Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(3-7)-35/2026 16.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra - iddiaçı) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (bundan sonra – cavabdeh(lər)) qarşı “pul” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)- 2186/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh1 (həmçinin – borcalan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 034L**********00 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən, bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana uzunmüddətli kredit xəttini açır (2.1). Kreditin ümumi şərtləri bu müqavilə ilə razılaşdırılmış çərçivədə, xüsusi şərtləri isə hər dəfə razılaşdırılan kredit sazişi əsasında verilir (2.2). Kreditin məqsədli təyinatı: Sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi. Uzunmüddətli kredit xəttinin məbləği: 500000 (beş yüz min) manat. Kreditin maksimum müddəti: 120 (bir yüz iyirmi) ay. Kreditin son müddəti: Kredit sazişində həmin kredit üçün daha qısa müddət müəyyən edilməmişdirsə, 27 aprel 2033-cü il. Kreditin faiz dərəcəsinin yuxarı həddi: 28 (iyirmi səkkiz) faiz. FİFD-in yuxarı həddi: 30 (otuz) faiz. Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 (zamin qismində) kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərilərnə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyırlar (11.1). Zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür (11.4). Zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır (11.7).
2. İddiaçı ilə borcalan arasında xx.xx.2024-cü il tarixli 034R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma bağlanmış və bu razılaşma ilə iddiaçı tərəfindən borcalana aylıq faiz dərəcəsi 1.5833 % olmaqla 26 ay müddətinə 50000.00 (əlli min) manat məbləğində kredit verilmiş, kredit məbləği olan 50000 manat pul borcalanın AZ42ACAB******************** nömrəli bank hesabına köçürülmüşdür.
3. xx.xx.2024-cü il tarixli 034R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmanın ödəniş planına əsasən, ilk ödəniş 20 dekabr 2024-cü il, son ödəniş tarixi isə 21 yanvar 2027-ci il olmaqla 50000 manat kredit məbləği və 11562,55 manat faiz məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.
4. 08 iyul 2025-ci il tarixli maliyyə arayışa əsasən, Cavabdeh1 xx.xx.2024-cü il tarixli 034R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə xx.xx.2025-ci il tarixə banka 48423,67 əsas borcu, 4409,10 manat məbləğində faiz bоrcu və 1336,50 manat cərimə borcu olmaqla, cəmi 54169,27 manat məbləğində borcu vardır.
5. Borcalan öhdəliyini lazımınca yerinə yetirmədiyindən iddiaçı 08 iyul 2025-ci il tarixli xəbərdarlıq məktubu ilə cavabdehlərə müraciət edərək gecikdirilmiş ödəniş məbləğinin banka qaytarılması və kredit müqaviləsinin ləğv edilməsi təklif edilmiş, əks təqdirdə kredit müqaviləsinin ləğv edilməsi və banka olan borcun (48423,67 əsas borcu, 4409,10 manat məbləğində faiz bоrcu və 1336,50 manat cərimə borcu olmaqla, cəmi 54169,27 manat) qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdеhlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" QSC-nin хеyrinə 034R********** nömrəli krеdit razılaşması üzrə 48423,67 manat məbləğində krеdit bоrcu, 4409,10 manat məbləğində faiz bоrcu və 1336,5 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 54169 (əlli dörd min bir yüz altmış doqquz) manat 27 (iyirmi yeddi) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 252.51 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 və zaminlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 034L**********00 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi əsasən Cavabdeh1 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) manat məbləğində krеdit хəttiaçılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2024-cü il tarixli 034R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 26 ay müddətinə,aylıq faiz dərəcəsi 1.5833% оlmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 50000 (əllimin) manat məbləğində məbləğində kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2025ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 1576.33 manat ödəmiş, onun 48423,67 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən o, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 168 gün üçün hesablanmış faiz borcu 4409,10 manat təşkiledir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 168 gün üçün hеsablanmış cərimə 1336,5 manat təşkiledir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır.
8. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2025-ci il tarixli, e-2-2(115)-2186/2025 nömrəli qətnaməsi (hakim – Əbülfəz Məmmədli) ilə, iddianın təmin edilməsi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 034R********** nömrəli kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşma üzrə 48423,67 əsas borc, 4409,10 manat faiz borcu və 1336,50 manat cərimə borcu olmaqla, cəmi 54169,27 (əlli dörd min bir yüz altmış doqquz manat iyirmi yeddi qəpik) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 252,51 (iki yüz əlli iki manat əlli bir qəpik) manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
9. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı kredit müqaviləsi üzrə verilmiş qalıq borc məbləğinin (bütünlükdə) geri tələb edilməsini ilk dəfə pretenziya məktubunda ifadə etmiş və həmin məktub Cavabdeh1 08 iyul 2025-ci il tarixdə göndərilmişdir.
10. Belə olan halda, iddiaçının xx.xx.2025-ci il tarixdə Cavabdeh1 pretenziya məktubu yollayaraq kredit müqaviləsi üzrə hesablanmış bütün borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və məktubda qeyd olunan xx.xx.2025-ci il tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. İddiaçı həmin tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırda iddiaçı 08 iyul 2025-ci il tarixə olan borc məbləğini tələb edir.
11. Məhkəməyə təqdim edilən Cavabdeh1 məxsus AZ42ACAB******************** nömrəli bank hesabından xx.xx.2024-xx.xx.2025-ci il tarixlərini əhatə edən çıxarışdan görünür ki, cavabdeh tərəfindən müxtəlif vaxtlarda ödənişlər edilmiş, lakin 08 iyul 2025-ci il tarixdən sonra (iddia irəli sürülərkən istinad olunan maliyyə arayışının tarixi) heç bir ödəniş olmamışdır.
12. Məhkəmə tərəfindən hesabdan çıxarış məlumatları kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə ödəniş qrafikinin məlumatları ilə müqayisəli şəkildə təhlil edildikdə aydın olur ki, edilən ödənişlər müqavilənin şərtlərinə və ödəniş qrafikində razılaşdırılmış qaydaya uyğun silinmişdir.
13. İddiaçı kredit razılaşması üzrə əsas və faiz borcunun ödənilməsi ilə bağlı iradə ifadəsini 08 iyul 2025-ci il tarixli bildirişdə ifadə etmiş və xx.xx.2024-cü il tarixli razılaşma üzrə əsas borcun 48423,67, faiz borcunun isə 4409,10 manat təşkil etməsi qeyd edilmişdir. Tərəflər arasında olan müqavilə xx.xx.2025-ci il tarixdən xitam edilmiş hesab edildiyi üçün iddiaçı məhz həmin tarixədək hesablanmış əsas və faiz borclarını tələb edə bilər.
14. Belə olan halda məhkəmə hesab etmişdir ki, xx.xx.2024-cü il tarixli 034R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə tutulmalı əsas borc 48423,67, faiz borcu isə 4409,10 manat müəyyən edilməlidir.
15. Məhkəmə zaminlərə münasibətdə qeyd etməyi zəruri hesab etmişdir ki, xx.xx.2023- cü il tarixli 034L**********00 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilmiş, xx.xx.2024-cü il tarixli 034R********** nömrəli kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşma uzunmüddətli kredit və təminat müqaviləsində razılaşdırılmış ümumi məbləğ, valyuta, müddət və faiz çərçivəsində bağlanmışdır. Buna görə də zaminlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 adıçəkilən kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə digər əsas borclu Cavabdeh1 ilə birlikdə iddiaçı qarşısında öhdəliklərinin icrası üçün birgə məsuliyyət daşıyır.
16. Beləliklə, məhkəmə bu qənaətə gəlmişdir ki, xx.xx.2024-cü il tarixli 034R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 48423,67 əsas borc və 4409,10 manat məbləğində faiz bоrcu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı QSCyə ödənilməlidir.
17. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir.
18. Məhkəmə hesab etmişdir ki, 1336,50 manat məbləğində dəbbə pulu (penya) ağlabatan və ədalətlidir və buna görə də cərimə olaraq 1336,50 manat məbləğində pul (əsas borcun 2,76 % həddində) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməlidir.
19. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2.1, 447.1, 447.2.1, 447.2.2, 447.2.3, 448.1, 462.1, 465.2, 470.1, 471, 472.1, 472.2, 742.5, 742.5.1, 742.5.2, 743.1, 743.2, 746.1, 746.3 və 746-5.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018- ci il tarixli Qərarına və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107.1, 119.1, 216-220, 222, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.
20. Cavabdeh1 apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-2186/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, araşdırılma aparılaraq qanuni və ədalətli yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
21. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasında iqtisadi böhranın dayanmadan artdığı bir dövrdə kredit borcunun ödənilməsi onlardan asılı olmadan qeyri-mümkün olmuşdur. Müqavilə üzrə öhdəliklərə əməl olunmamasına görə təqsirkar deyillər. Dəfələrlə banka ödəniş məbləğinin azaltmağı ya da işin məhkəməyə göndərilməsini tələb etsək də lakin heç bir nəticəsi olmamışdır. Çünkü bank həmin məbləğə artıq faizlərin və cərimənin hesablanmasında maraqlı olmuşdur. Banka ödədiyi məbləğləri düzgün hesablamamışdır. Onlar iddia tələbində qeyd olunandan çox pul ödəmişdir. Göründüyü ki, onların ödəniş etdikləri məbləğdən ancaq faiz və cərimə borcuna çıxılmış, yenidən bank tərəfindən məbləğlər düzgün hesablanmamışdır. Lakin, birinci instansiya məhkəməsi qeyd olunan halları nəzərə alandan yekun qərar qəbul etmişdir. Göründüyü kimi artıq hesablanmış fazi borcu onların ağır olan maddi vəziyyətləri daha da pis hala salmışdır. Bundan başqa iddiaçı tərəfindən sahibkarlıq krediti verilərkən həmin kredit müqaviləsi sığortlanmışdır. Hesab edir ki, ödənişlərin düzgün hesablanıb hesablanmamasının müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası keçirilməlidir. İşin faktiki hallarından göründüyü kimi, hazırkı müqavilə üzrə kredit müqaviləsi sığortalanmışdır. Lakin məhkəmə qeyd olunan halları araşdırmamışdır. Bundan başqa ödənilmiş məbləğlərin hansı qaydad çıxlması barədə araşdırılma aparılmamışdır. Belə ki, onların ödədikləri ödənişlər ancaq faizlərə və cərimələr çıxılmışdır. Hesab edir ki, ödənişlər ödənilərkən məbləğlərin düzgün hesablanıb hesablanmamasının müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası keçirilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
23. İddiaçı və cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında özlərinin və ya nümayəndələrinin iştirakını təmin etməmişlər. İddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini, məhkəmə iclasını nümayəndələrinin iştirakı olmadan keçirilərək Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-2186/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişlər. Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasında iştirak etmək istədiyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəblərin barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Cavabdeh1 məhkəmə iclasında iştirak etməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
25. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
28. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
29. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
30. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
31. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
32. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
33. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.
34. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
35. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
36. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
37. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.
38. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739.1. (xx.xx.2024-cü il tarixli kredit müqaviləsi bağlandığı zaman qüvvədə olan redaksiya) Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.
39. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
40. Maddə 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
41. Maddə 745.5. Kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarı
42. Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.
43. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır.
44. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2021-ci il tarixli Qərarı
45. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
46. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
49. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
53. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
54. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
55. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər;
56. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
57. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
59. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
60. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.
61. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, Cavabdeh1 qətnamənin ləğv edilməsini xahiş edir və qətnaməni borcun məbləğinə münasibətdə mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını Cavabdeh1 münasibətdə mübahisələndirilən hissələrində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
62. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
63. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
64. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-2186/2025 nömrəli qətnaməsi – Cavabdeh1 münasibətdə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
65. Belə ki, işin halları ondan ibarətdir ki, kreditor olan iddiaçı ilə borcalan arasında xx.xx.2023-cü il tarixli 034L**********00 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi əsasən Cavabdeh1 120 (yüz iyirmi) ay müddətinə 500.000 (beş yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında borcalan ilə iddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli 034R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 26 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833% оlmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 50.000 (əlli min) manat məbləğində məbləğində kredit verilmişdir. İddiaçı kredit sazişi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, kredit məbləğini borcalana vermiş, borcalan isə kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəllərini pozmuşdur.
66. Məhkəmə qeyd ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kredit ilə bağlı yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir.
67. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
68. İddia tələbinin kökündə tələb etmənin əsası kimi kredit müqaviləsi dayanır. Məhz iddiaçı bank həmin müqavilələri rəhbər tutaraq hazırda borcalandan borc məbləğini tələb edir və əsas kimi göstərir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları göstərməyi zəruri hesab edir.
69. İddia ərizəsinə əlavə edilmiş sənədlərə istinad edilən zaman müəyyən edilir ki, kreditor və borcalan arasında olan xx.xx.2024-cü il tarixli 034R********** nömrəli “kredit sazişi” müqaviləsi Mülki Məcəllənin 390-cı maddəsinin tələbləri baxımından könüllü şəkildə iradələrinə uyğun olaraq bağlamışlar və müqavilənin etibarsızlığı baxımından hər hansı hüquqi durum mövcud deyildir. Müqavilə nəticəsində iddiaçı kreditor, Cavabdeh1 isə borcalan statusu əldə etmişdir. Həmin müqavilə onlar arasında yaranmış borc münasibətlərinin təməlini qoymuşdur.
70. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə borclunun üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora borcu yaranmışdır.
71. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli uzunmüddətli kredit və təminat müqaviləsi və xx.xx.2024-cü il tarixli kredit sazişi üzrə iddiaçı tərəfindən əsas borcun düzgün hesablanması məsələsi xüsusi əhəmiyyət kəsb edir. Saziş və müqavilə şərtlərinə əsasən, cavabdeh öhdəliklərini vaxtında yerinə yetirmədikdə, ödənilməmiş əsas borc məbləği üzrə müqavilədə göstərilmiş faiz dərəcəsi ilə faiz hesablanmalı, gecikdirilmiş ödənişlərə görə əlavə gecikmə cəriməsi tətbiq olunmalıdır.
72. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2025-ci il tarixdə Cavabdeh1 müraciət edərək kredit müqaviləsi üzrə hesablanmış bütün borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və məktubda qeyd olunan xx.xx.2025-ci il tarixdən müqavilə xitam edilmişdir. İddiaçı həmin tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırda iddiaçı 08 iyul 2025-ci il tarixə olan borc məbləğini tələb edir.
73. Təqdim edilmiş sənədlər o, cümlədən bank hesabından çıxarışla müəyyən edildiyi kimi borcalanın xx.xx.2025-ci il tarixə banka 48.423,67 manat əsas borcu, 4.409,10 manat faiz borcu və 1.336,50 manat cərimə borcu olmaqla, cəmi 54.169,27 manat məbləğində borcu mövcuddur.
74. Məhkəməyə təqdim edilmiş Cavabdeh1 məxsus AZ42ACAB******************** nömrəli bank hesabından xx.xx.2024–xx.xx.2025-ci il tarixlərini əhatə edən çıxarışdan aydın olur ki, cavabdeh tərəfindən müxtəlif vaxtlarda qismən ödənişlər həyata keçirilmişdir. Lakin 08 iyul 2025-ci il tarixdən sonra (iddia irəli sürülərkən istinad olunan maliyyə arayışının tarixi) heç bir ödəniş edilməmişdir. Bu hallar ödəniş qrafikinin və müqavilə şərtlərinin düzgün tətbiqinin və borcun həcminin müəyyən edilməsində əsaslı rol oynayır.
75. Məhkəmə tərəfindən hesabdan çıxarış məlumatları kredit sazişi və ödəniş qrafikinin məlumatları ilə müqayisəli şəkildə təhlil edildikdə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən həyata keçirilmiş qismən ödənişlər müqavilə üzrə ödəniş prioriteti və qrafikə uyğun olaraq əsas borc, faiz borcu və cərimə üzrə düzgün silinmişdir. Bu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1 və 386.1-ci maddələrinə uyğun olaraq borcun ödəniş prioritetinin düzgün tətbiq edildiyini təsdiqləyir.
76. İddiaçı tərəfindən 08 iyul 2025-ci il tarixli bildirişlə əsas və faiz borcunun ödənilməsi ilə bağlı iradə ifadə edilmiş, xx.xx.2024-cü il tarixli kredit sazişi üzrə əsas borcun 48.423,67 manat, faiz borcunun isə 4.409,10 manat təşkil etdiyi qeyd olunmuşdur. Tərəflər arasında olan müqavilənin xx.xx.2025-ci il tarixdən xitam edilmiş hesab olunması nəzərə alınmaqla, iddiaçı yalnız həmin tarixədək hesablanmış əsas və faiz borcunu tələb edə bilər.
77. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli 034R********** nömrəli kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşma üzrə tutulmalı əsas borc 48.423,67 manat, faiz borcu isə 4.409,10 manat müəyyən edilməlidir. Bu hesablamalar həm müqavilə şərtlərinə, həm də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq maddələrinə tam uyğun aparılmışdır və cavabdehin öhdəliklərinin qanuni şəkildə müəyyən edilməsini təmin edir.
78. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın həmin hissədə gəldiyi nəticəni əsaslıdır.
79. Belə ki, cərimə məbləğinin ödənilməsinin hüquqi əsasları kimi qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
80. Mülki Məcəllənin 463.1-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
81. Tərəflər arasında bağlanmış kredit müqaviləsindən görünür ki, dəbbə pulu barədə şərt mövcuddur.
82. Mülki Məcəllənin 465.2-ci maddəsində deyilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
83. Mülki Məcəlləsinin Məcəllənin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
84. Cavabdeh apellyasiya şikayətində borcun düzgün hesablanmaması barədə dəlili ilə bağlı kollegiya göstərir ki, iş üzrə ekspertiza təyin edilməsi üçün əsaslar yoxdur. Çünki, borcalan tərəfindən kredit müqaviləsi üzrə ödəniş etdiyinə dair hər hansı bir sübut (ödəniş qəbzləri, mədaxil orderləri və s.) məhkəməyə təqdim etməmişdir.
85. Halbuki, Mülki Məcəllənin 433.3-cü maddəsinə əsasən öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.
86. Kollegiya hesab edir ki, apellyator tərəfindən borcun düzgün hesablanmaması barədə irəli sürülən dəlillər borcun tutulmasını yubatmaq məqsədi daşıyır və konkret faktlarla əsaslandırılmamışdır. Belə ki, apellyasiya şikayətində borcun hesablanmasında nəzərə alınmadığı iddia edilən hər hansı ödənişin tarixi, məbləği və hüquqi əsası göstərilməmiş, habelə həmin halları təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.
87. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışında əks olunmuş məlumatlar müqavilə şərtləri, tərəflər arasında bağlanmış öhdəliklərin icra qaydası və xəbərdarlıq məktubunda göstərilən hallar nəzərə alınmaqla təhlil edildikdə, hesablanmış əsas borc və faiz borcu məbləğinin düzgünlüyünü şübhə altına almağa əsas verən hallar müəyyən edilməmişdir.
88. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan, apellyator birinci instansiya məhkəməsində iştirak etmiş, lakin ekspertizanın təyin edilməsi barədə hər hansı yazılı və ya şifahi vəsatət təqdim etməmiş, ekspertizanın təyin edilməsini zəruri edən konkret halları göstərməmiş, borcun hesablanmasında yol verildiyi iddia olunan uyğunsuzluqları əsaslandırmamış və bununla bağlı sübutlar təqdim etməmişdir.
89. Belə olan halda, apellyatorun borcun məbləği ilə bağlı irəli sürdüyü etirazların sübut yükünü üzərinə düşən qaydada yerinə yetirmədiyi qənaətinə gəlinir və bu etirazların təmin edilməsi üçün hüquqi əsaslar mövcud hesab edilmir.
90. Həmçinin, apellyatorun maddi imkanının olmağından krediti vaxtı-vaxtında ödəyə bilməməsi dəlili ilə bağlı məhkəmə qeyd edir ki, göstərilən dəlil qətnamənin ləğvinə əsas verə bilməz. Çünki, Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh Sədrəddin Köçərlinskinin göstərdiyi kimi maddi imkanının olmaması, borclunun risk dairəsinə aid haldır.
91. Bundan başqa apellyator kredit məbləğinin sığortalandığını iddia etsə də tərəflər arasında bağlanmış kredit müqaviləsi və sazişdə belə bir müddəa mövcud deyildir.
92. Kollegiya göstərir ki, apellyatorun göstərdiyi dəlillər formal olmaqla borcun ödənilməsini yubatmaq xarakteri daşıyır.
93. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
94. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 münasibətdə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
95. Eyni zamanda, məhkəmə qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilə bilər.
96. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-2186/2025 nömrəli qətnaməsi – Cavabdeh1 münasibətdə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən Cavabdeh1 rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.