Məhkəmə qərarları › İş №2-2(3-6)-326/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-326/2026

15.04.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-326/2026 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Həsənov Rahib Eldar oğlunun cavabdeh “xxxx” ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (Açar sözlər: əsassız varlanma, iddia müddəti) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4 katibliyi, iddiaçı Həsənov Rahib Eldar oğlunun nümayəndəsi (vəkili) X2, cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X3 iştirakları ilə İddiaçı Həsənov Rahib Eldar oğlunun cavabdeh “xxxx” ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2- *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. Həsənov Rahib Eldar oğlu və “xxxx” ASC arasında ##.##.2025-ci il tarixdə elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi bağlanmışdır.

2. Azərbaycan Respublikası Vergilər Nazirliyi Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında *********** nömrəli arayışa əsasən Həsənov Rahib Eldar oğlu 0100 ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə ##.##.2019-cu il tarixdə uçota alınmış, əsas fəaliyyət növü plastik profil istehsalıdır.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli, 13-13/2- */**-H-****-*/**** nömrəli məktubunda - **/**-*** saylı abonent kodu ilə qeydiyyatda olan qeyriyaşayış sahəsi üzrə elektrik enerjisinə görə hesablaşmalarda tarif fərqinə yenidən baxılması barədə ünvanlanmış müraciətə “xxxx” ASC-də baxıldığını, bununla əlaqədar olaraq, **/**-*** saylı; abonent kodu ilə qeydiyyatda olan qeyri-yaşayış sahəsi ilə hesablaşmalarda müvafiq tarif təsnifatının tətbiqi aidiyyəti dövlət orqanı tərəfindən fəaliyyət istiqamətinin təsdiq edilməsi barədə verilmiş arayışın enerji təchizatı müəssisəsinə təqdim edildiyi tarixdən etibarən nəzərə alındığını, qeyd edilən dövrə qədər qeyri-yaşayış sahəsinin fəaliyyət istiqamətinin təsdiqi barədə hər hansı rəsmi sənəd “xxxx” ASC-yə təqdim edilmədiyi, istehlak edilmiş elektrik enerjisinin dəyərinin ödənilməsi ilə bağlı müəssisəyə elektron qaimələr ünvanlandığı bildirilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Həsənov Rahib Eldar oğlu (bundan sonra – iddiaçı) cavabdeh “xxxx” ASCyə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən elektrik enerjisindən istifadəyə görə cavabdehə artıq ödənilmiş 49560 (qırx doqquz min beş yüz altmış) manat, o cümlədən hüquqi yardıma görə ödənilmiş 326 (üç yüz iyirmi altı) manat və dövlət rüsumuna görə 239,66 (iki yüz otuz doqquz manat 66 qəpik) manat pulun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır, Həsənov Rahib Eldar oğlu ********** nömrəli VÖEN ilə qeydiyyatdan keçmiş, X7 fəaliyyəti ilə məşğul olmaqla 29/16-614 abonent kodu ilə elektrik enerjisindən istifadə etməkdədir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2021-ci il ## ####### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisinin ölkədaxili tarifləri”nin 4.2.2-ci bəndinə əsasən obyektin elektrik enerjisinə sərfiyyatı ##.##.2021-ci il tarixdən 10 qəpik/kVts tarifi ilə hesablanmalı olduğu halda 4.2.1-ci bəndi ilə 11 qəpik/kVts tarifi ilə hesablanmışdır. Bununla da, ##.##.2021-ci il tarixindən (göstərici 35536 əmsal 120) ##.##.2025-ci il tarixinə qədər (göstərici 75634 əmsal 120) 40098×120×0.11=529293 manat, transformator itkisi 144352×0.11=15878 AZN, cəmi 4956112 kvt/s üçün 545171 manat vəsait “xxxx” ASC-yə ödənilmişdir. Sərfiyyat 10 qəpikdən hesablansa idi 4956112×0.10=495611 manat ödənilməli idi. X5 Eldar oğlu tərəfindən (545171- 495611) 49560 manat “xxxx” ASC-yə artıq ödəniş edilmişdir. Əlavə olaraq bildiririk ki, “xxxx” ASC-yə müraciətimizə əsasən ##.##.2025-ci il tarixdən etibarən Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2024-cü il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisinin ölkədaxili tarifləri”nə uyğun olaraq elektrik enerjisindən istifadə 10,6 qəpik/kVts tarifi ilə hesablanması ilə bağlımüvafiq düzəliş edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirik ki, Həsənov Rahib Eldar oğlu tərəfindən“xxxx” ASC-yə artıq ödənilmiş 49560 (qırx doqquz min beş yüz altmış) manat məbləğ geri ödənilməlidir.

6. Cavabdeh ##.##.2025-ci il tarixdə iddia tələbinə dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. Etiraz onunla əsaslandırılmışdır ki, ##.##.2025-ci il tarixdən etibarən Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2024-cü il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisinin ölkədaxili tarifləri”nə uyğun olaraq elektrik enerjisindən istifadə 10,6 qəpik/kVts tarifi ilə hesablanması ilə bağlı müvafiq düzəliş edilmişdir. İddia tələbinə əsasən bildirir ki, respublika üzrə abonentlərin fəaliyyət sahəsinin müəyyən edilməsi “xxxx” ASC-nin məsuliyyətində deyildir. Bu müddət ərzində hər bir abonentə hesab-faktura təqdim olunur ki, həmin sənəddə də enerji üzrə tarif əks olunub. Bu zaman abonent özü fəaliyyət istiqamətini əks edən sənədi təqdim etməklə müraciət edərək tarif dəyişikliyini xahiş etməli idi. Necə ki, iddiaçı özü ##.##.2025-ci ildə məktub ünvanlamışdır. Həmin məktuba uyğun olaraq ##.##.2025-ci il tarixli məktubla iddiaçıya bildirilmişdir ki, fəaliyyət istiqamətinin təsdiq edilməsi barədə arayış enerji təchizatı müəssisəsinə təqdim edildiyi tarixdən müvafiq tarif təsnifatının tətbiqi nəzərə alınmışdır.

8. Cavabdeh məhkəməyə ##.##.2025-ci il tarixdə yazılı ərizə verib hazırkı iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.

9. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçnın nümayəndəsi məhkəmə iclasında bildirdi ki, iddiaçı tarifin dəyişməsindən məlumatlı olub, lakin rəsmi müraciət etməmişdir. Tarif də Tarif Şurasının ##.##.2021-ci il tarixli qərarı ilə dəyişmişdir. Görünür ki, bu müddət ərzində iddiaçı məlumatlı olmuş, lakin laqeyd yanaşması nəticəsində belə bir hal yaranmışdır. Bu hal isə cavabdehin məsuliyyətindən kənar baş vermişdir. Odur ki, işə baxarkən iddia müddətinin tətbiq edilməsini xahiş edirlər.

10. İddiaçı cavabdeh tərəfindən verilmiş “iddia müddətinin tətbiq edilməsi” barədə ərizəyə dair yazılı etiraz təqdim edərək, həmin ərizənin nəzərə alınmamasını xahiş etmişdir.

11. Etiraz onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə ##.##.2025-ci il tarixdə keçirilən hazırlıq iclasında hakimin “tarifin səhv müəyyən edilməsi barədə nə vaxt xəbər tutdunuz?” sualına cavab olaraq iddiaçı Rahib Həsənov tərəfindən bu barədə cavabdeh “xxxx" ASC-nin nümayəndələrinə şifahi olaraq məlumat verildiyini, lakin onlar tərəfindən hər hansı tədbir görülmədiyini qeyd etdik, lakin hansı tarixdən xəbərdar olduğu barədə məlumatımız olmadığı üçün münasibət bildirməmişdik. Bununla bağlı aşağıda qeyd olunan dəqiqləşdirilmiş məlumatları diqqətinizə təqdim edirik. Təqdim etdiyimiz Müqavilədən də göründüyü kimi “xxxx” QSC ilə iddiaçı Rahib Həsənov arasında bağlanan müqavilədə hər hansı tarif qeyd edilməmiş, həmin hissələr boş saxlanılmışdır və bu səbəbdən hansı tarifin tətbiq edildiyi barədə İddiaçıda məlumat olmamışdır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2024-cü il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisinin ölkədaxili tarifləri”nə əsasən ## ###### 2025-ci ildən etibarən tətbiq edilən tarif 10,6 qəpik/kVts müəyyən edilmişdir. Yeni tarifin dəyərinin 10 qəpikdən 10,6 qəpik/kVts-a qədər artmasına baxmayaraq elektrik enerjisindən istifadəyə görə hesablanan məbləğin dəyərinin azalması iddiaçı Rahib Həsənovda şübhə yaratmışdır və bundan sonra mütəxəssislə məsləhətləşərək tarifin 2025-ci ilin yanvarına qədər səhv tətbiq edildiyini müəyyən etmişdir. Yalnız bundan sonra ##.##.2025-ci il tarixdə cavabdeh “xxxx” QSC-yə rəsmi qaydada yazılı müraciət edərək artıq ödənilən məbləğlərin geri qaytarılmasını tələb etmişdir.

12. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə verib iddiaçı tərəfindən elektrik enerjisindən istifadəyə görə cavabdehə artıq ödənilmiş 49560 (qırx doqquz min beş yüz altmış) manat, həmin məbləğə illik 5 faizlə hesablanmış 4334,99 manat, hüquqi yardıma görə ödənilmiş 326 (üç yüz iyirmi altı) manat və dövlət rüsumuna görə 305,66 manat pulun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh “xxxx” ASC-dən 21840,48 manat əsas borc, 1001,02 manat illik beş faizlə hesablanmış faiz borcu, 158,53 manat dövlət rüsumu, 326 manat hüquqi yardıma görə xərc, ümumilikdə 23326,03 (iyirmi üç min üç yüz iyirmi altı manat sıfır üç qəpik) manat məbləğində pul tutularaq iddiaçı Həsənov Rahib Eldar oğluna ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia ərizəsi verilərkən ödənilmiş 147,13 (bir yüz qırx yeddi manat on üç qəpik) manat dövlət rüsumunun iddiaçı Həsənov Rahib Eldar oğlunun özünə aid edilməsi qət edilmişdir.

14. Məhkəmə qətnaməsini aşağıdakı kimi əsaslandırmışdır:

Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə cavabdeh tərəfindən təqdim edilmiş hesab-fakturalar üzrə iddiaçı tərəfindən istehlak edilmiş elektrik enerjisi ilə bağlı yaranmış borclar tam şəkildə ödənilmişdir. Məhkəmə iddiaçının həmin dəlili ilə razılaşaraq göstərir ki, iddiaçı tərəfindən təqdim edilmiş vergi ödəyicisinin uçota alınması haqqında *********** nömrəli arayışa əsasən iddiaçı ##.##.2019-cu il tarixdə uçota alınmış, onun əsas fəaliyyət növü plastik profil istehsalından ibarətdir. Məhkəmə hesab edir ki, ##.##.2021-ci il tarixdən ##.##.2023-cü il tarixə qədər olan dövr üzrə ödənilmiş vəsaitin geri qaytarılması tələbi iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Belə ki, materiallardan görünür ki, iddiaçı hazırkı iddia ərizəsini ##.##.2025-ci il tarixdə verməklə yuxarıda göstərilən dövr üzrə ödənilmiş vəsaitin geri qaytarılması ilə bağlı 2 illik iddia müddətini ötürmüşdür. Bu səbəbdən iddia ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixə qədər olan dövr üzrə əsassız ödənilmiş vəsaitin geri qaytarılması hissəsində təmin edilməlidir. İddiaçının abunə haqqında məlumatından görünür ki, iddiaçı tərəfindən həmin dövr üzrə istehlak edilmiş elektrik enerjisi ilə bağlı 218404,80 manat (2184048 * 0,10 manat) ödəniş edilməli olduğu halda, 240245,28 manat (2184048 * 0,11 manat) ödəniş edilmişdir. Bu səbəbdən artıq ödənilmiş 21840,48 manat (240245,28 manat - 218404,80 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi də əsaslıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia birinci hissədə qismən təmin edildiyindən cavabdehdən tutulmalı olan faiz borcunun məbləği 1001,02 manat (21840 manat * 5 faiz / 100 / 12 ay * 11 ay) müəyyən edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 21840,48 manat əsas borc, 1001,02 manat illik beş faizlə hesablanmış faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş ##.##.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən “Fides” Vəkil Bürosunun hesabına 326 manat hüquqi xidmət haqqı köçürülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 158,53 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş qalan 147,13 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

15. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1, 375.2, 380.1, 439.4, 445.1, 445.2, 445.2.1, 445.2.2, 445.7, 448.1, 448.2, 567, 598.1, 598.2, 1091.2, 1092.1, 1095-ci maddələrini, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2021-ci il ## ####### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisinin ölkədaxili tarifləri”nin 4.2.2-ci bəndini, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli qərarını tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

16. İddiaçı Həsənov Rahib Eldar oğlu Bakı Kommersiya Məhkəməsinin ##.##.2026cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən tarifin yanlış müəyyən edilməsi və bunun nəticəsində İddiaçıya zərər dəyməsi halı İddiaçıya 2025-ci ildə, yeni tarif tətbiq olunmağa başladığı tarixdən sonra məlum olmuşdur və bu səbəbdən məhkəmə tərəfindən iddia müddətinin tətbiq olunması əsassızdır. İstehlakçıya tətbiq olunan tarifin müəyyən olunması, həmin tarifə uyğun olaraq elektrik enerjisi haqqının yığımı həm qanunla, həm də müqavilə üzrə “xxxx” ASC-nin öhdəliyidir, bununla bağlı istehlakçının (iddiaçının) hər hansı öhdəliyi müəyyən olunmamışdır. Əgər məhkəmə tərəfindən iddia müddəti tətbiq olunmalı olsaydı belə, əsassız varlanma ilə bağlı deyil, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti tətbiq edilə bilərdi.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmiş, cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi isə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

19. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

20. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

21. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

22. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

23. Maddə 425.1. Hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

24. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.[792]

25. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

26. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Əsaslandırıcı hissə Apellyasiya baxışının hədləri

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

35. Kollegiya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını və Apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin qanuni və əsasslılığının qismən yoxlanılması təşkil edir. Belə ki, iddiaçı qətnaməni yalnız iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirmiş, cavabdeh isə iddia tələbi qismən təmin olunmasına baxmayaraq qətnamədən apellyasiya şikayəti verməmişdir.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

36. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır (mübahisələndirilən hissədə).

37. Kolegiya qeyd edir ki, iddiaçı cavabdehin müəyyən dövr ərzində qanunvericiliklə nəzərdə tutulmuş tarifdən fərqli, daha yüksək tarif tətbiq etməsi nəticəsində artıq ödənilmiş məbləğin geri qaytarılmasını tələb edir.

38. Kolegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, tərəflər arasında müqavilə münasibəti mövcud olsa da, iddia tələbinin əsası müqavilə üzrə razılaşdırılmış öhdəliyin icra olunmaması deyil, tarifin düzgün tətbiq edilməməsi nəticəsində hüquqi əsas olmadan artıq pulun əldə edilməsidir.

39. Buna görə də birinci instansiya məhkəməsinin mübahisəli hüquq münasibətinə əsassız varlanma ilə bağlı tələblər üzrə iddia müddətini tətbiq etməsi qanuni və əsaslı olmuşdur.

40. Eyni zamanda qanunvericiliyin tələbinə görə, iddia müddətinin başlanğıcı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu anla müəyyən edilir. İş materialları ilə müəyyən olunur ki, cavabdeh tərəfindən istehlak edilmiş elektrik enerjisinə görə hesablanmış borc məbləği mütəmadi olaraq iddiaçının nəzərinə çatdırılmış, müvafiq hesab-fakturalar təqdim edilmiş və iddiaçı həmin hesablamalara uyğun olaraq ödənişlər həyata keçirmişdir. Bu hal onu göstərir ki, iddiaçı mübahisəli dövr ərzində hesablanmış məbləğlər barədə məlumatlı olmuş, həmin məbləğləri mübahisələndirmədən qəbul etmiş və faktiki olaraq icra etmişdir. Belə ki, hüququn ümumi prinsiplərinə görə, şəxsin qanunvericiliklə və ya normativ aktlarla müəyyən edilmiş hüquq və vəzifələr barədə məlumatsızlığı onu həmin hüquqi nəticələrdən azad etmir. Tariflər isə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarları ilə müəyyən edilən və rəsmi qaydada dərc olunan normativ xarakterli aktlar olub, qeyrimüəyyən

41. şəxslər dairəsinə şamil edilir və hər kəs üçün məcburidir.

42. Bu baxımdan, iddiaçının tətbiq edilən tarifin məzmununu bilməməsi və ya yanlış anlaması onun hüquqlarının pozulması halını sonradan öyrəndiyi kimi qiymətləndirilə bilməz və iddia müddətinin başlanğıcının dəyişdirilməsi üçün əsas təşkil etmir.

43. Hazırkı iş üzrə iddia müddətinin axımının kəsilməsi və ya dayandırılmasına əsas verən halları iş materialları ilə müəyyən edilmir.

44. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

45. Avropa İnsan Hüquqları Məhkəməsi “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” işi üzrə ## ###### 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

46. Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə ## #### 2009-cu il tarixli qərarında da göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

47. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.

48. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün iddiaçının ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı Həsənov Rahib Eldar oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar