Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № 2(3-1)-120/2026 27.07.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki kollegiya İmanov Elvin Müseyib oğlunun İsmayılov Yunis Bayram oğluna qarşı pul tələbi (Açar sözlər: pul tələbi, borc müqaviləsi, real müqavilə, yalan əqd, pərdələnən münasibət, aldatma, əsassız varlanma, sübutların qiymətləndirilməsi, səs yazısı) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (sədrlik edən və məruzəçi), Allahverdiyev Mehman Dünyamalı oğlu və Əliyev Mehdi Ədalət oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, iddiaçı İmanov Elvin Müseyib oğlunun iştirakı ilə, İmanov Elvin Müseyib oğlunun İsmayılov Yunis Bayram oğluna qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Culfa Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qətnaməsindən cavabdeh tərəfin verdiyi apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət.
1. İddiaçı İmanov Elvin Müseyib oğlu "26" yanvar 2026-cı ildə Culfa Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh İsmayılov Yunis Bayram oğlundan 21300 (iyirmi bir min üç yüz) manat pulun və ödənilmiş 153.90 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iş vərəqə 01-02).
b) İddia tələbinin əsaslandırılması.
2. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdi ki, ## ###### 2023-cü il tarixdə onunla cavabdeh İsmayılov Yunis Bayram oğlu arasında notarial qaydada yazılı borc müqaviləsi imzalanmışdır. Həmin borc müqaviləsinin şərtlərinə əsasən 21300 (iyirmi bir min üç yüz) manat borcu cavabdeh İsmayılov Yunis Bayram oğlu ## ###### 2025-ci il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdü. borc müqaviləsinin 9-cu bəndində, tərəflər həmin müqavilə üzrə mübahisələrin onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunması qeyd olunmuşdur. Cavabdeh tərəfindən bu günədək ona heç bir məbləğdə pul ödənilməmişdir. Bununla bağlı dəfələrlə şifahi və bir dəfədə yazılı şəkildə müraciət etsə də cavabdeh borcu ödəməkdən boyun qaçırır.
c) Qarşılıqlı iddianın verilməsi.
3. Cavabdeh İsmayılov Yunis Bayram oğlu ## #### 2026-cı ildə qarşılıqlı iddia ərizəsi ilə işə baxan birinci instansiya məhkəməsinə müraciət edərək, iddiaçı tərəfindən irəli sürülmüş pul tələbinin rədd edilməsini, cavabdehin iddiaçı qarşısında borcunun olmadığının müəyyən edilməsini, iddiaçıya əsl və əsas borcunun (qoyun alqı-satqısı üzrə) 20000 manat olması faktının araşdırılıb təsdiq edilməsini, Məmmədov Həbib və X4rının iş üzrə üçüncü şəxs qismində cəlb olunmasını, həmçinin obyektin bazar qiymətinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməsini xahiş etmişdi.
4. İş materiallarından qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi və ya geri qaytarılması barədə qanunvericiliyin tələblərinə uyğun olaraq hər hansı qərardadın qəbul edildiyi müəyyən edilmir.
ç) Tələb üzrə qəbul edilən məhkəmə aktı.
5. Culfa Rayon Məhkəməsinin (sədrlik edən hakim Mehrab Məmmədov) ## ##### 2026cı il tarixli, *(*-**)-**/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İsmayılov Yunis Bayram oğlundan 21300 (iyirmi bir min üç yüz) manat pulun və 153.90 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İmanov Elvin Müseyib oğluna ödənilməsi qət edilmişdi (iş vərəqə 122-130).
d) Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi.
6. Birinci instansiya məhkəməsi gəldiyi hüquqi nəticəni onunla əsaslandırmışdı ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübut edə bilmiş, tərəflər arasında ## ###### 2023-cü il tarixdə bağlanmış borc müqaviləsindən irəli gələn öhdəliklər cavabdeh tərəfindən lazımi qaydada icra edilməmiş və borcun tam ödənilməsi sübut olunmamışdır. Cavabdehin müqavilənin uydurma və ya "formal xarakter daşıması" barədə etirazı əsassızdır, belə ki, müqavilə əsasında real pul vəsaiti verilmiş, borc münasibətləri yaranmış, öhdəlik icra edilməmişdir və müqavilənin etibarsızlığına dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Girov qoyulmuş daşınmaz əmlakın (mağazanın) orta bazar qiymətinin 37000 - 42000 manat intervalında olduğunu göstərən ekspert rəyi borc öhdəliyinin həcminin müəyyən edilməsi baxımından həlledici əhəmiyyət kəsb etmir, mülkiyyətçi əmlakı istədiyi qiymətə sata bilər və sübutlarla əmlakın 20000 manata satıldığı müəyyən edilmişdir. Cavabdehin təqdim etdiyi şahidlərin (E.Allahverdiyev və S.Ələkbərova) ifadələrində bildirdikləri hallar eşitmə, ehtimal və subyektiv fikirlər olduğundan sübut qismində qəbul edilə bilməz. Məhkəməyə təqdim edilən səs yazıları iddia tələbini təkzib etmir, əksinə, tərəflər arasında borc münasibətlərinin və qarşılıqlı hesablaşmaların mövcud olduğunu təsdiq edir. Ümumilikdə 41300 manat təşkil edən borcun 20000 manatı girov qoyulmuş mağazanın satılması hesabına ödənilmiş, yerdə qalan 21300 manat borc üçün isə cavabdehlə iddiaçı arasında rəsmi borc müqaviləsi bağlanaraq cavabdeh tərəfindən öhdəlik götürülmüşdür.
II. Apellyasiya icraatı. a) Məhkəmə aktından verilən apellyasiya şikayəti.
7. Culfa Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qətnaməsindən narazı qalan cavabdeh İsmayılov Yunis Bayram oğlu ## #### 2026-cı il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək həmin qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir (iş vərəqə 135-144).
b) Apellyasiya şikayətinin əsaslandırılması.
8. Cavabdeh İsmayılov Yunis Bayram oğlu apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə qəbul edilmiş, iş üçün mühüm əhəmiyyət kəsb edən hallar tam araşdırılmamış, təqdim edilmiş sübutlara hüquqi qiymət verilməmiş, tərəflərin həqiqi münasibətləri müəyyən edilməmiş və nəticədə qanunsuz və əsassız qətnamə çıxarılmışdır.
9. Qarşılıqlı iddiaya ümumiyyətlə hüquqi qiymət verilməmişdir. Tərəfindən məhkəməyə ayrıca qarşılıqlı iddia ərizəsi təqdim edilmişdir. Həmin qarşılıqlı iddiada, tərəflər arasındakı real münasibətin nisyə qoyun alqı-satqısı olması, borcun əvəzində mağaza tipli obyektin iddiaçıya verilməsi, obyektin bazar dəyərinin borcu tam şəkildə örtməsi, borc müqaviləsinin formal (yalançı) əqd olması, əsassız varlanma, üçüncü şəxslərin hüquqlarına toxunulması, ekspertiza keçirilməsi, borcun real məbləğinin araşdırılması kimi mühüm hüquqi məsələlər qaldırılmışdır. Lakin məhkəmə qətnaməsində qarşılıqlı iddianın ümumiyyətlə verilibverilməməsinə, icraata qəbul olunub-olunmamasına, hansı səbəbdən baxılmamasına, niyə rədd edilməsinə, yaxud niyə ayrıca icraata ayrılmamasına dair heç bir hüquqi mövqe bildirməmişdir. Qətnamədən belə görünür ki, guya ümumiyyətlə qarşılıqlı iddia verilməmişdir. Bu isə Mülki-Prosessual Məcəllənin 9-cu maddəsində nəzərdə tutulmuş çəkişmə prinsipinin, 14-cü maddəsində nəzərdə tutulmuş işin hərtərəfli araşdırılması prinsipinin, 217.3 və 217.4cü maddələrinin, 220.4-cü maddəsinin kobud pozuntusudur. Məhkəmə iş üzrə təqdim edilmiş ayrıca prosessual tələbi tamamilə cavabsız qoymuşdur. Bu hal özü ayrıca qətnamənin ləğvi üçün müstəqil əsas təşkil edir. Həmçinin səs yazıları əsas sübut olmasına baxmayaraq qətnamədə ümumiyyətlə qiymətləndirilməmişdir. Tərəfindən məhkəməyə ayrıca vəsatətlə telefon danışığının səs yazıları təqdim edilmişdir. Həmin səs yazıları məhkəmə iclasında hakim tərəfindən dinlənilmişdir. Səs yazılarında tərəflər arasında pul borcu münasibətinin deyil, əmlakla hesablaşma münasibətinin mövcud olması, obyektin borcun əvəzi kimi verilməsi, “obyekti verin, borcu silirəm” məzmunlu ifadələr, iddiaçının verdiyi vədlər, tərəflərin həqiqi münasibətləri birbaşa təsdiq olunmuşdur. Buna baxmayaraq məhkəmə qətnaməsində həmin səs yazılarının mövcudluğunu, onların məhkəmədə dinlənilməsini, sübut kimi qəbul edilibedilməməsini,
10. niyə qəbul edilmədiyini, yaxud niyə etibarsız hesab edildiyini ümumiyyətlə göstərməmişdir.
11. Bundan başqa təqdim edilmiş vəsatətlərin mühüm hissəsinə qətnamədə münasibət bildirilməmiş, onların qəbul və ya rədd olunma səbəbləri göstərilməmiş, hüquqi əsaslandırma aparılmamışdır. Bu isə Mülki-Prosessual Məcəllənin 220.4-cü maddəsinin birbaşa pozulmasıdır. Çünki məhkəmə tərəflərin bütün dəlillərinə və vəsatətlərinə münasibət bildirməyə borcludur.
12. Məhkəmə tərəflərin həqiqi münasibətlərini araşdırmamışdır. İş materiallarından görünür ki, tərəflər arasındakı ilkin münasibətlər onunla deyil, qardaşı İsmayılov Ələsgər Bayram oğlu ilə iddiaçı arasında yaranmışdır. Bu münasibətlər nisyə qoyun alqı-satqısından irəli gəlmişdir. Məhkəmə özü də qətnamədə bunu qəbul etmişdir. Lakin daha sonra həmin borcun hansı əsasla onun üzərinə keçməsi, borcun keçirilməsi müqaviləsinin olub-olmaması, zaminlik münasibətinin mövcudluğu, borcun öz üzərinə götürülməsi halının baş veribverməməsi ümumiyyətlə araşdırılmamışdır. Pulun faktiki verilməsi sübuta yetirilməmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsi real müqavilədir və hüquqi nəticə doğurması üçün pulun faktiki verilməsi müəyyən edilməlidir. Lakin iş materiallarında pulun verilməsinə dair qəbz, bank köçürməsi, təhvil-təslim sənədi, pulun mənbəyini təsdiq edən sənəd, pulun verilməsini təsdiq edən şahid ifadəsi mövcud deyildir. Buna baxmayaraq məhkəmə yalnız müqavilənin mövcudluğunu əsas götürərək pulun verildiyini qəbul etmişdir. Halbuki müqavilənin mövcudluğu hələ pulun faktiki verilməsi demək deyildir.
13. Məhkəmə bir tərəfdən daşınmaz əmlakın bazar qiymətinin iş üçün əhəmiyyət daşımadığını göstərmişdir. Digər tərəfdən isə guya mağazanın 20.000 manata satılması faktını əsas götürərək qalıq borcu hesablamışdır. Beləliklə satış qiymətini əhəmiyyətsiz hesab etmiş, eyni zamanda həmin qiyməti qətnamənin əsas elementi kimi qəbul etmişdir. Bu isə qətnamənin daxili ziddiyyətli və əsassız olduğunu göstərir.
14. Ekspertiza vəsatətinin rədd edilməsi qanunsuz olmuşdur. Tərəfindən obyektin real bazar qiymətinin müəyyən olunması üçün məhkəmə ekspertizasının təyin edilməsi barədə vəsatət verilmişdir. Çünki qalıq borcun mövcud olub-olmaması birbaşa obyektin real satış və bazar qiymətindən asılı idi. Lakin məhkəmə ekspertizanı keçirməmişdir. Halbuki iş materiallarında ciddi qiymət fərqi mövcud olmuş, ekspert rəyi ilə iddiaçının izahatı arasında ziddiyyət yaranmış, qalıq borcun hesablanması mübahisəli olmuşdur. Belə olan halda ekspertiza təyin edilmədən işin düzgün həlli mümkün deyildi.
15. Habelə məhkəmə həmçinin şahid ifadələri düzgün qiymətləndirilməmişdir. X9 ifadələri obyektin real bazar dəyəri, satış qiyməti, tərəflərin razılaşması barədə mühüm məlumatlar ehtiva etmişdir. Lakin məhkəmə həmin ifadələri niyə qəbul etmədiyini əsaslandırmamışdır.
16. Bundan başqa məhkəmədə borc müqaviləsinin formal (yalançı) əqd olması barədə dəlillər araşdırılmamışdır. Tərəfindən dəfələrlə bildirilmişdir ki, ## ###### 2023-cü il tarixli sənəd real borc münasibətini deyil, əvvəlki münasibətlərin formal rəsmiləşdirilməsini əks etdirmişdir. O, müqaviləni iddiaçının verdiyi vədə, qardaşının işlə təmin olunacağına dair sözlərinə, obyektin verilməsi müqabilində borcun bağlanacağına dair razılaşmaya inanaraq imzalamışdı. Bu hallar əlavə izahat ərizəsində, səs yazılarında, təqdim edilmiş sübutlarda ətraflı göstərilmişdir. Lakin məhkəmə aldadılma, yalan vəd, tərəflərin həqiqi iradəsi, formal əqd, gizli əqd məsələlərini tam araşdırmamışdır.
17. Şikayət edən tərəf birinci instansiya məhkəməsinin maddi hüquq normalarını pozması və ya düzgün tətbiq etməməsinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339, 340, 385.1, 386.1, 425-ci və 739.1-ci maddələrinə, prosessual hüquq normalarını pozması və ya düzgün tətbiq etməməsinin əsası kimi isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 9.3, 14.2, 76, 77.1, 88, 97, 104, 156, 217.3, 217.4, 220.4, 385.1, 385.1.2 və 385.1.3-cü maddələrinə istinad etmişdi.
c) İşin apellyasiya icraatına qəbulu.
18. Apellyasiya şikayəti mülki işlə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına ## #### 2026-cı ildə daxil olmuş və kollegiyanın ## #### 2026-cı il tarixli qərardadı ilə icraata qəbul edilmişdi.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdı.
III. İzahatlar və prosesin gedişatı.
20. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən iddiaçı İmanov Elvin Müseyib oğlu apellyasiya şikayətini qəbul etməyərək, verdiyi izahatında bildirmişdi ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində guya onun verdiyi qoyunların xəstə olduğunu, ona olan borcu qarşılığında girov qoyduğu obyekti baha satdığını qeyd etmişdir. Lakin o, birinci instansiya məhkəməsində cavabdehlə aralarında bağlanmış alqı-satqı müqaviləsini təqdim edərək obyektin cavabdehin iddia etdiyi məbləğə satılmadığını sübut etmişdir. Obyektin alqı-satqısı notarial qaydada həyata keçirilmişdir. İddiaçının sözlərinə görə, qarşı tərəf rayonda dələduzluqla məşğul idi. O, özünə məxsus xırdabuynuzlu heyvanları cavabdehin qardaşına vermiş, cavabdehlə də buna görə borc müqaviləsi bağlamışdır. Cavabdehin qardaşı Türkiyə Respublikasına getdikdən sonra xırdabuynuzlu heyvanlar qalmış və onların Culfa rayonu, Saltaq kəndində yerləşən evlərindən ona məxsus 199 baş qoyunu və 10 baş qəzilini götürmək üçün getdikdə, cavabdehin anası icazə verməmiş və ona cavabdehin Bakı şəhərindən gəldiyini, o, gəldikdən sonra danışacaqlarını və ona borclu olduqlarını bildirmişdir. O, isə anasına heyvanları saxlaya bilməyəcəklərsə geri qaytarmalarını, heyvanları başqa şəxslərin istədiyini bildirmişdir. İddiaçı qeyd etmişdir ki, onların böyük təsərrüfatı olub, heyvanları bir neçə şəxsə həmin heyvanların balalarını satıb təsərrüfatın pulunu almaq şərtləri ilə vermişdilər. Cavabdeh heyvanları satdıqdan sonra Bakı şəhərində iş quracaqlarını və onun pulunu ödəyəcəyini bildirmişdir. İddiaçı bununla razılaşmasa da, cavabdeh həmin günün axşamı heyvanları sataraq Bakı şəhərinə getmişdir. Həmin hadisədən 2 il keçməsinə baxmayaraq cavabdeh bir dəfə də olsun zəng vuraraq ona olan 21300 manat borcunu ödəyəcəyini bildirməmiş və hər hansı bir ödəniş də etməmişdir. İddiaçı bildirmişdir ki, cavabdehin qardaşına qarşı şikayətlə polisə müraciət etdikdən sonra cavabdeh Bakı şəhərindən gəlmiş və notarial qaydada o, cavabdehə borc vermişdir. Cavabdeh isə 2 il müddətində borcu qaytarmağı öhdəsinə götürmüşdür. 2 il keçsə də, onlar borcu verməmiş və bu müddətdə bir dəfə də olsun zəng edib borclarını ödəyəcəkləri barədə heç nə deməmişlər. İddiaçı əlavə etmişdir ki, heyvanların verilməsi ilə bağlı girov qoyulmuş obyekti 10000 manat qarşılığında notarial qaydada satmışlar və obyekti satdığı şəxsə öncədən 10000 manat əlborcu olmuşdur. İddiaçı hesab edir ki, qarşı tərəf qeyd edilənlərlə razılaşmır, vaxtı uzadır və birinci instansiya məhkəməsinin qətnaməsindən gec şikayət verərək vaxt qazanmağa çalışır. Sonda iddiaçı cavabdehlə arasında borc müqaviləsinin mövcud olduğunu və həmin müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini məhkəmədən tələb etmişdir.
21. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən iddiaçı ona verilmiş suallara cavab olaraq bildirmişdi ki, cavabdeh Culfa rayonu, Ləkətağ kənd məktəbində ingilis dili müəllimi işləyirdi, ailəsi isə heyvan alqı-satqısı ilə məşğul olurdu. Onlar gedib cavabdehin ailəsi ilə tanış olmuş, cavabdehin anası heyvanlara baxacaqlarını bildirmişdir. Cavabdehin özü bahalı avtomobil almış, lakin bir müddət sonra vəziyyətləri pisləşmişdir. İddiaçı qeyd etmişdir ki, çox heyvan verdikləri şəxslərdən təminat tələb edir və ya borc müqaviləsi bağlayırdılar. Qarşı tərəfin təsərrüfatı olmamışdır, lakin digər şəxslərin təsərrüfatları mövcud olmuşdur. Öz təsərrüfatı olub heyvan verdiyi şəxslərdən təminat almadığını, çünki onların öz təsərrüfatları olduğunu, lakin cavabdeh qəssablıq fəaliyyəti ilə məşğul olduğu və eyni zamanda müəllim kimi çalışdığı üçün heyvanların qarşılığında məhz ondan təminat aldığını bildirmişdir. O cümlədən, başqa şəxslərə bu həcmdə xırdabuynuzlu heyvan vermədiyi üçün onlardan təminat tələb etmədiyini, belə ki, Culfa rayonu, Göydərə kəndində 3 nəfərin hər birinə 50 baş heyvan versə də, onların öz təsərrüfatları olduğu üçün təminat istəmədiyini diqqətə çatdırmışdır. İddiaçı əlavə etmişdir ki, qarşı tərəfdən ona verdiyi heyvanların təminatı qismində aldıqları mağaza öz qardaşının adına rəsmiləşdirildiyindən, onu satan zaman cavabdehi dəvət etməmişdilər. Cavabdehin girov qoyduğu mağazanın binanın üç obyektindən biri olduğunu və sadəcə həmin obyekti girov kimi verdiyini vurğulamışdır. Cavabdeh tərəfindən heyvanların qarşılığında verilmiş mağazanı satan zaman alıcıya 10000 manat borcları olduğundan, mağazanı notarial qaydada həmin alıcıya 10000 manat qarşılığında satdıqlarını, həmin şəxsin isə 3-4 ay sonra mağazanı satmağa məcbur olduğunu, lakin cavabdehin iddia etdiyi qiymətə satmadığını, təqribən 28000 manata satdığını qeyd etmişdir. İddiaçı bildirmişdir ki, ona borcu olan şəxs cavabdehin qardaşı Ələsgər olmuş, ona qarşı cinayət işi başlanılacağından cavabdeh öhdəlik götürərək onunla borc müqaviləsi bağlamış və qardaşının borcunu ödəmişdir. Belə ki, cavabdeh qardaşına qarşı cinayət işinin başlanmasının qarşısını almış və 2 il müddətinə ondan aldığı borcu qaytaracağını öhdəlik olaraq qəbul etmişdir. O, cavabdehə verdiyi 21300 manatın onun öz borcu olduğunu və Ələsgər qaçdıqdan sonra təsərrüfatı satanın cavabdeh olduğunu diqqətə çatdırmışdır. Mülki işin materiallarında olan səs yazılarının ona məxsus olduğunu və onun xəbəri olmadan yazıldığını təsdiq etmişdir. İddiaçı onun Ələsgərə verdiyi heyvanları cavabdehin satdığını, dələduzluqla məşğul olanın o olduğunu, qardaşı Ələsgərin bu məsələ ilə heç bir aidiyyəti olmadığını, Ələsgər Türkiyə Respublikasına getdikdən sonra cavabdehin evinə gedərək heyvanları geri tələb etsələr də, onları vermədiyini bildirmişdir. İddiaçı vurğulamışdır ki, cavabdehin heyvanların qarşılığında girov qoyduğu mağaza cavabdehin qardaşının dostu olan Həbib adlı şəxsə məxsus olmuşdur. Cavabdehin Həbibə də borcu vardır və onların arasında da borc müqaviləsi bağlanılmışdır. Mağaza satılan zaman Həbibin və onun orada olmadığını, həmin dövrdə mağazanın boş olduğunu və fəaliyyət göstərmədiyini qeyd etmişdir. Cavabdeh mağazanı onların adına rəsmiləşdirən zaman mağaza Həbibin qaynının adına olmuş və Həbibin özünün də mağazanın onlara verildiyindən xəbəri olmuşdur. O zaman iddiaçı pul tapıb vermiş, notarial qaydada müqavilə bağlanmış və cavabdeh tərəf Həbibə 20000 manat pul borclu olması barədə müqavilə ilə öhdəlik götürmüşdür. Mağazanın 20000 manata satılması ilə bağlı alqı-satqı müqaviləsinin sübut qismində mövcud olduğunu və mağazanı onlardan alan şəxsin mağazanı təqribən 28000 manata satdığını bildirmişdir. Həbibin mağazasının köhnə və ölçüsünün 35-36 kvadratmetr olduğunu, qarşı tərəfin oraya 15000 manat xərc çəkdiyini dediyini, mağazanın 24000 manata nəzərə alınmasını, onların çəkdikləri xərcin 15000 manat olması halında 9000 manat verib borclarını bağlamaq istədiklərini əlavə etmişdir. İddiaçı bildirmişdir ki, borcun olduğunu cavabdeh qəbul etmişdir. Onlar üç qardaşdırlar, bir qardaşının adı Hüseyndir və Ələsgər onlardan heyvanları aldıqdan 3-4 ay sonra Türkiyə Respublikasına getmişdir. Ələsgər ondan heyvanları alan zaman cavabdeh Bakı şəhərində olmuş, sonradan gəlmiş və iddiaçı ona heyvanları satmamasını, onları Göydərə kəndində yaşayan bir nəfərin almaq istədiyini bildirmiş, lakin səhəri gün cavabdehin heyvanları satdığını öyrənmişlər. Cavabdehlə aralarında Ələsgərin borcunun qardaşı olan cavabdeh tərəfindən ödəniləcəyi barədə hər hansı müqavilə bağlanmadığını təsdiqləmişdir. Ələsgər barəsində polisə şikayət ərizəsi ilə müraciət etdiklərini, cinayət işi başlanan zaman cavabdehin onunla borc müqaviləsi bağlayıb qardaşını qurtardığını bildirmişdir. İddiaçı notariusun depozit hesabına 21300 manat pul qoyduğunu və daha sonra cavabdehin pulu götürərək qardaşının borcunun əvəzi kimi ona verdiyini, onun da polisə verdiyi şikayət ərizəsini geri götürdüyünü diqqətə çatdırmışdır. Sonda iddiaçı bildirmişdir ki, o, cavabdeh barəsində məhkəməyə müraciət etdikdən sonra, cavabdeh Həbibin də ondan şikayət etməməsi üçün ona olan 20000 manat borcunu aybaay 500 manat olmaqla ödəyir.
22. Apellyasiya şikayətinə baxılması ilə bağlı təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdi.
23. Cavabdeh İsmayılov Yunis Bayram oğlu ərizə ilə kollegiyaya müraciət edərək bildirmişdir ki, hal-hazırda Bakı şəhərindədir, səhhəti ilə bağlı (ürəyində olan problemlə) məhkəmə iclasında iştirak edə bilməyəcək, apellyasiya şikayətini müdafiə edir. Həmçinin cavabdeh onun iştirakı olmadan məhkəmə iclasının keçirməsini və apellyasiya şikayətinin təmin edilməsini kollegiyadan xahiş etmişdi.
24. Kollegiya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376-cı maddəsinin tələbinə əsaslanmaqla apellyasiya şikayətinə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdi.
IV. İşin halları:
25. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 392.1.4-cü maddəsinin tələbindən (sübutların qısa məzmununa dair hissədən) çıxış edərək kollegiya bildirir ki, iş materiallarına əlavə edilmiş:
26. - ## ###### 2023-cü il tarixli, 3M-*** reyestr nömrəli borc müqaviləsindən, borc verən İmanov Elvin Müseyib oğlunun borc alan İsmayılov Yunis Bayram oğluna 21300 (iyirmi bir min üç yüz) manat məbləğində pulu verməsi, borc alan İsmayılov Yunis Bayram oğlunun borcu ## ###### 2025-ci il tarixinədək borc verən İmanov Elvin Müseyib oğluna qaytarmağı öhdəsinə götürməsi (iş vərəqə 25);
27. - ## ###### 2023-cü il tarixli, 3M-*** reyestr nömrəli borc müqaviləsindən, borc verən X4 borc alan İsmayılov Yunis Bayram oğluna 20000 (iyirmi min) manat məbləğində pul verməsi, borc alan İsmayılov Yunis Bayram oğlunun borcu ## ###### 2025-ci il tarixinədək borc verən X4 qaytarmağı öhdəsinə götürməsi (iş vərəqə 26); 28.- “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya Sistemindən çıxarışdan, ## ##### 2024-cü il qeydiyyat tarixli, *** reyestr nömrəli “Daşınmaz əmlakın alqı-satqısı” müqaviləsi üzrə satıcı İmanov Vüsal Müseyib oğlunun Naxçıvan Muxtar Respublikası ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 31.08 kvadratmetr olan qeyri-yaşayış sahəsini tam mülkiyyət üzrə alıcı X1 10000 (on min) manata satması ilə bağlı notarial hərəkətinin yerinə yetirilməsi (iş vərəqə 97); 29.- ## #### 2026-cı il tarixli, **/s/**** nömrəli ekspert rəyində, aparılmış analitik araşdırma və müqayisəli bazar yanaşmasına əsasən, predmet obyektin orta bazar qiymətinin 37000- 42000 manat intervalında qəbul edilməsinin qeyd edilməsi aydın olur (iş vərəqə 49-53).
30. Bundan başqa birinci instansiya məhkəməsində dindirilmiş şahid X8 ifadəsində və ona verilmiş suallara cavab olaraq bildirmişdi ki, sözügedən mağazanı özü işlətmiş, onu almaq istədiyi üçün 3000-4000 manat xərc çəkmiş və İmanov Elvinə mağazanı ona 24.000 manata satmasını təklif etmişdir. İddiaçı ona söz versə də, sonradan mağazanı Zaur Əliyev adlı başqa şəxsə 30.000-40.000 manat arası məbləğə satmışdır və buna görə də mağazanın 20.000 manata satılması qeyri-mümkündür (iş vərəqə 115).
31. Birinci instansiya məhkəməsində dindirilmiş digər şahid X6 ifadəsində və ona verilmiş suallara cavab olaraq bildirmişdi ki, oğlu Ələsgər kənddə iş olmadığı üçün iddiaçıdan 200 baş heyvan almış, borcunu ödəyə bilmədiyindən mağaza girov qoyulmuşdur. O cümlədən, qoyunları özünün satdığını, digər oğlu Yunisin (cavabdehin) bu məsələlərə aidiyyəti olmadığını və iddiaçının Ələsgəri işə düzəldəcəyi vədi ilə Yunisi aldadaraq formal borc müqaviləsi bağlatdırdığını qeyd etmişdir. Şahid həmçinin mağazanı alan şəxsin anası ilə danışdığını, mağazanın baha alındığını öyrəndiyini və aralarındakı razılaşmaya əsasən mağaza satılan zaman Yunisin də iştirak etməli olduğunu bildirmişdir (iş vərəqə 115-116).
V. Apellyasiya instansiyası məhkəməsində işə baxılmasının hədləri.
32. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsi ilə “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri” tənzimlənir ki, sözügedən prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır (372.1, 372.2, 372.6 və 372.7ci maddələr). 33.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. 34.Kollegiya verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, Culfa Rayon Məhkəməsinin ## ##### 2026cı il tarixli, *(*-**)-**/**** nömrəli qətnaməsini cavabdeh İsmayılov Yunis Bayram oğlu mübahisələndirir. Bu isə o deməkdir ki, apellyasiya şikayətinin obyektini həmin məhkəmə aktının yalnız cavabdeh tərəfdən mübahisələndirilən hissəsi təşkil edir. 35.Cavabdeh İsmayılov Yunis Bayram oğlunun verdiyi apellyasiya şikayətindən aydın olur ki, o, sözügedən qətnaməni tam mübahisələndirir.
36. Cavabdehin verdiyi apellyasiya şikayəti mübahisələndirilən məhkəmə aktının tam ləğv edilməsinə və iddianın rədd edilməsinə yönəldiyindən, həmin qətnamə apellyasiya şikayətinin dəlillərinə münasibətdə mülki prosessual qanunvericiliyin tələbləri baxımından mübahisə edilən hissədə yoxlanılmalıdır.
VI. Tətbiq edilən hüquqi aktlar.
a) Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
37. - 324.1 - 324.3-cü maddələrinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir;
38. - 337.1-ci maddəsinə əsasən, həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər;
39. - 337.2-ci maddəsi ilə müəyyən edilir ki, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir;
40. - 339.2-ci maddəsinin tələbinə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin;
41. - 339.3-cü maddəsinin tələbinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin;
42. - 340-cı maddəsində qeyd edilir ki, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; 43.- 739.1-ci maddəsinin tələbinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
b) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
44. - 9.1-ci maddəsinə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir; 45.- 76.1-ci və 76.3-cü maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir;
46. - 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
47. - 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 48.- 155.3-cü maddəsinin tələbinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir; 49.- 217.3-cü maddəsindən görünür ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 50.- 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.
c) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin məhkəmə aktları.
51. - "B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2019-cu il tarixli qərarında göstərilir ki, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 52.-- aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; 53.-- aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; 54.-- müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı; 55.- "T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2020-ci il tarixli qərarında qeyd edilir ki, aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır; 56.– "N. Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2021-ci il tarixli qərarında vurğulanmışdı ki, mülki mübahisə tərəflərinin bir-biri ilə olan danışıq və yazışmaları onlar üçün sirr hesab olunmadığından, bu cür səs yazılarının məhkəmədə sübut kimi istifadə edilməsi şəxsi toxunulmazlıq hüququna qəsd sayılmır və Mülki-Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə qadağan olunmuş "qanunsuz əldə edilmiş sübut" anlayışına daxil edilə bilməz;
57. - “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2021-ci il tarixli qərarında qeyd edilir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir; 58.- “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329, 340.2 və 661-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2025-ci il tarixli qərarında qeyd edilir ki, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir və müəyyən əlamətlərə malikdir. Belə ki, pərdələyən (yalan) əqd üzrə hər hansı hüquqi nəticə yaratmaq niyyəti və məqsədi mövcud olmur, tərəflərin hüquqi niyyəti əsl iradələrini gizlətməklə pərdələnən (gizlədilən) müqavilə üzrə mülki hüquq münasibətlərinin əmələ gəlməsinə yönəlir, pərdələmə əqdin hər iki tərəfinin birbaşa qəsdi ilə əhatə olunur, həmçinin pərdələyən və pərdələnən əqdlərdə tərəf kimi eyni subyektlərin iştirakı ilə yanaşı, bu əqdlərin subyekt tərkibinin fərqli olması da mümkündür. Qərarda vurğulanır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Bununla əlaqədar olaraq məhkəmə belə nəticəyə gəlmişdir ki, müqavilə tərəflərinin istənilən üçüncü şəxsdə etibarlılığına dair yanlış təsəvvür yaratmaq niyyəti ilə bağladığı əqd yalan əqd olmaqla əhəmiyyətsizdir və Mülki Məcəllənin 329 və 340.2ci maddələrinin tələblərinə uyğun olaraq, yalan əqdə tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydaların tətbiq edilməsi, pərdələnən əqdin mülki qanunvericilikdə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verməsi halında mümkün hesab edilməlidir. VII. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətini qiymətləndirməsi və onun həllinə dair mövqeyi.
59.Kollegiya iş materiallarını, apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
60. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 61.Mülki qanunvericiliyə görə, müqavilə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Lakin kollegiya xüsusilə vurğulayır ki, mülki dövriyyədə tərəflər arasında hər hansı bir sənədin, o cümlədən müqavilənin kağız üzərində rəsmiləşdirilməsi öz-özlüyündə hər zaman etibarlı və icrası məcburi olan hüquqi öhdəliyin yaranması mənasına gəlmir. Arzu olunan hüquqi nəticənin əmələ gəlməsi və real öhdəliyin yaranması üçün bağlanan müqavilə qanunvericiliyin imperativ tələblərinə cavab verməli, konkret müqavilə növünün xüsusiyyətlərindən irəli gələn şərtləri (o cümlədən əşyanın və ya pulun faktiki verilməsini) özündə ehtiva etməli və ən əsası, tərəflərin həqiqi iradə ifadəsinə əsaslanmalıdır. Qanunun müəyyənləşdirdiyi şərtləri pozmaqla və ya həqiqi hüquqi nəticə yaratmaq niyyəti olmadan bağlanmış müqavilələr etibarlı öhdəlik əmələ gətirə bilməz.
62. Hazırkı mülki iş üzrə iddiaçı Elvin İmanovun pul tələbi ## ###### 2023-cü il tarixli, notariat qaydasında təsdiq edilmiş 21.300 (iyirmi bir min üç yüz) manat məbləğində borc müqaviləsinə əsaslanır. İddiaçı öz iddia tələbini məhz həmin müqavilədən irəli gələn öhdəliyin icra edilməməsi ilə əsaslandırmışdır. Lakin işin materiallarından və apellyasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh İsmayılov Yunis Bayram oğlu həmin borc müqaviləsinin real iradə ifadəsini əks etdirməyən, yalnız görünüş üçün bağlanmış formal (yalançı) əqd olduğunu bildirərək, onun etibarlılığını mübahisələndirir. 63.Bu baxımdan apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, hər hansı iddia tələbi müəyyən bir müqaviləyə əsaslandığı halda, məhkəmənin ilk vəzifəsi həmin tələbi həll etməzdən əvvəl istinad olunan əqdin etibarlılıq şərtlərinə cavab verib-vermədiyini yoxlamaqdır.
64. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2021-ci il tarixli qərarında birmənalı olaraq vurğulanmışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. 65.Buna görə də kollegiya hesab edir ki, cavabdehin iddiaçı qarşısında pul öhdəliyinin olub-olmamasını müəyyən etmək üçün ilk növbədə tələbin əsaslandırıldığı ## ###### 2023cü il tarixli borc müqaviləsinin həqiqi və etibarlı bir əqd kimi mülki hüquq münasibətləri yaradıbyaratmamasına hüquqi qiymət verilməlidir. 66.Bu məqsədlə kollegiya işin faktiki hallarını, tərəflər arasında mübahisəsiz olan və mübahisələndirilən məqamları xronoloji ardıcıllıqla nəzərdən keçirməyi vacib hesab edir. 67.İş materiallarının, o cümlədən tərəflərin birinci instansiya məhkəməsindəki izahatlarının təhlilindən aydın olur ki, mübahisənin kökündə dayanan ilkin münasibətlər 2021ci ildə yaranmışdır. Belə ki, cavabdeh İsmayılov Yunis Bayram oğlunun qardaşı İsmayılov Ələsgər Bayram oğlu iddiaçı İmanov Elvin Müseyib oğlundan 209 baş xırdabuynuzlu heyvanı nisyə olaraq almışdır. Bu nisyə alqı-satqı əməliyyatı tərəflər arasında mübahisəsiz faktdır. Lakin heyvanların qiymətinin düzgün hesablanıb-hesablanmaması və keyfiyyəti (xəstə və qoca olması) cavabdeh tərəfindən mübahisələndirilsə də, bu baxılan iddia tələbinin predmetinə aid deyildir. 68.Daha sonra, borcun təminatı kimi ünvan 1ndə yerləşən, Həbib Məmmədova məxsus olan mağaza tipli obyektin sənədləri iddiaçıya verilmiş və obyekt üzərində sərəncam vermək hüququ etibarnamə ilə iddiaçıya həvalə edilmişdir. Bu hal da tərəflər arasında mübahisə doğurmur. 69.İddiaçı həmin obyekti Zaur Cəfərov adlı şəxsə satmışdır. Məhz bu mərhələdən etibarən tərəflər arasında ciddi mübahisəli hallar yaranmışdı. İddiaçı obyekti 20.000 manata satdığını bildirərək, 41.300 manatlıq ilkin borcdan 20.000 manatı çıxmış və qalıq borcun 21.300 manat təşkil etdiyini iddia etmişdir. Cavabdeh isə obyektin real bazar dəyərinin (məhkəməyə təqdim etdiyi ekspert rəyinə əsasən 37.000 - 42.000 manat) və faktiki satış qiymətinin daha yüksək olduğunu, bununla da ilkin borcun tamamilə bağlandığını bildirir.
70. Sonrakı mərhələdə, ## ###### 2023-cü il tarixdə iddiaçı Elvin İmanov və cavabdeh Yunis İsmayılov arasında notariat qaydasında 21.300 manat məbləğində borc müqaviləsi imzalanmışdır. Həmçinin, eyni gündə cavabdeh Yunis İsmayılovla mağazanın əsl sahibinin qardaşı olan Vəli Məmmədov arasında 20.000 manatlıq digər bir borc müqaviləsi bağlanmışdır. 71.İddiaçı məhkəməyə müraciət edərək yalnız 21.300 manatlıq müqavilənin icrasını tələb etmiş və bu məbləğin notariusun depoziti vasitəsilə cavabdehə verildiyini bildirmişdir. Cavabdeh isə bu müqavilənin real pul verilmədən, iddiaçının qardaşını işə düzəldəcəyi vədi ilə əvvəlki hesablaşmaları pərdələmək məqsədilə bağlanan yalançı (formal) əqd olduğunu, iddiaçının pulu özünün gətirib elə özünün də apardığını iddia edir.
72. Yekun olaraq, kollegiya tərəfindən müəyyən edilir ki, iş üzrə əsas mübahisəli məqam ## ###### 2023-cü il tarixli borc müqaviləsinin reallıqda pulun verilməsi ilə müşayiət olunan etibarlı əqd, yoxsa tərəflərin həqiqi iradəsini və əvvəlki əmlak hesablaşmalarını gizlədən yalançı (pərdələyici) əqd olmasıdır. 73.Həmçinin kollegiya cavabdehin etirazlarını və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq bildirir ki, iş üzrə mübahisələndirilən ## ###### 2023-cü il tarixli borc müqaviləsinin etibarsızlığı cavabdeh tərəfindən iki fərqli hüquqi əsasla, yəni həm müqavilənin real pul verilmədən bağlanan formal (yalançı) əqd olması, həm də aldatma (yalan vəd) təsiri altında bağlanması ilə əsaslandırılır. Bu səbəbdən, qeyd edilən hər bir əsas üzrə işdə olan sübutlar ayrı-ayrılıqda və hərtərəfli təhlil edilməlidir.
74. Borc müqaviləsinin real xarakteri və yalan əqd (simulyasiya) faktının təhlilinə münasibətdə kollegiya bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə borcverən pul və ya digər əvəz edilə bilən əşyanı borcalanın mülkiyyətinə verir, borcalan isə aldığı məbləği geri qaytarmağı öhdəsinə götürür. Maddənin məzmunundan birmənalı şəkildə aydın olur ki, borc müqaviləsi real müqavilədir və onun hüquqi nəticə doğurması, yəni öhdəlik yaratması üçün pul vəsaiti faktiki olaraq borcalana verilməlidir. Pulun faktiki olaraq verilmədiyi hallarda, kağız üzərində rəsmiləşdirilmiş müqavilə real borc öhdəliyi yarada bilməz. 75.İş materiallarının və məhkəmə iclası protokolunun tədqiqindən iddiaçının izahatlarında mövcud olan ciddi ziddiyyətlər aşkar edilir. Belə ki, iddiaçı məhkəmə iclasında bir tərəfdən "Yunisə 21.300 manat borc verdim, o da həmin pulu qardaşı Ələsgərin borcuna verdi, özünün mənə 21.300 manat borcu qaldı" deyə bildirmiş, digər tərəfdən isə eyni iclasda "41.300 manat 4 il bundan qabaq olan hesabdır, 20.000 manata mağazanı dəyərləndirdik... 21.300 manat isə mənimlə borc müqaviləsi bağlanmışdır" şəklində izahat vermişdir.
76. Kollegiya vurğulayır ki, iddiaçının özünün də etiraf etdiyi kimi, tərəflər arasında ## ###### 2023-cü il tarixində hər hansı yeni borc münasibəti yaranmamışdır və məbləğ 4 il əvvəlki heyvan alqı-satqısının qalığı kimi iddia edilmişdir. İddiaçının 21.300 manat nağd pulu notariusa gətirib cavabdehə verməsi, cavabdehin isə həmin an qardaşının köhnə borcunu bağlamaq adıyla pulu yenidən iddiaçıya qaytarması barədə ssenarisi ağlabatanlıq və həyat məntiqi prinsiplərinə tamamilə ziddir. Cavabdeh də məhz bu faktı vurğulayaraq, iddiaçının pulu notariusun depozitinə sadəcə formal olaraq qoyduğunu və özünün də geri götürdüyünü, reallıqda isə ona heç bir vəsaitin verilmədiyini bildirmişdir.
77. Bu xüsuslar işə əlavə edilmiş və birinci instansiya məhkəməsində tədqiq edilmiş səs yazıları ilə də tam təsdiqini tapır. Səs yazılarından aydın olur ki, tərəflər arasında hər hansı pul verilməsi yox, məhz mağazanın satılmasından sonra qalan süni şəkildə formalaşdırılmış məbləğin necə rəsmiləşdirilməsi müzakirə edilmişdir. 78.Səs yazılarının sübut kimi qəbuledilənliyinə hüquqi münasibət bildirən kollegiya qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə (Lopez Ribalda və digərləri İspaniyaya qarşı işdə (2019) məhkəmə göstərmişdi ki, əgər səs yazısı şəxsin özəl, ailə həyatının sirrini ifşa etmək üçün deyil, tərəflər arasındakı işgüzar və ya mülki-hüquqi öhdəliyi sübut etmək üçün istifadə edilirsə, bu, 8-ci maddənin (şəxsi həyata hörmət) pozulması sayılmaya bilər) görə səs yazıları şəxsi həyatın sirrini ifşa etmək məqsədi daşımadıqda və tərəflər arasındakı mülki-hüquqi öhdəliyi sübut etmək üçün istifadə edildikdə, sübut kimi qəbul edilə bilər. 79.Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2021-ci il tarixli qərarı ilə müəyyən edilmiş hüquqi mövqeyə əsasən, mülki mübahisə tərəflərinin bir-biri ilə olan danışıqları onlar üçün "şəxsi və ailə həyatının sirri" hesab olunmur. Kollegiya hesab edir ki, mülki mübahisə tərəflərinin öz hüquqlarının müdafiəsi üçün istifadə etdikləri səs yazısı cavabdehin şəxsi həyatına müdaxilə yox, məhz öhdəlik münasibətlərinin sübuta yetirilməsi məqsədini daşıyır. Bu səbəbdən, həmin səs yazısı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.3-cü maddəsində nəzərdə tutulmuş "qanunsuz əldə edilmiş sübut" anlayışına daxil edilə bilməz. 80.Bundan əlavə, iddiaçı mağazanı 20.000 manata satdığını iddia etsə də, cavabdehin təqdim etdiyi ## #### 2026-cı il tarixli rəydə həmin obyektin orta bazar qiyməti 37.000 - 42.000 manat intervalında müəyyən edilmişdir. Girov qoyulmuş mağazanı şəxsən icarəyə götürüb işlədən şahid Elbəyi Allahverdiyev məhkəmədəki ifadəsində mağazanı almaq üçün iddiaçıya 24.000 manat təklif etdiyini, lakin iddiaçının mağazanı başqa şəxsə 30.000-40.000 manat arası məbləğə satdığını və mağazanın 20.000 manata satılmasının qeyri-mümkün olduğunu birmənalı şəkildə bildirmişdir. Belə olan halda, iddiaçının obyekti ucuz qiymətə rəsmiləşdirib əlavə 21.300 manatlıq formal müqavilə tələb etməsi reallığı əks etdirmir və yalnız görünüş yaratmaq məqsədi daşıyır. 81.Məhkəmə tərəfindən tədqiq edilmiş səs yazılarının məzmunu təsdiq edir ki, tərəflər arasında real borc müqaviləsi deyil, məhz köhnə hesablaşmaların pərdələnməsi üzrə qanunsuz sxem müzakirə edilmişdir. Belə ki, səs yazısında iddiaçı Elvin İmanovun ümumi 41.300 manatlıq köhnə borcu süni şəkildə iki hissəyə bölməyi və müxtəlif şəxslərin adına rəsmiləşdirməyi diktə etdiyi açıq-aydın eşidilir. İddiaçı cavabdehə birbaşa göstəriş verərək, "Həbibə 41.300 yazmasın, mən deyirəm 20 min ona yazsın, 21.300 də yazsın mənə... 20 minə atam bağlasın, 21.300-ə də sən bağla" şəklində ifadələr işlətmişdir. 82.Cavabdeh əvvəlcə bu süni və qanunsuz sənədləşmə ilə razılaşmayaraq etiraz etsə də ("Yaxşı yazın Həbibə verin, mən Həbibdən pis oldum sizə"), iddiaçının israrlı diktəsi ilə yekunda bu yalançı sxem həyata keçirilmişdir. Kollegiya hesab edir ki, tərəflərin əməliyyatdan öncə rəqəmləri (tam olaraq 20.000 və 21.300 manat) kimin adına və necə sənədləşdirəcəklərini öncədən ssenariləşdirmələri, ## ###### 2023-cü il tarixli borc müqaviləsinin real pul ödənişi olmadan, sırf üçüncü şəxslərin və məhkəmənin aldadılması, eləcə də həqiqi öhdəliklərin gizlədilməsi (pərdələnməsi) məqsədilə rəsmiləşdirilmiş yalan əqd (simulyasiya) olduğunu təkzibedilməz şəkildə sübuta yetirir.
83. Bununla yanaşı, kollegiya tərəflər arasındakı iddia olunan hesablaşmanın riyazi uyğunluğuna da xüsusi diqqət yetirməyi zəruri hesab edir. Belə ki, ilkin borcun 41.300 manat olduğu halda, girov qoyulmuş mağazanın guya tam olaraq 20.000 manata satılması və bunun nəticəsində yerdə qalan qalıq məbləğin sonradan bağlanan mübahisəli borc müqaviləsindəki rəqəmlə – dəqiqliklə 21.300 manatla eynilik təşkil etməsi həyat məntiqinə və ağlabatanlıq prinsiplərinə tamamilə ziddir. Bu cür qeyri-adi riyazi "təsadüf" şübhəsiz ki, obyektin satış qiymətinin real bazar şərtlərinə əsasən formalaşmadığını təsdiqləyir. Əksinə, bu fakt onu sübut edir ki, obyektin 20.000 manata satılması barədə sənədləşmə rəqəmlərin əvvəlcədən düşünülmüş ssenariyə uyğunlaşdırılmasından ibarətdir və sırf sonradan rəsmiləşdiriləcək 21.300 manatlıq formal əqdə süni şəkildə "qanuni" zəmin yaratmaq məqsədilə geriyə hesablanaraq (tərsinə riyazi hesablama yolu ilə) çıxarılmışdır. 84.Bunun özü belə iddiaçının məhkəməyə təqdim etdiyi dəlillərin ziddiyyətli olduğunu, onun apardığı hesablaşmaların tamamilə uydurma xarakter daşıdığını və iddiaçının rəsmi sənədlərdə real məbləğləri gizlətməyə meylli olduğunu bir daha sübut edir. Belə ki, iddiaçı məhkəmə iclasında girovdakı obyekti 20.000 manata satdığını və 41.300 manatlıq ümumi borcdan məhz bu məbləği çıxaraq 21.300 manat qalıq borc müəyyən etdiyini iddia edir. Lakin iş materiallarında mövcud olan ## ##### 2024-cü il tarixli, *** reyestr nömrəli rəsmi alqı-satqı müqaviləsindən açıq-aydın görünür ki, iddiaçı həmin mağazanı rəsmi olaraq 10.000 manata satmışdır. 85.Bu kəskin ziddiyyət iki mühüm hüquqi nəticə yaradır. Birincisi, iddiaçının qalıq borcun 21.300 manat olması barədə irəli sürdüyü riyazi hesablama bilavasitə özünün imzaladığı rəsmi notarial sənədlə təkzib olunur. Əgər rəsmi sənədə əsaslansaq, mağazanın satışından borcdan 20.000 manat deyil, 10.000 manat silinməli və qalıq məbləğ tamamilə fərqli rəqəm olmalı idi. Bu fakt sübut edir ki, 21.300 manatlıq məbləğ real hesablaşmanın nəticəsi deyil, əvvəlcədən uydurulmuş formal rəqəmdir.
86. İkincisi, ekspert rəyi ilə 37.000 - 42.000 manat dəyərində qiymətləndirilən və iddiaçının öz sözlərinə görə 20.000 manata satılan obyektin rəsmi dövlət reyestrində 10.000 manata rəsmiləşdirilməsi iddiaçının mülki dövriyyədə həqiqi niyyətləri və real məbləğləri gizlədən pərdələyici (yalan) əqdlər bağlamağa xüsusi meylli olduğunu göstərir. Bu isə öz növbəsində cavabdehin ## ###### 2023-cü il tarixli borc müqaviləsinin də həqiqi iradəni əks etdirməyən yalançı (pərdələyici) əqd olması barədə dəlillərini tam təsdiqləyir və iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsində təsbit olunmuş vicdanlılıq prinsipini kobud şəkildə pozduğunu nümayiş etdirir.
87. Müqavilənin aldatma (iradənin zədələnməsi) əsası ilə mübahisələndirilməsinin təhlilinə gəldikdə isə kollegiya qeyd edir ki, mülki qanunvericiliyə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər və bu zaman əqdin aldatma olmadan bağlana bilməyəcəyi hallar nəzərə alınır. 88.Cavabdeh məhkəmə prosesində və apellyasiya şikayətində dəfələrlə qeyd etmişdir ki, onun heç bir real borcu olmadığı halda bu müqaviləni imzalamağa vadar edən yeganə səbəb iddiaçının qardaşı Ələsgəri SOCAR-da (və ya digər dövlət işində) işə düzəldəcəyi barədə verdiyi vəd olmuşdur. İddiaçının yalan vədi cavabdehi inandırmış və onda yanlış təsəvvür yaradaraq iradəsini zədələmişdir. 89.Bu fakt məhkəmədə dindirilmiş şahid Sara Ələkbərovanın (cavabdehin anası) "Elvinin qaynı Socarda işləyirdi, oğluma işə düzəldəcəyi vədi vermişdi, inanıb müqavilə bağladıq" şəkilli ifadəsi ilə təsdiqlənir. Ən əsası, bu aldatma faktı məhkəmə iclasında tədqiq edilən telefon danışığının səs yazılarında birbaşa öz əksini tapır. Səs yazılarında iddiaçının bu vədi verdiyi, tərəflərin məhz bu məsələ ətrafında razılığa gəldikləri açıq şəkildə anlaşılır. Əgər işə düzəltmə vədi (aldatma) olmasaydı, cavabdehin öz üzərinə 21.300 manat kimi böyük bir öhdəlik götürməsi heç bir həyati və hüquqi məntiqə uyğun gəlmir. 90.Kollegiya işin halları üzrə müəyyən edilmiş yuxarıdakı xüsusatları nəzərə alaraq, iddiaçının tələbinin əsaslandığı borc müqaviləsinin yalan əqd olması və tərəflər arasında pərdələnən həqiqi münasibətlərə dair dəlillərin hüquqi qiymətləndirilməsinə keçməyi zəruri bilir.
91. Bu xüsusda qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340-cı maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir və əhəmiyyətsizdir. Qanunvericiliyin imperativ tələbinə görə, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilməlidir.
92. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2025-ci il tarixli və ## #### 2022-ci il tarixli qərarlarında da xüsusi olaraq vurğulanmışdır ki, müqavilə tərəflərinin istənilən üçüncü şəxsdə etibarlılığına dair yanlış təsəvvür yaratmaq niyyəti ilə bağladığı əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Belə olan halda yalan əqdə tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilməlidir. 93.İşin materiallarından, tərəflərin izahatlarından və məhkəmə iclasında tədqiq edilmiş səs yazılarından aydın olur ki, ## ###### 2023-cü il tarixli borc müqaviləsi iddiaçı tərəfindən irəli sürülən pul tələbini doğuran həqiqi əqd deyildir. Bu müqavilə, tərəflər arasındakı əvvəlki nisyə heyvan alqı-satqısını və mağazanın əvəzləşdirilməsindən qalan süni şəkildə formalaşdırılmış məbləği pərdələmək məqsədilə, görünüş üçün yaradılmış yalan əqddir. Eyni zamanda, bu müqavilə reallıqda heç bir pul vəsaitinin verilməməsi (real əqd şərtinin pozulması) və iddiaçının "işə düzəltmə" barədə verdiyi vədlərlə (aldatma) müşayiət olunaraq rəsmiləşdirilmişdir.
94. Nəticə etibarilə, iddiaçının tələbinin əsaslandığı ## ###### 2023-cü il tarixli borc müqaviləsi həm cavabdehin iradəsini zədələyən aldatma təsiri altında bağlandığına, həm də başqa münasibətləri gizlədən yalan (pərdələyən) əqd olduğuna görə etibarsızdır və cavabdeh Yunis İsmayılov üçün hər hansı hüquqi nəticə yarada bilməz. Pərdələnən əsl münasibətlərin təhlili cavabdehin iddiaçı qarşısında şəxsi pul öhdəliyinin olmadığını, tələbin hazırkı cavabdehə münasibətdə əsassız varlanmaya yönəldiyini göstərir. Həmçinin vurğulanmalıdır ki, bu qətnamə ilə gəlinən nəticələr yalnız hazırkı işdəki tərəflər (Elvin İmanov və Yunis İsmayılov) arasındakı münasibətlərə şamil olunur və iddiaçının gələcəkdə əsas öhdəlik subyekti olan şəxslərə qarşı aralarındakı real hesablaşmalar üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada iddia tələbi irəli sürmək hüququnu məhdudlaşdırmır, həmin münasibətlərin mahiyyəti üzrə preyudisial (əvvəlcədən müəyyən edilmiş) fakt təşkil etmir. 95.Məhkəmə işin hallarına, tərəflərin izahatlarına və təqdim edilmiş sübutlara əsasən şübhəsiz olaraq müəyyən edilmiş hesab edir ki, iddiaçı İmanov Elvin Müseyib oğlu ilə hazırkı cavabdehin qardaşı İsmayılov Ələsgər Bayram oğlu arasında 2021-ci ildə nisyə qoyun alqısatqısı üzrə real mülki-hüquqi öhdəlik münasibətləri yaranmışdır. İddiaçı tərəfindən Ələsgər İsmayılova 209 baş xırdabuynuzlu heyvanın verilməsi və bunun müqabilində əsas borc öhdəliyinin yaranması həm iddiaçının, həm cavabdehin məhkəmə iclasındakı ardıcıl izahatları, həm də məhkəmədə dindirilmiş şahidlərin (o cümlədən Ələsgər İsmayılovun anası Sara Ələkbərovanın) ifadələri və səs yazıları ilə öz təsdiqini tapmış, bu fundamental fakt tərəflər arasında ümumiyyətlə mübahisələndirilməmişdir. 96.Kollegiya xüsusi olaraq vurğulayır ki, hazırkı iş üzrə iddia tələbinin rədd edilməsi iddiaçı İmanov Elvin Müseyib oğlunun yaranmış borc münasibətləri üzrə pul tələbi hüququndan məhrum olması və ya borcun tam ödənilməsi demək deyildir. Tələbin rədd edilməsinin yeganə hüquqi əsası, irəli sürülmüş iddia üzrə İsmayılov Yunis Bayram oğlunun lazımi cavabdeh olmaması və onunla bağlanmış müqavilənin əsas öhdəliyi pərdələyən əhəmiyyətsiz (yalan) əqd olmasıdır. İlkin nisyə alqı-satqıdan yaranmış öhdəliyin obyektdən gələn vəsaitlə əvəzləşdirilməsindən sonra qalan icra edilməmiş hissəsi üzrə əsl borclu və öhdəlik subyekti İsmayılov Ələsgər Bayram oğludur. Bu baxımdan, məhkəmə tərəfindən təsbit olunmuş və qətnamədə göstərilən bu həlledici hallar (faktlar) iddiaçının gələcəkdə əsas borclu İsmayılov Ələsgər Bayram oğluna qarşı mülki qanunvericiliklə müəyyən edilmiş qaydada müstəqil iddia tələbi irəli sürmək hüququnu istisna etmir və gələcək iddia üzrə işin həlli üçün mühüm sübut (faktiki) əhəmiyyətinə malikdir. 97.İşin materialları, o cümlədən birinci instansiya məhkəməsində dindirilmiş şahid X6 (əsas borclu İsmayılov Ələsgərin və cavabdeh İsmayılov Yunisin anası) ifadəsi ilə o da birmənalı şəkildə müəyyən edilmişdir ki, yaranmış bu mürəkkəb borc münasibətlərinin nizamlanması çərçivəsində onların ailəsi tərəfindən (atası tərəfindən) digər öhdəlik iştirakçısı Həbib Məmmədova hər ay davamlı olaraq 500 (beş yüz) manat məbləğində ödənişlər həyata keçirilir. Kollegiya hesab edir ki, borclunun ailə üzvləri tərəfindən borcun bağlanması istiqamətində bu cür mütəmadi maddi ödənişlərin icra edilməsi faktı, tərəflər arasında ilkin nisyə alqı-satqı əməliyyatından qaynaqlanan ümumi öhdəliyin borclu tərəfindən faktiki olaraq qəbul edildiyini və hissə-hissə icra olunduğunu təsdiq edən əhəmiyyətli haldır. 98.Kollegiya apellyasiya şikayətinin "qarşılıqlı iddiaya hüquqi qiymət verilməməsi" ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh İsmayılov Yunis Bayram oğlu tərəfindən birinci instansiya məhkəməsinə mübahisənin əsl mahiyyətini, o cümlədən əsassız varlanma və yalançı əqd faktlarını mübahisələndirən ayrıca qarşılıqlı iddia ərizəsi təqdim edilmişdir. Lakin birinci instansiya məhkəməsi öz qətnaməsində bu iddiaya heç bir hüquqi qiymət verməmiş, onun icraata qəbul edilib-edilməməsi və ya hansı səbəbdən baxılmamasına dair hər hansı hüquqi mövqe bildirməmişdir.
99. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 155.3-cü maddəsinə əsasən, qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Prosessual qanunvericiliyin (Mülki-Prosessual Məcəllənin 152 və 153-cü maddələrinin) tələbinə görə, iddia ərizəsi, o cümlədən qarşılıqlı iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra qanunla müəyyən edilmiş müddətdə geri qaytarılmayıbsa və ya qəbulundan imtina edilməyibsə, o, icraata qəbul edilmiş hesab olunur. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehin qarşılıqlı iddiasının geri qaytarılması və ya qəbulundan imtina edilməsi barədə hər hansı rəsmi qərardad çıxarılmadığından, həmin qarşılıqlı iddia qanunən icraata qəbul edilmiş sayılır. Birinci instansiya məhkəməsinin isə qətnamədə bu prosessual tələbi tamamilə cavabsız qoyması prosessual hüquq normalarının, xüsusən çəkişmə və işin hərtərəfli araşdırılması prinsiplərinin kobud pozuntusudur. 100.Bununla belə, apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianın qanunən icraata qəbul edildiyini təsdiqləsə də, həmin sənədin özünü tədqiq edərkən müəyyən edir ki, qarşılıqlı iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin (iddia ərizəsinin forması və məzmunu) imperativ tələblərinə tam cavab vermir. Eyni zamanda, məhkəməyə müraciət edilərkən qanunla tələb olunan məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd qarşılıqlı iddia ərizəsinə əlavə edilməmişdir. Bu səbəblərdən kollegiya qeyd edir ki, cavabdehin qarşılıqlı iddiası prosessual baxımdan birinci instansiya məhkəməsində icraata qəbul edilmiş hesab olunsa da, Mülki- 101. Prosessual Məcəllənin 149-cu maddəsinin tələblərinə riayət edilməməsi və dövlət rüsumunun ödənilməməsi səbəbindən həmin tələb apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi ayrıca qərardadla baxılmamış saxlanılmışdır. Bununla da, apellyasiya şikayətinin qarşılıqlı iddiaya hüquqi qiymət verilməməsi ilə bağlı dəlili öz prosessual həllini tapmışdır.
102. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və məhkəmənin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
103. Mülki-Prosessual Məcəllənin 386-cı maddəsinin mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilməli olan qanunun səhv təfsir edilməsi maddi hüquq normalarının pozulması hesab olunur. Bu iş üzrə birinci instansiya məhkəməsi Mülki Məcəllənin 340.2-ci maddəsini (yalan əqd) və 739.1-ci maddəsini (borc müqaviləsinin real müqavilə olmasını) düzgün tətbiq etməmişdir. Tərəflərin izahatlarından və səs yazılarından müqavilənin əvvəlki qoyun alqı-satqısını pərdələmək məqsədilə, real pul verilmədən bağlandığı aydın olsa da, məhkəmə qanunu səhv təfsir edərək yalnız formal müqavilənin mövcudluğunu öhdəliyin yaranması üçün kifayət hesab etmişdir. Bu isə Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərin əhəmiyyətsizliyi ilə bağlı tələblərinə birbaşa zidd olmaqla maddi hüquq normalarının kobud pozuntusudur.
104. Bundan əlavə, Mülki-Prosessual Məcəllənin 389-cu maddəsinin məzmununa görə, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən hallar qanunla göstərilən sübutlarla təsdiq edilmədikdə və ya ziddiyyətli sübutlarla təsdiq edildikdə, həmin hallar sübut olunmamış hesab edilir. Birinci instansiya məhkəməsi 21.300 manat pulun cavabdehə verildiyini "müəyyən edilmiş hal" kimi qəbul etsə də, iş materiallarında pulun təhvil verilməsini təsdiq edən real sübut (qəbz, bank köçürməsi və s.) mövcud deyildir. Əksinə, məhkəmə iclasının protokolunda iddiaçının özünün “41.300 manat 4 il bundan qabaq olan hesabdır... 21.300 manat isə mənimlə borc müqaviləsi bağlanmışdır” deməklə pulun faktiki olaraq həmin gün verilmədiyini etiraf etməsi və səs yazıları bu faktı tamamilə təkzib etmişdir. Nəticə etibarilə, Mülki-Prosessual Məcəllənin 385.1.3-cü maddəsinə əsasən, qətnamənin istinad etdiyi əsas fakt (pulun verilməsi) sübuta yetirilməmişdir.
105. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 390-cı maddəsinin tələblərinə baxmayaraq, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Məhkəmə tərəflər arasında ilkin münasibətlərin qoyun alqı-satqısından yaranmasını və obyektin satılmasını müəyyən etsə də, bu faktlardan tamamilə səhv nəticəyə gələrək ## ###### 2023-cü il tarixli müqavilənin pərdələyici xarakterini görməzdən gəlmişdir. Məhkəmə isə bu faktlara baxmayaraq, cavabdehin iddiaçıya müstəqil olaraq 21.300 manat borclu qaldığını qət edərək, Mülki Prosessual Məcəllənin 385.1.4-cü maddəsinə əsasən işin hallarına zidd nəticəyə gəlmişdir.
106. Nəhayət, Mülki-Prosessual Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual normaların pozulması o halda ləğvə əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Birinci instansiya məhkəməsi iş üzrə həlledici sübutlar olan səs yazılarını və şahid ifadələrini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə zidd olaraq obyektiv, qərəzsiz və hərtərəfli qiymətləndirməmiş, sübutlara hüquqi qiymət verməkdən yayınaraq əsassız qətnamə çıxarmışdır. 107.Yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının pozuntularını, xüsusilə də ## ###### 2023-cü il tarixli borc müqaviləsinin real öhdəlik yaratmayan pərdələyici (yalan) əqd olmasını və işin faktiki hallarının birinci instansiya məhkəməsi tərəfindən yanlış qiymətləndirilməsini nəzərə alaraq, kollegiya yekun olaraq belə nəticəyə gəlir ki, cavabdeh İsmayılov Yunis Bayram oğlunun apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Culfa Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qətnaməsi ləğv olunmalı və iddiaçı İmanov Elvin Müseyib oğlunun 21300 (iyirmi bir min üç yüz) manat məbləğində pul tələbinə dair iddiası hüquqi əsasa malik olmadığı üçün rədd edilməlidir.
108. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384-cü maddəsində işə baxılması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri qeyd edilib ki, həmin prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8- 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. 109.Məhkəmə xərclərinin (dövlət rüsumunun) tərəflər arasında bölüşdürülməsi ilə bağlı kollegiya bildirir ki, mülki prosessual qanunvericiliyin, yəni Mülki-Prosessual Məcəllənin 119.5ci maddəsinin tələbinə görə, apellyasiya şikayətinin verilməsi üçün çəkilən xərclər də ümumi qaydalara uyğun olaraq tərəflər arasında bölüşdürülməlidir. Bu qaydanın əsas məqsədi məhkəmədə haqlı çıxan tərəfin çəkdiyi xərclərin digər tərəfdən tutulmasını təmin etməkdir.
110. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri iddia tələbinin hansı tərəfin xeyrinə həll edilməsindən asılı olaraq təyin edilir. 111.Hazırkı mülki iş üzrə cavabdeh İsmayılov Yunis Bayram oğlunun apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edildiyi və iddiaçı İmanov Elvin Müseyib oğlunun iddiası tamamilə rədd olunduğu üçün, iş üzrə yaranmış məhkəmə xərcləri əsasız iddia qaldıran iddiaçının üzərinə düşür. Buna görə də, cavabdeh İsmayılov Yunis Bayram oğlu tərəfindən apellyasiya şikayəti verilərkən ödənilmiş 76.95 (yetmiş altı manat, doxsan beş qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı İmanov Elvin Müseyib oğlundan tutularaq cavabdehə ödənilməlidir. İddiaçının birinci instansiya məhkəməsinə müraciət edərkən iddianın təmin edilməsi üçün əvvəlcədən ödədiyi 153.90 (yüz əlli üç manat, doxsan qəpik) manat dövlət rüsumu isə onun iddia tələbi rədd edildiyindən öz üzərində qalmalıdır.
112. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir:
113. - cavabdeh İsmayılov Yunis Bayram oğlunun apellyasiya şikayəti təmin edilməli;
114. - İmanov Elvin Müseyib oğlunun İsmayılov Yunis Bayram oğluna qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Culfa Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)- **/**** nömrəli qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul olunmalı;
115. - İmanov Elvin Müseyib oğlunun İsmayılov Yunis Bayram oğlundan 21.300 (iyirmi bir min üç yüz) manat pulun tutularaq ona verilməsi barədə iddia tələbi rədd edilməli;
116. - cavabdeh İsmayılov Yunis Bayram oğlu tərəfindən apellyasiya şikayəti verilərkən ödənilmiş 76.95 (yetmiş altı manat, doxsan beş qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı İmanov Elvin Müseyib oğlundan tutularaq cavabdeh İsmayılov Yunis Bayram oğluna ödənilməli;
117. - iddiaçı İmanov Elvin Müseyib oğlunun birinci instansiya məhkəməsinə müraciət edərkən ödədiyi 153.90 (yüz əlli üç manat, doxsan qəpik) manat məbləğində dövlət rüsumu iddia tələbi rədd edildiyi üçün onun özünə aid edilməlidir.
118. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
VIII. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayəti üzrə gəldiyi nəticə.
Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 382, 392, 393, 402.1, 403.1, 404.1.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq
qət etdi:
Cavabdeh İsmayılov Yunis Bayram oğlunun apellyasiya şikayəti təmin edilsin. İmanov Elvin Müseyib oğlunun İsmayılov Yunis Bayram oğluna qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Culfa Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İmanov Elvin Müseyib oğlunun İsmayılov Yunis Bayram oğlundan 21.300 (iyirmi bir min üç yüz) manat pulun tutularaq ona verilməsi barədə iddia tələbi rədd edilsin. Cavabdeh İsmayılov Yunis Bayram oğlu tərəfindən apellyasiya şikayəti verilərkən ödənilmiş 76.95 (yetmiş altı manat, doxsan beş qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı İmanov Elvin Müseyib oğlundan tutularaq cavabdeh İsmayılov Yunis Bayram oğluna ödənilsin. İddiaçı İmanov Elvin Müseyib oğlunun birinci instansiya məhkəməsinə müraciət edərkən ödədiyi 153.90 (yüz əlli üç manat, doxsan qəpik) manat məbləğində dövlət rüsumu iddia tələbi rədd edildiyi üçün onun özünə aid edilsin. Qətnamədən o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev və Mehdi Əliyev.