Məhkəmə qərarları › İş №2-2(3-6)-337/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-337/2026

05.05.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-337/2026 05.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı “sayğacsız istifadəyə görə artıq hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: sayğacsız istifadə dövrü, faktiki sərfiyyatın əsaslılığı, artıq hesablanmış borcun silinməsi) Hakim sədrliyi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi, iddiaçının nümayəndələri nümayəndə1 və nümayəndə3, cavabdehin nümayəndəsi nümayəndə5 iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin # ###### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxıb, müəyyən etdi: Işin halları:

1. Xaçmaz RQII-nin Qusar Xidmət Sahəsi və Müdafiə Nazirliyinin tabeliyində olan N nömrəli hərbi hissə tərəfindən tərtib edilmiş sayğacsız müəssisəyə müvəqqəti təbii qazın verilməsi ilə bağlı aktlara əsasən, Elster G-100 TRZ EK-230 tipli, ******** nömrəli (abonent kodu: 26410**********) sayğac üzrə qazdan sayğacsız istifadə dövrü 2024-cü ilin fevral, mart, aprel, avqust, sentyabr və oktyabr aylarını, Elster G-400 TRZ EK-220 tipli, ******** nömrəli (abonent kodu: 26410**********) sayğac üzrə isə 2024-cü ilin mart, aprel, avqust, sentyabr, oktyabr və noyabr aylarını əhatə etmişdir. Bu dövrlər üzrə qaz sərfiyyatı həm qaz işlədici cihazlara, o cümlədən 2 ədəd qazana münasibətdə cihazların maksimal sərfiyyatına uyğun olaraq hesablanmışdır.

2. Xaçmaz RQII-nin Qusar Xidmət Sahəsi və Müdafiə Nazirliyinin tabeliyində olan N nömrəli hərbi hissə tərəfindən tərtib edilmiş tarixi qeyd edilməyən qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktına əsasən, 2024-cü ilin fevral ayı üzrə 39 921,25 manat hesablandığı halda, mart ayı üzrə 174 754,75 manat, aprel ayı üzrə 85 165,25 manat, iyul ayı üzrə 6 383 manat hesablandığı halda, avqust ayı üzrə 29 440,50 manat, sentyabr ayı üzrə 60 937,50 manat, oktyabr ayı üzrə 117 032,75 manat, noyabr ayı üzrə isə 84 924 manat borc hesablanmışdır.

3. Müdafiə Nazirliyinin Mənzil-Istismar xidmətinin Kommunal xidmətlər qrupunun rəisi tərəfindən tərtib edilmiş hesablama cədvəlinə əsasən Cavabdeh IB tərəfindən hesablanmış təsdiqlənməyən sərfiyyat 2024-cü ilin mart ayı üzrə 174 754,75 manat, aprel ayı üzrə 85 165,25 manat, avqust ayı üzrə 29 440,50 manat, sentyabr ayı üzrə 60 937,50 manat, oktyabr ayı üzrə 117 032,75 manat, noyabr ayı üzrə 84 924 manat, Müdafiə Nazirliyi tərəfindən təsdiqlənmiş sərfiyyat 2024-cü ilin mart ayı üzrə 36 856,25 manat, aprel ayı üzrə 33 415,25 manat, avqust ayı üzrə 4 057,50 manat, sentyabr ayı üzrə 6 917,75 manat, oktyabr ayı üzrə 15 032,75 manat, noyabr ayı üzrə 38 312,50 manat olmaqla ümumilikdə fərq 417 662,75 manat təşkil edir.

4. Elster G-100 TRZ EK-230 tipli, ******** nömrəli (abonent kodu: 26410**********) sayğac üzrə abonentin saldo məlumatlarına əsasən, 2024-cü ildə sayğacsız istifadə edilən aylar üzrə ümumilikdə 364 930 m³, 2023-cü ildə isə 132 267 m³ qaz sərfiyyatı; Elster G-400 TRZ EK-220 tipli, ******** nömrəli (abonent kodu: 26410**********) sayğac üzrə isə 2024-cü ildə sayğacsız istifadə edilən aylar üzrə ümumilikdə 1 884 102 m³, 2023-cü ildə 314 051 m³ qaz sərfiyyatı hesablanmışdır.

5. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən, Cavabdeh IB tərəfindən 2024-cü ilin müxtəlif ayları üzrə yüksək həcmdə normativ sərfiyyat hesablamaları aparılmış (G-400 üzrə 1 884 102 m³, G-100 üzrə 364 930 m³) və bu hesablamalar əvvəlki ilin faktiki göstəriciləri ilə müqayisədə kəskin fərq (müvafiq olaraq 1 570 051 m³ və 232 663 m³) təşkil etmişdir. Bununla yanaşı, normativ hesablamaların sayğacların çıxarılmasından əvvəlki dövrlərə də tətbiq edildiyi və hesablamaların əvvəlki ayların orta gündəlik sərfiyyatına əsasən aparılmadığı müəyyən olunmuşdur. Nəticədə, “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinin tələblərinin pozulduğu qənaətinə gəlinmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

6. Iddiaçı, iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, N nömrəli hərbi hissəyə artıq hesablanmış 417 662,75 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, N saylı hərbi hissə üzrə yoxlama zamanı qaz sayğaclarının istismara yararsız olduğu hallarda sərfiyyatın hesablanmasının “Qazdan istifadə Qaydaları”na uyğun aparılmadığı müəyyən edilmişdir. Həmin qaydalara əsasən sayğac çıxarıldıqda hesablaşmalar əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılmalı olduğu halda, sərfiyyat normativ qaydada daha yüksək həcmdə hesablanmışdır. Bununla əlaqədar tərəflər arasında imzalanmış üzləşmə aktlarında fərqlər yaranmış, aidiyyəti qurumlara müraciətlər edilmiş, lakin 2024-cü ildə də sayğacsız dövrlərdə sərfiyyat eyni qaydada norma üzrə hesablanmağa davam etmişdir.

8. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, N saylı hərbi hissə Cavabdeh IB-də qeyri-əhali abonenti kimi qeydiyyatdadır və obyekt qaz sayğacları ilə təchiz edilmişdir. Sayğacların yoxlamaya götürüldüyü hallarda “Qazdan istifadə Qaydaları”na uyğun olaraq qazın verilməsi dayandırılmamış, sərfiyyat isə “sayğacsız obyektə müvəqqəti təbii qazın verilməsi” barədə tərəflər arasında imzalanmış aktlara əsasən hesablanmış və abonentin hesabına istifadə olunmuş təbii qazın dəyəri üzrə borc işlənilmişdir. Həmin aktlar tərəflərin razılığı ilə təsdiq edilmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçıya məxsus abonent kodu 26410********** və 26410********** olan sayğaclar üzrə artıq hesablanmış 417 662,75 manat borc məbləğinin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyə əsasən hesablaşmalar aylıq aparılmalı, sayğac çıxarıldığı hallarda isə qazın verilməsi dayandırılmadan sərfiyyat əvvəlki ayın orta gündəlik sərfinə uyğun müəyyən edilməlidir. Qanunsuz qoşulma və ya müdaxilə hallarında zərərin hesablanması zamanı istifadə müddəti, mövsüm, əvvəlki dövrlərin sərfi, qaz qurğularının xüsusiyyətləri və sayğacın markası kimi meyarlar nəzərə alınmalıdır. Lakin cavabdeh tərəfindən bu meyarlar nəzərə alınmamışdır. Üzləşdirmə aktları borcun mübahisələndirilməsini istisna etmir. Sayğacsız dövrlər üzrə hesablamalarda əvvəlki illə müqayisədə ciddi fərqlər yaranmışdır ki, bu da artıq hesablamaya dəlalət edir. Bir kubmetr qazın 0,25 manat olduğu nəzərə alınmaqla artıq hesablanmış məbləğ 450 678,5 manat təşkil etsə də, iddia yalnız 417 662,75 manat hissəyə aid olduğundan, məhkəmə həmin məbləğin silinməsini əsaslı hesab etmişdir.

11. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən 2024-cü il üzrə qaz sərfiyyatı əsasən normativ qaydada, qismən isə sayğac göstəriciləri əsasında hesablanmış, hər ay üzrə tərəflər arasında imzalanmış ikitərəfli aktlarla rəsmiləşdirilmişdir. Şikayətdə göstərilir ki, hərbi hissə məişət abonenti olmadığından sayğacların dəyişdirilməsi abonent tərəfindən təmin edilməli olmuş, sayğacın dəyişdirilməməsi səbəbindən qaz təchizatı dayandırılmamış və sərfiyyat cihazların saatlıq normativinə uyğun hesablanmışdır. Birinci instansiya məhkəməsi iş materiallarını tam və hərtərəfli araşdırmadan, sübutlara düzgün hüquqi qiymət vermədən qərar qəbul etmiş, xüsusilə ikitərəfli aktlar, laboratoriya rəyi və digər sənədləri nəzərə almamışdır. Məhkəmə yalnız mütəxəssis rəyinə istinad etməklə borcun silinməsinə qərar vermişdir. Apellyasiya şikayətində həmçinin vurğulanır ki, iddianın təmin olunan hissəsi əsassız borc kimi göstərilsə də, həmin məbləğ faktiki olaraq hərbi hissədə istehlak edilmiş təbii qazın dəyərini əks etdirir və buna görə qətnamə əsassız hesab edilir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. Iddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə5 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri nümayəndə1 və nümayəndə3 (ayrı-ayrılıqda) apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq:

16. Qaz təchizatı haqqında Azərbaycan Respublikasının ## #### 1998-ci il tarixli, ***-IQ nömrəli Qanunu (mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş qanun)

Maddə 11. Qaz fəaliyyəti sahəsində müqavilələr ...

6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”:

4. Qaz sayğaclarının quraşdırılması və istismarı ... 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. ...

5. Qazın dəyərinin ödəmə şərtləri ... 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. ... 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

6. Istehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və qazın alqı-satqı müqaviləsinin ləğvi ... 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. Istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2. Istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3. Istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. ...

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ... Maddə 78. Sübutların təqdim edilməsi və tələb olunması

78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. ... Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə uyğun olaraq qətnamənin əsaslılığını tam həcmdə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

22. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Işin müəyyən edilən hallarına əsasən, tərəflər arasında iddiaçının tabeliyində olan N nömrəli hərbi hissəyə təbii qazın verilməsi və alqı-satqısı üzrə müqavilə münasibətləri mövcuddur. Həmin hərbi hissə qaz uçotunun aparılması məqsədilə Elster G-100 TRZ EK- 230 tipli və Elster G-400 TRZ EK-220 tipli sayğaclarla təchiz edilmişdir. Tərəflər arasındakı mübahisə sayğacsız dövr üzrə qaz sərfiyyatının artıq və əsassız hesablanması ilə bağlıdır.

24. Iş materiallarından görünür ki, mübahisələndirilən dövrlərin bir hissəsində qaz sayğacları sərfiyyatı qeydə almamış, sonrakı mərhələdə isə sayğaclar qaz paylayıcısı tərəfindən çıxarılaraq dövlət yoxlamasına göndərilmişdir. Bu səbəbdən qaz təchizatı “sayğacsız obyektə müvəqqəti təbii qazın verilməsi” barədə aktlar əsasında davam etdirilmişdir.

25. Mübahisələndirilən dövrlər Elster G-100 markalı sayğac üzrə 2024-cü ilin fevral, mart, aprel, avqust, sentyabr və oktyabr aylarını, Elster G-400 markalı sayğac üzrə isə 2024cü ilin mart, aprel, avqust, sentyabr, oktyabr və noyabr aylarını əhatə etmişdir.

26. Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, 2024-cü il üzrə qaz sərfiyyatı əsasən normativ, qismən isə sayğac göstəriciləri əsasında hesablanmış, hər ay üzrə tərtib edilmiş ikitərəfli aktlarla rəsmiləşdirilmişdir. Cavabdeh bildirir ki, iddiaçı məişət abonenti olmadığından sayğacların dəyişdirilməsi onun vəzifəsinə aid olmuş, sayğac dəyişdirilmədiyi üçün sərfiyyatın cihazların saatlıq normativlərinə uyğun hesablanması zəruri hesab edilmişdir. Həmçinin qeyd olunur ki, birinci instansiya məhkəməsi yalnız mütəxəssis rəyinə istinad etmişdir.

27. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə ilk olaraq qeyd edir ki, cavabdehin iddiaçı məişət abonenti olmadığından sayğacın dəyişdirilməsi öhdəliyinin iddiaçıya aid olması barədə dəlilinin hazırkı mübahisə baxımından əhəmiyyəti yoxdur. Bu öhdəliyin iddiaçının üzərində olması cavabdehə sayğacsız istifadə dövrü üçün fərqli tariflə hesablama aparmaq səlahiyyəti vermir. Cavabdeh qeyd olunan əsasla iddiaçıdan sayğacı dəyişdirməyi və ya quraşdırılmış sayğacın dəyərini ödəməyi tələb edə bilər.

28. “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinin tələbinə görə, qaz sayğacı qaz paylayıcısı tərəfindən çıxarıldıqda, sayğacın olmadığı müddət üzrə qaz sərfiyyatı sayğac çıxarılmazdan əvvəlki ayın orta gündəlik sərfinə uyğun hesablanmalıdır.

29. Lakin iş materialları ilə müəyyən edilir ki, cavabdeh tərəfindən aparılmış hesablamalar bu tələblərə uyğun olmamışdır. Belə ki, G-100 markalı sayğac üzrə fevral, mart, aprel ayları, G-400 markalı sayğac üzrə isə mart, aprel ayları üzrə aparılmış hesablamalar istifadə edilən qaz cihazlarının maksimal saatlıq sərfiyyatına uyğun aparılmışdır.

30. Kollegiya qeyd edir ki, “Qazdan istifadə Qaydaları”nın 6.5-1-ci bəndində nəzərdə tutulmuş cihazların maksimal saatlıq sərfiyyatına əsaslanan hesablama üsulu xüsusi hüquqi rejim olmaqla yalnız istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə və ya qanunsuz qoşulma hallarında tətbiq edilə bilər. Hazırkı iş üzrə isə iddiaçının qazın talanması, sayğaca müdaxilə və ya qanunsuz qoşulma ilə bağlı təqsiri müəyyən edilməmiş, bu barədə səlahiyyətli orqanın qərarı təqdim edilməmişdir. Bu səbəbdən cavabdehin həmin metodologiyanı tətbiq etməsi hüquqi əsasdan məhrum olmuşdur.

31. Kollegiya nəzərə alır ki, mübahisəli hesablamalar bilavasitə cavabdeh tərəfindən aparıldığından, həmin hesablamaların “Qazdan istifadə Qaydaları”nın tələblərinə uyğun aparıldığını sübut etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən hesablamaların məhz hansı metodologiya əsasında və hansı göstəricilər nəzərə alınmaqla aparıldığını, habelə bu metodologiyanın tətbiqini zəruri edən şərtlərin mövcudluğunu təsdiq edən sübutlar təqdim edilməmişdir.

32. Iş materiallarında olan üzləşdirmə aktı da hesablamaların qeyri-obyektiv aparıldığını təsdiq edir. Belə ki, həmin aktdan görünür ki, ayrı-ayrı aylar üzrə məbləğlər arasında kəskin və izah olunmayan fərqlər mövcuddur. Məsələn, fevral ayında borc məbləği 39 921,25 manat olduğu halda, mart ayında bu məbləğ 174 754,75 manat təşkil etmişdir. Yəni cəmi bir ay ərzində məbləğin 4 dəfədən çox artması baş vermişdir ki, bu da əvvəlki ayın orta gündəlik sərfinə uyğun hesablanma prinsipinin pozulduğunu göstərir.

33. Eyni zamanda aprel ayında 85 165,25 manat, may ayında isə cəmi 11 801 manat hesablanması da sərfiyyatın qısa müddətdə kəskin və məntiqsiz olaraq dəyişdiyini göstərir. Bu cür fərqlər hesablamanın obyektiv metodika əsasında aparılmadığını təsdiq edir.

34. Həmçinin, abonent saldolarına nəzər yetirdikdə görünür ki, G-100 markalı sayğac üzrə 2024-cü ilin yanvar ayında sayğacla 33 728 m3 sərfiyyat olduğu halda, fevral ayında 61 380 m3 və mart ayında isə 139 804 m3 normativ hesabat, iyul ayında sayğacla 2 429 m3 sərfiyyat olduğu halda, avqust ayında 26 382 m3, eləcə də G-400 markalı sayğac üzrə fevral ayında sayğacla 98 305 m3 sərfiyyat olduğu halda, mart ayında sayğacsız 559 215 m3 normativ hesabat, iyul ayında sayğacla 23 103 m3 sərfiyyat olduğu halda, avqust ayında 91 380 m3, sentyabr ayında 187 500 m3, oktyabr ayında isə 425 270 m3 normativ sərfiyyat hesablanmışdır.

35. Kollegiya qeyd edir ki, qaz sərfiyyatının həcmi istehlakın xarakterindən və mövsümi amillərdən birbaşa asılıdır. “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndi hesablaşmanın sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılmasını tələb etsə də, aparılmış hesablamaların real istehlakla uzlaşıb-uzlaşmadığının qiymətləndirilməsi zamanı əvvəlki illərin analoji dövrləri üzrə faktiki sərfiyyat göstəriciləri müqayisəli qiymətləndirmə üçün əlavə meyar kimi nəzərə alına bilər.

36. Müqayisəli hesablama göstərir ki, G-400 markalı qaz sayğacı üzrə 2023-cü ilin mart, aprel, avqust, sentyabr, oktyabr və noyabr ayları ərzində ümumilikdə 314 051 m³ sərfiyyat olduğu halda, 2024-cü ilin müvafiq ayları üzrə isə 1 884 102 m³ (fərq 1 570 051 m³) normativ sərfiyyat hesablanmış, G-100 markalı qaz sayğacı üzrə 2023-cü ilin fevral, mart, aprel, avqust, sentyabr və oktyabr ayları ərzində ümumilikdə 132 267 m³ sərfiyyat olduğu halda, 2024-cü ilin müvafiq ayları üzrə isə 364 930 m³ (fərq 232 663 m³) normativ sərfiyyat hesablanmışdır.

37. Iş üzrə ##.##.2025-ci il tarixli mütəxəssis rəyi ilə sayğac göstəricilərinə əsasən hesablanmış müvafiq ayların sərfiyyatı ilə mübahisəli dövr üzrə normativ hesablamalar arasında kəskin fərqin olduğu təsdiq edilmişdir.

38. Kollegiya cavabdehin birinci instansiya məhkəməsinin yalnız mütəxəssis rəyinə istinad etməsi ilə bağlı dəlilini əsaslı hesab etmir. Belə ki, birinci instansiya məhkəməsi nəticəyə gələrkən təkcə mütəxəssis rəyinə deyil, iş materiallarında olan sayğacsız qaz verilməsi aktlarına, abonent saldo məlumatlarına, üzləşmə aktına, aylar üzrə sərfiyyat göstəricilərinə, eləcə də “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinin tələblərinə birlikdə hüquqi qiymət vermişdir. Mütəxəssis rəyi isə həmin sübutlarla müəyyən edilən halları texniki baxımdan təsdiq edən sübutlardan biri kimi qiymətləndirilmişdir.

39. Aparılmış müqayisə və mütəxəssis rəyi ilə müəyyən edilən kəskin fərqlər cavabdehin hesablamalarının real istehlakla uzlaşmadığını göstərir.

40. Cavabdehin apellyasiya şikayətində istinad etdiyi arqument – sayğacsız istifadə ilə bağlı aktların tərtib edilməsi və iddiaçı tərəfindən imzalanması da hüquqi baxımdan həlledici əhəmiyyət kəsb etmir. Hazırkı işdə mövcud olan üzləşmə aktı və “sayğacsız obyektə müvəqqəti təbii qazın verilməsi” aktları cavabdeh tərəfindən aparılmış hesablamaların qanuniliyini və düzgünlüyünü mübahisəsiz şəkildə təsdiq edən sənədlər kimi qiymətləndirilə bilməz. Həmin sənədlər yalnız mövcud münasibətlər çərçivəsində yaranmış hesablaşmanın vəziyyətini əks etdirir və sübut xarakteri daşıyır. Bu baxımdan onların hüquqi qiymətləndirilməsi zamanı sənədlərin məzmunu, tərtib olunma şəraiti, tərəflər arasında mövcud olan faktiki münasibətlər nəzərə alınmalıdır. Bu aktların imzalanması tərəfi hesablaşmanın düzgünlüyünü mübahisələndirmək hüququndan məhrum etmir.

41. Xüsusilə nəzərə alınmalıdır ki, cavabdeh qazın pərakəndə satışı ilə məşğul olan təbii inhisar subyektidir və qazın alqı-satqısına dair müqavilələr mülki hüquqi müqavilə olsa da, həmin müqavilələr çərçivəsində münasibətlər tərəflər üçün məcburi olan tariflər və qaydalarla tənzimlənir. Yəni, bu münasibətlərdə tərəflərin istehlak edilən təbii qazın qiyməti və sərfiyyatın hesablanma qaydası ilə bağlı fərqli qayda müəyyən etməyə səlahiyyətləri yoxdur. Mülki Məcəllənin 390.2 və 390.5-ci maddələrinin mənasına görə tərəflər müqavilə münasibətlərini sərbəst müəyyən edə bilsələr də, müqavilənin məzmunu imperativ hüquq normalarına zidd ola bilməz. “Qazdan istifadə Qaydaları” ilə qaz sərfiyyatının hesablanma qaydası imperativ qaydada müəyyən edildiyindən, tərəflərin imzaladıqları aktlar həmin qaydalardan fərqli hesablama metodunun tətbiqi üçün müstəqil hüquqi əsas yarada bilməz.

42. “Qazdan istifadə Qaydalar”ı istehlak edilmiş qazın həcminin düzgün müəyyən olunması və istehlakçıya hesabat təqdim edilməsi vəzifəsini qaz təchizatçısının üzərinə qoymuşdur. Bu halda, təchizatçının imperativ tələblərə uyğun olmayan hesablamaları nəticəsində tərtib etdiyi yanlış hesabatı akt şəklində istehlakçıya imzalatması istehlakçı üçün məcburi hüquqi nəticəyə çevirə bilməz.

43. Yekun olaraq kollegiya bu nəticəyə gəlir ki, cavabdeh tərəfindən tətbiq edilmiş hesablama metodologiyası “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinin tələblərinə uyğun olmamış, bu metodologiyanın tətbiqini əsaslandıran halların mövcudluğu isə sübuta yetirilməmişdir.

44. Bu səbəbdən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin artıq hesablanmış borcun silinməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə həmin qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas vermir.

45. Məhkəmə xərclərinə münasibətdə isə kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

46. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan artıq olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilə bilər.

47. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət e t d i :

Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar