Məhkəmə qərarları › İş №2-2(3-6)-599/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-599/2026

28.07.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-599/2026 28.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı (Bakı şəhəri Nəsimi Rayon Icra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “kirayə haqqının ödənilməsi, əmlakın və ya onun dəyəri həcmində kompensasiyanın verilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: müqavilə öhdəliyinin icrası, yeni mənzilin təqdim edilməsi, kirayə haqqı, alternativ icra, sübutetmə yükü) Hakim sədrliyi ilə, hakimlər X2 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı və cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxıb, müəyyən etdi: Işin halları:

1. Nəsimi Rayon Icra Hakimiyyəti ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış ##.##.2017-ci il tarixli müqaviləyə əsasən, tərəflər arasında Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində yeni çoxmənzilli yaşayış və qeyri-yaşayış binalarının tikintisi ilə bağlı qarşılıqlı hüquq və öhdəliklər müəyyən edilmiş, Icra Hakimiyyəti tərəfindən layihələrin razılaşdırılması, tikintiyə və istismara icazələrin verilməsi, habelə dövlət mülkiyyətində olan torpaq sahələrinin daimi istifadəyə və icarəyə verilməsi sakinlərlə şirkət arasında razılaşmaların əldə edilərək müvafiq müqavilələrin bağlanmasından asılı edilmiş, şirkət isə müqavilənin imzalandığı tarixdən etibarən iki ay müddətində sakinlərlə razılaşmalar əldə etmək, zəruri müqavilələri bağlamaq və yeni bina istifadəyə verilənədək sakinlərin kirayə xərclərini ödəmək öhdəliyini öz üzərinə götürmüşdür.

2. Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat Idarəsi tərəfindən verilmiş MH seriyalı, ****** nömrəli qeydiyyat vəsiqəsinə əsasən, ünvan 1 ünvanında yerləşən ** nömrəli mənzil üzərində mülkiyyət hüququ ##.##.1997-ci il tarixdə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır.

3. İddiaçı (“Mülkiyyətçi”) ilə Cavabdehxxxx“Tikinti şirkəti”) arasında ##.##.2018-ci il tarixli, M-**/** nömrəli müqavilə bağlanmışdır. Müqavilənin mübahisənin həlli üçün əhəmiyyət kəsb edən şərtləri aşağıdakılardır: - 1.1. Tikinti şirkəti söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətçiyə məxsus ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 61,5 m2 olan ** nömrəli mənzili söküntü məqsədilə təhvil alıb, həmin ərazidə inşa ediləcək binanın inşası yekunlaşdıqdan sonra 52,64 m2-dən ibarət birotaqlı təmirli mənzili və 30 m2-dən ibarət qeyri-yaşayış (yarımzirzəmi) sahəsini mülkiyyətçiyə verməyi öhdəsinə götürür; - 1.3. Tikinti şirkəti həmçinin öhdəsinə götürür ki, mənzil söküntü üçün ona təhvil verildikdən sonra növbəti aydan başlayaraq 500 manat məbləğində kirayə haqqı, əvvəlcədən ilk ödəniş gününə istinad etməklə üç ayda 1 dəfə olmaqla, yeni mənzil mülkiyyətçiyə təhvil verilən günədək ödəniləcəkdir; - 1.4. Tikinti şirkəti inşa ediləcək çoxmənzilli binanın “E” girişinin, 3-cü mərtəbəsində yerləşən, ** saylı mənzili mülkiyyətçiyə tam təmirli şəkildə təhvil verməyi öhdəsinə götürür; - 2.2. Tikinti şirkətinin vəzifələri: - 2.2.1. Yeni tikiləcək binanın bünövrəsi (təməli) qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətində başa çatdıraraq, müqavilə şərtlərinə əsasən mənzili mülkiyyətçiyə təhvil vermək; - 2.2.2. Bu müqavilənin 1.3-cü bəndində göstərilən kirayə xərcini mülkiyyətçiyə ödəmək; - 2.2.3. Binanın tikintisi başa çatdırıldıqdan sonra aşkar olunmuş nöqsanları aradan qaldırmaq və başa çatdırılmamış işləri tamamlamaq; - 2.2.4. Çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında tikinti-quraşdırma işləri yekunlaşdırıldıqdan sonra həmin binanı qanunamüvafiq qaydada Dövlət Komissiyasından keçirərək istismara qəbul aktının rəsmiləşdirilməsini təmin etmək.

4. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli məktuba əsasən, Nəsimi rayonu, Azadlıq prospekti ilə Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində yerləşən torpaq sahəsi pilot layihə çərçivəsində yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi məqsədilə Cavabdeh MMC-nin istifadəsinə verildiyi, yeni inşa edilmiş çoxmənzilli yaşayış binasının qanunvericiliklə müəyyən edilmiş qaydada istismarına icazə alınmadan sakinlərin həmin binaya köçürülməsinin yolverilməz olduğu bildirilmişdir.

5. ##.##.2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyinə əsasən, İddiaçı təklif edilən qeyriyaşayış sahəsinin faktiki sahəsi 30,6 m2 təşkil edir. ##.##.2025-ci il tarixli mütəxəssis rəyi nəzərə alınmaqla müəyyən edilmişdir ki, həmin sahə torpağın planlaşdırma səviyyəsindən 3,5 metr aşağıda yerləşdiyindən çoxmərtəbəli yaşayış binasının zirzəmi mərtəbəsinə aid qeyri-yaşayış sahəsidir. Həmçinin, sözügedən binanın qeyri-yaşayış sahələrinin yerləşdiyi digər mərtəbələrdən 30 m2 sahənin ayrılması texniki cəhətdən mümkündür. Müqavilə üzrə verilməsi nəzərdə tutulan 52,64 m2 sahəli 1 otaqlı mənzil baxış üçün təqdim edilmədiyindən onun təmirli və ya təmirsiz olması ilə bağlı tədqiqat aparılmamışdır.

6. “xxxx” MMC tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, CVN/Y **-***/** saylı mütəxəssis rəyinə əsasən, ünvan 3 ünvanında inşa edilmiş yaşayış binasının yarımzirzəmi mərtəbəsində yerləşən, ümumi sahəsi 30 m2 olan qeyri-yaşayış sahəsinin bazar dəyəri 150 000 manat məbləğində müəyyən edilmişdir.

7. “xxxx” MMC tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, QXM-AQP-** nömrəli qiymətləndirmə hesabatına əsasən, ünvan 3 ünvanında inşa edilmiş yaşayış binasının yarımzirzəmi mərtəbəsində yerləşən, ümumi sahəsi 30 m2 olan qeyri-yaşayış sahəsinin bazar dəyəri 178 000 manat məbləğində müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

8. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı (Bakı şəhəri Nəsimi Rayon Icra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 14 500 manat kirayə haqqının və ünvan 3 ünvanında inşa edilmiş yaşayış binasının yarımzirzəmi mərtəbəsində yerləşən, ümumi sahəsi 30 m2 olan qeyri-yaşayış sahəsinin və ya onun orta bazar qiymətinə uyğun dəyərinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir.

9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı müqavilə üzrə öhdəliklərini tam icra edərək mənzili vaxtında boşaldıb cavabdehə təhvil vermişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, cavabdeh 2018-ci ilin fevral ayından 2022-ci ilin oktyabr ayınadək kirayə haqqını ödəmiş, lakin sonrakı dövr üzrə ödənişləri həyata keçirməmiş, habelə müqavilədə nəzərdə tutulmuş yaşayış binasının yarımzirzəmi mərtəbəsində yerləşən, ümumi sahəsi 30 m2 olan qeyri-yaşayış sahəsinin əvəzinə zirzəmidə yerləşən sahə təklif etmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 7 250 manat kirayə haqqının tutularaq iddiaçıya ödənilməsi, ünvan 3 ünvanında inşa edilmiş yaşayış binasının yarımzirzəmi mərtəbəsində yerləşən, ümumi sahəsi 30 m2 olan qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi, icrası mümkün olmadıqda qeyri-yaşayış sahəsinin orta bazar qiyməti olaraq 150 000 manat məbləğində kompensasiyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək mənzili cavabdehə sökülmək üçün təhvil vermiş, cavabdeh tərəfindən isə müqavilə öhdəlikləri tam icra edilməmişdir. Belə ki, iddiaçıya təklif olunan qeyriyaşayış sahəsinin yarımzirzəmidə deyil, zirzəmidə yerləşdiyi ekspert rəyi ilə müəyyən edilmişdir. Buna görə məhkəmə hesab etmişdir ki, müqaviləyə uyğun olaraq 30 m2 qeyriyaşayış sahəsi iddiaçıya təhvil verilməli, bu mümkün olmadıqda isə həmin sahənin bazar dəyəri olan 150 000 manat cavabdehdən tutulmalıdır. Kirayə haqqına dair tələb üzrə məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mənzilin açarlarının təqdim edilməsi təhvil kimi qiymətləndirilsə də, binanın istismara qəbul edilməsinə dair sübut təqdim olunmamış və istismara icazə alınmadan sakinlərin məskunlaşdırılmasının yolverilməz olduğu müəyyən edilmişdir. Bu səbəbdən cavabdehdən 7 250 manat kirayə haqqının tutulması, qalan hissədə isə iddianın təmin edilməməsi qənaətinə gəlinmişdir.

12. Iddiaçı İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən təmin edilməsi hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativi həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin tam ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətlərinin dəlilləri:

14. Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iş üzrə faktiki halları düzgün qiymətləndirməmişdir. Belə ki, cavabdeh mənzilin 2022-ci ildə təhvil verildiyini iddia etsə də, mənzil ona 2024-cü ildə təqdim edilmiş, lakin tərəflər razılığa gələ bilməmişlər. Belə ki, açarların təhvil verilməsi mənzilin təhvil verilməsi demək deyil. Mənzil sonradan iddiaçının iştirakı ilə təmir edilsə də, qaz və digər kommunal xidmətlər mövcud olmadığından orada yaşamaq mümkün deyildir. Bundan əlavə, tərəflər arasında mənzilin və ya binanın təhvil-təslim aktı tərtib edilməmişdir. Hesab edilir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədiyindən kirayə haqqını ödəməyə davam etməlidir. Məhkəmə maddi və prosessual hüquq normalarını sadalasa da, həmin normaları düzgün tətbiq etməmiş, sübutlara deyil, formal mülahizələrə və ehtimallara əsaslanmışdır. Qətnamədə tərəflərin müqavilə üzrə hüquq və öhdəlikləri göstərilsə də, iddianın kirayə haqqına dair hissəsinin əsaslandırılmadan yarıbayarı azaldılması qanunsuz olmuşdur.

15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi üçüncü şəxsin izahatını, cavabdeh tərəfindən təqdim edilmiş layihəni və müqavilə şərtlərini düzgün qiymətləndirmədən iddianı qismən təmin etmişdir. Müqavilə üzrə iddiaçıya təhvil verilməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsi layihəyə uyğun olaraq yarımzirzəmi mərtəbəsində yerləşir və tikinti normalarına əsasən zirzəmi hesab edilə bilməz. Belə ki, ərazinin relyefində maillik olduğundan binanın mərtəbələrinin müəyyən edilməsi torpağın aşağı planlaşdırma səviyyəsindən aparılmalı, bu halda mübahisəli qeyri-yaşayış sahəsi torpaq səviyyəsindən yuxarıda yerləşdiyinə görə kürsülük (yarımzirzəmi) mərtəbəsi hesab edilməlidir. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi tam icra edərək iddiaçıya nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini təqdim etmişdir və bu səbəbdən həmin hissədə iddia təmin edilməməli idi. Həmçinin, müqaviləyə əsasən kirayə haqqı mənzilin iddiaçıya təhvil verildiyi günədək ödənilməli olmuş, iddiaçının öz izahatına əsasən mənzilin açarları ona 2022-ci ildə təqdim edilmiş və həmin tarixədək kirayə haqqı ödənilmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi kirayə haqqı ilə bağlı tələbi qismən təmin edərkən bu hallara lazımi hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, təqdim edilmiş sübutları düzgün qiymətləndirməmiş və nəticədə işin halları ilə məhkəmənin gəldiyi nəticə arasında ziddiyyət yaranmışdır.

Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri:

16. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

17. Məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi.

18. Eyni zamanda, cavabdehin apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Bundan əlavə, birinci instansiya məhkəməsinin cavabdehdən 150 000 manat məbləğində kompensasiyanın tutulması ilə bağlı gəldiyi nəticə ilə razılaşmadığını bildirərək, kompensasiya məbləğinin müəyyən edilməsi zamanı “xxxx” MMC tərəfindən ##.##.2026-cı il tarixdə tərtib edilmiş qiymətləndirmə hesabatının əsas götürülməsini xahiş etdi.

19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

21. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ... Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

Maddə 389. Müqavilə anlayışı

389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. ... 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir.

Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

Maddə 404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

Maddə 12. Mənzil hüququnun obyektləri 12.1. Yaşayış sahələri mənzil hüququnun obyektidir. 12.2. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. 12.3. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

Maddə 26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 101. Ekspert rəyi 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə 222.1. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; ... Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: ... 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; ... 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.

Apellyasiya baxışının hədləri:

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən kirayə haqqına dair tələbin təmin edilməmiş hissəsində, cavabdeh tərəfindən isə bütövlükdə mübahisələndirilmişdir. Buna görə qətnamənin əsaslılığı cavabdehin apellyasiya şikayəti üzrə tam, iddiaçının apellyasiya şikayəti üzrə isə onun mübahisələndirdiyi kirayə haqqının təmin edilməmiş hissəsi çərçivəsində yoxlanılmalıdır.

28. Iddiaçı apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qeyri-yaşayış sahəsinin dəyərini 150 000 manat müəyyən etməsi ilə razılaşmadığını bildirərək, ##.##.2026-cı il tarixli qiymətləndirmə hesabatında göstərilmiş 178 000 manatın əsas götürülməsini xahiş etmişdir.

29. Kollegiya qeyd edir ki, iddiaçı apellyasiya şikayətində qətnamənin qeyri-yaşayış sahəsinin dəyərinə dair hissəsini mübahisələndirməmiş və həmin məbləğin artırılması barədə tələb irəli sürməmişdir. Buna görə onun məhkəmə iclasında bildirdiyi mövqe apellyasiya şikayətinin tələbini genişləndirmir və 150 000 manat məbləğin onun xeyrinə artırılması üçün prosessual əsas yaratmır. Bununla belə, cavabdeh qətnaməni bütövlükdə mübahisələndirdiyindən, apellyasiya baxışı zamanı əldə edilmiş qiymətləndirmə hesabatı cavabdehin qeyri-yaşayış sahəsinin dəyərinə dair etirazlarının əsaslılığının yoxlanılması baxımından qiymətləndirilir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

30. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsi qismən - “iddianın qismən təmin edilməsi və cavabdehdən 7 250 manat kirayə haqqının tutularaq iddiaçıya ödənilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməməlidir.

31. Ilk növbədə, kollegiya qeyd edir ki, iddiaçı fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs, cavabdeh isə kommersiya hüquqi şəxsidir. Tərəflər arasında bağlanmış ##.##.2018-ci il tarixli müqavilə iddiaçıya məxsus daşınmaz əmlakın sökülməsi müqabilində ona yeni yaşayış sahəsi ilə yanaşı, 30 m² qeyri-yaşayış sahəsinin verilməsini nəzərdə tutmuşdur. Iş materiallarından müəyyən edilir ki, sökülmüş daşınmaz əmlak iddiaçı tərəfindən sahibkarlıq fəaliyyətində istifadə edilmiş, müqavilə üzrə verilməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsi də həmin fəaliyyətin davam etdirilməsi məqsədinə xidmət etmişdir.

32. Beləliklə, hazırkı mübahisə tərəflər arasında sahibkarlıq fəaliyyəti ilə əlaqədar bağlanmış müqavilədən irəli gələn qarşılıqlı öhdəliklərin icrası və kommersiya təyinatlı əmlaka dair hüquqların müdafiəsi ilə bağlı olduğundan, MPM-in 24.2 və 26.1-ci maddələrinə əsasən kommersiya məhkəməsinə aiddir.

33. Tərəflər arasında bağlanmış ##.##.2018-ci il tarixli müqavilə Mülki Məcəllədə ayrıca müqavilə növü kimi tənzimlənməyən, lakin mülki qanunvericiliyə zidd olmayan adsız müqavilədir. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən belə müqavilənin bağlanmasına yol verilir və həmin müqavilədən irəli gələn öhdəliklərə Mülki Məcəllənin 389.3-cü maddəsinə uyğun olaraq öhdəlik hüququnun ümumi normaları tətbiq edilməlidir.

34. Iddiaçının kirayə haqqına dair tələbi üzrə mübahisənin düzgün həlli üçün tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulan “yeni mənzilin mülkiyyətçiyə təhvil verilməsi” şərtinin hüquqi məzmunu müəyyən edilməlidir.

35. Müqavilənin şərtlərinə əsasən iddiaçı ona məxsus mənzili söküntü məqsədilə cavabdehə təhvil vermiş, cavabdeh isə bunun müqabilində yeni inşa ediləcək binada müqavilə ilə müəyyən edilmiş yaşayış və qeyri-yaşayış sahələrini iddiaçıya təqdim etməyi öhdəsinə götürmüşdür. Cavabdeh, həmçinin tikinti işlərini başa çatdırmaq, aşkar edilmiş nöqsanları aradan qaldırmaq, başa çatdırılmamış işləri tamamlamaq və binanın qanunvericiliyə uyğun qaydada istismara qəbul edilməsini təmin etmək vəzifəsini öz üzərinə götürmüşdür.

36. Müqavilənin 1.3-cü bəndinə görə aylıq 500 manat kirayə haqqı yeni mənzilin mülkiyyətçiyə təhvil verildiyi günədək ödənilməlidir. Bu şərt müqavilənin digər müddəalarından ayrılıqda deyil, cavabdehin yeni mənzili müqaviləyə uyğun vəziyyətdə təqdim etmək və binanın qanunauyğun istismarını təmin etmək öhdəlikləri ilə birlikdə təfsir edilməlidir.

37. Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinin mənasına görə müqavilə şərtləri təfsir edilərkən yalnız müqavilədə işlədilən söz və ifadələrin hərfi mənası deyil, tərəflərin həqiqi iradəsi, müqavilənin digər şərtləri və tərəflərin əldə etmək istədikləri hüquqi nəticə də nəzərə alınmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən isə öhdəlik müqavilənin şərtlərinə, onun mahiyyətinə və vicdanlılıq tələblərinə uyğun şəkildə icra olunmalıdır.

38. Bu baxımdan, müqavilədə nəzərdə tutulan mənzilin təhvil verilməsi yalnız mənzilin açarlarının iddiaçıya fiziki olaraq təqdim edilməsini deyil, mənzilin müqavilə şərtlərinə uyğun, yaşayış üçün yararlı və təyinatı üzrə faktiki və qanuni istifadəyə imkan verən vəziyyətdə iddiaçının sərəncamına verilməsini ehtiva edir. Bu nəticə Mənzil Məcəlləsinin 12.2-ci maddəsinin tələbləri ilə də uzlaşır. Həmin normaya əsasən, yaşayış sahəsi vətəndaşların daimi yaşaması üçün yararlı, sanitariya və texniki norma və qaydalara, habelə qanunvericiliyin digər tələblərinə cavab verən ayrıca sahədir.

39. Cavabdeh kirayə haqqı ödəmək öhdəliyinin 2022-ci ildə mənzilin açarlarının iddiaçıya verilməsi ilə başa çatdığını bildirdiyindən, öhdəliyə xitam verdiyini iddia etdiyi həmin halın, yəni mənzilin müqaviləyə uyğun qaydada təhvil verilməsinin sübut edilməsi MPM-in 77.1-ci maddəsinə əsasən cavabdehin üzərinə düşür.

40. Iş materiallarında tərəflərin imzaladığı mənzilin təhvil-təslim aktı, iddiaçının mənzili mövcud vəziyyətdə qeyd-şərtsiz qəbul etdiyini təsdiq edən sənəd və ya mənzilin müqavilədə nəzərdə tutulan vəziyyətdə ona təhvil verildiyini göstərən başqa mötəbər sübut yoxdur.

41. Bundan əlavə, cavabdeh yeni inşa edilmiş çoxmənzilli yaşayış binasının qanunvericiliyin tələblərinə uyğun qaydada istismarına icazə verildiyini və iddiaçının həmin mənzildən qanuni və maneəsiz istifadə etməsi üçün zəruri hüquqi şəraitin yaradıldığını təsdiq edən sübut təqdim etməmişdir. Əksinə, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin ##.##.2025-ci il tarixli məktubunda binanın istismarına icazə alınmadan sakinlərin həmin binaya köçürülməsinin yolverilməz olduğu göstərilmişdir.

42. Buna görə, hətta mənzilin açarlarının cavabdehin bildirdiyi kimi 2022-ci ildə iddiaçıya verildiyi qəbul olunsa belə, bu hal özlüyündə mənzilin müqavilənin şərtlərinə uyğun qaydada təhvil verildiyini və cavabdehin kirayə haqqı ödəmək öhdəliyinin başa çatdığını təsdiq etmir.

43. Cavabdeh yeni mənzili müqaviləyə uyğun qaydada təqdim etdiyini sübuta yetirmədiyindən, onun aylıq 500 manat kirayə haqqı ödəmək öhdəliyi 2022-ci ilin oktyabr ayından sonra da qüvvədə qalmışdır.

44. Tərəflər arasında 2022-ci ilin oktyabr ayınadək kirayə haqqının ödənilməsi mübahisələndirilmir. Iddiaçının tələb etdiyi 2022-ci ilin noyabr ayından 2025-ci ilin mart ayınadək dövr 29 ay təşkil etdiyindən, müqavilədə müəyyən edilmiş aylıq 500 manat nəzərə alınmaqla cavabdehdən iddiaçının xeyrinə tutulmalı kirayə haqqı 14 500 manat təşkil edir.

45. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin müqavilə üzrə öhdəliyini tam icra etmədiyini və binanın qanunvericiliyə uyğun qaydada istismara qəbul edilməsinin sübuta yetirilmədiyini müəyyən etsə də, həmin hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə müqavilənin mənzilin təhvil verilməsi və kirayə haqqı ödəmək öhdəliyinin başa çatması ilə bağlı şərtlərini Mülki Məcəllənin 404 və 425.1-ci maddələrinin tələblərinə uyğun təfsir etməmiş, kirayə haqqı ödəmək öhdəliyinin hansı hüquqi və faktiki əsasla başa çatdığını müəyyənləşdirmədən tələbi yalnız 7 250 manat hissədə təmin etmişdir. Buna görə qətnamə kirayə haqqına dair tələbin 7 250 manat hissədə təmin, qalan 7 250 manat hissədə rədd edilməsi hissəsində MPM-in 385.1.1 və 385.1.4-cü maddələrinə əsasən ləğv edilməli və həmin tələb üzrə yeni qətnamə qəbul olunmaqla iddia həmin hissədə tam təmin edilməlidir. Cavabdehin kirayə haqqı verilməsi öhdəliyinin olmaması barədə dəlilləri əsassız olduğundan bu hissədə onun apellyasiya şikayəti təmin edilməməlidir.

46. Cavabdehin qeyri-yaşayış sahəsinə dair apellyasiya şikayətinin dəlillərinə gəldikdə, cavabdeh iddiaçıya təklif edilmiş 30,6 m² sahənin ərazinin maili relyefi və torpağın aşağı planlaşdırma səviyyəsi nəzərə alınmaqla zirzəmi deyil, yarımzirzəmi mərtəbəsi hesab edilməli olduğunu bildirmişdir.

47. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən, cavabdeh iddiaçıya yeni inşa ediləcək binanın yarımzirzəmi mərtəbəsində yerləşən 30 m² qeyri-yaşayış sahəsi verməyi öhdəsinə götürmüşdür. Buna görə bu hissədə müəyyən edilməli əsas məsələ cavabdehin təklif etdiyi sahənin müqavilədə nəzərdə tutulan mərtəbə və digər göstəricilərə uyğun olubolmamasıdır.

48. Iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının ##.##.2025-ci il tarixli rəyindən görünür ki, ekspert tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinə baxış keçirilmiş, sahənin torpağın planlaşdırma səviyyəsinə münasibətdə yerləşməsi ölçülmüş və AzDTN 2.7- 2 “Yaşayış binaları. Layihələndirmə normaları”nın tələbləri nəzərə alınmaqla onun mərtəbə aidiyyəti müəyyən edilmişdir. Ekspert iddiaçıya təklif edilmiş 30,6 m² sahənin torpağın planlaşdırma səviyyəsindən 3,5 metr aşağıda yerləşdiyini və buna görə zirzəmi mərtəbəsinə aid olduğunu müəyyən etmişdir.

49. AzDTN 2.7-2-də zirzəmi mərtəbəsi mərtəbə hündürlüyünün yarıdan çox hissəsi torpağın planlaşdırma səviyyəsindən aşağıda olan, kürsülük mərtəbəsi isə mərtəbə hündürlüyünün yarıdan çox hissəsi torpağın planlaşdırma səviyyəsindən yuxarıda olan mərtəbə kimi müəyyən edilmişdir. Həmin normativdə “yarımzirzəmi” anlayışı ayrıca nəzərdə tutulmasa da, cavabdeh özü apellyasiya şikayətində kürsülük və yarımzirzəmi anlayışlarını eyniləşdirmişdir. Beləliklə, müqavilədə nəzərdə tutulan yarımzirzəmi sahəsinin normativ meyarlara görə kürsülük mərtəbəsinə uyğun gəlməsi üçün mərtəbə hündürlüyünün yarıdan çox hissəsi torpağın planlaşdırma səviyyəsindən yuxarıda yerləşməli idi.

50. Kollegiya cavabdehin və üçüncü şəxsin nümayəndəsinin binanın yerləşdiyi ərazinin maili olması, eyni mərtəbənin əks küçə istiqamətində torpaq səviyyəsinə yaxın və ya ondan yuxarıda, iddiaçıya təklif edilən tərəfdə isə küçə səviyyəsindən aşağıda qalması barədə dəlillərinə münasibətdə yaşayış binalarının layihələndirmə normalarındakı anlayışlara istinad edilməsini zəruri hesab edir.

51. AzDTN 2.7-2 “Yaşayış binaları. Layihələndirmə normaları”nda maili relyefin nəzərə alınması üçün ayrıca meyarlar müəyyən edilmişdir. Belə ki, maillik olduqda binanın hündürlüyü aşağı planlaşdırma səviyyəsindən hesablanır, kürsülük mərtəbəsi isə mərtəbə hündürlüyünün yarıdan çox hissəsi torpağın planlaşdırma səviyyəsindən yuxarıda olan mərtəbə kimi müəyyən edilir. Həmçinin kürsülük mərtəbəsi onun örtüyünün üstü ilə torpağın orta planlaşdırma səviyyəsi arasındakı fərq 2 metrdən az olmadıqda binanın yerüstü hissəsinin mərtəbəliyinə daxil edilir. Sonuncu meyar mərtəbənin zirzəmi və ya kürsülük mərtəbəsi kimi təsnifatını deyil, artıq kürsülük mərtəbəsi kimi müəyyən edilmiş mərtəbənin binanın yerüstü hissəsinin mərtəbəliyinə daxil edilib-edilməməsini müəyyən edir.

52. Cavabdehin ərazidə maillik olduğuna görə mərtəbənin statusunun müəyyən edilməsi üçün torpağın aşağı planlaşdırma səviyyəsinin əsas götürülməli olması barədə dəlili əsaslı hesab edilə bilməz. AzDTN 2.7-2-də aşağı planlaşdırma səviyyəsi maillik olduğu halda sırf binanın hündürlüyünün hesablanması üçün nəzərdə tutulmuş xüsusi meyardır. Mərtəbənin zirzəmi və ya kürsülük mərtəbəsi kimi təsnifatı isə həmin mərtəbənin hündürlüyünün torpağın planlaşdırma səviyyəsinə münasibətdə yerləşməsinə əsasən müəyyən edilir. Buna görə binanın hündürlüyünün aşağı planlaşdırma səviyyəsindən hesablanması iddiaçıya təklif olunan sahənin yerləşdiyi mərtəbənin avtomatik olaraq kürsülük mərtəbəsi hesab edilməsinə əsas vermir.

53. Cavabdeh və üçüncü şəxsin nümayəndəsi mübahisəli mərtəbənin AzDTN 2.7-2-də zirzəmi və kürsülük mərtəbələri üçün müəyyən edilmiş meyarlara əsasən kürsülük mərtəbəsi sayıldığını təsdiq edən ölçmə və ya hesablama təqdim etməmişlər. Ekspert isə mübahisəli sahənin torpağın planlaşdırma səviyyəsindən 3,5 metr aşağıda yerləşdiyini və bu səbəbdən zirzəmi mərtəbəsinə aid olduğunu müəyyən etmişdir. Buna görə ərazinin ümumi mailliyinə və binanın əks tərəfinin daha aşağı küçəyə açılmasına istinad ekspert rəyində müəyyən edilmiş faktiki göstəriciləri və həmin göstəricilərə əsaslanan nəticəni təkzib etmir.

54. Buna görə cavabdehin iddiaçıya təklif etdiyi sahə müqavilədə nəzərdə tutulan yarımzirzəmi (normativ terminologiyaya görə kürsülük) mərtəbəsində yerləşən sahə hesab edilə bilməz. Həmin sahənin təklif edilməsi cavabdehin müqavilə üzrə öhdəliyinin lazımınca icrası kimi qiymətləndirilə bilməz.

55. Tərəflər müqavilədə iddiaçıya veriləcək qeyri-yaşayış sahəsini konkret obyekt nömrəsi və ya plan üzrə fərdi konturları ilə müəyyən etməmiş, cavabdehin üzərinə yeni inşa ediləcək binanın yarımzirzəmi mərtəbəsində yerləşən 30 m² qeyri-yaşayış sahəsinin verilməsi öhdəliyi qoymuşlar. Iddiaçının tələbi də əvvəlcədən fərdiləşdirilmiş konkret obyektin deyil, müqavilədə razılaşdırılmış yer, təyinat və sahə göstəricilərinə cavab verən qeyriyaşayış sahəsinin ona təqdim edilməsindən ibarətdir.

56. Müqavilədən irəli gələn öhdəliyin əsas icra üsulu müqavilədə nəzərdə tutulmuş 30 m² qeyri-yaşayış sahəsinin naturada iddiaçıya verilməsidir. MPM-in 222.1-ci maddəsinə əsasən əmlakın naturada verilməsi qət edildikdə, həmin əmlak qətnamə icra olunan vaxt mövcud olmadıqda onun dəyəri cavabdehdən tutulmalıdır. Buna görə qeyri-yaşayış sahəsinin naturada verilməsi əsas icra üsulu, həmin icranın mümkün olmadığı halda onun müəyyən edilmiş dəyərinin tutulması isə alternativ icra üsuludur.

57. Birinci instansiya məhkəməsi 150 000 manat məbləği “kompensasiya” adlandırmaqla hüquqi terminologiyada qeyri-dəqiqliyə yol versə də, qətnamənin məzmunundan həmin məbləğin müstəqil kompensasiya və ya zərərin əvəzi kimi deyil, müqavilədə nəzərdə tutulan əmlakın naturada verilməsi mümkün olmadıqda tətbiq ediləcək alternativ icra üsulu kimi müəyyən edildiyi aydın görünür. Buna görə işlədilmiş terminoloji qeyri-dəqiqlik qətnamənin həmin hissədə gəldiyi nəticənin hüquqi mahiyyətini dəyişdirmir və MPM-in 385.2-ci maddəsinə əsasən mahiyyəti üzrə düzgün olan qətnamənin yalnız formal mülahizəyə görə ləğvi üçün əsas təşkil etmir.

58. Bu baxımdan, birinci instansiya məhkəməsinin müqavilədə nəzərdə tutulmuş 30 m² qeyri-yaşayış sahəsinin iddiaçıya naturada verilməsi, həmin əmlak qətnamə icra olunan vaxt mövcud olmadıqda isə onun 150 000 manat məbləğində dəyərinin cavabdehdən tutulması barədə gəldiyi nəticə işin hallarına və MPM-in 222.1-ci maddəsinin tələblərinə uyğundur.

59. Birinci instansiya məhkəməsinin alternativ icra məbləği kimi qeyri-yaşayış sahəsinin dəyərini 150 000 manat müəyyən etməsinin əsaslılığına gəldikdə, həmin məbləğ “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli mütəxəssis rəyinə əsaslanır. Iş materiallarında həmin rəydə müəyyən edilmiş dəyərin bazar qiymətindən artıq olduğunu təsdiq edən mötəbər sübut yoxdur.

60. Apellyasiya baxışı zamanı keçirilmiş qiymətləndirmə nəticəsində “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli hesabatı ilə müqavilə üzrə verilməli 30 m² qeyri-yaşayış sahəsinin bazar dəyəri 178 000 manat müəyyən edilmişdir. Həmin hesabat birinci instansiya məhkəməsinin əsas götürdüyü 150 000 manat məbləğin bazar dəyərindən artıq müəyyən edilməsi nəticəsinə gəlməyə əsas vermir.

61. Yekun olaraq, kollegiya qeyd edilənləri nəzərə alaraq bu nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – “iddianın qismən təmin edilməsi və cavabdehdən 7 250 manat kirayə haqqının tutularaq iddiaçıya ödənilməsi” hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməlidir. Yeni qətnamə ilə iddia təmin edilməli, cavabdehdən 14 500 manat məbləğində kirayə haqqı tutularaq iddiaçıya ödənilməlidir.

62. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

63. Birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməmiş hissəsində ləğv olunaraq həmin hissədə yeni qətnamə qəbul edildiyindən, MPM-in 119.1, 119.5 və 119.6cı maddələrinə əsasən məhkəmə xərclərinin bölüşdürülməsi də işin yekun nəticəsinə uyğun müəyyən edilməlidir.

64. Iş üzrə keçirilmiş mühəndis-texniki ekspertiza və qiymətləndirmələr cavabdehin qeyri-yaşayış sahəsinin müqaviləyə uyğun təqdim edilməsi barədə dəlillərinin və birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissəsinin əsaslılığının yoxlanılması üçün zəruri olmuşdur. Iddiaçının apellyasiya şikayəti təmin edilərək iddia tam təmin edildiyindən, cavabdehin apellyasiya şikayəti isə təmin edilmədiyindən, cavabdehdən birinci instansiya məhkəməsində keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, “xxxx” MMC tərəfindən keçirilmiş qiymətləndirmənin xidmət haqqı olan 300 manat tutularaq həmin təşkilatın hesabına, apellyasiya instansiyası məhkəməsində “xxxx” MMC tərəfindən keçirilmiş qiymətləndirmənin xidmət haqqı olan 590 manat tutularaq həmin təşkilatın hesabına ödənilməlidir. Cavabdehin apellyasiya şikayətinin verilməsinə görə ödədiyi dövlət rüsumu isə onun özünə aid edilməlidir.

65. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i : Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi qismən - “iddianın qismən təmin edilməsi və cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativindən 7 250 manat kirayə haqqının tutularaq iddiaçı Qədirov Tahir Əhməd oğluna ödənilməsi” hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. Iddia təmin edilsin. Cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativindən 14 500 (on dörd min beş yüz) manat məbləğində kirayə haqqı tutularaq iddiaçı İddiaçı ödənilsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Birinci instansiya məhkəməsində keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ01360100000000003944, SWIFT BIK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE00000000000002088501) ödənilsin. Birinci instansiya məhkəməsində keçirilmiş daşınmaz əmlakın qiymətləndirilməsi üçün xidmət haqqının əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pul cavabdeh xxxx” Mənzil Tikinti Kooperativindən tutularaq qiymətləndirici təşkilat “xxxx” MMC-nin hesabına (kod: 805711, VÖEN: ********** müxbir hesab: AZ03NABZ01350100000000002944, SWIFT BIK: IBAZAZ2X, hesab: AZ471BAZ35090019444176788205) ödənilsin. Apellyasiya instansiyası məhkəməsində keçirilmiş daşınmaz əmlakın qiymətləndirilməsi üçün xidmət haqqının əvəzi olaraq 590 (beş yüz doxsan) manat məbləğində pul cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativindən tutularaq qiymətləndirici təşkilat “xxxx” MMC-nin hesabına (bank rekvizitləri: “xxxx” ASC-nin “Inşaatçılar” filialı, H/h: AZ53AIIB400600C9446602148226, M/h: AZ37NABZ01350100000000001944, kod: 201360, SWIFT: AIIBAZ2X, VÖEN: **********) ödənilsin. Qətnamədən cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən qətnamənin ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar