Məhkəmə qərarları › İş №2-2(3-6)-61/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-6)-61/2026

13.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(3-6)-61/2026 13.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 12 noyabr 2025-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC (iddiaçı) Cavabdeh MMC-yə (cavabdeh) qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, müqavilələr üzrə əsas məbləğ 135 256,14 manat, ƏDV (18%) üzrə məbləğ 24 346,11 manat, gecikmə məbləği (5%) 60 909,50 manat olmaqla, ümumilikdə 220 511,74 manatın, hüquqi xidmət haqqı kimi ödənilmiş 2000 manatın və dövlət rüsumu olaraq ödənilmiş 513 manatın, yəni cəmi 223 024,74 manatın cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 12 noyabr 2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-dən 159 602,25 manat (ƏDV daxil) əsas borc, 7908,75 manat cərimə məbləği olmaqla, ümumilikdə 167 511 (yüz altmış yeddi min beş yüz on bir) manatın, ödənilmiş hüquqi yardıma görə 1000 (bir min) manatın və dövlət rüsumunun əvəzi qismində 457 (dörd yüz əlli yeddi) manat 51 (əlli bir) qəpiyin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçının və cavabdehin nümayəndələri tərəfindən verilmiş apellyasiya şikayətləri baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş həmin şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə görə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsinə görə, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində rüsum ödənilməlidir. Həmin Qanunun 8.1.4-cü maddəsinə görə, iddia qiyməti 100 000 manatdan 1 000 000 manatadək olduqda, 390 manat + 100 000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində rüsum ödənilməlidir. İşin hallarından görünür ki, iddianın qiyməti 220 511,75 manat təşkil edir və buna görə də apellyasiya şikayəti üçün ən azı 255,26 manat rüsum ödənilməlidir; lakin iddiaçı öncə 130 manat, daha sonra isə 95,40 manat olmaqla, ümumilikdə 230,4 manat rüsum ödəmişdir. Beləliklə, iddiaçının apellyasiya şikayətinə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından həmin apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5265/2024 saylı iş üzrə 12 noyabr 2025-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayətin geri qaytarılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Tural Qocayev Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar