Məhkəmə qərarları › İş №2-2(3-6)-318/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-318/2026

16.09.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-318/2026 16.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdehnə qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair ilk, Iddiaçı Cavabdehnin cavabdeh İddiaçı qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiaları ilə bağlı kommersiya mübahisəsi üzrə (Açar sözlər: göndərmə müqaviləsi; zərərin hesablanması; cari qiymət; zərər və dəbbə pulu; icra təminatı; apellyasiya baxışının hədləri; iddianın faktiki əsası) Hakim sədrliyi ilə, hakimlər X3 və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi, ilk iddia üzrə iddiaçının nümayəndələri nümayəndə2 və nümayəndə1, ilk iddia üzrə cavabdehin nümayəndəsi (vəkili) nümayəndə3 və qanuni təmsilçisi qanuni nümayəndə2 iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxıb, müəyyən etdi: Işin halları:

1. İddiaçı (“Satınalan”) ilə Cavabdeh (“Təchizatçı”) arasında bağlanmış ##.##.2024-cü il tarixli, * nömrəli mallar üzrə satınalma müqaviləsinə əsasən, təchizatçı ümumi dəyəri 78 751,31 manat məbləğində olan nəqliyyat vasitələri üçün ehtiyat hissələrini ##.##.2024-cü il tarixədək satınalana göndərməyi, satınalan isə malları qəbul edərək dəyərini müqavilə şərtlərinə uyğun ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin: - 7.1-ci bəndinə əsasən, təchizatçı müqaviləni imzaladıqdan sonra 5 iş günü ərzində satınalan təşkilata müqavilə məbləğinin 5 faizi həcmində icra təminatını təqdim edir; - 7.3-cü bəndinə əsasən, icra təminatından əldə edilən gəlirlər təchizatçının müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi nəticəsində yaranan hər hansı itki üçün kompensasiya kimi satınalan təşkilata ödənilir; - 13.1-ci bəndinə əsasən, ödənişlər təchizatçının təqdim etdiyi elektron qaiməfaktura, akt və digər təsdiqedici sənədlər əsasında, lakin 15 iş günündən gec olmayaraq həyata keçirilir; - 23.1-ci bəndinə əsasən, təchizatçı malları vaxtında çatdırmadıqda və ya xidmətləri müəyyən edilmiş müddətdə göstərmədikdə, satınalan təşkilat digər müdafiə vasitələrinə xələl gətirmədən, gecikdirilmiş malların və ya göstərilməmiş xidmətlərin qiymətinin müəyyən edilmiş faizini hər gecikmə günü üçün, maksimum faiz həddinə (10 faizi keçməmək şərtilə) qədər maddi zərər kimi tələb edə bilər. Maksimum həddə çatdıqda, satınalan təşkilat müqaviləni ləğv edə bilər; - 30.1.1.1-ci bəndinə əsasən, təchizatçı müqavilədə göstərilən müddətdə və ya satınalan təşkilat tərəfindən verilmiş uzadılma müddətində malların hər hansı birini və ya hamısını təhvil vermədikdə satınalan təşkilat təchizatçıya öhdəliklərin yerinə yetirilməməsi barədə yazılı bildiriş göndərməklə müqaviləni tam və ya qismən ləğv edə bilər; - 30.1.2-ci bəndinə əsasən, satınalan təşkilat müqaviləni tam və ya qismən ləğv edərsə, təhvil verilməmiş malları və ya göstərilməmiş əlaqədar xidmətləri müvafiq hesab etdiyi şərtlərlə və qaydada satın ala bilər və təchizatçı belə oxşar mallar və ya əlaqədar xidmətlər üçün çəkilmiş hər hansı əlavə xərcə görə satınalan təşkilat qarşısında məsuliyyət daşıyır. Bununla belə, xitam verilənədək təchizatçı müqavilənin icrasını davam etdirməlidir. - Xüsusi şərtlərin 23.1-ci bəndinə əsasən, gecikdirilmiş mallara və ya göstərilməmiş xidmətlərə görə cərimənin gündəlik faizi 0,01 faiz, maksimum həddi isə 10 faiz müəyyən edilmişdir.

2. “X2” MMC tərəfindən Şəki KTIB-yə 2024-cü il üzrə (##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək) ümumi məbləği 36 317,10 manat olan 6 ədəd elektron qaiməfaktura göndərilmişdir.

3. 2024-2025-ci illər üzrə (##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək) ödəniş sənədlərinə əsasən, Şəki KTIB tərəfindən “X2” MMC-yə ümumilikdə 65 207,98 manat, o cümlədən 55 261 manat əsas məbləğ və 9 946,98 manat ƏDV məbləği olmaqla ödəniş edilmişdir.

4. Şəki KTIB tərəfindən “X2” MMC-yə ünvanlanmış ##.##.2024-cü il tarixli məktuba əsasən, təcili tələbat yarandığı üçün ümumi dəyəri 6 006,20 manat olan ehtiyat hissələrinin 2024-cü ilin avqust ayının sonunadək təhvil verilməsi xahiş edilmişdir.

5. “X2” MMC tərəfindən Şəki KTIB-yə ünvanlanmış ##.##.2024-cü il tarixli məktuba əsasən, ##.##.2024-cü il tarixli satınalma müqaviləsi üzrə 65 207,98 manat məbləğində öhdəliyin icra edildiyi bildirilmişdir. Həmin məktubla qalıq malların respublika ərazisində mövcud olan hissəsinin ##.##.2024-cü il tarixədək, idxalı əlavə vaxt tələb edən malların isə müqavilənin 28-ci bəndi nəzərə alınmaqla ##.##.2025-ci il tarixədək təhvil verilməsi məqsədilə müqavilə müddətinin uzadılması xahiş edilmişdir.

6. Şəki KTIB tərəfindən “X2” MMC-yə ünvanlanmış ##.##.2024-cü il tarixli, *** nömrəli cavab məktubuna əsasən, müqavilənin bağlandığı tarixdən keçən 7 aylıq müddətin malların respublika daxilində və ya idxal yolu ilə təchiz edilməsi üçün kifayət etdiyi bildirilmiş, müqavilə müddətinin uzadılması məqsədəuyğun hesab edilməmiş və malların ##.##.2024-cü il tarixinədək təhvil verilməsi tələb edilmişdir.

7. Şəki KTIB tərəfindən “X1 Azərbaycan” QSC-yə ünvanlanmış ##.##.2025-ci il tarixli məktuba əsasən, “X2” MMC tərəfindən müqavilə üzrə öhdəliklərin lazımi qaydada icra edilməməsi ilə əlaqədar olaraq, 3 940 manat məbləğində bank qarantiyası üzrə təminat məbləğinin Şəki KTIB-nin bank hesabına köçürülməsi xahiş edilmişdir.

8. ##.##.2026-cı il tarixli, ** nömrəli maddi zərər (itirilmiş gəlir) haqqında akta əsasən, 2024-cü ilin sentyabr ayından 2025-ci ilin mart ayınadək olan 7 aylıq dövr üzrə abonentlərdən məişət tullantılarının yığılması xidmətinə görə yığılmalı olduğu halda faktiki yığılmayan xidmət haqqının ümumi məbləği 21 000 manat müəyyən edilmişdir.

9. “xxxx” MMC tərəfindən verilmiş ##.##.2026-cı il tarixli mütəxəssis rəyinə əsasən, “X2” MMC tərəfindən təhvil verilməyən ehtiyat hissələrinin ##.##.2024-cü il tarixinə real bazar (cari) qiyməti 9 533 manat təşkil edir.

10. “xxxx” MMC tərəfindən verilmiş ##.##.2026-cı il tarixli mütəxəssis rəyinə əsasən, “X2” MMC tərəfindən təhvil verilməyən ehtiyat hissələrinin ##.##.2024-cü il tarixinə real bazar (cari) qiyməti 11 231 manat təşkil edir.

11. Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının "Azərekspertiza" Birliyinin ##.##.2026-ci il tarixli mütəxəssis rəyinə əsasən, “X2” MMC tərəfindən təhvil verilməyən ehtiyat hissələrinin ##.##.2024-cü il tarixinə real bazar (cari) qiyməti 21 893 manat təşkil edir.

12. Azərbaycan Qiymətləndiricilər Palatası tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2026-cı il tarixli, AQP-*** nömrəli cavab məktubuna əsasən, “xxxx” MMC-nin ##.##.2026-cı il və “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli mütəxəssis rəylərinin qanunvericiliyə, normativ aktlara, habelə beynəlxalq və yerli qiymətləndirmə standartlarına və metodologiyalarına uyğun hazırlandığı, eyni zamanda Azərbaycan Respublikası Ticarət- Sənaye Palatasının “Azərekspertiza” Birliyinin ##.##.2026-cı il tarixli mütəxəssis rəyinin qanunvericiliyin, milli və beynəlxalq qiymətləndirmə standartlarının, digər normativ sənədlərin və peşə etikası qaydalarının tələblərinə uyğun olmadığı, rəyin hesablamalarında metodoloji uyğunsuzluqlar və kənarlaşmalar aşkar edildiyi, nəticə etibarilə hesablanmış son dəyərin kifayət qədər əsaslandırılmadığı qeyd edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

13. Iddiaçı İddiaçı cavabdeh “X2” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qalıq malların təhvil verilməməsi ilə bağlı vurulmuş maddi zərərin əvəzi kimi 13 942,67 manat və dövlət rüsumu olaraq ödənilmiş 131,83 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Iddia tələbi onunla əsaslandırılmışdır ki, 2024-cü ilin iyun ayında ümumi dəyəri 36 123,34 manat olan mallar sifariş edilmiş, lakin cavabdeh müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, bəzi malları ümumiyyətlə təhvil verməmiş, bəzi malları isə işlənmiş və yararsız vəziyyətdə təqdim etdiyindən geri qaytarılmışdır. Iddiaçı tərəfindən dəfələrlə yazılı müraciətlər edilməsinə baxmayaraq, sifariş olunan ehtiyat hissələri vaxtında təhvil verilməmiş, nəticədə Şəki KTIB-nin balansında olan nəqliyyat vasitələri və texnikanın bir hissəsi uzun müddət işləmədiyindən abadlıq və təmizlik işlərinin icrasında ləngimələr yaranmışdır. Cavabdehin müqavilə müddətinin uzadılması barədə müraciəti müqavilə şərtlərinə və malların vacibliyinə görə təmin edilməmişdir. Müqavilə öhdəliklərinin yerinə yetirilməməsi səbəbindən 3 940 manat məbləğində müqavilə təminatı tutulmuşdur. Cavabdeh tərəfindən sonradan təqdim edilən 2 557,30 manat dəyərində malların 1 174,10 manatlıq hissəsi yararsız olduğundan geri qaytarılmış, bu səbəbdən həmin məbləğ ödənilməmişdir. Hazırda cavabdehin müqavilə üzrə təqdim etmədiyi malların dəyəri 10 986,03 manat təşkil edir. Bu malların alınması üçün 2025-ci ildə yenidən satınalma keçirilməsi zərurəti yaranmış və ehtimal olunan 24 928,70 manat əlavə xərc formalaşmışdır. Mübahisənin məhkəməyədək həlli məqsədilə göndərilən pretenziya məktubu cavabsız qaldığından iddiaçı məhkəməyə müraciət etmişdir.

15. Iddiaçı “X2” MMC cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borca görə 5 948 manat, göstərilmiş hüquqi yardıma görə ödənilmiş 300 manat və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 83 manat olmaqla cəmi 6 331 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı müqavilə üzrə 65 207,98 manat dəyərində malları təhvil vermiş, qalan malların isə xaricdən idxalı və gömrük rəsmiləşdirilməsi vaxt tələb etdiyindən vaxtında çatdırılması mümkün olmamışdır. Bu səbəbdən ##.##.2024-cü il tarixli məktubla müqavilənin icra müddətinin ##.##.2025-ci ilədək uzadılması xahiş edilmiş, lakin cavabdeh bu tələbi qəbul etməmişdir. Həmçinin sonradan 2 557,30 manat dəyərində mallar təhvil verilmiş, həmin malların qəbul edilməsinə baxmayaraq dəyəri ödənilməmiş, malların bir hissəsinin geri qaytarılması barədə cavabdehin təqdim etdiyi məlumat sübut olunmamışdır. Bundan başqa, müqavilə üzrə icra olunmayan hissə 10 986,03 manat təşkil etdiyi halda, müqavilə təminatının yalnız həmin məbləğin 5 faizi, yəni 549,30 manat həcmində tutulmalı olduğu, buna baxmayaraq 3 940 manat məbləğində təminatın əsassız olaraq tutulduğu, beləliklə də 3 390,70 manatın artıq əldə edildiyi göstərilmişdir. Həmçinin iddiaçının təqdim edilməyən malların ehtimal olunan dəyəri əsasında 13 942,67 manat zərər tələbini təsdiq edən sübutlar təqdim etmədiyi qeyd edilmişdir. Bu əsaslarla iddiaçı 2 557,30 manat ödənilməmiş mal dəyəri və əsassız tutulmuş 3 390,70 manat müqavilə təminatı olmaqla, ümumilikdə 5 948 manatın cavabdehdən tutulmasını, 13 942,67 manat zərərin ödənilməsi barədə ilk iddia tələbinin isə əsassız hesab edilməsini xahiş etmişdir.

17. Şəki KTIB qarşılıqlı iddiaya etiraz edərək bildirmişdir ki, malların vaxtında təhvil verilməməsini idxal müddətinin uzanması ilə əsaslandırması qəbul edilə bilməz. Belə ki, mallar əvvəlcədən sifariş olunsa da, uzun müddət ərzində təhvil verilməmiş, qarşısıalınmaz qüvvə halının mövcudluğu isə sübuta yetirilməmişdir. Bu səbəbdən müqavilə müddətinin uzadılmasına razılıq verilməmişdir. Təqdim edilən malların bir hissəsi yararsız olduğundan akt əsasında geri qaytarılmış və həmin mallara görə ödəniş edilməmişdir. Həmçinin müqavilə təminatının tutulması qanuna və müqavilənin şərtlərinə uyğun olaraq müqavilənin ümumi məbləğinin 5 faizi həcmində həyata keçirilmişdir. Buna görə də təminatın qismən qaytarılması barədə tələb hüquqi əsasdan məhrumdur. Bundan başqa, qarşılıqlı iddia tələbinin qanunvericiliyin tələblərinə cavab vermədiyi qeyd edilərək qarşılıqlı iddianın rədd edilməsi xahiş olunmuşdur.

18. Bakı Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə ilk iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, Şəki KTIB-dən 5 398,70 manat, göstərilmiş hüquqi yardıma görə ödənilmiş 300 manat və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 73,99 manat olmaqla cəmi 5 772,69 manat məbləğində pulun tutularaq “X2” MMC-yə ödənilməsi qət edilmiş, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməmişdir.

19. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müqavilə üzrə 67 765,28 manat dəyərində mallar təhvil verilmiş, 65 207,98 manat məbləğində malın dəyəri tam şəkildə ödənilmişdir. Iddiaçının 1 174,10 manat dəyərində malların yararsız olması barədə dəlili iş üzrə sübutlarla təsdiq edilmədiyindən, cavabdehin təhvil verdiyi mallara görə 2 557,30 manat ödənilməmiş borcun tutulması barədə qarşılıqlı iddia tələbi əsaslı hesab edilmişdir. Həmçinin müqavilə təminatı üzrə 3 940 manat tam həcmdə tutulsa da, həmin tarixdə icra edilməmiş öhdəliyin dəyəri 10 986,03 manat olmuşdur. Müqavilənin şərtlərinə əsasən, cavabdeh gecikdirilmiş malların dəyərinin maksimum 10 faizi həddində, yəni 1 098,60 manat dəbbə pulu ödəməli olduğundan, qalan 2 841,40 manatın əsassız tutulduğu qənaətinə gəlinmişdir. Ilk iddia ilə bağlı isə məhkəmə qeyd etmişdir ki, cavabdeh müqavilə üzrə 10 986,03 manat dəyərində malları vaxtında təhvil verməmiş olsa da, bu pozuntuya görə müqavilədə nəzərdə tutulmuş dəbbə pulu tətbiq edilmişdir. Iddiaçı isə tələb etdiyi zərərin mövcudluğunu və məbləğini mötəbər sübutlarla təsdiq edə bilmədiyindən ilk iddia tələbi əsassız hesab edilmişdir. Məhkəmə bu hissədə gəldiyi nəticəni Mülki Məcəllənin 21 və 1096cı maddələri ilə əsaslandırmışdır.

20. Ilk iddia üzrə iddiaçı Şəki KTIB həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini, ilk iddia tələbinin tam təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi "Dövlət satınalmaları haqqında" Qanunun 38.3-cü maddəsini və müqavilə şərtlərini düzgün tətbiq etməmiş, müqavilə öhdəliklərinin pozulması səbəbindən icra təminatının müqavilənin ümumi məbləğinin 5 faizi, yəni 3 940 manat həcmində tutulması qanuni olduğu halda, onu yalnız icra edilməmiş hissəyə görə hesablamışdır. Məhkəmə təqdim edilməyən 10 986,03 manat dəyərində malların əvəzinin alınması üçün tələb olunan 24 928,70 manatlıq ehtimal olunan qiymət cədvəlinə, habelə yaranmış 13 942,67 manat əlavə maliyyə yükünə lazımi hüquqi qiymət verməmişdir. Həmçinin 2 557,30 manat dəyərində təqdim olunan malların 1 174,10 manatlıq hissəsi yararsız olduğundan geri qaytarılmış, həmin malların yararlı mallarla əvəz edilməsi razılaşdırılmışdır. Bu halın şahid ifadəsi ilə təsdiq ediləcəyi, eləcə də mallar üzrə təhvil-təslim aktının mövcud olmadığı və məhkəmənin bu halları tam araşdırmadığı göstərilmişdir. Bundan əlavə, nəqliyyat ehtiyat hissələrinin vaxtında təqdim edilməməsi nəticəsində nəqliyyat vasitələrinin işləmədiyi, bununla da məişət tullantılarının daşınması xidmətinin pozulduğu və ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək olan dövr üzrə ümumilikdə 21 000 manat məbləğində gəlir itkisi yarandığı bildirilmişdir. Əlavə olaraq, maddi zərəri təsdiq edən bəzi sübutların obyektiv səbəblərdən birinci instansiya məhkəməsinə təqdim edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Həmin sübutların yeni tələb irəli sürülməsinə deyil, mövcud tələbin əsaslandırılmasına xidmət etdiyi nəzərə alınaraq, apellyasiya instansiyası məhkəməsinə təqdim ediləcəyi göstərilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

22. Ilk iddia üzrə cavabdeh “X2” MMC apellyasiya şikayətinə qarşı yazılı etirazında bildirmişdir ki, müqavilə üzrə yalnız 10 986,03 manat dəyərində mallar təhvil verilməmişdir. Bu hallar təhvil-təslim aktları və hesab-fakturalarla təsdiq olunur. Icra təminatının tam tutulması barədə şikayətin dəlilləri əsassızdır, çünki təminat təchizatçının öhdəliyi pozması nəticəsində yaranan itkilərin kompensasiyasına yönəlir. Birinci instansiya məhkəməsi də bu əsasla 2 841,40 manat pulun qaytarılması barədə düzgün nəticəyə gəlmişdir. Həmçinin 13 942,67 manat maddi zərər və 21 000 manat itirilmiş gəlir tələbləri ehtimala əsaslanır, mötəbər sübutlarla təsdiq edilmir. 21 000 manatla bağlı təqdim edilən akt birtərəfli tərtib edilmiş və yeni tələb xarakteri daşıdığından qəbul edilə bilməz. 2 557,30 manat borcun tutulması barədə nəticənin də əsaslı olduğunu bildirmiş, elektron qaimə-fakturanın mübahisələndirilmədiyini, yararsız malların geri qaytarılması barədə isə sübut təqdim edilmədiyini qeyd etmişdir. Müqavilə müddətinin uzadılması üçün vaxtında müraciət edildiyi, malların əsas hissəsinin təhvil verildiyi və gecikmənin idxal prosedurları ilə bağlı olduğu göstərilərək apellyasiya şikayətinin rədd edilməsi xahiş edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

23. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçının nümayəndələri nümayəndə2 və nümayəndə1 (ayrı-ayrılıqda) apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər.

24. Məhkəmə iclasında ilk iddia üzrə cavabdehin nümayəndəsi (vəkili) nümayəndə3 və qanuni təmsilçisi qanuni nümayəndə2 (ayrı-ayrılıqda) apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq:

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; ... Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. ... Maddə 466. Zərər və dəbbə pulu 466.1. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. 466.2. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: 466.2.1. zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; 466.2.2. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; 466.2.3. kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. 466.3. Öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məhdud məsuliyyətin müəyyənləşdirildiyi hallarda dəbbə pulu çatmayan və ya dəbbə pulundan yuxarı hissədə və ya onun əvəzinə ödənilməli olan zərər həmin məhdudiyyətlə müəyyənləşdirilmiş həddə qədər tutula bilər.

Maddə 627. Göndərmə müqaviləsi 627.1. Göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. ... Maddə 642. Malların tam göndərilməməsi və ya göndərilməsinin gecikdirilməsi üçün dəbbə pulu Malların tam göndərilməməsi və ya göndərilməsinin gecikdirilməsi üçün qanunla və ya göndərmə müqaviləsi ilə müəyyənləşdirilmiş dəbbə pulu mal göndərəndən onun tam göndərilməmiş malların miqdarını göndərmənin sonrakı dövrlərində tamamlamaq vəzifəsinin hüdudları daxilində öhdəliyini faktik icra edənədək tutulur, bu şərtlə ki, qanunla və ya müqavilə ilə dəbbə pulunun ödənilməsinin ayrı qaydası nəzərdə tutulmasın.

Maddə 645. Müqavilə ləğv edilərkən zərərin hesablanması 645.1. Əgər satıcının öhdəliyi pozması nəticəsində müqavilə ləğv edildikdən sonra ağlabatan müddətdə alıcı müqavilədə nəzərdə tutulan malın əvəzinə başqa şəxsdən daha yüksək, lakin ağlabatan qiymətlə mal alarsa, müqavilədə müəyyənləşdirilmiş qiymətlə onun əvəzinə icra edilmiş əqd üzrə qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini satıcıya qarşı irəli sürə bilər. ... 645.3. Əgər bu Məcəllənin 645.1. və 645.2-ci maddələrində nəzərdə tutulan əsaslar üzrə müqavilə ləğv edildikdən sonra onun əvəzinə başqa əqd bağlanmamışsa və həmin malın cari qiyməti varsa, tərəf müqavilədə müəyyənləşdirilmiş qiymətlə müqavilənin ləğv edildiyi məqamdakı cari qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini irəli sürə bilər. 645.4. Malın verilməli olduğu yerdə oxşar mal üçün müqayisəyə gələn şəraitdə adətən alınmış qiymət cari qiymət sayılır. Əgər həmin yerdə cari qiymət yoxdursa, başqa yerdə tətbiq edilən, ağlabatan əvəz ola bilən cari qiymət, malın nəql edilməsi xərclərindəki fərq nəzərə alınmaqla, tətbiq edilə bilər. ...

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ... Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ... Maddə 78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. ... Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; ... Maddə 386. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Apellyasiya baxışının hədləri:

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə əsasən, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

28. Həmin Məcəllənin 372.3-cü maddəsinə əsasən, tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

29. Həmin Məcəllənin 372.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

30. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

32. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, qətnamədən ilk iddia üzrə iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsi tələb edilsə də, mahiyyət etibarilə, qətnamə ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilmiş hissələrində mübahisələndirilmişdir. Odur ki, qətnamənin əsaslılığı ilk iddia üzrə iddiaçı tərəfindən mübahisələndirilən hissələrdə apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

33. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Şəki KTIB tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddiaçı Şəki KTIB-nin cavabdeh “X2” MMCyə qarşı “maddi zərərin əvəzi kimi 13 942,67 manat məbləğində pulun tutulması” tələbinin təmin edilməməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia rədd edilməlidir. Qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

34. Iş materiallarından müəyyən olunur ki, tərəflər arasında şəhər ərazisində məişət tullantılarının yığılması və daşınmasını həyata keçirən nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satın alınmasına dair müqavilə bağlanmış və həmin müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Müqavilə predmetini təşkil edən ehtiyat hissələrinin satınalanın kommunal xidmətlərin həyata keçirilməsi məqsədilə istifadə etdiyi nəqliyyat vasitələrinin istismarı üçün əldə olunması, habelə təchizatçının həmin malları müqavilədə müəyyən edilmiş müddətdə satınalana təqdim etməyi öhdəsinə götürməsi nəzərə alınmaqla, qeyd olunan hüquq münasibəti Mülki Məcəllənin 627.1-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsinin xüsusi növü olan göndərmə müqaviləsi kimi qiymətləndirilməlidir.

35. Tərəflər arasında mübahisəsizdir ki, təchizatçı müqavilə üzrə ümumi dəyəri 78 751,31 manat olan malları ##.##.2024-cü il tarixədək təhvil verməli olduğu halda, həmin tarixədək müqavilə qiyməti 10 986,03 manat təşkil edən 44 adda ehtiyat hissəsini təhvil verməmişdir. Beləliklə, Mülki Məcəllənin 442-ci maddəsinin mənasında müqavilə öhdəliyinin pozulması baş vermişdir.

36. Birinci instansiya məhkəməsi ilk iddianı həmin hissədə Mülki Məcəllənin 21 və 1096cı maddələri baxımından qiymətləndirərək iddiaçının zərərin vurulmasını sübuta yetirmədiyi nəticəsinə gəlmişdir. Kollegiya bu hüquqi yanaşma ilə razılaşmır. Hazırkı halda zərərin yarandığı iddia edilən hüquq münasibəti müqavilədən irəli gəldiyindən, mübahisə delikt məsuliyyətini deyil, müqavilə öhdəliyinin pozulmasının nəticələrini tənzimləyən normalar əsasında həll edilməlidir.

37. Iş materiallarından görünür ki, təchizatçı ##.##.2024-cü il tarixli məktubla müqavilə müddətinin qalıq malların bir hissəsi üzrə ##.##.2025-ci il tarixədək uzadılmasını xahiş etmiş, satınalan isə ##.##.2024-cü il tarixli yazılı cavabında bu təklifi qəbul etməmiş və malların ##.##.2024-cü il tarixədək təhvil verilməsini tələb etmişdir. Müqavilənin 30.1.1.1-ci bəndi də malların müəyyən edilmiş müddətdə təhvil verilməməsi halında yazılı bildirişlə müqavilənin tam və ya qismən ləğv edilməsinə imkan verir.

38. Kollegiya nəzərə alır ki, ##.##.2024-cü il tarixli məktubda satınalan öhdəliyin icrası müddətinin uzadılmasından qəti şəkildə imtina etmiş və ##.##.2024-cü il tarixini icranın son müddəti kimi göstərmişdir. Sonrakı dövrdə də satınalan qalıq malların verilməsi üzrə öhdəliyin icrasını tələb etməmiş, icra təminatının realizə edilməsinə və təhvil verilməmiş mallarla bağlı zərərin ödənilməsinə yönəlmiş tədbirlər görmüşdür. Bu hallar birlikdə qiymətləndirildikdə, satınalanın müqavilənin icra edilməmiş hissəsinin ##.##.2024-cü il tarixindən sonra davam etdirilməsinə razılıq vermədiyi və həmin hissə üzrə müqaviləyə xitam vermək iradəsini həyata keçirdiyi qənaətinə gəlinir. Buna görə Mülki Məcəllənin 645-ci maddəsinin tətbiqi baxımından ##.##.2024-cü il tarixi əsas götürülür.

39. Hazırkı müqavilə göndərmə müqaviləsi olduğundan, bu mübahisəyə həmin müqavilə üzrə öhdəliyin pozulmasının nəticələrini tənzimləyən Mülki Məcəllənin 645-ci maddəsi tətbiq edilməlidir. Qeyd edilən maddə öhdəliyin pozulması nəticəsində ləğv edilən göndərmə müqaviləsinin tərəflərinə onların sonrakı davranışından asılı olaraq məruz qaldıqları zərərin əvəzinin tələb edilməsi üçün iki fərqli müdafiə üsulu verir. MM-in 645.1-ci maddəsi alıcıya, 645.2-ci maddəsi isə satıcıya ləğv edilmiş müqavilənin əvəzinə ağlabatan müddətdə bağladığı başqa müqaviləyə (əvəzedici müqavilə) əsasən malları aldığı (satdığı) qiymətlə birinci müqavilə üzrə qiymət arasındakı fərqi tələb etmək hüququ verir. MM-in 645.3cü maddəsi isə yuxarıda göstərilmiş qaydada əvəzedici müqavilə bağlanmadığı halda tərəflərə müqavilənin ləğv edildiyi vaxt mövcud olan cari qiymətlə müqavilədəki qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsini tələb etmək imkanı verir.

40. Hazırkı işdə Şəki KTIB təhvil verilməmiş malların əvəzinə başqa şəxsdən malların alınmasına dair əvəzedici əqd bağlamamışdır. Buna görə onun tələb etdiyi qiymət fərqinin mövcudluğu Mülki Məcəllənin 645.3 və 645.4-cü maddələrinə uyğun olaraq, təhvil verilməmiş malların ##.##.2024-cü il tarixinə olan cari qiyməti əsasında müəyyən edilməlidir.

41. Iddiaçının təqdim etdiyi 24 928,70 manat məbləğində ehtimal olunan qiymət cədvəli özlüyündə Mülki Məcəllənin 645.4-cü maddəsində nəzərdə tutulan cari qiyməti təsdiq edən kifayət qədər mötəbər sübut sayıla bilməz. Həmin norma baxımından əhəmiyyətli olan gələcək satınalma zamanı ehtimal olunan qiymət deyil, malın verilməli olduğu yerdə oxşar mal üçün müqayisə edilə bilən şəraitdə müqavilənin ləğv edildiyi vaxt mövcud olmuş qiymətdir.

42. Apellyasiya baxışı zamanı bu halın müəyyən edilməsi məqsədilə alınmış “xxxx” MMC-nin rəyində malların ##.##.2024-cü il tarixinə cari qiyməti 9 533 manat, “xxxx” MMCnin təkrar rəyində 11 231 manat, iddiaçının təqdim etdiyi “Azərekspertiza” Birliyinin rəyində isə 21 893 manat müəyyən edilmişdir.

43. Azərbaycan Qiymətləndiricilər Palatasının cavabına əsasən, “xxxx” MMC-nin və “xxxx” MMC-nin rəyləri qanunvericiliyin və qiymətləndirmə standartlarının tələblərinə uyğun hazırlanmış, “Azərekspertiza” Birliyinin rəyində isə metodoloji uyğunsuzluqlar və kənarlaşmalar müəyyən edilmiş, yekun dəyərin kifayət qədər əsaslandırılmadığı bildirilmişdir.

44. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə, heç bir sübut məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəyə malik deyildir. Bu səbəbdən Qiymətləndiricilər Palatasının rəyi də qiymətləndirmə hesabatlarının məzmununu əvəz edən sübut kimi deyil, onların tətbiq olunmuş metodologiyasının müvafiq standartlara uyğunluğunun qiymətləndirilməsi baxımından nəzərə alınmalıdır.

45. Hazırkı halda metodoloji baxımdan uyğun hesab edilmiş iki qiymətləndirmə hesabatından iddiaçı üçün daha əlverişli olan “xxxx” MMC-nin müəyyən etdiyi 11 231 manat məbləğ əsas götürülsə belə, təhvil verilməmiş malların müqavilə üzrə 10 986,03 manat qiyməti ilə cari qiyməti arasındakı fərq cəmi 244,97 manat təşkil edir. Deməli, iddiaçının 13 942,67 manat məbləğində qiymət fərqi şəklində zərərə məruz qalması sübut olunmur.

46. Lakin kollegiya hesab edir ki, 244,97 manatlıq fərqin zərər qismində tutulması üçün də əsaslar yoxdur. Müqavilənin xüsusi şərtlərinin 23.1-ci bəndinə əsasən malların gecikdirilməsinə görə dəbbə pulunun gündəlik faizi 0,01 faiz, maksimum həddi isə 10 faiz müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi müqavilə üzrə təhvil verilməmiş 10 986,03 manat dəyərində mallara münasibətdə məhz müqavilədə nəzərdə tutulmuş maksimal həddə - 1 098,60 manat məbləğində dəbbə pulunun hesablanması nəticəsinə gəlmişdir. Qətnamənin həmin hissəsi “X2” MMC tərəfindən apellyasiya qaydasında mübahisələndirilməmişdir.

47. Mülki Məcəllənin 466.1-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişdirsə, zərərin yalnız dəbbə pulu ilə qarşılanmayan hissəsinin əvəzi ödənilir. Hazırkı müqavilədə Mülki Məcəllənin 466.2ci maddəsi mənasında dəbbə pulundan əlavə zərərin tam həcmdə tutulmasını nəzərdə tutan ayrıca şərt müəyyən edilməmişdir.

48. Mülki Məcəllənin 645.3-cü maddəsinə əsasən müəyyən olunan 244,97 manat zərər və birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmış 1 098,60 manat dəbbə pulu eyni müqavilə pozuntusundan - 10 986,03 manat dəyərində malların vaxtında təhvil verilməməsindən irəli gəlir. Dəbbə pulunun məbləği müəyyən edilmiş zərər məbləğindən artıq olduğundan, Mülki Məcəllənin 466.1-ci maddəsinə əsasən əlavə olaraq zərərin tutulması üçün əsas yoxdur.

49. Şəki KTIB apellyasiya şikayətində həmçinin “Dövlət satınalmaları haqqında” Qanunun 38.3-cü maddəsinə və müqavilənin 7.1-ci bəndinə istinad edərək icra təminatının müqavilənin ümumi məbləğinin 5 faizi, yəni 3 940 manat həcmində tam olaraq onun xeyrinə qalmalı olduğunu bildirmişdir.

50. Kollegiya bu dəlillə razılaşmır. “Dövlət satınalmaları haqqında” Qanunun 38.3-cü maddəsi icra təminatının həcmini müəyyən edir və mikro və kiçik sahibkarlıq subyektlərinə münasibətdə onu müqavilənin ümumi məbləğinin 5 faizi həcmində nəzərdə tutur. Həmin norma müqavilə pozulduqda təminat məbləğinin bütün hallarda və pozuntunun nəticələrindən asılı olmayaraq satınalanın xeyrinə qalmasını müəyyən etmir.

51. Müqavilənin 7.3-cü bəndində də icra təminatından əldə edilən vəsaitin təchizatçının müqavilə üzrə öhdəliyini yerinə yetirməməsi nəticəsində yaranan itkinin kompensasiyasına xidmət etdiyi müəyyən edilmişdir. Buna görə bank qarantiyasının realizə edilməsi ilə realizə edilmiş bütün məbləğin tərəflər arasındakı əsas müqavilə münasibətində yekun olaraq satınalanın xeyrinə qalması eyni hüquqi məsələ deyildir. Təminatın realizə edilməsi satınalanın əsas müqavilə üzrə malik olduğu zərər, dəbbə pulu və digər pul tələblərinin həcmini özü-özlüyündə müəyyən etmir.

52. Birinci instansiya məhkəməsi 3 940 manat icra təminatından müqavilə üzrə maksimal dəbbə pulu kimi 1 098,60 manatın satınalanın xeyrinə saxlanılmasını əsaslı hesab etmiş və artıq tutulmuş 2 841,40 manatın “X2” MMC-yə qaytarılması nəticəsinə gəlmişdir. Təchizatçı 1 098,60 manatın dəbbə pulu kimi satınalanın xeyrinə saxlanılması hissəsini mübahisələndirməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, “Dövlət satınalmaları haqqında” Qanunun 38.3-cü maddəsi və müqavilənin 7.1-ci bəndi də özlüyündə icra təminatının qalan 2 841,40 manat hissəsinin satınalanın xeyrinə saxlanılması üçün hüquqi əsas yaratmır. Buna görə qətnamənin həmin hissəsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Qarşılıqlı iddia üzrə 2 557,30 manat ödənilməmiş mal dəyərinə münasibətdə Şəki KTIB həmin məbləğdə malların ona təqdim edilməsini mahiyyət etibarilə mübahisələndirmir. Onun etirazı təqdim edilmiş malların 1 174,10 manatlıq hissəsinin yararsız olması, geri qaytarılması və sonradan yararlı mallarla əvəz edilməsinin razılaşdırılması ilə bağlıdır.

54. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, bu hallara istinad edən Şəki KTIB həmin malların qüsurlu olmasını, təchizatçıya geri qaytarılmasını və onların dəyişdirilməsi barədə razılaşmanın mövcudluğunu sübut etməli idi. Lakin iş materiallarında 1 174,10 manatlıq malların təchizatçıya qaytarıldığını və ya onların dəyişdirilməsi barədə razılıq əldə edildiyini təsdiq edən geri qaytarma aktı, yazışma və ya digər mötəbər sübut mövcud deyildir.

55. Şəki KTIB malların təhvil-təslim aktının olmamasına istinad etsə də, öz prosessual sənədlərində 2 557,30 manat dəyərində malların faktiki təqdim edildiyini qəbul etdiyi halda, ayrıca təhvil-təslim aktının olmaması həmin malların ümumiyyətlə təqdim edilməməsi nəticəsinə gəlmək üçün əsas yaratmır. Mübahisəli olan təqdimetmə faktı deyil, malların bir hissəsinin sonradan qüsurlu olması səbəbindən geri qaytarıldığı barədə iddiadır.

56. Apellyator həmin halların şahid ifadəsi ilə təsdiq edilə biləcəyini də bildirmişdir. Lakin birinci instansiya məhkəməsində belə şahidin dindirilməsi barədə vəsatət verilməmiş və həmin sübut vasitəsinin həmin instansiyada təqdim edilməsinin apellyatordan asılı olmayan səbəblərə görə mümkün olmadığı əsaslandırılmamışdır. Bu səbəbdən həmin dəlil apellyasiya baxışında birinci instansiyada yerinə yetirilməmiş sübutetmə vəzifəsini sonradan tamamlamaq üçün əsas sayıla bilməz.

57. Beləliklə, 1 174,10 manatlıq malların yararsız olması və geri qaytarılması sübuta yetirilmədiyindən, birinci instansiya məhkəməsinin təqdim edilmiş, lakin dəyəri ödənilməmiş mallara görə 2 557,30 manatın tutulması barədə nəticəsi əsaslıdır.

58. Şəki KTIB apellyasiya şikayətində əlavə olaraq bildirmişdir ki, ehtiyat hissələrinin vaxtında təqdim edilməməsi nəticəsində nəqliyyat vasitələrinin bir hissəsi işləməmiş, bununla əlaqədar ##.##.2024-cü il tarixindən ##.##.2025-ci il tarixədək məişət tullantılarının yığılması xidmətinə görə əldə edilməli olan 21 000 manat məbləğində gəlirdən məhrum olmuşdur. Həmin halın təsdiqi kimi apellyasiya instansiyası məhkəməsinə ##.##.2026-cı il tarixli maddi zərər (itirilmiş gəlir) haqqında akt təqdim edilmişdir.

59. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində irəli sürülmüş ilk iddianın faktiki əsasını qeyd olunan gəlir itkisi təşkil etməmişdir. Iddiaçı tələb etdiyi 13 942,67 manat zərəri təhvil verilməmiş malların müqavilə üzrə 10 986,03 manat dəyəri ilə həmin malların sonradan əldə edilməsi üçün müəyyən etdiyi 24 928,70 manat ehtimal olunan qiymət arasındakı fərqlə əsaslandırmışdır. Buna görə 21 000 manat məbləğində gəlirdən məhrum olma birinci instansiyada baxılmış zərər tələbinin faktiki əsasına daxil olmamışdır.

60. Apellyasiya şikayətində göstərilən 21 000 manatlıq zərər isə fərqli faktlar məcmusuna əsaslanır. Belə zərərin müəyyən edilməsi üçün konkret nəqliyyat vasitələrinin hansı müddətdə işləməməsi, bunun məhz cavabdehin ehtiyat hissələrini vaxtında təqdim etməməsi ilə bağlı olması, nəticədə hansı xidmətlərin göstərilməməsi və ya xidmət haqqının yığılmaması, habelə əldə edilməli gəlirin məbləği kimi ayrıca faktiki halların müəyyən edilməsi tələb olunur. Həmin hallar birinci instansiya məhkəməsində ilk iddianın faktiki əsası kimi araşdırılmamışdır.

61. Mülki Prosessual Məcəllənin 372.3-cü maddəsi apellyasiya instansiyasında birinci instansiya məhkəməsinə təqdim edilmiş iddianın hüquqi əsasının dəyişdirilməsinə imkan versə də, bu qayda birinci instansiyada baxılmış iddianın faktiki əsasının başqa faktlar məcmusu ilə əvəz edilməsini nəzərdə tutmur. Buna görə ##.##.2026-cı il tarixli akt ilk iddia üzrə əvvəldən mövcud olmuş faktiki əsası təsdiq edən yeni sübut deyil, mahiyyət etibarilə başqa zərər növünü – gəlirdən məhrum olmanı əsaslandırmağa yönəlmiş sənəddir.

62. Bununla yanaşı, həmin faktların qarşılıqlı iddianın icra təminatının artıq tutulmuş hissəsinin qaytarılması barədə tələbinə münasibətdə müəyyən hüquqi əhəmiyyət daşıya bilməsi istisna edilmir. Belə ki, müqavilənin 7.3-cü bəndinə görə icra təminatından əldə edilən vəsait təchizatçının müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi nəticəsində yaranan itkinin kompensasiyasına xidmət edir. Buna görə təchizatçının müqavilə pozuntusu nəticəsində satınalanın real zərərə məruz qalması sübuta yetirildiyi halda, həmin hal icra təminatının müvafiq hissəsinin qaytarılması tələbinə qarşı etirazın faktiki əsası kimi nəzərə alına bilərdi.

63. Lakin Şəki KTIB birinci instansiya məhkəməsində qarşılıqlı iddiaya etirazını 21 000 manat gəlir itkisinə və həmin itkini yaradan faktiki hallara əsaslandırmamışdır. Sözügedən hallar ilk dəfə apellyasiya şikayətində irəli sürülmüş, onları təsdiq etmək məqsədilə isə birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra tərtib edilmiş ##.##.2026-cı il tarixli akt təqdim olunmuşdur. Aktda əks etdirilən gəlir itkisinə əsas verən faktların isə birinci instansiyada işə baxılanadək mövcud olduğu nəzərə alınmaqla, onların və həmin halları təsdiq edən sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin Şəki KTIB-dən asılı olmayan səbəblərə görə mümkün olmadığı əsaslandırılmamışdır. Buna görə Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsi baxımından həmin yeni faktların və onları təsdiq etmək məqsədilə təqdim edilmiş aktın apellyasiya instansiyasında qarşılıqlı iddianın rədd edilməsi üçün əsas kimi nəzərə alınması mümkün deyildir.

64. Beləliklə, 21 000 manat gəlirdən məhrum olma barədə dəlil və ##.##.2026-cı il tarixli akt nə birinci instansiyada baxılmış ilk iddianın faktiki əsasının təsdiqi kimi, nə də apellyasiya mərhələsində qarşılıqlı iddia üzrə icra təminatının qalan hissəsinin satınalanda saxlanılması üçün yeni faktiki əsas kimi nəzərə alına bilməz. Bu səbəbdən həmin aktın məzmununun və onda göstərilən zərərin mövcudluğunun mahiyyəti üzrə ayrıca qiymətləndirilməsinə zərurət yoxdur.

65. Yekun olaraq kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi ilk iddianı rədd edərkən mübahisəyə tətbiq edilməli maddi hüquq normalarını düzgün müəyyən etmədiyindən qətnamə həmin hissədə Mülki Prosessual Məcəllənin 385.1.1 və 386-cı maddələrinə əsasən ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməklə Şəki KTIBnin 13 942,67 manat məbləğində zərərin tutulmasına dair iddiası rədd edilməlidir.

66. Qətnamənin qarşılıqlı iddia üzrə 2 557,30 manat ödənilməmiş mal dəyərinin və 2 841,40 manat əsassız saxlanılmış icra təminatının tutulması hissələrinə münasibətdə isə apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, qətnamə həmin hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

67. Məhkəmə xərclərinə münasibətdə isə kollegiya qeyd edir ki, apellyasiya baxışında təhvil verilməmiş malların cari qiymətinin müəyyən edilməsi məhz Şəki KTIB tərəfindən tələb edilən zərərin əsaslılığının yoxlanılması üçün zəruri olmuş və aparılmış qiymətləndirmələrin nəticəsində həmin tələb təmin edilməmişdir. Buna görə də Şəki KTIB-dən daşınar əmlakların qiymətləndirilməsi üçün xidmət haqqı kimi 800 manat məbləğində pul tutularaq qiymətləndirici təşkilat “xxxx” MMC-nin hesabına, 900 manat məbləğində pul tutularaq qiymətləndirici təşkilat “xxxx” MMC-nin hesabına ödənilməlidir.

68. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da apellyasiya şikayətinin təmin olunmasının ilk iddia üzrə iddianın təmin edilməsi nəticəsinə gətirib çıxarmadığı nəzərə alınmaqla apellyatorun özünə aid edilməlidir.

69. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i : Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi qismən – “iddiaçı İddiaçı cavabdeh Cavabdehnə qarşı “maddi ziyanın əvəzi kimi 13 942,67 manat məbləğində pulun tutulması tələbinə dair iddiasının təmin edilməməsi” hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. Iddiaçı İddiaçı cavabdeh Cavabdehnə qarşı “maddi ziyanın əvəzi kimi 13 942,67 manat məbləğində pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya instansiyası məhkəməsində keçirilmiş daşınar əmlakların qiymətləndirilməsi üçün xidmət haqlarının əvəzi olaraq 800 (səkkiz yüz) manat məbləğində pul tutularaq qiymətləndirici təşkilat “xxxx” MMCnin hesabına (VÖEN: **********, Hesab № AZN: AZ68IBAZ35090019447981193205, bank: “xxxx” Açıq Səhmdar Cəmiyyəti, VÖEN: **********, müxbir hesab: AZ03NABZ01350100000000002944, kod: 805711, SWIFT: IBAZAZ2X), 900 (doqquz yüz) manat məbləğində pul tutularaq qiymətləndirici təşkilat “xxxx” MMC-nin hesabına (VÖEN: **********, hesab: AZ11PAHA35090AZNHC**********, bank: “xxxx” Açıq Səhmdar Cəmiyyəti, filialın kodu: 505141, VÖEN: **********, SWIFT kod: PAHAAZ22, müxbir hesab: AZ82NABZ01350100000000071944) ödənilsin. Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar