Məhkəmə qərarları › İş №2-2(3-9)-3/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-9)-3/2026

12.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(3-9)-3/2026 12.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı – pul tələbi barədə iddiasına dair kommersiya işi üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: kredit borcu tələbi. Şirvan şəhəri, 12 fevral 2026-cı il Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri X1 (sədrlik edən, məruzəçi), Əliyev Qasım Vəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əhmədli Murad İlham oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı – pul tələbi barədə iddiasına dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 03 dekabr 2025-ci il tarixli, e-2-2(121)-2826/2025 saylı qətnaməsindən (hakim. N.Misirzadə) iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı – 1.776,65 manat əsas, 44,48 manat faiz, 0,01 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 259,75 manat faiz borcu və iş üzrə ödənilmiş 40,81 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 80005560 saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehə dövriyyə vəsaiti məqsədi ilə 18 ay müddətinə illik 33 faiz dərəcəsi ilə 3.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə xx.xx.2015-ci il tarixdə 01 saylı Əlavə Saziş bağlanmışdır. 2.673,32 ABŞ dolları qalıq məbləği xx.xx.2017-ci il tarixədək uzadılır. Daha sonra iddiaçı ilə cavabdeh arasında KM002T03160597S01 nömrəli xx.xx.2019-cu il tarixli restrukturizasiya müqaviləsi bağlanmışdır. Bank tərəfindən tərəflər arasında bağlanmış müvafiq kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (hazırda həmin səlahiyyətlər Mərkəzi Banka verilmişdir) tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 1.776,65 manat məbləği 36 ay müddətinə illik 1 faiz dərəcəsi ilə restrukturizasiya olunmuş və borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əsasən, cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2025-ci il tarixə cavabdehin kredit üzrə cəmi borcu 2.080,89 manat təşkil edir. Bundan 1.776,65 manat əsas, 44,48 manat faiz, 0,01 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 259,75 manat faiz borcu təşkil edir. Müqavilənin müvafiq bəndlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və 12-5/2-T-41-9907/2025 saylı xx.xx.2025-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-2826/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, iddia tələbinin tam təmin edilməsinə dair yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Ona görə də onun mövqeyini müəyyən etmək mümkün olmamışdır. Şirvan Kommersiya Məhkəməsinin 03 dekabr 2025-ci il tarixli, e-2-2(121)-2826/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 1.776,65 manat məbləğində əsas borc, 259,75 manat məbləğində müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, cəmi 2.036,4 manat məbləğində pul vəsaiti və 40,36 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı ASC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – mübahisələndirilən hissələrdə (faiz və cərimə) ləğv edilməsini və həmin hissələrdə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanından irəli gələn məsələlərin həlli ilə bağlı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə Restrukturizasiya müqaviləsi bağlanmışdır. Bu müqavilə çərçivəsində borcun əsas məbləği ilə yanaşı, faizlər və cərimələr də daxil olmaqla, ödəniləcək məbləğlər yenidən müəyyənləşdirilmişdir. Lakin məhkəmənin verdiyi qərarda bu müqavilənin mövcudluğu nəzərə alınmamışdır. Məhkəmənin faiz və cərimə hissələrində iddianın rədd edilməsi ilə bağlı verdiyi qərar, iddiaçının hüquqlarını ciddi şəkildə məhdudlaşdırır, çünki bu ödənişlər artıq restrukturizasiya müqaviləsi çərçivəsində nəzərdə tutulmuşdur. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh məhkəməyə ərizə gönrərərək işi ilə bağlı məhkəmə iclasına gələ bilməyəcəyini qeyd etmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – mübahisələndirilən hissələrdə (faiz və cərimə) ləğv edilməsini və həmin hissələrdə iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə iddiaçının apellyasiya şikayətinə münasibətdə qətnamənin əsaslılığını mübahisələndirilən hissədə qismən yoxlayır. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi. Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sözügedən Məcəllənin hazırda qüvvədə olan 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MM-nin hazırda qüvvədə olan 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3- cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını, birinci instansiya məhkəməsinin qətnaməsini, apellyasiya şikayətinin dəlillərini, tərəflər arasında bağlanmış müqavilələri və tətbiq edilməli maddi və prosessual hüquq normalarını araşdıraraq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə işin faktiki hallarını tam və hərtərəfli qiymətləndirməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında cavabdehə 18 ay müddətinə, illik 33% ödəmək şərtilə 3.000 ABŞ dolları məbləğində kredit verilməsinə dair 80005560 nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə 3.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli restrukturizasiya müqaviləsinə əsasən tərəflər arasında bağlanılmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən borclunun Maliyyə Bazarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən restrukturizasiya olunaraq, kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 1.776,65 manat hesablanmışdır. Kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan arayışın surətindən görünür ki, Cavabdeh İddiaçı ASC-yə 1.776,65 manat əsas, 44,48 manat faiz, 0,01 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 259,75 manat, cəmi 2.080,89 manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli bildirişlər (pretenziya) göndərilmişdir. Problemli kreditlərin kompensasiyası məlumatlarından görünür ki, Cavabdeh restrukturizasiya olunması təklif olunan kredit məbləği 1.776,65 manatdır. Göründüyü kimi iddia qismən təmin edilmiş, qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanından irəli gələn məsələlərin həlli ilə bağlı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə Restrukturizasiya müqaviləsi bağlanmışdır. Bu müqavilə çərçivəsində borcun əsas məbləği ilə yanaşı, faizlər və cərimələr də daxil olmaqla, ödəniləcək məbləğlər yenidən müəyyənləşdirilmişdir. Lakin məhkəmənin verdiyi qərarda bu müqavilənin mövcudluğu nəzərə alınmamışdır. Məhkəmənin faiz və cərimə hissələrində iddianın rədd edilməsi ilə bağlı verdiyi qərar, iddiaçının hüquqlarını ciddi şəkildə məhdudlaşdırır, çünki bu ödənişlər artıq restrukturizasiya müqaviləsi çərçivəsində nəzərdə tutulmuşdur. İş materiallarından müəyyən olunur ki, tərəflər arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmış, sonradan isə xx.xx.2019-cu il tarixli, KM002T03160597S01 nömrəli restrukturizasiya müqaviləsi imzalanmışdır. Restrukturizasiya müqaviləsinə əsasən borclunun qalıq borcu 1.776,65 manat məbləğində müəyyən edilmiş, kreditin illik faiz dərəcəsi 1 % olmaqla 36 ay müddətinə yenidən rəsmiləşdirilmiş, həmçinin faizlərin və dəbbə pulunun (cərimə, penya) tətbiqi qaydası ayrıca şərtlərlə tənzimlənmişdir. Restrukturizasiya müqaviləsinin 3-cü və 5-ci bəndlərindən göründüyü kimi, borclu restrukturizasiya olunmuş borc üzrə yalnız əsas məbləği deyil, həmçinin müqavilə ilə müəyyən edilmiş faizləri və öhdəliklərin vaxtında icra edilmədiyi halda dəbbə pulunu ödəmək öhdəliyini üzərinə götürmüşdür. Restrukturizasiya müqaviləsinin məzmunundan görünür ki, tərəflər ilkin kredit müqaviləsindən irəli gələn münasibətləri yeni şərtlərlə əvəz etmiş, borcun qaytarılması, faizlərin hesablanması və öhdəliklərin icra edilməməsi halında tətbiq ediləcək cərimə mexanizmini razılaşdırmışlar. Müqavilədə faiz və dəbbə pulunun tutulması açıq şəkildə nəzərdə tutulmuşdur və bu şərtlər tərəflər üçün məcburi xarakter daşıyır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən restrukturizasiya müqaviləsinin mövcudluğunu və bu müqavilə ilə faiz və cərimə öhdəliklərinin yenidən müəyyən edildiyini lazımi şəkildə dəyərləndirməmiş, nəticədə bu hissədə iddianı rədd etmişdir. Halbuki, iş materiallarında olan maliyyə arayışı və restrukturizasiya müqaviləsi cavabdehin xx.xx.2025-ci il tarixə 44,48 manat faiz və 0,01 manat cərimə borcunun mövcudluğunu təsdiq edir. MPM-nin 217-ci maddəsinin tələbinə görə qətnamə qanuni və əsaslı olmalıdır. Faiz və cərimə hissəsində isə qətnamə iş üzrə müəyyən edilmiş faktiki hallarına və tərəflərin müqavilə münasibətlərinə uyğun gəlmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faiz və cərimə borcunun tutulmasının təmin edilməməsi hissəsində qanunsuz və əsassızdır, həmin hissədə ləğv edilməli və iddia təmin olunmalıdır. Apellyasiya şikayətinin dəlilləri iş materialları ilə öz təsdiqini tapır və məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən 44,48 manat faiz, 0,01 manat cərimə borcunun tutulmasının təmin edilməməsi hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırda mübahisələndirilən qətnamədə mübahisələndirilən hissədə iddianın qiyməti 10000 manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Apellyasiya şikayəti verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 20.41 manat (iyirmi manat 41 qəpik) dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.2-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 03 dekabr 2025-ci il tarixli, e-2-2(121)-2826/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə - “cavabdehdən 44,48 manat faiz, 0,01 manat cərimə borcunun tutulmasının təmin edilməməsi” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilərək Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 44,48 manat faiz borcu və 0,01 manat cərimə məbləği tutulsun. Cavabdeh İddiaçı ASC-yə tutulmalı olan məbləğ 1.776,65 manat əsas, 44,48 manat faiz, 0,01 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 259,75 manat olmaqla cəmi 2080.89 manat müəyyən edilsin. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 20.41 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar