Məhkəmə qərarları › İş №2-2(3-6)-279/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-279/2026

02.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-279/2026 02.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X3 ibarət tərkibdə, Ismayılova Elnarə Məyiş qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı əşya və pul tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Işin Halları

1. Iddiaçı İddiaçı MMC (“icarəyə verən”) ilə cavabdeh Cavabdeh MMC (“icarəçi”) arasında ## #### 2023-cü il tarixli, № **/****P nömrəli icarə müqaviləsi bağlanmışdır.

2. Həmin Müqavilənin:

3. 1.1-ci bəndinə əsasən icarəyəverən ona məxsus olan əmlakı icarəçinin istifadəsinə verməyi, icarəçi isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə nəzərdə tutulmuş icarə haqqını, daşınma, quraşdırma/sökmə işlərinin ödənişini müəyyən edilmiş vaxtda və qaydada icarəyə verənə ödəməyi öhdəsinə götürür.

4. 2.1-ci bəndinə əsasən aylıq icarə haqqı tərəflərin qarşılıqlı razılığına əsasən bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə müəyyən edilir.

5. 2.3-cü bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir. Icarəyə verən müvafiq avadanlığı icarəyə təhvil verdikdən sonra icarə haqqının hesablanması başlayır.

6. 2.4-cü bəndinə əsasən icarəçi icarə haqqını hər ayın ilk həftəsi növbəti ay üçün tam olaraq icarəyə verənə nağd ödəyir və va hesablaşma hesabına köçürür.

7. 2.5-ci bəndinə əsasən bütün vergilər icarəçi tərəfindən ödənilir. Həmin müqavilənin

8. 3.1.2-ci bəndinə əsasən icarə haqqının vaxtında odənilməsini icarəçidən tələb etmək icarəyəverənin hüququdur.

9. 3.4.2-ci bəndinə əsasən icarəçinin əmlakı bu müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmaq icarəçinin vəzifəsidir.

10. 6.1-ci bəndinə əsasən müqavilə 1 il müddətinə bağlanır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

11. ## #### 2023-cü il tarixli nömrəli icarə müqaviləsinə * saylı əlavədən görünür ki, 3,85 m dəmir dirəyin 1 ədədinin icarə haqqı 0.90 manat müəyyənləşdirilmişdir.

12. ## #### 2023-cü il tarixli nömrəli icarə müqaviləsinə * saylı əlavədən görünür ki, 1 ədəd işlənmiş cilozun 0.30 manat, 1 ədəd ciloz açarının icarə haqqı 15 manat ,çatdırılma xidmətinin 1 reysinin qiyməti 50 manat müəyyənləşdirilmişdir.

13. ##.##.2023-cü il tarixli, * nömrəli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən 1000 ədəd 3,85 m dəmir dirək Cavabdeh MMC-yə təhvil verilmişdir.

14. 12.##.##.2023-cü il tarixli, * nömrəli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən 1500 ədəd işlənmiş ciloz və 2 ədəd ciloz açarı Cavabdeh MMC-yə təhvil verilmişdir.

15. ##.##.2023-cü il tarixli, * nömrəli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən 1600 ədəd işlənmiş ciloz və 1500 ədəd 3,85 m dəmir dirək Cavabdeh MMCyə təhvil verilmişdir. 14

16. ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixə kimi xidmətlər haqqında PR2805- **** nömrəli aktdan görünür ki, İddiaçı MMC tərəfindən göstərilən xidmətlərin dəyəri ƏDV daxil 1751.12 manat təşkil edir.

17. ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixə kimi xidmətlər haqqında PR2805- **** nömrəli aktdan görünür ki, İddiaçı MMC tərəfindən göstərilən xidmətlərin dəyəri ƏDV daxil 1550.34 manat təşkil edir.

18. .##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixə kimi xidmətlər haqqında PR****-**** nömrəli aktdan görünür ki, İddiaçı MMC tərəfindən göstərilən xidmətlərin dəyəri ƏDV daxil 2944.65 manat təşkil edir.

19. .##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixə kimi xidmətlər haqqında PR****-**** nömrəli aktdan görünür ki, İddiaçı MMC tərəfindən göstərilən xidmətlərin dəyəri ƏDV daxil 1550.34 manat təşkil edir.

20. .##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixə kimi xidmətlər haqqında PR****-**** nömrəli aktdan görünür ki, İddiaçı MMC tərəfindən göstərilən xidmətlərin dəyəri ƏDV daxil 3465.41 manat təşkil edir.

21. “xxxx” MMC-nin ## ######## 2025-ci il tarixli LP-***/**** saylı rəyinə əsasən 01 ədəd ciloz açarının bazar qiyməti 20 manat, 01 ədəd cilozun bazar qiyməti 2 manat məbləğində müəyyən edilir.

22. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 gün müddətində ödənilməsi və əmlakların qaytarılması tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

23. Iddiaçı İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, k iddiaçı İddiaçı ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ## #### 2023-cü il tarixli, № **/****P saylı icarə müqaviləsi əsasında yaranmış 13407,29 manat və 2413,31 manat ƏDV borcunun, 2000 manat cərimə borcunun, ümumi dəyəri 1468 manat olan – 4 ədəd ciloz açarı və 1140 ədəd işlənmiş cilozun, hüquqi yardım üçün vəkilə ödənilən 640 (320 manat iddia tələbi və 320 manat Müvəqqəti təminat tədbiri üçün) manat pulun və 165 manat dövlət rüsumunun (150 manat iddia tələbi və 15 manat Müvəqqəti təminat tədbiri üçün) cavabdeh Cavabdeh MMC-dən alınaraq iddiaçı İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında icarə müqaviləsi bağlanmışdır. Icarə müqaviləsinə əlavə olunmuş müvafiq əlavələrdə icarəyə verilən əmlakların qiymətləri tərəfimizdən razılaşdırılmışdır. Iddiaçı müqavilə üzrə öhdəliklər tərəfilərindən tam şəkildə yerinə yetirilərək icarəyə verənə məxsus əmlaklar müvafiq vaxtlarda aktlarla icarəçiyə təhvil verilmişdir. Cavabdeh isə bu müddət ərzində öhdəliyi tam və lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin hazırda bizə müqavilə üzrə 13407,29 manat və 2413,31 manat ƏDV borcu müəyyən edilmişdir. Bundan başqa cavabdehə təhvil verilmiş avadanlıqlardan ümumi dəyəri1468 manat olan – 4 ədəd ciloz açarı və 1140 ədəd işlənmiş ciloz bu günədək geri qaytarılmamışdır. Qeyd edirik ki, iddia tələbinin məhkəməyə verilməsi üçün bir sıra xərclər çəkilmişdir. Həmin xərclərə vəkilə hüquqi yardım üçün ödənilən pullar (iddia tələbinin müdafiəsi üçün 320 manat və müvəqqəti təminat tədbirinə görə 320 manat, cəmi 640 manat) və dövlət rüsumuna ödənilən pullar aiddir. Həmin xərclər də cavabdehdən tutulmalıdır. Bundan başqa, Müqavilənin 5.3-cü maddəsinə əsasən icarəçi Icarə haqqını bu Müqavilə ilə müəyyən edilmiş vaxtda ödəmədikdə və ödənişi 30 gündən artıq müddətə gecikdirdiyi halda, Icarəçi gecikmənin 31-cı günündən başlayaraq (31-cı gün daxil olmaqla) hər gecikdirilmiş gün üçün Icarə haqqının 0,5% miqdarında Icarəyə verənə cərimə ödəyir. Müqavilənin həmin bəndinə əsasən icarəçinin ona xeyli miqdarda cərimə borcu yaranmışdır. Lakin, həmin cərimə borcundan hazırda cəmi 2000 manat tələb edirlər Bununla bağlı cavabdehə pretenziya qaydasında müraciət edərək müqavilə üzrə yaranmış borcun ödənilməsi və əmlakların geri qaytarılması tələb olunması əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Lakin, cavabdeh tərəfindən qeyd olunan tələblər bu günədək yerinə yetirilməmişdir.

25. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini, cavabdehin nümayəndəsi isə iddia tələbinin yalnız 5000 manat hissədə etiraf edərək, digər hissədə rədd edilməsini xahiş etmişdir.

26. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-2-2(113)-3617/2025 pnömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi,cavabdeh Cavabdeh MMC-dən ƏDV daxil 11999.67 (on bir min doqquz yüz doxsan doqquz manat altmış yeddi qəpik) manat əsas borc, 500 (beş yüz) manat məbləğində cərimə borcu, 320 (üç yüz iyirmi) manat məbləğində hüquqi yardım üçün haqq və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 132.87 (yüz otuz iki manat səksən yeddi qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı MMC-nin xeyrinə tutulması, cavabdeh Cavabdeh MMC-dən ümumi dəyəri 1468 manat olan - 2 ədad ciloz açarı, 1140 ədəd işlənmiş ciloz, onlar olmadıqda isə dəyəri alınaraq iddiaçı İddiaçı MMC-yə verilməsi, qalan hissədə iddianın rədd edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat pul vəsaiti cavabdehdən tutularaq xxxx MMC-nin bank hesabına (VÖEN:1403383601, Bank: Azər-Türk Bank ASC Yasamal filialı, Kod: 512565, VÖEN:9900006111,/n:AZ30AZRT40060019440019299007,M/h:AZ02NABZ01350100000 00022944,SWIFT:A ZRT AZ22) ödənilməsi qət edilmişdir.

27. Cavabdeh Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi qismən ləğv olunmasını, cavabdeh Cavabdeh MMC-dən ƏDV daxil 11999.67 (on bir min doqquz yüz doxsan doqquz manat altmış yeddi qəpik) manat əsas borc, 500 (beş yüz) manat məbləğində cərimə borcu və cavabdeh Cavabdeh MMC-dən ümumi dəyəri 1468 manat olan - 2 ədad ciloz açarı, 1140 ədəd işlənmiş ciloz, onlar olmadıqda isə dəyəri alınaraq iddiaçı İddiaçı MMC-yə verilməsi hissəsində iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

APELLYASIYA ŞIKAYƏTININ, ŞIKAYƏTƏ ƏLAVƏNIN VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI

a) Apellyasiya şikayətinin dəlilləri

28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə ilə qismən icarə haqqı borcunun tutulması hissəsində razı deyil, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 4 e-qaimə verilmişdir. Verilmiş e-qaimələrin ümumi dəyəri ƏDV daxil olmaqla 10794 manat təşkil etmişdir. Bu qaimələrin hamısı sistem vasitəsi ilə təsdiq edilmiş. Bu qaimələrdən ümumilikdə ƏDV daxil olmaqla 5310 manat ödənilmişdir. E-qaimələrin təyinatına baxsaq görərik ki, onların təyinatı dəmir dirəklərin icarəsi olmuşdur, yəni verilmiş qaimələrin heç birində çiloz və ciloz açarı ilə ödəniş üçün öhdəlik yaranmamışdır. Iddiaçı tərəfindən cavabdehə ümumilikdə 2500 ədəd dəmir dirək və 3100 ədəd işlənmiş ciloz təhvil verilmişdir. Tərəflər arasında formalaşmış işgüzar münasibətə əsasən təvhil verilmiş malların təslimi heç bir sənədlə rəsmiləşdirilməmişdir. Belə ki ,nə mübahisəsi olmayan 2500 ədəd dəmir dirəklərin və nə də ki təhvil verilmiş 1960 cilozun (3100-1140=1960) təhvilinə dair heç bir sənəd imzalanmamışdır. Belə olan halda məhkəmə tərəfindən malların təhvil verilməsinin sübütun olunmaması barədə gəldiyi fikir səhv olmuşdur. 6696 manat vəsaitin hesablanması aydın deyildir. Bundan başqa hesablanmış dəbbə pulu ilə əlaqədar razı deyil, məhkəmə bu hissəni əsaslandıra bilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

30. Məhkəmə iclaısnda iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını xahiş etdi.

31. Məhkəmə iclaısnda iştirak edən Cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etdi.

TƏTBIQ EDILƏN HÜQUQ

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

33. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur;

34. . Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

35. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

36. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur

37. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür;

38. Həmin Məcəllənin 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir;

39. Həmin Məcəllənin 697.1-ci maddəsinə əsasən Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur.

40. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur;

41. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Həmin məcələnin14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

46. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

APELLYASIYA BAXIŞININ HƏDLƏRI

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

48. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının apellyasiya şikayətinin dəlilləri həcmində mübahsiləndirilən hissədə yoxlanması təşkil edir.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahsiləndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

50. Işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh MMC (“icarəçi”) arasında ## #### 2023-cü il tarixli, **/****P saylı avadanlıqların icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı icarəyəverən bu Müqaviləyə Əlavədə göstərilən işlənmiş ciloz, ciloz açarı və ciloz cavabdeh Cavabdeh MMC-yə icarəyə vermişdir. Müqaviləyə uyğun olaraq tərəflər arasında təhvil-təslim aktları imzalanmış və malların sonuncu təhvil-təslimi ##.##.2023-cü il tarixdə olmuşdur. Cavabdeh ona təhvil verimiş əşyaların qaytarıldığını iddia etsə də, məhkəməyə əşyaların qaytarılmasına dair heç bir sübut təqdim etməmişdir, iddiaçı isə yalnız 2 ədən ciloz açarının və 1140 ədəd işlənmiş cilozların təhvil təslim aktlarını məhkəməyə təqdim etmişdir.Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə 2 ədəd ciloz açarının və 1140 ədəd işlənmiş cilozların təhvil verilməsi sübuta yetirildiyindən , cavabdeh tərəfindən nların geri qaytarılmasına dair heç bir sübut məhkəməyə təqdim edilmədiyindən hmin hissədə iddia təmin edilməli, cavabdeh tərəfindən iddiaçıya 2 ədəd ciloz açarının və 1140 ədəd işlənmiş ciloz, onlar olmadıqda isə dəyəri qaytarılmalıdır.

51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dirək, ciloz və ciloz açarın təslimi ilə bağlı heç bir sənədin olmaması dəlilinə münasibətdə qeyd edir ki, iş materilarına əsasən hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş təhvil-təslim aktları ilə rəsmiləşdirilmiş, cavabdeh tərəfindən qismən ödənişlərin edilməsi faktiki təhvilin baş verdiyini dolayı sübut edir.

52. Apellyator şikayətinə dəlillərində qaimələrin heç birində ciloz və ciloz açarı ilə bağlı qeydin olmaması səbəbindən ödəniş üçün öhdəlik yaranmaması dəlilinə münasibətdə kollegiya qeyd edir ki, qaimələrdə dəmir dirəklər göstərilsədə, lakin tərəflər arasında mövcud olmuş faktiki münasibətlər yalnız qaimələrdə əks olunanlarla məhdudlaşmır. Belə ki, iddiaçı tərəfindən cavabdehə 3 100 ədəd işlənmiş cilozun və 2 ədəd ciloz açarının verilməsi faktı mövcuddur. Bu malların bir hissəsinin geri qaytarılması da faktiki dövriyyəni təsdiq edir. Bu isə göstərir ki, tərəflər arasında cilozlarla bağlı real münasibətlər mövcud olmuşdur.

53. Kollegiya 6696 manatın hesablanmasına aydınlıq gətirilməməsi dəlilinə münasibətdə bildirir ki, tərəflər arasında olan aktlara əsasən müəyyən edilmiş aylıq icarə haqları əsasında hesablanmışdır. Belə ki, 1 ədəd ciloz açarının aylıq icarə haqqı 15 manat (2 ədəd üzrə 30 manat), 1 ədəd cilozun aylıq icarə haqqı isə 0,3 manat (1140 ədəd üzrə 342 manat) təşkil edir. Qaytarılmamış əmlakın cavabdehin istifadəsində qaldığı 18 aylıq müddət nəzərə alınmaqla müvafiq qaydada hesablanmışdır.

54. Apellyator şikayətin dəlillərində məhkəmə aktının dəbbə pulu ilə bağlı hissəsi ilə razıl olmamasına münasibətdə isə kollegiya hesab edir ki, işin hallarını, cavabdehin əmlak və bütün əsaslı mənafelərini nəzərə alaraq 500 (beş yüz manat) məbləğində cərimənin birinci instansiya məhkəməsi tərəfindən tutulması ədalətli və ağlabatandır.

55. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.

56. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir (“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## #### 2021-ci il tarixli Qərar).

57. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

58. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

59. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi mübahisləndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar