Məhkəmə qərarları › İş №2-2(3-9)-112/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-9)-112/2026

11.08.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2-2(3-9)-112/2026 11.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İlham Qoşunəli oğlu Əsədov (sədrlik edən və məruzəçi), X5 və X9 barət tərkibdə, məhkəmə katibi X1, iddiaçının və onun nümayəndəsi və vəkili nümayəndə2, cavabdeh və onun nümayəndəsi və vəkili vəkil3, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs nümayəndəsi nümayəndə1 iştirakı ilə, Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən çıxarılma və s. tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə ünvan 1 ünvanında 0,0036 ha torpaq sahəsində yerləşən */*T nömrəli 1 giriş, 29.12 kv.m ümumi, 29.12 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasından (mağazadan) cavabdeh Cavabdeh çıxarılması, həmin qeyri-yaşayış binasının onun qanuni istifadəsinə qaytarılması, torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binasından sərbəst istifadə etməsinə hər hansı maneəçilik etməsinin cavabdehə qadağan edilməsini xahiş etmişdir İddiaçı İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermiş, cavabdehin Şirvan şəhəri, 28 May küçəsində yerləşən ümumi sahəsi 158.08 kv.m olan qeyriyaşayış sahəsindən çıxarılmasını, həmin qeyri-yaşayış sahəsinin onun qanuni istifadəsinə qaytarılmasını və gələcəkdə həmin torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış sahəsindən sərbəst istifadə etməsinə hər hansı bir maneəçilik yaradılmasının cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: Şirvan şəhəri 28 may küçəsindən icarəsində olan 0,0036 ha torpaq sahəsi və onun üzərində yerləşən */*T nömrəli 1 girişli, 29,12 kv.m ümumi, 29.12 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (mağaza) tam mülkiyyət hüququ ilə ona məxsusdur və bu hüquq Azərbaycan Respublikasının DƏDRX-də qeydiyyata alınmışdır. Qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi 0,008 ha olmaqla müvafiq qaydada qeydiyyatdan keçmişdir. Cavabdeh həmin qeyri-yaşayış obyektini qanunsuz olaraq zəbt edib, özbaşına istifadə edir. Hazırda iş üzrə cavabdeh onun qanuni istifadəsində olan həmin əmlakdan sərbəst istifadəsinə, onun üzərində sərəncam verməyinə və s. hərəkətlərinə maneçilik etməklə müxtəlif çətinliklər yaradır və ona maddi və mənəvi ziyan vurur. Cavabdehin hərəkətlərini son dərəcə qanunsuzluq və özbaşınalıq hesab edir. O, öz mülkiyyəti üzərində sərəncam hüququnu həyata keçirə bilmir. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya etiraz etmiş və bildirmişdir ki, iddiaçının tələb etdiyi Şirvan şəhəri 28 May küçəsi 12 ünvanında yerləşən 0,0036 ha torpaq sahəsi üzərində yerləşən */*T nömrəli 1 giriş, 29,12 kv.m ümumi 29,12 kv.m əsas sahədən ibarət 1 mərtəbəli, qeyri-yaşayış sahəsini 2005-ci il tarixdən icarəyə götürmüşdür. Aylıq icarə haqqı əvvəl 150 manat, sonradan 200 manat olmuşdur. Həmin yerin yanında onun da 67 kv.m torpaq sahəsi olmuş, 2014-cü ildə iddiaçının sahəsi ilə onun sahəsi birləşdirilmiş və belə razılaşmışlar ki, kim çıxmaq istəsə, öz payını digər tərəfə satar. Onun da həmin vaxt maddi imkanı zəif olduğu üçün onunla razılaşmış və iddiaçıya ayda onun hissəsinə görə 400 manat icarə haqqı ödəməyə başlamışdır. 2024-cü ilin yanvar ayında iddiaçı bildirmişdir ki, “yeri satıram, sənə düşən hissənin də pulunu verəcəm”. O, etiraz etməmiş və fevral ayının 29-na dək ondan vaxt istəmişdir. İddiaçı onun çıxmağı barədə bildirdikdən bir neçə gün sonra “OBA” marketin işçilərindən də bir neçə nəfər gələrək notariat qaydasında təsdiq edilmiş müqaviləni göstərərək sahəni aldıqlarını bildirmişlər. Həmin vaxtdan keçən müddət ərzində də iddiaçı ona həmin sahəni işlətməyə imkan verməmiş, məhkəmə qaydasında mağaza üzərinə həbs qoyulmuşdur. Çünki iddiaçı onun çıxmasını gözləmək əvəzinə, ondan, ailəsindən müxtəlif inzibati orqanlara, polis şöbəsinə, prokurorluğa şikayətlər etməyə başlamışdır. Keçən müddət ərzində də o, ancaq iddiaçının şikayətləri üzrə izahat verməklə məşğul olmuşdur. İddiaçı indiyənədək bir manat da olsun vergi ödənişi ödəməmişdir, bütün vergilər də onun tərəfindən ödənilmişdir. Hətta iddiaçı vergidən yayınmaq üçün onun rəsmi olaraq icarə müqaviləsi də bağlamamışdır. Faktiki olaraq icarəsində olan və iddiaçıya da icarə müqaviləsi əsasında məxsus olan Şirvan şəhəri 28 May küçəsində olan 0,0036 ha torpaq sahəsinə və seriya MH-******* nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan */*T nömrəli 1 girişli, 29, 12 kvm. ümumi, 29.12 kvm.əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına görə də icarə haqqı və vergi onun tərəfindən ödənilmişdir. Çünki həmin obyektə bitişik 67 kv.m torpaq sahəsini o, Şirvan şəhər İcra Hakimiyyətindən alqı-satqı yolu ilə almış və həmin sahədə tikintiyə icazəsi də olmuşdır. Lakin maddi imkanı olmadığı üçün qeyri-yaşayış sahəsini tikə bilməmişdir. 2014-cü il tarixdə iddiaçı ilə şərik qaydada öz icazəsi əsasında ona məxsus olan torpaq sahəsini və iddiaçıya məxsus qeyri-yaşayış sahəsini birləşdirərək şərikli qaydada vahid obyekt tikmişlər. Ümumilikdə qeyriyaşayış sahəsi 150 kv.m olmuşdur. Hazırda isə iddiaçı həmin qeyri-yaşayış sahəsinin bütövlükdə ona məxsus olmasını bildirərək, onu məhkəməyə vermişdir. Birinci instansiya məhkəməsində cavabdeh sonradan ərizə verərək iddianı qismən qəbul edərək bildirmişdir ki, iddiaçının 29 kv.m olan hissəsi ilə razıdır. Çünki məhkəmə gedişatında da vurğuladığı kimi mübahisəli ərazidə hər ikisinin obyekti olmuşdur. Öz aralarında olan şifahi razılaşmaya əsasən hər iki obyekt birləşdirilmişdir. Sadəcə ev olaraq o, ona məxsus olan hissəni gərək bilmədiyi üçün sənədləşmə qeyd etməmişdir. Mübahisə edilən obyekt ilk vaxtdan onun istifadəsindədir. İddiaçıya aid olan 29 kv.m sənədlə ona məxsusdur. Qalan hissəni isə ekspertiza qərarına əsasən torpaq sahəsi bələdiyyə ərazisidir və heç kimə aid deyildir. Qanunvericiliyə əsasən Bələdiyyə torpaq sahəsini satışa çıxararsa ilk olaraq torpaq sahəsinin kimin istifadəsində olduğu şəxsə təklif etməlidir. Ona görə də, iddiaçının qeyd etdiyi iddia tələbinin və hazırda üzərinə həbs qoyulduğu 29 kv.m hissənin təmin edilməsini iddianın qalan hissəsinin rədd edilməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin 2024-cü il # ###### tarixli e-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)- ***/**** nömrəli qərardadı ilə qətnamə ləğv edilmiş və mahiyyəti üzrə baxılması üçün iş Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Daha sonra cavabdeh izahatında iddia tələbini qəbul etmədiyini, mübahisəli qeyriyaşayış sahəsindən qanuni əsaslarla istifadə etdiyini, həmin qeyri-yaşayış sahəsinin iddiaçıya heç bir aidiyyətinin olmadığını bildirmiş və iddianın rədd olunmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin (hakim– Z.Abbasov) ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 157.2, 178.1, 203.1-ci maddələrinə; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2, 67.1, 67.4-cü maddələrinə; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1 və 2.2-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2, 77.1, 217.1, 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti vermişdir. İşə iddiaçının apellyasiya şikayəti əsasında baxılmış, Şirvan Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının (hakimlər C.İmanov, Q.Əliyev, T.Kərimov) ## ###### 2025 tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iddia qismən təmin edilmiş, cavabdehin Şirvan şəhəri 28 May küçəsində yerləşən tikintialtı sahəsi 158.0 kv.m., ümumi sahəsi 137.7 kv.m olan birmərtəbəli qeyri-yaşayış sahəsindən çıxarılması, həmin qeyri-yaşayış sahəsinin iddiaçının sahibliyinə qaytarılması və qeyd edilən qeyri-yaşayış binasından (mağazadan) iddiaçının sərbəst istifadə etməsinə hər hansı maneəçilik törətməsinin cavabdehə qadağan edilməsi qət olunmuşdur İşə cavabdeh Cavabdeh kassasiya şikayəti əsasında baxılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının (hakimlər R.Qurbanov, B.Qəribov və Z.Babayev) ##.##.2026-cı il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Apellyasiya şikayətinin dəlilləri İddiaçı İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İddiaçı şikayətində göstərmişdir ki, 1 girişli, 29,12 kv.m ümumi, 29.12 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (mağaza) tam mülkiyyət hüququ ilə ona məxsusdur və cavabdeh ondan özbaşına istifadə edir. Mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə dair iddiaçı ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında icarə müqaviləsi bağlanmış, sonra icarə müqaviləsinin müddəti uzadılmışdır. Lakin cavabdehin həmin qeyri-yaşayış sahəsinə dair hər hansı hüquq müəyyənedici sənədi müəyyən edilməmişdir. Şikayətdə qeyd edilir ki, hazırkı iş üzrə ilkin olaraq Şirvan Şəhər Məhkəməsində iş üzrə aylarla araşdırma aparılmış, mütəxəssis və ekspert rəyi alınmış və iddia təmin edilmişdir. Məhkəmə iş üzrə əhəmiyyətli olan hallara qiymət verməmiş, araşdırılmış hallara istinad etməmişdir. Məhkəmə cavabdehin adına olan sənədin saxta olmasına diqqət etməmiş, Şirvan Şəhər Prokurorluğunun qərarına, şahid ifadələrinə, müxtəlif dövlət orqanlarından alınmış cavablara qiymət verməmiş, ümumilikdə qanunsuz və əsassız bir qətnamə qəbul etmişdir. İzahatlar P r o s e s s u a l m ə s əl ə l ə r Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi və vəkili nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, iddiaçıya aid torpaq sahəsi cəmi 158 kv.m-dir. Bələdiyyə onunla həmin torpaq sahəsi üzərində müqavilə bağlamışdır. 36 kv.m tikilinin çıxarışı və texniki pasportu var, 80 kv.m-dən ibarət torpağın isə alqı-satqı müqaviləsi və protokol sənədləri vardır. Həmin torpaq sahəsini hərrac yolu ilə alınmışdır. 36 kv.m torpaq sahəsinin üzərində 29 kv.m tikili var idi. Hazırda tikili sökülmüşdür. Belə ki, həmin tikilini söküb, yerində yeni mağaza tikmişdir. Torpaq sahəsi 2011-ci ildə alınıb. Bundan başqa, 42 kv.m torpağa dair X3 və İcra Hakimiyyəti tərəfindən verilmiş sənədlər var. Torpaq sahəsi bələdiyyə mülkiyyətindədir və o həmin torpaq sahəsini hərrac yolu ilə almışdır. İddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmiş və izahatında bildirmişdir ki, ona məxsus 29.12 kv/m-lik mağazanı cavabdehə icarəyə vermişdir. Sonradan həmin mağazanın yanında 80 kv.m yeri də icarəyə götürmüş və toplam (36kv.m + 80kv.m) 116 kv.m-lik yeri də cavabdehə vermişdir. Mağazasının yanında cavabdehin 67.7 kv.mlik torpaq sahəsi də olmuş və 2013-cü ildə 116 kv.m-lik sahədə mağazanı söküb, ümumi razılıqla şərikinə onun da 67.7 kv.m-lik torpaq sahəsini əhatə edən sahədə yeni mağaza inşa etdirmişlər. Cavabdehlə arasında votsap yazışması olmuşdur. Cavabdeh torpaq sahəsində olan yarımtikilini söküb, yenidən tikilməsi barədə fikirlərini həmin yazışmada bildirmişdir. İddiaçı torpaq sahələrinin 2019-cu ildən cavabdehin sahibliyində olduğunu qeyd etmişdir. Cavabdehin nümayəndəsi və vəkili vəkil3 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, izahatında bildirmişdir ki, 36 kv.m torpaq sahəsinin üzərində əvvəllər 29 kv.m tikili olub, lakin hazırda həmin tikili mövcud deyil. Torpaq sahəsində hazırda yeni tikili inşa edilmişdir. İddiaçının bildirdiyinə görə, 36 kv.m sahəyə dair 2011-ci ildə bələdiyyə ilə müqavilə bağlamışdır, lakin həmin torpaq qanuni əsaslarla verilməmiş və torpaq sahəsinə dair müqavilələr müvafiq qaydada qeydiyyatdan keçməmişdir. Bu baxımdan istinad edilən icarə müqavilələri etibarsız əqddir. Müqavilə ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində və digər orqanlarda heç-bir sənəd yoxdur. İddiaçının istinad etdiyi XDS-dən aldığı torpaq sahəsinin də arxiv sənədləri yoxdur. Sözügedən tikilini isə iddiaçı ilə cavabdeh birlikdə şərikli inşa etmişlər. Cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs nümayəndəsi nümayəndə1 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmiş, izahatında qeyd etmişdir ki, mübahisəli torpaq sahələri üzrə mülkiyyət hüququnu təsdiq edən sənəd yoxdur, torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyəti qeydiyyata alınmamışdır. Lakin həmin torpaq sahələri bələdiyyənin ərazisi hesab olunur. Əsaslandırma MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş, qətnaməni tam mübahisələndirmişdir. Qətnamə apellyasiya şikayəti əsasında tam həcmdə yoxlanılır. İş materiallarına əlavə olunmuş sənədlərdən aşağıdakılar müəyyən edilir: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan Ərazi İdarəsinindən verilmiş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Şirvan şəhəri 28 May küçəsi 12 ünvanında yerləşən təyinatı yaşayış məntəqlərinin torpaqları, məqsədli istifadə növü sahibkarlıq olan, mülkiyyət növü bələdiyyə olan, sənəd üzrə və faktiki sahəsi 0,008 ha olan torpaq sahəsinin hüquq subyekti Şirvan şəhəri Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsdir. Torpaq sahəsinin planı və ölçüsü ##.##.2011-ci ildə tərtib edilmişdir. Şirvan şəhəri 28 May küçəsi 12 ünvanında olan 0,008 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Şirvan şəhəri Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adına daşınmaz əmlakın dövlət reyestrində ##.##.2011-ci ildə * nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır. ##.##.2018-ci il tarixli daşınmaz əmlakın (qeyri-yaşayış binası (mağaza)) alqı-satqı müqaviləsi əsasında satıcı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Əli-Bayramlı şəhər Ərazi İdarəsi torpaq sahəsi 0,0036 ha, faktiki torpaq sahəsi 0,0036 ha, əsas sahəsi 29,12 kv.m, ümumi 29,12 kv.m olan, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binasını (mağaza) 4200 manata alıcı İddiaçı satmışdır. Şirvan şəhəri 28 May küçəsində icarəsində olan 0,0036 ha torpaq sahəsində yerləşən */*T nömrəli girişli, 29,12 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (mağaza) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ##.##.2008-ci ildə * nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır. ##.##.2008-ci il tarixli *** nömrəli torpaq icarəsi müqaviləsi ilə icarəyəverən Şirvan şəhəri Bələdiyyəsi icraçı İddiaçı ünvan 2 küçəsində yerləşən ümumi sahəsi 36.0 kv.m olan torpaq sahəsini müvəqqəti istifadə üçün icarəyə verir. İcarəçi isə onu qəbul edir. İcarəyə verilmiş torpaq sahəsinin təyinatı mağaza (tikintialtı sahə) sahəsi 36.0 kv.m olan, müqavilə üzrə illik icarə haqqı 43 manat 20 qəpikdir. İcarə müqaviləsi ##.##.2008-ci il tarixdən ##.##.2023-cü il tarixə qədər müddətə bağlanır. ##.##.2011-ci il tarixli H-*** nömrəli torpaq icarəsi müqaviləsi ilə icarəyəverən Şirvan şəhəri Bələdiyyəsi icraçı İddiaçı ünvan 2 küçəsində yerləşən ümumi sahəsi 80.0 kv.m olan torpaq sahəsini müvəqqəti istifadə üçün icarəyə verir. İcarəçi isə onu qəbul edir. İcarəyə verilmiş torpaq sahəsinin təyinatı mağaza (tikintialtı sahə) sahəsi 80.0 kv.m olan, müqavilə üzrə illik icarə haqqı 145 manatdır. İcarə müqaviləsi ##.##.2011-ci il tarixdən ##.##.2016-cı il tarixə qədər müddətə bağlanır. Həmin müqavilənin arxa vərəqində olan qeydə əsasən ##.##.2011-ci il tarixli H-*** saylı icarə müqaviləsinin vaxtı ## ###### 2025-ci il tarixə qədər uzadılmışdır. ##.##.1996-cı il tarixli ** nömrəli Əli-Bayramlı şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə şəhər sakini Cavabdeh mağaza tikintisinə icazə verilməsi, obyektin tikintisi üçün şəhərin 28 May küçəsində 67 kv.m torpaq sahəsi ayrılması qərara alınmışdır. Bundan başqa, iş materiallarından görünür ki, Şirvan şəhər sakini İddiaçı Şirvan şəhər prokurorluğuna müraciəti əsasında araşdırma aparılmışdır. Araşdırılan sənədlərdən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin ** saylı ərazi idarəsinə müraciət edən zaman Cavabdeh təqdim etdiyi Əli-Bayramlı şəhər İcra Hakimiyyəti başçısının ##.##.1996cı il tarixli ** nömrəli sərəncamının sürəti heç bir hüquqi əsası olmayan sənəddir. Sənəd üzərindəki möhürün daxilindəki yazıların məzmununu, doğruluğunu və faktiki olaraq Şirvan şəhər (keçmiş Əli-Bayramlı) İcra Hakimiyyətinə aid olub-olmadığını dəqiqləşdirmək mümkün deyil. Həmin sənədin hansı vaxtda, haradan əldə edilməsi araşdırmaya məlum deyildir. Araşdırma nəticəsində Cavabdeh əməlində cinayət tərkibi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə cinayət işinin başlanması rədd edilmişdir (##.##.2024-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar). Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X7 ##.##.2024-cü il tarixli, *-**- DA-**F/*-***/**** saylı məktubundan görünür ki, Dövlət Arxivinin Şirvan filialında mühafizə olaraq Əli-Bayramlı (indiki Şirvan) şəhər İcra Hakimiyyətinin 1996-cı il tarixli sərəncamlar kitabında vətəndaş Cavabdeh adına sərəncam aşkarlanmamışdır. İddiaçının tələbinə görə, Şirvan şəhəri 28 May küçəsində yerləşən torpaq sahələrinə dair iddiaçı (icarədar) ilə üçüncü şəxs (icarəyəverən) arasında 2008-ci il # ######## tarixli *** nömrəli və 2011-ci il ## ####### tarixli H-*** nömrəli torpaq icarəsi müqavilələri bağlanılmış, 2008-ci il # ######## tarixli *** nömrəli icarə müqaviləsi 2011-ci il ## ####### tarixindən 2016-cı il ## ####### tarixinə qədər müddətə bağlanılmış, 2011-ci il ## ####### tarixli H-*** nömrəli həmin müqavilənin arxa vərəqində olan qeydə əsasən 2011-ci il ## ###### tarixli H-*** nömrəli icarə müqaviləsinin vaxtı 2025-ci il ## ###### tarixinə qədər uzadılmışdır. İş üzrə mübahisəli torpaq sahələrinin koordinatlarını müəyyən etmək üçün məhkəmə mühəndis-texniki ekspertizası keçirilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs ** saylı Şirvan Ərazi İdarəsinin mütəxəssis rəyinə əsaslanan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2024-cü il tarixli **/**** saylı rəyi ilə aşağıdakılar müəyyən edilmişdir: DƏDRX HDQHDƏDR-nin ******* nömrəli MH seriyalı çıxarışı əsasında Şirvan şəhəri, 28 May küçəsində İddiaçı icarəsində olan 0.0036 ha torpaq sahəsində yerləşən tam mülkiyyət hüququ üzrə İddiaçı özünə məxsus, ümumi sahəsi 29.12 kv.m qeyri-yaşayış binası hal-hazırda mövcud olmadığından qeyri-yaşayış binasının (mağazanın) sərhədlərinin, kontur və koordinatlarının müəyyən edilməsi mümkün olmamışdır. İddiaçı icarəsinə verilmiş ünvan 3 ünvanında yerləşən tikintialtı sahəsi 36.0 kv.m olan torpaq sahəsinin sərhədləri, kontur döngə nöqtələrinin koordinatları mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planı göstərilmişdir. Hal-hazırda hüquqmüəyyənedici (************ reyestr nömrəli) sənəd üzrə Şirvan şəhəri, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mülkiyyətində olan 28 May küçəsi 12 ünvanında yerləşən ümumi sahəsi 80.0 kv.metr olan torpaq sahəsinin sərhədləri, kontur və döngə nöqtələrinin koordinatları mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Əli-Bayramlı (indiki Şirvan) şəhər İcra Hakimiyyətinin ## ### 1996-cı il tarixi Sərəncamı əsasında tikilinin aparılması məqsədilə Cavabdeh ayrılmış torpaq sahəsinin eskiz layihəsində qeyd edilən 67.0 kv.metr torpaq sahəsinin sərhədləri, kontur və döngə nöqtələrinin koordinatları mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Qeyd edilən sənədlər əsasında ayrılmış torpaq sahələrinin sərhədləri, kontur və koordinatları üst-üstə düşür. Üst-üstə düşən hissələr mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında götərilmişdir. Cavabdeh Cavabdeh tərəfindən boşaldılması tələb edilən 158.0 kv.metr torpaq sahəsi baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətinə aid topaq sahəsidir. Sözügedən 158.0 kv.metr torpaq sahəsinin bir hissəsində İddiaçı məxsus tikintialtı sahəsi 36.0 kv.metr, ümumi sahəsi 29.12 kv. metr olan birmərtəbəli qeyri-yaşayış binasına (mağaza) tam mülkiyyət hüquq üzrə İddiaçı adına ##.##.2008-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış və 911-2/12111 inventar nömrəli texniki pasport sənədi verilmişdir. Lakin həmin tikilinin halhazırda mövcud olmadığı, tikilinin yerində və ona bitişik ərazidə isə tikintialtı sahəsi 158.0 kv.metr, ümumi sahəsi 137.7 kv.metr olan bir mərtəbəli qeyri-yaşayış binasının inşa edildiyi müəyyən olunmuşdur. Həmin tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. 158.0 kv.metr torpaq sahəsi qeyri-rəsmi (hüquqmüəyyənedici sənədlər olmadan) olaraq cavabdehin istifadəsindədir. Beləliklə, təqdim edilmiş sübutlarla müəyyən edilir ki, iddia edilən, 2008-ci il ## ######## tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binası (mağaza) hal-hazırda mövcud deyil. Həmin tikilinin yerində və ona bitişik ərazidə isə tikintialtı sahəsi 158.0 kv.m, ümumi sahəsi 137.7 kv m olan birmərtəbəli qeyri yaşayış binasının inşa edilmişdir. Bu tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Ekspert rəyi və təqdim edilmiş digər sübutlarla müəyyən edilir ki, yeni inşa edilmiş qeyri-yaşayış binasının yerləşdiyi 158.0 kv.m torpaq sahəsi bütövlükdə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Həmin torpaq sahəsinin 36.0 kv.m hissəsi iddiaçının icarəsində, 80.0 kv.m hissəsi 2011-ci il ## ###### tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən bələdiyyənin adına qeydiyyata alınmışdır. Qalan 42.0 kv.m torpaq sahəsi isə elektron kadastr baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İddiaçı tələbində ümumi sahəsi 158.08 kv.m olan qeyri-yaşayış sahəsindən cavabdehin çıxarılmasını, həmin qeyri-yaşayış sahəsinin onun qanuni istifadəsinə qaytarılmasını və gələcəkdə həmin torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış sahəsindən sərbəst istifadə etməsinə hər hansı bir maneəçilik yaradılmasının cavabdehə qadağan edilməsini xahiş etmişdir. İddiaçı bildirmişdir ki, ona məxsus 29.12 kv/m-lik mağaza mövcud olmuş və həmin mağazanı cavabdehə icarəyə vermişdir. Sonradan həmin mağazanın yanında 80 kv.m yeri də icarəyə götürmüş və toplam (36kv.m + 80kv.m) 116 kv.m-lik yeri cavabdehə vermişdir. Onun mağazasının yanında cavabdehin 67.7 kv.m-lik torpaq sahəsi də olmuş və 2013-cü ildə 116 kv.m-lik sahədə mağazanı söküb, ümumi razılıqla cavabdehlə şərikinə onun da 67.7 kv.m-lik torpaq sahəsini əhatə edən sahədə yeni mağaza inşa etdirmişlər. İddiaçının bildirdiyinə görə mübahisəli qeyri-yaşayış sahəsi 2019-cu ildən cavabdehin qanunsuz istifadəsindədir. Cavabdeh tərəfin mövqeyinə görə, mübahisə olunan ərazidə hər ikisinin obyekti olmuşdur. Öz aralarında olan şifahi razılaşmaya əsasən hər iki obyekt birləşdirilmişdir. Sadəcə olaraq o, özünə məxsus olan hissəni gərək bilmədiyi üçün sənədləşməmişdir. Mübahisə edilən obyekt ilk vaxtdan onun (cavabdehin) istifadəsindədir. İddiaçıya aid olan 29 kv.m sənədlə ona məxsusdur. Yeni tikilini isə o (cavabdeh), inşa etmişdir. Ekspertizanın rəyi ilə müəyyən edildiyi kimi torpaq sahəsi bələdiyyə ərazisidir və heç kimə aid deyildir. Kollegiya izahatları dinləyib apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Tətbiq edilən və ya nəzərdən keçirilən normalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ servitutlar da əmlak hüquqları sayılır. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 159-ci maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 163.1-ci maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 165.2-ci maddəsinə əsasən qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. MPM-in 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. MPM-in 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İddiaçının tələbi ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir: Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmədə ilk addım iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. İlk növbədə Kollegiya onu qeyd edir ki, iddiaçı tələbini iki hüquqi hala bağlamışdır: birincisi- Şirvan şəhəri 28 May küçəsində icarəsində olan 0,0036 ha torpaq sahəsində əvvəl mövcud olmuş, */*T nömrəli girişli, 29,12 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (mağaza) tam mülkiyyət hüququ ilə ona məxsus olmuşdur, bu barədə mülkiyyət hüququnu təsdiq edən çıxarışı vardır, ikincisi isə iddiaçının torpaq sahəsinə dair icarə müqavilələri vardır. İddiaçı cavabdehin qeyri-yaşayış sahəsindən və icarəsində olan torpaq sahələrindən çıxarılmanı tələb edir. Birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallara görə, 2008-ci il ## ######## tarixli dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olmuş qeyriyaşayış binası sonradan tamamilə sökülmüş, həmin tikilinin yerində və ona bitişik ərazidə yeni qeyri-yaşayış sahəsi inşa edilmişdir. Yeni inşa olunmuş tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Qanunun tələbinə görə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir (MM-in 203.1-ci maddəsi). Mövcud olmayan tikiliyə dair mülkiyyət hüququ da mövcud deyil. Bu baxımdan, iddia edilən mövcud olmayan tikiliyə dair hissədə iddia əsassız olduğundan təmin edilə bilməz. Kollegiya hesab edir ki, bu hissədə birinci instansiya məhkəməsi doğru qənaətə gəlmişdir. Eyni zamanda, iddiaçı torpaq sahəsinə dair icarə münasibətlərinə istinad edərək cavabdehin çıxarılmasını tələb edir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2 və 157.4-cü maddələri öz əşyasından məhrum olan və ya məhrumetmə olmadan qəsdə məruz qalan mülkiyyətçinin hüquqlarının qorunması ilə bağlı vindikasiya və neqator iddiaları nəzərdə tutur. Vindikasiya tələbinin və ya neqator tələbin təmin olunması üçün iddiaçı əşyanın mülkiyyətçisi, cavabdeh isə əşyanın sahibi olmalı, yaxud onun tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməli, habelə cavabdehin sahibliyi və ya müdaxiləsi qanunsuz olmalıdır. Bu normalara əsasən irəli sürülən tələbin əsaslı hesab edilməsi üçün həmin ünsürlərin hər biri müəyyən edilməlidir. Yəni iddiaçının bildirdiyi hallar və işin müəyyən edilən halları göstərilən dispozisiya şərtləri ilə uzlaşdıqda iddia əsaslı sayıla və təmin edilə bilər. Onlardan birinin aşkar olunmaması iddianı rədd etmək üçün əsasdır. Göründüyü kimi, Mülki Məcəllənin 157.2-ci maddəsinin birinci dispozisiya şərti iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olduğu müəyyən edilmir. Əksinə, işin mübahisəsiz halı kimi qeyri-yaşayış sahəsinin- tikilinin söküldüyü müəyyən edilmişdir. Bununla belə həmin normaların tətbiqinin MM-in 157.8-ci maddəsi ilə əlaqəli şəkildə nəzərdən keçirilməsi mümkündür. Həmin maddəyə əsasən, mülkiyyət hüququnun müdafiəsinə dair hüquqlar mülkiyyətçi olmasa belə, əşyaya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla sahiblik edən şəxsə də mənsubdur. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Kollegiya vurğulayır ki, mülkiyyətin müdafiəsi ilə bağlı bu normalarda müqavilədən irəli gələn tələb hüquqlarından (şəxsi hüquqlar) deyil, məhdud əşya hüquqlarından (servitut, uzufrukt, girov və s.) irəli gələn sahiblik və istifadə nəzərdə tutulmuşdur. Əmlak hüquqlarının iki ayrı növü olan əşya və tələb hüquqları isə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənirlər. Belə ki, əşya hüquqları, başqa bir şəxsin vasitəçiliyinə gərək duyulmadan, müəyyən bir əşya üzərində birbaşa hakimiyyət təmin edən və hər kəsə qarşı irəli sürülə bilən hüquqlardır (mülkiyyət hüququ, servitut, ipoteka və s.). Bu səbəbdən əşya hüquqları mütləq hüquqlar sayılır. Tələb hüquqları isə sahibinə borcludan hər hansı bir hərəkəti yerinə yetirməyi tələb etmək imkanı verir. Hətta kreditorun tələb hüququnun predmeti bir əşya olduqda belə vəziyyət dəyişmir (məsələn, alqı-satqı müqaviləsi üzrə alıcının əşyanın onun mülkiyyətinə verilməsini satıcıdan tələb etmək hüququ– Mülki Məcəllənin 567-ci maddəsi; kirayə müqaviləsi üzrə kirayəçinin əşyanın onun istifadəsinə verilməsini kirayəyə verəndən tələb etmək hüququ – Mülki Məcəllənin 675-ci maddəsi). Bu tələblər üzrə hərəkəti yerinə yetirmək öhdəliyi yalnız borcluya aiddir, digər şəxslərə aid deyil. Ona görə də kreditor müqavilədən irəli gələn tələb hüququnu müqavilənin tərəfi olmayan üçüncü şəxslərə qarşı irəli sürə bilməz. Bu xüsusiyyətlərinə görə tələb hüquqları nisbi hüquqlar sayılır. Beləliklə, tələb hüququ öhdəlik münasibətlərində kreditorun borcludan bir hərəkəti yerinə yetirməsini tələb etmək səlahiyyətini özündə ehtiva edirsə, əşya hüququnun özü əşya üzərində birbaşa hakimiyyət təmin edir və hər kəs bu hüququ pozmamaq öhdəliyi daşıyır. Əşya hüququ mövcud və müəyyən bir əşya üzərində qurula biləcəyi halda, mövcud olmayan və gələcəkdə orataya çıxa biləcək bir əşya (məsələn, podratda hər hansı məmulatın hazırlanması) tələb hüququnun predmeti ola bilər. Qanunverici, Mülki Məcəllənin 157.8-ci maddəsində məhz məhdud əşya hüquqlarını (servitut, tikintiyə vərəsəlik hüququ və s.) tam əşya hüququ olan mülkiyyət hüququ ilə eyni səviyyədə qoruma altına almışdır. Bununla da, məhdud əşya hüququna sahib olan şəxs, Mülki Məcəllənin 157-ci maddəsinə istinad etməklə öz hüququnu hər kəsə qarşı qoruya bilər. Normanın qeyd olunan təfsirinə və tətbiqinə dair qənaət ondan irəli gəlir ki, əvvəla, sözügedən müddəa Mülki Məcəllənin “Əmlak və əşya hüququ” bölməsində yer alan “Mülkiyyət hüququnun ümumi müddəaları” adlı 6-cı fəslindəki “Mülkiyyətin müdafiəsi”nə dair 157-ci maddənin tərkibində nəzərdə tutulmuşdur. Məsələyə normaların sistematik təfsiri baxımından yanaşdıqda Məcəllənin Xüsusi Hissəsində tənzimlənən tələb hüquqlarına (7-ci bölmədəki müqavilədən əmələ gələn öhdəliklərə) aid bir qaydanın tam əşya hüququ sayılan mülkiyyət hüququna aid fəsildə və normada yer alması ağlabatan deyil. Bundan əlavə, mülkiyyət hüququnun müdafiəsinə dair qaydaların müqavilədən irəli gələn tələb hüquqlarına da şamil edilməsi, bu hüquqları eyniləşdirmək anlamına gəlir. Halbuki, yuxarıda göstərilən əlamətləri baxımından mahiyyətcə fərqli olan həmin hüquqlara (əşya və tələb hüquqlarına) eyni yanaşma sərgilənə bilməz. Əks halda, bu hüquqlar arasındakı fərqləndirmənin bir mənası qalmazdı. Hazırkı işdə cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılmasını tələb edən iddiaçının hər hansı məhdud əşya hüququna malik olması müəyyən edilməmişdir. Belə olan halda, iddianın Mülki Məcəllənin 157.2 və 157.8-ci maddələrinin birgə tətbiqi ilə təmin edilməsi qanuni və əsaslı yanaşma sayıla bilməz. Eyni zamanda, Kollegiya qeyd edir ki, icarə və ya digər müqavilə əsasında əşyadan istifadə etmək hüququna malik olan üçüncü şəxslərin həmin əşyaya edilən müdaxiləsindən qorunmaq hüququ da mövcuddur. Lakin bu hüquq o vaxt yaranır ki, həmin əşya müqavilə əsasında ondan istifadə etmək hüququna malik olan şəxsin sahibliyində olmuş olsun. Belə hüququn müdafiəsi ilə bağlı iddia isə əşya hüququnun deyil, sahiblik hüququnun müdafiəsindən irəli gəlir. Qanunda sahiblik hüququnun müdafiəsi ilə bağlı müddət məhdudiyyəti də vardır. Mülki Məcəllənin 164.1-ci maddəsi sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozmanın qadağan edilmiş özbaşınalıq sayıldığını nəzərdə tutur. Məcəllənin sonrakı maddələri isə sahibliyin müdafiəsinə dair qaydaları tənzimləyir. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir (Mülki Məcəllənin 159-cu maddəsi). Sahiblik bir əşya üzərində əməli (faktiki) hakimiyyəti iradəvi olaraq ələ keçirmiş və bunu itirməmiş olmaqdır. Şəxs öz iradəsi ilə bu hakimiyyəti tərk edənədək və ya iradəsi xaricində başqa biri onu ələ keçirənədək və ya hakimiyyəti başqa səbəbdən sona çatanadək əşyanın sahibi sayılır. Sahibliyin verilməsi isə digər şəxsin əşya üzərində faktiki hakimiyyətinin təmin edilməsi, yəni əşyanın onun birbaşa - vasitəsiz sahibliyinə verilməsi və ya əşyaya vasitəli sahibliyinin təmin edilməsi ilə mümkün olur (Mülki Məcəllənin 163.1-ci maddəsi). Beləliklə, sahibliyin müdafiəsinə dair normaların tətbiq edilməsi üçün iddiaçının əşyanın (ilkin qazanma və ya sahibliyin verilməsi nəticəsində) sahibi olması və bu vəziyyətin cavabdeh tərəfindən özbaşınalıqla pozulması müəyyən edilməlidir. İddiaçı torpaq sahələri üzərində mülkiyyətçi olaraq deyil, icarəyə götürən kimi sahibliyinin pozulduğunu iddia etdiyi halda da iddia təmin edilməməlidir. Əvvəla, işin hallarından icarəyə götürən şəxs olaraq iddia etdiyi torpaq sahələrinin tam olaraq onun sahibliyinə verildiyi müəyyən edilmir. Hazırda da faktiki sahib deyildir. İddiaçının torpaq sahəsinə dair icarə hüququ həmin müqavilədən irəli gələn tələb hüququdur. Bu hüquq üçüncü şəxslərə qarşı deyil, müqavilə tərəfinə qarşı irəli sürülə bilər. Hazırkı işdə iddia müqavilənin tərəfi olan (icarəyə verən) mülkiyyətçiyə qarşı deyil, üçüncü şəxslər olan cavabdehə qarşı yönəlmişdir. Belə halda iddiaçının tələbinin təmin edilməsi üçün əsas yoxdur. İddiaçı tələbində cavabdehin özbaşınalıq edərək onun torpaq sahəsini zəbt etdiyini iddia etmişdir. Hazırki iş üzrə iddiaçının iradəsi olmadan sahiblikdən məhrumetmə və ya onun sahibliyinin qadağan edilmiş özbaşınalıq yolu ilə pozulması halı baş verməmişdir. Cavabdeh sözügedən torpaq sahəsinə özbaşına müdaxilə etməmişdir. Torpaq sahəsi (iddiaçının tələb etdiyi hissə) cavabdehin faktiki sahibliyinə iddiaçının razılığı ilə verilmişdir. Bundan başqa, mübahisəli ərazi uzun müddətdir cavabdehin faktiki sahibliyindədir. Belə halda iddia təmin edilə bilməz. Digər tərəfdən o da qeyd edilməlidir ki, hətta iddiaçının iradəsi olmadan sahiblikdən məhrumetmə və ya sahibliyin qadağan edilmiş özbaşınalıq yolu ilə pozulması halında belə iddia təmin edilməməlidir. Belə ki, qanunun tələbinə görə isə sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Eləcə də sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir (Mülki Məcəllənin 164.2 və 165-ci maddələri). Qanunun tələbinə görə, qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Kollegiya hesab edir ki, mövcud vəziyyətdə iddianın sahibliyin müdafiəsinə dair normalar çərçivəsində təmin edilməsi də düzgün deyil. Yuxarıda qeyd edilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı mahiyyəti üzrə düzgün qətnamə qəbul etmişdir. Bu halda qətnamə ləğv edilə bilməz. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, iddiaçı X2 apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏT ETDİ: İddiaçı X2 apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar