Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2-2(3-7)-63/2026 28.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı QSC-nin cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı iş üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun qaytarılması; tutmanın ipoteka predmetinə yönəldilməsi Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, Iddiaçı İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Işin halları
1. Kreditor İddiaçı QSC ilə borcalan cavabdeh2 və girov qoyan (eyni zamanda zamin) cavabdeh1 arasında bağlanmış ##.##.2023-cü il tarixli ***L************ saylı uzun müddətli kredit müqaviləsindən görünür ki, borcalana 120 ay müddətinə 1000000 manat kredit xətti açılmışdır. X2 borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür.
2. Kreditor İddiaçı QSC ilə borcalan cavabdeh2 arasında bağlanmış ##.##.2023-cü il tarixli ***R********** saylı kredit razılaşmasından görünür ki, ona dövriyyə vəsaitlərinin artırılması məqsədilə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.2917 faiz olmaqla 100000 manat kredit verilmişdir.
3. ##.##.2023-cü il tarixli ***M************ saylı ipoteka müqaviləsindən görünür ki, X2 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi ** saylı evin ** saylı mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir və tərəflərin razılığına əsasən ipoteka predmetinin dəyəri-ilkin satış qiyməti 84000 manat müəyyən edilmişdir.
4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, X2 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi ** saylı evin ** saylı mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
5. Kreditor İddiaçı QSC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, kredit müqaviləsi üzrə 71983,12 manat əsas, 4730,12 manat faiz, 3467,41 manat cərimə olmaqla, cəmi borc məbləği 80180,65 manatdır.
6. Mərkəzi Ekspertiza Bürosunun ##.##.2025-ci il tarixli MEB-***-**** saylı rəyindən görünür ki, cavabdeh X2 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi ** saylı evin ** saylı mənzilin bazar dəyəri 121000 manat, likvid dəyəri 109000 manat təşkil edir.
a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. Iddiaçı İddiaçı QSC cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək, ***R********** saylı krеdit razılaşması üzrə 71983,12 manat krеdit bоrcu, 4730,12 manat faiz bоrcu və 3467,41 manat cərimə borcu olmaqla, ümumilikdə 80180,65 manat bоrcun, ödənilmiş 330,55 manat dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının tutulması, tutmanın cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi ** saylı evin ** saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Daha sonra iddiaçı İddiaçı QSC ərizə ilə məhkəməyə mürаciət edərək, ***R********** saylı krеdit razılaşması üzrə 71983,12 manat krеdit bоrcu, 4730,12 manat faiz bоrcu və 3467,41 manat cərimə borcu olmaqla, ümumilikdə 80180,64 manat bоrcun, ödənilmiş 330,55 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının tutulması, tutmanın cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi ** saylı evin ** saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada bankın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Bundan sonra da iddiaçı İddiaçı QSC ərizə ilə məhkəməyə mürаciət edərək bildirmişdir ki, qiymətləndirici Mərkəzi Ekspertiza Bürosu tərəfindən ipoteka predmeti olan əmlakın bazar dəyərinin 121000 manat, likvid dəyərinin 109000 manat müəyyən edilməsi barədə verilmiş rəy ilə razıdırlar, qiymətləndirmə xərci olaraq müəyyən edilmiş 300 manat xidmət haqqı iddiaçı bank tərəfindən ödənilmişdir. Mövcud iddia tələbləri ilə yanaşı qiymətləndirmə xərci olaraq ödədiyi 300 manat vəsaitin də cavabdehlərdən bankın xeyrinə tutulmasını xahiş edir. Həmçinin məhkəməyə müraciət edildikdən sonra cavabdehlər tərəfindən 3499 manat ödəniş həyata keçirilmiş, həmin ödəniş kredit razılaşması üzrə əsas borcdan silinmişdir. Hazırda cavabdehlərin ##.##.2023-cü il tarixli ***R********** saylı kredit razılaşması üzrə 68484,12 manat kredit borcu, 4730,12 manat faiz bоrcu və 3467,41 manat cərimə olmaqla, ümumilikdə 76681,65 manat məbləğində borcu mövcuddur.
10. Iddiaçı bank tələbini onunla əsaslandırmışdır ki, cavabdeh2 İddiaçı QSC ilə bağladığı ##.##.2023-cü il tarixli ***L************ saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 1000000 manat məbləğdə krеdit хətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə cavabdeh2 İddiaçı QSC ilə bağladığı ##.##.2023-cü il tarixli ***R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.2917 faiz оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 100000 manat krеdit götürmüşdür. cavabdeh2 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri ##.##.2025-ci il tarixdən banka qaytarmamışdır. Krеdit bоrcundan 28016,88 manat ödəmiş, onun 71983,12 manat kredit borcu qalmışdır. Kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün ##.##.2025-ci il tarixə 138 gün üçün hesablanmış faiz borcu 4730,12 manat, cərimə borcu 3467,41 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Həmçinin cavabdeh2 İddiaçı QSC ilə bağladığı ##.##.2023-cü il tarixli ***M************ saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi ** saylı evin ** saylı mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir.
11. Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Gülnaz Quliyeva) iddia təmin edilərək, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh2 arasında bağlanmış ## ###### 2023-cü il tarixli ***R********** saylı krеdit razılaşması üzrə 68484 manat 12 qəpik əsas krеdit bоrcu, 4730 manat 12 qəpik faiz bоrcu və 3467 manat 41 qəpik cərimə borcu olmaqla, ümumilikdə cəmi 76681 (yetmiş altı min altı yüz səksən bir) manat 65 (altmış beş) qəpik bоrc, ödənilmiş 330 (üç yüz otuz) manat 55 (əlli beş) qəpik dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu və 36 (otuz altı) manat xidmət haqqı, ekspertiza keçirilməsi ilə bağlı ödənilmiş 300 (üç yüz) manat xidmət haqqının cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi; Tələb üzrə tutmanın cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi ** saylı evin ** saylı mənzilinə yönəldilməsi; Həmin əmlakın açıq hərracdan satılması; Mənzilinin ilkin satış qiymətinin 109000 (bir yüz doqquz min) manat həddində müəyyən edilməsi; Açıq hərrac keçirildikdən və əmlak satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi; Mənzilin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi; Bankın tələbləri ödənildikdən sonra qalan məbləğin cavabdeh cavabdeh1 qaytarılması qət edilmişdir.
12. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1, 269.4, 319.1, 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 470.1, 472.2, 739.1, 739.2, 741 və 743.1-ci maddələrinə, «Ipoteka haqqında» Qanunun 34.1.1-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3 və 218.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi hissələrdə ləğv edilməsini xahiş etmişdir.
14. Cavabdeh cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, müqavilə üzrə öhdəliklərini müqavilədə nəzərdə tutulan qaydada icra etmişdir. Iddiaçı təşkilata cəmi 31515.88 manat ödəmişdir. Ödənilən pula baxmayaraq faiz və cərimə borcu həddən artıq şişirdilmişdir. Iddia tələbində cərimə 3467.41 manat, faiz borcu isə 4730.12 manat qeyd edilmişdir. Hesab edir ki, qeyd etdiyi məbləğlər həddən artıq şişirdilmişdir. Bundan başqa, ipoteka predmeti olan mənzilin bazar qiyməti 121000 manat, likvid dəyəri isə 109000 manat qiymətləndirilmişdir. Görünür ki, məhkəmə iddiaçının məhkəməyə təqdim etdiyi sübutlarla kifayətlənmiş, mübahisə olunan mənzilin qiyməti bazar qiymətlərindən aşağı qiymətin olması barədə mürafiq rəyi məhkəməyə təqdim etmişdir. Halbuki, həmin mənzilin real bazar qiyməti 250000 manatdır. Məhkəmə mübahisənin bu halını araşdırmamışdır. Məhkəmə öz təşəbbüsü ilə işin obyektiv halını araşdırması üçün ekspertiza təyin edə bilərdi. Iddiaçı təşkilata 71983.12 manat borcu var və borcunu gələcəkdə hissə-hissə ödəyəcək. Bundan başqa, bank hesabında pul vəsaiti var, həmin hesaba vergi orqanı tərəfindən həbs qoyulmuşdur. Həbs götürüldükdən sonra borcu tam ödəniləcək. Eyni zamanda 71983.12 manat borca görə 250000 manat dəyərində olan mənzilin hərraca çıxarılıb satılmasını qanuni hesab etmir. Həmin ev onların yeganə yaşayış yeridir. Ona görə də iddia tələbinin tutmanın X2 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi ** saylı evin ** saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun ipoteka predmetinin hərracdan satışdan əldə olunan vəsait hesabına ödənilməsi hissəsi təmin olunmamalıdır. Dəbbə pulu həddən artıq şişirdilsə də məhkəmə dəbbə pulunu da azaltmamışdır. Hesab edir ki, iddia tələbinin cərimə hissəsi də azaldılmalıdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iddiaçı İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi X1 apellyasiya şikayətini qəbul etməyərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Cavabdeh cavabdeh2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq işə baxılmasının təxirə salınmasını xahiş etmişdir. Digər cavabdeh isə məhkəmə iclasına gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsindəki səlahiyyətlərinə əsaslanaraq işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.
19. Maddə 317.1. Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
20. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
23. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
24. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
25. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.
26. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
27. Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
28. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
29. Maddə (əvvəlki redaksiya) 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
30. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır.
“Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
31. Maddə 59.3. Ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Ipoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
38. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
41. Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir.
42. Bu hüquqi mövqe, mülki prosessual hüquqda nəzərdə tutulmuş «dispozitivlik» prinsipindən irəli gəlir.
43. Apellyasiya icraatında dispozitivlik prinsipi özünü onda biruzə verir ki, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanılır. Belə şikayət olmadığı halda apellyasiya icraatı başlanıla bilməz. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” – “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir.
44. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia təmin edilmiş və cavabdeh (zamin) cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Bununla belə, cavabdeh cavabdeh2 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini faiz və cərimə borcu məbləğlərinə, eləcə də tutmanın ipöoteka predmetinə yönəldilməsinə dair hissələrdə mübahisələndirmişdir.
45. Həmçinin, nəzərə alınmalıdır ki, qətnamədən zamin apellyasiya şikayəti vermədiyindən qətnamə ona aid hissədə yoxlanılmır (müştərək borcluluqdan irəli gələn hədd istisna olmaqla). Kollegiya bu qənaətini onunla əsaslandırır ki, iddianın əsas borcluya və zaminə qarşı yönəlmiş hissələri bir-biri ilə bağlı olmaqla mübahisənin predmeti bölünməz xarakterli olsa da, borclunun verdiyi apellyasiya şikayətinə əsasən qətnamənin bütünlüklə və digər cavabdehə (zaminə) münasibətdə yoxlanılması onun hüquqlarına toxunan hal kimi qiymətləndirilir.
46. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışı çərçivəsində birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yalnız apellyatora münasibətdə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə cavabdeh cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
48. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, kreditor İddiaçı QSC ilə borcalan cavabdeh2 və girov qoyan (eyni zamanda zamin) cavabdeh1 arasında ##.##.2023-cü il tarixli ***L************ saylı uzun müddətli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borcalana 120 ay müddətinə 1000000 manat məbləğdə kredit xətti açılmışdır. X2 borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Kreditor İddiaçı QSC ilə borcalan cavabdeh2 arasında bağlanmış ##.##.2023-cü il tarixli ***R********** saylı kredit razılaşması əsasında da borcalana 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.2917 faiz olmaqla 100000 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi ##.##.2023-cü il tarixli ***M************ saylı ipoteka müqaviləsi əsasında X2 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi ** saylı evin ** saylı mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Buna baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra edilməmişdir. Borcalana və zaminə borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin müsbət nəticə olmamışdır. Ona görə də kreditor hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
49. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır; belə ki, hazırkı iş üzrə iddia tələbinin kökündə tələb etmənin əsası olan kreditor və borcalan arasında bağlanmış kredit müqaviləsi dayanır. Məhz iddiaçı bank həmin müqaviləni rəhbər tutaraq hazırda cavabdehlərdən əsas, ona hesablanmış faiz və cərimə borcu tələb edir və əsas kimi göstərir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Borclu da kredit borcunu inkar etməyərək, sadəcə faiz və cərimə borc məbləğinin düzgün hesablanmamasını mübahisələndirmişdir.
50. Işin halları əsasında müəyyən olunmuşdur ki, borcalan aldığı pul vəsaitini müqavilədə müəyyən olunmuş müddətdə və məbləğdə tam ödəməmiş və bununla da iddiaçının hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora 68484,12 manat əsas, 4730,12 manat faiz, 3467,41 manat cərimə borcu yaranmışdır.
51. Məhkəmə kollegiyası qeyd edir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni, kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Ona görə faiz borcunun kredit müqaviləsi üzrə borcludan tələb edilməsi qanuni və əsaslıdır.
52. Faiz borcunun düzgün hesablanmaması barədə apellyatorun dəlili ilə bağlı kollegiya göstərir ki, bu dəlil formal mülahizə olmaqla cavabdeh cavabdeh2 subyektiv mülahizəsinə söykənir. Məhkəmə kollegiyasının bu nəticəyə gəlməsinə əsas Mülki Prosessual Məcəllənin 77.1-ci və Mülki Məcəllənin 433.3-cü maddəsidir.
53. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə isə, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.
55. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, cavabdeh tərəfindən edilmiş ödənişlər barədə apellyasiya şikayətinə mötəbər sübutlar (ödəniş qəbzləri, mədaxil orderləri və.s.) təqdim edilməmişdir. Halbuki, iş materiallarında olan maliyyə arayışı ilə cavabdehin kredit müqaviləsi üzrə faiz borcu məbləği dəqiqliklə göstərilmişdir. Bir sözlə, həmin maliyyə arayışının mötəbərliyini şübhə altına alacaq əsas olmamaqla məsələnin həlli baxımından hər hansı xüsusi biliyin tətbiqinə də (mühasibatlıq ekspertizasının təyin olunmasına) zərurət yoxdur.
56. Həmçinin cərimə məbləğinin ödənilməsinin hüquqi əsasları kimi qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
57. Həmin Məcəllənin 463.1-ci maddəsinə görə, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
58. Tərəflər arasında bağlanmış kredit müqavilələsindən görünür ki, dəbbə pulu barədə şərt mövcuddur.
59. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsində deyilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
60. Iş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi düzgün olaraq kredit müqaviləsi üzrə cərimə hesablanmasının mümkünlüyü barədə nəticəyə gəlmişdir. Eyni zamanda, məhkəmə tərəfindən müəyyən edilmiş 3467,41 manat dəbbə pulu işin hallarına görə tənasübsüz dərəcədə yüksək sayıla bilməz.
61. Tutmanın ipoteka predmetinə yönəldilməsi məsələsinə gəldikdə isə qeyd edilir ki, işin hallarından göründüyü kimi kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminat altına alınması məqsədilə cavabdeh cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi ** saylı evin ** saylı mənzil banka ipoteka qoyulmuş və əmlak İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Ipoteka ilə təminat altına alınmış öhdəlik vaxtında və lazımi qaydada icra edilmədiyindən kreditorun (ipoteka saxlayanın) tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qanuni və əsaslı tələb hüququ yaranmışdır.
62. Ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı qeyd edilir ki, birinci instansiya məhkəməsində icraat zamanı qiymətləndirmə rəyi alınmış və alınan rəylə ipoteka predmetinin ilkin (likvid) satış qiymətinin 109000 manat olduğu müəyyən edilmişdir.
63. Daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəyin təsviri hissəsindən göründüyü kimi, qiymətləndirmənin aparılması zamanı daşınmaz əmlakın bazarının vəziyyətini xarakterizə edən operativ məlumatlardan daşınmaz əmlaka olan tələb və təklifdən, eləcə də digər mənbələrdən əldə edilmiş real bazar məlumatlarından istifadə edilmişdir. Bundan başqa, əmlaka vizual baxış keçirilməklə əmlakın bazar dəyərinə müsbət və mənfi təsir göstərən amillər nəzərə alınaraq onun dəyəri (bazar və likvid) müəyyən edilmişdir. Alınan rəyin şübhə altına alınması və əslində əmlakın dəyərinin daha artıq olması nəticəsinə gəlmək üçün isə əsaslar mövcud deyildir. Çünki, apellyator əmlaka dair alınmış rəylə müəyyən olunan ilkin satış qiymətinin məbləğinin daha artıq olması barədə arqument irəli sürsə də, lakin bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Odur ki, kollegiya iş üzrə təkrar qiymətləndirmə təyin edilməsinə zərurət görməmiş və bu barədə apellyasiya şikayətinin dəlilini əsassız saymışdır.
64. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Işə baxan məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin yoxlanılan hissədə ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə apellyatora münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə cavabdeh cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.