Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(3-9)-39/2026 25.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin X1 Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət məhkəmə tərkibində, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Şirvan Kommersiya Məhkəməsinin 07 yanvar 2026-cı il tarixli 2-2(121)-3267/2025 saylı qətnaməsindən (hakim Z.Abbasov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3862,80 manat məbləğində qalıq borcun və ödənilmiş 69 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 07 yanvar 2026-cı il tarixli 2-2(121)-3267/2025 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh xx.xx.2023-cü il tarixə hesablanmış 3862,8 manat məbləğində borc və ödənilmiş 69 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 3931,8 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2-2(121)-3267/202 №-li iş üzrə qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti nəzərdən keçirlərkən məlum oldu ki, şikayət Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra-MPM) nəzərdə tutulmuş qaydada tərtib edilməmişdir. Belə ki, MPM-nin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). Həmin Məcəllənin 361.1-ci maddəsinə əsasən «Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı». MPM-nin 366.1-ci maddəsinə əsasən apellyasiya məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanı mümkünlüyü yoxlayır. Burada işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətindən görünür ki, şikayətdə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına, iş üçün əhəmiyyəti olan halların sübüt edilməməsinə və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsinə dair dəlillərə münasibət bildirilməmiş, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qətnamənin ləğv edilməsi üçün əsas olan hansı maddi və prosessual hüquq normalarının pozulması, yaxud iddia tələbinə hüquqi əsas kimi hansı maddi hüquq normasının tətbiq edilməli olduğu halda tətbiq edilməməsinin, prosessual hüquq normalarının pozulmasının nədən ibarət olması göstərilməmişdir. Halbuki, apellyasiya şikayəti verən şəxs qəbul olunmuş qətnamənin həm maddi, həmdə prosessual hüquq normalarının pozulması nəticəsində qəbul edildiyini şikayətin dəlillərində göstərməli, eyni zamanda məhkəmə tərəfindən iş üçün mühüm əhəmiyyəti olan halların sübut edilməməsini, gəlinən nəticənin işin hallarına uyğun olmamasını apellyasiya şikayətinin dəlillərində göstərməlidir. Lakin iddiaçı apellyasiya şikayətini MPM-də nəzərdə tutulmuş formaya uyğun tərtib etməmişdir. Bu isə onu göstərir ki, cavabdeh tərəfindən verilmiş apellyasiyanın mümkünlüyü üçün əsaslar mövcud olmamışdır. Göründüyü kimi apellyasiya şikayətində Azərbaycan Respublikası MPM-nə 2 nömrəli əlavənin 6, 8, 9, 10 və 11-ci bəndlərində nəzərdə tutulmuş: - «Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər», - «Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər», - «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər», - «Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər», - «Birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər» ümumiyyətlə göstərilməmişdir. Bundan başqa cavabdeh apellyasiya şikayətinin tələb hissəsində prosessual baxımdan qeyri-dəqiqliyə yol vermiş, şikayətin mahiyyəti ilə uzlaşmayan şəkildə iddianın təmin edilməsini xahiş etmişdir. Belə ki, cavabdehin prosessual statusu və irəli sürdüyü hüquqi mövqe nəzərə alındıqda, onun tərəfindən iddia tələbinin təmin edilməsinin tələb olunması məntiqi və hüquqi baxımdan ziddiyyət təşkil edir. Apellyasiya şikayətinin tələb hissəsində yol verilmiş bu cür qeyri-müəyyənlik və ziddiyyət şikayətin predmetini və hədlərini aydın şəkildə müəyyən etməyə imkan vermir, nəticə etibarilə prosessual qanunvericiliyin apellyasiya şikayətinin məzmununa dair tələblərinin pozulmasına səbəb olur. Bu hal apellyasiya şikayətinin formal və məzmun baxımından qeyri-mümkün hesab edilməsinin əsaslarından biri kimi qiymətləndirilməlidir, çünki şikayətin tələb hissəsi onun hüquqi nəticələrini və məhkəmə baxışının predmetini konkret və aydın şəkildə müəyyən etməlidir. MPM-in 366.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o qəbul olunmamış hesab edilə bilər. MPM-in 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. MPM-in 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Şirvan Kommersiya Məhkəməsinin 07 yanvar 2026-cı il tarixli 2-2(121)-3267/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 402.2.1-ci və 403-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şirvan Kommersiya Məhkəməsinin 07 yanvar 2026-cı il tarixli 2-2(121)-3267/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 357, 360-364-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Şirvan Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qərardaddan kasasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(3-9)-39/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-9)-39/2026
25.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver