Məhkəmə qərarları › İş №2-2(3-6)-38/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-38/2026

11.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-38/2026 11.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı “icarə müqaviləsinin ləğvi, icarə sahəsinin məcburi qaydada boşaldılması və pul tələbinə” dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: müqavilənin ləğvi, amlakın qaytarılması, pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlundan, X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh2 qarşı “icarə müqaviləsinin ləğvi, icarə sahəsinin məcburi qaydada boşaldılması və pul tələbinə” dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 4041/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Bakı şəhəri, Səbail rayonu, İşəri şəhər, Böyük Qala küçəsi, 5 nömrəli evin, 1 otaq, 24,9 kv.m.-dən ibarət 1 saylı mənzili iddiaçının mülkiyyətindədir. İddiaçının mülkiyyət hüququ xx.xx.2025-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. xx.xx.1995-ci il tarixdə X1 adına olan İcarə obyektinə dair tərtib edilmiş Texniki pasportda mənzilin planı iki tikilidən ibarət - 24,9 kv.m. və 6 kv.m. olmaqla göstərilmişdir.

2. xx.xx.2024-cü il tarixdə tərəflər əvvəllər aralarında bağlanmış ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 32,9 kv.m.-dən ibarət mənzilə dair ünvan 2iat ofisində xx.xx.2023-cü il tarixdə bağlanmış 3-M-941 saylı icarə müqaviləsinin ləğvi barədə notarial qaydada müqavilə bağlamışlar. Müqavilədə xərclərin tərəflər arasında bölünməsi qeyd edilmişdir.

3. Eyni zamanda, tərəflər arasında ünvan 1 ünvanında yerləşən, 1 otaqdan ibarət, ümumi sahəsi 24,9 kv.m. olan mənzilə (bundan sonra – İcarə obyekti) dair xx.xx.2024-cü il tarixdə yeni icarə müqaviləsi bağlamışlar. Həmin müqavilənin: 3.1.1. 3cü bəndinə görə icarə müddəti xx.xx.2026-cı il tarixədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir; 3.1.2. 5-ci bəndinə görə icarəyə verilən sahənin istifadəsinə görə İcarəyə götürən (cavabdeh) İcarəyə verənə (iddiaçıya) aylıq 400 manat icarə haqqı ödəyir; 3.1.3. 8-ci bəndinə görə müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Müqavilənin ləğv edilməsi qaydası: bu müqavilə tərəflərdən birinin və ya hər ikisinin notariusa verdiyi notarial qaydasında təsdiqlənmiş ərizəsi əsasında və yaxud müqavilə tərəflərinin müqavilənin ləğv edilməsi haqqında notariat qaydasında bağladığı müqavilə əsasında ləğv edilir. Müqavilə tərəfi bir tərəfəfli qaydada müqaviləni ləğv etdiyi halda bu barədə müqavilənin digər tərəfinə şifahi və ya yazılı məlumat verməlidir.

4. İddiaçı tərəfindən cavabdehə İcarə obyektinin boşaldılması ilə bağlı xx.xx.2025-cı il tarixdə bildirş göndərmişdir.

5. Cavabdeh tərəfindən icarə haqqı qismən ödənilmişdir. Həmçinin, məhkəmə baxışı zamanı cavabdehin İcarə obyektindən əlavə 6 kv.m.-dən ibarət yardımçı sahədən də istifadə etdiyi məlum olmuş, lakin tərəflər arasında həmin sahə ilə bağlı müqavilə bağlanmamışdır.

6. Bundan başqa, cavabdeh kirayə haqqına aid olmayan 1700 manat pulun yanvar ayında iddiaçıya verməsi barədə xx.xx.2024-cü il tarixdə qəbz yazmışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

7. İddiaçı cavabdehlə bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi, cavabdehin mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi və həmin qeyri-yaşayış sahəsinə bitişik olan 6 kv/m sahədən ibarət anbar təyinatlı yardımçı tikilidən qeyd şərtsiz məcburi qaydada çıxarılması, 6210 manat ödənilməmiş icarə haqqı borcunun və dövlət rüsumu olaraq ödənilmiş 100 manat pulun cavabehdən iddiaçının xeyrinə tutulması barədə, sonradan (sonuncu dəfə) dəqiqləşdirməklə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2023-cü il tarixində bağlanmış icra müqaviləsinə əsasən mülkiyyətimdə olan ünvan 4 ünvanda yerləşən yaşayış sahələri 32.9 kv.metr olan hissəsini ona icarəyə vermişdir. Cavabdeh 2021-ci il avqust ayına kimi qeyd olunan icarə sahəsinin icarə haqqını ödəyə bilmədiyi və həmin dövr üçün cavabdehin icarə haqqına görə 2000 manat borcu yarandığından və icarə müqaviləsinin şərtlərini pozduğu üçün mülkiyyətindəki yaşayış sahəsindən onun çıxarılaraq müqavilənin xitam olunmasına qərar vermişdir. Lakin cavabdeh həmin vaxta qədər yaranmış 2000 manat icarə haqqını tamamilə ödəyəcəyinə onu inandıraraq israrla icarə müqaviləsini yenidən bağlamağı bildirmiş, iddiaçının qadın olmasını, borcunu ödəyəcəyinə qətiyyətlə, təkrar-təkrar söz verdiyini nəzərə alaraq yenidən yeni şərtlə icarə müqaviləsi bağlamağa razılaşmışdır. Hətta, icra müqaviləsi bağlamazdan əvvəl cavabdehin xahişi əsasında ona 1700 manat beh borc pul da vermişdir. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 8 saylı notariat ofisində cavabdehin vəkalətli nümayəndəsi X2 ilə yeni icarə müqaviləsi bağladılar. xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin şərlərinə əsasən cavabdeh mülkiyyətində olan yaşayış sahəsinin 25 kv.m.-dən istifadə etməli və icarə haqqı olaraq hər ayın əvvəlində 400 manat icarə haqqını ödəməli idi. Ancaq cavabdeh bu müqavilənin şərtlərinə də məhəl qoymayaraq mülkiyyətində olan (icarə müqaviləsidə qeyd olunmuş 24.9 kv metrdən əlavə) digər otağı da əlavə edib istifadə etməklə onun hüquqlarını pozmuşdur. Həmçinin, yeni icarə müqaviləsi üzrə icarə haqqını ödəməkdən hər dəfə müxtəlif bəhanələrlə yayınmağa davam edir. Cavabdehin yeni müavilə üzrə 2025-ci ilin mart ayına kimi ona 2000 manat borc yaranmışdır. Bundan əlavə xx.xx.2024cü il tarixli icarə müqaviləsinin notariat ofisində rəsmiləşdirilməsi üçün nəzərdə tutulan 115 manat rüsumu aralarında olan razılaşmaya əsasən cavabdeh ödəməli olsa da, ona ödətdirməyə nail olmuş, sonradan qaytarmamışdır. Cavabdehin ona iki müqavilə üzrə 4000 manat, müqaviləni rəsmiləşdirilməsi üçün 115 manat və borc olaraq aldığı 1700 manat olmaqla, 5815 manat borcu vardır. Bundan başqa, məhkəmədə iddia qaldırılan müddətdən 7 ay (mart, aprel, may, iyun, iyul, avqust, sentyabr) keçdiyindən hər ay 400 manat olmaqla, 2800 manat ödəməli olduğu halda cavabdeh 7 ay üçün 2400 manat ödəmişdir. İddia məhkəməyə verilməmişdən əvvəl olan 5810 manat ödənilməmiş icarə haqqı sentyabr ayı da ödənilmədiyi üçün cavabdehin 6210 manat ödənilməmiş icarə haqqı mövcuddur. Cavabdehdən dəfələrlə borcunun ödəməsini, mülkiyyətində olan yaşayış sahəsini dərhal qeyd şərtsiz boşlatmasını tələb etsə də o, qanuni tələblərimə əməl etməmişdir. Cavabdeh mülkiyyətində olan yaşayış sahəsindən istifadə edərək özbaşınalıq edir. Əlavə olaraq cavabdehin mülkiyyətində olan otaqlarda vaxtlı-vaxtsız səs-küy yaratmaqla istifadə etməsi qonşuların haqlı narazılığına səbəb olur.

9. Cavabdeh iddia ərizəsəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbi əsassızdır, formal xarakter daşıyır. Tərəflər arsında bağlanan icarə müqaviləsi üzrə öhdəliklər cavabdeh tərəfindən tam şəkildə yerinə yetirilir. İcarə müqaviləsi üzrə ödənişlər hər ay ödənilmiş, ödənişlərin həyata keçirilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim ediləcəkdir. İcarə müqaviləsi üzrə öhdəliklər tam şəkildə icra edildiyi üçün 30 avqust 2024- cü il tarixli icarə müqaviləsi qüvvədə qalmalıdır, onun ləğvi üçün heç bir hüquqi əsas mövcud deyildir. Tərəflər arasında xitam verilmiş 13 sentybar 2023cü il tarixli icarə müqaviləsi üzrə iddiaçının pul tələbi əsassızdır. AR MM-nin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.

10. İddiaçı, onun vəkili və nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Cavabdehin vəkili və nümayəndəsi yazılı etirazına uyğunizahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

12. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsi ləğv edilməsi, Cavabdeh2 ünvan 5 ünvanında yerləşən mənzildən və ona bitişik olan 6 kv/m sahədən ibarət anbar təyinatlı yardımçı tikilidən qeyd-şərtsiz məcburi qaydada çıxarılması, Cavabdeh2 2000 manat ödənilməmiş icarə haqqı, 1700 manat pul və ödənilmiş 100 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır:

- Tərəflər arasında xx.xx.2024-cü il tarixli icarə müqaviləsi əsasında öhdəlik hüquq münasibətlərinin yaranması işin mübahisəsiz halıdır. Tərəflər arasında bağlanmış həmin müqavəlyə əsasən iddiçının əsas öhdəliyi mülkiiyyətində olan ünvan 1 ünvanında yerləşən, 1 otaqdan ibarət, ümumi sahəsi 24,9 kv.m. olan mənzili cavabdehin icarəsinə vermək, cavabdehin başlıca öhdəliyi isə icarəyə götürdüyü həmin İcarə obyetkinə görə aylıq 400 manat məbləğində icarə haqqını iddiaçıya ödəməkdən ibarət olmuşdur. İddiaçının öz öhdəliyini yerinə yetirərək İcarə obyektini cavabdehə təhvil verməsi işin mübahisəsiz halıdır. - Lakin işin məhkəmədə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdeh icarə haqqının ödənilməsi ilə bağlı öhdəliyini tam yerinə yetirməmiş, bundan başqa tərəflər arasında bağlanmış müqavilədə nəzərədə tutulmayan və İcarə obyektinə aid yardımçı sahədən də özbaşına istifadə etmiş, bununla da tərəflər arasında mövcud mübahisə yaranmışdır. - İddia ərizəsinin məzmunundan da görünür ki iddiaçının iddia tələbi şərti olaraq 3 hissədən ibarətdir: birincisi, cavabdehlə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi, cavabdehin həmin İcarə obyektindən və ona bitişik 6 kv.m.-dən ibarət anbar təyinatlı sahədən məcburi çıxarılması, ikincisi, xx.xx.2024-cü il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş icarə haqqının (2400 manat), ləğv edilmiş əvvəlki xx.xx.2023-cü il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş iacrə haqqının (2000 manat), habelə 110 manat (notariat xərci iddia ərizəsinin ilkin variantında 115 manat göstərilsə də sonuncu dəqiqləşmədə 110 manat tələb edilmişdir) notariat xərcinin ödənilməsi və üçüncü borc kimi verilmiş 1700 manat pulun qaytarılması. - İddiaçının birinci tələbi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 421-ci maddəsində müqavilənin ləğvi üçün iki şərt müəyyən edilmişdir: birinci şərt, müqavilə tərəflərinin könüllü razılaşması, ikinci şərt isə müqavilənin birtərəfli qaydada pozulması ilə bağlıdır. Hazırki mübahisə üzrə birinci şərt, yəni müqavilənin ləğvi barədə tərəflər arasında əvvəlcədən hər hansı bir razılaşma mövcud deyil. - İkinci şərt müqavilənin bir tərəfli qaydada pozulmasını nəzərdə tutur. Bu zaman iddia edən tərəf müqavilənin əhəmiyyətli dərəcədə pozulmasını sübuta yetirməlidir. Müqavilənin əhəmiyyətli dərəcədə pozulması elə bir həddi nəzərdə tutur ki, bunun nəticəsində iddia edən tərəf müqavilə bağlayarkən ümid etməyə haqqı çatanlardan, yəni müqavilənin bağlanması nəticəsində əldə edəcəyi gəlir, bəhər (xeyir), yaxud hər hansı üstünlükdən məhrum olmuş olsun. İkinci şərtin mövcudluğu məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur. Yəni, iddiaçı tərəfindən icarə ödənişinin vaxtında icra edilməməsi, dəfələrlə gecikmələrin olması iddiaçını müqavilə bağlayarkən aylıq əldə edəcəyinə ümud etdiyi gəlirlərdən məhrum etmişdir. - “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında göstərilir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində qeyd olunan əsasların mövcud olduğu hallarda müqavilənin ləğv edilməsinin məhkəmədən kənar qaydası, Məcəllənin 423.2-ci maddəsində isə ləğvetmənin xüsusi qaydası (müstəsna hal - Mülki Məcəllənin 422.1-ci maddəsinə uyğun olaraq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi mövcud olduğu təqdirdə) nəzərdə tutulmuşdur. Məhkəmədən kənar qayda iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə şərtləndirildiyi halda, xüsusi qayda məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. - Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi hissəsində təmin edilməli, müqavilə ləğv edildiyindən cavabdeh İcarə obyektindən, habelə özbaşına istifadə etdiyi, lakin müqavilə üzrə icarə predmeti kimi nəzərdə tutulmayan 6 kv.m.-dən ibarət anbar təyinatlı sahədən məcburi çıxarılmalıdır. - Məhkəmə hesab edir ki, iddiaçının ikinci tələbi, yəni xx.xx.2024-cü il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş 2400 manat icarə haqqının, ləğv edilmiş əvvəlki xx.xx.2023-cü il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş 2000 manat icarə haqqının və 110 manat notariat xərcinin ödənilməsi hissəsində qismən əsaslıdır. Əvvəlcə məhkəmə xx.xx.2024-cü il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş 2400 manat icarə haqqı ilə bağlı qeyd edir ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabdeh daha əvvəl, yəni iddiaçının 2025-ci ilin mart ayınadək (xx.xx.2024-cü il tarixli icarə müqaviləsi üzrə) ödənilmədiyini iddia etdiyi 2000 manat icarə haqqının ödənilməsini birldirsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh tərəfindən icarə haqqı ödənişləri, iki aylıq birlikdə olmaqla, əsasən işin məhkəmədə baxılması zamanı icra edilmişdir. Eyni zamanda, iddiaçı da xx.xx.2025-ci il tarixdə elektron qaydada təqdim etdiyi sonuncu iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsində tələb etdiyi 400 manat icarə haqqının sonradan cavabdeh tərəfindən ödənildiyini bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, tələb bu hissədə, yəni cavabdeh tərəfindən ödənilməmiş 2000 manat icarə haqqının ödənilməsi hissəsində təmin edilməlidir. Eyni zamanda, iddiaçı notariat xərcinin cavabdeh əvəzinə ödədiyini iddia etsə də, bununla bağlı heç bir sübut təqdim etmədiyindən, məhkəmə hesab edir ki, iddia həmin hissədə də təmin edilə bilməz. - Ləğv edilmiş əvvəlki xx.xx.2023-cü il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş 2000 manat iacrə haqqının tələb edilməsi hissəsində isə məhkəmə iddianı əsassız hesab edir. Belə ki, iddiaçı bu tələbinin təsdiqi üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Hətta, xx.xx.2024-cü il tarixdə əvvəllər tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 3-M-941 saylı icarə müqaviləsinin ləğvi barədə notarial qaydada bağlanmış müqavilədə də cavabdehin əvvəlki müqavilə üzrə örənilməmiş borcunun olması barədə hər hansı qeyd-şərt göstərilməmişdir. - İddiaçının üçüncü, yəni borc kimi verilmiş 1700 manat pulun qaytarılması barədə tələbi isə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd edir ki, 1700 manat pulun verilməsi barədə cavabdeh tərəfindən tərtib edilmiş yazılı sənəd tərəflər arasında şifahi formada borc müqaviləsinin bağlanmasının təsdiqi kimi qəbul edilməlidir. Belə ki, Mülki Məcəllənin 739.1-ci madəsindən də görünür ki, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci madəsi də fiziki şəxslər arasında borc predmetinin üç min manatdan çox olduğu halda, borc müqaviləsinin yazılı formada bağlanmasının məcburi olmasını tələb edir. Cavabdeh tərəfindən tərtib edilmiş yazılı qəbzdən də 1700 manat pulun cavabdehə borc qismində verilməsi görünür, belə ki, həmin qəbzdə pulun kirayəyə aid olmaması xüsusi olaraq göstərilmişdir. Eyni zamanda, borc alınan pulun məbləği, pulun alındığı və qaytarılacağı tarixlər dəqiq göstərilmişdir. - Beləliklə, 1700 manat pulun borc alınması barədə tərəflər arasında şifahi borc müqaviləsinin bağlanmasına, iddiaçı tərəfindən borc müqaviləsi üzrə öhdəliyinin yerinə yetirilərək razılaşdırlmış pul vəsaitini cavabdehə verməsinə baxmayaraq, sonuncu öz öhdəliyini pozaraq razılaşdırlmış vaxtda pulu iddiaçıya qaytarmamışdır. Odur ki, məhkəmə hesab edirt ki, iddia həmin hissədə təmin edilməlidir.

14. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 152.1, 152.5, 164.1, 164.2, 421.1, 421.2, 685.2, 690.1, 690.2, 700.1, 700.3, 739.1, 739.2-ci maddələrinə istinad etmişdir.

15. Həmin qətnamədən cavabdeh apellyasiya verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabbdeh şikayətində qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyini, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığını bildirmişdir. Həmçinin onu da qeyd etmişdir ki, banka məhkəmə sorğusu (qərardad fomasında) göndərilməsi barədə vəsastət verilmişdir, lakin təmin edilməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazlar

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahatlar

17. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmiş, cavabdehə isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin işirakını təmin etməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

19. Maddə 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır.

20. Qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir.

21. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

22. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.

23. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

25. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

26. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

27. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

28. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

29. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

30. Maddə 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir.

31. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

32. Maddə 700.3. Əgər Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

33. Maddə 700.5. Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir.

34. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür (xx.xx.2023-cü il tarixdən qüvvədə olan redaksiya).

35. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır (xx.xx.2023-cü il tarixdən qüvvədə olan redaksiya).

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının həddi

41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

43. İstinad edilən normaları və Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyini nəzərə alaraq kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini iddianın qismən təmin olunan hissəsi təşkil edir. Belə ki, cavabdeh qətnamənin ləğv olunmasını qeyd etsə də, faktiki olaraq qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsini mübahisələndirimiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

44. Kollegiya mübahisələndirilən hissə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

45. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

46. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).

47. İşin faktiki hallarından görünür ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh hər ay 400 manat məbləğində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı məhkəməyə müraciət edərək icarə müqaviləsinin ləğv edilməsi, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2400 manat icarə haqqının, eləcə də cavabdehə verilmiş 1700 manat pul vəsaitinin qaytarılmasını tələb etmişdir.

48. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutları qiymətləndirərək düzgün nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən 2000 manat məbləğində icarə haqqının ödənilməsi barədə arqumentini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.

49. Cavabdehin bank hesabı üzrə ödənişlərin aparıldığını əsas gətirərək bankdan məlumat tələb olunması barədə arqumenti məhkəmə kollegiyası tərəfindən əsaslı hesab edilmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin sübutetmə yükünü tənzimləyən müddəalarına əsasən, tərəflər iddia və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər.

50. Cavabdeh borcun ödənildiyini iddia etdiyindən, həmin halı təsdiq edən sübutların təqdim edilməsi də məhz onun üzərinə düşür. Bank hesabı üzrə əməliyyatların çıxarışı cavabdehin özünə aid məlumat olduğundan, o, bank təşkilatına müraciət etməklə, o cümlədən elektron xidmətlər vasitəsilə həmin çıxarışları əldə edib məhkəməyə təqdim etmək imkanına malik olmuşdur. Bu məlumatların əldə olunması üçün mütləq qaydada məhkəmə qərardadının qəbul edilməsi zəruri deyildir.

51. Bununla yanaşı, mülki prosesin dispozitivlik və çəkişmə prinsiplərinə görə məhkəmə tərəflərin əvəzinə sübut toplamaq və ya onların mövqeyini əsaslandırmaq vəzifəsini daşımır. Məhkəmənin vəzifəsi tərəflərin təqdim etdikləri sübutları qiymətləndirməkdən ibarətdir. Cavabdeh isə borcun ödənilməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

52. Belə olan halda, cavabdehin bankdan məlumat tələb olunması barədə arqumenti əsaslı hesab edilə bilməz

53. Mülki Məcəllənin 421-ci maddəsində müqavilənin ləğvi üçün iki şərt müəyyən edilmişdir: birinci şərt, müqavilə tərəflərinin könüllü razılaşması, ikici şərt isə müqavilənin birtərəfli qaydada pozulması ilə bağlıdır.

54. İşin yuxarıda qeyd edilən hallarına əsasən müqavilə şərti əhəmiyyətli dərəcədə pozulduğundan, iddiaçı icarə ödənişinin vaxtında icra edilməməsi, dəfələrlə gecikmələrin olması iddiaçını müqavilə bağlayarkən aylıq əldə edəcəyinə ümud etdiyi gəlirlərdən məhrum olduğundan birinci instansiya məhkəməsi “xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi” hissəndə iddia tələbini təmin etməkdə haqlı olmuşdur.

55. Kollegiya qeyd edir ki, müqavilə ləğv edildiyindən cavabdeh İcarə obyektindən, habelə özbaşına istifadə etdiyi, lakin müqavilə üzrə icarə predmeti kimi nəzərdə tutulmayan 6 kv.m.-dən ibarət anbar təyinatlı sahədən məcburi çıxarılmalıdır.

56. İş materiallarından görünür ki, cavabdeh tərəfindən tərtib edilmiş yazılı sənədlə 1700 manat məbləğində pulun iddiaçıdan alınması təsdiq edilir. Birinci instansiya məhkəməsi həmin sənədi tərəflər arasında borc münasibətlərinin mövcudluğunu təsdiq edən sübut kimi düzgün qiymətləndirərək 1700 manat məbləğində pul vəsaitinin qaytarılması barədə tələbi əsaslı hesab etmişdir.

57. Kollegiya birinci instansiya məhkəməsinin məhkəmə xərclərinin bölüşdürülməsinə dair gəldiyi nəticəni də əsaslı hesab edir; belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

58. Beləliklə, apellyatorların apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4041/2025 nömrəli kommersiya mübahisəsi üzrə xx.xx.2025-ci il qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar