Məhkəmə qərarları › İş №2-2(3-9)-48/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-9)-48/2026

11.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2-2(3-9)-48/2026 11.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Həsənov İsa Kərim oğlu və cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və s. tələbinə dair iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi. Şirvan şəhəri, ## #### 2026-cı il Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Murad İlham oğlunun katibliyi ilə, İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Həsənov İsa Kərim oğlu və cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və s. tələbinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən (hakim Z.Abbasov) cavabdeh Həsənov İsa Kərim oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Həsənov İsa Kərim oğlu və cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Həsənov İsa Kərim oğlundan 7920.42 manat əsas borc və 1595.07 manat faiz borcu olmaqla, cəmi 9515.49 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı olmaqla, cəmi 51 manat xərcin və 115.15 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın Bank qarşısında ipotеkaya qoyulmuş cavabdeh1 mülkiyyətində olan Mingəçevir şəhəri, Gəncə şossesi, 27B ünvanında yerləşən 0.1788 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə (ümumi sahə (kv.m): 118.73 ) yönəldilməsi, İpoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Həsənov İsa Kərim oğlu arasında ## ###### 2021-ci il tarixli GA.311757.* nömrəli kredit limitinin ayrılması haqqında baş saziş bağlanmışdır. Həmin kredit müqaviləsinin təminatı olaraq cavabdeh1 mülkiyyətində olan Mingəçevir şəhəri, Gəncə şosesi, 27B ünvanında yerləşən 0.1788 ha torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evi (ümumi sahə (kv.m): 118.73 )) ## ###### 2021-ci il tariхli GA.311757.* nömrəli ipotеka müqaviləsinə əsasən banka ipotеka qoyulmuşdur. Bundan başqa, həmin Baş Sazişə əsasən İddiaçı ASC ilə borcalan Həsənov İsa Kərim oğlu arasında bağlanmış ## ###### 2021 il tariхli, ******-******/* nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 30 ay müddətinə, illik 20% dərəcəsi ilə 25000 manat məbləğində krеdit vеrilmişdir. Borcalan Kredit Müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq,cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Bu halda, Bank tərəfindən “İpoteka haqqında” AR-nın Qanununun 36.1-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka predmetinə tutma yönəldilməsi barədə ##.##.2024-cü il tarixli Bildiriş ipotekaqoyan cavabdeh1 ##.##.2024-cü il tarixdə sifarişli poçt göndərişi üsulu ilə göndərilmişdir. Poçt göndərişi vasitəsilə göndərilmiş həmin bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, yəni ##.##.2024-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır (bildirişin dövlət qeydiyyatına alınması barədə ərizə, X1 vasitəsi ilə müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişi iddia ərizəsinə əlavə edilir). Kredit Müqaviləsi üzrə borclular Həsənov İsa Kərim oğlu və cavabdeh1 öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, İddiaçı ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə onların mövqeyini öyrənmək mümkün olmamışdır. Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Həsənov İsa Kərim oğlundan ## ###### 2021 il tariхli, ******-******/* nömrəli kredit müqaviləsi üzrə 7837,40 manat məbləğində əsas borc, 1595,07 manat məbləğində faiz borcu, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 15 manat rüsum, 36 manat xidmət haqqı və 115,15 manat dövlət rüsumu olmaqla, cəmi 9598,62 manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin cavabdeh1 mülkiyyətində olan Mingəçevir şəhəri, Gəncə şossesi, 27B ünvanında yerləşən 0.1788 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, Mingəçevir şəhəri, Gəncə şossesi, 27B ünvanında yerləşən 0.1788 ha torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 39537 manat məbləğində müəyyən edilməsi, həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitdən təmin edilmiş iddianın qiymətinə uyğun hissəsinin İddiaçı ASC-nə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pulun vəsaitinin cavabdeh Həsənov İsa Kərim oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə, “xxxx” MMC-nin xidmət haqqı xərcləri olan 600 manat məbləğində pul vəsaitinin cavabdeh Həsənov İsa Kərim oğlundan alınaraq “xxxx” MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh Həsənov İsa Kərim oğlu apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən e-*-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnamə ilə iddia qismən təmin edilərək cavabdehdən 7837,40 manat əsas borc, 1595,07 manat faiz borcu və digər xərclər olmaqla cəmi 9598,62 manat məbləğində vəsaitin tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin 39537 manat müəyyən edilməsi və açıq hərracda satılması qərara alınmışdır. Qətnamə əsaslı və obyektiv deyildir, belə ki, qətnamədə qeyd edilən 1595,07 manat məbləğində faiz borcu düzgün hesablanmamış və həddən artıq çox müəyyən edilmiş, həmçinin iddiaçı bankla aralarında dəfələrlə aparılmış şifahi danışıqlarda ödəniş üçün yeni qrafik və vaxt tələb edilməsinə baxmayaraq bundan imtina olunmuşdur ki, bu da iddiaçının qərəzli mövqeyindən xəbər verir. Bundan əlavə, məhkəmə qətnaməsində ipoteka predmetinə yönəldilmə tələbi təmin edilmiş, lakin ipoteka predmeti olan mənzil və torpaq sahəsi bazar dəyərindən xeyli aşağı, təxminən 10 dəfə az qiymətləndirilmiş, halbuki bazar qiymətlərinə əsasən həmin əmlakın dəyəri orta hesabla 250-300 min manat olduğu halda 40000 manat civarında müəyyən edilmişdir. Bu səbəbdən şikayət verən şəxs qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Lakin iddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinə əsasən qətnamənin əsaslılığını tam yoxlayır. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: ## ###### 2023-cü il tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc (kredit) hüquq münasibətlərini tənzimləyən müvafiq normaları təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin əvvəlki redaksiyasında olan 739.1-ci maddəsinin dispozisiya şərtləri uyğun gəlir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur (269.1), girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın (269.7.), ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır (307.6), ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir (307.7.), daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır (309.1), borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (317.1), satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir (317.2). 319.4-cü maddəsinə əsasən, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34-cü maddəsində nəzərdə tutulmuşdur ki, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi (34.1.1), ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi (34.1.3) ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 41.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ** saylı, ##.##.2020-ci il tarixli qərardadı ilə qərara alınmışdır ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, birinci instansiya məhkəməsinin qətnaməsini, tərəflərin izahatlarını, habelə apellyasiya baxışı zamanı əldə edilmiş yeni sübutları məcmu halda araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Həsənov İsa Kərim oğlu arasında bağlanmış ## ###### 2021-ci il tarixli GA.311757.* nömrəli kredit müqaviləsinə əsasən, Bank məbləği 150000 manat olan krediti illik faiz dərəcəsi 24% olmaqla 84 ay müddətinə Kredit Alana verir. İş materiallarında olan İddiaçı ASC ilə Həsənov İsa Kərim oğlu arasında bağlanmış ## ###### 2021 il tariхli, ******-******/* nömrəli kredit müqaviləsinə əsasən, Bank məbləği 25000 manat olan krediti illik faiz dərəcəsi 20% olmaqla 30 ay müddətinə Kredit Alana verir. İş materiallarında olan “Ödəniş planı”nın surətindən görünür ki, ## ###### 2021 il tariхli, ******-******/* nömrəli krеdit müqaviləsi üzrə son ödəniş tarixi ##.##.2024-cü il kimi qeyd olunmuşdur. İş materiallarında olan “kassa məxaric orderi”nin surətindən görünür ki, ##.##.2021-ci il tarixdə İddiaçı ASC tərəfindən Həsənov İsa Kərim oğluna 7935 manat pul (kredit) verilmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, ## ###### 2021 il tariхli, ******-******/* nömrəli kredit müqaviləsinə əsasən ##.##.2024cü il tarixə əsas borc 7920,42 manat, faiz borcu 1290,36 manat borcu qalmışdır. İş materiallarında olan İddiaçı ASC ilə borclu Həsənov İsa Kərim oğlu və ipoteka qoyan cavabdeh1 arasında bağlanmış ##.##.2021-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Mingəçevir şəhəri, Gəncə şossesi, 27B ünvanında yerləşən 0.1788 ha torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evi (ümumi sahə (kv.m): 118.73 ) İddiaçı ASC-də yenidən yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri, Gəncə şossesi, 27B ünvanında yerləşən 0.1788 ha torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evi (ümumi sahə (kv.m): 118.73 ) İddiaçı ASC-nin xeyrinə ipoteka hüququ ilə yüklü edilmişdir. İş materiallarında olan ##.##.2024-cü il tarixli bildirişin surətindən görünür ki, iddiaçı İddiaçı ASC cavabdeh cavabdeh1 “ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə bildiriş göndərmişdir. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı ##.##.2025-ci il tarixli xəbərdarlıq məktublarının surətindən görünür ki, İddiaçı ASC ilə Həsənov İsa Kərim oğlu arasında bağlanmış ## ###### 2021 il tariхli, ******-******/* nömrəli krеdit müqaviləsinə əsasən yaranmış 9515,49 manat məbləğində borcun xəbərdarlıq alındığı gündən 7 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin ##.##.2025-cü il tarixli, e*- *(***)-****/**** nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının */**** saylı, ##.##.2025-ci il tarixli rəyindən görünür ki, İddiaçı ASC ilə cavabdeh Həsənov İsa Kərim oğlu arasında bağlanmış ## ###### 2021 il tariхli, ******-******/* nömrəli kredit müqaviləsinə əsasən Həsənov İsa Kərim oğlunun ##.##.2025-ci il tarixə əsas borcu üzrə 7837,40 manat, faiz borcu üzrə 1876,91 manat borcunun olması müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin ##.##.2025-cü il tarixli, e*- *(***)-****/**** nömrəli qərardadı ilə ipoteka predmeti daşınmaz əmlakın bazar qiymətinə uyğun qiymətləndirilməsi “xxxx” MMC-yə həvalə olunmuş və həmin MMC-nin əmlakın dəyərinin müəyyən edilməsinə dair qiymətləndirmə hesabatı ilə cavabdeh cavabdeh1 məxsus ipoteka predmeti olan Mingəçevir şəhəri, Gəncə şossesi, 27B ünvanında yerləşən 0.1788 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin bazar dəyəri 43930 manat və likvid dəyəri 39537 manat məbləğində olması müəyyən olunmuşdur. Apellyasiya baxışında apellyasiya şikayətinin dəlili üzrə qiymətləndirmə ekspertizası təyin edilmiş və ekspert rəyi əldə edilərək işə əlavə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin ## ### 2026-cı il tarixli, ****/** saylı Rəyində aşağıdakılar qeyd edilmişdir.

1. Mingəçevir şəhəri, Gəncə şossesi, 27B ünvanında yerləşən 0.1788 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin (ümumi sahə (kv.m): 118,73) (Çıxarış: seriya RX № *******. reyestr nömrəsi: 902013002113-10301, qeydiyyat nömrəsi: 2012007514, qeydiyyat tarixi: ## ####### 2012-ci il) real bazar dəyəri 300000 (üç yüz min) manat təşkil edir.

2. Mingəçevir şəhəri, Gəncə şossesi, 27B ünvanında yerləşən 0.1788 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin (ümumi sahə (kv.m): 118,73) (Çıxarış: seriya RX № *******. reyestr nömrəsi: 902013002113-10301, qeydiyyat nömrəsi: 2012007514, qeydiyyat tarixi: ## ####### 2012-ci il) likvid dəyəri 270000 (iki yüz yetmiş min) manat təşkil edir. Göründüyü kimi, iddia qismən təmin edilmiş, qətnamədən cavabdeh Həsənov İsa Kərim oğlu narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, qətnamə əsaslı və obyektiv deyildir, belə ki, qətnamədə qeyd edilən 1595,07 manat məbləğində faiz borcu düzgün hesablanmamış və həddən artıq çox müəyyən edilmiş, həmçinin iddiaçı bankla aralarında dəfələrlə aparılmış şifahi danışıqlarda ödəniş üçün yeni qrafik və vaxt tələb edilməsinə baxmayaraq bundan imtina olunmuşdur ki, bu da iddiaçının qərəzli mövqeyindən xəbər verir. Bundan əlavə, məhkəmə qətnaməsində ipoteka predmetinə yönəldilmə tələbi təmin edilmiş, lakin ipoteka predmeti olan mənzil və torpaq sahəsi bazar dəyərindən xeyli aşağı, təxminən 10 dəfə az qiymətləndirilmiş, halbuki bazar qiymətlərinə əsasən həmin əmlakın dəyəri orta hesabla 250-300 min manat olduğu halda 40000 manat civarında müəyyən edilmişdir.

Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.

1. İş materiallarından müəyyən edilir ki, İddiaçı ASC ilə Həsənov İsa Kərim oğlu arasında ## ###### 2021-ci il tarixli ******-******/* nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə cavabdehə kredit vəsaiti verilmişdir. Kredit öhdəliyinin təminatı kimi cavabdeh1 mülkiyyətində olan Mingəçevir şəhəri, Gəncə şossesi 27B ünvanında yerləşən 0,1788 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 118,73 kv.m olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımınca yerinə yetirmədiyindən bank tərəfindən kredit borcu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldırılmışdır.

2. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş, kredit borcunun tutulmasına və tutmanın ipoteka predmetinə yönəldilməsinə qərar vermiş, ipoteka predmetinin ilkin satış qiymətini isə “xxxx” MMC-nin hesabatına əsasən 39.537 manat müəyyən etmişdir. Həmin hesabatda əmlakın bazar dəyəri 43.930 manat, likvid dəyəri isə 39.537 manat göstərilmişdir.

3. Müəyyən edilir ki, İddiaçı ASC ilə borclu Həsənov İsa Kərim oğlu və ipoteka qoyan cavabdeh1 arasında bağlanmış ##.##.2021-ci il tarixli ipoteka müqaviləsinin 2.2-ci bəndinə əsasən ipoteka predmetinin ilkin satış (likvid) qiyməti 115000 manat müəyyən edilmişdir. Eyni hal işin 43-cü səhifəsində olan qiymətləndirmə rəyi ilə də müəyyən edilir. Həmin rəydə əmlakın bazar dəyəri 120000 manat, likvid qiyməti isə 115000 manat olması iddiaçı tərəfindən qəbul edilmişdir.

4. Apellyasiya şikayətində göstərilmişdir ki, ipoteka predmeti olan torpaq sahəsi və fərdi yaşayış evi faktiki bazar qiymətindən xeyli, təxminən 10 dəfə aşağı qiymətləndirilmiş, əmlakın real dəyəri məhkəmə tərəfindən müəyyən edilmiş məbləğdən əhəmiyyətli dərəcədə yüksəkdir. Şikayətçi bu hissədə qətnamənin qanuni və əsaslı olmadığını bildirmişdir.

5. Kollegiya qeyd edir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətini müəyyən etməlidir və tərəflər arasında mübahisə olduqda həmin qiymət müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilir. Hazırkı iş üzrə ipoteka predmetinin dəyəri ilə bağlı tərəflər arasında mübahisə yarandığından apellyasiya baxışı zamanı yeni qiymətləndirmənin keçirilməsi zəruri olmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadının icrası ilə əlaqədar “xxxx” MMC tərəfindən ## ### 2026-cı il tarixli ****/** nömrəli qiymətləndirmə rəyi təqdim edilmişdir. Həmin rəydə qiymətləndiricinin qarşısında qoyulmuş sual kimi cavabdeh1 mülkiyyətində olan Mingəçevir şəhəri, Gəncə şossesi 27B ünvanında yerləşən 0,1788 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 118,73 kv.m olan fərdi yaşayış evinin real bazar və ilkin satış (likvid) qiymətinin müəyyən edilməsi göstərilmişdir. Belə ki, rəylə ipoteka predmeti olan fərdi yaşayış evinin bazar dəyəri 300000 manat, likvid dəyəri isə 270000 manat qiymətləndirilmişdir.

6. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin vaxt mövcud olan qiymətləndirmə hesabatına istinad etsə də, hazırkı halda torpaq sahəsi və fərdi yaşayış evinin satışı ilə bağlı bazar qiymətlərində müşahidə olunan artımlar nəzərə alınmaqla, apellyasiya baxışı zamanı əldə olunmuş yeni ekspert rəyi ipoteka predmetinin daha aktual və obyektiv bazar dəyərini əks etdirir. Məhz bu səbəbdən ipoteka predmetinin ilkin satış qiyməti “xxxx” MMC-nin ## ### 2026-cı il tarixli ****/** nömrəli qiymətləndirmə rəyində göstərilən likvid dəyər əsasında müəyyən edilməlidir. Çünki, müəyyən edilir ki, tərəflər arasında ipoteka müqaviləsi ##.##.2021-ci ildə bağlanmış və həmin vaxtdan 4-5 il vaxt keçmişdir. Keçən bu müddət ərzində isə Respublikada daşınmaz əmlakların qiymətlərində azalmalar deyil, əksinə əhəmiyyətli artımlar baş vermişdir. Beləliklə, kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində qanuni və əsaslıdır. Lakin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində yeni ekspert rəyi ilə müəyyən edilmiş hallar nəzərə alınmaqla qətnamə dəyişdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.3-cü, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. cavabdeh1 mülkiyyətində olan Mingəçevir şəhəri, Gəncə şossesi 27B ünvanında yerləşən 0,1788 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 118,73 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti “xxxx” MMC-nin ## ### 2026-cı il tarixli ****/** nömrəli qiymətləndirmə rəyinə əsasən 270000 (iki yüz yetmiş min) manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qiymətləndirmə xərci olan 600 (altı yüz) AZN cavabdeh Həsənov İsa Kərim oğlundan alınaraq “xxxx” MMC-nin hesabına (VÖEN: 1309539051, Hesab/nömrəsi: AZ40AIIB400600K9444399072118 Kapitalbank ASC Ganclik filialı Kod:200189 VÖEN: 9900003611, M/H: AZ37NABZ01350100000000001944, SWIFT: AIIBAZ2XXXX) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar