Məhkəmə qərarları › İş №2-2(3-6)-360/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-6)-360/2026

03.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-2(3-6)-360/2026 03.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Qərardad hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), X1 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə İddiaçı MTK-nın X2 qarşı “icarə sahəsinin məcburi qaydada boşaldılması və pulun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadından İddiaçı MTK-nın qanuni nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MTK (iddiaçı) X2 (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə) müraciət edərək, cavabdehdən 16 800 manat məbləğində icarə haqqı, illik 5 % dərəcəsi ilə hesablanmış 840 manat olmaqla, ümumilikdə 17 640 manat vəsaitin, 143 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi, cavabdehin və digər şəxslərin icarə obyektindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin ## ###### 2026-cı il tarixli qərardadı ilə cavabdehin qeydiyyat ünvanının Yardımlı rayonu olduğu, həmin ünvanın isə Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasında yerləşdiyi əsas göstərilməklə, iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Qərardaddan İddiaçı MTK-nın qanuni nümayəndəsinin verdiyi şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, müvafiq iddia tələbi müqavilə öhdəliklərindən əlavə, həmçinin, mübahisəli mənzilin cavabdehin qeyri-qanuni sahibliyindən geri götürülməsi ilə əlaqədar olmuş, bu tələb də özlüyündə mülkiyyət hüququnun müdafiəsinə yönəldiyindən məhkəmənin bu barədə mövqeyi qanuni və ədalətli olmamışdır. Məhkəmə nəzərə almamışdır ki, iddia tələbi məhz mülkiyyət hüquqlarının müdafiəsi ilə əlaqədar olmaqla, daşınmaz əmlakın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi ilə bağlıdır. Daşınmaz əmlaka qeyri-qanuni sahibliyin hansı səbəbdən yaranması isə heç bir əhəmiyyət kəsb etmir. Müvafiq iddia tələbi, yəni obyektin cavabdehin qanunsuz istifadəsindən götürülməsi, cavabdeh və digər şəxslərin obyektdən çıxarılması müqavilə öhdəlikləri ilə deyil, mülkiyyət hüquqlarının müdafiəsi ilə əlaqədar olmuşdur. Eyni zamanda, müvafiq iddia üzrə tələblər məhkəmənin qərardadında göstərmiş olduğu mövqeyə görə müqavilə öhdəlikləri ilə əlaqədar olduğu halda da, MPM-nin 36.11-ci maddəsinə əsasən, icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Göründüyü kimi, hər iki halda da müvafiq iddia ərizəsinə daşınmaz əmlakın olduğu yer üzrə kommersiya məhkəməsi tərəfindən baxılmalıdır. Kollegiya iş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə görə, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Elektron məhkəmə informasiya sistemindən şəxsiyyət vəsiqəsi məlumatlarına dair çıxarışdan aydın olur ki, X2 şəhərində qeydiyyatdadır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə ## ###### 2019-cu il tarixli, * saylı qərarının 23-cü bəndinə əsasən Yevlax rayonu Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Kollegiya işin müstəsna aidiyyat qaydalarına uyğun olaraq Bakı Kommersiya Məhkəməsinə aid olması barədə arqumentlərlə də razılaşmır. Belə ki, qanunverici ədalət mühakiməsinin səmərəliyinin təmin edilməsi məqsədilə mülki işlər üzrə ümumi aidiyyət qaydaları ilə yanaşı, iddiaçının seçməsinə görə aidiyyət, müqavilə aidiyyəti, müstəsna aidiyyət və s. aidiyyət qaydalarını müəyyən etmişdir. Həmin qaydalardan biri də müstəsna aidiyyət qaydasıdır. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir ("Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” # #### 2021-ci il tarixli Qərar). Qeyd olunan prosessual hüquq normasının məzmunundan göründüyü kimi, daşınmaz əşyalarla bağlı istənilən tələblər deyil, yalnız Mülki Məcəllənin 157.1-ci, 157.2-ci və 157.4-cü maddələrinə istinadən irəli sürülən tələblər müstəsna aidiyyət qaydasına tabedir – hansı ki, həmin maddi hüquq normalarında mülkiyyət hüququnun müdafiəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia. İddia tələblərindən və onun əsaslandırıldığı hallardan görünür ki, iddiaçı, icarə müqaviləsi əsasında cavabdehin icarəsinə verilmiş əmlaka görə icarə haqqının ödənilməsini və əmlakın boşaldılmasını tələb edir – bu iddia tələbi isə mülkiyyət hüququnun subyektiv hüquq kimi müdafiəsinə deyil, müqavilə öhdəliyinin icrasına yönəlmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397- 398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin *-*(*-**)-****/**** saylı iş üzrə ## ###### 2026-cı il qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Tural Qocayev Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar