Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № 2(3-1)-121/2026 24.06.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki kollegiya Apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi haqqında İddiaçı Cavabdeh Elməddin oğluna qarşı dəymiş ziyanın ödənilməsi tələbi (Açar sözlər: birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması, şikayət qanunvericiliklə müəyyən edilmiş struktura uyğun olmadığından onun qeyri-mümkün sayılması) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (məruzəçi hakim), Quliyev Vüqar Kərim oğlu və Əliyev Mehdi Ədalət oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Culfa Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan baxaraq müəyyən etdi: I. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət və tələb üzrə qəbul edilən məhkəmə aktı.
1. İddiaçı İddiaçı "29" sentyabr 2025-ci ildə Culfa Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Cavabdeh ona məxsus avtomobilə vurduğu ziyana görə 6400 manatın və iş üzrə ödəmiş olduğu 88 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iş vərəqə 01-03).
2. Culfa Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 1150 manat məbləğində pul alınıb İddiaçı verilməsi, ödənilmiş 86 manat dövlət rüsumunun 15.45 manat hissəsinin Cavabdeh alınıb İddiaçı verilməsi, 70.55 manat hissəsinin İddiaçı aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri olan 150 manat məbləğində pul vəsaitinin 26.95 manatının Cavabdeh, 123.05 manatının İddiaçı tutularaq “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülməsi qət edilmişdi (iş vərəqə 146-154).
II. Apellyasiya icraatı. a) Məhkəmə aktından verilən apellyasiya şikayəti.
3. Culfa Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən narazı qalan cavabdeh Cavabdeh ## #### 2026-cı il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək həmin qətnamənin tamamilə ləğv edilərək, işə yenidən baxılması üçün birinci instansiyaya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iş vərəqə 160- 163).
4. Apellyasiya şikayəti mülki iş materialları ilə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına “19” iyun 2026-cı ildə daxil olmuşdu.
III. Apellyasiya instansiyası məhkəməsində apellyasiyanın mümkünlüyünün yoxlanılması.
5. Apellyasiya şikayətini qanunvericiliyin tələbləri daxilində yoxlayan kollegiya ilkin olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.
6. Həmçinin həmin Məcəllənin 364-cü maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.
7. Sözügedən Məcəllənin 366.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
8. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələbindən çıxış edərək kollegiya qeyd edir ki, prosessual əsaslar dedikdə apellyasiya şikayətinin həmin Məcəllənin 357-ci (apellyasiya şikayəti vermək hüququ), 358-ci (apellyasiya qaydasında işə baxan məhkəmələr), 360-cı (apellyasiya şikayətinin verilmə müddəti), 361-ci (apellyasiya şikayətinin məzmunu və ona əlavə edilməli sənədlər) və 362-ci (apellyasiya şikayətinin verilməsi) maddələrində müəyyən olunmuş tələblərə riayət olunmaqla verilməsi başa düşülür. Bu baxımdan apellyasiyanın mümkünlüyü apellyasiya şikayətinin həmin normaların tələblərinə uyğun verilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 366.2-ci maddəsində göstərilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
9. Kollegiya Culfa Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh verdiyi apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
10. -10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir;
11. -10-1.3-cü maddəsinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir;
12. -10-1.7-ci maddəsinin tələbinə əsasən “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.
13. Mülki prosessual qanunvericiliyin tələbindən aydın olur ki, apellyasiya şikayəti yazılı formada, "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə gücləndirilmiş elektron imzadan istifadə edilməklə verilməlidir.
14. Mülki-Prosessual Məcəllənin 361.1-ci maddəsinin məzmunundan isə apellyasiya icraatının başlanmasına əsas olan prosessual sənəddə, yəni apellyasiya şikayətində qeyd edilməli olan məlumatların dairəsi imperativ olaraq müəyyən edilmişdi. Həmin normaya görə bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti ;barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməli olması aydın olur.
15. Bundan başqa Mülki-Prosessual Məcəllənin “Apellyasiya şikayətinin forması” adlı * saylı Əlavəsində apellyasiya şikayətində qeyd edilməli məlumatlar və onların hansı ardıcıllıqla göstərilməli olması müəyyən edilmişdir. Əlavədə həmçinin tələb olunur ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməli, işin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməli, şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməli, məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməli, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyrimötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməli, apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir.
16. Cavabdeh Cavabdeh elektron qaydada tərtib etdiyi apellyasiya şikayətini yuxarıda qeyd edilən prosessual normalarla əlaqəli şəkildə tədqiq etdikdə görünür ki, sözügedən prosessual müraciət Mülki-Prosessual Məcəllənin “Apellyasiya şikayətinin forması” adlı * saylı Əlavəsinə uyğun hazırlanmayıb. Yəni o, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361-ci maddəsinin və "Apellyasiya şikayətinin forması" adlı * saylı Əlavəsinin imperativ struktur və forma tələblərinə zidd olaraq hazırlanmış, qanunverici tərəfindən təsbit edilmiş tərtibat və zəruri məlumatların göstərilməsi qaydaları kobud şəkildə pozulmuşdur.
17. Belə ki, apellyasiya şikayətində sənədin ən başında şikayətin verildiyi apellyasiya instansiyası məhkəməsi kollegiyasının adı yazılmamışdı. Bundan başqa şikayətdəki "Tələb" hissəsi Mülki-Prosessual Məcəllənin 384-cü maddəsi çərçivəsində yoxlanarkən müəyyən edilmişdir ki, şikayətçi sənədin 12-ci bölməsində Culfa Rayon Məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini və işə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Lakin bu tələb apellyasiya instansiyası məhkəməsinin qanunla müəyyən edilmiş səlahiyyət dairəsindən kənara çıxır. Çünki Mülki- Prosessual Məcəllənin 384.0.4-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni ləğv edib işi yenidən baxılması üçün birinci instansiya məhkəməsinə yalnız işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdiyi halda qaytara bilər. Cavabdehin irəli sürdüyü dəlillər isə maddi və prosessual hüquq normalarının pozulması ilə bağlıdır. Apellyasiya şikayəti üzrə qeyd edilən tələb işin mahiyyətinə uyğun gəlmir.
18. Kollegiya Cavabdeh nəzərinə çatdırır ki, mülki prosessual qanunvericiliyin tələbinə görə mülki məhkəmə icraatı üzrə hər instansiya məhkəməsində icraatın başlanmasına əsas olan prosessual sənəd var. Bu müvafiq olaraq birinci instansiya məhkəməsində iddia ərizəsi və ya ərizə, apellyasiya instansiyası məhkəməsində apellyasiya şikayəti və ya şikayət, kassasiya instansiyası məhkəməsində isə kassasiya şikayətidir. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyin tələbindən aydın olur ki, icraatın başlanmasına əsas olan sənədlərin forma və məzmununa əməl edilməsi ilə bağlı qanunvericiliyin tələbləri imperativdir (MPM 149, 284-3, 361 və 407). Buna əməl edilməməsi isə müvafiq prosessual sənədin geri qaytarılması, habelə birinci instansiya məhkəməsində icraatın mərhələsindən asılı olaraq baxılmamış saxlanılması ilə nəticələnir.
19. Mülki-Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” ## ##### 2017-ci il tarixli qərarında qeyd etmişdi ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Bu, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur.
21. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 99-cu maddəsi ilə hakimlərin vəzifəsi kimi, ədalət mühakiməsini həyata keçirərkən qanunların tələblərinə dəqiq və dönmədən əməl etmək, məhkəmə fəaliyyətinin mənəvi və tərbiyəvi təsirini təmin etmək, ədalətli və qərəzsiz olmaq müəyyən edilmişdi.
22. Kollegiya bildirir ki, qanunların aliliyi prinsipi hüquqi dövlətin ən mühüm prinsipidir. Belə ki, hüquqi dövlətdə bütün münasibətlər, hakimiyyət növlərinin sərhədləri, davranışları qanunla tənzimlənməlidir. Sözügedən prinsipin mahiyyətinə görə hər bir kəs vəzifəsindən, səlahiyyətindən, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq qanunun müəyyənləşdirdiyi norma və tələblərə əməl etməlidir, heç bir kəs özünü qanunlardan yüksəkdə tutmamalıdır. Qanunun aliliyi prinsipi həmçinin mövcud qanunların pozulmasını qadağan edir. Bu prinsip hamının qeyd-şərtsiz qanunlara əməl etməsini tələb edir. Həmin prinsipə görə qanunlar icra edilməsə, ona tabe olunmasa hüquqi dövlətin strukturları formalaşmaz, onun varlığı hiss edilməz. Buna görə də hüquqi dövlətin formalaşması üçün qanunların aliliyini təmin etmək olduqca əhəmiyyətlidir.
23. Azərbaycan Respublikası Konstitusiyasının preambulasında elan edilən Azərbaycan xalqının ülvi niyyətlərindən biri də qanunların aliliyini təmin edən hüquqi dövlət qurmaqdır.
24. Bundan başqa qanunçuluq hər kəs tərəfindən normativ-hüquqi aktların dəqiq və dönmədən əməl olunmasında və həyata keçirilməsində ifadə olunan hüquqi rejimdir. Qanunçuluq, əsasən özündə qanunların və digər normativ-hüquqi aktların qəbul edilməsini, qanunların icra edilməsi və onlara əməl olunmasını və qanunların icrasına nəzarətin həyata keçirilməsini ehtiva edir.
25. Yuxarıda göstərilən hüquq normalarının tələbindən çıxış edərək kollegiya bildirir ki, hər hansı şəxs qanunvericiliklə müəyyən edilmiş instansiya məhkəmələri üzrə müraciət edərkən mülki prosessual qanunvericiliyin tələblərinə əməl etməlidir.
26. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1 və 363.1.1-1-ci maddələrində apellyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılması öz əksini tapmışdı. Qeyd edilən normalara görə Cavabdeh apellyasiya şikayətinin həmin Məcəllənin tələblərinə riayət edilmədən verilməsi onun birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmasına əsas olsa da, Culfa Rayon Məhkəməsi həmin apellyasiya şikayətini qaytarmamış, baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərmişdir.
27. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, Cavabdeh apellyasiya şikayətini Mülki- Prosessual Məcəllənin tələblərinə riayət etmədən verdiyindən, Culfa Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən onun tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və həmin apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir.
28. Mülki-Prosessual Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
29. Həmin Məcəllənin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilməsi qeyd edilib.
30. Həmçinin Mülki-Prosessual Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin həmin Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
IV. Apellyasiya instansiyası məhkəməsinin apellyasiyanın mümkünlüyünün yoxlanılması üzrə gəldiyi nəticə.
Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 263-264, 358.0.3, 361, 365, 366, 402 və 405.0.2-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Culfa Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Culfa Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Zamiq Əliyev Hakimlər: Vüqar Quliyev və Mehdi Əliyev.