Məhkəmə qərarları › İş №2-2(3-8)-41/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-8)-41/2026

01.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-2(3-8)-41/2026 01.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı “Ceyranbatan Polimer Materialları" Açıq Səhmdar Cəmiyyəti cavabdeh “Vvell Home” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kommersiya işi üzrə Sədrlik edən və məruzəçi hakim Xəlilov Ramin Adilxan oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğludan ibarət tərkibdə, Sumqayıt Kommersiya Məhkəməsinin 06 mart 2026-cı il tarixli, e-2-2(4-13)-444/2026 nömrəli qərardadından iddiaçı “Ceyranbatan Polimer Materialları” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı “Ceyranbatan Polimer Materialları" Açıq Səhmdar Cəmiyyəti cavabdeh “Vvell Home” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilənin ləğv edilməsi, icarə obyektinin boşaldılması və pul tələbi” barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir.

2. Sumqayıt Kommersiya Məhkəməsinin 06 mart 2026-cı il tarixli, e-2-2(4-13)-444/2026 nömrəli qərardadı ilə iddiaçı “Ceyranbatan Polimer Materialları" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh “Vvell Home” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “müqavilənin ləğv edilməsi, icarə obyektinin boşaldılması və pul tələbi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır.

3. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini, iddianın icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

4. Sumqayıt Kommersiya Məhkəməsinin 17 mart 2026-cı il tarixli, e-2-2(4-13)-444/2026 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Şikayətin və ona qarşı etirazın dəlilləri

a) Şikayətin dəlilləri

5. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərazi aidiyyatı qaydalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, “Vvel Home” Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanı Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 41, döngə 2 olsa da, iddiaçı kimi ASC-nin müstəsna aidiyyət qaydasına istinad etməklə, iddianı Bakı Kommersiya Məhkəməsinə deyil, məhz Sumqayıt Kommersiya Məhkəməsinə vermək hüququ vard. Belə ki, iddia tələblərindən biri cavabdehin mübahisəli sahədən çıxarılması ilə bağlıdır.

b) Şikayətə qarşı etirazın dəlilləri

6. Şikayətə qarşı cavabdeh tərəfin yazılı etirazı daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

7. Maddə 35. İddianın cavabdehin olduğu yerə görə verilməsi 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. (...)

Maddə 39. Müstəsna aidiyyət 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. (...) Maddə 44. Məhkəmənin öz icraatına qəbul etdiyi işi başqa məhkəməyə verməsi 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.1. əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; 44.2.3. hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa; 44.2.4. iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa; 44.2.5. hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə; 44.2.6. bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda. Maddə 45. İşlərin başqa məhkəməyə verilməsi və ərazi aidiyyəti məsələlərindən şikayət vermə qaydası 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.2. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər.

Maddə 152. İddia ərizəsinin qaytarılması 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: (...) 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; (...)

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...) Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

8. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

9. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

11. İş materiallarından görünür ki, icarəyəverən “Ceyranbatan Polimer Materialları" Açıq Səhmdar Cəmiyyəti ilə icarəçi “Vvell Home” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 01 oktyabr 2021-ci il tarixli 3/WLH nömrəli icarə müqaviləsinin 1.2-ci bəndinə əsasən icarəyəverən Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, N.Nərimanov küçəsi, ev 1 ünvanında yerləşən, 2,63362 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 11820,1 kvadrat metr olan sahənin 320 kvadrat metr anbar sahəsini icarəyə verir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə 3 (üç) il ərzində qüvvədə olacaq. Bu müqaviləyə onun müddəalarına əsasən xitam verilmədikdə və ya müddəti uzadılmadıqda, müqavilə qüvvəyə minmə tarixinin 3cü (üçüncü) ildönümündə qüvvədən düşəcək.

12. Həmin müqaviləyə 01 dekabr 2022-ci il tarixli 1 saylı əlavəyə əsasən icarəyə verilən əmlak kimi Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, N.Nərimanov küçəsi, ev 1 ünvanında yerləşən, 2,63362 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 11820,1 kvadrat metr olan sahənin 255 kvadrat metr anbar sahəsi müəyyən edilmişdir.

13. Sözügedən mübahisədə iddianın aidiyyəti məsələsi onun predmetindən asılı olaraq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə verilməlidir. Bu norma ümumi aidiyyət qaydasını müəyyən edir.

14. Eyni məcəllənin 39.1-ci maddəsində isə müstəsna aidiyyət halları göstərilmişdir. Həmin maddəyə görə, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qanunsuz sahibliyindən götürülməsi və ya mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan pozuntuların aradan qaldırılması barədə iddialar daşınmaz əşyanın yerləşdiyi yer üzrə məhkəməyə verilməlidir.

15. Lakin təqdim olunan halda mübahisə icarə müqaviləsindən və ona edilmiş əlavədən irəli gəlir. Burada söhbət konkret olaraq Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən daşınmaz əmlakın müəyyən hissəsinin (255 kvadrat metr anbar sahəsinin) icarəyə verilməsindən gedir. Mübahisənin mahiyyəti mülkiyyət hüququnun tanınması və ya əmlakın qanunsuz sahibliyindən geri alınması ilə bağlı deyil, tərəflər arasında mövcud olan müqavilə münasibətlərindən doğan öhdəliklərin icrası ilə bağlıdır. 16 Bu səbəbdən belə mübahisələrə münasibətdə Mülki Prosessual Məcəllənin 39-cu maddəsində nəzərdə tutulmuş müstəsna aidiyyət qaydaları tətbiq edilmir. Nəticə etibarilə, iddia ümumi qaydaya uyğun olaraq, yəni cavabdehin rəsmi qeydiyyatda olduğu yer üzrə məhkəməyə verilməli və həmin məhkəmə tərəfindən baxılmalıdır.

17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə gəldiyi nəticə ilə razılaşır.

18. Ona görə də, şikayətdə göstərilən dəlillər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas deyildir. Odur ki, şikayət təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin 06 mart 2026-cı il tarixli, e-2-2(4-13)-444/2026 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 06 mart 2026-cı il tarixli, e-2-2(4-13)-444/2026 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar