Məhkəmə qərarları › İş №2-2(3-6)-303/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-303/2026

15.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-303/2026 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı QSC-nin cavabdehlər cavabdeh2 Ramiz oğlu və X2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair kommersiya mübahisəsi Açar söz: kredit müqaviləsi üzrə borcun tutulması, borcun məbləğinin müəyyən edilməsi, sübutetmə, ekspert rəyinin mötəbərliyi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçı İddiaçı QSC-nin nümayəndəsi X3 iştirakı ilə İddiaçı İddiaçı QSC-nin cavabdehlər cavabdeh2 Ramiz oğlu və X2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 Ramiz oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçı QSC ilə “Kredit Alan” cavabdeh2 Ramiz oğlu və “Zamin” X2 arasında bağlanmış ##.##.2023-cü il tarixli ***L************ saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Bank Kredit Alana sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədi ilə, 120 ay müddətinə 1 000 000 (bir milyon) manat məbləğində krеdit хətti açılmışdır. 2.3-cü bəndə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi, FİFD, olduğu təqdirdə Ödəniş Planı və digər xüsusi şərtləri hər dəfə Müqavilənin tələbləri nəzərə alınmaqla Kredit Sazişi ilə müəyyən edilir. Zamin, bu Müqavilə üzrə Kredit Alanın öhdəliklərinin icrası üçün Kredit Alan ilə birgə və tam məsuliyyət daşıyır. Bu Müqavilə əsasında Kredit verilməsi və qaytarılması hər bir Kredit Sazişinə uyğun olaraq həyata keçirilir. 4.9-cu bəndinə əsasən Bank, Kredit Alan Krediti və Kredit Faizini Banka vaxtında və lazımı qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün Kredit qalığının 0,02 % məbləğində cərimə borcu hesablamaq hüququna malikdir.

2. ##.##.2022-ci il tarixli ***L************ saylı uzunmüddətli kredit və təminat müqaviləsi üzrə cavabdeh2 Ramiz oğlu ilə “xxxx” QSC arasında bağlanmış ##.##.2023-cü il tarixli ***R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında sonuncuya 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833% оlmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 50 000 (əlli min) manat məbləğində krediti verməyi öhdəsinə götürmüşdür.

3. ##.##.2023-cü il tarixli ***R********** saylı kredit razılaşmasının ödəniş planına əsasən cavabdeh2 Ramiz oğlu tərəfindən kredit müqaviləsi üzrə ## ###### 2024-cü il tarixindən ## ### 2025-ci il tarixə qədər hər ayın 7-9-u olmaqla 3223 manat, sonuncu ay 3216.65 manat aylıq ödəniş ödəməlidir.

4. ##.##.2023-cü il tarixli Kreditin verilməsi-köçürmə qəbzdən və hesabdan çıxrış məlumatlarından görünür ki, cavabdeh2 Ramiz oğlunun iddiaçı bankda olan hesabına 50 000 manat kredit köçürülmüşdür.

5. ##.##.2026-cı il tarixli yeni maliyyə arayışından müəyyən olunur ki, borclu cavabdeh2 Ramiz oğlunun əsas borc üzrə 10309,21 manat, faiz borcu üzrə 2899,61 manat, cərimə borcu üzrə 1268,15 manat olmaqla, ümumilikdə “xxxx” QSC-yə olan borcu 14 476,97 manat təşkil edir.

6. cavabdeh2 Ramiz oğlunun hesabdan çıxarış məlumatlarından görünür ki, cavabdeh2 Ramiz oğlu müxtəlif tarixlərdə əsas borc üzrə 2352,17 manat, 2493,04 manat, 2531,89 manat, 2629,80 manat, 2480,66 manat, 2609,27 manat, 2633,54 manat, 2729,11 manat, 2624,06 manat, 2826,49 manat, 2427,24 manat, 2255,80 manat, 4000 manat, 4000 manat, 84,45 manat, 403,01 manat, 609,58 manat, faiz borcu üzrə 870,83 manat, 729,28 manat, 691,11 manat, 724,34 manat, 593,20 manat, 613,73 manat, 589,46 manat, 493,89 manat, 514,49 manat, 396,51 manat, 392,75 manat, 357,62 manat, 0,51 manat ödənişlər etmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

7. İddiaçı İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər cavabdeh2 Ramiz oğlundan, X2 müştərək qaydada iddiaçı onun хеyrinə - ***R********** saylı krеdit razılaşması üzrə 18309,21 manat məbləğində krеdit bоrcu, 1176,54 manat məbləğində faiz bоrcu və 615,20 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 20100 (iyirmi min yüz) manat 95 (doxsan beş) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 150,3 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə cavabdeh2 Ramiz oğlu və zamin X2 arasında bağlanmış ##.##.2023-cü il tarixli ***L************ saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən cavabdeh2 Ramiz oğluna 120 ay müddətinə 1000000 (bir milyon) manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında cavabdeh2 Ramiz oğlunun İddiaçı QSC ilə ##.##.2023-cü il tarixli ***R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833% оlmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 50000 (əlli min) manat məbləğində məbləğində kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ##.##.2025-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. cavabdeh2 Ramiz oğlu götürdüyü krеdit bоrcundan 31690,79 manat ödəmiş, onun 18309,21 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirir ki, cavabdeh2 Ramizoğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün ##.##.2025-ci il tarixə 168 gün üçün hesablanmış faiz borcu 1176.54 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. ##.##.2025-ci il tarixə 168 gün üçün hеsablanmış cərimə 615.20 manat təşkil edir.

9. İddiaçının nümayəndəsi məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

11. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdeh cavabdeh2 Ramiz oğlunun nümayəndəsi və vəkili izahatında iddianı qəbul etmədiklərini, borcun düzgün hesablanmadığını bildirmişdir.

12. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdеhlər cavabdeh2 Ramiz oğlu və X2 müştərək qaydada ***R********** saylı krеdit razılaşması üzrə 11889,23 manat əsas, 550 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 12439 (on iki min dörd yüz otuz doqquz) manat 23 (iyirmi üç) qəpik məbləğində bоrc və ödənilmiş dövlət rüsumunun 127 (bir yüz iyirmi yeddi) manat 17 (on yeddi) qəpiyinin əvəzi tutularaq iddiaçı İddiaçı QSC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 60 (altmış) manat məbləğində hissəsinin cavabdehlər cavabdeh2 Ramiz oğlundan və X2 müştərək qaydada, 40 (qırx) manat məbləğində hissəsinin isə iddiaçı “xxxx” QSC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X8, 210005, VÖEN 1401555071, Müxbir Hesab AZ41NABZ01360100000000003944, SWİFT BİK CTREAZ22, VÖEN 1700326621, hesab: AZ34CTRE00000000000002088501) hesabına keçirilməsi qət edilmişdir.

13. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı bank cavabdeh cavabdeh2 Ramiz oğluna ##.##.2023-cü il tarixli ***L************ saylı uzunmüddətli kredit və təminat müqaviləsi üzrə aralarında bağlanmış ##.##.2023-cü il tarixli ***R********** saylı krеdit razılaşmasına əsasən 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 (əlli min) manat məbləğində kredit vermişdir. Həmçinin X2 zamin kimi ##.##.2023-cü il tarixli ***L************ saylı uzunmüddətli kredit və təminat müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün kredit alan ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı və tam məsuliyyəti öz üzərinə götürmüşdür. Kreditor, yəni iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək 50 000 manat kredit versə də, borcalan və zamin, yəni cavabdehlər müqavilə üzrə öhdəlikləri tam icra etməyərək aylıq ödənişləri ödəməmişlər, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı uzunmüddətli kredit və təminat müqaviləsi əsasında əsas və faiz borcu tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır.

14. Buna baxmayaraq məhkəmə ##.##.2023-cü il tarixli ***R********** saylı krеdit razılaşması üzrə tutulacaq əsas və faiz borcunun məbləği ilə bağlı qeyd etmişdir ki, iddiaçı iddia tələbində 18309,21 manat əsas borc, 1176,54 manat faiz borcunun tutulmasını tələb etmişdir. Lakin ekspert rəyində kredit müqaviləsinin müddətinin bitdiyi ##.##.2025-ci il tarixə əsas borc üzrə 18181,67 manat, faiz borcu üzrə 1707,56 manat hesablanmış və bank hesabından çıxarışa əsasən həmin tarixdən sonra 8000 manat ödəniş edilmişdir.

15. Məhkəmə, ekspert rəyini, qeyd olunan Konstitusiya Məhkəməsinin Qərarını və Mülki Məcəllənin 399.3-cü maddəsini əsas götürüb, faiz borcunun müqavilə müddətinin sonuna qədər hesablanmalı olduğunu, müqavilə müddəti bitdikdən sonra cavabdeh tərəfindən ödəniş edildiyini, Mülki Məcəllənin 432.4-cü maddəsinə əsasən ödənişin əvvəlcə faiz borcundan silinməli olduğunu nəzərə alaraq hesab etmişdir ki, 8000 manat ödəniş ilk növbədə 1707,56 manat faiz borcundan, qalan məbləğ isə 18181,67 manat əsas borcdan çıxılmalı (8000-1707,56=6292,44; 18181,67-6292,44=11889,23), cavabdehlərin kredit razılaşması üzrə yalnız 11889,23 manat əsas borcu qaldığı, faiz borcunun tam ödənildiyi müəyyən olunmalı və həmin 11889,23 manat əsas borc cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.

16. Cərimə borcu ilə bağlı məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış ##.##.2023-cü il tarixli ***L************ saylı uzunmüddətli kredit və təminat müqaviləsində ödənişlərin gecikdirildiyi təqdirdə cərimə haqqında razılaşma öz əksini tapmış (4.9-cu bənd) və işin faktiki hallarından cavabehlərin ödənişləri gecikdirdikləri təsdiq olunur. Buna görə də iddiaçının cavabdehlərdən dəbbə pulu tələb etmək hüququ var və onun tələbi haqlıdır.

17. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 550 manat müəyyən olunmalıdır.

18. Bundan başqa məhkəmə hesab etmişdir ki, iddia qismən təmin olunduğundan, ödənilmiş 150,30 manat dövlət rüsumunun 127,17 manatının əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, həmçinin məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 60 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 40 manat hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənməlidir..

19. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 432.4, 442, 448.1, 462.1, 463, 465.2, 467, 470, 472, 739.1, 740.1, 740.2, 740.8, 740.9, 742.1, 742.5, 742.5.2, 743.1, 743.2, 744.1-ci maddələrini tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

20. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 Ramiz oğlu apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Bankın iddia ərizəsində göstərilən faiz məbləği ilə ekspert rəyindəki faiz məbləği arasında uyğunsuzluq aradan qaldırılmamışdır. Belə ki, bank ilkin iddia tələbində faiz borcunu daha az məbləğdə göstərmiş, lakin ekspert rəyində faiz məbləği fərqli hesablanmışdır. Bu isə hesablamaların düzgün aparılmadığını göstərir. Məhkəmə tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmamışdır, sübutlar düzgün qiymətləndirilməmişdir.

Apellyasiya şikayətinə qarşı etiraz

22. İddiaçı İddiaçı QSC apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək şikayətin dəlillərinin əsassız olduğunu və formal xarakter daşıdığını bildirmiş, apellyasiya şikayətinin rədd edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya baxışı, verilən izahatlar

23. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmiş, cavabdehlərə isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

24. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

25. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

26. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

28. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

29. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

30. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır

31. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

32. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

33. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

34. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

35. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

36. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

37. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

40. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

43. Maddə Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

44. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

47. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

48. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

50. Kollegiya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını və Apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin qanuni və əsasslılığının qismən yoxlanılması təşkil edir. Belə ki, cavabdeh qətnaməni yalnız iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmiş, iddiaçı isə iddia tələbi qismən təmin olunmasına baxmayaraq qətnamədən apellyasiya şikayəti verməmişdir.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

51. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır (mübahisələndirilən hissədə).

52. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

53. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehlərin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.

54. Belə ki, apellyasiya şikayətinin dəlillərinə əsasən cavabdeh cavabdeh2 Ramiz oğlu kredit müqaviləsi üzrə borcu olduğunu mübahisələndirməmiş, yalnız borcun məbləği ilə razılaşmamışdır.

55. Borcun məbləğlərinin düzgün müəyyənləşdirilmədiyi ilə bağlı apellyatorun irəli sürdüklərinə münasibətdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə isə kredit borcunun (əsas və faiz) ##.##.2025-cı il tarixinə və ##.##.2025-ci il tarixinə (müqavilənin qüvvədə olduğu tarixə) olan məbləğləri dəqiqləşdirilmişdir.

56. Kollegiya qeyd edir ki, digər sübut növləri kimi ekspert rəyinin də məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi mövcud deyildir. Bu isə o deməkdir ki, məhkəmə hər bir halda ekspert rəyini məhkəmə prosesi zamanı tədqiq etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir (“B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumu ## #### 2020-ci il tarixli Qərarı).

57. Formalaşmış məhkəmə təcrübəsində ekspert rəyinin digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmaması müəyyən edilsə də, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatın kifayət qədər yüksək olması qəbul olunmuşdur.

58. Kollegiya vurğulamağı zəruri hesab edir ki, ekspertiza rəyini mübahisələndirən tərəf yalnız formal dəlillər ilə kifayətlənməməli, ekspertiza zamanı istifadə edilən tədqiqat üsullarının və yaxud materiallarının yanlış olması barədə konkret sübutlar təqdim etməlidir.

59. Kredit müqaviləsi üzrə borcun məbləğinin düzgün müəyyənləşdirilmədiyi ilə bağlı apellyatorun irəli sürdüklərinə münasibətdə kollegiya qeyd edir ki, o nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentlərinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir.

60. Belə olan halda isə ekspertiza rəyinin mötəbərliyinə şübhə doğuracaq və təkrar ekspertizanın keçirilməsini zəruri edəcək hal müəyyən edilməmişdir.

61. Kollegiya məhkəmə tərəfindən dəbbə pulunun tutulmasına münasibətdə qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü və 425-ci maddələrinin mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

62. Kollegiya hesab edir ki, işə baxan məhkəmə cavabdehlərdən tutulmalı cərimə borcunun məbləğini əsas borca mütənasib şəkildə müəyyən etmişdir.

63. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual normaların pozuntusuna yol verilməmiş; birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

64. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün cavabdehin ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

65. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,

QƏT ETDİ:

Cavabdeh cavabdeh2 Ramiz oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar