Məhkəmə qərarları › İş №2-2(3-6)-285/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-6)-285/2026

13.03.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(3-6)-285/2026 13.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: məhkəmə aidiyyəti) X1 (sədrlik edən və məruzəçi), X5 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-ci il tarixli, e-2-2(113)-9655/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq qərara aldılar. İş üzrə qəbul edilmş məhkəmə aktları: Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Azərbaycan Respublikası X3 52.483,73 manat maddi zərər, 10000 manat mənəvi zərərin cəmi 62483.73 manat və ödənilmiş 285 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən 53,267.40 (altmış üç min iki yüz altmış yeddi manat qırx qəpik) manat məbləğində dəymiş maddi ziyanın (real zərər, əldən çıxmış fayda),10.000 (on min) manat məbləğində dəymiş mənəvi zərərin; iddianın qaldırılması üçün ödənilmiş 280 (iki yüz səksən) manat məbləğində dövlət rüsumunun Cavabdehdən tutularaq iddiaçı ”Avropa 19 Group" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “pul” tələbinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

4. xx.xx.2026-cı il tarixdə İddiaçı MMC sözügedən qəradaddan şikayət vermişdir.

5. Qərardaddan şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə müdafiəsi, "hüquqi müəyyənlik" və prosessual qənaət prinsiplərinin pozulması - Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli (N.Əbilovun şikayəti üzrə) qərarına görə, məhkəmə aktları işin ədalətli həllini şübhə altına alan ziddiyyətlər yaratmamalıdır. İşin əvvəlcədən kommersiya məhkəməsinin icraatına qəbul edilməsi, bir neçə dəfə hazırlıq iclasının keçirilməsi və yalnız iddia dəqiqləşdiriləndən sonra aidiyyətin dəyişdirilməsi İddiaçının "hüquqi müəyyənlik" (legal certainty) və "ağlabatan müddətdə məhkəmə araşdırması" hüquqlarını pozur. Bu hal eyni zamanda İddiaçının məhkəməyə inamını sarsıdır və prosessual gözləntilərini pozur. Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli (İ.Şabanovanın işi) qərarındaqeyd edildiyi kimi, prosessual normalara dəqiq riayət olunması ədalətli məhkəmə araşdırılması hüququnun mühüm elementidir. Onlara riayət olunmaması məhkəmə müdafiəsi təminatının pozulmasıdır. Məhkəmənin işə uzun müddət baxıb sonra aidiyyət bəhanəsi ilə xitam verməsi bu prinsipi pozur. Bundan əlavə, faktiki olaraq birinci instansiya məhkəməsi işə xitam verməklə İddiaçını yenidən inzibati məhkəməyə müraciət etməyə, vaxt itirməyə məcbur edir ki, bu da "prosessual qənaət" prinsipinə ziddir. 8. Məhkəmənin gəldiyi nəticə üçün mühüməhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər b) Mübahisənin mahiyyəti üzrə kommersiya xarakterli olması - Məhkəmə öz qərardadında mübahisəni sırf publik hüquqi münasibət kimi qiymətləndirməklə İnzibati Prosessual Məcəllənin(bundan sonra – İPM) 2.2.7-ci maddəsi və Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Lakin nəzərə alınmalıdır ki, həmin Plenum qərarının 4-cü bəndinə görə, inzibati orqanın mülki dövriyyə iştirakçısı kimi çıxış etdiyi və ya mübahisənin sırf maddi zərərə söykəndiyi hallarda aidiyyət müəyyən edilərkən münasibətin təbiəti əsas götürülməlidir. Hazırkı işdə zərərin məbləği artıq Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə təsdiq olunmuş qanunsuzluqdan sonra yaranan sırf maddi (kommersiya) itkiləridir. İddiaçı sahibkarlıq subyekti olaraq konkret maddi zərər (malların məhv olması, nəqliyyat xərcləri) tələb edir ki, bu da MPM-in qeyd hissəsinə görə kommersiya mübahisəsidir. Hesab edirik ki, kommersiya subyekti olan İddiaçının sahibkarlıq fəaliyyəti çərçivəsində dəymiş zərərin əvəzini tələb etməsi mülki hüquqi xarakter daşıyır. Eyni zamanda İddiaçı artıq bir dəfə inzibati məhkəməyə müraciət edərək aktın qanunsuzluğunu təsdiq etdirib. İndiki halda tələb sırf zərərin (real zərər və əldən çıxmış fayda) kompensasiyasıdır. Mülki və kommersiya hüququnda zərərin ödənilməsi klassik mülki-hüquqi institutdur və sahibkarlıq subyekti tərəfindən irəli sürüldükdə kommersiya yurisdiksiyası üstünlük təşkil etməlidir.

6. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-9655/2025 nömrəli, xx.xx.2026cı il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiya məhkəməsindəki icraat

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

7. Maddə 2.2.7. İnzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

“İnzibati və mülki mübahisələrdən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının:

8. 2-ci bəndinə görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətləin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir.

9. 4-cü bəndinə görə isə inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi mübasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.

10. 15.4-cü bəndinə görə eyni ilə inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPMnin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.

Məhkəmənin mövqeyi

11. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır.

12. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-ci il tarixli, e-2-2(113)- 9655/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

13. Belə ki, işin faktiki hallarından görünür ki, iddia tələbinin əsasını cavabdeh inzibati orqanın öz səlahiyyətlərini yerinə yetirən zaman iddiaçıya ziyan vurması təşkil edir.

14. Qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində fiziki və ya hüquqi şəxslərə dəymiş ziyanın ödənilməsi ilə bağlı tələblərə inzibati məhkəmə icraatı qaydasında baxılır (§ 6).

15. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının irəli sürdüyü tələb hüquqi mahiyyətinə görə inzibati mübahisə xarakteri daşıyır.

16. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələblərinə əsasən hazırki mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olması və iş üzrə icraata xitam verilməsi barədə düzgün hüquqi nəticəyə gəlmişdir.

17. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-ci il tarixli, e-2-2(113)-9655/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

18. Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.

19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-ci il tarixli, e-2-2(113)-9655/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar