Məhkəmə qərarları › İş №2-2(3-9)-111/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-9)-111/2026

13.08.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2-2(3-9)-111/2026 13.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İlham Qoşunəli oğlu Əsədov (sədrlik edən və məruzəçi), X9 və X13 ibarət tərkibdə, məhkəmə katibi X6, cavabdehin iştirakı ilə, Şirvan Kommersiya Məhkəməsinin ## #### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Cavabdeh İdayət oğluna qarşı nisyə verilmiş mallara görə pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Cavabdeh İdayət oğluna qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, nisyə verilmiş mallara görə 22.485 manat məbləğində borcun və ödənilmiş 158 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutulmasını xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: Ağcabədi rayonu Təzəkənd kəndində kənd təsərrüfatı bitkilərinə aid olan dərman və digər avadanlıqların satışı mağazası vardır. Cavabdeh onun həmkəndlisidir, soğan əkib becərməklə məşğul olur, onunla münasibəti həmişə yaxşı olub. 2021-ci ilin fevral ayının əvvəllərindən başlayaraq 2022-ci ilin iyul ayının axırlarınadək cavabdeh onun mağazasından ayrı-ayrı vaxtlarda nisyə olaraq, 22.485 manat məbləğində toxum, suvarma üçün rezin borular, bitki dərmanları və s. avadanlıqlar almış, pulunu isə məhsulu yığıb satandan sonra, yəni 2022-ci ilin son aylarında (noyabr-dekabr) ödəyəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh hər dəfə mağazadan toxum və ya digər avadanlıqlar götürdükdə mağazada nisyə dəftərində qeydiyyat aparılmışdır. Cavabdeh məhsulu becərib yığmış və məhsulu satandan sonra dəfələrlə ondan götürdüyü malların pulunu ödəməyi xahiş etmişdir. Cavabdeh hər dəfə məhsulu satdığını, lakin ziyanlıq etdiyini, yəni çəkdiyi xərci götürə bilmədiyini bəhanə edərək, pulunun olmamasını və ona bir az möhlət verməyi xahiş edərək, yaxın vaxtlarda borcunu ödəyəcəyini bildirmişdir. Qonşuluğu nəzərə alıb, bir müddət onu gözləmişdir. Lakin cavabdeh borcunu ödəməmişdir. Dəfələrlə cavabdehdən borcunu ödəməyi tələb etmiş, lakin nəticəsi olmamışdır. Sonradan cavabdeh Bakı şəhərinə işləmək adı ilə getmişdir. Dəfələrlə telefon vasitəsi ilə cavabdehdən borcunu ödəməyi xahiş və tələb etmiş, lakin cavabdeh borcunu ödəməkdən yayınmışdır. Cavabdeh 2024-cü ilin mart ayında onu hədələdiyi ilə bağlı onun barəsində Ağcabədi rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Polis Şöbəsində izahat verərkən guya cavabdehə satılmış bitki dərmanının vaxtı keçdiyinə görə soğan məhsulunun məhv olmasını bildirmiş, ancaq cavabdeh hər dəfə ondan aldığı dərmanı aparılan araşdırma zamanı cavabdeh iddia ərizəsində göstərilən məbləğdə borcunun olmasını bir daha etiraf etmişdir. Ancaq sonra yenə də borcunu ödəməmişdir. Cavabdehin ondan nisyə olaraq soğan toxumu və digər zəruri avadanlıqları almasını həmin vaxtı mağazada satıcı işləyən X1, Cavabdeh İdayət oğlunun qardaşı Bayramov Fərman İdayət oğlu və sonradan yaranmış mübahisənin şahidi olmuş digər şahidlər təsdiq edə bilərlər. Birinci instansiya məhkəməsində cavabdehin vəkili vəkil2 iddiaya etiraz etmiş və məhkəmədən iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin (hakim N.Misirzadə) ## #### 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 375.2-ci maddələrinə istinad etməklə iddia müddəti ötürülməsinə əsaslanaraq iddianı rədd etmişdir. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti vermişdir. İşə iddiaçının apellyasiya şikayəti əsasında baxılmış, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər– T.Kərimov, C.İmanov və Q.Əliyev). İşə iddiaçının kassasiya şikayəti əsasında baxılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının ## ##### 2026-cı il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ####### tarixli, 2-2(106)-197/2025 qətnaməsi ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Apellyasiya şikayətinin dəlilləri İddiaçı İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, malların nisyə satış dəftərlərindən çıxarışlardan və məhkəmədə şahid qismində dindirilmiş satıcı X1 izahatından da görünür ki, cavabdehlə iddiaçının arasında 2022-ci il və sonrakı tarixlərdə də razılaşma ilə nisyə alver olmuş, iddiaçı cavabdehə öhdəliyini yerinə yetirmək üçün vaxt vermiş, aralarında nisyə satılmış pulunun verilməsi ilə bağlı heç bir mübahisə olmamışdır. Cavabdeh 2023-cü ilin son aylarından başlayaraq öhdəliyini icra etməkdən yayınmış, bundan sonra iddiaçı cavabdehin öhdəliyini icra etmədiyini bilmişdir. Ancaq həmin sübutlar məhkəmə tərəfindən nəzərə alınmamışdır. İddiaçının məhkəmədə sübut kimi təqdim etdiyi Ağcabədi rayon Polis Şöbəsinin təhqiqatçısının ##.##.2024cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından da görünür ki, Cavabdeh İdayət oğlu həmin tarixdə RPŞ-də verdiyi izahatında və bundan əlavə məhkəmədə iddiaçının təqdim etdiyi cavabdehlə 2023-cü və 2024-cü il tarixlərdə aralarında olan Watsap yazışmalarında cavabdeh borcunun olduğunu etiraf etmişdir. Ancaq həmin sübutlara məhkəmə tərəfindən qiymət verilməmişdir. Birinci instansiya məhkəməsi yalnız cavabdehin və iddiaçının Ağcabədi RPŞ-nin TB-də araşdırma zamanı verdikləri izahatlarda qeyd etdikləri tarixlərə əsaslanaraq iddia müddətinin bitməsi qənaətinə gəlmişdir. Beləliklə, birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Maddi hüquq norması düzgün tətbiq edilmədiyindən qətnamə ləğv edilməlidir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən birtərəfli mövqe tutmuşdur. Məhkəmədə iddiaçının təqdim etdiyi sübutlara qiymət verilməmişdir. İzahatlar Apellyasiya baxışında cavabdeh Cavabdeh İdayət oğlu apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında bildirmişdir ki, iddiaçının istinad etdiyi və Ağcabədi rayon Polis Şöbəsinin qərarında göstərilən, onun adından yazılan və imzalanan izahatı o verməmişdir, izahatı onun adından yazıblar. Bununla əlaqədar rayon prokurorluğuna və Respublika Prokurorluğuna yazılı müraciət etmiş, sonra Ağcabədi Rayon Polis şöbəsinin təhqiqatçısı onu dəvət edib izahatını almışdır. Cavabdeh onu da qeyd etmişdir ki, iddiaçının istinad etdiyi SMS yazışmaları şəriki Elimdar Zeynalovla aralarında olan 9800 manat borcla bağlı olmuşdur. Belə ki, 2018-ci ildə Elimdar Zeynalovla 0,66 hektar şərikli soğan əkmiş, həmin borcla bağlı ayrı məhkəmə icraatı olmuşdur və o, borc məbləğini hazırda ödəyir. İddiaçıya isə 22500 manat borcu olmayıb. İddiaçı və onun səlahiyyətli nümayəndəsi məhkəməyə ərizə göndərək, iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını, iddianın təmin edilməsini xahiş etmişdir. Kollegiya işə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-in) 376.2ci maddəsinə əsasən iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. İşin halları Birinci instansiya məhkəməsinə təqdim edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Ağcabədi rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısının ## ##### 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarla Cavabdeh İdayət oğlu və X4 müraciətləri əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, İddiaçı izahatında 2021- 2022-ci illərdə həmkəndlisi Cavabdeh İdayət oğlu ondan nisyə 22.485 manatlıq təsərrüfata aid olan toxum, rezin borular, dərmanlar və s. avadanlıqlar almış və ziyanlıq etdiyini bəhanə gətirərək pulunu ödəməmişdir. 2023-cü ildə Ağcabədi rayonu, Şənlik kənd sakini X4 ondan 1.000 manatlıq toxumu nəğd ödəniş edib almışdır. Sonra isə yenə Elmidar ondan 9.661 manatlıq toxum, rezin borular, dərmanları nisyə alıb, soğanı çıxarıb satdıqda pulunu verəcəyini bildirmiş, lakin soğan məhsulunu yığıb, borcu ödəməmişdir. Elmidar soğanın yaxşı olduğunu və kisəni 12 manatdan satdığını ona demişdir. Ondan dəfələrlə pulunu istəsə də, müxtəlif bəhanələr gətirmişdir. Son vaxtlar isə Nazim ona Watsap vasitəsi ilə yazaraq pulu onun verəcəyini bildirmişdir. O, bununla razılaşmadıqda isə nə Elmidarın, nə də özünün heç bir ödəniş etməyəcəyini bildirib, onu təhqir edib, hədələmişdir. Hazırda isə onun müraciəti ilə tanış olmuş və Elmidara təhqiqata təqdim etdiyi “Rocket” adlı dərmanı satmamışdır. Həmin dərmanın zavodu bağlanmışdır. O, həmin dərmandan sonuncu dəfə 2020-2021-ci illərdə satmışdır. Elmidar və Nazim borclu olduqları pulları istəməsin deyə onu şərləmişdirlər. Nazim və Elmidarın yanlış söylədiyini, onlara belə dərman satmadığını bildirmişdir. Ağcabədi rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısının ## ##### 2024-cü il tarixli qərarından və polisdə alınmış izahatlardan görünür ki, Cavabdeh İdayət oğlu araşdırma zamanı izahatında bildirmişdir ki, 2021 və 2022-ci illərdə soğan əkən zaman həmkəndlisi İddiaçı təxminən 22.000 manatlıq nisyə boru, toxum, dərman və s. almışdır. 2023-cü ildə X4 ilə Ağcabədi rayonu Kəhrizli kənd ərazisində təxminən 10 ha yaxın torpaq sahəsi icarəyə götürüb soğan əkmək qərarına gəlmişlər. Elmidar İddiaçı 1.000 manatlıq soğan toxumu almışdır. Yerdə qalan toxum, boru və dərman məhsullarını Elmidar nisyə götürmüşdür. Elmidarın hazırda Anara 9.600 manat borcu vardır. 2023-cü ilin iyul ayında əkdiyi soğana bit düşmüşdür. Elmidar da Anardan dərman alıb gətirmiş və soğana vurulmuşdur. Təxminən 1 həftə içində soğan məhv olmağa başlamışdır. Onlar elə düşünmüşlər ki, həmin dərman soğana əks təsir göstərmişdir. Onlar bu haqda Anara və başqa şəxsə heç nə deməmişlər. Soğanın bir hissəsini satmışlar. Lakin yenə də ziyan etmişlər. Bundan sonra Elmidarla Bakı şəhərinə gedib, usta işləməyə başlamışlar. Anar Elmidarın 9.600 manat borcuna görə onları narahat etməyə başlamışdır. Hətta “onları tutduracaq” sözünü demişdir. Anar onu təhqir etmişdir. Anar Watsap vasitəsi ilə səslər ataraq hədələmişdir. Bununla bağlı heç kimin məlumatı yoxdur və Elmidar dərmanı tək nisyə almışdır. Onun Anara 22.000 manatdan çox borcu vardır. X4 polisdə araşdırma zamanı izahatında bildirmişdir ki, 2023-cü ilin fevral ayında Ağcabədi rayonu, Ş.Təzəkənd kənd sakini Cavabdeh İdayət oğlu ilə şərik olaraq Ağcabədi rayonu, Kəhrizli kənd ərazisində icarəyə torpaq götürüb, soğan əkmək qərarına gəlmişdir. Onlar həmin sahəyə lazım olan toxum, dərman və borunu Ağcabədi rayon Ş.Təzəkənd kənd sakini İddiaçı götürmüşlər. O, həmin vaxt Anardan 1.000 manat ödəniş edib, soğan toxumu almış, qalan malları isə nisyə almışdır. Onun Anara 9.000 manatdan çox pul borcu qalmışdır. 2023-cü illin iyul ayında soğana bit düşmüş, o da Anarın yanına gedib bildirdikdə ona “Rocket” adlı dərman vermişdir. O həmin dərmanı soğana vermiş, lakin 1 həftə sonra soğanın saralıb məhv olduğunu görmüşdür. O, bu haqda Anara heç nə deməmişdir. Həmin soğan məhsullardan bir qismini isə yığıb satmışdır. Bundan sonra Nazimlə birlikdə Bakı şəhərinə gedib usta işləmişlər. Həmin vaxtdan Anara borcu olduğu 9000 manatdan çox pulu verə bilmədiyi üçün Anar mütəmadi olaraq zəng edib onu narahat etmişdir. Şəriki Nazimə isə “onu və Elmidarı tutduracaq” deyə bildirmişdir. Anarın ona verdiyi dərmanın istifadə müddəti bitmişdir. O, dərmanı Anarın mağazasında özündən almış, həmin vaxt yanında heç kim olmamış və bu haqda sadəcə şəriki Nazimin xəbəri olmuşdur. Onlar Anarı şərləmir, onun Anara 9000 manatdan çox, Nazimin isə 22000 manat borcu vardır. Polisdə araşdırma zamanı X1 bildirmişdir ki, X4 adlı şəxs 2023-cü il tarixində müxtəlif vaxtlarda mağazadan 9661 manatlıq nisyə mal almış və hazırkı vaxta qədər heç bir ödəniş etməmişdir. X2 araşdırma zamanı izahatında bildirmişdir ki, 2023-cü ildə Cavabdehla Elmidar Zeynalovun Ağcabədi rayon Kəhrizli kənd ərazisində yerləşən şərik əkdikləri 9 ha soğan sahəsini təxminən 30 dəfə traktoru ilə dərmanlamışdır. 2023-cü ilin may ayında soğana xəstəlik düşmüşdür və 3 ha soğan saralaraq məhv olmuşdur, həmin vaxt onlar soğanın dərman vurulma nəticəsində məhv olması barədə heç nə deməmişlər. Soğana dərman vurulma nəticəsində məhv olduğunu düşünmədiyini, Nazim və Elmidarın yalan dediyini və həmçinin onların ona 250 manat borcu qaldığını, müxtəlif bəhanələr gətirərək indiyə qədər ödəmədiklərini bildirmişdir. İddiaçının təqdim etdiyi “Nisyə dəftəri”ndən çıxarışa görə, həmin dəftərdə cavabdehə toxum, bitki dərmanları və s. avadanlıqların nisyə verilməsinə dair müvafiq qeydlər aparılmışdır. İddiaçının təqdim etdiyi watsap yazışmalarından çıxarışlardan görünür ki, tərəflər arasında qeyd edilən borcla bağlı yazışmalar aparılmışdır. ## ###### 2023-cü il tarixli yazışmada “Nazim salam”, “qaqa sən neynedin 22485 borc var sentyabr veresiydin”, “gel bunu torpaq deyirdin həll edək” sözlərinə qarşı Nazimin adından “Salam görüşaciyik” sözləri, “nə vaxt?” sualına qarşı tərəfdən “Yaxinlarda” sözləri vardır. Bundan başqa ##.##.2024-cü il tarixli SMS yazışmalarında Nazimin adından aşağıdakılar qeyd olunmuşdur: “Bu elmidari naya yigirsan dayqa başi alveri man elamişam sanla o bir toxum alib sandan yarsin verib yarsinda hakesabda manlik olub gah farmana sas atsan gah elmidari yigirsan ,, o borcun hamsi manlikdi mandada pul yoxdu görüşmay isdirsan görşay sabah onsuz pul yoxdu görüşsayda görüşmasayda , görüşmayimiz ücün kalmeyi şadatimizi deyak görşay axri budu, beladaki sanin o kareryani qurdugun abyekdi manim alimnan cixartmisan onnan ötari man. ramanıdan torpagimi satmişam o vaxt 25 mina ini onun qiyrmati 80 mindi san eladin o mardimazarcligi belada görüşmay isdirsan görşay”. İddiaçı tərəfindən cavabdehə 2025-ci il # #### tarixli pretenziya məktubu göndərilmişdir. Hazırki tələbində iddiaçı, tərəflər arasında (şifahi qaydada) qarşılıqlı razılıq əsasında iddiaçı tərəfindən müxtəlif vaxtlarda cavabdehə nisyə satılmış (toxum, suvarma üçün rezin borular, bitki dərmanları və s. avadanlıqlar) mallara görə pulun ödənilməsini xahiş etmişdir. Cavabdeh tərəf birinci instansiya məhkəməsində iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir. Tətbiq edilən və ya nəzərdən keçirilən normalar Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə 372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 373. İddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375. İddia müddətinin tətbiqi 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Maddə 427. Öhdəliyin icrası müddəti 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Kollegiya hesab edir ki, aşağıdakılara əsasən iddia əsaslı olduğundan təmin edilməlidir: İşin faktiki hallarını araşdıran məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında (şifahi qaydada) bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən müxtəlif vaxtlarda cavabdehə mallar (toxum, suvarma üçün rezin borular, bitki dərmanları və s. avadanlıqlar) nisyə satılmışdır. İddiaçının tələbinə görə cavabdeh tərəfindən malların dəyəri ödənilməmişdir. Ağcabədi rayon Polis şöbəsi tərəf tərəfindən məhkəməyə təqdim edilmiş materiallara əlavə edilən Ağcabədi rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısının 2024-cü il # ##### tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı və həmin materiallara əlavə edilmiş tərəflərin əlyazma izahatları müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıdan qeyd edilən mallar (toxum, suvarma üçün rezin borular, bitki dərmanları və s. avadanlıqlar) 2020 və 2021-ci illərdə alınmışdır. Polisdəki izahatlarında cavabdeh iddiaçıya 22.000 manatdan çox borcu olduğu faktı etiraf etmişdir. Sonuncu apelyasiya baxışında cavabdeh izahatında polisdə verdiyi izahatlarının düzgün yazılmadığını, həmin borcun onun şəriki ilə bağlı olduğunu qeyd etsə də bu, inandırıcı görünmür. Belə ki, işin hallarından görünür ki, polisdə cavabdehin şəriki X4 da onun Anara 9000 manatdan çox, Nazimin isə 22000 manat borcunun olduğu barədə izahat vermişdir. Birinci instansiya məhkəməsində cavabdeh tərəf onun iddiaçıya borcunun olması faktının etirafı ilə bağlı izahatlarını təkzib edən dəlil irəli sürməmiş və ya əlavə izahat verməmişdir. Bundan başqa, iddiaçının təqdim etdiyi watsap yazışmalarından çıxarışlardan görünür ki, tərəflər arasında qeyd edilən borcla bağlı yazışmalar aparılmışdır. Cavabdeh iddiaçının təqdim etdiyi SMS yazışmalarının onun tərəfindən aparıldığını təkzib etməmişdir. ## ###### 2023-cü il tarixli yazışmadan görünür ki, iddiaçı cavabdehdən konkret olaraq 22485 manat borcunu tələb etmiş, cavabdeh borcun mövcudluğu və ya miqdarı barədə etiraz bildirməmişdir. Sonra tərəflər arasında 2024-cü il ## ###### tarixində danışıqlar (SMS yazışmaları) olmuşdur. Cavabdeh tərəf birinci instansiya məhkəməsində iddia müddətinin ötürüldüyünü bildirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia, iddia müddətinin ötürülməsi əsası ilə rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən göstərmişdir ki, iddiaçı hüquqlarının pozulduğunu bildiyi andan, yəni 2021-ci ilin dekabr ayında cavabdehin aldığı malların dəyərini satdığı məhsuldan ödəməli olmasına baxmayaraq, bundan imtina etdiyi vaxtdan üç il ərzində məhkəməyə müraciət etməli olduğu halda, dörd ildən sonra- # #### 2025-ci ildə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin mövqeyinə görə, iddiaçı üçün iddia müddətinin axımı malların sonuncu dəfə alındığı vaxtdan, yəni 2021-ci il tarixdən başlamışdır. Kollegiya iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi hissəsində birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Qanunun tələbinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir (MM 377.1-ci maddəsi). İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (MM 377.2-ci maddəsi). İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (MM 377.3-cü maddəsi). Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur (MM-in 427.2-ci maddəsi). Nəzərə alınmalıdır ki, iddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə MM-in 377.3-cü maddəsini tətbiq etməli olduğu halda bu normanı tətbiq etməmişdir. Hazırki işin halları baxımından tərəflər arasında şifahi qaydada bağlanmış nisyə alqısatqı müqaviləsinə əsasən öhdəliyin icra müddəti müəyyənləşdirilməmişdir, odur ki, iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanmışdır. İş materiallarında olan tərəflər arasındakı Whatsapp yazışmalarından müəyyən olunur ki, iddiaçı 2023-cü il # ###### tarixində borcun verilməsini cavabdehdən tələb etmişdir, daha sonra 2024-cü il ## ###### tarixində danışıqları olmuşdur. Birinci instansiya məhkəməsi hazırki iş üzrə iddia müddətinin axımının başlanması anının müəyyənləşdirilməsi üçün tərəflər arasında mövcud olan yazışmalara (danışıqlara) Mülki Məcəllənin yuxarıda göstərilən 427.2 və 377.3-cü maddələrində nəzərdə tutulan qaydalara uyğun olaraq qiymət verməmiş və iş üzrə iddia müddətinin axımının başlanması anını müəyyən edərkən səhv nəticəyə gəlmişdir. Mülki Prosessual qanunvericiliyin tələblərinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 80, 81, 88-ci maddələri). Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 217.1, 217.3, 217.4-cü maddələri). Göstərilənlər onu deməyə əsas verir ki, qətnamə qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarını pozulduğundan qətnamə ləğv edilməli, iddia təmin edilməlidir. Beləliklə, Kollegiya belə nəticəyə gəlir ki, qətnamə ləğv edilməli, iddia təmin edilməli, Cavabdeh İdayət oğlundan 22.485 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Apellyasiya şikayəti təmin edildiyindən və iddia təmin edildiyindən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumuna görə cavabdehdən 158 manat tutulub iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. Cavabdeh İdayət oğlundan 22.485 manat məbləğində pul alınıb İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumuna görə Cavabdeh İdayət oğlundan 158 manat tutulub İddiaçı xeyrinə ödənilsin. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar