Məhkəmə qərarları › İş №2-2(3-9)-49/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-9)-49/2026

18.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(3-9)-49/2026 18.03.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X2 Mərkəzinin Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair kommersiya işi üzrə qəbul edilmiş Şirvan Kommersiya Məhkəməsinin 10 fevral 2026-cı il tarixli, e-2-2(4-14)-499/2026 nömrəli qərardadından iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X2 Mərkəzi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, kollegiya müəyyənetdi: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X2 Mərkəzi Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, meşə fondu sahəsində özbaşına ağac kəsilməsi nəticəsində dövlətə dəymiş zərərin əvəzi 1 055 524,43 manat məbləğində məbləğində pul vəsaitinin Cavabdeh tutulub 1 saylı X2 Mərkəzinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2-2(4-14)-499/2026 nömrəli qərardadı ilə iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X2 Mərkəzinin Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X2 Mərkəzinin direktor əvəzi Habil Əliyev xx.xx.2026cı il tarixdə elektron qaydada şikayət verərək Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2-2(4-14)-499/2026 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin iddia ərizəsinin geri qaytarılması haqqında qərardadı aşağıdakı qeyd edilən səbəblərdən əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, məhkəmə qərardadda göstərmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 17.1.3-cü bəndinə əsasən Meşələrin İnkişafı Departamenti və onun yerli qurumları inzibati orqandır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2019-cu il tarixli 476 №-li Fərmanına əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətini optimallaşdırmaq, strukturunu və idarə edilməsini daha da təkmilləşdirmək məqsədilə Meşələrin inkişafı departamentinin və X3 İnstitutunun əsasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti yaradılmışdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 20 iyun tarixli 200 nömrəli qərarı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı təsdiq edilmişdir. Həmin Siyahıda 1 saylı RMTM büdcədən maliyyələşdirilən qurum kimi göstərilmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 17.1.3-cü maddəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətini inzibati orqanlar kimi göstərilmişlər. Lakin məhkəmə yanlış nəticəyə gələrək, X1 Xidməti ilə X2 mərkəzlərini səhv qiymətləndirərək sonuncunu inzibati orqan kimi nəzərə almışdır. Göründüyü kimi, X2 Mərkəzləri yuxarıda göstərilən siyahıda nəzərdə tutulmadığından 1 saylı RMTM inzibati orqan kimi hesab edilə bilməz. Həmçinin 1 saylı RMTM inzibati orqan kimi müəyyən (təsnif) edilmədiyindən “İnzibati icraat haqqında” Qanunun müddəaları (inzibati aktın qəbul edilməsi və ona əsasən pul tələblərinin məcburi icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsi) onun fəaliyyətinə şamil olunmur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinin tələblərinə görə bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Odur ki, iddiaçı tərəfindən MPM-in 153.2.1-ci maddəsinin tələbləri pozulmamış, iddia ərizəsi mövcud tələblərə riayət edilməklə tərtib edilərək məhkəməyə göndərilmişdir. Bu səbəbdən 1 saylı RMTM tərəfindən MPM-in 153.2.1-ci maddəsinin pozulmasına dair məhkəmənin qənaəti əsassız hesab edilməlidir. Şirvan Kommersiya Məhkəməsinin 23 fevral 2026-cı il tarixli, e-2-2(4-14)-499/2026 nömrəli qərardadı ilə iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X2 Mərkəzinin direktor əvəzi Habil Əliyev tərəfindən verilmiş şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılaraq şikayətin kommersiya işi ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni və şikayətin dəlillərini birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən dövlət meşə fonduna vurulduğu iddia edilən zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edilmiş, lakin birinci instansiya məhkəməsi həmin tələbin mülki məhkəmə qaydasında baxılması nəzərdə tutulmadığı qənaətinə gələrək iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Meşə Məcəlləsinin 52ci maddəsinə əsasən meşə təsərrüfatına dəyən zərər və itkilər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 oktyabr 1999-cu il tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə təsərrüfatına dəyən zərərin və itkilərin ödənilməsi Qaydası”nın 4-cü bəndinə əsasən meşə qanunvericiliyinin pozulması nəticəsində meşə təsərrüfatına dəyən zərərin məbləği səlahiyyətli şəxslər tərəfindən hesablanaraq onun ödənilməsi barədə sərəncam verilir. Bundan əlavə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan dedikdə müvafiq icra hakimiyyəti orqanları və onların yerli struktur qurumları başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən Meşələrin İnkişafı Xidməti və onun yerli qurumları inzibati orqan hesab olunur. Həmin Qanunun 82.1 və 82.2-ci maddələrinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir və inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi barədə qərar qəbul edə bilər, bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 sentyabr 2011ci il tarixli qərarında da qeyd edilmişdir ki, inzibati orqan öz səlahiyyətləri çərçivəsində qəbul etdiyi inzibati aktın icraya yönəldilməsi barədə qərar qəbul edə bilər və bunun üçün məhkəmə qərarının olması tələb olunmur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, meşə təsərrüfatına vurulmuş zərərin müəyyən edilməsi və onun ödənilməsi barədə qərarın qəbul edilməsi müvafiq inzibati orqanın səlahiyyətlərinə aiddir və bu tələb birbaşa mülki məhkəmə icraatı qaydasında baxılmalı olan tələb hesab edilə bilməz. Bu səbəbdən birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə uyğun olaraq iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməsi barədə nəticəyə gəlinməsi qanuni və əsaslıdır. Şikayətdə göstərilən dəlillər isə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsassız olduğunu təsdiq edən hallar kimi qiymətləndirilə bilməz. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır və dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qəraraaldı: İddiaçının şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 10 fevral 2026-cı il tarixli, e-2-2(4-14)-499/2026 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar