Məhkəmə qərarları › İş №2-2(3-7)-29/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-7)-29/2026

16.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(3-7)-29/2026 16.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)- 696/2025 nömrəli qətnaməsi və xx.xx.2025-ci il tarixli, e-2-2(115)-696/2025 nömrəli əlavə qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları

1. 15 avqust 2023-cü il tarixli K-506A-PCC-23 № li avtomobilin müddətli satışı üzrə müqaviləyə əsasən satıcı İddiaçı MMC müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavədə göstərilmiş texniki spesifikasiyaya uyğun olan Ravon R3 SX minik markalı **-PE- *** dövlət qeydiyyat nişanlı avtomobili alıcı Cavabdeh satmağı, alıcı isə həmin nəqliyyat vasitəsini qəbul edib hazırki müqavilə ilə razılaşdırılmış şərtlərlə və qaydada dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər hazırki müqavilənin 1.1-ci maddəsində göstərilmiş nəqliyyat vasitəsinin dəyərinin 20700 manat müəyyən edilməsi barədə qarşılıqlı razılığa gəlmişlər. Həmin müqavilənin 2.2-2.5-ci bəndlərinə əsasən tərəflər qarşılıqlı razılığa gəlmişlər ki, alıcı müqavilənin 1.1-ci bəndində göstərilmiş nəqliyyat vasitəsinin dəyərini müqavilə bağlandığı gündün 30 ay ərzində hazırki müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada tam şəkildə satıcıya ödəməlidir. Eyni zamanda alıcı müqavilənin 1.1-ci bəndində göstərilmiş nəqliyyat vasitəsinə görə hər gün satıcıya 23 manat məbləğində pul ödəməlidir.

2. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən, RAVON NEXİA R3 SX minik markalı **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi satıcı tərəfindən alıcıya təhvil verilmişdir.

3. Kassa mədaxil tələbnamələrindən görünür ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 140 manat, xx.xx.2023-cü il tarixdə 184 manat, xx.xx.2023-cü il tarixdə 161 manat, xx.xx.2023-cü il tarixdə 161 manat, xx.xx.2023-cü il tarixdə 205 manat, xx.xx.2023cü il tarixdə 322 manat, xx.xx.2023-cü il tarixdə 207 manat, xx.xx.2023-cü il tarixdə 140 manat, xx.xx.2023-cü il tarixdə 235 manat, xx.xx.2024-cü il tarixdə 965 manat, xx.xx.2024cü il tarixdə 250 manat, xx.xx.2024-cü il tarixdə 295 manat məbləğində ödənişlər edilmişdir.

4. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-ci il tarixli aktlar üzrə RAVON NEXİA R3 SX minik markalı **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyan müvafiq olaraq, 2031 manat və 1037 manat, xx.xx.2024-ci il tarixli akt üzrə isə 5035,80 manat təşkil etdiyi göstərilmişdir.

5. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 02 sentyabr 2025-ci il tarixli UNİ/S 02- 538/2025 nömrəli rəyindən görünür ki, RAVON NEXİA R3 SX minik markalı **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyan İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2024-ci il tarixli 1-ci akt üzrə 1493 manat, xx.xx.2024-ci il tarixli 2-ci akt üzrə 655 manat, xx.xx.2024-ci il tarixli akt üzrə 4327 manat təşkil edir. Tədqiqatın dəyəri 500 manat təşkil etmişdir.

6. 04.05.2024-cü il tarixli ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X1 RAVON NEXİA R3 SX minik markalı **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 332.1 və 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir.

7. 30.05.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 İXM-nin 332.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir.

8. Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, RAVON NEXİA R3 SX minik markalı **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə Gəncə şəhər X9 Şöbəsinin müvəqqəti duracağına yerləşdirilmiş və 08 may 2024-cü il tarixində nəqliyyat vasitəsinin saxlanılmasına səbəb aradan qaldırıldığından nəqliyyat vasitəsi duracaqdan buraxılmışdır. Nəqliyyat vasitəsi iddiaçının nümayəndəsi X4 tərəfindən duracaqdan götürülmüşdür.

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, RAVON R3 SX minik markalı **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurduğu zərərə görə 8103,8 manat məbləğində pulun, RAVON NEXİA R3 SX minik markalı **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə törədilmiş inzibati xətalara görə 389 (üç yüz səksən doqquz) manat məbləğində ödənilmiş inzibati cərimənin və 105 (bir yüz beş) manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 15 avqust 2023-cü il tarixli K-506A- PCC-23 № li avtomobilin müddətli satışı üzrə müqaviləyə əsasən cavabdeh İddiaçı MMCdən RAVON Nexia R3 SX minik markalı **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini satın almışdır. Müqavilə bağlandıqdan sonra nəqliyyat vasitəsi cavabdehə təhvil verilmişdir. Həmin nəqliyyat vasitəsinin idarə edilməsi üçün cavabdehə etibarnamə də verilmişdir. Cavabdeh əvvəllər öhdəliyini icra etsə də sonradan öhdəliyini icra edə bilmədiyi üçün qeyd edilən nəqliyyat vasitəsini şirkətə təhvil vermişdir. Qeyd edilən nəqliyyat vasitəsi təhvil alınarkən bir sıra qüsurları olduğuna görə nəqliyyat vasitəsi cəmiyyətin servis mərkəzində yoxlanılmış və aşkar edilmiş qüsurlarla bağlı akt tərtib edilmişdir. Həmin qüsur aktına əsasən RAVON Nexia R3 SX minik markalı **-PE-*** nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cavabdehin sahibliyi və istifadəsində olduğu müddət ərzində cavabdeh həmin nəqliyyat vasitəsinə ümumilikdə 8103,8 (səkkiz min bir yüz üç manat səksən qəpik) manat məbləğində zərər vurmuşdur. Cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində İddiaçı MMC-nin hüquqları kobud şəkildə pozulmuş və cəmiyyətə böyük miqdarda zərər dəymişdir. Buna görə də İddiaçı MMC pozulmuş hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin qeyd edilən nəqliyyat vasitələrini idarə edərkən cavabdeh dəfələrlə yol hərəkəti qaydalarını kobud şəkildə pozmuşdur. Buna görə də X9 tərəfindən cavabdeh barəsində çoxlu sayda inzibati xəta haqqında protokol tərtib edilmişdir. RAVON NEXİA R3 minik markalı 99-PE443 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cavabdehdə olduğu dövrdə cavabdeh və onun həmin nəqliyyat vasitəsini qanunsuz olaraq idarə etmək üçün verdiyi digər şəxslər tərəfindən qeyd edilən nəqliyyat vasitəsi ilə törətdilən inzibati xətalara görə X9 tərəfindən çoxlu inzibati tənbehvermə haqqında qərar çıxarılmışdır. Cavabdeh isə həmin cərimələri ödəmədiyi üçün həmin cərimələrin üzərinə faiz gəlmiş və cərimələrin ümumi məbləği 389 (üç yüz səksən doqquz) manat məbləğində olmuşdur. Cavabdeh həmin cərimələri ödəmədiyi üçün onlar məcbur qalaraq həmin cərimələri ödəmək məcburiyyətində qalmışlar.

11. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, yanacaq sisteminə yad maddə əlavə edildiyi üçün avtomobil işlək vəziyyətdə olmayıb. Yanacaq sistemi yuyulduqdan sonra avtomobil işlək vəziyyətə gətirilib və sürülərək Bakıya aparılıb. Ödəniş etmədən avtomobili qardaşına verib və idarəetmə hüququ olmadığı üçün polis tərəfindən cavabdehin qardaşı Qasımov Kamran barədə protokol tərtib edilərək onun adına cərimə də yazılmışdır. Etibarnamə isə yalnız Cavabdeh verilib və ona bildirib ki, avtomobili digər şəxslərə verə bilməz. Əvvəllər **-PE-*** dövlət qeydiyyat nişanlı, Ravon R3 SX minik markalı avtomobil xx.xx.2019-cu il tarixli avtomobilin müddətli satışı üzrə müqaviləyə əsasən iddiaçı tərəfindən "xxxx" MMC-yə satılmışdır. Sonradan müqaviləyə əsasən alıcı tərəfindən ödənişlər olmadığından həmin avtomobil iddiaçı tərəfindən geri alınmış və cavabdehə satılmışdır. "xxxx" MMC-nin həmin avtomobili idarə edə bilmək üçün kimlərə etibarnamə verməsi onlara məlum deyildir. Eyni zamanda izahatında bildirmişdir ki, avtomobil iddiaçının nümayəndələri tərəfindən may ayında təhvil götürüldükdən sonra ilk öncə Gəncə servis mərkəzinə gətirilmişdir. Servis mərkəzində avtomobilin yanacaq süzgəci və nasosu dəyişdirildikdən sonra sürülərək Bakıya aparılmışdır. 2024-cü ilin avqust ayında avtomobilə vurulmuş ziyanla bağla aktlar tərtib olunmuşdur. Avtomobilə vurulmuş ziyanla bağlı aktların avtomobil təhvil alındıqdan 3 ay sonra tərtib edilməsi servisin iş yükünün çox olması ilə əlaqədar olmuşdur.

12. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın iddianın təmin edilməsini xahiş edir.

13. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh məhkəmə iclasında izahatında bildirmişdir ki, avtomobili günü 23 manatdan icarəyə götürmüşdür. Həftəlik ödəniş edirmiş. 3 ay ödəniş edə bilməmişdir. Avtomobil iddiaçının nümayəndələri tərəfindən təhvil götürülürkən heç bir problemi olmamış və tam işlək vəziyyətdə olmuşdur. 1000 manat ilkin ödəniş etmişdir və davamlı olaraq avtomobil onda olduğu müddətdə ödənişlər etmişdir. Hər ay avtomobilə baxış keçiriblər, lakin təhvil-təslim olanda foto çəkməyə ona icazə verməmişlər. İddiaçının nümayəndələri tərəfindən 2024-cü ilin mart ayının axırlarında maşın cərimə meydançasından götürülərək aparılmışdır.

14. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır.

15. Gəncə Komemrsiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2025-ci il tarixli, e-2-2(115)-696/2025 nömrəli qətnaməsi (hakim Ramiq Qələndərzadə) ilə, iddianın qismən təmin edilməsi, cavabdеh Cavabdeh “RAVON NEXİA R3 SX” minik markalı **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə törədilmiş inzibati xətalara görə ödənilmiş 389 manat məbləğində inzibati cərimə məbləği və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilməsi, ödənilmiş 75 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi, cavabdеh Cavabdeh 250 manat və İddiaçındən 250 manat ekspertiza xərci tutularaq "xxxx" MMCnin hesabına ödənilməsi qət edilmişdir.

16. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-696/2025 nömrəli əlavə qətnaməsi ilə, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2- 2(115)-696/2025 nömrəli qətnaməsi ilə qət olunmuş, cavabdеh Cavabdeh 250 manat və İddiaçındən 250 manat ekspertiza xərci tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi hissəsi nəzərə alınmayaraq, ödənilmiş ekspertiza xərci iddiaçıya aid edilməsi qət edilmişdir.

17. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş aktlar birtərəfli qaydada iddiaçının özü tərəfindən tərtib edilmiş və cavabdeh həmin aktların tərtib olunmasında iştirak etməmişdir. Eyni zamanda nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdən iddiaçı tərəfindən götürülməsinə baxmayaraq, yalnız 3 aydan sonra ziyan aktları tərtib olunmuşdur. Bununla bağlı məhkəmə tərəfindən iddiaçının nümayəndəsinə sual verilmiş, iddiaçının nümayəndəsi isə həmin suala cavab olaraq nəqliyyat vasitəsi ilə bağlı ziyan aktlarının gec tərtib olunmasının səbəbini servisin iş yükünün çox olması ilə əlaqələndirmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sözügedən nəqliyyat vasitəsi 3 aydan artıq iddiaçının istifadəsində olduqdan sonra ziyan aktlarının tərtib edilməsi özü-özlüyündə cavabdeh tərəfindən həmin ziyanın vurulmasını şübhə altına alır. Belə ki, həmin 3 ay müddətində nəqliyyat vasitəsi iddiaçının istifadəsində olmuş və iddiaçının həmin nəqliyyat vasitəsi ilə bağlı hər cür hərəkət etmək imkanı olmuşdur. Eyni zamanda nəqliyyat vasitəsinə vurulmuş ziyan həmin dövrdə də yarana bilərdi. İddiaçı xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli aktlar üzrə qeyd olunmuş ziyanın məhz nəqliyyat vasitəsinin cavabdehin istifadəsində olduğu zaman yaranmasını sübut edə bilməmişdir. Çünki cavabdeh özü də izahatında bildirmişdir ki, sözügedən nəqliyyat vasitəsi müvəqqəti duracaqdan sürülərək aparılmışdır. Nəqliyyat vasitəsində hər hansı nasazlıq olmamışdır. İddiaçı isə nəqliyyat vasitəsinə vurulmuş ziyanla bağlı yalnız birtərəfli qaydada tərtib etdiyi aktlara istinad edir. Nəqliyyat vasitəsinə vurulmuş ziyanla bağlı əlavə hər hansı bir sübut təqdim edə bilməmişdir. Beləliklə, iddiaçı nəqliyyat vasitəsinə vurulmuş ziyanla bağlı tələbini sübuta yetirə bilməmiş və bununla bağlı hər hansı sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda, iddia tələbi 8103,8 manat məbləğində dəymiş ziyanın ödənilməsi hissəsində rədd edilməlidir.

18. Məhkəmə iddia tələbinin cavabdеh Cavabdeh “RAVON NEXİA R3 SX” minik markalı **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə törədilmiş inzibati xətalara görə ödənilmiş 389 manat məbləğində inzibati cərimə məbləğinin tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən qəbzlərdən görünür ki, RAVON NEXİA R3 SX minik markalı **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə törədilmiş inzibati xətalara görə 389 manat məbləğində inzibati cərimə iddiaçı tərəfindən ödənilmişdir. Qeyd olunan inzibati xətalar cavabdeh tərəfindən nəqliyyat vasitəsi onun istifadəsində olduğu dövrdə törədilmişdir. Odur ki, iddiaçı həmin məbləği iddiaçı cavabdehdən tələb etməkdə haqlıdır.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 21, 385.1, 386.1, 442, 443.1, 443.2, 445.1, 448.1, 448.2, 567, 601.1, 601.2, 600.4, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 227, 233, 360-cı maddələrinə istinad etmişdir.

20. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin e-2-2(115)-696/2025 nömrəli iş üzrə xx.xx.2025ci il tarixli qətnaməsinin qismən, yəni iddianın təmin edilməmiş hissəsinə münasibətdə ləğv edilməsini və Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-696/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli əlavə qətnaməsinin tam ləğv edilərək iddianın tam təmin edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

21. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə nəqliyyat vasitəsinin Gəncə şəhər X9 Şöbəsinin müvəqqəti saxlanc yerindən götürüldükdən 3 (üç) ay sonra həmin nəqliyyat vasitəsində olan qüsurlarlarla bağlı aktlarının tərtib edildiyini, nəqliyyat vasitəsinə baxış keçirilməsinə cavabdehin cəlb edilmədiyini və qeyd edilən nəqliyyat vasitəsinin İddiaçı MMC-də olduğu 3 (üç) ay müddətində onların həmin nəqliyyat vasitəsi ilə hər cür hərəkət etmək imkanlarının olmasını əsas göstərərək iddianı cavabdeh tərəfindən nəqliyyat vasitəsinə zərər vurulması hissəsində təmin etməmişdir. Hesab edirlər ki, məhkəmənin qeyd edilən hallara istinad edərək iddianı rədd etməsi tamamilə əsassız və qeyri-qanunidir. Belə ki, nəqliyyat vasitəsinin cavabdehin sahibliyi və istifadəsində olduğu 9 (doqquz) ay müddətində 80000 (səksən min) kilometr sürülməsinə baxmayaraq cəmi iki dəfə nəqliyyat vasitəsini təmirə gətirmişdir. Ən sonuncu dəfə isə nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixində təmir üçün servis mərkəzinə müraciət etmişdir. 80.000 (səksən min) kilometr sürülmüş və bu müddət ərzində demək olar ki, təmir edilməmiş nəqliyyat vasitəsində istismar və təbii aşınma nəticəsində qüsurların yaranması qaçınılmaz bir haldır. Həmçinin cavabdehin nəqliyyat vasitəsi və bütövlükdə onun texniki vəziyyətinə laqeyid və etinasız yanaşmasını da diqqətdən qaçırmaq lazım deyil. Bütün bu sadaladıqları qüsur aktlarında göstərilmiş zərərin hardan və necə yarandığını açıq-aşkar şəkildə sübut edir. Məhkəmə isə nəqliyyat vasitəsinin cavabdehin istifadəsində olduğu müddəti, yürüş məsafəsini, cavabdehin istifadəsində olduğu müddət ərzində olan texniki qulluq edilməməsini və cavabdehin onun mülkiyyətində olmayan nəqliyyat vasitəsinə necə etinasız, səhlənkar və laqeyid yanaşmasını nəzərə almamışdır. Məhkəmə qətnamədə iddianın zərər vurulması ilə bağlı hissəsinin təmin edilməməsi əsası kimi nəqliyyat vasitəsinin üç ay ərzində İddiaçı MMC-də olmasına istinad edərək bu müddət ərzində İddiaçı MMC-nin nəqliyyat vasitəsi ilə hər cür hərəkət etmək imkanının olmasına istinad etmişdir. Əvvəla qeyd etmək istəyirlər ki, məhkəmə bununla bağlı yalnız öz fərziyyələrinə istinad etmişdir. Belə ki, bununla bağlı cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir və iş materillarında bunu təsdiq edəcək hər hansı bir sübut yoxdur. Əksinə iş materiallarında olan sübutlardan görünür ki, qeyd edilən nəqliyyat vasitəsi satılan günə qədər istifadə edilməmişdir. Həmçinin İddiaçı MMC-nin cavabdehdən gələcəkdə pul ala bilməsi üçün öz mülkiyyətində olan nəqliyyat vasitəsinə zərər vura biləcəyi barədə məhkəmənin gəldiyi qənaət heç bir əsası olmayan mülahizə və cəfəngiyyatdan başqa bir şey deyil. Məhkəmə qətnamədə hər hansı bir sübut təqdim etməməsinə baxmayaraq cavabdehin nəqliyyat vasitəsinin İddiaçı MMC-nin əməkdaşları tərəfindən sürülərək cərimə meydançasından çıxarılması barədə izahatına istinad etmişdir. Bununla bağlı qeyd etmək istəyirlər ki, əvvəla bu faktın iş mahiyyəti üzrə həll edilməsi üçün o qədər də bir əhəmiyyəti yoxdur. Həmçinin, cavabdeh bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Tərəflərindən təqdim edilən sübutlar sırasında İddiaçı MMC-nin Gəncə şəhərində yerləşən servis mərkəzinə aid qüsur aktı vardır. Həmin aktdan da aydın şəkildə görünür ki, nəqliyyat vasitəsinin yanacaq süzgəci və nasosunda təmir işləri aparıldıqdan sonra sürülərək Bakı şəhərinə gətirilmişdir. Bu isə onların cavabdehin qəsdən nəqliyyat vasitəsinə zərər vurmasını bir daha təsdiq edir. Əgər nəqliyyat vasitəsi işlək vəziyyətdə olmuş olsaydı müvəqqəti saxlanc yerindən birbaşa sürülərək Bakı şəhərinə gətirilərdi. Gəncə filialında onun yanacaq süzgəci və nasosunda təmir işlərinin icra edilməsinə ehtiyac qalmazdı. Məhkəmənin məntiqindən belə çıxır ki, cavabdeh bütün günü nəqliyyat vasitəsinin müvəqqəti saxlanılması üçün nəzərdə tutulmuş meydançanın qarşısında qarovul çəkərək onların əməkdaşlarının nəqliyyat vasitəsini oradan nə vaxt və nə ilə çıxaracağını müşahidə etmişdir. Həmçinin iş üzrə dəymiş zərərin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Tərəflərindən tərtib edilmiş 3 qüsur aktı ekspertizaya göndərilmişdir. Ekspert rəyi ilə də nəqliyyat vasitəsinə zərərin dəyməsi öz təsdiqini tapmış və vurulmuş zərər 6475 (altı min dörd yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə isə əsassız olaraq iddianı zərər vurulması hissəsində təmin etmədiyi üçün tərəflərindən ödənilmiş ekspertiza xərcini də İddiaçı MMC-yə aid etməklə də bir daha səhv qənaətə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

23. İddiaçı və cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında özlərinin və ya nümayəndələrinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək başqa məhkəmədə iclasının olmasını bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, prosessual qanunvericiliyin tələblərinə əsasən, iş üzrə tərəfin, nümayəndənin və ya vəkilin digər məhkəmə iclasında iştirak etməsi öz-özlüyündə məhkəmə iclasında iştirak etməmək üçün üzrlü səbəb hesab edilmir. Bu baxımdan, eyni tarixdə başqa məhkəmə iclasında iştirak etmə zərurəti məhkəmə tərəfindən üzrlü səbəb kimi qiymətləndirilmir. Həmçinin, iş üzrə məhkəmə iclasının təxirə salınması yalnız prosessual qanunvericiliklə nəzərdə tutulmuş əsaslar mövcud olduqda yol verilən haldır və iddiaçının məşğulluğu bu əsaslar sırasında xüsusi istisna kimi müəyyən edilməmişdir. Bu səbəbdən ərizədə göstərilən hallar məhkəmə iclasının təxirə salınması üçün əsas yaratmır. Buna görə də məhkəmə, iddiaçının nümayəndəsiin məhkəmə iclasında iştirak etməməsinin səbəblərini üzürsüz sayaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

24. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

25. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

27. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

28. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

29. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

30. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

31. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

32. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

33. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

34. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

35. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

36. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

37. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

38. Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

39. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

40. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

41. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

42. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

43. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

48. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

49. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

50. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

51. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

52. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.

56. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddiaçı şikayətində qətnamənin qismən, yəni iddianın təmin edilməmiş hissəsini ləğv edilməsini xahiş etmişdir, əlavə qətnaməni isə tam mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını yalnız mübahisələndirilən hissədə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

57. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

58. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

59. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-696/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə və xx.xx.2025-ci il tarixli, e-2-2(115)-696/2025 nömrəli əlavə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

60. Beləliklə, işin halları ondan ibarətdir ki, 15 avqust 2023-cü il tarixli K-506A-PCC- 23 № li avtomobilin müddətli satışı üzrə müqaviləyə əsasən satıcı İddiaçı MMC müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 №-li əlavədə göstərilmiş texniki spesifikasiyaya uyğun olan Ravon R3 SX minik markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobili alıcı Cavabdeh satmağı, alıcı isə həmin nəqliyyat vasitəsini qəbul edib hazırki müqavilə ilə razılaşdırılmış şərtlərlə və qaydada dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər hazırki müqavilənin 1.1-ci bəndində göstərilmiş nəqliyyat vasitəsinin dəyərinin 20700 manat müəyyən edilməsi barədə qarşılıqlı surətdə razılığa gəlmişlər. Həmin müqavilənin 2.2-2.5-ci bəndlərinə əsasən tərəflər qarşılıqlı surətdə razılığa gəlmişlər ki, alıcı müqavilənin 1.1-ci bəndində göstərilmiş nəqliyyat vasitəsinin dəyərini müqavilə bağlandığı gündün 30 ay ərzində hazırki müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada tam şəkildə satıcıya ödəməlidir. Eyni zamanda alıcı müqavilənin 1.1-ci bəndində göstərilmiş nəqliyyat vasitəsinə görə hər gün satıcıya 23 manat məbləğində pul ödəməlidir. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən RAVON NEXİA R3 SX minik markalı **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi satıcı tərəfindən alıcıya təhvil verilmişdir. Nəqliyyat vasitəsi cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə təhvil alındıqdan sonra xx.xx.2024-cü il tarixədək ödənişlər olunmuşdur. Həmin tarixdən sonra isə heç bir ödəniş həyata keçirilməmişdir. Həmin nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə cavabdehin qardaşı tərəfindən idarə olunarkən Gəncə şəhər X10 Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış və onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Nəqliyyat vasitəsi həmin tarixdə Gəncə şəhər X10 Şöbəsinin müvəqqəti duracağına yerləşdirilmişdir. Nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi X4 tərəfindən müvəqqəti duracaqdan götürülmüşdür. İddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş servis aktından görünür ki, RAVON NEXİA R3 SX minik markalı **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə Gəncə şəhərində yerləşən servis bölməsinə daxil olmuş və xx.xx.2024-cü il tarixdə servisdən çıxmışdır. Həmin müddət ərzində nəqliyyat vasitəsinə yanacaq süzgəcinin dəyişdirilməsi və yanacaq nasosunun çıxarılıb qoyulması xidmətləri göstərilmişdir. İddiaçı tərəfindən həmin nəqliyyat vasitəsi Bakı şəhərinə aparılmış və təxminən avtomobil iddiaçı tərəfindən müvəqqəti duracaqdan götürüldükdən 3 ay sonra avtomobilə vurulmuş ziyanla bağlı xx.xx.2024-cü il tarixli və xx.xx.2024-ci il tarixli aktlar tərtib olunmuşdur. Həmin aktlara əsasən nəqliyyat vasitəsinə ümumilikdə 8103,80 manat məbləğində ziyanın dəydiyi göstərilmişdir.

61. İş materiallarından göründüyü kimi, apellyasiya şikayəti üzrə tərəflər arasında yaranmış mübahisə maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı yaranan mübahisədir və iddia tələbi zərərin əvəzinin ödənilməsini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi, habelə əlaqəli normalar əsasında həll edilmişdir.

62. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

63. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

64. Mülki Məcəllənin 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

65. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Verilmiş iddia tələbi üzrə zərərin əvəzinin ödənilməsi tələbi deliktdən, yəni mülki hüquq pozuntusundan irəli gəlmişdir. Mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

66. İşin məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, 15 avqust 2023-cü il tarixli K-506A-PCC-23 nömrəli avtomobilin müddətli satışı üzrə müqaviləyə əsasən satıcı İddiaçı MMC tərəfindən Ravon R3 SX minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi alıcı Cavabdeh satılmış, alıcı isə həmin nəqliyyat vasitəsini qəbul edərək onun dəyərini müqavilədə nəzərdə tutulmuş şərtlərlə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən nəqliyyat vasitəsinin dəyəri 20.700 manat müəyyən edilmiş, 2.2–2.5-ci bəndlərinə əsasən isə ödənişin 30 ay ərzində hissə-hissə və gündəlik 23 manat məbləğində həyata keçirilməsi razılaşdırılmışdır. xx.xx.2023-cü il tarixli təhviltəslim aktına əsasən nəqliyyat vasitəsi alıcıya təhvil verilmişdir.

67. Eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixədək müəyyən ödənişlər edilmiş, həmin tarixdən sonra isə ödənişlər dayandırılmışdır. xx.xx.2024-cü il tarixdə nəqliyyat vasitəsi cavabdehin qardaşı tərəfindən idarə edilərkən yol polisi əməkdaşları tərəfindən saxlanılmış, müvəqqəti duracağa yerləşdirilmiş və xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi tərəfindən duracaqdan götürülmüş və həmin anda nəqliyuyat vasitsinin təhvil-təslimi həyata keçirilərək müvafiq sənədləşmə işləri aparılmamışdır. Sonradan nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə Gəncə şəhərində yerləşən servis mərkəzinə daxil olmuş, xx.xx.2024-cü il tarixdə isə servisdən çıxmış, yanacaq süzgəcinin dəyişdirilməsi və yanacaq nasosunun çıxarılıb quraşdırılması xidmətləri göstərilmişdir. Bundan təxminən üç ay sonra – xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixlərində nəqliyyat vasitəsinə dəymiş ziyanla bağlı aktlar tərtib edilmiş və ümumilikdə 8.103,80 manat məbləğində zərər müəyyən edilmişdir.

68. Apellyasiya şikayətində iddiaçı göstərmişdir ki, nəqliyyat vasitəsinə vurulmuş zərər cavabdehin istifadəsi dövründə yaranmış, birinci instansiya məhkəməsi isə sübutlara düzgün hüquqi qiymət verməmişdir.

69. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara onların hərtərəfli, tam və obyektiv araşdırılması nəticəsində hüquqi qiymət verir.

70. Zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün mülki-hüquqi məsuliyyətin bütün elementləri – hüquqazidd hərəkət və ya hərəkətsizlik, zərər, səbəbli əlaqə və təqsir – sübuta yetirilməlidir. İş materialları ilə nəqliyyat vasitəsində müəyyən nasazlıqların mövcudluğu təsdiq olunsa da, həmin nasazlıqların məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində və onun istifadə etdiyi dövrdə yarandığı sübuta yetirilməmişdir.

71. Belə ki, zərər aktları nəqliyyat vasitəsi iddiaçı tərəfindən müvəqqəti duracaqdan götürüldükdən və sonradan servis xidmətləri göstərildikdən təxminən üç ay sonra birtərəfli qaydada tərtib edilmişdir. Həmin aktların tərtibində cavabdeh iştirak etməmiş, aktlar qarşılıqlı qaydada rəsmiləşdirilməmişdir. Zərər aktlarının gecikdirilmiş qaydada tərtib olunması, eləcə də həmin müddət ərzində nəqliyyat vasitəsinin iddiaçının faktiki sahibliyində və sərəncamında olması səbəbli əlaqənin müəyyən edilməsini çətinləşdirir və zərərin konkret olaraq cavabdehin istifadəsi dövründə yarandığını şübhə altına alır.

72. İddiaçının nümayəndəsi zərər aktlarının gec tərtib edilməsini servisin iş yükünün çox olması ilə əsaslandırsa da, bu hal zərərin məhz cavabdehin təqsiri nəticəsində yarandığını sübut edən hüquqi fakt kimi qiymətləndirilə bilməz. Çünki nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdən etibarən iddiaçının nəzarətində olmuş, onunla bağlı sərbəst hərəkət etmək imkanı mövcud olmuşdur. Bu dövrdə nəqliyyat vasitəsinin saxlanma və istismar şəraiti ilə bağlı obyektiv məlumatlar təqdim edilməmişdir.

73. Eyni zamanda, cavabdehin izahatına görə nəqliyyat vasitəsi müvəqqəti duracaqdan sürülərək aparılmış, hər hansı nasazlıq müşahidə edilməmişdir. Cavabdeh bu halı qəbul etmir və iddiaçı bu halı təkzib edən zərərin yaranma mexanizmi, vaxtı və səbəbi barədə əlavə, müstəqil və mötəbər sübutlar təqdim etməmiş, yalnız öz təşəbbüsü ilə tərtib edilmiş aktlara istinad etmişdir. Halbuki sübutetmə yükü iddiaçının üzərinə düşür və bu yük ehtimallarla deyil, konkret və inandırıcı sübutlarla yerinə yetirilməlidir.

74. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi sübutları düzgün qiymətləndirmiş, zərərin cavabdehin təqsiri nəticəsində yarandığını təsdiq edən yetərli və inandırıcı sübutların olmaması barədə əsaslı nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə əsasən ehtimal xarakterli mülahizələrdən ibarət olub, iş üzrə müəyyən edilmiş halları təkzib etmir və qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün hüquqi əsas yaratmır.

75. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən nəqliyyat vasitəsinə vurulmuş 8.103,80 manat məbləğində zərərin məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində yarandığı sübuta yetirilmədiyindən, birinci instansiya məhkəməsinin həmin hissədə iddianın rədd edilməsi barədə nəticəsi qanuni və əsaslıdır.

76. Apellyasiya instansiyası iş materiallarını araşdıraraq Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli əlavə qətnaməsinin qanuniliyini və əsaslılığını da yoxlamışdır.

77. İş materiallarından müəyyən olunur ki, məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə ekspertizası üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 02 sentyabr 2025-ci il tarixli UNİ/S 02-538/2025 nömrəli rəyinə görə 500 manat məbləğində ekspertiza haqqı müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli 7788 nömrəli ödəniş tapşırığından görünür ki, həmin 500 manat məbləğində ekspertiza xərci İddiaçı tərəfindən ödənilmişdir.

78. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli əlavə qətnaməsi ilə, iş üzrə Cavabdeh 250 manat və İddiaçı MMC-dən 250 manat olmaqla, ümumilikdə 500 manat ekspertiza xərcinin "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir.

79. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121-ci maddəsinə görə iş üzrə məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi qətnamə ilə həll edilməlidir. Eyni zamanda, Məcəllənin 229-cu maddəsinə əsasən məhkəmə qətnamə çıxararkən həll edilməmiş məsələlər olduqda əlavə qətnamə qəbul edə bilər.

80. Hazırkı işdə mütəxəssis araşdırmasının xərci məhkəmə icraatı zamanı faktiki olaraq iddiaçı tərəfindən tam məbləğdə – 500 manat ödənilmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsində isə həmin məbləğin tərəflər arasında bölüşdürülməsi nəzərdə tutulmuş, lakin artıq ödənilmiş məbləğin hüquqi taleyi konkret olaraq müəyyən edilməmişdir. Bu hal əlavə qətnamə qəbul edilməsi üçün prosessual əsas yaratmışdır.

81. Əlavə qətnamə ilə məhkəmə nəzərə almışdır ki, ekspertiza xərci artıq "xxxx" MMC-yə ödənilmiş olduğundan həmin məbləğin yenidən tutulması mümkün deyildir. Bu səbəbdən məhkəmə tərəfindən cavabdehdən 250 manat məbləğin iddiaçının xeyrinə tutulması və qalan 250 manatın isə iddiaçıya aid edilməsi kimi qiymətləndirilməsi işin faktiki hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğundur.

82. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

83. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

84. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-696/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə və xx.xx.2025ci il tarixli, e-2-2(115)-696/2025 nömrəli əlavə qətnaməsi isə dəyişdirilmədən dəyişdirilmədən saxlanılmalıdır.

85. Məhkəmə həmçinin qeyd edir ki, hazırki iddianın qiyməti mübahisələndirilən hissədə 10.000 (on min) manatdan az (8.103,80 manat və əlavə qətnamə ilə 500 manat) olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

86. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 372.1, 382, 384.0.1, 385.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-696/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə və xx.xx.2025-ci il tarixli, e-2-2(115)- 696/2025 nömrəli əlavə qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar