Məhkəmə qərarları › İş №2-2(3-6)-47/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-47/2026

05.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-47/2026 05.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Şirinovun sədrliyi və məruzəsi ilə, X8 və X1 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 3574/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi. İŞİN HALLARİ

1. İş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh1 (borcalan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 22-MCR-2-116-23 saylı Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart şərtlərə Əlavə 4 (kredit limitinin ayrılmasına dair) Razılaşmaya əsasən borcalana 30000 manat məbləğində kredit xətti açılmış və kredit xəttinin müddəti 120 ay nəzərdə tutulmuş, xx.xx.2023-cü il tarixli 22-MCR-2-116-23/1 saylı Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart şərtlərə Əlavə 5 (Kredit verilməsinə dair) Razılaşmaya əsasən Cavabdeh1 İddiaçı ASC-dən aylıq 1,75 faizlə 24 ay müddətinə 16000 manat kredit almağa razılaşmışdır.

2. xx.xx.2023-cü il tarixli Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart şərtlərə Əlavə 1 Razılaşmaya əsasən Cavabdeh2 bu razılaşmanı imzalamaqla təsdiq edir ki, "xxxx" ASC-nin idarə Heyətinin qərarı təsdiqlənmiş və X5 (https://www.yelo.az/) yerləşdirilmiş Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtləri oxudu, sənədin bütün müddəaları və tələbləri ilə razıdır və bu Razılaşmanın imzalanması nəticəsində həmin Standart Şərtlərin gələcəkdə onunla Bank arasında yaranan münasibətlərə şamil edilməsinə etiraz etmir.

3. İddiaçı ASC (“Kreditor”) ilə Cavabdeh2 (“Zamin”) arasında bağlanmış xx.xx.2023-cü il tarixli Z/02043/23 nömrəli zaminlik müqaviləsinə əsasən xx.xx.2023 il tarixli, 22-MCR- 2-116-23 saylı kredit limitinin ayrılmasına dair müqaviləyə bankdan kredit götürmüş bocalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zamin öz üzərinə götürmüşdür. Müqavilənin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəliklər kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

4. xx.xx.2023-cü il tarixli Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart şərtlərə Əlavə 6 Razılaşmaya əsasən Cavabdeh1 bu Razılaşmanı imzalamaqla təsdiq edir ki, "xxxx" ASC-nin idarə Heyətinin qərarı ilə təsdiqlənmiş və X5 (https://www.yelo.az/) yerləşdirilmiş Bank Xidmətlərinin Göstərilməsi üzrə Şərtlər Toplusunu oxudu, sənədin bütün müddəaları və tələbləri ilə razıdır və bu Razılaşmanın imzalanması nəticəsində həmin Şərtlər Toplusunun gələcəkdə onunla Bank arasında yaranan münasibətlərə şamil edilməsinə etiraz etmir.

5. Kassa məxaric qəbzinin surətindən görünür ki, Cavabdeh1 müvafiq olaraq 14699 manat məbləğində pul vəsaiti verilmişdir.

6. Cavabdeh1 İddiaçı ASC -də olan hesabdan çıxarışından görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh1 hesabına 16000 manat kredit köçürülmüşdür.

7. 22-MCR-2-116-23/1 saylı Kredit Müqaviləsinə 1 saylı Əlavə əsasında tərtib edilmiş ödəniş qrafikindən görünür ki, ümumi məbləği 16000 manat olan aylıq faiz dərəcəsi 1,75% olmaqla verilmiş kreditə görə Cavabdeh1 Alahverdi oğlu 08 mart 2023-cü il tarixdən 08 fevral 2025-ci il tarixinə qədər hər ayın 3-ü olmaqla 822,17 manat, sonuncu ay 822,18 manat ödəməlidir.

8. İddiaçı ASC tərəfindən Cavabdeh1 Alahverdi oğlu və Cavabdeh2 xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubları ünvanlanaraq 5 gün ərzində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Birinci instansiya məhkəməsindəki icraat

9. “İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 08 fevral 2023-cü il tarixli kredit müqaviləsi üzrə 8829,74 manat əsas borc, 1582,64 manat faiz borcu və 364,99 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 10777,37 manat borcun və 122,33 manat ödənilmiş dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 08 fevral 2023-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 21 faizlə 24 ay müddətinə 16000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 08 fevral 2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 26 dekabr 2024-dək Cavabdeh1 banka 08 fevral 2023 cü il tarixli kredit müqaviləsi üzrə 8829,74 manat əsas borc, 1582,64 manat faiz borcu və 1459,96 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 11872,34 manat borcu vardır. Cavabdeh1 08 fevral 2023 il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 1459,96 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 % miqdarında olmaqla, yəni 364,99 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.

11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3574/2025 saylı qərardadı ilə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasına Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-xx/xx/2941/2024 ekspert rəyi ilə cavabdehin İddiaçı ASC-yə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə əsas borcu 9913,56 manat, faiz borcu 2168,59 manat müəyyən edilmişdir.

12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3574/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq 8829,74 manat əsas borc, 1582,64 manat faiz borcu və 364,99 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 10777 (on min yeddi yüz yetmiş yeddi) manat 37 (otuz yeddi) qəpik borcun və ödənilmiş dövlət rüsumunun 122 (yüz iyirmi iki) manat 33 (otuz üç) qəpiyinin əvəzi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi,məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına köçürülməsi qət edilmişdir.

13. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025ci il tarixli, e-2-2(113)-3574/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, borcun məbləği düzgün hesablanmamış, ekspertiza tərəfindən tam araşdırılmamış, ödənilmiş əsas borc və faizlərin tam uçotu aparılmamış, cərimələrin hesablanması bankın birtərəfli cədvəllərinə əsaslanmışdır. Cərimələrin artıq məbləğdə hesablandığını, 1,75% aylıq faiz əsasında əlavə cərimə faizlərinin hesablanmasını qanunsuz hesab edir, Mülki Məcəllənin 439-cu maddəsinə əsasən, cərimə məhkəmə tərəfindən azaldıla bilərdi, lakin bu hal da məhkəmə tərəfindən diqqətə alınmamışdır. Zaminliyin həcminin düzgün qiymətləndirilmədiyi, zaminin yalnız müqavilədə göstərilən həcmdə məsuliyyət daşıdığını, zaminə əlavə faiz və cərimələrin tətbiq edilməsinin qanuna zidd olduğu məhkəmə qətnaməsində nəzərə alınmamışdır.

15. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçı ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsi xahiş etmişdir.Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

19. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

21. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

22. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

23. Həmin Məcəllənin Maddə 445.5-ci maddəsinə əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır.

24. Həmin Məcəllənin 445.7-ci maddəsinə bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

25. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

26. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.

27. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

28. Həmin Məcəllənin 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur.

29. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

30. Həmin Məcəllənin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

31. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

32. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

33. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

36. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgündür.

38. İşin müəyyən olunan halları ondan ibarətdir ki, İddiaçı ASC ilə X2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən sonuncuya 30000 manat məbləğində kredit xətti açılmış və kredit xəttinin müddəti 120 ay nəzərdə tutulmuşdur. Daha sonra tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 22-MCR-2- 116-23/1 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 24 ay müddətinə aylıq 1,75%-lə qaytarmaq şərti ilə 16000 manat məbləğində kredit vermişdir. Öhdəliyin icrasının təmin edilməsi üçün İddiaçı ASC ilə Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmış və zamin borclu ilə birgə məsuliyyəti öz üzərlərinə götürmüşlər. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zaminlər kredit və zaminlik müqavilələri üzrə öhdəliklərini tam icra etməmiş, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar.

39. İş materiallarına əlavə edilmiş İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2023-cü il tarixdən 24 ay müddətinə 21% olmaqla 16000 kredit verilmiş, həmin kreditdən əsas borc üzrə qalıq məbləğ 8829,74 manat və faiz borc üzrə qalıq məbləğ 1582,64 manat və cərimə üzrə qalıq borc məbləğ 1459,96 manat, ümumi borc məbləği 11872,34 manat müəyyən edilmişdir.

40. Kollegiya apelleyatorun apellyasiya şikayətinin dəlillərində zaminliyin həcminin düzgün müəyyən edilmədiyi, zaminin yalnız müqavilədə göstərilən həcmə məsuliyyət daşıması dəlilinə münasibətdə qeyd edir ki, İddiaçı ASC (“Kreditor”) ilə Cavabdeh2 (“Zamin”) arasında bağlanmış xx.xx.2023-cü il tarixli Z/02043/23 nömrəli zaminlik müqaviləsinə əsasən borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti zamin öz üzərinə götürmüşdür. Müqavilənin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəliklər kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

41. Məhkəmə kollegiyası apellyaisya şikayətinin 1.75% faiz dərəcəsilə razılaşamamsı dəlilinə münasibətdə qeyd edir ki, xx.xx.2023-cü il tarixli Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart şərtlərə Əlavə 5 Razılaşmaya əsasən Cavabdeh1 24 ay müddətinə, aylıq 1.75 % faiz dərəcəsi, gündəlik 0.20% cərimə ödəmək şərti ilə 16000 AZN pul vəsaitinə mülkiyyət hüququnu əldə etmiş və ödəməyi öhdəsinə götürmüşdür. Bu razılaşma xx.xx.2023 il tarixli, 22-MCR-2-116-23 saylı kredit limitinin ayrılmasına dair razılaşmanını ayrılmaz tərkib hissəsidir. Bu razılaşma Cavabdeh1 imzası ilə təsdiq olunmuşdur.

42. Göründüyü kimi Cavabdeh1 qeyd olunan kredit müqaviləsi və ona əsasən imzalanmış əlavə razılaşmalar üzrə öhdəlik götürmüş və öz imzası ilə təsdiq etmişdir.

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin əsas və faiz borcunun məbləğinin düzgün hesablanmaması dəlilinə münasibətdə qeyd edir ki, Cavabdeh1 birinci instansiya məhkəməsində icraat zamanı məhkməyə ərizə ünvanlayaraq əsas borcu qəbul etdiyini, faiz və cərimə borcunun mübahisləndiridiyin bildirmişdir.(iş vərəq səhifə 26)

44. Məhkəmə kollegiyası birinici instansiya məhkəməsinin əsas və faiz borcunun məbləği ilə bağlı mövqeyinin əsaslı hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq kredit müqaviləsi üzrə ekspert rəyi ilə xx.xx.2024-cü il tarixə müəyyən edilmiş əsas borcun və faiz borcun məbləği, yəni müvafiq olaraq 9913,56 manat və 2168,59 manat, iddia tələbinin əsası kimi istinad olunan xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən iddia tələbində göstərilmiş əsas və faiz məbləğindən, yəni 8829,74 manat və 1582,64 manat məbləğdən çox olduğunu nəzərə alaraq iddia tələbi həcminə müəyyən etməkdə haqlı olmuşdur.

45. Kolegiya cərimə borcunun məbləğinin məhkəmə tərəfindən azaldılmaması dəlilinə münasibətdə qeyd edir ki, məhkəmə işin hallarını, cərimənin əsas borcun məbləğinə nisbətini nəzərə alaraq 364,99 manat cərimə borcunun tutulmasında haqlı olmuşdur. Apellyator maddi sıxıtnı vəziyyətinə düşdüyünə istinad etsə də, buna dair heç bir sübut təqdim etməmişdir. Bu səbəbdən hazırki halda cərimə borcunun daha da azaldılması üçün yeni əsaslar müəyyən edilmədiyindən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilə bilməz.

46. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır

47. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

48. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3574/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar