Məhkəmə qərarları › İş №2-2(4-11)-582/2026

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(4-11)-582/2026

27.01.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(4-11)-582/2026 27.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Mən, Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1nə və Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı “qiymətləndirmə barədə hesabatın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİM: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 103/1 nömrəli və 127 nömrəli hesabatlarının etibarsız sayılması, Cavabdeh1nə Mingəçevir şəhəri, Heydər Əliyev prospekti 65 ünvanda yerləşən 6184.3 kv.m əmlak kompleksinin və Mingəçevir şəhəri Heydər Əliyev prospekti 65A ünvanında yerləşən 5866.7 kv.m əmlak kompleksinin və onlara aid torpaq sahələrinin ayrılıqda ədalətli bazar qiymətlərini müəyyən etmək üçün yenidən qiymətləndirmə keçirilməsinin tapşırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi barədə xx.xx.2021-ci il tarixli Qərardadında qeyd edilmişdir ki, Qiymətin mübahisələndirilməsi qaydası ilə bağlı isə qeyd edilməlidir ki, “İcra haqqında” Qanunun 51-ci maddəsindən, habelə yuxarıda qeyd edilən digər müddəalarından belə qənaət hasil olur ki, icra icraatı çərçivəsində borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti qiymətləndiricilərdən alınan rəylər əsasında icra məmuru tərəfindən müəyyənləşdirilir. Bu baxımdan, məhkəmə tərkibi hesab edir ki, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində iddia icraatı qaydasında deyil, icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsində icra məmurunun müvafiq qiymətləndiricini dəvət etmək səlahiyyəti nəzərdə tutulmuşdur. Bu baxımdan dəvət edilmiş qiymətləndiricinin rəyindəki müvafiq (başlanğıc) qiymətlə əmlakın hərraca çıxarılmasına dair sifariş vermək hüququ da icra məmuruna aiddir. Belə olan halda, hərrac keçirilənədək həmin qiymət, onu öz sifarişində əsas götürən icra məmurunun hərəkətindən verilən şikayət qaydasında mübahisələndirilə bilər. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir.https://e-qanun.az/framework/46945 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6.-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. İddia ərizəsinin əsaslandırılmasından və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçının borclu olduğu icra sənədlərinin icrası məqsədilə tələblərin borclunun mülkiyyətində olan əmlaklara yönəldilməsi üçün icra məmuru tərəfindən əmlaklar qiymətləndirilmişdir və hal-hazırda əmlaklar tələbkara təklif edilmiş və nəticə etibarı ilə protokolla rəsmiləşdirmə, yaxud hərrac baş verməmişdir. Yəni qeyd edilən məsələ ilə bağlı proseslər icra icraatı çərçivəsində davam etməkdədir. Odur ki, hazırki mübahisəyə icra icraatı qaydasında baxılmalı olduğundan iddia ərizəsinin icraata qəbulundən imtina edilməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, “İcra haqqında” AR Qanunun 87.1-ci maddəsinin tələbi baxımından icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən icra məmurunun olduğu yer üzrə müvafiq məhkəməyə şikayət verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1nə və Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı “qiymətləndirmə barədə hesabatın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu(qəbz: **********24) İddiaçı ASC-yə geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar