Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2-2(3-7)-8/2026 09.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı MMC-nin cavabdehlər cavabdeh1, cavabdeh3, cavabdeh2 və cavabdeh4 qarşı iş üzrə Açar sözlər: lizinq müqaviləsi üzrə borcun qaytarılması Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, Cavabdeh cavabdeh4 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, Işin halları
1. ## ####### 2019-cu il tarixli **/****/DLIZ nömrəli daxili maliyyə lizinq müqaviləsinin surətindən görünür ki, 1 ədəd, 2012-ci il buraxılışı olan, DONG FENG DFL3310A13 yük markalı, ban LGAX5DF57B3804949B/Z nəqliyyat vasitəsi fərdi sahibkar cavabdeh1 lizinqə verilmişdir, lizinq alan isə lizinq obyektindən istifadəyə görə muzdu lizinq verən İddiaçı MMCyə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.1.2-ci bəndinə əsasən lizinq alan şəxs ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,3 faizi həcmində cərimə tələb edir.
2. ## ####### 2019-cu il tarixli **/****/DLIZ nömrəli zaminlik müqavilələrinin surətindən görünür ki, əsas müqavilənin təminatı kimi cavabdeh3, cavabdeh2 və cavabdeh4 ilə zaminlik müqaviləsi bağlanmışdır.
3. ## ####### 2019-cu il tarixli təhvil-təslim aktının surətindən görünür ki, lizinq obyekti müştəriyə təhvil verilmişdir və imzaları ilə təsdiq olunmuşdur.
4. ## #### 2021-ci il tarixli **/****/DLIZ nömrəli sonuncu xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehlərə yaranmış borc öhdəliyi ilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
5. Maliyyə arayışının surətindən görünür ki, cavabdeh cavabdeh1 ##.##.2021-ci il tarixə yaranmış 25597.58 manat əsas, 9901.40 manat mükafat borcu, 143.65 manat gecikdirilmiş cərimə məbləği olmaqla, cəmi 35642.45 manat borcu mövcuddur.
6. Sorğu əsasında İddiaçı MMC tərəfindən verilmiş ## #### 2026-cı il tarixli */** nömrəli məktubda qeyd edilmişdir ki, Gəncə Kommersiya Məhkəməsinin ## ##### 2022-ci il tarixli *- *(***)-***/**** nömrəli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra lizinq obyekti ## ######## 2022-ci il tarixdə İddiaçı MMC-yə təhvil verilmişdir.
a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. Iddiaçı İddiaçı MMC cavabdehlər cavabdeh1, cavabdeh3, cavabdeh2 və cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə cavabdeh1 arasında bağlanmış ##.##.2019-cu il tarixdə **/****/DLIZ nömrəli X1 müqaviləsinin ləğv edilməsi, İddiaçı MMC ilə cavabdeh1, cavabdeh3 və cavabdeh2, cavabdeh4 arasında bağlanmış ##.##.2019cu il tarixdə **/****/DLIZ nömrəli X1 müqaviləsi üzrə ##.##.2021-ci il tarixə əsasən yaranmış 25597.58 manat əsas borc, 9901.40 manat mükafat borcu, 143.65 manat gecikdirilmiş cərimə məbləği cəmi 35642.45 manat lizinq borcu məbləğinin və ödənilmiş 365 manat dövlət rüsumunun, mediasiya sessiyasında iştirak edilməsinə görə ödənilmiş 203 manat mediator xərcinin əvəzinin cavabdeh cavabdeh1, cavabdeh3, cavabdeh2 və cavabdeh4 tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh1 arasında bağlanmış ##.##.2019-cu il tarixdə **/****/DLIZ nömrəli X1 müqaviləsinə əsasən İddiaçı MMC təsviri bu müqavilədə göstərilən 1 ədəd, 2012-ci il buraxılışı olan, DONG FENG DFL3310A13 yük markalı, ban LGAX5DF57B3804949B/Z nəqliyyat vasitəsini fərdi sahibkar cavabdeh1 istifadəsinə vermişdir. Həmçinin müqavilənin təminatı olaraq İddiaçı MMC ilə cavabdeh1, cavabdeh3 və cavabdeh2, cavabdeh4 arasında ##.##.2019-cu il tarixli **/****/DLIZ nömrəli üçtərəfli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər cavabdeh1, cavabdeh3, cavabdeh2 və cavabdeh4 sözügedən müqavilənin 9.4 bəndinə əsasən lizinq alanın lizinq verənə ödəməli olduğu lizinq ödənişlərinin ümumi dəyəri 26650 manat təşkil edir. Bu ümumi məbləğdən 10488 manat lizinq verənin mükafatını təşkil edir. Tərəflərin razılığı əsasında bu müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. Cavabdeh müqaviləsinə əlavə edilmiş lizinq ödənişləri cədvəlində göstərilmiş aylar üzrə ödənişlərini aparmalı olduğu halda, müqavilənin şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir. Belə ki, cavabdeh ##.##.2019-cu il tarixdən müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun hər ay 1031,61 manat ödəniş etməlidir. Hazıradək cavabdeh cəmi ##.##.2019-cu il tarixdən, ##.##.2020-ci il tarixdək cəmi 3271,99 manat ödəniş etmişdir. Cavabdeh etibarnamə əsasında idarə etdiyi və İddiaçı MMC-yə məxsus “DONG FENG DFL3310A13 Yük” markalı 20- AE-724 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə edərək özündə saxlamaqdadır. Yaranmış borcla bağlı İddiaçı MMC tərəfindən cavabdeh və onun zamininə müxtəlif tarixlərdə yazılı və şifahi xəbərdarlıq edilmiş, əks halda tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi və yarnmış borcun məhkəmə qaydasında tələb edilməsi məqsədi ilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
9. Gəncə Kommersiya Məhkəməsinin ## ##### 2022-ci il tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Kənan Vəliyev) iddia qismən təmin edilərək, İddiaçı MMC ilə cavabdeh1 arasında bağlanmış ##.##.2019-cu il tarixdə **/****/DLIZ nömrəli daxili maliyyə lizinq müqaviləsinin ləğv edilməsi; İddiaçı MMC ilə cavabdeh1, cavabdeh3, cavabdeh2 və cavabdeh4 arasında bağlanmış ##.##.2019-cu il tarixdə **/****/DLIZ nömrəli X1 Müqaviləsinə ##.##.2021-ci il tarixə əsasən yaranmış 25597.58 manat əsas borc, 9901.40 manat mükafat borcu, 143.65 manat gecikdirilmiş cərimə məbləği cəmi 35642.45 manat lizinqi borcu məbləğinin və mediasiya sessiyasında iştirak edilməsinə görə ödənilmiş 203 manat mediator xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi; Iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 416.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 449.1, 460.1, 462.1, 462.3, 463, 465.1, 467, 470.1 və 747.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 216.1, 217 və 218.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh cavabdeh4 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Cavabdeh cavabdeh4 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, müqavilənin şərtinə uyğun olaraq ilkin ödəniş edilmiş, daha sonra isə hər ay vaxtlı-vaxtında da qrafik üzrə ödəniş edilmişdir. Üzərlərinə düşən öhdəliyi icra etmişlər, lakin sonradan yaranan çətinliyə görə ödənişi müvəqqəti olaraq ödəyə bilməmişlər, iddiaçı avtomobili qanunsuz və əsassız olaraq aparmışdır, ona görə də ödənişi davam etdirə bilməmişlər. Hazırda da avtomobili qaytarsalar, ödənişi davam etdirəcəklər. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmamışdırsa, lizinq alanın təqsiri üzündən lizinq müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, lizinq obyekti lizinq verənə qaytarılmalıdır. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində lizinq alan tərəfindən aparılmış ödənişlərin ümumi məbləği nəzərə alınaraq, ödənişə müvafiq hissədə lizinq obyektinin bir hissəsi üzərində lizinq alanın mülkiyyət hüququ tanına bilməz. Məhkəmə təcrübəsində də qeyd olunur ki, lizinq müqaviləsi ləğv olunduqdan sonra lizinq obyekti lizinq verənə qaytarılmalıdır. Lizinq müqaviləsi də ya tərəflərin qarşılıqlı razılığı, ya da məhkəmə qətnaməsi ilə ləğv edilə bilər. Hazırki mübahisədən görünür ki, lizinq müqaviləsi ləğv edilmədən iddiaçı lizinq obyektini qanunsuz və əsassız olaraq onlardan almış, avtomobilin işləməsinə maneçilik törətmişdir. Qətnamədə ##.##.2019-cu il tarixdə **/****/DLIZ nömrəli daxili maliyyə lizinq müqaviləs üzrə 35642.45 manat pulun tutulması qət edilmiş, lakin nəzərə alınmamışdır ki, , DONG FENG DFL3310A13 yük markalı, ban LGAX5DF57B3804949B/Z nəqliyyat vasitəsi iddiaçıya qaytarılmışdır. Lizinq müqaviləsi bağlanan vaxt ilkin olaraq 24000 manat ödəniş olunmuş, bundan sonra 6 ay ərzində ödəniş edilmişdir. Göründüyü kimi, məhkəmə lizinq obyektinin qaytarılmasını nəzərə almamışdır ki, bu da qanunvericiliyin tələbinə və işin hallarına uyğun gəlmir. Mülki işdə olan sənədlərdən görünür ki, iddia qaldırılan vaxta kimi lizinq verənə 35000 manata yaxın ödəniş edilmişdir. Buna baxmayaraq iddiaçı ödənilmiş pulları nəzərə almır, məhkəmə isə bunların heç birinə qiymət verməmişdir. Bu gün də yaranmış borcu odəməkdən imtina etmir və hər ayda borcunu ödəməyə razıdır. Bundan başqa məhkəmə qətnaməsi çəkişmə prinsipi pozulmaqla çıxarılmışdır. Belə ki, məhkəmə iclasının vaxtı və yeri barədə ona rəsmi olaraq heç bir məlumat verilməmiş, iştirakı olmadan qətnamə çıxarılmışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında cavabdeh cavabdeh4 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, lizinq şirkəti cavabdehlərdən həm lizinq borcunu, həm də lizinq obyektini tələb edir. Cavabdeh avtomobili götürüb ki, həm qazanc əldə etsin, həm də lizinq borcunu ödəyə bilsin. Lizinq müqaviləsi üzrə 6 ay ödəniş edilsə də, lakin sonra pandemiya dövrünə düşdüyünə görə borcu ödəmək mümkün olmamışdır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2ci maddəsindəki səlahiyyətlərinə əsaslanaraq işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
19. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
20. Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
21. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
22. Maddə 472.1 və 472.2. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
23. Maddə 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
24. Maddə 747-1.2. Lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir.
25. Maddə 747-1.3. Lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir.
26. Maddə 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
27. Maddə 748-11.1 və 748-11.1.2. Lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər lizinq ödənişlərinin ümumi məbləğinə daxildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
34. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
37. Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir.
38. Bu hüquqi mövqe, mülki prosessual hüquqda nəzərdə tutulmuş «dispozitivlik» prinsipindən irəli gəlir.
39. Apellyasiya icraatında dispozitivlik prinsipi özünü onda biruzə verir ki, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanılır. Belə şikayət olmadığı halda apellyasiya icraatı başlanıla bilməz. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” – “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir.
40. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia qismən təmin edilmiş, iddiaçı lizinq verən və cavabdehlər (borclu) cavabdeh1, (zaminlər) cavabdeh3 və cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişlər. Bununla belə, cavabdeh (zamin) cavabdeh4 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini xahiş etsə də, lakin iddianın qismən təmin edildiyi və iddiaçı tərəfindən tələbin təmin edilməyən hissəsinin mübahisələndirmədiyi nəzərə alınaraq, hazırkı apellyasiya baxışı çərçivəsində iddianın təmin edilmiş hissəsində qətnamənin qanuniliyi və əsaslılığı yoxlanılmalıdır.
41. Həmçinin, nəzərə alınmalıdır ki, qətnamədən borclu və digər zaminlər apellyasiya şikayəti vermədiyindən qətnamə onlara aid hissədə yoxlanılmır (müştərək borcluluqdan irəli gələn hədd istisna olmaqla). Kollegiya bu qənaətini onunla əsaslandırır ki, iddianın əsas borcluya və zaminlərə qarşı yönəlmiş hissələri bir-biri ilə bağlı olmaqla mübahisənin predmeti bölünməz xarakterli olsa da, zamin cavabdeh4 verdiyi apellyasiya şikayətinə əsasən qətnamənin bütünlüklə və digər cavabdehlərə münasibətdə yoxlanılması onların hüquqlarına toxunan hal kimi qiymətləndirilir.
42. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilmiş hissəsində cavabdeh cavabdeh4 münasibətdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə cavabdeh cavabdeh4 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
44. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı MMC ilə cavabdeh1 arasında ## ####### 2019-cu il tarixli **/****/DLIZ nömrəli daxili maliyyə lizinq müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən 1 ədəd 2012-ci il buraxılışı olan, DONG FENG DFL3310A13 yük markalı, ban LGAX5DF57B3804949B/Z nəqliyyat vasitəsi cavabdeh1 lizinqə verilmişdir, lizinq alan isə lizinq obyektindən istifadəyə görə muzdu lizinq verən İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə öhdəliklərin icrasının təminatı kimi lizinq verənlə cavabdeh3, cavabdeh2 və cavabdeh4 arasında zaminlik müqaviləsi bağlanmışdır. Lizinq verən müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edərək lizinq obyektini lizinq alanın sahiblik və istifadəsinə vermişdir. Buna baxmayaraq, lizinq alan lizinq müqaviləsi üzrə öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Lizinq alana və zaminlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin müsbət nəticə olmamışdır. Ona görə də lizinq verən borcun ödənilməsi barədə hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
45. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır; belə ki, hazırkı iş üzrə iddia tələbinin kökündə tələb etmənin əsası olan lizinq müqaviləsi dayanır. Məhz iddiaçı lizinq verən həmin müqaviləni rəhbər tutaraq hazırda cavabdehlərdən əsas, mükafat və cərimə borcu tələb edir və əsas kimi göstərir ki, lizinq müqaviləsi üzrə öhdəliklər lizinq alan tərəfindən vaxtında və lazımi qaydada icra edilməmişdir. Zamin cavabdeh4 da müqavilə üzrə öhdəliyin lizinq alan tərəfindən icra edilməməsini inkar etməyərək, sadəcə borc məbləğinin düzgün hesablanmamasını mübahisələndirmişdir.
46. Işin hallarından göründüyü kimi, lizinq alan lizinq müqaviləsi üzə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə isə, lizinq verənin müqavilənin ləğv edilməsi və lizinq ödənişlərinin ödənilməsi barədə qanuni və əsaslı tələb hüququ yaranmışdır. Belə ki, müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində lizinq verənə 25597.58 manat əsas, 9901.40 manat mükafat, 143.65 manat gecikdirilmiş cərimə borcu yaranmışdır.
47. Lizinq verənə lizinq obyekti qaytarıldığı halda, lizinq alandan həm də bütün lizinq ödənişlərinin ödənilməsininin tələb edilməsinin qanunvericiliyə zidd olması ilə bağlı cavabdeh cavabdeh4 arqumenti isə kollegiya tərəfindən əsassız hesab edilmişdir. Ona görə ki, Mülki Məcəllənin 748-1.12, 748-1.12.4-cü maddələrindən də göründüyü kimi lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq hüququ lizinq müqaviləsi qüvvədə olduğu müddət ərzində mümkündür və lizinq verənə həm də lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ yaranır.
48. Hazırki işdə də iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdə, yəni ##.##.2021-ci il tarixdə lizinq müqaviləsi qüvvədə olmuşdur.
49. Müqavilə ləğv edilməmişdən əvvəl lizinq verən tərəfindən lizinq obyektinin sahiblik və istifadəsindən alınması barədə cavabdeh cavabdeh4 arqumentini də kollegiya əsaslı hesab etməmişdir; belə ki, o, irəli sürdüyü arqumentini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
50. Bununla belə, həmin xüsusatın araşdırılması məqsədilə apellyasiya baxışı zamanı iddiaçı təşkilata müvafiq sorğu ünvanlanmış və sorğuya cavab olaraq hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra, yəni ## ######## 2022-ci il tarixdə lizinq obyektinin onlara təhvil verildiyi bildirilmişdir.
51. Borcun düzgün hesablanmaması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı kollegiya göstərir ki, bu dəlil formal mülahizə olmaqla cavabdehin subyektiv mülahizəsinə söykənir. Belə ki, müqavilədən irəli gələn pul öhdəliyini icra etdiyini, yəni pul məbləğini ödədiyini (pozitiv halı) iddia edən tərəf bunu sübut etməyə borcludur. Çünki, müqavilə üzrə alacağı olan kreditor, borclunun pulu ödəmədiyini (neqativ halı) sübuta yetirməyə məcbur edilə bilməz. Tələb edilən pul vəsaitinin ödənildiyini sübuta yetirmək yükü isə borclunun üzərinə düşür.
52. Qanunvericiliyin tələblərinə görə bu hal yalnız müəyyən sübutetmə vasitələri ilə (konkret halda pulun qaytarılmasına dair müvafiq qəbzlər, müqavilə və s.) sübut olunmalıdır. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 433.3-cü maddəsinə görə, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.
53. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, cavabdeh cavabdeh4 apellyasiya şikayətinin dəlillərində lizinq verənə 35000 manat məbləğində ödəniş edildiyini qeyd etsə də, lakin edilmiş ödənişlər barədə məhkəməyə mötəbər sübutlar (ödəniş qəbzləri, mədaxil orderləri və.s.) təqdim edilməmişdir.
54. Bununla yanaşı kollegiya hesab edir ki, dəbbə pulunun tutulması hissədə də iddia tam əsaslıdır.
55. Belə ki, həmin tələbin qanuni əsasını Mülki Məcəllənin 462.1-ci maddəsi təşkil edir.
56. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 4.1.2-ci bəndinə əsasən lizinq verənin müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklər lizinq alan tərəfindən vaxtında icra edilmədiyi təqdirdə hər gecikdirilən gün üçün ödənilməmiş məbləğin 0,3% həcmində cərimə tələb etmək hüququ vardır.
57. Işin hallarını, yəni lizinq müqaviləsinin bağlanılması və müqavilənin bitmə tarixlərini müqayisə edərək, həmçinin əsas borcun məbləğini və iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı lizinq müqaviləsinə əsasən 143,65 manat dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Eyni zamanda, tələb edilən dəbbə pulu işin hallarına görə tənasübsüz dərəcədə yüksək deyildir.
58. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Işə baxan məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin yoxlanılan hissədə ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin ## ##### 2022-ci il tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində cavabdeh cavabdeh4 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.