Məhkəmə qərarları › İş №2-2(3-9)-53/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-9)-53/2026

18.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2-2(3-9)-53/2026 18.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Abdullayev Vəli Əsgər oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlundan və X1 ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi ilə, Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: Iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (QSC) cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2, cavabdeh1 müştərək qaydada ***R********** saylı krеdit razılaşması üzrə 21054,23 manat əsas, 1464,99 manat faiz və 951,46 manat cərimə borcu olmaqla, ümumilikdə 23470,68 manat məbləğdə bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 160,41 manat məbləğdə, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat məbləğdə dövlət rüsumlarının və 120 manat məbləğdə xidmət haqqının tutulması; tələbin cavabdeh5, cavabdeh3 və cavabdeh4 ümumi birgə mülkiyyətində olan Masallı rayonu Dadva yaşayış massivindəki 0,02 ha torpaq sahəsi və orada yerləşən 201,50 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsi və evin açıq hərracdan satılması və yuxarıda göstərilən məbləğlərin ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh5 “xxxx” QSC ilə bağladığı ##.##.2022-ci il tarixli ***L************ saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 300000 manat məbləğdə krеdit хətti açılmış və həmin müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə cavabdeh5 “xxxx” QSC ilə bağladığı ##.##.2022-ci il tarixli ***R********** saylı krеdit razılaşması əsasında 30 ay müddətinə aylıq faiz dərəcəsi 1,5 faiz оlmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 manat məbləğdə krеdit götürmüşdür. cavabdeh5 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcunu ##.##.2024-cü il tarixdən banka qaytarmamışdır. cavabdeh5 28945,77 manat məbləğ ödəmiş, onun 21054,23 manat məbləğdə kredit borcu isə qalmışdır. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 faizi məbləğində cərimə ödəməlidir. ##.##.2024-cü il tarixə 142 gün üçün hеsablanmış cərimə 951,46 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə cavabdeh5 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh5, cavabdeh3 və cavabdeh4 ilə iddiaçı arasında bağlanılmış ##.##.2022-ci il tarixli ***M************ saylı ipoteka müqaviləsi əsasında onların ümumi birgə mülkiyyətində olan Masallı rayonu Dadva yaşayış massivindəki 0,02 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 201,50 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bu yüklülük Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ##.##.2022-ci il tarixdə qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. cavabdeh1 və cavabdeh2 isə cavabdeh5, cavabdeh3 və cavabdeh4 ümumi birgə mülkiyyətində olan adıçəkilən fərdi yaşayış evi ipoteka qoyularkən ərizə təqdim edərək həmin əmlakı qeyd-şərtsiz boşaldacağı barədə öhdəlik götürmüşdür. ##.##.2024-cü il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş və onun qeydə alınmasına dair ərizə ##.##.2025-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Ərazi Idarəsində qeydiyyata alınmışdır. İŞİN HALLARİ: İddiaçı QSC ilə borcalan cavabdeh5, zaminlər cavabdeh4, cavabdeh3, cavabdeh2, cavabdeh1 arasında bağlanmış ##.##.2022-ci il tarixli ***L************ nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən cavabdeh5 120 ay müddətinə maksimum faiz dərəcəsi 28% müəyyən edilməklə 300000 manat məbləğdə krеdit хətti açılmış, zaminlər cavabdeh4, cavabdeh3, cavabdeh2, cavabdeh1 ilə birlikdə kreditin ödənilməsi ilə bağlı öhdəlik götürmüşlər. İddiaçı QSC ilə cavabdeh5 arasında bağlanmış ##.##.2022-ci il tarixli ***R********** nömrəli kredit razılaşmasına əsasən bank məbləği 50000 manat olan krediti aylıq faiz dərəcəsi 1,5 faiz olmaqla 30 ay müddətinə kredit alana verir. Kreditin verilməsinə (köçürmə) dair qəbzin surətindən görünür ki, İddiaçı QSC tərəfindən cavabdeh5 bank hesabına ##.##.2022-cü il tarixdə 50000 manat məbləğdə pul (kredit) köçürülmüşdür. “Ödəniş planı”nın surətindən görünür ki, ##.##.2022-ci il tarixli ***R********** nömrəli krеdit razılaşması üzrə son ödəniş tarixi ##.##.2025-ci il kimi qeyd olunmuşdur. İddiaçı QSC ilə cavabdeh5, cavabdeh3 və cavabdeh4 arasında bağlanmış ##.##.2022-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, cavabdeh5, cavabdeh3 və cavabdeh4 ümumi birgə mülkiyyətində olan Masallı rayonu Dadva yaşayış massivindəki 0,02 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 201,50 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Maliyyə arayışının surətindən görünür ki, ##.##.2022-ci il tarixli ***R********** nömrəli kredit razılaşmasına əsasən ##.##.2024-cü il tarixə əsas borc 21054,23 manat, faiz borcu 1464,99 manat, cərimə borcu 951,46 manat məbləğində olmaqla, bütün borc məbləği 23470,68 manat təşkil edir. ##.##.2024-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, İddiaçı QSC ilə cavabdeh5 arasında bağlanmış ##.##.2022-ci il tarixli ***R********** nömrəli kredit razılaşmasına əsasən yaranmış 23470,68 manat məbləğində borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə kredit müqavilələrinə vaxtından əvvəl xitam veriləcəyi, müqavilələr üzrə əmələ gəlmiş borcun İddiaçı QSC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli */**** saylı rəyindən görünür ki, İddiaçı QSC ilə cavabdeh5 arasında bağlanmış ##.##.2022-ci il tarixli ***R********** nömrəli kredit razılaşmasına əsasən cavabdeh5 ##.##.2024-cü il tarixə əsas borc üzrə 20755,07 manat, faiz borcu üzrə 1712,62 manat borcunun olması müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. “xxxx” MMC-nin əmlakın dəyərinin müəyyən edilməsinə dair ##.##.2025-ci il tarixli qiymətləndirmə hesabatı ilə cavabdeh5, cavabdeh3 və cavabdeh4 ümumi birgə mülkiyyətində olan Masallı rayonu Dadva yaşayış massivindəki 0,02 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 201,50 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinin ##.##.2025-ci il tarixə bazar dəyəri 50,375 manat və likvid dəyəri 44,819 manat məbləğində olması müəyyən olunmuşdur. “xxxx” MMC-nin ## ### 2026-cı il tarixli ****/** saylı məlumatından görünür ki, qiymətləndirmə obyekti olan Masallı rayonu Dadva yaşayış massivindəki 0,02 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 201,50 kv.m ümumi sahəsən ibarət fərdi yaşayış evinə baxış keçirilməsinə şarait yaradılmadığından mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır. Buna görə də iş icra edilmədən qaytarılmışdır. BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ ICRAAT: Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** saylı qətnaməsi ilə (hakim Zaur Abbasov) iddia qismən edilərək cavabdehlərdən müştərək qaydada ##.##.2022-ci il tarixli ***R********** nömrəli kredit razılaşması üzrə 20755,07 manat əsas, 1464,99 manat faiz, 50 manat məbləğində cərimə borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu, 120 manat xidmət haqqı və ödənilmiş 160,41 manat dövlət rüsumu olmaqla, cəmi 22565,47 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, tələbin cavabdeh5, cavabdeh3 və cavabdeh4 birgə mülkiyyətində olan Masallı rayonu Dadva yaşayış massivindəki 0,02 ha torpaq sahəsində yerləşən 201,50 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin ilkin satış qiymətinin 44819 manat məbləğdə müəyyən edilməsi, həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitdən təmin edilmiş iddianın qiymətinə uyğun hissəsinin iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlərdən alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi, “xxxx” MMC-nin xidmət haqqı xərci - 300 manat məbləğdə pul vəsaitinin müştərək qaydada cavabdehlərdən alınaraq həmin MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh5 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq iddiaçının cavabdeh5 kredit verməsi və sonuncunun həmin krediti alması işin mübahisəsiz hallarını təşkil edir. Lakin Maliyyə arayışında və hesabdan çıxarışda əksini tapan məlumatlardan müəyyən olunur ki, cavabdeh5 əsas və faiz borcundən ibarət ödənilməmiş kredit borcu qalmışdır. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, hesabdan çıxarışı, maliyyə arayışını və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi cavabdeh5 tərəfindən kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin vaxtında və lazımınca icra edilmədiyi aşkar olunur. Məhkəmə qeyd edir ki, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehlərin üzərinə düşür. Cavabdehlər tərəfindən iddiaya qarşı etiraz verilməmiş, iddia tələbinin tam və ya qismən əsassızlığına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə irəli sürülmüş iddia tələbini mahiyyəti üzrə qanuni hesab etməklə yanaşı kredit müqaviləsi üzrə tələb olunan əsas və faiz borc məbləğləri ilə bağlı belə nəticəyə gəlir ki, tələb olunan əsas borc məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyində göstərilən həddə və faiz borcu məbləği xəbərdarlıq məktublarında və iddia ərizəsində qeyd qeyd olunan məbləğdə müəyyən edilməlidir. Belə ki, məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən ##.##.2022-ci il tarixli ***R********** nömrəli kredit razılaşmasına əsasən ##.##.2024-cü il tarixə əsas borc üzrə 20755,07 manat, faiz borcu üzrə 1712,62 manat borcun olması müəyyən olunur. Ekspert rəyi ilə müəyyən edilmiş əsas və faiz borc məbləği ilə iddia ərizəsində tələb olunan müvafiq borc məbləğləri arasında fərq olsa da, iddiaçı əsas və faiz borc məbləğlərinə aid hissədə ekspert rəyini mübahisələndirməmiş, bununla da ekspertiza rəyində qeyd olunan məbləğlərlə razılaşdığını ifadə etmişdir. Buna görə də, əsas borc məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyində göstərilən həddə və faiz borcu məbləği xəbərdarlıq məktublarında və iddia ərizəsində qeyd qeyd olunan həddə müəyyən edilməlidir. Məhkəmə iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış kredit razılaşmasının şərtlərinə görə ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda cərimə ödəmək öhdəliyini cavabdeh5 öz üzərinə götürmüşdür. Işin halları ilə cavabdehlərin kreditin və ona hesablanmış faizin ödənilməsini gecikdirdikləri müəyyən olunduğuna görə onların iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır. Lakin məhkəmə cərimənin məbləğinin əsas və faiz borcuna nisbətini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehlərdən 951,46 manat məbləğdə cərimənin tutulması hissəsində əsaslı və mütənasib deyildir. Buna görə də, cərimə məbləğinin azaldılaraq 50 manat məbləğdə müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar. Məhkəmə, kredit müqaviləsi üzrə əsas borclu ilə yanaşı digər cavabdehlərin (zaminlərin) iddiaçı qarşısında mülki məsuliyyətinin faktiki və hüquqi əsasları ilə əlaqədar qeyd edir ki, cavabdeh4, cavabdeh3, cavabdeh2, cavabdeh1 imzaladıqları zaminlik müqaviləsi ilə borclu cavabdeh5 kredit müqaviləsi üzrə öhdəliyin tamamı ilə icra etməsini, o cümlədən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyəti üzərlərinə götürmüşlər. Kredit müqaviləsi üzrə əsas borclunun öhdəliyini pozduğuna görə zaminlərin də onunla birlikdə kreditor qarşısında birgə məsuliyyəti yaranmışdır. APELLYASIYA ŞIKAYƏTI VƏ DƏLILLƏR: cavabdeh5 qətnamədən apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin 13500 manat məbləğdə təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçıdan 50000 manat kredit götürmüş və digər cavabdehlər isə ona zamin durmuşlar. Həmçinin kreditin təminatı olaraq mülkiyyətlərində olan evi ipoteka ilə yüklü etmişlər. Həmin evin orta bazar qiyməti 100000 manat təşkil etsə də, 50000 manat məbləğdə qiymətləndirilmişdir ki, mülkiyyət hüquqları pozulmuşdur. Buna görə də, ipoteka predmetinin təkrar qiymətləndirilməsi aparılmalıdır. TƏRƏFLƏRİN İZAHATLARİ: Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. T Ə L Ə B İ N Q A N U N İ Ə S A S İ: Məhkəmə tərkibi qeyd edir ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə görə öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. MM-in 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. MM-in 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. MM-in 462.1-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. MM-in 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MPM-in 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan, kredit və ipoteka müqaviləsinin bağlandığı dövrdə qüvvədə olmuş: MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Habelə həmin məcəllənin 740-cı maddəsinin tələbinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Bundan əlavə, MM-in 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. MM-in 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. MM-in 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. “Ipoteka haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Qanunun 33-cü maddəsinə görə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin qanunun 34-cü maddəsin əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi (34.1.1), ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi (34.1.3) ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. Habelə hazırda da qüvvədə olan “Ipoteka haqqında” Qanunun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının ##.##.2020-ci il tarixli qərardadında göstərilir ki, “Ipoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2023-cü il tarixli qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. Iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; Ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.Mülki Məcəllənin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. APELLYASIYA INSTANSIYA MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış, onun gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuş, maddi və prosessual hüquq normaları məhkəmə tərəfindən düzgün tətbiq olunmuşdur. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Ancaq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarındakı hüquqi mövqeyə görə qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir. MPM-in 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Kollegiya işin mübahisəsiz halları kimi qeyd edir ki, xxxx” QSC ilə cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2, cavabdeh1 arasında bağlanmış ##.##.2022-ci il tarixli ***L************ nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən cavabdeh5 120 ay müddətinə 300000 manat məbləğdə krеdit хətti açılmış, zaminlər cavabdeh4, cavabdeh3, cavabdeh2, cavabdeh1 ilə birlikdə kreditin ödənilməsi ilə bağlı öhdəlik götürmüşdür. Daha sonra İddiaçı QSC ilə cavabdeh5 arasında bağlanmış ##.##.2022-ci il tarixli ***R********** nömrəli kredit razılaşmasına əsasən bank məbləği 50000 manat olan krediti aylıq faiz dərəcəsi 1,5 faiz olmaqla 30 ay müddətinə kredit alana vermiş və İddiaçı QSC tərəfindən cavabdeh5 bank hesabına ##.##.2022-cü il tarixdə 50000 manat məbləğdə pul vəsaiti köçürülmüşdür. Işdə olan ##.##.2022-ci il tarixli ipoteka müqaviləsinə görə cavabdeh5, cavabdeh3 və cavabdeh4 ümumi birgə mülkiyyətində olan Masallı rayonu Dadva yaşayış massivindəki 0,02 ha torpaq sahəsi və orada yerləşən 201,50 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş və evin ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 45000 manat müəyyən edilmişdir. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsində əldə edilmiş “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli qiymətləndirmə hesabatına görə ipoteka predmeti olan fərdi yaşayış evinin ##.##.2025-ci il tarixə bazar dəyəri 50375 manat və likvid dəyəri 44819 manat məbləğdə müəyyən olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətində Masallı rayonu Dadva yaşayış massivində yerləşən 0,02 ha torpaq sahəsinin və həmin sahədə yerləşən ümumi sahəsi 201,50 kv.m olan fərdi yaşayış evinin bazar dəyərinin 2015-ci ilin qiymətlərinə uyğun hesablanmış olduğu və hazırda mübahisəli mənzilin dəyərin 100000 manat təşkil etməsi barədə dəlilə münasibətdə qeyd edir ki, ipoteka müqaviləsinin bağlandığı ##.##.2022-ci il tarixdən qiymətləndirici rəyinin verildiyi ##.##.2025-ci il tarixədək keçən 3 il ərzində ipoteka predmeti olan fərdi yaşayış evinin dəyərinin artıb-artmaması məsələsinin aydınlaşdırılması məqsədilə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası tərəfindən # ##### 2026-cı il tarixli qərardadla qiymətləndirmə təyin etmişdir. Lakin “xxxx” MMC-nin ## ### 2026-cı il tarixli ****/** nömrəli məktubuna əsasən qiymətləndirmə obyekti olan Masallı rayonu Dadva yaşayış massivində yerləşən 0,02 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 201,50 kv.m olan fərdi yaşayış evinə baxış keçirilməsi üçün şərait yaradılmadığından mütəxəssis rəyinin verilməsi mümkün olmamış və qərardad icra edilmədən məhkəməyə qaytarılmışdır. Bu səbəbdən, “xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli qiymətləndirmə hesabatının mötəbərliyini şübhə altına almağa əsas verən hallar iş materialları ilə təsdiq olunmur. Diqqətə çatdırılmalıdır ki, MPM-in 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Qeyd edilməlidir ki, cavabdehlər birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsalar da, məhkəmədə iştirak etməmiş və qiymətləndirmə hesabatını icraat müddətində ümumiyyətlə mübahisələndirməmişlər. Bundan başqa, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində əsas və faiz məbləği ilə bağlı məhkəmə-mühasibatlıq ekspertizasının qeyri-obyektiv olması və təkrar ekspertizanın keçirilməsinin zəruriliyi barədə dəlilə dair bildirir ki, birinci instansiya məhkəməsində icraat zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli */**** saylı rəyinin mötəbərliliyi qəbul edilməlidir. Həmin rəydə təsdiq edilmiş borc məbləğinin qeyri-dəqiqliyi barədə məhkəməyə hər hansı dəlil və ya sübut təqdim edilməmişdir. Başqa sözlə, iddia tələbinin 13500 manat məbləğdə təmin edilməsi üçün heç bir əsas müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası müəyyən edir ki, mübahisələndirilən qətnamənin məzmunundan aydın görünür ki, əldə edilmiş ekspert və mütəxəssis rəyləri iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə və qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmişdir. Bununla yanaşı, həm birinci instansiya məhkəməsində işə baxılması zamanı, həm də hazırkı icraat mərhələsində ədalət mühakiməsinin çəkişmə prinsipi əsasında həyata keçirilməsi məqsədilə bütün zəruri prosessual tədbirlər görülmüşdür. Lakin cavabdeh5 iddia etdiyi halları təsdiq edən hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmiş yaxud həmin halların təsdiqi üçün kifayət qədər təşəbbüs göstərməmişdir. Beləcə, məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətinin formal və əsassız dəlilləri üzrə hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət düzgün və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası məhkəmə xərclərinə dair hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən və MPM-in 14, 77, 217, 372, 376, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Əgər həmin müddət ərzində şikayət verilməzsə, qətnamə qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar