası məqsədi ilə hazırda məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

8. Cavabdehin nümayəndəsinin iddia tələbinə dair etirazı onunla əsaslandırılmışdır ki, həmin iş üzrə iddiaçı İddiaçı “xxxx” MMC-yə qarşı ##.##.2008-ci il tarixli “Icarə müqaviləsi” üzrə 12 ədəd 80 kvadrat metrlik, ümumilikdə 960 kv.metrlik qeyri-yaşayış sahəsinin boşaldılmaqla ona təhvil verilməsi tələdinə dair məhkəməyə iddia ərizəsi vermişdir. Həmin iş üzrə iddiaçı İddiaçı “xxxx” MMCnə qarşı iddia tələbinə dair bildirmişdir ki, həmin iddia tələbi əsassızdır. Odur ki, iddia müddətinin tədbiq edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbinə iddia müddəti tətbiq olunmalıdır, çünki iddia müddəti ötürülmüşdür. 432.000 manat ödənişlə bağlı cavabdehdə heç məlumat yoxdur, cavabdeh şirkətin möhürü və blankın olması şübhə doğurur. Ödəniş olsa belə ona da iddia müddəti tətbiq olunmalıdır. Iddiaçı 17 il ərzində tələb irəli sürməmişdir. Həmin ərazidə təxmini 1000- dən çox obyekt olmuşdur və sərəncamlara əsasən Bakı Şəhər Icra Hakimiyyətinin sərəncamına əsasən “xxxx” MMC-nin sahibliyində olmuşdur. Tikinti aparıldıqdan sonra üç şirkət birləşdirilmişdir, digər şirkətlər bizim xeyrimizə sahiblikdən imtina etmiş və “xxxx” MMC yaradılmışdır.

11. Birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

12. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Birincisi, məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş ##.##.2008-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, həmin müqavilənin adı və məzmunu icarə münasibətlərinə aid edilsə də, lakin dəqiq olaraq hansı ünvanda, hansı əmlakın (neçə mərtəbəli, təmirli və ya təmirsiz və sair xüsusiyyətlər) və aylıq olaraq hansı icarə haqqı ilə icarəyə verilməsi və ödəniş qaydası müəyyən edilmir (MM-nin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur). Göründüyü kimi icarə münasibətlərində icarə predmeti və icarə haqqı müqavilənin mühüm şərtləri hesab edilir. (405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır). Ikincisi, məhkəmə araşdırılması zamanı məhkəmə tərəfindən iddiaçının nümayəndəsindən həmin müqavilənin əslinin məhkəməyə təqdim edilməsi təklif edilsə də, müqavilənin əsli təqdim edilməmişdir (yazılı sübutun mötəbərliyi mübahisə doğurursa MPM-nin 89.3-cü maddəsinə əsasən sübutun əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir). Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında müqavilənin bütün mühüm şərtləri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada razılıq əldə olunmadığı üçün müqavilə bağlanmış hesab edilə bilməz. Iddiaçının məhkəməyə təqdim etdiyi 432000 manat dəyərində X3 gəldikdə isə məhkəmə qeyd edir ki, birincisi, həmin qəbzin də əsli məhkəməyə təqdim edilməmişdir, ikincisi, həmin ödənişin məhz ##.##.2008-ci il tarixli icarə müqaviləsinə əsasən ödənildiyi müəyyən edilmir, nə də ki, müqavilənin məzmununda həmin məbləğə istinad edilmir. Iddiaçının nümayəndəsinin “həmin məbləğin əvvəlcədən icarə haqqı kimi və məhz həmin müqaviləyə görə ödənilməsi” arqumenti digər hər-hansı sübutlar ilə təsdiq edilmədiyi və cavabdeh tərəfindəndən də təsdiq edilmədiyi üçün məhkəmə tərəfindən əsaslı hesab edilə bilməz. Digər tərəfdən, ##.##.2008-ci il tarixli “icarə müqaviləsi” mötəbər və etibarlı müqavilə kimi qəbul edildiyi halda belə iddia ərizəsi təmin edilə bilməz. Belə ki, müqavilə 2008-ci il tarixində bağlanmış hesab edildiyi halda, iddiaçı iddia ərizəsi ilə ##.##.2025-ci il tarixində məhkəməyə müraciət etmişdir. Belə ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir və məhkəmə cavabdehin həmin ərizəsini də əsaslı hesab edir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Iş materiallarından görünür ki, tərəflər arasında müqavilə ##.##.2008-ci il tarixində bağlanmış və iddiaçı isə iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

13. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 372.1, 372.2, 373.2, 375.2, 377.1, 377.2, 377.3, 378, 380.1, 385.1, 390.1, 405.1, 427.3, 442, 443.1, 448.1, 675, 700.1, 700.3-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 89.3, 119.1, 124.2, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» ## ###### 2001-ci il tarixli qərarı, Insan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə # #### 2009-cu il tarixli qərarı, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Hark Niderlanda qarşı” ## ##### 1994-cü il tarixli qərarına istinad etmişdir.

14. Iddiaçının nümayəndəsi (vəkili) qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, işin hallarına uyğun gəlməyən qərar çıxardığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahat

16. Iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

17. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

19. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

20. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

21. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

24. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

25. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

26. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

27. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

28. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

29. Maddə 700.1. Icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

30. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

40. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

41. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

42. Qeyd olunmalıdır ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.

43. Məhkəmə düzgün olaraq vurğulamışdır ki, iddiaçı tərəfindən cavabdeh ilə ##.##.2008-ci il tarixdə bağlandığı iddia edilən müqaviləyə əsasən müəyyən pul vəsaitinin ödənildiyi göstərilsə də, həmin müqavilənin məzmunu üzrə icarə münasibətlərinin əsas şərtləri – konkret olaraq icarəyə verilən əmlakın dəqiq müəyyən olunması (ünvanı, xüsusiyyətləri, sahəsi və s.), icarə haqqının məbləği və ödənilmə qaydası aydın və müəyyən edilmiş şəkildə öz əksini tapmamışdır.

44. Eyni zamanda, iddiaçı tərəfindən təqdim edilmiş 432.000 manat məbləğində kassa mədaxil orderi ödəniş faktını təsdiq etsə də, həmin ödənişin konkret olaraq hansı hüquqi əsasla, hansı müqavilə öhdəliyinin icrası kimi həyata keçirildiyi sübuta yetirilməmişdir. Müqavilənin əsli məhkəməyə təqdim edilməmiş, yalnız surətinə istinad edilmişdir ki, bu da sübutların mötəbərliyi baxımından yetərli hesab edilə bilməz.

45. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. Tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Iddiaçı, iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.

46. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

47. Bu baxımdan kollegiya birinci instansiyası məhkəməsinin müqavilənin hüquqi qüvvəsi ilə bağlı gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördüncüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir.

48. Digər tərəfdən, cavabdeh tərəfindən iddia müddətinin keçməsi barədə irəli sürülmüş etiraz da işin hallarına uyğun olaraq əsaslıdır. Belə ki, iddiaçı uzun müddət – təxminən 17 il ərzində hüquqlarının pozulduğunu iddia etsə də, bu müddət ərzində məhkəməyə müraciət etməmiş, bununla da qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür.

49. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

50. Apellyasiya şikayətinin dəlilləri isə formal xarakter daşıyaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsassızlığını təsdiq etmir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır və onun dəyişdirilməsi üçün hüquqi əsaslar mövcud deyildir.

51. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDI:

Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar