Məhkəmə qərarları › İş №2-2(3-6)-275/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-275/2026

22.04.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-275/2026 22.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: daşıma müqaviləsi, sahibkarın riski) hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi ilə, iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları

1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış ##.##.2025-ci il tarixli, 2201/004/2025№-li daşıma müqaviləsinə əsasən: Müqavilənin 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən Icraçı Sifarişçinin mallarını (müvafiq mallar) soyuducu sistemlə təchiz edilmiş yük maşınları ilə Azərbaycan Respublikası daxilində və xaricində müvafiq məntəqələrə daşıyır, Sifarişçi isə həmin malları qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada nəqliyyat xidmətinin dəyərini Icraçıya ödəyir. 1.2-ci bəndinə əsasən daşınma şərtləri, təyinat məntəqələri, daşınacaq malların həcmi, çeşidi, qiyməti, tərkibi və digər əlamət və xarakterik xüsusiyyətləri, o cümlədən ödəniş şərtləri və çatdırılma müddəti bu müqavilənin tərkib hissəsi olan Əlavə razılaşmalarla müəyyən olunacaqdır. 2.1-ci bəndinə əsasən icraçının aşağıdakı hüquqları vardır: 2.1.1-ci bəndinə əsasən müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini Sifarişçidən tələb etmək; 2.1.2-ci bəndinə əsasən müqavilə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqlar. 2.1.3-cü bəndinə əsasən yüklənən mallara aid müvafiq sənədləri tələb etmək (mənşə sertifikatı və digər müvafiq sənədlər, əgər varsa). 2.1.4-cü bəndinə əsasən daşınan yüklərin Tempuratur rejmi ilə bağlı Sifarişçi Icraçıya yazılı qaydada müvafiq bildiriş təlimatı verməlidir. 2.2-ci bəndinə əsasən icraçının aşağıdakı vəzifələri vardır: 2.2.1-ci bəndinə əsasən mal yükləndikdən sonra təyinat nöqtəsində təhvil verilənə qədər bütün məsuliyyət Icraçı üzərindədir. 2.2.2-ci bəndinə əsasən icraçı yüklənmiş malı müəyyən edilmiş vaxt və Sifarişçi tərəfindən yazılı formada Icraçıya təqdim olunmuş saxlama temperaturu şərtləri daxilində təyinat nöqtəsinə çatdırmağı öz öhdəsinə götürür. Müqavilənin 2.2.3-cü bəndinə əsasən müqavilənin 2.2.3-cü bəndi lazımi şəkildə yerinə yetirilmədiyi təqdirdə Icraçı mallara ekspertiza qurumunun müvafiq rəyi ilə dəymiş zərəri invoys dəyəri əsasında 30 iş günü ərzində Sifarişçiyə ödəyir. 2.3-cü bəndinə əsasən sifarişçinin aşağıdakı hüquqları vardır: 2.3.1-ci bəndinə əsasən əgər Icraçı daşınmış malları Sifarişçiyə verməkdən imtina edirsə, Müqavilənin icrasından imtina edərsə razılaşdırılmış daşıma qiymətinin 10% əlavə istehsal xərcləri kimi Sifarişçi tərəfindən “Icraçıya”ya ödənilməlidir. 2.3.2-ci bəndinə əsasən icraçı Sifarişçi tərəfindən və aidiyyatı orqanlar tərəfindən qoyulmuş plomblun toxunulmamamzlığına və qorunmasına məsuliyyət daşıyır. Plobun pozulmasında müvafiq nöqsanlar aşkarlanarsa çatışmayan malların invoys dəyəri həcmində Icraçı məsuliyyət daşıyır. 2.4-cü bəndinə əsasən sifarişçinin aşağıdakı vəzifələri vardır: 2.4.1-ci bəndinə əsasən malların yük maşınına yüklənməsini təmin etmək. 2.4.2-ci bəndinə əsasən bu müqavilə əsasında müəyyənləşdirilmiş pul məbləğinin 30 % hissəsini əvvəlcədən (avans kimi), qalan məbləği isə mallar təhvil verildikdən sonra Icraçıya ödəmək; 2.4.3-cü bəndinə əsasən bu Müqavilə və onun Əlavələri ilə daşman malların vaxtında çatdırılmasını tələb etmək; 2.4.4-cü bəndinə əsasən bu Müqavilə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələr. 2.4.5-ci bəndinə əsasən sifarişçi Yükləmə (boşaltma) zamanı nəqliyyat vasitəsinin boş dayanmasına yol verməmək, Norma üzrə boş dayanma 48 saatdan artıq olmamalıdırlar, əks hala hər gün üçün Icraçıya 100 usd (qiymət təklifinin valyutasına əsasən) sifarişçi tərəfindən ödəniləcəkdir. 3.2.8-cı bəndinə əsasən sifarişi tərəfindən Yükün düzgün sənədləşdirilməməsi üzündən Respublika sərhəddindən buraxılmadıqda gömrük orqanlarında məsələni nizamlamaq, səndləşmə düzgün tərtib edilmədiyinə görə dayanma günlərinə görə Icraçıya 100 dolları cərimə ödəmək. 3.1-ci bəndinə əsasən icraçı Müqaviləyə uyğun olaraq Sifarişçi tərəfindən mallar yükləndikdən sonra Əlavədə göstərilən təyinat məntəqəsində qeyd edilmiş müddət ərzində malları Sifarişçiyə təhvil verməyi öhdəsinə götürür. 3.2-ci bəndinə əsasən icraçı malların təhvil verilməsi ilə birlikdə hesab-fakturanı və digər zəruri sənədləri Sifarişçiyə təqdim etməlidir. 4.1-ci bəndinə əsasən bu müqavilə üzrə ödəniş 100% həcmində mallar təhvil verildikdən sonrakı 30 iş günündən gec olmayaraq Icraçıya ödənilir. Əks halda hər gecikən gün üçün ümumi məbləğin 0.5 faizi həcmində Icraşıya Sifarişçi tərəfindən dəbbə pulu ödənəcəkdir. 4.2-ci bəndinə əsasən malların Sifarişçiyə təhvil verilməsi ilə bağlı öhdəlik Icraçı tərəfindən lazımınca yerinə yetirilmədikdə və bu hal müvafiq sənədlərdə öz əksini tapmaqla Sifarişçi tərəfində Icraçıya 10 iş günü ərzində yazılı şəkildə bildirilərsə, Sifarişçi həmin öhdəlik lazımınca icra olunanadək ödənişin həyata keçirilməsini təxirə salmaq hüququna malikdir.

2. Iddiaçı tərəfindən göstərilmiş daşıma xidmətinə dair ##.##.2025-ci il tarixli (seriya: MT2501) ******** saylı daşıma xidmətinə görə 5100 manat məbləğində, boş dayanmaya görə 170 manat məbləğində, ##.##.2025-ci il tarixli (seriya: MT2501) ******** saylı daşıma xidmətinə görə 4930 manat məbləğində, ##.##.2025-ci il tarixli (seriya: MT2501) ******** saylı daşıma xidmətinə görə 4930 manat məbləğində e-qaimlər cavabdehə göndərilmişdir.

3. *** nömrəli CMR (beynəlxalq qaiməyə) əsasən Cavabdeh MMC-nin yükü ##.##.2024-cü il tarixində, *** nömrəli CMR (beynəlxalq qaiməyə) əsasən Cavabdeh MMC-nin yükü ##.##.2025-ci il tarixində, *** nömrəli CMR (beynəlxalq qaiməyə) əsasən Cavabdeh MMC-nin yükü ##.##.2025-ci il tarixində Moskva şəhərinə çatdırılmışdır. Daşımanın həyata keçirilməsi ilə bağlı CMR-lər (beynəlxalq qaimələr) cavabdeh Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir.

4. ##.##.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh MMC-nin "xxxx" MMC-yə ##.##.2025-ci il tarixə olan borc məbləği 15130 manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

5. Iddiaçı İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ASC ilə iddiaçı İddiaçı MMC (VÖEN7-70718231) arasında xidmətinin göstərilməsinə dair ##.##.2025-ci il tarixli, 002/2025№-li müqaviləsinə əsasən olan əsas borc 15.130 AZN (on beş min bir yüz otuz), 5000 dəbbə pulu ödənişi ümumilikdə 20130 AZN (iyirmi min bir yüz otuz) borcun, və ödənilmiş 152 azn dövlət rüsumun alınaraq iddiaçı İddiaçı MMC (VÖEN7-70718231) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh ASC ilə iddiaçı İddiaçı MMC (VÖEN770718231) arasında Alqı-Satqı müqaviləsinə əsasən xidmətinin göstərilməsinə dair ## ###### 2025-ci il tarixli, ****/***/**** nömrəli daşıma müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh ASC-nin verdiyi sifarişlər əsasında daşıyıcı İddiaçı MMC daşıma müqaviləsinə qeyd edilən malların daşıma xidmətini yerinə yetirilməsini təşkil edir və bu xidmət müqabilində sifarişçi Cavabdeh ASC satıcıya malın dəyərini ödəyir. Bu müqavilə üzrə ödəniş Azərbaycan manatı ilə həyata keçirilir. Bu müqaviləyə əsasən Alıcı Satıcının hesabına 10 gün ərzində ödənişi etməlidir. Lakin Sifarişçi Cavabdeh ASC hazırki vaxtadək üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və iddiaçı xxxx (VÖEN-770718231) olan əsas borc 15.130 AZN (on beş min bir yüz otuz) ödənilməyən günlər üçün hesablanmış 5000 (beş min) dəbbə pulunun ödənişi bu günədək həyata keçirməmişdir. Göründüyü kimi, cavabdeh müqavilə öhdəliklərini tam yerinə yetirməmiş və öhdəliklərin icrasından imtina üçün heç bir əsası olmamışdır.

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, MTT barədə ərizə verildikdən sonra cavabdeh tərəfindən ödəniş olunmamışdır. Bu müqavilədən əvvəl də tərəflər arasında əməkdaşlıq mövcud olmuşdur, əvvəlki əməkdaşlığa dair ödəniş sənədləri sistemə əlavə olunmuşur. Iddia tələbi ## ###### 2025-ci il tarixli, # ###### 2025-ci il tarixli, 27 yanvar tarixli 3 qaimə üzrədir. Boş dayanma ilə bağlı sübutumuz yoxdur, sürücü çeki itirib, lakin qarşı tərəf bu halı inkar etmir. Iş üzrə 3 CMR mövcuddur.

8. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

9. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Cavabdeh MMC-dən 14960 manat əsas borc, 750 manat dəbbə pulu olmaqla, cəmi 15708 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 137 manat tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

 Işdən göründüyü kimi iddiaçı ilə cavabdeh arasında ##.##.2025-ci il tarixli daşıma müqaviləsi bağlanmış və müqavilənin Müqavilənin 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən Icraçı Sifarişçinin mallarını (müvafiq mallar) soyuducu sistemlə təchiz edilmiş yük maşınları ilə Azərbaycan Respublikası daxilində və xaricində müvafiq məntəqələrə daşıyır, Sifarişçi isə həmin malları qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada nəqliyyat xidmətinin dəyərini Icraçıya ödəyir. Iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər icra edilsə də, cavabdehin həmin xidmətlərə görə iddiaçıya ödənilməmiş borcu qalmışdır. Cavabdehin EMIS-də elektron kabinetinin olmasına baxmayaraq iddiaya dair hər hansı yazılı və ya məhkəmə iclaslarında iştirak edərək şifahi etirazını bildirməmişdir. Yalnız iddiaçı tərəfindən müvəqqəti təminat tədbiri barədə ərizə ilə müraciət etdikdən və məhkəmə tərəfindən təmin edildikdən sonra həmin qərardaddan şikayət vermişdir.  Iddiaçı 15130 manat məbləğində əsas borcun tutulmasını xahiş etmişdir və izahatından və e-qaimələrdən müəyyən edildi ki, daşıma xidmətlərinə görə yaranmış borc məbləği 14960 manat və müqaviləyə əsasən boşdayanmaya görə 170 manat tələb olunur. Lakin, məhkəmə qeyd edir ki, daşıma xidmətinin göstərilməsi iş materialları ilə öz təsdiqin tapsa da, müqavilənin 2.4.5-ci bəndinə əsasən sifarişçinin təqsiri üzündən 48 saatdan artıq boşdayanmanın baş verməsini sübut edəcək hər-hansı sənəd məhkəməyə təqdim edilməmişdir.  Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan 14960 manat borc məbləği təqdim olunmuş sübutlarla – müqavilə, CMR, elektron qaimələr ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 14960 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur. 170 manat boşdayanma xərci sübuta yetirilmədiyi üçün, həmin hissədə iddia rədd edilməlidir.  Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.  Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu müqavilə üzrə 750 manat məbləğində müəyyən edilməlidir.  Məhkəmə xərcinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cəmi 152 manat dövlət rüsumu ödənilmişdir.  Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 137 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

11. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 390.1, 427.3, 462.1, 467, 850.1, 850.2, 851, 852.1-ci maddələrinə istinad etmişdir.

12. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmiş, şikayətində qeyd etmişdir ki, tərəflər arasındakı razılaşmada qiymətlər müəyyən edilməmişdir.

Apellyasiya şikayətinə qarşı etiraz

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahat

14. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir

16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

19. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

21. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

22. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

23. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

24. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

25. Maddə 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

26. Maddə 854.1. Yük daşınması müqaviləsi və onun həyata keçirilməsi formulyar şəklində tərtib edilən sənədlə (qaimə ilə) təsdiq edilə bilər. Əksi sübuta yetirilənədək qaimə aşağıdakıları təsdiq edir: 854.1.1. yük göndərən ilə daşıyıcı arasında müqavilə; 854.1.2. bir və ya bir neçə daşıyıcı tərəfindən yükün daşımaya qəbul olunması; 854.1.3. yük alan tərəfindən yükün qəbul edilməsi; 854.1.4. müqavilə iştirakçılarından birinin bəyan etdiyi reklamasiyalar və ya qeyd-şərtlər; 854.1.5. yük göndərənin və ya yük alanın yükə dair sərəncam vermək hüququ; 854.1.6. daşıyıcının yükə girov hüququ.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2021-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”

27. Bənd 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.

28. Bənd 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.

29. Bənd 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.

30. Bənd 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.

31. Bənd 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaiməfaktura proqram təminatı tərəfindən təsdiq edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

40. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddia tələbinin təmin olunan hissəsində yoxlanılması təşkil edir. Belə ki, iddia tələbi qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, cavabdeh isə faktiki olaraq həmin hissəsində qətnaməni mübahisələndirmişdir.

Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

41. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir (mübahisələndirilən hissədə).

42. Mülki (kommersiya) mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

43. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının ## ######## 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2018-ci il tarixli Qərarı).

44. Işin faktiki hallarından müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında ##.##.2025-ci il tarixli, 2201/004/2025№-li daşıma müqaviləsi bağlanmışdır. *** nömrəli CMR (beynəlxalq qaiməyə) əsasən Cavabdeh MMC-nin yükü ##.##.2024-cü il tarixində, *** nömrəli CMR (beynəlxalq qaiməyə) əsasən Cavabdeh MMC-nin yükü ##.##.2025-ci il tarixində, *** nömrəli CMR (beynəlxalq qaiməyə) əsasən Cavabdeh MMCnin yükü ##.##.2025-ci il tarixində Moskva şəhərinə çatdırılmışdır. Daşımanın həyata keçirilməsi ilə bağlı CMR-lər (beynəlxalq qaimələr) cavabdeh Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir.

45. Iddiaçı tərəfindən göstərilmiş daşıma xidmətinə dair ##.##.2025-ci il tarixli (seriya: MT2501) ******** saylı daşıma xidmətinə görə 5100 manat məbləğində, boş dayanmaya görə 170 manat məbləğində, ##.##.2025-ci il tarixli (seriya: MT2501) ******** saylı daşıma xidmətinə görə 4930 manat məbləğində, ##.##.2025-ci il tarixli (seriya: MT2501) ******** saylı daşıma xidmətinə görə 4930 manat məbləğində elektron qaimlər cavabdehə göndərilmişdir.

46. Cavabdeh iddiaçı tərəfindən müqavilə üzrə daşıma xidmətinin göstərildiyini təsdiq edən sənədlərin mövcud olmadığını bildirsə də, iddiaçının təqdim etdiyi elektron qaimələrdən, elektron beynəlxalq əmtəə-nəqliyyat qaimələrindən (CMR-lərdən) görünür ki, göndərilən yüklər mal sahibi olaraq cavabdehin sifarişi əsasında Moskva şəhərinə çatdırılmışdır – hansı ki, bu sənədlər əksi sübuta yetirilənədək yük göndərən ilə daşıyıcı arasında müqaviləni, bir və ya bir neçə daşıyıcı tərəfindən yükün daşımaya qəbul olunmasını və yük alan tərəfindən yükün qəbul edilməsini təsdiq edir (§ 25).

47. Beləliklə, birinci instansiya məhkəməsi haqlı olaraq o nəticəyə gəlmişdir ki, iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək cavabdehin sifarişi əsasında sonuncuya yükdaşıma xidmətləri göstərmiş, lakin cavabdeh həmin xidmətlərin ödənişini həyata keçirməmiş, nəticədə iddiaçıya daşıma xidmətlərinə görə borcu yaranmışdır.

48. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, borc məbləği düzgün hesablanmamışdır.

49. Kollegiya cavabdehin qeyd edilən dəlillərini əsassız hesab edir.

50. Belə ki, cavabdeh hazırkı öhdəlik münasibətləri çərçivəsində borclu kimi öz riskinə daxil olan bütün hallar üçün məsuliyyət daşıyır (§ 20). Bu müstəvidə kollegiya xüsusilə onu qeyd edir ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Başqa sözlə, sahibkarlıq fəaliyyətinin üç xüsusiyyəti var: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması (§ 14). Eyni zamanda, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 133.1-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ## ######## 2004-cü il Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə sahibkarlıq fəaliyyəti mahiyyət etibarı ilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən növlər üzrə sahibkarın riski ilə həyata keçirilən, məhz müstəqil bir fəaliyyətdir.

51. Kollegiya qeyd edir ki, işin yuxarıda qeyd edilən hallarından da göründüyü kimi cavabdehə elektron qaimə göndərilmiş, elektron qaimələr təsdiq edilmiş, həmin qaimələrə cavabdeh tərəfindən hər hansı etiraz verilməmiş və ya qaimələrə düzəliş edilməsi üçün müraciət edilməmişdir.

52. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2021-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.13-cü bəndində göstərilmişdir ki, “Mallar (işlər, xidmətlər) sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırmış, yaxud ləğv prosesində olan şəxslərə göndərildikdə, göndərilmiş elektron qaimə-faktura qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününün axırınadək təsdiq edilməlidir. Elektron qaimə-faktura həmin müddətdə təsdiq edilmədikdə, proqram təminatı vasitəsilə ləğv edilir və göndərilməmiş hesab olunur. Elektron qaimə-faktura ayın sonuncu günü göndərildiyi halda elektron qaimə-fakturanı göndərərkən alan şəxs tərəfindən həmin gün təsdiq edilməyəcəyi təqdirdə elektron qaimə-fakturanın proqram təminatı tərəfindən ləğv ediləcəyi barədə Portalda xəbərdarlıq xarakterli bildiriş verilir. Sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırmış, yaxud ləğv prosesində olan şəxslərə göndərilən elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edildikdə, elektron qaimə-fakturanı göndərən şəxsə bu barədə xəbərdarlıq xarakterli bildiriş göndərilir”. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs olaraq, təsdiq etdiyi və mübahisələndirmədiyi elektronqaimələrin

53. hüquqi nəticələri ilə bağlı risk daşıyır.

54. Kollegiya onu da qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü və 425-ci maddələrinin mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

55. Kollegiya hesab edir ki, işə baxan məhkəmə cavabdehdən tutulmalı cərimə borcunun məbləğini əsas borca mütənasib şəkildə müəyyən etmişdir.

56. Apellyasiya şikayətinin dəlilləri isə formal xarakter daşıyaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsassızlığını təsdiq etmir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır və onun dəyişdirilməsi üçün hüquqi əsaslar mövcud deyildir.

57. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDI:

Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyator tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar