Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № 2(3-1)-59/2026 15.04.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar söz: dəymiş ziyanın ödənilməsi tələbi) Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Əliyev Zamiq Xudaverdi oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi ilə, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iş üzrə iddiaçının vəkili və nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları
1. İş materiallarında olan, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş arayışa əsasən, BMW markalı, dövlət qeydiyyat nişanı ** AA *** nömrəli X7 modeli olan minik avtomobili “xxxx” MMC-yə məxsusdur və onun balansındadır.
2. “xxxx” MMC-nintərəfindən verilmiş ##.##.2025-ci il tarixli, ******** nömrəli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturada qeyd olunmuşdur ki, **- AA-*** nömrəli, BMW X7 markalı avtomobilin ehtiyat hissəsi və xidmət haqqı 7604.79 manat təşkil edir.
3. ##.##.2025-ci il tarixli qəbzə əsasən "xxxx" ASC tərərindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə 5000 (beş min) manat məbləğində sığorta ödənişi edilmişdir.
4. İş materiallarında olan, ##.##.2025-ci il tarixli “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yazılmış məktubda qeyd olunmuşdur ki, “xxxx” MMC-yə məxsus olan “BMW X7” X Drive 401 hibrid minik markalı avto nəqliyyat vasitəsinin sürücü X3 (Ş.V. AA5774973, S.V. BB222815), idarə etdiyi DAF markalı **-BG-*** / **-ZB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə İran İslam Respublikasının ərazisindən keçməklə Bakı şəhərinə aparılmasına etirazı yoxdur.
5. ##.##.2025-ci il tarixli “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yazılmış məktubda qeyd olunmuşdur ki, “xxxx” MMC-yə məxsus olan “BMW X7” X Drive 401 hibrid minik markalı avtonəqliyyat vasitəsinin sürücü X1 (Ş.V. AA0043365, S.V. BD869203), idarə etdiyi “Mersedes Benz” markalı **-EH-*** / **-ZD-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvan şəhərinə aparılmasına etirazı yoxdur.
6. İş materiallarında olan,*********** saylı qəbzdən görünür ki, Cavabdeh iddiaçıya 200 manat ödəniş etmişdir.
7. Naxçıvan Şəhər Məhkəməsinə ünvanlanmış məktubda qeyd olunmuşdur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan “BMW X7” X Drive 401 hibrid minik markalı, **-AA-*** nömrəli nəqliyyat vasitəsi avtoqəzadan sonra təmir üçün Bakı şəhərində “xxxx" X11 göndərilmiş və təmir olduqdan sonda geri qaytarılmışdır. Nəqliyat xərci gediş və qayıdış üçün kamaz sürücülərinə nağd şəkildə ödənilmişdir. II. Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6354.79 (altı min üç yüz əlli dörd manat yetmiş doqquz qəpik) manat vurulmuş ziyanın, dövlət rüsumu olaraq ödədiyi 127 (bir yüz iyirmi yeddi) manatın, vəkilə qonarar olaraq ödədiyi 270 (iki yüz yetmiş) manatın alınıb "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, ## #### 2025-ci il tarixdə Naxçıvan şəhəri Tumbul kənd sakini Cavabdeh idarə etdiyi VAZ 2107 markalı avtomobil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan “BMW X7” X Drive 401 hibrid minik markalı avtomobillə toqquşmuş, Cavabdeh təqsirindən avtomobilə ziyan dəymişdir. Avtomaşın təmir olunması üçün Bakı şəhərinə aparılmış və xxxx müəssisəsində təmirə 7604.79 (yetmiş altı min dörd manat yetmiş doqquz qəpik) manat vəsait sərf olunmuşdur. Bundan başqa dəyişilən detalın plyonkasına 1200 (bir min iki yüz) manat xərc çəkilmişdir. Avtomobilin TIR ilə Bakı şəhərinə aparılmasına və qaytarılmasına 1250 (bir min iki yüz əlli) manat xərclənmişdir. Avtomobilin üç ay ərzində təmirdə qalmasına görə ayda 500 (beş yüz) manat olmaqla şirkətə 1500 (bir min beş yüz) manat maddi ziyan vurulmuşdur. Dəymiş ziyan 11554 (on bir min beş yüz əlli dörd) manat təşkil etmişdir. Ziyanın 5000 (beş min) manatını "xxxx" qarşılamışdır. Qalıq məbləğ 6554 (altı min beş yüz əlli dörd) manat təşkil edir. Cavabdeh sentyabr ayında cəmiyyətin hesabına 200 (iki yüz) manat köçürmüş, lakin haliyyədə ziyanı ödəməkdən boyun qaçırır. Cavabdeh cəmiyyətə məxsus avtomaşına dəymiş ziyanı ödəmir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
10. Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus avtomobilə dəymiş zərərə görə 2404.79 (iki min dörd yüz dörd manat, yetmiş doqquz qəpik) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun 48.05 (qırx səkkiz manat beş qəpik) manat hissəsinin cavabdeh Cavabdeh tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirkar olması öz təsdiqini tapdığından həmin hadisə nəticəsində olan “BMW X7” X Drive 401 hibrid minik markalı avtomobilə dəymiş ziyan Cavabdeh tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Ziyanın məbləğinə gəldikdə iddiaçının tələbi bir neçə hissədən ibarətdir. Sığorta tərəfindən qarşılanmayan hissə; Dəyişilən detal üçün plyonka çəkilməsinə xərclənən 1200 manat xərc; Avtomobilin Bakı şəhərinə aparılıb-gətirilməsinə görə 1250 manat xərc; Avtomobilin 3 ay təmirdə qalmasına görə 1500 manat ziyan; 270 manat vəkilə ödənilən qonarar. Məhkəmə bildirmişdir ki, iş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, ******** nömrəli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturasından görünür ki, iddiaçıya məxsus “BMW X7” X Drive 401 hibrid minik markalı avtomaşının ehtiyat hissələri, onların dəyişdirilməsi və təmiri üçün ümumi bazar dəyəri 7604.79 manat müəyyən edilmişdir. Həmin məbləğin 5000 (beş min) manat hissəsi "xxxx" ASC tərəfindən qarşılanmış, 200 manat isə cavabdeh tərəfindən ödəniş edilmişdir. Məhkəmə dəyişilən detal üçün plyonka çəkilməsinə xərclənən 1200 manat xərcin tutulmasına dair iddia tələbinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəfindən həmin avtomobilin qəzadan öncə plyonka üzlüyünün olub-olmaması barədə hər hansı sübut məhkəməyə təqdim edilməmiş, təqdim edilən 1200 manat pulun köçürülməsi barədə qəbzin məhz həmin avtomobilə plyonka çəkilməsinə aidiyyəti barədə də hər hansı mötəbər sübut mövcud olmamışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi dəyişilən detal üçün plyonka çəkilməsinə xərclənən 1200 manat xərcin tutulması hissəsində əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddia tələbinin avtomobilin Bakı şəhərinə aparılıb-gətirilməsinə görə 1250 manat xərcin tutulması barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, məhkəmə qəbul edir ki, Naxçıvan Muxtar Respublikası blokada vəziyyətində olduğundan avtomobilin Bakı şəhərinə aparılması ya 3-cü bir ölkənin ərazisindən tranzit keçməklə ya da ki, təyyarə vasitəsilə aparılması mümkündür. Lakin, iddiaçı məhkəməyə təqdim etdiyi arayışda nəqliyat xərcinin gediş və qayıdış üçün kamaz sürücülərinə nağd şəkildə ödənildiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, həmin sürücülərin şahid qismində dindirilməsi barədə məhkəməyə vəsatət verməmişdir. Məhkəmə qeyd etmişdir ki, şəxsi münasibətlər və işgüzar əlaqələr vasitəsilə də avtomobilin Bakı şəhərinə hər hansı xərc çəkilmədən aparılması istisna edilmir. Həmin halı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşmüş, iddiaçı isə bu halı təsdiq edən sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə avtomobilin 3 ay təmirdə qalmasına görə 1500 manat ziyan tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəfindən həmin ziyanın nədən ibarət olması və bu faktı təsdiqləyən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasında tələbin həmin hissəsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Məhkəmə hesab etmişdir ki, bu barədə hər hansı sübut təqdim edilmədiyindən iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Məhkəmə iddiaçı tərəfindən hüquqi yardıma görə vəkilə ödənilmiş 270 manat qonararın cavabdehdən tutulmasına münasibətdə tələbinə qeyd etmişdir ki, iş materiallarına hüquqi yardım göstərilməsi haqqında müqavilə və həmin məbləğin ödənilməsi barədə ödəniş qəbzi iddia ərizəsinə əlavə edilməmiş, məhkəmə iclaslarında təqdim olunmamışdır. İddiaçı tərəfindən hüquqi yardıma görə vəkilə ödənilmiş 270 manat qonararın cavabdehdən tutulmasına dair ödəniş qəbzi təqdim olunmadığından iddia tələbi həmin hissədə də rədd edilməlidir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab etmişdir ki, cavabdeh Cavabdeh tərəfindən yol nəqliyyat hadisəsi nəticəsində iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus avtomobilə dəymiş zərərə görə 2404.79 manat məbləğində pul cavabdeh Cavabdeh tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. III. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a) Apellyasiya şikayətinin dəlilləri
12. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan iddiaçının vəkili və nümayəndəsi X4 apellyasiya şikayəti verərək Naxçıvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilməsi, dəyişilən detalın plyonkasına 1200 (bir min iki yüz) manat xərcin, avtomaşının TIR avtomobili ilə Bakı şəhərinə aparılmasına və qaytarılmasına 1250 (bir min iki yüz əlli) manatın, 1500 (bir min beş yüz) manat maddi ziyanın da (məhkəmə tərəfindən təmin olunmuş 2404.79 (iki min dörd yüz dörd manat yetmiş doqquz qəpik) manat) manatın Cavabdeh alınıb “xxxx” Məhdud Məsuliyyətinə verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan “BMW X7” X Drive 401 hibrid minik markalı **-AA-*** nömrəli nəqliyyat vasitəsi avtoqəzadan sonra təmir üçün Bakı şəhərində ”xxxx” X11 göndərilmiş və təmir olunduqdan sonra geri qaytarılmışdır. Nəqliyyat xərci və qayıdış üçün pul kamaz sürücülərinə nəğd şəkildə ödənilmişdir. Məhkəmə avtomobilin Bakı şəhərinə aparılması xərci hissəsində iddia tələbini rədd edərkən belə qənaətə gəlmişdir ki, avtomobilin Bakı şəhərinə aparılması və ya üçüncü ölkənin ərazisindən tranzit keçməklə ya da ki, təyyarə ilə aparılması mümkündür. Cəmiyyətin məhkəməyə təqdim etdiyi məktubda sürücülərə nəqliyyat xərcinin nəqd şəkildə ödənilməsi qeyd olunmuşdur. Məhkəmə isə belə hesab etmişdir ki, şəxsi münasibətlər və işgüzar əlaqələr vasitəsi ilə də avtomobilin Bakı şəhərinə hər hansı xərc çəkmədən aparılması istisna edilmir. Qeyd etmək lazımdır ki, Bakı şəhərinə hər hansı bir yükün aparılması nağd qaydada həyata keçirilir. Şəxsi münasibətlər zəminində pul almadan yükün aparılması barədə məhkəmənin gəldiyi qənaət mülahizədir, mülahizə əsasında qətnamə qəbul edilə və tələb rədd oluna bilməz. Məhz bu baxımdan da vurulmuş ziyanın tam həcmdə ödənilməsi ilə bağlı qanunverciliyin norması pozulmuşdur. İşgüzar əlaqələr iş mühitində peşəkar məqsədəyönlü peşəkar məlumat mübadiləsi əməkdaşlı və qarşılıqlı etmida əsaslanan kommunikasiyadır. Bu əlaqələr fərdi və qrup səviyyəsində dəqiqlik vaxtın düzgün idarə edilməsi və etik qaydalara riayət etməklə qurulur. Məhkəmə dəyişilən detal üçün plyonka çəkilməsinə xərclənən 1200 manat xərcin tutulmasına dair hissədə tələbi rədd edərkən belə hesab etmişdir ki, avtomobilin qəzadan öncə plyonka üzlüyünün olub-olmaması barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd etmək lazımdır ki, avtomobilin qəza zamanı plyonkasının zədələnməsinə görə dəyişdirilməsinə qəbzlə 1200 manat ödənilmişdir. Avtomobilin qəzadan öncə plyonkası olmasaydı və o sıradan çıxmasaydı dəyişdirilməzdi. Məhz bu hissədə delikt törətmiş şəxsin məsuliyyətdən kənara qalması maddi hüquq normasının pozulmasıdır. 1500 manat maddi ziyanın vurulmasına, əldən çıxmış faydaya münasibətdə məhkəmə belə hesab etmişdir ki, iddiaçı həmin ziyanın nədən ibarət olması və bu faktı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Avtomobilin üç ay ərzində dayanması və işləməməsi nəticəsində şirkətə boş dayanmaya görə zərərin vurulması əldən çıxmış fayda hesab olunmalqa qeyd olunan Mülki Məcəllənin 21.2-ci maddəsi norma olaraq tətbiq olunmaqla bu tələb təmin edilməli idi. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə iddiaçı təşkilatın nümayəndəsi, cavabdeh Cavabdeh və cavabdehin nümayəndəsi X5 məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmişlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən qeyd olunan şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. IV. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikası Mülki Məcəlləsi
16. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
17. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
18. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
19. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
20. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
21. Maddə 1108.1.Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
b) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. V. Apellyasiya baxışının hədləri
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
30. Bu Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
33. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının vəkili və nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin iddianın təmin edilməyən hissələrində dəyişdirilərək iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. VI. Məhkəmə kollegiyasının mövqeyi
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Belə ki, mülki hüququn vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır.
36. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.
37. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Lakin mülki hüquq qanunvericiliyində bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir.
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, mülki işdə mübahisəsiz hallar ondan ibarətdir ki, yol-nəqliyyat hadisəsi cavabdehin təqsiri ilə baş vermiş, iddiaçıya məxsus “BMW X7” X Drive 401 hibrid minik markalı avtomobilə ziyan dəymiş, avtomobil təmir olunmuş, təmir xərci müəyyən edilmiş (7604.79) və həmin məbləğdən bir hissə (5000 manat) sığorta, bir hissə (200 manat) isə cavabdeh tərəfindən ödənilmişdir.
39. Mübahisəli hallar isə iddiaçı tərəfindən tələb olunan 1200 manat plyonka (bundan sonra-örtük) xərcinin, 1250 manat nəqliyyat xərcinin, 1500 manat əldən çıxmış fayda və 270 manat vəkil haqqının həqiqətən çəkilib-çəkilməməsi, bu xərclərin məhz qəza ilə əlaqəli olubolmaması və ümumilikdə onların sübuta yetirilib-yetirilməməsidir.
40. İş üzrə müəyyən olunmuş hallardan görünür ki, yol-nəqliyyat hadisəsinin baş verməsində cavabdeh Cavabdeh təqsiri mübahisələndirilmir və nəticə etibarilə iddiaçı “xxxx” MMC-yə məxsus nəqliyyat vasitəsinə müəyyən məbləğdə ziyan dəymişdir. Birinci instansiya məhkəməsi də haqlı olaraq bu halı əsas götürərək ziyanın ödənilməli olması qənaətinə gəlmişdir. Bununla belə, mübahisə ziyanın məbləğinin həcmi ilə bağlıdır və məhz bu hissədə sübutetmə yükü Azərbaycan Respublikasının Mülki-Prosessual qanunvericiliyinə uyğun olaraq iddiaçının üzərinə düşür. İddiaçı tərəf apellyasiya şikayətində 270 manat vəkil haqqının həqiqətən çəkilibçəkilməməsini
41. mübahisələndirməmiş, bu səbəbdən kollegiya şikayətin dəlillərinə uyğun olaraq aşağıdakı sadalanan hallara hüquqi qiymət verməyi zəruri hesab etmişdir: - 1250 manat nəqliyyat xərci; - tələb olunan 1200 manat örtük xərci; - 1500 manat əldən çıxmış fayda Şikayətin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin avtomobilin Bakı şəhərinə aparılması və geri qaytarılması ilə bağlı 1250 manat məbləğində nəqliyyat xərcinin tutulmasından imtina etməsi iş üzrə sübutların qiymətləndirilməsi və mülkiprosessual
42. qanunvericiliyin tələbləri baxımından əsaslı və qanuni hesab olunmalıdır.
43. İlk növbədə qeyd edilməlidir ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı mübahisələrdə yalnız zərərin mövcudluğu deyil, həm də onun real olaraq çəkilməsi və məhz cavabdehin hüquqazidd hərəkətləri ilə birbaşa səbəb-nəticə əlaqəsində olması iddiaçı tərəfindən sübuta yetirilməlidir. Bu, mülki prosessual hüququn fundamental prinsiplərindən biri olan sübutetmə yükünün bölgüsü qaydasından irəli gəlir. Yəni iddiaçı tələb etdiyi hər bir məbləğin faktiki çəkildiyini və zərərin tərkib hissəsi olduğunu mötəbər sübutlarla təsdiq etməlidir.
44. Hazırkı işdə iddiaçı nəqliyyat xərclərinin kamaz sürücülərinə nağd qaydada ödənildiyini bildirsə də, bu halı təsdiq edən hər hansı ilkin maliyyə sənədlərini (qəbz, kassa orderi, müqavilə, yol vərəqi və s.), habelə həmin şəxslərin şahid qismində dindirilməsi barədə vəsatəti məhkəməyə təqdim etməmişdir. Halbuki, məhkəmə təcrübəsində nağd ödənişlərin də sübut edilməsi mümkündür və bunun üçün alternativ sübut vasitələrindən – şahid ifadələri, yazışmalar, daşıma sənədləri və digər sübutlardan istifadə oluna bilərdi. İddiaçı isə bu imkanlardan istifadə etməmişdir.
45. Apellyasiya şikayətində irəli sürülən “praktikada yüklərin Bakı şəhərinə nağd qaydada daşınması” arqumenti ümumi xarakter daşıyır və konkret hüquqi mübahisə üzrə sübut kimi qəbul edilə bilməz. Məhkəmə hər bir işi fərdi qaydada, konkret sübutlar əsasında qiymətləndirməlidir. Ümumi həyat təcrübəsinə və ya bazar praktikasına istinad edilməsi konkret ödənişin həqiqətən həyata keçirildiyini təsdiq etmir.
46. Digər tərəfdən, məhkəmənin “şəxsi münasibətlər və işgüzar əlaqələr vasitəsilə xərclərin çəkilməməsinin istisna olunmaması” barədə mövqeyi iddiaçının sübutetmə vəzifəsini aradan qaldırmır, əksinə, həmin xərclərin həqiqətən çəkildiyini sübut etməyin zəruriliyini bir daha vurğulayır. Burada məhkəmə ehtimala əsaslanaraq deyil, məhz sübutların olmaması səbəbindən iddia tələbini rədd etmişdir. Yəni məhkəmə “xərc çəkilməmişdir” qənaətinə gəlməmiş, sadəcə olaraq “xərcin çəkilməsi sübuta yetirilməmişdir” nəticəsini çıxarmışdır ki, bu da hüquqi baxımdan tamamilə fərqli və düzgün yanaşmadır.
47. Bundan əlavə, mülki hüquqda zərərin tam ödənilməsi prinsipi yalnız sübuta yetirilmiş zərərə şamil olunur. Əgər zərərin müəyyən hissəsi sübut olunmursa, həmin hissədə tələbin təmin edilməsi qanunvericiliyin tələblərinə zidd olardı və əsassız varlanmaya şərait yarada bilərdi. Bu isə həm cavabdehin hüquqlarının pozulmasına, həm də ədalət mühakiməsinin prinsiplərinin zədələnməsinə səbəb ola bilərdi.
48. Nəticə etibarilə, iddiaçı tərəfindən nəqliyyat xərclərinin faktiki çəkilməsi və onların məbləği mötəbər sübutlarla təsdiq olunmadığından, birinci instansiya məhkəməsinin həmin hissədə iddia tələbini rədd etməsi qanuni və əsaslıdır. Apellyasiya şikayətində göstərilən dəlillər isə sübut xarakteri daşımadığından və yalnız ümumi mülahizələrə əsaslandığından qətnamənin dəyişdirilməsi üçün hüquqi əsas yaratmır.
49. Kollegiya ikinci dəlilə-tələb olunan 1200 manat örtük xərcinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsinin dəyişdirilən detal üçün örtük çəkilməsinə sərf edilmiş 1200 manat məbləğində xərcin tutulması barədə iddia tələbini rədd etməsi işin faktiki halları və tətbiq edilməli maddi hüquq normaları baxımından əsaslı hesab olunmalıdır.
50. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş 1200 manatlıq qəbz yalnız müəyyən bir ödənişin edildiyini göstərir. Lakin bu sənədin məzmunundan həmin ödənişin konkret olaraq mübahisəli nəqliyyat vasitəsinə, daha dəqiq desək, məhz yol-nəqliyyat hadisəsi nəticəsində zədələndiyi iddia olunan örtüyün dəyişdirilməsinə aid olması birmənalı şəkildə müəyyən edilmir. Eyni zamanda, iş materiallarında avtomobilin qəzadan əvvəl örtüklə örtülü olmasını təsdiq edən fotoşəkillər, texniki baxış sənədləri, servis qeydləri və ya digər obyektiv sübutlar mövcud deyildir.
51. Apellyasiya şikayətində irəli sürülən “əgər örtük olmasaydı dəyişdirilməzdi” arqumenti isə hüquqi baxımdan ehtimal xarakterli mülahizədir və sübutetmə standartlarına cavab vermir. Mülki prosesdə məhkəmə qərarı ehtimallara deyil, yalnız sübuta yetirilmiş hallara əsaslana bilər. Əks yanaşma sübutetmə yükünün əsassız olaraq cavabdehin üzərinə keçirilməsinə və hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb olardı.
52. Bundan əlavə, nəzərə alınmalıdır ki, delikt məsuliyyəti yalnız faktiki olaraq vurulmuş zərərin əvəzinin ödənilməsini nəzərdə tutur. Əgər zərərin konkret elementi (bu halda örtüyün mövcudluğu və onun zədələnməsi) sübuta yetirilmirsə, həmin hissədə cavabdehin məsuliyyətə cəlb olunması qanunvericiliyin tələblərinə zidd olardı. Bu isə öz növbəsində, şəxsin yalnız sübuta yetirilmiş zərərə görə məsuliyyət daşıması prinsipini pozmuş olardı.
53. Beləliklə, qeyd olunan dəlilə münasibətdə birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən örtüklə bağlı çəkilmiş xərcin məhz qəza nəticəsində yaranmış zərərin tərkib hissəsi olması sübuta yetirilmədiyindən, həmin məbləğin cavabdehdən tutulması üçün hüquqi əsaslar mövcud deyildir. Bu səbəbdən də iddia tələbinin göstərilən hissədə rədd edilməsi maddi və prosessual hüquq normalarına uyğun olmaqla əsaslı və qanunidir.
54. Şikayətdə qeyd olunan sonuncu dəlilə-1500 manat əldən çıxmış fayda ilə bağlı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin tələb olunan əldən çıxmış faydanın (itirilmiş gəlirin) tutulmasından imtina etməsi işin faktiki halları və tətbiq edilməli maddi hüquq normaları baxımından əsaslı və qanuni hesab olunmalıdır.
55. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərərin tərkibinə yalnız real zərər deyil, həm də şəxsin hüququ pozulmasaydı əldə edə biləcəyi gəlirlər, yəni əldən çıxmış fayda da daxildir. Lakin bu normanın tətbiqi avtomatik xarakter daşımır. Əldən çıxmış faydanın ödənilməsi üçün həmin gəlirin real, gözlənilən və kifayət qədər müəyyən olması, habelə onun əldə olunmamasının birbaşa cavabdehin hüquqazidd hərəkətləri ilə bağlılığı iddiaçı tərəfindən sübuta yetirilməlidir.
56. Hazırkı işdə iddiaçı avtomobilin üç ay müddətində təmirdə qalması səbəbindən hər ay 500 manat olmaqla ümumilikdə 1500 manat ziyana məruz qaldığını bildirmişdir. Lakin bu iddia ümumi xarakter daşıyır və konkret əsaslandırma ilə təsdiqlənmir. İş materiallarında həmin nəqliyyat vasitəsinin hansı məqsədlə istifadə edildiyini, onun vasitəsilə hansı gəlirin əldə edildiyini, əvvəlki dövrlərdə faktiki olaraq nə qədər qazanc gətirdiyini, eləcə də bu gəlirin davamlı və sabit olub-olmadığını göstərən heç bir sənəd mövcud deyildir.
57. Məhkəmə təcrübəsinə görə, əldən çıxmış fayda yalnız ehtimal olunan deyil, yüksək dərəcədə ehtimal edilən və konkret göstəricilərlə təsdiqlənən gəlirlər əsasında müəyyən edilə bilər. Məsələn, bu cür hallarda müqavilələr, sifarişlər və ya digər mühasibat sənədləri təqdim olunmalıdır. İddiaçı isə bu qəbildən olan heç bir sübut təqdim etməmişdir.
58. Apellyasiya şikayətində göstərilən “avtomobilin dayanması nəticəsində avtomatik olaraq zərərin yaranması” arqumenti hüquqi baxımdan yetərli hesab edilə bilməz. Hər bir dayanma halı özlüyündə gəlir itkisi demək deyildir. Xüsusilə də hüquqi şəxslər üçün bu cür nəticəyə gəlmək üçün həmin nəqliyyat vasitəsinin sahibkarlıq fəaliyyətində bilavasitə gəlir gətirən aktiv kimi istifadə edilməsi və konkret gəlir axını yaratması sübuta yetirilməlidir.
59. Digər tərəfdən, iddiaçı tərəfindən göstərilən 500 manat aylıq məbləğin hansı meyarlar əsasında hesablandığı da aydınlaşdırılmamışdır. Bu məbləğin iqtisadi əsaslandırması, hesablanma metodikası və ya hər hansı müqavilə və ya tariflə əlaqəsi müəyyən olunmamışdır. Bu isə tələb olunan məbləğin subyektiv və təxmini xarakter daşıdığını göstərir.
60. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən əldən çıxmış faydanın mövcudluğu, həcmi və cavabdehin hərəkətləri ilə səbəb-nəticə əlaqəsi sübuta yetirilmədiyindən, birinci instansiya məhkəməsin həmin hissədə iddia tələbini rədd etməkdə haqlı olmuşdur.
61. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə üzrə tam, hərtərəfli və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılmış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuşdur.
62. Bütün sadalananları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən iş üzrə iddiaçının vəkili və nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
64. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə uyğun olaraq onun özünə aid edilməlidir.
65. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddia tələbinin təmin edilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1- ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
66. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0, 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.