Məhkəmə qərarları › İş №2-2(3-7)-43/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-7)-43/2026

01.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2-2(3-7)-43/2026 01.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə Işin halları

1. Cavabdeh ##.##.2012-ci il tarixdə ərizə ilə iddiaçıya müraciət edərək ona istixana təsərrüfatının genişləndirilməsi məqsədi ilə 200.000 manat kreditin ayrılmasına köməklik göstərilməsini xahiş etmişdir.

2. Iddiaçı ilə cavabdeh arasında bağlanmış ## ##### 2012-ci il tarixli *** nömrəli kredit müqaviləsi ilə, illik 7 faiz ödənilməklə 24 ay güzəştlə 60 ay müddətinə 200000 manat kredit verilməsi nəzərdə tutulmuşdur.

3. ## ##### 2012-ci il tarixli ****** nömrəli məxaric (çek) sənədinə əsasən bir yüz doxsan səkkiz min manat vəsait cavabdehə verilmiş və kassa qəbzinin hər iki tərəfi cavabdeh tərəfindən imzalanmışdır.

4. ##.##.2015, ##.##.2015, ##.##.2015 və ##.##.2015-ci il tarixli mədaxil orderlərinə əsasən cavabdeh iddiaçı qarşısında olan öhdəliyinin icrası ilə əlaqədar 6268,52 manat, 6131 manat, 6100 manat və 6107 manat məbləğində vəsait ödəmişdir.

5. ##.##.2019-cu il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, cavabdehin kredit müqaviləsi üzrə ##.##.2019-cu il tarixə banka 88758,10 manat əsas bоrcu, 3648,92 manat faiz bоrcu, 2572,98 manat cərimə borcu, 15239,27 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 110219,27 manat məbləğində borcu var.

6. Məhkəmə Ekspertiza Mərkəzinin ## ###### 2025-ci il tarixli */**** saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş kommersiya işinin 97-ci vərəqəsində olan ****** nömrəli ##.##.2012-ci il tarixli bank çekinin üz tərəfində “Imzalar.” qrafasındakı imza, arxa tərəfində “Imzalar.” və “Çekdə göstərilən məbləği aldım imza” qrafasındakı imzalar, işin 152-ci vərəqəsində olan ##.##.2012-ci il tarixli ərizədə “Cavabdeh” sözlərinin qarşısındakı imza, işin 153-cü vərəqində olan ##.##.2012-ci il tarixli ** saylı kredit müqaviləsinə əlavə kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlinin aşağısında soldan-sağa 2-ci imza, İddiaçı SKB ilə Cavabdeh arasında bağlanmış *** saylı ##.##.2012-ci il tarixli kredit müqaviləsinin 1-ci vərəqində “Cavabdeh” sözlərinin qarşısındakı imzalar Cavabdeh tərəfindən icra olunmuşdur. Xidmət haqqı 127 manat müəyyən edilmişdir.

7. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin Istintaq idarəsində İddiaçı Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxsləri və qeyriləri barəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə Cavabdeh zərərçəkmiş şəxs qismində tanınmamış, o cümlədən zərərçəkmiş şəxs qismində tanınması üçün istintaq orqanına müraciət etməmişdir.

Birinci instansiya məhkəməsində icraat

8. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, 88758,10 manat əsas borc, 3648,92 manat faiz borcu, 2572,98 manat cərimə borcu, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 15239,27 manat faiz borcu, ümumilikdə 110219,27 manat borcun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ## ##### 2012-ci il tarixdə Cavabdeh ilə İddiaçı ASC arasında *** saylı kredit müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə əsasən borcluya 200000 manat məbləğində 24 aylıq güzəştlə, 60 ay müddətinə, illik 7 faiz olmaqla kredit verilmişdir. İddiaçı ASC müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi tam icra edərək kredit müqaviləsi üzrə verməli olduğu kredit məbləğini Cavabdeh vermiş, amma borclu Cavabdeh krediti götürdüyü tarixdən etibarən kredit müqaviləsinin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməmişdir.

10. Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-*/**** saylı qərardadı ilə iş aidiyyatı üzrə Gəncə Kommersiya Məhkəməsinə gondərilmişdir.

11. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X1 iddia tələbinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.

12. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən cavabdeh iddiaya etiraz edərək izahatında bildirmişdir ki, o 2010-cu ildə 15000 manat kredit götürmüşdür, həmin vaxt xalası oğlunun evi girov qoyulmuşdur, lakin qeyd edilən hazırki borc məbləği ilə bağlı hər hansı məlumatı yoxdur. Həmin məbləği o götürməmişdir. Bu məsələ ilə bağlı araşdırılma aparılmış və onun bu borc məbləği ilə əlaqəsinin olmadığı müəyyən edilmişdir. Ona görə də iddianın təmin edilməməsini xahiş edir.

13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil izahatında bildirmişdir ki, cavabdeh tərəf iddia tələbini qəbul etmir. Belə ki, cavabdeh Cavabdeh sözü gedən müqavilə üzrə kredit götürməmişdir. Onun kreditdən xəbəri olmamışdır. Kredit üzrə ödənişləri də o etməmişdir. 2012-ci ildə necə olur ki, 200000 manatı cavabdeh Cavabdeh heç bir girov olmadan veriblər. Daha sonra ona 15000 manat kredit veriblər. Hal-hazırda həmin işlə bağlı cinayət işi vardır, araşdırılma aparılır, Cavabdeh bir neçə dəfə dindirilmişdir. Ekspertiza rəyini onlar həmçinin aparılan cinayət işi üzrə müvafiq orqana təqdim edəcək. O cümlədən hazırda iddiaçı ilə də ödənişlər üzrə danışıqlar gedir, hansı ki, krediti mənimsəyən adam var, o adam krediti ödəməyə söz vermişdir. Iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsi (hakim – Gülnaz Quliyeva) ilə, iddianın qismən təmin edilməsi, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış ## ##### 2012-ci il tarixli *** saylı kredit müqaviləsi saylı kredit müqaviləsi üzrə 88758 manat 10 qəpik əsas, 3648 manat 92 qəpik müqavilə müddəti üçün hesablanmış faiz, 2572 manat 98 qəpik cərimə, 10983 manat 81 qəpik gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla cəmi 105963 (bir yüz beş min doqquz yüz altmış üç) manat 81 (səksən bir) qəpik borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iş üzrə xəttşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı 127 (bir yüz iyirmi yeddi) manat ekspertiza xərci cavabdeh Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X4, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ01360100000000003944, SWIFT BIK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE00000000000002088501) ödənilməsi, iddianın qalan hissəsi təmin edilməməsi qət edilmişdir.

15. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə ## ##### 2012-ci il tarixdə Cavabdeh arasında ## ##### 2012-ci il tarixdə kredit müqaviləsi bağlanmış, borcalana illik 7 faiz ödənilməklə 24 ay güzəştlə 60 ay müddətinə 200000 manat kredit verilməsi nəzərdə tutulmuşdur. Iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, kredit məbləğini cavabdehə vermiş, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Cavabdeh 88758 manat 10 qəpik əsas, 3648 manat 92 qəpik müqavilə müddəti üçün hesablanmış faiz, 2572 manat 98 qəpik cərimə borcu vardır. Iddiaçı əsas kredit məbləğini, müqavilə müddətinə hesablanmış faiz məbləğini və cərimə məbləğini cavabdehdən tələb etməkdə haqlıdır.

16. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi ## ##### 2012-ci il tarixdən 60 ay müddətində bağlanmışdır. ## ##### 2017-ci il tarixdə müqavilənin müddəti bitmişdir. Maliyyə arayışı ## ##### 2019-cu il tarixdə tərtib edilmişdir. ## ##### 2017ci il tarixdən ## ##### 2019-cu il tarixədək olan müddət 2 il 5 ay 21 gün (891 gün) təşkil edir. Həmin müddət üçün 88758 manat 10 qəpik əsas borcun illik 5%-i (88758,10 manat x 5: 360 = 1.232,751388888889 x 891 gün = 10983,81 manat) 10983,81 manat təşkil edir. Ona görə müqavilə müddəti bitəndən sonra hesablanmış həmin məbləğdə faiz borcu cavabdehdən tutulmaqla ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir.

17. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 445.7, 448.1, ##.##.2023-cü il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.

18. Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

19. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, hal-hazırda qeyd olunan hallarla bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsində İddiaçı ASC-nin vəzifəli şəxsləri və qeyriləri barəsində Azərbaycan Respublikası CM-nin 179.3.2, 308.2 və 313-cü maddələri ilə ********* nömrəli cinayət işi üzrə istintaq aparılır. Hətta cavabdeh Cavabdeh istintaq olunan cinayət işi ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinə dəfələrlə çağırılmış və orada ## ##### 2012-ci il tarixli kredit müqaviləsi, həmin kredit müqaviləsi üzrə verilmiş kredit məbləği barədə izahatı alınmışdır. Lakin, qeyd olunan cinayət işinin ibtidai istintaqı hələ yekunlaşmamışdır. Cavabdeh Cavabdeh iddiaçı Bank qarşısında ## ##### 2012-ci il tarixli, *** saylı kredit müqaviləsi üzrə heç bir öhdəliyi yaranmamışdır. Ona görə də hesab edir ki, Gəncə Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qətnaməsi ləğv edilib iddia tələbinin rədd edilməsi üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə qətnaməsində Mülki Məcəllənin 739.1 və 385.1-ci maddəsinə istinad edilərək, cavabdeh Cavabdeh iddiaçı Bank qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliklərinin yarandığını, həmin öhdəlikləri yerinə yetirməli olduğu, iddiaçı Bankın isə cavabdehdən vəzifəsinin icrasını tələb etmək hüququnun olduğunu qeyd etmiş olsa da, həmin maddi hüquq norması düzgün tətbiq edilməmişdir. Belə ki, cavabdeh Cavabdeh iddiaçı Bankdan ## ##### 2012-ci il tarixli, *** saylı kredit müqaviləsi üzrə heç bir məbləğdə kredit götürməmiş, ümumiyyətlə həmin tarixdə bankda olmamışdır. Iddiaçı 2012-ci ildə kredit üçün iddiaçı Banka müraciət etmiş olsa da, ona kredit verilməsindən imtina edilmişdir. O, 2013-cü ildə başqa şəxslərlə birlikdə girov qoyaraq, iddiaçı bankdan 15000 manat məbləğində kredit götürmüş və həmin kredit müqaviləsi üzrə borcunu da tam şəkildə ödəmişdir. Cavabdehin iddiaçı bank qarşısında 2012-ci ildən 200000 manat məbləğində kredit öhdəliyi olsaydı, ona təkrar olaraq kredit verilə bilməzdi. Lakin, məhkəmə qeyd olunan halların heç birini nəzərə almadan iddia tələbinin əsaslı olması nəticəsinə gəlmişdir. Məhkəmə, eyni zamanda Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad edərək, həmin kredit müqaviləsi üzrə də cavabdeh Cavabdeh müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış faiz borcu ödəməli olması nəticəsinə gəlməkdə də haqlı olmamışdır. Belə ki, cavabdeh Cavabdeh ## ##### 2012-ci il tarixli, *** saylı kredit müqaviləsi üzrə iddiaçı Bankdan heç bir məbləğdə borc götürmədiyi, ümumiyyətlə həmin kredit müqaviləsindən məlumatı olmadığı halda necə ola bilər ki, müqavilə müddəti bitdikdən sonra da, o Banka illik 5%lə hesablanmış faiz borcu yaranmışdır?! Məhkəmə tərəfindən Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarına istinad edilsə də, hesab edir ki, cavabdeh Cavabdeh həqiqətən iddiaçı Bank qarşısında ## ##### 2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyinin yaranıb-yaranmaması tam araşdırılmadan, həmin kredit müqaviləsi üzrə digər işlər kimi cinayət istintaqı üzrə araşdırma getdiyi halda əsassız və qanunsuz olaraq iddia tələbi qismən təmin edilərək, həmin kredit müqaviləsi üzrə öhdəliyin cavabdeh Cavabdeh tərəfindən yerinə yetirilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə tərəfindən yuxarıda qeyd edilən maddi hüquq normaları pozulmaqla qətnamə çıxarılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

22. Iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

24. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

27. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

28. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

29. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

30. Maddə 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

31. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

32. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

33. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

34. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

35. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.

36. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

37. Maddə 739.1 (zamana görə qüvvədə olan redaksiya). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

38. Maddə 739.2 (zamana görə qüvvədə olan redaksiya). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

39. Maddə 743 (zamana görə qüvvədə olan redaksiya). Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.

“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2021-ci il tarixli Qərarı

40. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

41. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

44. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

49. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

50. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

51. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

52. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

53. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

55. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.

57. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnamənin ləğv edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam şəkildə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

58. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

59. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

60. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

61. Belə ki, işin halları ondan ibarətdir ki, kreditor olan iddiaçı ilə borcalan arasında arasında ## ##### 2012-ci il tarixdə kredit müqaviləsi bağlanmış, borcalana illik 7 faiz ödənilməklə 24 ay güzəştlə 60 ay müddətinə 200000 manat kredit verilməsi nəzərdə tutulmuşdur. Iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, kredit məbləğini cavabdehə vermiş, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur.

62. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə tərəflər arasında olan mübahisə, kreditlə bağlı yaranan mülki münasibətlər üzrə yaranmışdır. Ona görə də işin hallarına kreditlə bağlı qanunvericiliyə, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hüquqi qiymət verilməlidir.

63. Borc tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

64. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır.

65. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

66. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

67. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

68. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə borclunun üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora borcu yaranmışdır.

69. Cavabdehdən faiz borcunun tutulması ilə bağlı məhkəmə göstərir ki, iddia tələbi həmin hissədə də əsaslı olmuşdur.

70. Çünki, “Banklar haqqında” Qanunun 1-ci maddəsində göstərilmişdir ki, bank krediti bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir.

71. Kreditorla borcalan arasında bağlanan kredit razılaşmasının 1.2-ci bəndində qeyd olunmuşdur ki, kredit alan kredit məbləğini və ona hesablanmış faizlə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür.

72. “Banklar haqqında” Qanunun 36.1-ci maddəsində deyilir ki, banklarla onların müştəriləri arasında münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, həmin Məcəlləyə müvafiq olaraq maliyyə bazarlarına nəzarət orqanı tərəfindən qəbul edilmiş normativ aktlar və müqavilə əsasında həyata keçirilir.

73. Həmin Qanunun 36.6-cı maddəsinə görə hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. Kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır.

74. Göründüyü kimi, qanunun tələbinə görə faizlərin hesablanması tərəflərin arasında bağlanmış müqavilənin şərtləri əsasında həyata keçirilir.

75. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” # #### 2013-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur.

76. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın həmin hissədə gəldiyi nəticəni əsaslıdır.

77. Belə ki, cərimə məbləğinin ödənilməsinin hüquqi əsasları kimi qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

78. Mülki Məcəllənin 463.1-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

79. Tərəflər arasında bağlanmış kredit müqaviləsindən görünür ki, dəbbə pulu barədə şərt mövcuddur.

80. Mülki Məcəllənin 465.2-ci maddəsində deyilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

81. Mülki Məcəlləsinin Məcəllənin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

82. Məhkəmə kollegiyası dəbbə pulu ilə bağlı gəldiyi nəticəni daha ətraflı izah etmək üçün qeyd edir ki, öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Dəbbənin hüquqi mahiyyəti ondan ibarətdir ki, dəbbə qanunda və müqavilədə nəzərdə tutulmuş hallarda tətbiq edilən maddi təsir tədbiri, yəni pul tənbehi kimi çıxış edir. Bu tənbeh, borclunun mülkiyyət hüquqlarına təsirsiz ötmür və dəbbə pulu tələbi müəyyən dərəcədə borclunun mülkiyyətinə müdaxiləni ifadə edir. Nəzərə alınmalıdır ki, dəbbə pulu ilə bağlı tələb həll edilərkən, borclu şəxsin də mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır.

83. Həmçinin, məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, iddiaçı borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehə cərimə hesablanmasının mümkünlüyü barədə nəticəyə gəlmişdir. Çünki, tərəflər arasında bağlanılmış müqavilədə cərimənin tutulması barədə göstəriş vardır. Həmçinin işin hallarını nəzərə alaraq, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən ödənilməyən borca münasibətdə 2.572,98 manat məbləğində müəyyən edilmiş cərimə məbləği hər bir ödəniş tarixi, gecikmə müddəti və qismən ödənişlərin tətbiqi nəzərə alınmaqla düzgün hesablanmışdır.

84. Məhkəmə ilk növbədə cavabdehin apellyasiya şikayətində istinad etdiyi, İddiaçı ASCnin vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsində cinayət işi üzrə ibtidai istintaq aparılması səbəbindən hazırkı mübahisənin nəticəsinin həmin istintaqın yekunundan asılı olması barədə dəlili əsassız hesab edir.

85. Belə ki, mülki məhkəmə icraatında hər bir iş həmin iş üzrə təqdim olunmuş sübutlar əsasında həll edilir və cinayət işinin istintaqda olması özlüyündə mülki hüquq münasibətlərinin mövcudluğunu aradan qaldıran və ya tərəflərin mülki-hüquqi öhdəliklərini dayandıran hüquqi fakt hesab edilə bilməz.

86. Bununla bağlı məhkəmə tərəfindən verilmiş sorğuya əsasən cavab olaraq Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin ## #### 2026-cı il tarixli məktubu ilə müəyyən edildiyi kimi, cavabdeh Cavabdeh həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmamış, eləcə də belə statusun verilməsi barədə istintaq orqanına müraciət etməmişdir. Bu hal isə cavabdehin kredit münasibətləri nəticəsində hüquqlarının pozulmasının səlahiyyətli dövlət orqanı tərəfindən müəyyən edilmədiyini göstərir.

87. Digər tərəfdən, cinayət işi üzrə qanuni qüvvəyə minmiş ittiham hökmü və ya hazırkı mübahisənin həllinə təsir göstərə biləcək hər hansı məhkəmə aktı mövcud olmadığından, yalnız ibtidai istintaqın aparılması faktı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün hüquqi əsas yaratmır.

88. Apellyasiya şikayətində cavabdeh həmçinin göstərmişdir ki, o, ## ##### 2012-ci il tarixli kredit müqaviləsi üzrə ümumiyyətlə kredit götürməmiş, həmin tarixdə bankda olmamış və kredit müqaviləsindən xəbərsiz olmuşdur. Məhkəmə bu dəlili də əsaslı hesab etmir.

89. Belə ki, iş üzrə keçirilmiş məhkəmə xəttşünaslıq ekspertizasının ## ###### 2025-ci il tarixli rəyindən müəyyən edilir ki, kredit müqaviləsində, kreditin ödəniş cədvəlində, kredit alınması barədə ərizədə, habelə kredit vəsaitinin alınmasını təsdiq edən ## ##### 2012-ci il tarixli bank çekində olan mübahisələndirilən imzaların hamısı məhz cavabdeh Cavabdeh tərəfindən icra edilmişdir.

90. Həmin ekspert rəyi iş üzrə digər yazılı sübutlarla uzlaşır və cavabdehin kredit müqaviləsini bağlamadığı, yaxud kredit vəsaitini almadığı barədə iddialarını təkzib edir. Cavabdeh isə ekspert rəyini şübhə altına alan, onun etibarsızlığını təsdiq edən və ya əksini sübuta yetirən hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin həmin dəlilləri yalnız ehtimallara və şəxsi mülahizələrə əsaslanır.

91. Cavabdeh, həmçinin, 2013-cü ildə iddiaçı bankdan 15000 manat kredit götürdüyünü və həmin krediti tam ödədiyini, əgər 2012-ci ildən 200000 manat kredit borcu mövcud olsaydı, ona yenidən kredit verilməsinin mümkün olmayacağını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu arqument də hüquqi baxımdan əsaslı deyildir.

92. Belə ki, sonrakı dövrdə tərəflər arasında başqa kredit münasibətlərinin yaranması və ya həmin kredit üzrə öhdəliklərin icra edilməsi əvvəl bağlanmış kredit müqaviləsinin mövcudluğunu və ondan irəli gələn öhdəlikləri aradan qaldırmır. Kredit təşkilatının sonradan yeni kredit verməsi əvvəlki kredit müqaviləsinin bağlanmaması və ya əvvəlki öhdəliyin mövcud olmaması faktını təsdiq edən hüquqi hal hesab edilə bilməz. Hazırkı iş üzrə qiymətləndirilməli olan məsələ məhz ## ##### 2012-ci il tarixli kredit müqaviləsinin bağlanması, kredit vəsaitinin verilməsi və həmin müqavilədən irəli gələn öhdəliklərin icra olunub-olunmamasıdır. Bu hallar isə işdə olan kredit müqaviləsi, bank çeki, maliyyə sənədləri və ekspert rəyi ilə kifayət qədər təsdiq olunur. Buna görə də sonrakı dövrdə başqa kredit münasibətlərinin yaranması hazırkı mübahisənin həllinə təsir göstərmir.

93. Apellyasiya şikayətində cavabdeh birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 385.1, 739.1 və 445.7-ci maddələrini düzgün tətbiq etmədiyini də bildirmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər də əsassızdır.

94. Belə ki, Mülki Məcəllənin 385.1 və 386.1-ci maddələrinin mənasına görə öhdəlik müqavilədən yaranır və borclu müqavilə üzrə üzərinə götürdüyü vəzifələri lazımi qaydada icra etməyə borcludur. Iş üzrə müəyyən olunmuş hallar kredit müqaviləsinin bağlandığını, kredit vəsaitinin cavabdehə verildiyini, cavabdehin isə müqavilədən irəli gələn öhdəliyi lazımi qaydada icra etmədiyini təsdiq etdiyindən həmin maddələrin tətbiqi tam əsaslı olmuşdur.

95. Həmçinin, birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi gecikdirilmiş vaxt üçün illik beş faiz hesablamanı olduğu kimi qəbul etməmiş, əksinə qanunvericiliyin tələblərini nəzərə alaraq gecikmə faizini yenidən hesablamış və yalnız qanuni hissədə təmin etmişdir. Bu isə məhkəmənin maddi hüquq normalarını düzgün tətbiq etdiyini göstərir.

96. Sadalanan xüsusatlara görə məhkəmə kollegiyası iddia tələbini əsaslı hesab edir və göstərir ki, iddianın qismən təmin edilməsi qanuni əsaslara söykənir.

97. Məhkəmə onu da nəzərə alır ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan, apellyator dəlillərinə dair sübutları təqdim etməmişdir.

98. Sonda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tələb olunan borc məbləğinin miqdarını mübahisələndirmir. O, ümumiyyətlə iddiaçıdan 200.000 manat kredit götürmədiyini iddia edir ki, onun dəlillərinin əsassızlılığı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır.

99. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

100. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

101. Eyni zamanda, məhkəmə qeyd edir ki, MPM-in 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər.

102. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar