Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-342/2026 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI (Açar sözlər: icarə müqaviləsi üzrə borcun ödənilməsi və dəbbə pulu) Məhərrəmova Günel Elman qızının katibliyi ilə, Iddiaçı COP29 Azərbaycan Əməliyyat Şirkətinin cavabdeh “xxxx” ASC-yə qarşı “icarə müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları
1. COP29 Azərbaycan Əməliyyat Şirkəti (əməliyyat şirkəti) ilə “xxxx” ASC (icarəçi) arasında bağlanmış və hər iki hüquqi şəxsin rəhbərinin imzası və möhürü ilə təsdiq edilmiş ##.##.2024-cü il tarixli pavilyon icarəsi müqaviləsinin: Preambulasına əsasən, pavilyon yaşıl zonada Əməliyyat Şirkəti və ya onun tərəfindən səlahiyyətləndirilmiş digər şəxslər tərəfindən quraşdırılan və pavilyon icarəçisinin istifadəsinə təqdim olunan müvəqqəti tikilidir. 2.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən, əməliyyat şirkəti pavilyon icarəçisinə bu müqavilənin 3-cü bəndində qeyd olunmuş pavilyon sahəsini və bununla əlaqəli olan razılaşdırılmış xidmətləri təqdim edir. 3.1-ci bəndinə əsasən, pavilyon icarəçisinə ümumi sahəsi 50 “custom design” kv.m olan pavilyon sahəsinə giriş və istifadə hüququ verilir. Pavilyon sahəsinin ölçüsü, planı və bütün əlaqəli obyektləri bu müqavilənin * saylı əlavəsində ətraflı təsvir edilmişdir. 4.1-ci bədninə əsasən, pavilyondan istifadə müqabilində pavilyon icarəçisi əməliyyat şirkətinə əlavə 93500 manat (18% ədv xaric) məbləğində icarə haqqı ödəyir. 4.3-cü bədninə əsasən, müvafiq icarə haqqı pavilyon icarəçisi tərəfindən tam şəkildə müqaviləni hər iki tərəf imzalandıqdan 15 gün ərzində əməliyyat şirkətinin bank hesabına köçürülmə yolu ilə ödənilməlidir. 4.4-cü bəndinə əsasən, pavilyon icarəçisi tərəfindən icarə haqqının ödənilməsi gecikdirildiyi təqdirdə gecikdirilmiş hər gün üçün pavilyon icarəçisi əməliyyat şirkətinə ödənişi gecikdirilən məbləğin 1 faizi məbləğində cərimə ödəyir. 6.1.1–ci bəndinə əsasən, pavilyon icarəçisi tərəfindən icarə haqqının vaxtında ödənilməsini tələb etmək əməliyyat şirkətinin hüququdur. 7.2.1-ci bəndinə əsasən, icarə haqqını və razılaşdırılmış əlavə xidmətlərin dəyərini bu müqavilədə və əlavələrində nəzərdə tutulmuş müddətlərdə ödəmək pavilyon icarəçisinin öhdəliyidir. 15.1-ci bəndinə əsasən, bu müqavilə tərəflərin öz öhdəliklərini tam şəkildə icra edənə kimi qüvvədədir.
2. Müqaviləyə * saylı Əlavədən görünür ki, xidmət – 50 kv. metr pavilion sahəsinin icarəsi, qiymət 93500 manat, ƏDV 16830 manat olmaqla yekun məbləğ 110330 manat müəyyən edilmişdir.
3. COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən “xxxx” ASC-yə ünvanlanan ##.##.2024-cü il tarixli MT2412 seriyalı ******** nömrəli elektron qaimədən görünür ki, əsas borc 93500 manat, ƏDV 16830 manat olmaqla, cəmi məbləğ 110330 manat təşkil etmişdir. Elektron qaimənin əsası qismində ##.##.2024-cü il tarixli ***PP-** nömrəli müqaviləyə istinad olunmuşdur.
4. COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən təqdim olunmuş ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, 110300 manat ödənilməmiş və 306 günlük gecikmə mövcuddur. Beləliklə 2025-ci il tarixə olan məlumatlara əsasən, “xxxx” ASC-nin COP29 Azərbaycan Əməliyyat Şirkətinə qarşı ümumi borc məbləği 337,609.80 təşkil edir.
5. COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən “xxxx” ASC-yə ##.##.2025-ci il tarixində elektron qaydada pretenziya qaydasında xəbərdarlıq məktubu ünvanlanaraq, borcla bağlı məsələyə münasibət bildirməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
6. Iddiaçı COP29 Azərbaycan Əməliyyat Şirkəti cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ümumilikdə 337,609.80 məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı COP29 Azərbaycan Əməliyyat Şirkətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında ## ####### 2024-cü il tarixdə Birləşmiş Millətlər Təşkilatının Iqlim Dəyişmələri üzrə X12 Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində pavilyon icarəsi müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən, Əməliyyat Şirkəti pavilyon icarəçisinə ümumilikdə 50 kv. metr olan pavilyon sahəsinə giriş və ondan istifadə etməyə icazə verməyi, pavilyon icarəçisi isə öz növbəsində pavilyondan istifadə müqabilində ƏDV xaric 93,500 manat dəyərində icarə haqqını Müqavilə imzalandıqdan sonra 15 gün ərzində iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Həmçinin, müqavilənin 4.4-cü bəndində icarə haqqının gecikdirilməsi halında, cavabdehin iddiaçıya gecikdirilmiş hər gün üçün ödənişi gecikdirilən məbləğin 1 faizi həcmində cərimə ödəməsi nəzərdə tutulmuşdur. Iddiaçı müqavilədən irəli gələn öhdəliklərini tam şəkildə icra edərək müvafiq pavilyon sahəsini cavabdehə qüsursuz şəkildə təhvil verməsinə və cavabdehin ondan istifadə etməsinə baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə ödəniş öhdəlikləri icra edilməmiş, müqavilə bağlandıqdan sonra hazırki tarixədək heç bir ödəniş etməmişdir. Ödəniş öhdəliyinin icra olunmaması və vurulmuş ziyanla bağlı iddiaçı tərəfindən cavabdehlə şifahi danışıqlar aparılmış, həmçinin cavabdehə öhdəliklərinin icra edilməsi ilə bağlı ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh tərəfindən gecikdirilmiş öhdəliklərin və şirkətimizə dəymiş zərərin ödənilməsi təmin edilməmişdir. Beləliklə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərini əhəmiyyəli dərəcədə pozulması nəticəsində cavabdehin Əməliyyat Şirkəti qarşısında ümumilikdə 337,609.80 manat məbləğində maliyyə öhdəliyi yaranmışdır.
8. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia tələbini aşağıdakı kimi, 1.əsas borc: 110330,00 manat 2.dəbbə pulu (cərimə/faiz): 227279,80 manat 3. ümumi məbləğ: 337609,80 manat formasında dəqiqləşdirdiyini bildirmiş və iddia tələbinin bu formada dəqiqləşdirilməsini qəbul etməyi məhkəmədən xahiş etmişdir.
9. ##.##.2025-ci il tarixdə cavabdeh EMIS vasitəsi ilə iddia ərizəsinə etiraz təqdim etmişdir.
10. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı borcun ümumi 337,609.80 manat olduğunu qeyd etsə də, bu məbləğin formalaşması ilə bağlı: real zərərin hesablanması, iqtisadi əsaslandırılması, faktiki itkilərin sübutları məhkəməyə təqdim edilməmişdir. Iddiada göstərilmişdir ki, müqavilənin 4.4-cü bəndinə əsasən gecikdirilmiş ödənişlərə görə hər gün üçün 1% cərimə tətbiq olunur. Bu isə faktiki olaraq borcun qısa müddətdə əsas borcdan dəfələrlə artıq məbləğə çatmasına səbəb olur. Bu baxımdan, iddiaçı tərəfindən tələb edilən cərimə və faizlər ədalətlilik və mütənasiblik prinsiplərini pozur. Məhkəmə təcrübəsində əsas borcdan artıq hesablanmış faiz borcunun tutulmasına yol verilmir. Belə ki, Məhkəmə açıq-aşkar həddindən artıq böyük cərimə və sanksiyaları azaltmaq hüququna malikdir. Mövcud vəziyyətdə iddiaçı tərəfin təqdim etdiyi hesablamalar ədalətsiz zənginləşməyə yönəlmiş xarakter daşıyır. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.
11. Iddiaçı ##.##.2026-cı il tarixdə EMIS vasitəsi ilə ərizə təqdim edərək nümayəndəsinin ezamiyyətdə olması səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və yekun qərar qəbul edilməsini xahiş etmişdir.
12. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
13. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X3 izahatında bildirmişdir ki, xxxxin Azərbaycandakı nümayəndəliyi X4 qoludur. xxxx ASC iddiaçı ilə müqavilə bağlasa da ödənişi X4 ödəməli idi. X5 formal olaraq, bir rəhbər kimi cəlb edilib, orada faktiki rəhbərliyi X4 baş direktoru edib. Iddia tələbində 330000 manat göstərilib, ancaq cavabdehin təxmini 100000 manat həddində borcu var, daha doğrusu 93500 manat, bu məbləği ödəməyi düşünürlər. Hesab edir ki, dəbbə pulunun məbləği şişirdilmişdir və əsas borcdan 3 dəfə çoxdur. Sədrlik edənin sualına cavab olaraq cavabdehin nümayəndəsi bildirdi ki, xxxx ASC müstəqil hüquqi şəxsdir və müqaviləni iddiaçı ilə özü bağlamışdır. Əsas borcla bağlı mübahisələri yoxdur, ancaq cavabdeh burada qeydiyyatda olsa da, reallığa qaldıqda türk şirkətidir.
15. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh “xxxx” ASC-dən 93500 manat əsas borc, 16830 manad ƏDV, cəmi 110330 manat əsas borc, 5516.5 manat dəbbə pulu olmaqla ümumilikdə 115846.5 (yüz on beş min səkkiz yüz qırx altı manat əlli qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 405.85 manat iddiaçı COP29 Azərbaycan Əməliyyat Şirkətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
16. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır:
Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin icarəyə götürdüyü əmlaka dair icarə haqqının ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli pavilyon icarəsi müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya icarə müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə ilkin olaraq qeyd edir ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Digər tərəfdən qüvvədə olan müki qanunvericilik öhdəliyin icrası ilə bağlı iki prinsip müəyyən etmişdir: lazımı şəkildə icra edilməsi prinsipi və real icra prinsipi. Mülki Məcəllənin 425.1-ci maddəsində öhdəliyin lazımı şəkildə icra edilməsi prinsipi müəyyən edilərək göstərilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yəni, lazımı şəkildə öhdəliyin icrası prinsipi müəyyən edir ki, öhdəlik lazımı subyektlər tərəfindən, lazımı yerdə, lazımı vaxtda, lazımı predmet ilə və lazımı şəkildə icra olunmalıdır. Məhkəmə tərəfindən müəyyən edildi ki, COP29 Azərbaycan Əməliyyat Şirkəti (əməliyyat şirkəti) ilə “xxxx” ASC (icarəçi) arasında bağlanmış və hər iki hüquqi şəxsin rəhbərinin imzası və möhürü ilə təsdiq edilmiş ##.##.2024-cü il tarixli pavilyon icarəsi müqaviləsinə əsasən, iddiaçı ümumi sahəsi 50 kv.m olan pavilyon sahəsini icarəçiyə təhvil verməyi, icarəçi isə sahədən (pavilyondan) istifadə qarşılığında razılaşdırılmış icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, müqavilə və ona * saylı əlavədən görünür ki, icarə haqqının dəyəri 93500 manat, ƏDV 16830 manat olmaqla ümumilikdə 110330 manat müəyyən edilmişdir. Iddiaçı üzərinə düşən öhdəliyi lazımı qaydada icra edərək icarə obyektini cavabdehə təhvil verməsinə baxmayaraq, cavabdeh icarə haqqını ödəməmiş, nəticədə müqavilə üzrə öhdəliklərini lazımı qaydada icra etməmişdir. Hal-hazırda iddiaçı qeyd edilən müqavilə üzrə əsas borcun və cərimənin tutulması tələbi ilə çıxış edir. Cavabdeh iddia tələbini qismən qəbul edərək əsas borca münasibətdə hər hansı bir mübahisənin olmadığını bildirir, lakin cərimə məbləğini həddindən artıq yüksək hesab edir. Məhkəmə xüsusi olaraq qeyd edir ki, estoppel prinsipinin mahiyyətinə əsasən, hüquqda tərəf daha öncə qəbul etdiyi faktları, (hərəkətləri) sonradan inkar etmək və ya mübahisələndirmək, əvvəlki davranışına zidd mövqe tutmaq imkanından məhrum edilir (estopped from denying). Hər hansı bir fakt şəxs tərəfindən təsdiq edilə, eyni zamanda inkar edilə və ya mübahisələndirilə bilməz. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını, cavabdehin icarə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etmədiyini, nəticədə iddiaçıya borcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını, eyni zamanda əsas borca münasibətdə tərəflər arasında mübahisə olmamasını nəzərə alaraq hesab edir ki, iddia tələbi icarə üzrə əsas borcun tutulması hissəsində təmin edilməli, cavabdehdən 93500 manat əsas borc, 16830 manad ƏDV olmaqla, cəmi 110330 pul məbləği iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə tərəfindən müəyyən olundu ki, AR IN yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən “xxxx” ASC ##.##.2024-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Beləliklə cavabdeh ##.##.2024-cü il tarixli icarə müqaviləsini bağlayarkən müstəqil hüquqi şəxs kimi mülki hüquq və vəzifələrə malik olmuş, müqaviləni öz adından və öz hüquqi məsuliyyəti çərçivəsində bağlamışdır. Türkiyə Respublikasında qeydiyyatda olan hər hansı hüquqi şəxsin mübahisələndirilən müqaviləyə aidiyyəti məhkəmə tərəfindən müəyyən edilməmişdir. Bundan başqa iddiaçı icarə haqqı üzrə yaranmış borcun gecikdirilmiş hər günü üçün borcun 1 faizi məbləğində cərimənin tutulması tələbi ilə çıxış edir. Iddiaçı tərəfindən təqdim edilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədən görünür ki, müqavilə üzrə ümumilikdə 227279.80 manat məbləğində cərimə hesablanmışdır. Məhkəmə ilkin olaraq qeyd edir ki, dəbbə pulunun növlərindən biri olan “cərimə” öhdəliyin icra edilmədiyi və ya lazımi qaydada icra edilmədiyi hallarda birdəfəlik sabit pul məbləği, digər növü olan “penya” isə öhdəliyin icra edilməməsinə və ya lazımi qaydada icra edilməməsinə görə pozuntunun davam etdiyi müəyyən vaxt dövrü üçün faiz (və ya sabit məbləğ) formasında müəyyən edilir və pozuntu davam etdikcə penyanın məbləği də artır. Odur ki, tərəflər arasında bağlanmış müqaviləin şərtlərində nəzərdə tutulmuş dəbbə pulu “cərimə” adlandırılsa da, gecikdirmənin hər günü üçün əsas borc məbləğinə faiz kimi müəyyən edildiyindən hesablanma üsuluna görə dəbbə pulunun penya növünə aiddir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-nin 462.3cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, MM-nin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, dəbbə pulunun məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi tərəfindən qəbul edildiyini, iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 5516.5 manat məbləğində dəbbə pulu tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.
17. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 43.1, 44.1, 386.1, 387.3, 398.1, 399.1, 425.1, 442, 460.1, 462.3, 467, 700.1, 700.2, cü maddələrinə istinad etmişdir.
18. Cavabdehin nümayəndəsi (vəkili) qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayəti belə əsaslandırmışdır ki, xxxxin Azərbaycandakı nümayəndəliyi X4 qoludur, xxxx ASC iddiaçı ilə müqavilə bağlasa da, ödənişi X4 həyata keçirməli idi, eyni zamanda məbləğin hansı qaydada hesablandığı məhkəmə tərəfindən araşdırılmamış, məhkəmə maddi və prosessual hüquq normalarının tələblərini pozaraq işin hallarına uyğun gəlməyən qərar çıxarmışdır.
Apellyasiya şikayətinə qarşı etiraz
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahatlar
20. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
22. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
23. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
24. Maddə 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.
25. Maddə 44.1. Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.
26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
28. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
29. Maddə 387.3. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır.
30. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
31. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.
32. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.
33. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.
34. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
35. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
36. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
37. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
38. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
39. Maddə 700.1. Icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
40. Maddə 700.2. Icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
46. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
47. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
49. Kollegiya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını və Apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin qanuni və əsasslılığının qismən yoxlanılması təşkil edir. Belə ki, cavabdeh qətnaməni yalnız iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmiş, iddiaçı isə iddia tələbinin qismən təmin olunmasına baxmayaraq qətnamədən apellyasiya şikayəti verməmişdir.
Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
50. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
51. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir, bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
52. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
53. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.
54. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının ## ######## 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2018-ci il tarixli Qərarı).
55. Işin faktiki hallarından görünür ki, tərəflər arasında ##.##.2024-cü il tarixli pavilyon icarəsi müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı pavilyon icarəçisinə (“xxxx” ASC) ümumi sahəsi 50 “custom design” kv.m olan pavilyon sahəsinə giriş və istifadə hüququ verməyi, cavabdeh pavilyondan istifadə müqabilində pavilyon icarəçisi əməliyyat şirkətinə (COP29 Azərbaycan Əməliyyat Şirkəti) əlavə 93500 manat (18% ədv xaric) məbləğində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Iddiaçı məhkəməyə müraciət edərək icarə müqaviləsi üzrə ödənilməmiş icarə haqqının, eləcə də icarə haqqı üzrə yaranmış borcun gecikdirilmiş hər günü üçün cərimənin tutulmasını tələb etmişdir.
56. Beləliklə, tərəflər arasında münasibətlərin xarakterinə görə iddianın qanuni əsası kimi icarə münasibətləri ilə bağlı normalar nəzərdən keçirilə bilər. Bu baxımdan iddiaçı (icarəyə verən), icarə predmetini icarəçiyə təhvil verdiyini və icarə müqaviləsi üzrə ödənilməyən icarə haqqının məbləğini sübut etməlidir; cavabdeh (icarəçi) isə iddiaçıya (icarəyə verənə) borcunun qalmadığını sübut etmək vəzifəsi daşıyır.
57. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.
58. Cavabdeh nə birinci instansiya məhkəməsində, nə də apellyasiya şikayətində icarə predmetinin ona təhvil verilməsi faktını mübahisələndirməmişdir. Bu isə o deməkdir ki, icarə obyektinin cavabdehin istifadəsinə verilməsi faktı tərəflər arasında mübahisə predmeti təşkil etmir və sübuta ehtiyac olmayan hal kimi qəbul edilir.
59. Eyni zamnada COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən “xxxx” ASC-yə ünvanlanan ##.##.2024-cü il tarixli MT2412 seriyalı ******** nömrəli elektron qaimədən görünür ki, əsas borc 93500 manat, ƏDV 16830 manat olmaqla, cəmi məbləğ 110330 manat təşkil etmişdir. Elektron qaimənin əsası qismində ##.##.2024-cü il tarixli ***PP-** nömrəli müqaviləyə istinad olunmuşdur.
60. Lakin cavabdeh icarə müqaviləsi üzrə göndərilmiş elektron qaiməyə etiraz və ya düzəliş edilməsi üçün hər hansı bir müraciət etməmişdir.
61. Cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarında olan Müqaviləyə * saylı Əlavədən görünür ki, pavilion sahəsinin icarəsi üçün icarə haqqı 93500 manat, ƏDV 16830 manat olmaqla yekun məbləğ 110330 manat razılaşdırılmış; 1 saylə Əlavə tərəflərin imza və möhürləri ilə təsdiq edilmişdir.
62. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmiş icarə haqqının məbləği müqavilə şərtlərinə və təqdim olunmuş maliyyə sənədlərinə uyğundur. Belə ki, icarə haqqı barəsində tərəflər arasında fərqli razılaşmanın olduğu iş materialları ilə sübut olunmur.
63. Cavabdehin əsas dəlillərindən biri ondan ibarətdir ki, müqavilə üzrə ödənişlər Türkiyə Respublikasında yerləşən digər hüquqi şəxs tərəfindən həyata keçirilməli idi. Lakin apellyasiya kollegiyası qeyd edir ki, dövlət reyestri məlumatlarına əsasən “xxxx” ASC müqavilə bağlandığı tarixdə müstəqil hüquqi şəxs kimi fəaliyyət göstərmiş və müqaviləni öz adından bağlamışdır. Bu səbəbdən cavabdehin müqavilə üzrə öhdəliklərinin üçüncü şəxsin üzərinə qoyulması barədə dəlili əsassızdır. Belə ki, müqavilə tərəfi kimi cavabdeh öz öhdəliklərini müstəqil şəkildə icra etməli idi.
64. Kollegiya onu da qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə öhdəliyin Türkiyə Respublikasında yerləşən digər hüquqi şəxs tərəfindən həyata keçirilməsi üzrə hər hansı bir qeyd şərt nəzərdə tutulmamış; digər hüquqi şəxs icarə haqqının ödənilməsi barədə öhdəlik götürməmişdir.
65. Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən Qərarında da göstərilmişdir ki,, “...Müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Mülki qanunvericiliyə müvafiq olaraq müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar”.
66. Apellyasiya kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən dəbbə pulunun (cərimənin) məbləğinin azaldılması ilə bağlı nəticə cavabdehin mənafeyi nəzərə alınmaqla və mütənasiblik prinsipi əsasında düzgün tətbiq edilmişdir.
67. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
68. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
69. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDI:
Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.