Məhkəmə qərarları › İş №2-2(3-6)-307/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-6)-307/2026

16.03.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(3-6)-307/2026 16.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, hakimlər ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mübahisə üzrə Bakı Kommersiya Məhkəməsinin 23 fevral 2026-cı il tarixli, 2-2(4-11)-1367/2026 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq, müəyyən etdi:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 729 160 manat məbləğində əsas borc və ödənilmiş 1 029 manat dövlət rüsumu olmaqla ümumilikdə 730 189 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 23 fevral 2026-cı il tarixli, 2-2(4-11)-1367/2026 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.

3. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, iddiaçı fərdi sahibkar statusuna malik fiziki şəxs olsa da, cavabdehin fərdi sahibkar statusuna malik olmasına dair sübutlar iddia ərizəsinə əlavə edilməmişdir. Bu səbəbdən məhkəmə iddia ərizəsinin geri qaytarılmalı olduğu qənaətinə gəlmiş və iddiaçıya izah etmişdir ki, tərəflər arasındakı mübahisənin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasını təsdiq edən müvafiq sübutları iddia ərizəsinə əlavə etməklə, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə yenidən məhkəməyə müraciət edə bilər.

4. İddiaçı həmin qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin 23 fevral 2026-cı il tarixli, 2-2(4-11)-1367/2026 saylı qərardadının ləğv edilməsini, yeni qərardad qəbul edilərək iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri cavabdehin fərdi sahibkar statusuna malik olmasına dair sübutların iddia ərizəsinə əlavə edilmədiyi əsasına görə geri qaytarmışdır. Halbuki, iddiaçı mübahisənin kommersiya məhkəməsinə aid olmadığı qənaəti ilə ilkin olaraq Xətai Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmə e-2(011)-6903/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə mübahisənin kommersiya mübahisəsi olması nəticəsinə gələrək iddia ərizəsini geri qaytarmışdır. Beləliklə, hazırda məhkəmə aidiyyəti ilə bağlı ziddiyyətli vəziyyət yaranmışdır. Məhkəmə isə bu hala hüquqi qiymət verməmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin 4 mart 2026-cı il tarixli, 2-2(4-11)-1367/2026 saylı qərardadı ilə məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 32. Aidiyyət məsələlərindən şikayət verilməsi ... 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. ... Maddə 269. Şikayətə baxılması 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir.

Maddə 366. Apellyasiya mümkünlüyünün yoxlanılması 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. ... 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər.

Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması ... 403-1.2. Kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. 403-1.3. Məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1- 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. 403-1.4. Şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kasasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kasasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. 403-1.5. Şikayətin surəti birinci instansiya məhkəməsi tərəfindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra onlar, 5 gündən gec olmayaraq şikayətə dair etirazlarını və yaxud izahatlarını kassasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdırlar. ...

8. Məhkəmə kollegiyası İddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyü məsələsini araşdıraraq müəyyən etmişdir ki, həmin şikayətə apellyasiya instansiyası məhkəməsində baxılması üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

9. İddiaçının mübahisələndirdiyi qərardad iddia ərizəsinin geri qaytarılması barədə olsa da, məzmunca məhkəmə aidiyyəti məsələsi ilə bağlıdır. Mülki Prosessual Məcəllənin yuxarıda istinad olunan normalarının (§ 7) tələbinə əsasən məhkəmə aidiyyətinə dair mübahisələr üzrə qərardaddan verilən şikayətə kassasiya instansiyası məhkəməsi tərəfindən baxılmalıdır.

10. Bu zaman kassasiya şikayətinin forma və məzmununa dair MPM-in 407-ci maddəsində nəzərdə tutulmuş tələblərə riayət edilməli, şikayətin mümkünlüyünə baxılarkən həmin tələblər rəhbər tutulmalıdır.

11. Birinci instansiya məhkəməsi isə şikayətin mümkünlüyü məsələsini MPM-in 407-ci maddəsinin tələblərinə uyğun həll etməli, şikayəti mümkün hesab edərsə, şikayətə baxdıqdan sonra onu kassasiya instansiyası məhkəməsinə göndərməli olduğu halda baxılması üçün işi Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir.

12. Qeyd edilən əsaslarla, Bakı Kommersiya Məhkəməsinin 23 fevral 2026-cı il tarixli, 2-2(4-11)-1367/2026 saylı qərardadından verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir.

13. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 400, və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin 23 fevral 2026-cı il tarixli, 2-2(4-11)-1367/2026 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Kommersiya işi müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar