Məhkəmə qərarları › İş №2-2(3-7)-14/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-7)-14/2026

11.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(3-7)-14/2026 11.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Мəhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)- 2171/2025 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Мəhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-2171/2025 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) iddianın təmin edilməsi, 30000 manat əsas borc, 2455 manat 96 qəpik faiz borcu, 19 manat 65 qəpik cərimə borcu, cəmi 32475 manat 61 qəpik məbləğində borc və ödənilmiş 187 manat 43 qəpik məbləğində dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 Polad oğlundan tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci iltarixlie-2- 2(115)-2171/2025 saylı qətnaməsinin ləğv edilməsi, araşdırma aparılaraq qanuni və ədalətli yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 Polad oğluna qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 30000 manat əsas borc, 2455 manat 96 qəpik faiz borcu, 19 manat 65 qəpik cərimə borcu olmaqla, cəmi 32475 manat 61 qəpik borcun və 187 manat 43 qəpik dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh1 120 ay müddətinə 50000 manat kredit limiti ayrılmışdır. Cavabdeh1 xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 18 faizlə 36 ay müddətinə 30000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 ilə xx.xx.2023-cü il tarixli zaminlik müqavilələri bağlanmışdır. 2025-ci il iyunun 3-dək Cavabdeh1 banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 30000 manat əsas borcu, 2455 manat 96 qəpik faiz borcu, 78 manat 61 qəpik cərimə borcu olmaqla, ümumilikdə cəmi 32534 manat 57 qəpik borcu vardır. Cavabdeh1 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 78 manat 61 qəpik təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-i miqdarında olmaqla, yəni 19 manat 65 qəpik məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Аpellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasında iqtisadi böhranın dayanmadan artdığı bir dövrdə kredit borcunun ödənilməsi onlardan asılı olmadan qeyri-mümkün olmuşdur. Müqavilə üzrə öhdəliklərə əməl olunmamasına görə təqsirkar deyillər. Dəfələrlə banka ödəniş məbləğinin azaltmağı ya da işin məhkəməyə göndərilməsini tələb etsələr də, heç bir nəticəsi olmamışdır. Çünkü bank həmin məbləğə artıq faizlərin hesablanmasında maraqlı olmuşdur. Banka ödədiyi məbləğlər düzgün hesablamamışdır. O, iddia tələbində qeyd olunandan çox pul ödəmişdir. Göründüyü ki, ödəniş etdiyi məbləğ də nancaq faiz borcuna çıxılmış, yenə də bank tərəfindən məbləğlər düzgün hesablanmamışdır. Lakin birinci instansiya məhkəməsi qeyd olunan halları nəzərə almadan yekun qərar qəbul etmişdir. Göründüyü kimi artıq hesablanmış faiz borcu onların ağır olan maddi vəziyyətini daha pis hala salmışdır. Bundan başqa iddiaçı tərəfindən sahibkarlıq krediti verilərkən həmin kredit müqaviləsi sığortalanmışdır. Hesab edir ki, ödənişlərin düzgün hesablanıb-hesablanmamasının müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası keçirilməlidir. Məhkəmə tərəfindən sübutlar düzgün, obyektiv və ədalətli araşdırılmamışdır. Ona görədə hazırkı iş üzrə sübutlar yenidən qiymətləndirilməli və iş üzrə ədalətli qərar qəbul edilməlidir. Prosessual məsələlər və proses iştirakçısının izahatı: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək həmin şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüququ məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini və apellyasiya şikayətinin təmin edilməməsinə dair iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə araşdırmanın hədləri ilə bağlı qeyd edir ki, qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirdiyinə görə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı, maddi və prosessual qanunvericiliyin tələblərinə riayət edilməsi tam yoxlanılır. Kollegiya həmçin qeyd edir ki, tərəflər arasındakı mübahisə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası ilə bağlı olduğuna görə mübahisənin həllində mərkəzi norma kimi Mülki Məcəllənin öhdəliyə dair normaları çıxış edir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 10-MCR-1-1895-23 nömrəli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh1 120 ay müddətinə 50000 manat kredit limiti ayrılmışdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 10-MCR-1-1895-23/1 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC tərəfindən dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə illik 18 faizlə 36 ay müddətinə 30000 manat kredit verilmiş, əsas məbləğin ödənilməsinə 12 ay güzəşt tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 zaminlər qismində bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli 10-MCR-1-1895-23/1 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 banka 30000 manat əsas borcu, 2455 manat 96 qəpik faiz borcu, 78 manat 61 qəpik cərimə borcu olmaqla, ümumilikdə cəmi 32534 manat 57 qəpik məbləğində borcunun olması, borclunun 5401,89 manat faizdən ödəniş etdiyi göstərilmişdir. İş materiallarındakı Cavabdeh1 adına olan hesabdan çıxarışdan görünür ki, borclu Cavabdeh1 tərəfindən xx.xx.2025-ci il tarixədək yalnız faizdən ödənişlər aparılmış, əsas borcdan ödəniş edilməmişdir. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. Məhkəmə kollegiyasının iclasında araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh1 120 ay müddətinə 50000 manat kredit limiti ayrılmışdır. Cavabdeh1 xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 18 faizlə 36 ay müddətinə, 12 ay güzəştlə 30000 manat kredit götürmüş, borcun təminatı olaraq Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 ilə xx.xx.2023-cü il tarixli zaminlik müqavilələri bağlanmış, borclu 12 ay müddətində ancaq faizdən ödənişlər etmiş, daha sonra heç bir ödəniş etməmiş, beləliklə də müqavilə şərtlərini pozmuş, xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 iddiaçıdan kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini tam icra etməmişdir. Odur ki, iddia təmin edilməli, 30000 manat əsas borc, 2455 manat 96 qəpik faiz borcu, 19 manat 65 qəpik cərimə borcu, cəmi 32475 manat 61 qəpik məbləğində borc və ödənilmiş 187 manat 43 qəpik məbləğində dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 Polad oğlundan tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunverciliyin yuxarıda şərh olunmuş normaları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımi qaydada icra edilməməsi kimi qiymətləndirilir və belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Kollegiya apellyasiya şikayətinin borcun düzgün hesablanmaması və iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməli olmasına dair dəlilləri razılaşmır. Ona görə ki, iş materiallarında olan maliyyə arayışından, həmçinin hesabdan çıxarışdan göründüyü kimi əsas borclu - cavabdeh tərəfindən əsas borcdan ümumiyyətlə ödəniş edilməmiş, edilmiş faiz ödənişlərinin hamısı nəzərə alınmış, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə qalıq borcun düzgün hesablanmamasına dəlalət edən hər hansı sübut təqdim etmədiyinə görə kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-2171/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar