Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(3-6)-60/2026 19.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, hakimlər ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 30 oktyabr 2025-ci il tarixli, e-2- 2(113)-5155/2025 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, müəyyən etdi:
1. İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borca görə 70800 manat, faiz borcuna görə 3540 manat olmaqla, cəmi 74340 manat, həmçinin dövlət rüsumuna görə ödənilmiş 313,02 manat və hüquqi yardıma görə ödənilmiş 320 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, Cavabdeh MMC-dən müqavilə üzrə yaranmış əsas borca görə 55185,06 manat, faiz borcuna görə 3540 manat olmaqla, cəmi 58725,06 manat, həmçinin dövlət rüsumuna görə ödənilmiş 313,02 manat və hüquqi yardıma görə ödənilmiş 320 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin 30 oktyabr 2025-ci il tarixli, e-2-2(113)-5155/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən əsas borca görə 55185,06 manat, faiz borcuna görə 2753,3 manat, hüquqi yardıma görə ödənilmiş 320 manat və dövlət rüsumuna görə ödənilmiş 264 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmiş, iddia tələbi digər hissədə rədd edilmişdir.
4. Cavabdeh "xxxx" MMC məhkəməyə protokola dair qeyd təqdim edərək, məhkəmə iclası zamanı nümayəndənin səsləndirdiyi “24177 manat məbləğində pulun eyni müqavilə üzrə malın alınması üçün tərəflərindən əvvəlcədən depozit kimi iddiaçıya bilavasitə nağd şəkildə ödənildiyi, həmçinin pulu verən və alan şəxslərin məhkəməyə dəvət edilərək, şahid qismində dindirilmələri”nə dair mübahisənin həlli ilə bağlı zəruri əhəmiyyət kəsb edən fikirlərin məhkəmə iclasının protokolunda öz əksini tapmadığını, çıxışın həmin hissəsinin məhkəmə iclasının protokoluna əlavə edilməsini xahiş etmişdir.
5. Bundan sonra cavabdeh "xxxx" MMC Bakı Kommersiya Məhkəməsinin 30 oktyabr 2025-ci il tarixli, e-2-2(113)-5155/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmiş, apellyasiya şikayətinin əsas dəlilləri kimi məhkəmə çıxışında səsləndirilən iddiaçıya ödənilmiş 24177 manat məbləğində pul vəsaitinin əsas borcdan silinməsi ilə bağlı ifadələrin məhkəmə tərəfindən aydınlaşdırılmadan qətnamə çıxarılması qeyd edilmişdir.
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 273. Protokola dair qeydlər İşdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər.
Maddə 274. Protokola dair qeydlərə baxılması 274.1. Protokola dair qeydlərə onu imzalamış hakim və ya iş üzrə sədrlik edən baxır, qeydlərlə razılaşarsa, onların düzgünlüyünü təsdiq edir, razılaşmadıqda isə onların tamamilə və ya qismən rədd edilməsinə dair əsaslı qərardad çıxarır. Hər bir halda qeydlər işə əlavə edilir. 274.2. Protokola dair qeydlərə onların verilməsindən 3 gündən gec olmayaraq baxılmalıdır. ... Maddə 366. Apellyasiya mümkünlüyünün yoxlanılması 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. ... 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər.
7. Cavabdeh "xxxx" MMC tərəfindən verilən apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılarkən məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2025ci il tarixdə birinci instansiya məhkəməsinə cavabdeh tərəfindən elektron kabinet vasitəsilə protokola dair qeyd daxil olmuş, məhkəmə tərəfindən həmin qeydə heç bir münasibət bildirilməmişdir.
8. Bundan sonra xx.xx.2025-ci il tarixdə cavabdeh tərəfindən elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilmiş və məhkəmə işi apellyasiya şikayətinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir.
9. Məhkəmə kollegiyası qeyd edir ki, protokola dair qeydlərə baxılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, həmin qeydlərin geri qaytarılması, təmin və ya rədd edilməsi barədə hər hansı qərar qəbul edilmədiyi halda işə apellyasiya qaydasında baxılması mümkün deyildir.
10. Qeyd olunan əsasla apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, cavabdeh "xxxx" MMC tərəfindən verilmiş protokola dair qeydə münasibət bildirilməsi üçün kommersiya işi birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
11. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin 30 oktyabr 2025-ci il tarixli, e-2-2(113)-5155/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş protokola dair qeydə münasibət bildirilməsi üçün kommersiya işi Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.