Məhkəmə qərarları › İş №2-2(3-6)-291/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-291/2026

22.04.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-291/2026 22.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “X4” MMC-nin cavabdeh Cavabdeh ASC-yə qarşı “pul tələbinə” dair kommersiya mübahisəsi üzrə Açar sözlər: əldən çıxmış fayda Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Bayramlı Dəniz Natiq qızının katibliyi, Cavabdehin nümayəndəsi nümayəndə2 iştirakı ilə, Iddiaçı “X4” MMC-nin cavabdeh Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*- *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Işin halları:

1. Tərəflər arasında ##.##.2014-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən "xxxx” IKB ASC (hazırda “xxxx" ASC) tərəfindən "X4” MMC-yə illik 16%lə 36 ay müddətinə 2.130.000 manat məbləğində kredit verilmiş, kredit müqaviləsinin təminatı olaraq eyni tərəflər arasında ##.##.2014-cü il tarixli girov (ipoteka) müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçının mülkiyyətindəki 3.965.875 manat qiymətləndirilmiş 72 ədəd müxtəlif nəqliyyat vasitəsi ipoteka ilə yüklü edilmişdir.

2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx” IKB ASC-nin cavabdehlər "X4” MMC, X5 və X2 qarşı "kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetlərinə yönəldilməsi və onların açıq hərracda satılması” tələblərinə dair ilk iddiası qismən təmin edilərək, 1.871.742,79 manat əsas, 121.565,41 manat faiz borcu olmaqla, cəmi 1.993.308,20 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehdən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş avtomobillərə yönəldilməsi, həmin nəqliyyat vasitələrinin göstərilən qiymətlərlə açıq hərracdan satılması, satışdan əldə edilmiş pulun iddiaçıya ödənilməli olan borc və məhkəmə xərcləri ödənildikdən sonra qalan vəsaitin iddiaçıya qaytarılması, iddiaçının "xxxx” IKB ASC-yə qarşı "ödənilmiş məbləğin əsas borcdan silinməsi və qalıq borcun ödənilməsini təxirə salınması” tələblərinə dair qarşılıqlı iddiası qismən təmin edilərək iddiaçının ##.##.2014-cü il tarixli tarixli kredit müqaviləsi üzrə “xxxx” IKB ASC-yə olan əsas borcundan 120.118,48 manat silinmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2017-ci il ## ######## tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı "xxxx” IKB ASC və cavabdeh "X4” MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, həmin iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Cavabdeh ##.##.2020-ci il tarixdə Səbail rayon Icra və Probasiya Şöbəsinə müraciət edərək sözügedən icra sənədinin israsının dayandırlmasını xahiş etmiş və həmin icra sənədinin icrası hal-hazıradək təzələnməmişdir.

5. Bundan başqa, cavabdeh ##.##.2022-ci il tarixində iddiaçıya qarşı iddia ərizəsi ilə, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıdan onun xeyrinə ##.##.2014-cü il tarixli kredit müqaviləsi üzrə ##.##.2017-ci il tarixindən ##.##.2020-ci il tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 220.131 manat borcun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 manat pulun və 363,96 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin ##.##.2023-cü il tarixli e-2- *(***)-***/**** saylı qətnaməsi ilə iddia təmin edilməmiş, cavabdehin həmin qətnamədən verdiyi apellyasiya şikayəti ##.##.2023-cü il qətnaməsi ilə təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2024-cü il tarixli qərarı ilə Cavabdeh ASCnin kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Bundan sonra həmin mübahisəyə daha 2 dəfə apellyasiya icraatında, 1 dəfə isə kassasiya icraatı qaydasında baxılmışdır.

Birinci instansiya məhkəməsindəki icraat:

6. Iddiaçı (“xxxx” IKB ASC) Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)- ***/**** saylı ## ### 2017-ci il tarixli icra sənədinin icrasına yaratdığı maneələrlə cavabdehin ona vurmuş olduğu 3 181 960 manat məbləğində zərərin (1 871 742 manat əsas məbləğ, 2018ci ildən hesablanmaqla 655 109 manat 5% bank uçot dərəcəsi ilə və 655 109 manat 5% əldən çıxmış fayda) və ödənilmiş 2 381 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarasınız.

7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh ASC (“xxxx” IKB AS (tərəfindən Səbail Rayon Icra və Probasiya Şöbəsinə göndərilmiş ##.##.2020-ci il tarixli PAIHTD-*** nömrəli məktub əsasında Bakı şəhər Səbail Rayon Məhkəməsinin *(***)-***/**** saylı ## ### 2017-ci il tarixli icra sənədinin icrası dayandırılmışdır. ##.##.2020-ci il tarixli PAIHTD-*** nömrəli məktuba əsasən Səbail rayon Icra və Probasiya şöbəsi tərəfindən ##.##.2020-ci il tarixli icraatın dayandırılması barədə qərar qəbul olunmuşdur. Cavabdeh ASC-nin (“xxxx” IKB AS(B)akı şəhər Səbail Rayon Məhkəməsinin *(***)-***/**** saylı ## ### 2017-ci il tarixli icra sənədinin icrasına qərəzli olaraq yaratdığı maneələr əsasında “X4” MMCyə külli miqdarda zərər dəymiş, fəaliyyəti tamamilə dayanmışdır. Bakı şəhər Səbail Rayon Məhkəməsinin *(***)-***/**** saylı ## ### 2017-ci il tarixli icra sənədinin icrasına yaratdığı maneələrlə ona vurmuş olduğu 3 181 961 manat məbləğində zərərin (əsas məbləğ, hər il üçün 5% bank uçot dərəcəsi ilə və 5% əldən çıxmış fayda) 5 gün ərzində hesablarına köçürülməsini tələb etmiş, əks təqdirdə pretenziya məktubunda göstərilən müddət bitdikdən sonra məhkəməyə müraciət olunacağı barədə məlumatlandırılmışdır. Cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Iddiaçının rəsmilərinin bildirdiklərinə əsasən Lizinq şirkətinin təsisçisi Rusiya vətəndaşı olarkən Rusiya vətəndaşına məxsus olan cavabdeh Bank tərəfindən Lizinqə maliyyə vəsaitləri ayrılmış və daim dəstək olunmuşdur. Lakin təsisçi Rusiya vətəndaşı çıxdıqdan sonra cavabdeh Bankın təsisçisi olan Rusiya vətəndaşının qohumu Marina Kulişovanın tapşırığı əsasında Lizinq şirkətinə qarşı iddia qaldırılmış, Məhkəmə qətnaməsi çıxraıldıqdan sonra bütün əmlakların üzərinə həbs qoyularaq icra işi dayandırılmış və nəticədə Lizinq şirkəti Rusiya vətəndaşının tapşırığı əsasında iflasa məruz qalmışdır.

8. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim etməmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 445.7-ci maddəsinin mənasından da görünür ki, həmin müddəa borclunun kreditor qarşısında sonuncuya öhdəliklərini pozmasının nəticəsi olaraq məsuliyyətinin əsaslarını müəyyən edir. Hazırda iddiaçı cavabdehə münasibətdə borclu, cavabdeh isə iddiaçıya münasibətdə kreditor statusundadır. Bu halda, iddiaçının cavabdehdən qeyd edilən qanuni əsasla dəymiş zərərə görə pul tələb etməsinin hüquqi əsasları mövcud deyil.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 21.1, 21.2, 386.1, 443.1, 443.2 və 445.7-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

12. Həmin qətnamədən iddiaçı “X4” MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh ASC (“xxxx” IKB ASC) tərəfindən Səbail Rayon Icra və Probasiya Şöbəsinə göndərilmiş ##.##.2020-ci il tarixli PAIHTD-*** nömrəli məktub əsasında Bakı şəhər Səbail Rayon Məhkəməsinin *(***)-***/**** saylı ## ### 2017-ci il tarixli icra sənədinin icrası dayandırılmışdır. ##.##.2020-ci il tarixli PAIHTD-*** nömrəli məktuba əsasən Səbail rayon Icra və Probasiya şöbəsi tərəfindən ##.##.2020-ci il tarixli icraatın dayandırılması barədə qərar qəbul olunmuşdur. Cavabdeh ASC-nin (“xxxx” IKB ASC) Bakı şəhər Səbail Rayon Məhkəməsinin *(***)-***/**** saylı ## ### 2017-ci il tarixli icra sənədinin icrasına qərəzli olaraq yaratdığı maneələr əsasında “X4” MMC-yə külli miqdarda zərər dəymiş, fəaliyyəti tamamilə dayanmışdır. Bakı şəhər Səbail Rayon Məhkəməsinin *(***)-***/**** saylı ## ### 2017-ci il tarixli icra sənədinin icrasına yaratdığı maneələrlə “X4” MMC-yə vurmuş olduğu 3 181 961 manat məbləğində zərərin (əsas məbləğ, hər il üçün 5% bank uçot dərəcəsi ilə və 5% əldən çıxmış fayda) 5 gün ərzində “X4” MMC-nin hesabına köçürməsini tələb etmiş, əks təqdirdə pretenziya məktubunda göstərilən müddət bitdikdən sonra məhkəməyə müraciət olunacağı barədə məlumatlandırılmışdır. Belə ki, cavabdeh Cavabdeh ASC tərəfindən bu günədək heç bir ödəniş edilməmişdir. Iddiaçının rəsmilərinin bildirdiklərinə əsasən Lizinq şirkətinin təsisçisi Rusiya vətəndaşı olarkən Rusiya vətəndaşına məxsus olan cavabdeh Bank tərəfindən Lizinqə maliyyə vəsaitləri ayrılmış və daim dəstək olunmuşdur. Lakin təsisçi Rusiya vətəndaşı çıxdıqdan sonra cavabdeh Bankın təsisçisi olan Rusiya vətəndaşının qohumu Marina Kulişovanın tapşırığı əsasında Lizinq şirkətinə qarşı iddia qaldırılmış, məhkəmə qətnaməsi çıxarıldıqdan sonra bütün əmlakların üzərinə həbs qoyularaq icra işi dayandırılmış və nəticədə Lizinq şirkəti Rusiya vətəndaşının tapşırığı əsasında iflasa məruz qalmışdır. Yəni ki, cavabdeh qətnamənin icrasını dayandırmış, bununla yanaşı iddiaçının bütün əmlaklarının, lizinqə verilmiş nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmasına nail olmuş və nəticədə iddiaçının faktiki olaraq fəaliyyət göstərməsinə hüquqdan sui-istifadə edərək maneə yaratmışdır. Bu hal qanunsuzdur, yolverilməzdir. Halbuki, cavabdeh icra işini dayandırmasa idi, girov əmlaklar satılaraq borc ödəniləcəkdi, Lizinq şirkəti isə öz fəaliyyəti ilə məşğul olaraq gəlir əldə edəcəkdi. Nəzərə alınmalıdır ki, Lizinq şirkətlərinin əsas fəaliyyəti məhz ayrı-ayrı şəxslərə maliyyə lizinqi verməklə gəlir əldə etməkdən ibarət olduğundan hər hansı lizinq müqaviləsi üzrə borclu öhdəliklərini vaxtında icra etməyərək nəzərdə tutulan pul vəsaitlərini ödəmədikcə, eləcə də lizinq verənlə lizinq alan arasında yaranan mübahisə üzrə məhkəmə və icra icraatı uzun müddət ərzində davam etdikcə, Lizinq həmin vəsaitləri dövriyyəyə yönəltməklə gəlir götürmək imkanından məhrum olur ki, bu da nəticə etibarilə Lizinq şirkətinə əldən çıxmış fayda formasında zərərin dəyməsi ilə nəticələnir. Lakin məhkəmə bunları görməzdən gələrək, heç bir hüquqi əsaslandırma etmədən qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi nəticədə müəyyən olunmuş hallara düzgün hüquqi qiymət verməyərək, mübahisənin mahiyyətinə varmadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

Apellyasiya şikayətinə etiraz:

14. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

15. Məhkəmə iclasında cavabdehin nümayəndəsi nümayəndə2 apellyasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi.

16. Iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, Şirvan Apellyasiya Məhkəməsində olduğundan, hazırki məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.

17. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 442-ci maddəsinə əsasən borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün qanunla və ya müqavilə ilə müəyyən edilmiş hallarda məsuliyyət daşıyır. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 384.0-cı maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi: qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri:

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmədiyindən və həmin qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarından görünür tərəflər arasında ##.##.2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, iddiaçı kredit öhdəliyini lazımi qaydada icra etmədiyindən cavabdeh tərəfindən məhkəməyə müraciət edilmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə kredit borcunun iddiaçıdan tutulması və tutmanın girov predmetlərinə yönəldilməsi qət edilmişdir. Bu baxımdan hazırkı hüquq münasibətində iddiaçı borclu, cavabdeh isə kreditor statusuna malikdir.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinin mənasına görə zərərin əvəzinin ödənilməsi üçün zərərin mövcudluğu, hüquqa zidd davranış, həmin davranışla zərər arasında səbəbli əlaqə və zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Göstərilən şərtlərin məcmusu sübuta yetirilmədikdə zərərin əvəzinin ödənilməsi barədə tələb təmin edilə bilməz. Bu baxımdan iddiaçı tələb etdiyi məbləğin hüquqi və faktiki əsaslarını mötəbər sübutlarla təsdiq etməli olduğu halda, belə sübutlar məhkəməyə təqdim edilməmişdir.

26. Məhkəmə kollegiyası müəyyən edir ki, iddiaçı icra icraatının dayandırılması nəticəsində fəaliyyətinin tam dayanmasını və gəlirdən məhrum olmasını bildirsə də, həmin halları təsdiq edən maliyyə sənədlərini, audit rəylərini, konkret lizinq müqavilələrini, əldə ediləcəyi real gözlənilən gəlirləri, habelə tələb edilən məbləğin hesablanma qaydasını məhkəməyə təqdim etməmişdir. Halbuki MM-in 21.2-ci maddəsində nəzərdə tutulmuş əldən çıxmış fayda abstrakt ehtimal deyil, hüquq pozulmasaydı adi mülki dövriyyə şəraitində real olaraq əldə edilə biləcək gəlir kimi başa düşülür. Yalnız ehtimallara və ümumi mülahizələrə əsaslanmaqla əldən çıxmış faydanın mövcudluğu qəbul edilə bilməz.

27. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin icra orqanına müraciəti əsasında icra sənədi üzrə icraatın dayandırılması faktı öz-özlüyündə hüquqa zidd davranış kimi qiymətləndirilə bilməz. Belə ki, icra icraatı qanunvericiliklə müəyyən edilmiş prosessual qaydada həyata keçirilir və icra məmuru tərəfindən qəbul olunmuş qərarların qanunsuzluğu müəyyən edilmədiyi halda, həmin qərarların nəticələrinə görə mülki-hüquqi məsuliyyətin yaranması üçün əsas əmələ gəlmir. Iş materiallarında icra icraatının dayandırılması barədə qərarın qanunsuz hesab edilməsinə dair hər hansı məhkəmə aktı mövcud deyildir.

28. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının fəaliyyətinin pisləşməsi və ya gəlirdən məhrum olması birbaşa cavabdehin davranışı ilə deyil, ilk növbədə iddiaçının kredit öhdəliklərini icra etməməsi, barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcudluğu və girov predmetləri üzərində icra tədbirlərinin həyata keçirilməsi ilə bağlı olmuşdur. Buna görə də iddia edilən zərərlə cavabdehin davranışı arasında birbaşa səbəbli əlaqə müəyyən edilmir.

29. Iddiaçı tələbini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsaslandırsa da, həmin normanın tətbiqi üçün hüquqi əsaslar mövcud deyildir. Belə ki, MM-in 445.7-ci maddəsi borclunun pul öhdəliyinin icrasını gecikdirməsi halında kreditorun gecikdirilmiş məbləğə görə illik beş faiz tələb etmək hüququnu müəyyən edir və həmin norma mahiyyət etibarilə kreditorun hüquqlarının müdafiəsinə yönəlmiş xüsusi məsuliyyət tədbiridir. Hazırkı iş üzrə isə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçı borclu, cavabdeh isə kreditor statusunda olduğundan, iddiaçının həmin normaya əsasən cavabdehdən faiz və ya əldən çıxmış fayda tələb etməsi hüquqi əsasdan məhrumdur.

30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələb etdiyi zərərin mövcudluğunu, cavabdehin hüquqa zidd davranışını, həmin davranışla iddia edilən zərər arasında səbəbli əlaqəni, eləcə də tələb edilən məbləğin əsaslılığını MPM-in 77.1-ci maddəsinin tələblərinə uyğun olaraq sübuta yetirə bilməmişdir. Buna görə də birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlilləri isə qətnamənin ləğvi üçün əsas yaratmamışdır.

31. Məhkəmə xərclərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 385, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDI:

Iddiaçı “X4” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar