Məhkəmə qərarları › İş №2-2(3-6)-838/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-6)-838/2026

16.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-2(3-6)-838/2026 16.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim məruzəsi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə, Iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pulun tutulması və tutmanın əmlaklara yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2018-ci il tarixli, *-*(**)-***/**** saylı qətnaməsindən cavabdeh “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, müəyyən etdi: Işin halları:

1. Iddiaçı “xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdeh “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 500 000 ABŞ dolları əsas borc, 255 000 ABŞ dolları faiz borcu olmaqla, cəmi 755 000 ABŞ dolları məbləğində pulun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasını, tələbin cavabdehə məxsus daşınar və daşınmaz əmlaklara yönəldilməsini, həmin əmlaklar üzrə cavabdehin mülkiyyət hüququna xitam verilərək iddiaçının mülkiyyət hüququnun tanınmasını və səlahiyyətli orqanlara qeydiyyatın aparılması vəzifəsinin həvalə edilməsini xahiş etmişdir.

2. * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2018-ci il tarixli, *-*(**)-***/**** saylı qətnaməsi və ##.##.2018-ci il tarixli düzəliş qərardadına əsasən, iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 500 000 ABŞ dolları əsas borc, 255 000 ABŞ dolları faiz borcu olmaqla, cəmi 755 000 ABŞ dolları ödəniş gününə Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

3. Cavabdeh həmin qətnamədən ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və iş materialları birinci instansiya məhkəməsinə göndərilmişdir.

5. Qərardadda göstərilmişdir ki, mübahisələndirilən qətnamə 2018-ci ildə qanunvericiliyin tələblərinə uyğun şəkildə cavabdehə göndərilmiş, lakin onun qəbulundan imtina edilmişdir. Iş üzrə icra sənədi icra orqanına göndərildikdən sonra, yəni ##.##.2021-ci il tarixdə icra icraatına başlanılmış və cavabdehə qətnamənin könüllü icrası üçün müddət verilmişdir. Birinci instansiya məhkəməsi göstərilən halları nəzərə almamış, icra işini tələb etməklə icra vərəqəsinin verilməsindən və icra işi üzrə icraata başlanılmasından keçən 5 ilə yaxın müddət ərzində cavabdehin qətnamənin mövcudluğu barədə məlumatlandırılıb-məlumatlandırılmamasını araşdırmamış və araşdırmanın nəticələrinə uyğun apellyasiya şikayətinin verilməsi müddətinin ötürülüb-ötürülməməsinə qiymət verməmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(**)-***/**** saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 128. Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. ... Maddə 130. Prosessual müddətlərin buraxılmasının nəticələri 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

Maddə 135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi (müvafiq prosessual hərəkətin yerinə yetirildiyi zaman qüvvədə olan redaksiya) 135.1. Bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.

Maddə 137. Məhkəmə sənədlərini qəbul etməkdən imtina 137.1. Məhkəmə sənədlərinin ünvanlandığı şəxs qanuni əsas olmadan onları qəbul etməkdən imtina edərsə, məhkəmə sənədləri verildiyi ünvanda qalmalıdır. Bu halda məhkəmə sənədləri rəsmi qaydada verilmiş hesab olunur.

Maddə 360. Apellyasiya şikayətinin verilmə müddəti Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

Maddə 363. Apellyasiya şikayətinin qaytarılması 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: ... 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə; ... Maddə 366. Apellyasiya mümkünlüyünün yoxlanılması 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. ... 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

8. Məhkəmə kollegiyası cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü araşdıraraq hesab edir ki, şikayət qanunla müəyyən edilmiş müddət ötürüldükdən sonra verildiyindən ona apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilməlidir.

9. Iş materiallarından görünür ki, * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2018-ci il tarixli qətnaməsinin surəti cavabdehə sifarişli poçt göndərişi ilə göndərilmiş, lakin poçt göndərişinin qəbulundan imtina edilmişdir.

10. Bundan başqa, iş materiallarına əlavə edilmiş icra işi sənədlərindən görünür ki, qətnamə ##.##.2021-ci il tarixdə icra üçün aidiyyəti icra orqanına göndərilmiş, ##.##.2021-ci il tarixdə icra icraatına başlanılması haqqında qərar qəbul edilmiş və cavabdehə qətnamənin könüllü icrası üçün müddət verilmişdir.

11. Mülki Prosessual Məcəllənin müvafiq prosessual hərəkətin həyata keçirildiyi zaman qüvvədə olan 135.1 və 135.2-ci maddələrinə əsasən məhkəmə sənədləri sifarişli poçt göndərişi ilə çatdırılmalı, hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədi müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilməli idi. Həmin Məcəllənin 137.1-ci maddəsinə görə məhkəmə sənədinin ünvanlandığı şəxs qanuni əsas olmadan onu qəbul etməkdən imtina etdikdə, məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab olunur.

12. Qeyd edilən normaların məzmunundan görünür ki, məhkəmə sənədinin rəsmi qaydada verilməsi yalnız sənədin faktiki olaraq qəbul edilməsi ilə məhdudlaşmır. Məhkəmə sənədinin çatdırılması üçün qanunla nəzərdə tutulmuş qaydada real imkan yaradıldığı halda ünvan sahibinin həmin sənədi qanuni əsas olmadan qəbul etməkdən imtina etməsi də sənədin rəsmi qaydada verilməsi ilə eyni hüquqi nəticəni doğurur.

13. Belə tənzimləmənin məqsədi şəxsin öz davranışı ilə məhkəmə sənədinin təqdim edilməsinə mane olmasının və sonradan həmin davranışdan prosessual üstünlük əldə etməsinin qarşısını almaqdır. Buna görə də məhkəmə sənədini qəbul etmək imkanı yaradılmış tərəfin onu öz iradəsi ilə qəbul etməməsi sonradan həmin sənədin ona təqdim edilməməsi və ya onun məzmunundan xəbərsiz qalması kimi qiymətləndirilə bilməz.

14. Hazırkı işdə qətnamənin surətinin cavabdehə göndərilməsi və poçt göndərişinin qəbulundan imtina olunması iş materialları ilə təsdiq edilir. Cavabdeh isə poçt göndərişinin qəbulundan imtinanın qanuni əsasla bağlı olduğunu göstərən konkret hal bildirməmiş və bu barədə hər hansı sübut təqdim etməmişdir. Buna görə də qətnamənin surəti Mülki Prosessual Məcəllənin 137-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada verilmiş hesab edilməlidir.

15. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə isə qanunla müəyyən edilmiş müddət keçdikdə prosessual hərəkəti etmək hüququ keçmiş olur.

16. Prosessual müddətlərin müəyyən edilməsi məhkəmə aktlarının sabitliyinin, hüquqi müəyyənliyin və məhkəmə müdafiəsinin ağlabatan müddətdə həyata keçirilməsinin təmin edilməsinə xidmət edir. Tərəfin məhkəmə sənədini qəbul etmək üçün yaradılmış imkandan öz iradəsi ilə istifadə etməməsi, daha sonra isə uzun müddət ərzində hər hansı prosessual hərəkət etməməsi apellyasiya şikayətinin mümkünlüyü məsələsi həll edilərkən onun xeyrinə qiymətləndirilə bilməz. Əks yanaşma qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qeyri-müəyyən müddət ərzində mübahisələndirilməsinə imkan yaratmaqla hüquqi müəyyənlik prinsipi ilə uzlaşmazdı.

17. Apellyasiya şikayətinin mümkünlüyü məsələsinə qiymət vermiş əvvəlki məhkəmə tərkibi öz qərardadında qeyd edilən halları göstərmiş və birinci instansiya məhkəməsinin qeyd edilən halları araşdırmalı olduğunu göstərmişdir.

18. Birinci instansiya məhkəməsi icra işinin materiallarını tələb edib onlara qiymət versə də, cavabdehin qətnamənin göndərildiyi poçt zərfini qəbul etməkdən hansı səbəbdən imtina etməsini araşdırmamış, Mülki Prosessual Məcəllənin 137-ci maddəsinin hazırkı məsələyə tətbiqini müzakirə etməmişdir.

19. Qeyd edilən əsaslarla, * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2018-ci il tarixli, *-*(**)-***/**** saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları yuxarıda göstərilən prosessual normaların tələblərinə əsasən apellyasiya şikayətinin geri qaytarılması üçün əsasların olub-olmamasının yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 400, və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2018-ci il tarixli, *-*(**)-***/**** saylı qətnaməsindən cavabdeh “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Kommersiya işi müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar